Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5583/2022 18.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı (Açar sözlər: sığorta ödənişinin ödənilməsi ) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 may 2020-ci il tarixli, 2(006)-408/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 18 oktyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. iş materiallarında olan Hərbi Həkim Komissiyasının 21 iyul 2015-ci il tarixli, 1298 saylı xəstəlik haqqında şəhadətnaməsinin surətinə əsasən İddiaçı qoyulmuş diaqnoz: “asteno-nevrotik təzahürlər, xroniki qasroduodenit və leykopeniya ilə müşayiət olunan xroniki şüa xəstəliyi, ikinci dərəcə, funksiyaların mülayim dərəcədə pozulması ilə.” “Hərbi travmadır, hərbi xidmət vəzifələrinin yerinə yetirərkən alınmışdır.”
2. İş materiallarında olan 1 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş xx.xx.2019cu il tarixli sosial arayışdan görünür ki, İddiaçı İİ qrup əlildir, hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlilliyə görə 230 manat məbləğində müavinət təyin edilmişdir.
3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatından görünür ki, İddiaçı hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar xx.xx.2016-cı il tarixdə ikinci dərəcəli əlillik təyin edilmiş və əlillik müddəti xx.xx.2021-ci il tarixədək müəyyən edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6600 manat şəxsi icbari sığorta pulunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2001-2007-ci illərdə X2 Radiasiyakimya laboratoriyasında radioaktiv maddələrlə işləyərkən şualanmaya məruz qalmış və 2011-ci ildə xəstəliyi ilə əlaqədar tərxis olunmuşdur. 2012-ci ildən əlillik dərəcəsi hərbi qulluqçulara rayon HƏEK-in deyil, Mərkəzdə təyin edildiyinə görə ona əlillik dərəcəsi 2015ci ildə təyin edilmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etmiş, lakin cavabdeh iddiaçının bu müraciətinə imtina ilə cavab vermişdir. Göstərilənlərə əsasən, cavabdehdən İİ qrup müharibə əlili kimi 6600 (altı min altı yüz) manat məbləğində sığorta ödənişinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, 2(006)- 408/2022 saylı qətnaməsi ilə (hakim: Ramin Xəlilov) iddia tələbi təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 6600 (altı min altı yüz) manat şəxsi icbari sığorta pulunun tutularaq İddiaçı verilməsi qət edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni “Hərbi quluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4, 5, 7-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən təqdim olunmuş sənədlərdən məlum olur ki, iddiaçı xx.xx.2011-ci ildə hərbi xidmətdən ehtiyata buraxılmış, xx.xx.2016-cı ildə isə ona ikinci dərəcəli əlillik təyin edilmişdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində imperativ qaydada müəyyən olunmuş 3 illik müddət ötürülmüşdür. Eyni zamanda istinad olunan maddə konkret hansı halların sığorta hadisəsi hesab edildiyini göstərir və maddənin təhlilindən aydın olur ki, maddədə təsbit olunmuş 3 illik müddətin ötürülməsi sığorta hadisəsi hesab edilmir, buna görə də sığortaçı tərəfindən sığorta ödənişinin verilməsindən imtina edilməsi həm sözügedən Qanunun 8.1.3-cü maddəsi, həm Azərbaycan Respublikasının Mülki Məcəlləsi, həm də “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tam qanunauyğundur. Eyni zamanda, iddiaçı tərəfindən təqdim olunmuş sosial arayış əlilliyi təsdiq edən sənəd deyil və onu əvəz etmir. Həmin arayış şəxsin əlilliyinə görə ona müavinət təyin olunmasını və onun məbləğini müəyyən edir. Qanunun tələbi baxımından əlilliyi təsdiq edən sənəd dedikdə Azərbaycan Respublikası ƏƏSMN yanında TSERA tərəfindən verilmiş arayış başa düşülür ki, həmin arayışda şəxsin əlilliyini hansı əsasla almış olması, habelə ona qoyulmuş diaqnoz bilavasitə qeyd olunur. Əgər arayışda qeyd olunan diaqnoz xəstəlik haqqında şəhadətnamə ilə müəyyən edilmiş hərbi həkim komissiyasının verdiyi diaqnozla eynilik təşkil etməzsə, əlilliyin hərbi xidmət dövründə alınmış xəsarət, yaxud xəstəliklə bağlı olması səbəb əlaqəsi təsdiq olunmur ki, bu da sığorta hadisəsi hesab edilmədiyinə görə sığorta təminatına daxil edilmir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
11. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi.
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
13. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir.
14. Həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə: - İ qrup əlilliyə görə — 80 faiz; - İİ qrup əlilliyə görə — 60 faiz; - İİİ qrup əlilliyə görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz.
15. Həmin Qanunun 7-ci maddəsinə görə, əlillik halında sığorta ödənişlərinin alınması üçün sığorta olunan dövlət sığorta orqanlarına və ya yaşadığı ərazi üzrə həmin orqanın bölmələrinə müəyyən olunmuş formada ərizəsi və şəxsiyyətini təsdiq edən sənədi ilə birlikdə aşağıdakı sənədləri təqdim edir: - əlilliyin təyin edilməsi haqqında (əlilliyin qrupu, səbəbi və təyin edilməsi tarixini göstərməklə) tibbi-sosial ekspert komissiyasının arayışının surəti; - hərbi bilet (yaxud onu əvəz edən sənəd); - sığorta olunanın həqiqi hərbi xidmətdə olarkən xəstələnməsi və ya xəsarət (yaralanma, travma, kontuziya) alması faktını təsdiq edən hərbi həkim komissiyasının qərarının surəti.
16. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən sığortaolunan bu Qanunun 7.1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq sığorta ödənişinin alınması üçün tələb olunan sənədləri və məlumatları təqdim etmədikdə, yaxud təqdim edilmiş sənədlərin və məlumatların tam və ya düzgün olmadığı müəyyən edildikdə sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin verilməsindən imtina edilir.
17. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 14.2-ci və 14.2.3-cü maddələrinə əsasən zərərçəkənin bədən xəsarəti alması, zəhərlənməsi, yaxud kontuziya olması nəticəsində sığorta hadisəsi baş verdiyi tarixdən 3 il ərzində onun əlilliyi müəyyən edildikdə sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi sığorta məbləğinin nisbətlərinə münasibətdə ödənilir.
18. Mülki Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.
19. Həmin Məcəllənin 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir.
20. Həmin Məcəllənin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi sığortaçının sığorta ödənişinin verilməsindən imtinası üçün əsasdır.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
26. Hazırkı apellyasiya baxışı zamanı birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia tələbi təmin olunmamalıdır.
28. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
29. Hazırkı mülki mübahisə üzrə işin halları ilə müəyyən edilir ki, iddiaçı hərbi qulluqçu olmuş, 2011-ci ildə xəstəliyi ilə əlaqədar tərxis edilmiş, ona 2016-ci ildə ikinci dərəcəli əlillik təyin olunmuş, təyin edilmiş əlillik müddəti xx.xx.2021-ci il tarixdə bitmişdir.
30. Kollegiya qeyd edir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununda əlilliyin təyin edilməsi üçün nəzərdə tutulan 3 illik müddət keçdikdən sonra iddiaçıya əlillik təyin edilmişdir. Qanunun istinad olunan maddəsinin mənasına görə sığorta olunanın əlilliyinin müəyyən edilməsi birmənalı şəkildə 3 il müddətində realizə edilməli, yəni təyinat qeyd olunan müddətdə həyata keçirilməlidir. İddiaçıya xx.xx.2016-cı il tarixdə təyin edilmiş əlilik müddəti xx.xx.2021-ci ildə bitmişdir. İddiaçı bundan sonra əlilliyi təsdiq edən sübut təqdim etməmişdir.
31. “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 may 2021-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin (bundan sonra – Şirkət) Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının, hakimlərin, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarının şəxsi heyətinin, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslərin və toplanışlarda olan hərbi vəzifəlilərin, prokurorların, müstəntiqlərin, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən, təhqiqat aparan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən, fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini təmin edən, gömrük işini təşkil edən, Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin və mülki müdafiə qüvvələrinin şəxsi heyətinin həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində səlahiyyətləri 2022-ci il yanvarın 1-dən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmişdir.
32. Fərmanın 2.7-ci bəndində 2022-ci il yanvarın 1-dək sığortaolunanlara sığorta ödənişlərinin verilməsini Şirkət həyata keçirilməsi müəyyən edilmişdir.
33. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən sığorta ödənişi üçün tələb edilən əlilliyin təyin edilməsinin qanunda nəzərdə tutulmuş 3 illik müddəti ötürüldüyündən və həmin müddətin ötürülməsinin üzürlü səbəbləri barədə hər hansı mötəbər sübutlar təqdim edilmədiyindən hazırki iddia tələbi təmin edilə bilməz.
34. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlməmişdir.
35. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia tələbi təmin edilməməlidir.
35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, 2(006)-408/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.