Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5579/2022 18.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi, əmlakın qanunsuz sahiblikdən geri tələb olunması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil2, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Bakı şəhəri, Nəsimi rayonu, B.Məcidov küçəsi ev 125 ünvanında yerləşən, ümumi sahəsi 49,8 m2 olan 16 saylı mənzilin 2/3 hissəsindən ¼ hissəsi İddiaçı mülkiyyətində olmuş, xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında o, həmin hissənin ½ hissəsini Cavabdeh 14 000 manata satmışdır.
2. RX seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışa əsasən, Bakı şəhəri, Nəsimi rayonu, B.Məcidov küçəsi ev 125 ünvanında yerləşən, ümumi sahəsi 49,8 m2 olan 16 saylı mənzilin 2/3 hissəsindən qalan hissəsinin 1/8 hissəsi İddiaçı adına xx.xx.2018-ci il tarixdə, 2/3 hissədən qalan hissəsinin 1/8 hissəsi Cavabdeh adına xx.xx.2018-ci il tarixdə xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır.
3. Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 41 saylı Mənzil Kommunal İstismar sahəsinin xx.xx.2022-ci il tarixli 16 və 17 saylı arayışlarına əsasən, Cavabdeh və X3 ünvan 1 ünvanında qeydiyyatdadırlar.
4. İddiaçı X1 və Cavabdeh qarşı “müqavilələrin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması və pulun tutulması” tələbləri Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə rədd edilmiş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə, apellyasiya instansiyasının aktı isə Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
a) Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh zəbt etdiyi Bakı şəhəri, Nəsimi rayonu, Balababa Məcidov küçəsi 125 saylı evin 16 saylı evindən oğlu X3 ilə birlikdə çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, ünvan 2 ünvanlarda ona məxsus bir neçə fərdi yaşayış evləri vardır. 2018-ci ilin əvvəllərində səhhəti ilə əlaqədar olaraq pula ehtyacı olduğuna görə evlərin 2-ci mərtəbədə küçəyə ayrı giriş-çıxışı olan ikisini satmaq qərarına gəlmiş, bu məqsədlə ev alqı-satqısı ilə məşğul olan şəxslərə müraciət etmiş, həmin şəxslərdən biri olan Rəhilə adlı xanım ona bir ailənin ev almaq istədiyini bildirmiş, həmin şəxslər evlərə baxdıqdan və sənədləri ilə tanış olduqdan bir neçə gün sonra vasitəçisiz onunla danışıqlara gəlmişlər. Söhbət zamanı məlum olmuşdur ki, evini bəyənib almaq istəyən alıcılar bacı və qardaşdırlar. Cavabdeh B.Məcidov küçəsi 125 ünvanda yerləşən evin 2-ci mərtəbəsindəki 24 kv.m mənzili, qardaşı İlkin Əliyev isə M evin 2-ci mərtəbəsindəki 52 kv.m evi bəyəndiyini bildirmişlər. Cavabdeh evi 30 000 manata, qardaşı İlkinə isə 65 000 manata satdığını söyləmişdir. Cavabdeh bəyəndiyi ümumi sahəsi 24 kv.metr olan ev 13,5 kv.metr yataq otağından, 6,1 kv.metr mətbəxdən və 4,4 kv.metr açıq eyvandan ibarət olmuşdur. Cavabdeh həmin evə 25 000 manat, qardaşı İlkin isə bəyəndiyi ev üçün 55 000 manat təklif etsələr də onlarla razılaşmamışdır. Alıcılar demişlər ki, söküntüyə düşən atalarına məxsus evləri var, yaxın günlərdə evin pulu verilməlidir və ataları ev almaq üçün onların hər birinə pul verəcəkdir. Bu ərazidən ev almaq fikirləri qətidir, lakin ataları onlara bu məbləğdə pul verməyəcəkdir. Hər biri təklif etdiyi məbləğə evi satmağı xahiş etmişlər. Esmiraya bildirmişdir ki, onları bura gətirən evlərin alqı satqısı ilə məşğul olan xanımdan soruşa bilərlər, 28 000 manata evi almaq istəyən gətirdiyi müştəriyə yox demişdir. Onlarla evin qiyməti barədə razılığa gəlmək mümkün olmadığına görə sövdələşmə baş tutmamışdır. Az müddət sonra yenə onlarla görüşü olmuş, bu dəfə ataları Dağbəyi kişinin yanında söhbət etmişlər. O, bildirmişdir ki, bütün qonşuları kompensasiya ilə razılaşıb evlərindən köçmüşdür. Onların evinə dəyərindən çox aşağı məbləğdə pul təklif etmişlər, vaxtları az qalıb bir-iki günə pulu verib evdən çıxardacaqlar. Ancaq onun evini uşaqların gözü tutmuş, təklif etdiyi məbləğlər dəyərindən çox aşağı olsa da, onlarla razılaşmasını xahiş etmişdir. “Yox” cavabı vermiş və təklif etmişdir ki, söküntü aparan şirkətlə danışığa gedərək əlavə kompensasiya almaq olar. Dağbəyi kişi onun hansı bölgədən olduğunu soruşmuş, Qərbi Azərbaycanın Dərələyəz mahalından olduğunu deyəndə, kişi kövrələrək, vaxtilə babalarının həmin mahaldan deportasiya olunduğunu söyləmiş və Cermuk (səfolar) istisuyundan danışmağa başlamışdır. O da kövrələrək, onlara kömək edəcəyinə söz vermişdir. Dağbəyi kişiyə məsləhət görmüşdür ki, evin sahəsi qiymətləndirildikdən sonra məhkəmə qaydasında əlavə kompensasiya alması mümkündür və bu işdə onlara köməklik edə bilər. Bu təklifini Dağbəyi kişi, Esmira və İlkin bəyənib sevinmişlər və səhəri günü onlarla birlikdə qiymətləndirici şirkətin yerləşdiyi ünvana getmişdir. Şirkətin əməkdaşı onların ünvanını yazıb götürərək sifarişi qəbul etmiş və mütəxəssislərin başqa sifarişi yerinə yetirmək üçün getdiklərini bildirmişdir. Sonra telefon nömrələrini götürərək yaxın günlərdə gəlib qiymətləndirəcəklərinə söz vermişdir. Qayıdanda Dağbəyi kişi onun gözəl nəsildən, gözəl yerdən olmasını deyərək tərifləmiş, hətta köhnə stildə şahmat da hədiyyə etmişdir. Dağbəyi kişi demişdir ki, “Esmiranın əlində 14 000 manat pulu var, sənədləşmə işlərinə başla, bunun özü xeyli vaxt aparır, evin söküntüsünə görə bu yaxın günlərdə pulu verəcəklər, evdən çıxanda hər ikisinin ailəsi çöldə qalmasın, narahat olma, veriləcək kompenssasiyadan yerdə qalan 81 000 manatı verəcəm. Sonra məhkəməyə müraciət edib əlavə kompensasiyanı alıb bölərik”. Beləliklə, o, Esmira, İlkin və Dağbəyi kişi Esmiranın bəyəndiyi 24 kv.metr sənədsiz evi 30 000 manata, İlkinin bəyəndiyi sənədsiz 52 kv.m evi isə 65 000 manata satılması barədə razılığa gəlmişlər. Esmira və İlkin yalnız qeydiyyata düşdükdən sonra sənədsiz evə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən reyestrdən çıxarış almaq mümkün olduğunu, ona görə ümumi paylı mülkiyyətdə olan evin payının bir hissəsini onlara satmasını, evə mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra satdığı payı alqı-satqı yolu ilə geri qaytaracaqlarını, ilkin olaraq Esmiranın 14 000 manat verməsi, qalıq 81 000 manatı evlərinin söküntüsündən əldə edilən puldan verilməsi barədə təklif vermişlər. Evlərin qiymətini istədiyi məbləğdə razılaşdığına və onların atalarına inandığına görə, hələ üstəlik məhkəmə yolu ilə Dağbəyi kişi ilə alacağı kompensasiyadan xeyli qazanc əldə edəcəyini düşünüb onlarla razılaşmışdır. xx.xx.2018-ci il tarixdə Esmira, xx.xx.2018-ci il tarixdə İlkin ilə Bakı şəhəri 14 saylı Notariat ofisində alqı-satqı müqaviləsi bağlamışdır. Müqavilədən görünür ki, Esmiraya ümumi sahəsi 49,8 kv.m olan ümumi paylı mülkiyyətli evin 1 kv.metrini 14 000 manata satmışdır. Həmin məbləği hesabından çıxarıb, təkrar İlkinin adından öz hesabına qoyaraq alqı-satqını rəsmiləşdirmişdir. Alqı-satqı müqaviləsindən görünür ki, İlkinə ümumi sahəsi 136,4 kv.m olan ümumi paylı mülkiyyətli evin 5,69 kv.metrini 14 000 manata satmışdır. xx.xx.2018-ci il tarixdə Esmira, xx.xx.2018-ci il tarixdə İlkin evlərə dair reyestrdən çıxarış almışlar. Onların hər ikisini ayrı-ayrılıqda çıxarış almaq üçün Asan Xidmətə aparmış, pulları olmadığına görə hər ikisinin əvəzinə rüsumları özü ödəmişdir ki, onsuzda bunlarla haqq-hesabı sonra olacaqdır. Səhəri günü Dağbəyigilə gedərək sənədləşmə işini başa çatdırdığını və xahişini yerinə yetirdiyini bildirərək danışdığı qalıq pulu verməsini istəmiş, çox çək-çevirdən, təkiddən sonra Dağbəyi kişi onunla banka gedib hesabından 50 000 manat çıxarıb vermiş, iki ay yarıma da 52 kv.metr sahəni oğlu İlkinin adına texpasport çəkdirəndən, sonra yerdə qalan 31 000 manatı verib onunla halallaşacağını bildirmişdir. Cavabdeh satdığı 2-ci mərtəbədə sahəsi 24 kv.m olan evdə qalan kirayənişin evi boşaltmaq üçün 2018-ci ilin mart ayının axırlarına kimi ona vaxt verməsini xahiş etmiş, həmin ərəfədə 1-ci mərtəbədə yerləşən, 2 otaqlı və küçəyə birbaşa çıxışı olan iki otaqlı evdə təmir yekunlaşmışdır. Bu haldan sui-istifadə edən Esmira təklif etmişdir ki, kirayəşini çıxartma, həmin 200 manatı da özün alarsan, oğlu əsgərlikdən məzuniyyətə gəlməlidir, burda qalsın, kirayəşin üst mərtəbəni boşaldan kimi öz evinə köçər. 2-ci mərtəbədəki aldığı ev boşaldıqdan sonra 1-ci mərtəbədəki evdən çıxmamış, həmin evə isə müəyyən əşyalarını yığmışdır. Bakı şəhəri, B.Məcidov küçəsi 125 saylı evin 16 saylı mənzilinin 49,8 kv.metr ümumi sahənin 2/3 hissəsindən qalan hissəsinin 1/8 hissəsinin xüsusi mülkiyyətçisidir. Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyətinin 41 saylı Mənzil Kommunal İstisman Sahəsinin mühəndisinin tərtib etdiyi sxemdən görünür ki, mənzil 8 otaqdan, ümumi sahəsi 201,7 kv.metr, yaşayış sahəsi isə 100,6 kv.metrdən ibarətdir. Həmin Mənzil İstismar Sahəsinin işçiləri tərəfindən tərtib olunmuş xx.xx.2013-cü il tarixli aktda göstərilir ki, “İddiaçı mənzili 1 otaq, yaşayış sahəsi 20 kv.m, ümumi sahəsi 49,8 kv.m olmaqla qeydiyyatdan keçmişdir. Sonradan sözü gedən ünvanda İddiaçı mənzilində təmir və bəıpa işləri apararaq mənzilin yaşayış və ümumi sahəsi dəyişilmişdir. Ölçmə zamanı müəyyən olmuşdur ki, İddiaçı mənzili 8 otaq, yaşayış sahəsi 100,6 kv.m, ümumi sahəsi 201,7 kv.metrdən ibarətdir. Cavabdeh zəbt etdiyi yaşayış evini 6,4 kv.m və 13,1 kv.metr iki yaşayış otağından və küçə istiqamətində 6 kv.m artırmadan ibarətdir. 6 kv.metr sahəyə malik artırma mənzildə mətbəx və sanitar qovşağı üçün nəzərdə tutulmuşdur”. Bakı şəhəri, Nəsimi RİH-nin xx.xx.2013-cü il tarixli məktubundan görünür ki, 01 yanvar 2013-cü ildən qüvvədə olan Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.9-cu maddəsinə əsasən təqdim edilmiş layihədə evin 1-ci mərtəbəsində 12 kv.metrdən çox olmamaq şərti ilə sanitar qovşağı tikintisinə etiraz etmir. Cavabdeh zəbt etdiyi 1-ci mərtəbədə yerləşən, 2 otaqlı və küçəyə birbaşa çıxışı olan iki otaqlı evindən könüllü çıxmaq istəmir, bu səbəblə məhkəməyə müraciət etməyə məcbur olmuşdur.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.
8. Məhkəmə öz qənaətini belə əsaslandırmışdır ki, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunan hala görə, xx.xx.2018-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, B.Məcidov küçəsində yerləşən ümumi sahəsi 49,8 kv/m olan 16 saylı mənzilinin 2/3 hissəsindən özünə məxsus qalan hissənin 1/4 hissəsindən ½ hissəni alıcı Cavabdeh mülkiyyətinə verməyi, alıcı isə bunun müqabilində satıcıya 14 000 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüş, Cavabdeh aldığı daşınmaz əmlaka dair öz mülkiyyət hüquqlarını dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışı almışdır. Göründüyü kimi mübahisə predmeti olan mənzil cavabdehin mülkiyyətindədir və onun mülkiyyət hüququ dövlət tərəfindən qorunur. Belə olan halda cavabdeh, Bakı şəhəri, Nəsimi rayonu, Balababa Məcidov küçəsi, 125 saylı evin 16 saylı evdən çıxarıla bilməz.
9. Gəldiyi qənaətin hüquqi əsası kimi məhkəmə, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu, Mülki Məcəllənin 152-ci, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddələrinə istinad etmişdir.
10. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin maddi və prosessual hüquq normalarını pozduğunu, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan halları aydınlaşdırmadığını, cavabdehin mənzilin dəyərini ödəmədiyini nəzərə almadığını irəli sürmüşdür.
b) Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar
11. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, Cavabdeh isə şikayətin əsassız olduğunu bildirmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
12. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
13. Maddə 29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
14. Maddə 152. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
15. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
19. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
20. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
21. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
Apellyasiya baxışının həddi
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
24. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
25. Yuxarıda qeyd olunduğu kimi, Bakı şəhəri, Nəsimi rayonu, B.Məcidov küçəsi ev 125 ünvanında yerləşən, ümumi sahəsi 49,8 m2 olan 16 saylı mənzilin 2/3 hissəsindən qalan hissəsinin 1/8 hissəsi Cavabdeh mülkiyyətindədir və o, həmin mənzilə pasport qeydiyyatına alınmışdır.
26. Azərbaycan Respublikasının qanunvericiliyi mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirmiş, mülkiyyətçinin, öz əmlakına başqa şəxslərin sahibliyinə yol verməyə biləcəyini (Mülki Məcəllənin 152-ci maddəsi), habelə, özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə biləcəyini (Mülki Məcəllənin 157.2-ci maddəsi) təsbit etmişdir.
27. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur.
28. İddiaçının mübahisəsi gedən mənzilin dəyərini ödəmədiyi barədə iddiaçının apellyasiya şikayətində irəli sürülənlərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, heç bir sübuta əsaslanmadan irəli sürülən həmin arqument mülkiyyətçinin hazırkı iddiası baxımından əhəmiyyətli deyildir; Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış prinsipə əsasən isə, məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər.
29. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1662/2022 saylı iş üzrə 12 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu İddiaçı aid olunsun. Qətnamədən İddiaçı tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov