Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5580/2020 25.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçının nümayəndəsi X5 və vəkili X1, Cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 nümayəndəsi və eyni zamanda vəkili X3 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-836/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “xxxxxxxxx” MMC-si cavadehlər Cavabdeh4, X4, Cavabdeh2, Cavabdeh3 “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, cavabdehlər tərəfindən “xxxxxxxxx” MMC-dən müxtəlif istiqamətlərdə səfərlərin həyata keçirilməsi məqsədi ilə aviabiletlər sifariş verilmişdir.Lakin “xxxxxxxxx” MMC cavabdehlərin sifarişi əsasında üzərinə düşən öhdəlikləri tam yerinə yetirməsinə baxmayaraq, cavabdehlər bu günə qədər təqdim olunmuş xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı üzərilərinə düşən öhdəlikləri yerinə yetirməmişdir.Cavabdeh3 1485 ABŞ dolları, Cavabdeh2 1605 ABŞ dolları, Cavabdeh4 1100 ABŞ dolları, X2 5085 ABŞ dolları məbləğində (ödəniş gününə olan məzənnəyə uyğun Azərbaycan manatı ilə) pulun tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-836/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh A.Məmmədzadə qətnaməni mübahisələndirməmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 ayrılıqda eyniməzmunlu apellyasiya şikayətləri vermiş və şikayətlərinin dəlilləri kimi qeyd etmişlər ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmaqla qətnamə qəbul etmiş, onlar iddiaçı “xxxxxxxxx” MMC-ini tanımamış, ona müraciət etməmiş, onunla hər hansı münasibətləri olmamışdır. Qeyd edilənlərə əsasən, qətnamənin qismən ləğv edilərək, iddia tələblərinin onlara münasibətdə təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 nümayəndəsi və eyni zamanda vəkili R.İbrahimov apellyasiya şikayətlərini müdafiə edərək qeyd etdi ki, rayon məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etməmiş, iddiaçı şirkət ilə cavabdehlər arasında heç bir münasibətin olmamasına, onlar üçün biletlərin üçüncü şəxslər tərəfindən sifariş olunmasına, şirkət ilə münasibətlərin də məhz həmin şəxslər arasında yarandığına, tələb olunan borcla bağlı keçən uzun müddət ərzində cavabdehlərə qarşı heç bir bildiriş verilməməsinə eləcə də üç illik müddətin ötürülməsinə əhəmiyyət verməmiş və bununla da maddi hüquq normalarını pozmuş, eyni zamanda hazırkı işə aidiyyət qaydaları pozulmaqla baxılmışdır. Belə ki, iş üzrə cavabdehlər bir-birini tanımırlar, onlar hər biri mülki hüququn ayrıayrı subyektləridir, onların qeydiyyatda olduğu ünvanlar da fərqlidir. Belə olan halda, onların hər birinə qarşı iddia tələbinə aidiyyət qaydalarına uyğun məhkəmədə baxılması hüququ vardır. Hazırkı iş üzrə isə bu şəxslərə qarşı olan iddia tələbinə onların konstitusion hüququ pozulmaqla baxılmışdır. Bu səbəbdən, apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi F.Tahirov və vəkili N.Hüseyinov ayrılıqda apellyasiya şikayətləri ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdilər. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh A.Məmmədzadə məhkəmə iclasına gəlməmiş və məhkəməyə göndərdiyi ərizədə səhhəti ilə əlaqədar olaraq iclasına gələ bilmədiyini, iddiaçı “xxxxxxxxx” MMC-ini tanımadığını, onun tanıdığı “Aqrafun” adlı şirkətin Çində olan bir neçə zavodla əlaqə yaratmaq üçün onun Çinə səfərini təşkil etdiyini, həmin bileti də şirkətin sifariş etdiyini bildirmişdir. Belə olan halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri qismən edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-836/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Hazırkı iş üzrə iddia ərizəsindən məlum olur ki, -Cavabdeh3 ünvan 1 ünvanında qeydiyyatdadır. -Cavabdeh4- Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, B.Əliyev küçəsi, ev 1 A ünvanında qeydiyyatdadır. -Cavabdeh1-Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Qazmaçılar küçəsi, döngə 1, ev 4 ünvanında qeydiyyatdadır. -Cavabdeh2- Bakı şəhəri, Xətai rayonu, H.Səlmani küçəsi, ev 3, mənzil 63 ünvanında qeydiyyatdadır. Məhkəmədə aparılmış araşdırmalar zamanı da iş üzrə cavabdehlərin hər birinin qeyd olunan ünvanlarda yaşadıqları, eləcə də onların bir- biri ilə əlaqəsinin olmadığı mübahisə doğurmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göründüyü kimi, iddiaçı aidiyyəti müxtəlif olan cavabdehlərə qarşı iddia ərizəsi ilə aidiyyət qaydalarını pozmaqla məhkəməyə müraciət etmiş, məhkəmə də həmin ərizəni prosessual qanunvericiliyin tələblərini pozmaqla icraata qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Kostitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Belə olan halda, müəyyən olunur ki, hazırkı mülki iş üzrə cavabdehlərin Kostitusiyada təsbit olunmuş bu hüquqları işə baxmış rayon məhkəməsi tərəfindən pozulmuşdur. MPM-in 391-ci maddəsinə əsasən həmin Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-836/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Eyni zamanda, hər bir cavabdehə qarşı qanunla müəyyən edilmiş məhkəməyə hazırkı tələblə müraciət etmək hüququnun olması iddiaçıya izah olunmalıdır. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (xx xxx 2018-ci il tarixdən qüvvəyə minmiş) x xxx 2018-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəllənin 402-ci maddəsinə əsasən mülki və inzibatiiqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə, müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardad, kassasiya şikayəti verilməsi nəzərdə tutulan qərardad hesab olunmadığından ondan şikayət verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 391, 152.1.7, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavadehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 tərəfindən ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-836/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iddia ərizəsi baxılmamış saxlanılsın. Mülki iş üzrə hər bir cavabdehə qarşı qanunla müəyyən edilmiş məhkəməyə hazırkı tələblə müraciət etmək hüququnun olması iddiaçıya izah olunsun. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-5580/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5580/2020
25.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver