Məhkəmə qərarları › İş №2(103)-5579/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5579/2023

12.12.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5579/2023 12.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “mənzilin açıq hərracdan satılması və sair” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “mənzilin açıq hərracdan satılması və sair” tələbi) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Əkbərov Kamran Hüseyn oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh X1 iştirakları ilə, Səbail Rayon Məhkəməsinin 2(009)-936/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı – Cavabdeh qarşı “mənzilin açıq hərracdan satılması və satış pulunun bölüşdürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilin açıq hərracda satılması və satışdan əldə ediləcək pul vəsaitinin iddiaçı ilə cavabdeh arasında paylarına mütənasib nisbətdə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbləri onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli və **********60-05101-093003 reyestr nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən mənzil üzərində hissədə İddiaçı xüsusi mülkiyyət hüququ tanınmışdır. Bununla bağlı olaraq mübahisənin məhkəmədənkənar həll edilməsi məqsədi ilə iddiaçı tərəfindən mənzilin real bazar qiymətinin 4/5 hissəsinin əvəzi kimi 200000 (iki yüz min) manat pulun iddiaçıya ödənilməsi və bununla da mənzilin cavabdehin mülkiyyətinə keçməsi təklif edilmişdir. Lakin bu təklifə cavabdeh hər hansı münasibət bildirməmişdir. Həmçinin iddiaçı tərəfindən həmin mənzilin mülkiyyətçilər arasında naturada bölünməsinə dair Səbail rayon Məhkəməsinə müraciət edilmişdir. Səbail rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(009)724/2019 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və bununla da mənzilin naturada bölünməsinin mümkün olmaması öz təsdiqini tapmışdır. Hazırda həm əmlakın naturada bölünməsi mümkün olmadığına, həm də cavabdeh tərəfindən hər hansı təklif olmadığına görə hesab edir ki, mənzilin açıq hərracda satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri (tərəflər) arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi zəruridir. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Beləliklə mənzilin naturada bölünməsi mümkün olmadığından, ayrılan mülkiyyətçi (iddiaçı) öz payının dəyərini digər mülkiyyətçi (cavabdeh) tərəfindən ödənilməsini tələb etsə də, cavabdeh kompensasiyanı vermək istəmədiyindən mənzilin açıq hərracda satılması və satışdan əldə edlən pul vəsaitinin tərəflər arasında bölünməsi barədə qətnamə qəbul edilməlidir.

3. Səbail Rayon Məhkəməsinin 2(009)-936/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Rəna Qafarova) ilə iddia təmin edilmiş, Cavabdeh və İddiaçı paylı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, R.Rza küçəsi, ev 6, 8 saylı mənzil açıq hərracda satılması və əldə olunmuş vəsaitin Cavabdeh (1/5 hissə) və İddiaçı (4/5 hissə) arasında onların paylarına mütənasib olaraq bölünməsi, iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməsi qərara alınmışdır.

4. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

5. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək bildirmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilib, məhəmə tərəfindən hərraca çıxarılmış mənzildə doğulub boya başa çatmışdır, mənzil ona valideynlərindən miras qaldığından onun üçün mənəvi dəyərləri var, paylı mülkiyytdə olan əmlakın qətnamədə qeyd olunan formada məcburi satılması onun əmlak olan xüsusi mülkiyyət hüquqlarını pozur. Qeyd edilənlərə əsasən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

6. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi, bildirdi ki, onun bu evdən başqa yaşayış yeri yoxdur, həmin ərazidə yaşamağa öyrəşdiyindən istəyir ki, iddiaçı ona həmin ərazidə yaxınlıqda başqa mənzil alıb versin.

7. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti ilə razılaşmayaraq göstərdi ki, apellyasiya şikayətinə etiraz edir, şikayət tamamilə əsassızdır. Onlar dəfərlərlə barışıqla bağlı razılıq əldə etmək üçün təkliflər vermişdir, ki, ev satılsın, pulunu versinlər, qarşı tərəf sadəcə razılaşmamışdır. Qətnamə əsaslı və qanunidir, bu səbəbdən apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi Sübutların tədqiqi:

8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövləty qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi, ev 6, 8 saylı mənzilin 1/5 hissəsinin hüquqi sahibi Cavabdehdır, 4/5 hissəsinin İddiaçıdur.

9. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-248/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı maraqlı şəxs qismində AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi cəlb edilməklə Cavabdeh qarşı yaşayış evinin mülkiyyətçilər arasında naturada bölünməsi tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir.

10. 01.03.2023-cü il tarixli təklifdən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli və **********60-05101-093003 reyestr nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən mənzil üzərində 4/5 hissədə İddiaçı xüsusi mülkiyyət hüququ tanınmışdır. Qeyd olunanları nəzərə alaraq mübahisənin məhkəmədənkənar həll edilməsi məqsədi ilə ünvan 2 ünvanında yerləşən mənzilin real bazar qiymətinin 4/5 hissəsinin əvəzi kimi 200000 (iki yüz min) manat pulun İddiaçı ödənilməsini və bununla da mənzilin mülkiyyətinə keçməsini təklif etmişdir. 5 gün ərzində qeyd edilən təklifin tərəfindən qəbul edilib-edilməməsi barədə məlumat verilməsi xahiş olunmuşdur.

11. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1659/2019 saylı, xx.xx.2019cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsini müstəqil tələb irəli sürməyən şəxs qismində göstərildiyi Cavabdeh qarşı “kompensasiya verilməklə mənzilə istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddiası rədd edilmişdir. İş materiallarından görünür ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1659/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5579/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə hazıkı iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspert qarşısında ünvan 1 ünvanında yerləşən mənzilin real bazar dəyərinin müəyyən edilməsi sualı qoyulmuşdur.

13. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli hesabatına əsasən ünvan 1 ünvanında yerləşən mənzilin real bazar dəyəri 197.000 manat təşkil edir. Tətbiq edilən maddi hüquq normaları:

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir; 220.4. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6. Bu Məcəllənin 220.3-220.5-maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

15. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsi Plenumunun 04 аprel 2014-cü il tаrixli Qərаrındа qeyd edilir ki: ..."Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Bununla bağlı qeyd etmək vacibdir ki, məhkəmənin əmlakın açıq hərracdan satılması barədə qərarı digər mülkiyyətçilərin hüquqlarını təmin etmək məqsədilə qəbul edilir." ..."Nəzərə аlınmаlıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz." "Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür." Tətbiq edilən prosessual hüquq normaları:

16. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

17. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən tamyoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

18. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

19. Cavabdehin apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, məhəmə tərəfindən hərraca çıxarılmış mənzildə doğulub boya başa çatmışdır, mənzil ona valideynlərindən miras qaldığından onun üçün mənəvi dəyərləri var, paylı mülkiyyətdə olan əmlakın qətnamədə qeyd olunan formada məcburi satılması onun əmlaka olan xüsusi mülkiyyət hüquqlarını pozur.

20. Kollegiya qeyd edir ki, paylı mülkiyyət zamanı paylar əşya üzərində deyil, əşya üzərindəki mülkiyyət hüququ üzərində olur. Başqa sözlə, paylı mülkiyyətdə bölünən əşyanın özü deyil, bu əşya üzərindəki mülkiyyət haqqıdır.

21. Mülki Məcəllənin 220.2-ci maddəsində qeyd edilir ki, paylı mülkiyyətin mülkiyyətçisi pay barədə sərəncam verərək öz payının ayrılmasını tələb edə bilər. Məcəllənin 220.2-ci maddəsi şəxsin bu tələbini məhkəmə müdafiəsi ilə təmin edərək həmin tələbin həyata keçirilməsinin vacibliyini qeyd edir. Pay ayrılması mümkün olmadıqda isə digər paylı mülkiyyətçilər tərəfindən pay satın alına bilər, əvvəlki iki hal (ayrılma və satın alma) mümkün olmadıqda əşyanın məhkəmənin qərarı ilə satılaraq pulun paylara müvafiq mülkiyyətçilər arasında bölünməsi nəzərdə tutulur.

22. Kollegiya qeyd edir ki, hazırkı işin araşdırılmış hallarına əsasən hazırkı mübahisə predmeti olan mənzil tərəflərin paylı mülkiyyətindədir, mənzilin naturada bölünməsi mümkün olmamaqla, mülkiyyətçilər arasında mənzilin bölünməsinə dair razılaşmaları olmamışdır. Belə ki, mülki iş materiallarından görünür ki, iddiaçı tərəf cavabdeh tərəfə mübahisəli mənzilin naturada bölünməsi mümkün olmadığı üçün öz payını bazar qiymətinə uyğun olaraq almağı və mənzil barədə məsələyə 5 gün ərzində cavab verməyi təklif etmiş, buna cavab almadıqda isə qanunvericiliyə uyğun olaraq paylı mülkiyyətin mülkiyyətçisi kimi öz payının ayrılması üçün mənzilin açıq hərrac yolu ilə satılması qaydasında satış pulunun payına nisbətdə ona verilməsi üçün məhkəməyə müraciət etmişdir.

23. Mübahisəli mənzilin naturada bölünməsi və ya ondan payın ayrılması mümkün olmamış, eləcə də tərəflər arasında hər hansı bir razılaşma əldə edilməmiş, başqa sözlə Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalar ardıcıllıqla tətbiq edilmişdir.

24. Bununla da, paylı mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi qaydasına əsasən, Mülki Məcəllənin 220.6-cı maddəsinin tələbləri baxımından həmin mənzilin açıq hərracda satılması və əldə edilmiş vəsaitin Cavabdeh (1/5 hissə) və İddiaçı (4/5 hissə) arasında paylara mütənasib olaraq bölünməsi Qanunun tələblərinə uyğun olmuşdur.

25. Belə olan halda məlum olur ki, Mülki Məcəllənin 220.2-ci maddəsində paylı mülkiyyətin mülkiyyətçisinin öz payının ayrılmasını tələb edə bilməsi müəyyən edildiyindən, hazırkı mülki iş üzrə mənzilin açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalardakı ardıcıllığa riayət edilməklə tətbiq edildiyindən cavabdehin apellyasiya şikayəti əsassızdır və təmin edilməməlidir. Nəticə:

26. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

27. Məhkəmə kollegiyası hesab edir ki, şikayətlər təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməli, ekspertiza tədqiqatının dəyəri iddiaçıdan tutulmalıdır.

28. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Səbail Rayon Məhkəməsinin 2(009)-936/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilsin. İddiaçı ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat "xxxx" MMC, H/h: № AZ33İBAZ********************, VÖEN: **********, Benefisiar alan bank: "xxxx" ASC Yasamal filialı, Kodu: 805562, VÖEN:**********, Müxbir hesab: AZ03NABZ********************, S.W.İ.F.T BİK: İBAZAZ2X hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Kamran Əkbərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar