Məhkəmə qərarları › İş №2(103)-5580/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5580/2022

20.09.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5580/2022 20.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin etibarnamə əsasında nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-429/2022 saylı, 26 may 2022-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları İddiaçı 1998-ci ildə hərbi xidmətdə olarkən veqetativ damar distonsiyası, piodermiya ilə ağırlaşmış qoturluq diaqnozu ilə xəstələnmiş, xx.xx.1998-ci ildən xx.xx.1998-ci ilədək Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müayinə və müalicə olunmuşdur. Həmin xəstəlik nəticəsində 2-ci qrup əlil olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi-Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli, 306 saylı qərarı ilə təsdiq edilmişdir ki, onun xəstəliyi hərbi xidmət dövründə alınmışdır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı hərbi xidmətdə aldığı xəstəliyə, travmaya görə cavabdehdən İİ qrup müharibə əlili kimi 6600 (altı min altı yüz) manat məbləğində sığorta ödənişinin onun xeyrinə tutulması barədə iddia qaldırmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini belə əsaslandırılmışdır ki, İddiaçı 1998-ci ildə hərbi xidmətdə olarkən veqetativ damar distonsiyası, piodermiya ilə ağırlaşmış qoturluq diaqnozu ilə xəstələnmiş, xx.xx.1998-ci ildən xx.xx.1998-ci ilədək Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müayinə və müalicə olunmuşdur. Həmin xəstəlik nəticəsində 2-ci qrup əlil olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi-Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli, 306 saylı qərarı ilə təsdiq edilmişdir ki, onun xəstəliyi hərbi xidmət dövründə alınmışdır. Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında Azərbaycan Respublikası Qanunu ilə hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək məqsədilə onların həyatının və sağlamığının dövlət icbari şəxsi sığortası müəyyən edilmişdir. Azərbaycan Respublikası Sığorta Kommersiya Şirkətinə müraciət etmiş, cavab məktubunda bildirilmişdir ki, o, tərxis olunduqdan 13 il sonra 2-ci qrup əlillik dərəcəsi aldığına görə qanunda nəzərdə tutulan sığorta ödənişinin verilməsi qeyrimümkündür. Bununla razı deyil, çünki əlilllik gec müəyyən olunsa da, onun hərbi xidmət zamanı xəstəlik-travma almağı rəsmi sənədlərlə təsdiq olunur və buna görə sığorta haqqı verilməlidir. Hərbi xidmətdə aldığı xəstəliyə, travmaya görə hər il müalicə olunmalıdır. Lakin müalicə olunmağa maddi imkanı yoxdur. İşə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılarkən İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, əlillik dərəcəsi alma müddətini üzürlü səbəbdən ötürdüyünü, müddətin ötürlüməsinin üzürlü hesab edilməsini məhkəmədən xahiş edilmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, hərbi qulluqçuların icbari sığorta qaydaları “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir və həmin maddənin “ç” bəndinə əsasən hərbi xidmət vəzifələrini yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunanın əlilliyi müəyyən edildikdə. Sənədlər təhlil edilərkən müəyyən olmuşdur ki, İddiaçı 1998-ci ildə hərbi xidmətə çağırılmış, xx.xx.1998-xx.xx.1998 tarixlərində müalicə olunmuş, əlillik dərəcəsi isə ona xx.xx.2015-ci il tarixində təyin edilmişdir. Yəni adıçəkilən Qanunun istinad olunan maddəsinə əsasən şəxs hərbi xidmətdən tərxis olunduqdan sonra əvvəlki abzasda altından xətt çəkilmiş müddəti ötürmüş və əlillik dərəcəsi şəxsə 3 il müddət ötürüldükdən sonra təyin edilmişdir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(006)-429/2022 saylı, 26 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddianın təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 6600 (altı min altı yüz) manat şəxsi icbari sığorta pulu tutularaq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı hərbi xidmət vəzifələrini yerinə yetirərkən qoturluq xəstəliyinə tutulmuş və nəticədə ikinci qrup əlil olmuşdur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş əlillik dərəcəsinin alınma müddətinin üzrlü səbəbdən ötürülülməsi ilə bağlı ərizə haqda iddiaçının xəstəliyi, köməksiz vəziyyətdə olması, həmin vaxt psixi sarsıntı keçirməsi nəzərə alınaraq ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair çıxarışdan görünür ki, İddiaçı 2-ci qrup əlildir, Diaqnoz: “Şizofreniya, şizofreniya paranoid forma, şiddətli tip psixi qüsur halı ilə.” Əlillik səbəbi: hərbi xidmət dövrü ilə əlaqədar əlillikdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 13 yanvar 2017-ci il tarixli, 306 №-li Qərarından görünür ki, İddiaçı İmişli RHK tərəfindən 1998-ci ildə hərbi xidmətə çağırılmış, Bakı Hərbi Prokurorluğunun xx.xx.2016-cı il tarixli, 11 HP/2276 saylı məktubuna əsasən barəsində heç bir təqsirləndirici materialın və cinayət işinin olmadığı qeyd edilmiş, İddiaçı hərbi xidmət dövründə hərbi xidmət keçərkən aldığı və xx.xx.1998-ci ildən xx.xx.1998-ci ilə kimi Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müayinə və müalicə olunduğu xəstəlik- diaqnoz: “Vegetativ damar distoniyası. Piodermiya ilə ağırlaşmış qoturluq" (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin xx.xx.2016-cı il tarixli, 814 nömrəli göndərişi, xx.xx.2016-cı il tarixli, 427 nömrəli arayışı, Silahlı Qüvvələrin Baş Klinik Hospitalından verilmiş xx.xx.1998-ci il tarixli çıxarış epikrizi, Bakı Hərbi Prokurorluğunun xx.xx.2016-cı il tarixli, 11 HP/2276 saylı məktubu, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır.” Birinci instansiya məhkəməsi “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarını və hərbi xidmət dövründə İİ qrup əlil olmuşdur, bundan başqa iddiaçı tərəfindən təqdim edilmiş əlillik dərəcəsinin alınma müddətinin üzrlü səbəbdən ötürülülməsi ilə bağlı ərizəyə münasibətdə bildirmişdir ki, iddiaçının xəstəliyi, köməksiz vəziyyətdə olması, həmin vaxt psixi sarsıntı keçirməsi nəzərə alınaraq ərizə təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4, 5, 7-ci maddələrinin və Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırılmışdır. Apelyasiya instansiyası məhkəməsində icraat Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti apelyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul etməsini, və ödənilmiş 15 (on beş) manat dövlət rüsumunun iddiaçıdan tutularaq cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ödənilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələbi baxımından sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən sənəd dedikdə sığorta olunana hərbi xidmət dövründə xəsarət alması, yaxud xəstələnməsinə görə əlilliyin təyin edilməsini təsdiq edən sənəd (“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə uyğun olaraq qəbul edilmiş qərarın surəti) başa düşülür. Bu sənəd isə Azərbaycan Respublikası ƏƏSMN yanında TSERA tərəfindən verilmiş arayışdır ki, həmin arayışda şəxsin əlilliyini hansı əsasla almış olması, habelə ona qoyulmuş diaqnoz bilavasitə qeyd olunur. Əgər arayışda qeyd olunan diaqnoz Azərbaycan Respublikası MN-nin Mərkəzi hərbi həkim komissiyasının Qərarı ilə müəyyən olunmuş diaqnozla eynilik təşkil etməzsə, əlilliyin hərbi xidmət dövründə alınmış xəsarət, yaxud xəstəliklə bağlı olması səbəb əlaqəsi təsdiq olunmur ki, bu da sığorta hadisəsi hesab edilmədiyinə görə sığorta təminatına daxil edilmir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndinə əsasən, aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: və maddənin “ç” bəndinə əsasən hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə: - İ dərəcə əlilliyə görə — 80 faiz; - İİ dərəcə əlilliyə görə — 60 faiz; - İİİ dərəcə əlilliyə görə — 40 faiz. Qanunun istinad olunan maddəsinin mənasına görə, sığorta olunanın əlilliyinin müəyyən edilməsi birmənalı şəkildə 3 il müddətində realizə edilməli, yəni təyinat qeyd olunan müddətdə həyata keçirilməlidir. Əlilliyə əsas olan vəziyyətin yarandığı tarix şəxsin xəsarət aldığı tarixdir, əlilliyin müəyyən olunması isə qeyd olunan müddətdə həyata keçirilməlidir. B umüddətin hansı səbəblərdən buraxılması, buraxılmışsa üzrlü hesab edilməsi və istisna edilməsi ilə əlaqədar sözügedən Qanunda, yaxud başqa qanunvericilik aktında hər hansı norma nəzərdə tutulmamışdır. İddiaçı tərəfindən təqdim olunmuş sənədlərdən məlum olur ki, şəxs xx.xx.1998-ci ildə hərbi xidmətdən ehtiyata buraxılmış, xx.xx.2016-cı ildə isə ona ümumi səbəbdən ikinci dərəcəli əlillik təyin edilmişdir. Beləliklə, Qanunun istinad olunan maddəsi ilə imperativ qaydada müəyyən olunmuş 3 illik müddət ötürülmüşdür. İş üzrə birinci intansiya məhkəməsinin sonuncu, xx.xx.2022-ci il tarixli baxış iclasında iclas katibi məhkəmənin təşəbbüsü ilə şablon ərizə forması tərtib etmiş, həmin ərizədə formal olaraq Qanunla müəyyən olunmuş 3 illik müddətin ötürülməsinin məhkəmə tərəfindən üzürlü hesab edilməsi nəzərdə tutulmuş və iddiaçıya imzalatdırılmışdır. Bu fakt, ilk olaraq, Məcəllənin istinad olunan normalarının kobud şəkildə pozulmasıdır. Belə ki, məhkəmə bununla tərəflərin bərabərliyi prinsipini pozmuşdur. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi Nümayəndə2 cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək, apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Qətnamədən cavabdeh tərəf apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən qətnamə bütövlükdə yoxlanılır Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Maddə 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 5. Aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş sığorta məbləğlərinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə: - orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə — 80 faiz; - orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə — 60 faiz; - orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - az ağır xəsarət (yaralanma, travma, kontuziya) — 15 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Maddə 7.1. Sığortaçı sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişini sığorta hadisəsi ilə bağlı məlumatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu, bu mümkün olmadıqda isə sığorta ödənişi almaq hüququ olan şəxs müraciətinin daxil olduğu gündən 10 iş günü müddətində verir. Sığorta ödənişinin verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. Maddə 8.1.3. baş vermiş hadisə bu Qanunla müəyyən edilmiş sığorta hadisəsi hesab edilmədikdə sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin verilməsindən imtina edilir. “İcbarı sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 14.2.3. zərərçəkənin bədən xəsarəti alması, zəhərlənməsi, yaxud kontuziya olması nəticəsində sığorta hadisəsi baş verdiyi tarixdən 3 il ərzində onun əlilliyinin müəyyən olunması, fərdi qəza sığortası üzrə sığorta olunanın və ya mülki məsuliyyət sığortası üzrə üçüncü şəxsin sağlamlığına dəyən zərər bu Qanunun məqsədləri üçün hesab edilən hallardan biridir. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1 və 385.1.2-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli iddia tələbi rədd edilmədir. Belə ki, işin materiallarından görünür ki, İddiaçı oglu xx.xx.1998-xx.xx.1998-ci il tarixlərində həqiqi hərbi xidmət keçmişdir. Birinci instansiya məhkəməsi məhkəmə iddiaçının hərbi xidmət vəzifələrini yerinə yetirərkən qoturluq xəstəliyinə tutulmasını və nəticədə ikinci qrup əlil olmasını göstərsə də, işin materiallarından görünür ki, ona verilən Diaqnoz: “Şizofreniya, şizofreniya paranoid forma, şiddətli tip psixi qüsur halı ilə.” olmuş, Əlillik səbəbi: hərbi xidmət dövrü ilə əlaqədar göstərilmişdir.. Başqa sözlə, iddiaçı qoturluq xəstəliyinə tutulmasın nəticəsində ikinci qrup əlil olmamışdır. İşin materiallarından daha sonra görünür ki, hazırda iddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sgrorta Kommersiya Şirkətindən ona ödənilməli olan 6.600 manat birdəfəlik sıgorta ödənişinin ödənilməsini xahiş etmiş, əsas kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi-Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli, 306 saylı qərarı ilə onun xəstəliyinin hərbi xidmət dövründə alınmasını göstərmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən iddiaçının hərbi qulluqçuların dövlət icbari şəxsi sıgortası haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində qeyd olunan sənədləri məhkəməyə təqdim etdiyi üçün haqlı olaraq hazırki tələblə bağlı məhkəməyə muraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndinin məzmununa tam diqqət yetirməmişdir. Həmin normada hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildiyi orqanizmin funksiyalarının pozulma faizləri təsbit edilmişdir. Birinci instansiya məhkəməsi iddiaçının hərbi əməliyyatlar zamanı kantuziya alması, hər hansı döyüş əməliyyatlarını həyata keçirərkən bədən xəsarətlərinin almasını müəyyən etməmiş, iddiaçının hansı şəraitdə xəsarət almasını müəyyən etməmişdir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin iddiaçının əlilliyin hərbi xidmət dövründə alınmış xəstəliklə səbəb əlaqəsi təsdiq olunmadığı barədə dəlillərini qiymətləndirərək hesab edir ki, həmin dəlil əsaslıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verməkdə davam edərək həmçinin hesab edir ki, yuxarıda qeyd olunan Qanunun 5-ci maddəsinin müvafiq bəndindən də aydın olduğuna görə Qanunla müəyyən olunmuş müddətin ötürülməsi birmənalı olaraq sığorta ödənişinin verilməsindən imtina edilməsinə əsas verir. Qanunvericilikdə nəzərdə tutulmuş 3 illik müddət xəsarətin məhz hərbi xidmət dövründə alınması və məhz bunun nəticəsində əlillik dərəcəsinin verilməsi faktının təsdiq edilməsi üçün müəyyən edilmiş müddətdir. Birinci instansiya məhkəməsi isə iddiaçı tərəfindən müddətin bərpasına dair verdiyi ərizəni həmin vaxt iddiaçının psixi sarsıntı keçirməsi nəzərə alınaraq təmin edilsə də iddiaçının uzun müddət psixi sarsıntı səbəbindən müddəti keçirməsi hər hansı sübutla əsaslandırılmamışdır. Həmçinin, kollegiya qeyd edir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulmuş müddətin bərpası üçün hər hansı qanuni əsas mövcud olmamasına birinci instansiya məhkəməsi qiymət verməmişdir. İddiaçı xəsarət almasının səbəbi kimi hərbi hissədə döyülməsini göstərsə də, apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş Bakı Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.1998-ci ildə N saylı hərbi hissədə döyülmə faktı ilə bağlı araşdırma aparılmış və xx.xx.2018-ci il tarixdə 83s-18 saylə araşdırma materialında sözügedən xüsusatlar üzrə cinayət hadisəsi olmadığından «cinayət işinin başlanmasının rədd edilməsi» qərarı qəbul edilmişdir. Həmçinin təqdim edilmiş iddiaçının əlillik səbəbinin dəyişdirilməsi üçün Dövlət Tibbi – Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin verdiyi cavab məktubundan görünür ki, ona xx.xx.2015-ci il tarixlə İİ dərəcə ümumi səbəbdən əlillik təyin edilmiş, xx.xx.2016-cı ildəjə əlilliyi TSERAS tərəfindən 5 il müddətinə uzadılmışdır. Ona izah edilmişdir ki, o Mərkəzi Həkim Komissiyasının keçmiş hərbi qulluqçulara onların yaranlanmasının (travma, kontuziya, xəstələnmə) səbəb əlaqəsi barədə qərarını aldıqdan sonra (qərarda göstərilən diaqnoz ən azından İİİ dərəcə əlillik təyininə əsas verdikdə) səhiyyə müəssisəsi tərəfindən müayinə olunmalı və göndəriş (forma 88) verildiyi hallda əlillik vəziyyəti və səbəbi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 446 saylı qərarına əsasən iştirakı olmadan TSEK tərəfindən TSERAS üzərindən adsızlaşdırılmış sənədlər əsasında qiymətləndiriləcək. Göndəriş (forma 88) baədə məlumatlar elektron formasında əldə edildiyi üçün hər hansı bir dəyişiklik aparılması texniki və hüquqi cəhətdən mümkün deyil. Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad edilən qanunun tələbi baxımından baxılan iş üzrə iddiaçının məhz ona əlillik verilməsinə əsas olmuş xəsarəti hərbi xidmət dövründə aldığı müəyyən olunmadığı üçün cavabdehin ona sığorta ödənişinin verilməsindən imtinasının tam əsassız olmamasına birinci instansiya məhkəməsi düzgün hüquqi qiymət verməmişdir. Buna görə də birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 385.1, 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhəkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasgnda həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cğ maddələri). Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

Qət etdi:

Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-429/2022 saylı, 26 may 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi rədd edilsin. Apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar