Məhkəmə qərarları › İş №2(103)-5586/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5586/2025

01.12.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5586/2025 01.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş (Açar sözlər: «əmək müqaviləsinin müddətsiz hesab edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının və digər ödənclərin ödənilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, X9 və X6 ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı və Cavabdehn nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-569/2025 saylı, 30 iyul 2025-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh verdiyi apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: İddiaçı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti arasında xx.xx.2018-ci il tarixdə müddətli (Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən 3 ay) əmək müqaviləsi bağlanmış və o, X3 laborant vəzifəsinə işə qəbul edilmişdir.

2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (öz ərizəsi ilə) əsasən əmək müqaviləsinə xitam verilməsi barədə **********0 nömrəli, xx.xx.2020-ci il tarixli əmrinə əsasən İddiaçı və digərlərinin (siyahı iş materiallarına əlavə olunub) əmək müqaviləsinə xitam verilmişdir.

3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə İddiaçı arasında bağlanmış 25 sentyabr 2020-ci il tarixli müddətli əmək müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixdən X3 orta və kiçik tibb heyətində poliklinika üzrə təlimatçı vəzifəsinə işə qəbul edilmiş, əmək müqaviləsi 1 ayı sınaq müddəti olmaqla 3 (üç) ay müddətinə bağlanmışdır.

4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə İddiaçı arasında bağlanmış 25 sentyabr 2020-ci il tarixli müddətli əmək müqaviləsi hər 3 (üç) aydan bir uzadılmışdır.

5. “Əmək müqaviləsini bağlayan tərəflər haqqında məlumatlar”da göstərilib ki, əmək müqaviləsi 2 il, 1 gün müddətinə, yəni 28 sentyabr 2022-ci il tarixədək bağlanıb.

6. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin AR Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən İddiaçı töhmət növündə intizam tənbehi verilmişdir.

7. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5 Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə 3-17-4/3-2-896/2023 nömrəli, xx.xx.2023-cü il tarixli əmrinə əsasən İddiaçı əmək müqaviləsinə xitam verilmişdir.

8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3063/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən İddiaçı barəsində töhmət növündə intizam tənbeh tədbirinin tətbiq olunmasına dair 3-17-4/3-206/0/2023 nömrəli, xx.xx.2023- cü il tarixli əmr və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə 3-17-4/3-2-896- 2023 nömrəli, xx.xx.2023-cü il tarixli əmr ləğv olunmuş, İddiaçı X1 müalicəvi bədən tərbiyəsi üzrə təlimatçı vəzifəsinə işə bərpa olunması və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi öhdəliyi Cavabdehn üzərinə həvalə edilməsi qət edilmişdir.

9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3063/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6097/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qüvvədə saxlanılmışdır.

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6097/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 1428/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə qüvvədə saxlanılmışdır.

11. xx.xx.2024-cü il tarixli 3-17-4/3-2-1485/2024 saylı əmrə əsasən İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3063/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar işə bərpa edilmişdir.

12. Əmək haqqının hesablanması cədvəlinə əsasən (xx.xx.2024-cü il tarixli 3-17-4/3-2- 1485/2024 saylı əmrə əsasən) İddiaçı məcburi iş buraxmaya görə (mart 2023 – iyul 2024) 14.943,51 manat ödəniş edilmişdir.

13. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5 Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə 3-17-4/3-2-1853/2024 nömrəli, xx.xx.2024-cü il tarixli əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə yenidən xitam verilmişdir.

14. Məzuniyyət hüququndan istifadə edilməsinə dair müraciətə cavab olaraq bildirilib ki, Əmək Məcəlləsinin 113-cü maddəsinin 1-ci hissəsinə əsasən işçiyə əmək məzuniyyəti itirilmiş əmək qabiliyyətinin bərpası üçün verilir. İddiaçı məhkəmə qərarı ilə işə bərpa olunduğu üçün boşdayanma dövrü üzrə əmək məzuniyyəti formalaşmamışdır.

15. Məhkəmə Ekspertizası Mərkəzinin 9/1547 saylı, xx.xx.2025-ci il tarixli rəyində göstərilib ki, İddiaçı mart 2023-cü il - iyul 2024-cü il üzrə dövr üçün 14.943,51 manat ödənilməli olan əmək haqqının gecikdirilməsinə görə 1% miqdarında ödənc məbləği 33.213,29 manat təşkil etdiyi müəyyən olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat:

16. İddiaçı Cavabdehnə qarşı əmək müqaviləsinin müddətsiz hesab edilməsi və gecikdirilmiş əmək haqqı üçün azı bir faiz məbləğində ödəncin ödənilməsi tələbinə dair iddia ərizəsi, daha sonra isə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək məhkəmədən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərkibində 2 il, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərkibində 4 il müddətində işlədiyini nəzərə alaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsini əsas tutaraq əmək müqaviləsinin müddətsiz olması; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 11 aprel 2023-cü il tarixli Plenum qərarına əsasən Agentlik tərəfindən 488 gün müddətində gecikdirilmiş 14943,51 manat əmək haqqımın azı bir faizi məbləğində ödəncin ödənilməsi barədə öhdəliyin cavabdehin üzərinə qoyulması; Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əasən əmək müqaviləsinin xitamını nəzərdə tutan 3-17-4/3-2-1853/2024 nömrəli, xx.xx.2024-cü il tarixli xitam əmrinin ləğv olunaraq, onun X1 müalicəvi bədən tərbiyəsi üzrə təlimatçı vəzifəsinə işə bərpa olunması, işə bərpa olunduqda əmək məzuniyyətinin formalaşdırılmasını, məcburi işburaxma müddəti üçün əmək haqqının və məcburi iş buraxma dövründə müvafiq əmrlərlə ödənilmiş ödənclərin ödənilməsi barədə öhdəliyin cavabdehin üzərinə qoyulması və son haqq hesabın düzgün hesablanmadığı 45 təqvim gününün hesablanıb ödənilməsi barədə öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş edib.

17. İddiada göstərilib ki, 2018-ci ilin sentyabr ayından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin X3 laborant, 2020-ci ildən müalicəvi bədən tərbiyəsi üzrə təlimatçı vəzifəsində çalışmış və 2022-ci ilin sentyabr ayından X1 rotasiya olunmuşdur. xx.xx.2023-cü il tarixində əmək müqaviləsinin müddəti bitmədiyi halda qanunsuz olaraq əmək müqaviləsinə xitam əmri verilmişdir. Əmək müqaviləsinə verilən xitam əmrinin ləğv olunması tələbi ilə Binəqədi Rayon Məhkəməsinə iddia erizəsi ilə müraciət etmiş və iddia xx.xx.2023-cü il tarixli, 2(001)-3063/2023 nömrəli qətnamə təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-6097/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmadan, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 iyul 2023-cü il tarixli, 2(001)-3063/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış. Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)- 1428/2024 saylı qərarı ilə kasasiya şikayətini təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 08 avqust 2024-cü il tarixində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3063/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən X1 müalicəvi bədən tərbiyəsi üzrə təlimatçı vəzifəsinə bərpa olunmuşdur. Lakin cavabdeh tərəf qanunsuzluq edərək, xx.xx.2024-cü il tarixində əmək müqaviləsinə yenidən xitam verərək işdən azad edəcəklərini bildirmişlər. İddiaçı bildirib ki, xx.xx.2024-cü il tarixdə eyni müəssisədə artıq 6 il işlədiyindən əmək müqaviləsi müddətsiz hesab olunmalıdır və müddətin bitdiyinə görə işdən azad edilə bilməz. Cavabdeh ona əvvəl işlədiyi Xidmətdən çıxdığını və yenidən Agentlikdə işə qəbul olunduğu, bu səbəbdən də arada fasilə yarandığından əmək müqaviləsinin müddətsiz hesab edilməsi mümkün deyil. Halbuki iclaslarda dəfələrlə onlara bildirilmişdir ki, sadəcə olaraq artıq Xidmətin deyil Agentliyin işçiləri olaraq çalışacaqlar, dəyişən ancaq budur. İddiaçının fasiləsiz və etirazsız olaraq qurumda 6 il ərzində işləməsi və əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə gördüyü işin müvəqqəti, mövsümü deyil, daimi xarakterə malik olmaqla qabaqcadan işəgötürənə bəlli olmasına və bir sözlə onunla müddətli əmək müqaviləsinin bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində sadalanan hər hansı halların müəyyən edilməməsinə baxmayaraq işəgötürən onunla əsassız olaraq müddətli əmək müqaviləsi bağlamışdır. Lakin 6 ili tamam olunduğundan əmək müqaviləsi müddətsiz hesab olunmalıdır. X13-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən qanunsuz olaraq 3-17-4/3-2-1853/2024 nömrəli xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam əmri verilmişdir. Əmək müqaviləsinə xitam əmri verilən gün deyil (xx.xx.2024), xx.xx.2024-cü il tarixdə ona təqdim olunmuşdur, bununla da Əmək Məcəlləsinin 83-cü maddənin 3-cü hissənin normalarını pozmuşlar. Onun iş fəaliyyətinin 6 ili tamam olduğundan (2018-2024) Əmək məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək müqaviləsi artıq müddətsiz sayıldığından verilən 3-17-4/3-2-1853/2024 nömrəli xx.xx.2024- cü il tarixli xitam əmri əsassız və qanunsuzdur. Bundan da əlavə əmək müqaviləsinə xitam vermə prosesini Əmək Məcəlləsinin normalarına uyğun olmadığı da göz qarşısındadır. xx.xx.2024-cü il tarixdə ona rəsmi olaraq əmək müqaviləsinin xitamı barədə əmr təqdim olmadan, EMAS elektron sistemdəki kabinetinə əmr yerləşdirilmədən Mərdəkan Reabilitasiya pansionatın baş mühasibi son haqqı hesabı hesablayaraq hesabına köçürmə əməliyyatını etmişdir. Məbləğ az olduğu üçün Mərdəkan Reabilitasiya pansionatının kadrlar üzrə mütəxəsssisindən səbəbini soruşduqda ona istifadə edilməmiş məzuniyyətə görə cəmi 4 gün pul əvəzi verildiyini bildirmişlər. Halbuki o, ən son xx.xx.2023-cü il tarixdən, xx.xx.2023-cü il tarixinə kimi 15 gün müddətində məzuniyyətdə olmuşdur. Əmək müqaviləsinə görə 2022-2023 iş ili üçün 21 təqvim günü (6 təqvim günü əmək stajina görə), 2023-2024 iş ili üçün isə 36 təqvim günü (6 günü əmək stajına görə) toplam 57 təqvim gün (ondan toplam 12 günü əmək stajına görə) məzuniyyət hüququ olub. EMAS elektron sistemində müqaviləyə xitam əmri verəcəklərinə dair məlumat yerləşdiriləndən sonra elə xx.xx.2024-cü il tarixdə EMAS üzərində 143-cü maddənin 1-ci hissəsinə əsasən ona əmək məzuniyyətinin verilməsini xahiş etsə də X8 cavabında onun müraciətinin məzmununa uyğun olmayan şablon bir imtina cavabı vermişdir. İddiaçının əmək müqaviləsinə qanunsuz xitam verilmiş və öz istəyi ilə deyil Agentliyin verdiyi səhv qərar və təqsiri üzündən məcbur boşdayanmada olmuşdur. Bu səbəbdən də son haqq hesabda 45 təqvim günü istifadə edilməmiş məzuniyyətə görə pul hesablanmamışdır. İddiaçı həmçinin daha əvvəl də Agentlik tərəfindən qanunsuz olaraq işdən azad edildiyindən, məhkəməyə müraciət etmiş və Binəqədi Rayon Məhkəməsinin 2(001)-3063/2023 nörəli qərarı ilə işə bərpa olunmuşdur. xx.xx.2024-cü il tarixdə məcburi iş buraxma müddəti üçün gecikdirilmiş 14943,51 manat əmək haqqı almışdır. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən 488 gün gecikdirilmişdir. 11 aprel 2023-cü il Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair qərarına əsasən “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Plenum qərarına əsasən Agentlik tərəfindən 488 gün müddətində gecikdirilmiş 14943, 51 manat əmək haqqının azı bir faizi məbləğində ödənişin verilməsini təmin etməlidirlər. Qeyd edilənlərə əsasən iddiaçı mövcud iddia tələbləri ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

18. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-569/2025 saylı, 30 iyul 2025ci il tarixli qətnaməsi ilə (hakim Lətifə Məmmədova) iddianın qismən təmin edilərək İddiaçı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (Xidmət) ilə bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinin müddətsiz hesab edilməsi; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 3-17-4/3-2-1853/2024 nömrəli, xx.xx.2024cü il tarixli xitam əmrinin ləğv edilməsi; İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əvvəlki vəzifəsinə - X1 müalicəvi bədən tərbiyəsi üzrə təlimatçı vəzifəsinə bərpa edilməsi; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məcburi işburaxma müddəti üzrə xx.xx.2024-cü il tarixdən işə bərpa edilən günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqının hesablanaraq İddiaçı ödənilməsi; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 11 aprel 2023-cü il Plenum qərarına əsasən yekun məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən (xx.xx.2024-cü il) iddiaçının işə bərpa olunan dövrünə qədər (xx.xx.2024-cü il) Agentlik tərəfindən gecikdirilmiş əmək haqqının azı bir faizi məbləğində ödəncin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən tutularaq İddiaçı ödənilməsi; iddia tələbinin qalan hissədə təmin edilməməsi; cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən 100 (bir yüz) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməməsi qət edilmişdir.

19. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətində göstərir ki, iddiaçı məhkəmə qətnaməsi ilə tutularaq ona ödənilməli olan əmək haqqının ödənilməsinin gecikdirilməsi halı əmək haqqının gecikdirildiyi hər gün üçün 1 (bir) faiz məbləğində ödənc ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməli, yekun məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən (xx.xx.2024-cü il) iddiaçının işə bərpa olunan dövrünə qədər (xx.xx.2024-cü il) pul tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin iddianın əmək müqaviləsinin müddətsiz bağlanılmış hesab edilməsi hissəni araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyərək və iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi bu hissədə əsasladır. Buna görə də təmin edilməlidir. Əmək qanunvericiliyi işçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanmalı olması hallarını müəyyən etmişdir. İşin müəyyən edilmiş halına görə iddiaçı ilə əmək müqaviləsi əvvəl müddətli olub, eləcə də hazırki əmək müqaviləsinin məzmunu baxımından da iddiaçının əmək funksiyasının və gördüyü işin daimi xarakter daşıması cavabdeh tərəfindən mübahisə olunmur. Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin daimi xarakterə malik olan halda əmək müqaviləsi müddət müəyyən edilmədən bağlanmalıdır. Lakin həmin maddədə qeyd olunub ki, 47-ci maddədə müəyyən edilmiş hallar istisnadır. 47-ci maddənin “f” bəndinə görə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlana bilər. İşəgötürən “f” bəndinə istinad edərək hesab edir ki, əmək müqaviləsinin müddətli bağlanması qanuna uyğundur, çünki qarşılıqlı razılıq olub. Lakin müqavilənin müddətli bağlanmasına işçinin razılığı olmayıb. “Razılıq” deyiləndə iradə ifadəsi başa düşülür. İradənin ifadə olunması üçün əvvəlcə iradə olmalı, daha sonra o, ifadə olunmalıdır. Ona görə də mübahisənin düzgün həll edilməsi üçün müddətə münasibətdə iradənin olub-olmadığı aydınlaşdırılmalıdır. İradə - insanın təfəkkür prosesi əsasında qərar qəbul etmək, öz fikir və fəaliyyətini qəbul olunmuş qərara müvafiq yönəltmək qabiliyyətidir. İradənin olub-olmaması motivlə (dərk olunmuş maraqla) müəyyənləşdirilir. İşəgötürənin müddətə münasibətdə iradəsi var, çünki motiv müəyyən olunur. Lakin işçinin motivi müəyyən olunmur: işçinin izahatından görünür ki, müddətə münasibətdə onun motivi (dərk olunmuş marağı) yoxdur, işəgötürənin nümayəndəsi isə bunun əksini təsdiq edən sübut təqdim edə bilmir. Motiv yoxdursa, deməli, müqavilənin müddətli bağlanması barədə işçinin iradəsi yoxdur. Müqavilədə işçinin imzasının olması isə müddətə münasibətdə iradə ifadəsi sayıla bilməz. Müqavilənin müddətli bağlanmasına işçinin razılığı olmadığına görə hesab olunur ki, “f” bəndində göstərilən qarşılıqlı razılıq yoxdur. Çünki “qarşılıqlı razılıq” deyiləndə hər 2 tərəfin razılığı nəzərdə tutulur. İşçinin razılığı olmadığına görə qalır 1 razılıq - işəgötürənin razılığı. İşəgötürənin razılığı isə “f” bəndinə uyğun hüquqi nəticə yaratmağa yönəlməyib. Əmək Məcəlləsinin 51-ci maddəsində əmək müqaviləsini 3 aylıq sınaq müddəti ilə bağlamaq imkanı müəyyən edilib, “f” bəndindən bu məqsədlə istifadə oluna bilməz. Əgər işəgötürən müqavilənin müddətli bağlanmasına işçinin həqiqi razılığını almaq istəyirdisə, əvvəlcə müddətlə bağlı öz məqsədini ona bildirməli idi. Çünki “f” bəndindən görünür ki, istənilən razılıq deyil, yalnız tərəflərin hüquq bərabərliyi prisipinə əməl edilməklə əldə olunmuş razılıq müqavilənin müddətli bağlanmasına əsas verir. Göründüyü kimi iddiaçı ilə bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə iddiaçının iradə ifadəsi olmadan, çalışdığı Xidmətin Agentliyə çevrilməsi nəticəsində analıq məzuniyyətində olduğu dövrdə işdən azad edilmiş və təxminən 1 ay sonra elə analıq məzuniyyəti dövründə yenidən Agentlikdə işə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş ərizələrdən görünür ki, işçilər kütləvi olaraq öz ərizələri əsasında “Xidmət”dən işdən azad edilmiş və yenidən “Agentlik”də işə qəbul edilmişlər. Məhkəmə həmçinin cavabdehin müqavilənin müddətsiz bağlanmış hesab edilməsi hissəsinə dair etirazına münasibətdə bildirir ki, cavabdeh iddiaçının Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə 2018-ci il tarixdə bağlanmış əmək müqaviləsinə öz ərizəsi ilə 2020-ci ilin avqust ayında Nazirlik tərəfindən xitam verildiyini, təxminən 1 ay sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə yeni əmək müqaviləsi bağladığını, bu səbəbdən də Agentliklə bağlanmış əmək müqaviləsinin müddətinin 5 ili keçmədiyini bildirmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 2020-ci ilin avqust ayında iddiaçının işdən öz ərizəsi ilə çıxması onun iradə ifadəsindən asılı olmayan səbəblərdən olmuşdur. Belə ki, həmin dövrdə işçilər, o cümlədən iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində baş vermiş struktur dəyişikliyi ilə əlaqədar işdən azad edilmiş və yenidən Nazirliyin tabeliyində yaradılmış Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə işə qəbul edilmişlər. Məhkəmə həmçinin cavabdehin daha əvvəl qəbul edilmiş məhkəmə qətnaməsində iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddətinin 2 il 1 gün qeyd edilməsi halını araşdıraraq hesab edir ki, həmin qətnamə üzrə mülki işə baxarkən, hazırkı işdə mübahisə predmeti olan 2018-ci il tarixli əmrin müddətsiz hesab edilməsi ilə bağlı mübahisə olmadığından məhkəmə tərəfindən həmin hal araşdırılmamış və münasibət bildirilməmişdir. İddiaçının fasiləsiz olaraq 5 ildən artıq müddətdə eyni müəssisədə (struktur dəyişikliyi nəzərə alınmaqla) işlədiyindən onunla bağlanmış əmək müqaviləsi müddətsiz bağlanmış əmək müqaviləsi hesab edilməlidir. Belə olan halda, Cavabdeh ilə iddiaçı arasında bağlanmış əmək müqaviləsinə müddətin başa çatması ilə xx.xx.2024-cü il tarixdən xitam verilməsinə dair əmri qanunsuz hesab edilməli, iddiaçı əvvəlki işinə bərpa edilməlidir. Həmçinin, Əmək Məcəlləsinin 172-ci maddəsinin tələblərinə uyğun olaraq, iddiaçıya işə bərpa olunduqdan sonra məcburi işburaxmaya görə ştat cədvəli üzrə ödənilməli olan əmək haqqı hesablanaraq ödənilməlidir. Məhkəmə həmçinin iddia tələbinin son haqq hesabın düzgün hesablanmadığı, məzuniyyət dövrü üçün 45 təqvim gününün hesablanıb ödənilməsi hissəsinə münasibətdə hesab edib ki, iddiaçı öz iddiasını bu hissədə sübuta yetirə bilmədiyindən təmin edilməməlidir.

Apellyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətlərinin dəlilləri

20. Qətnamədən İddiaçı və Cavabdeh tərəfindən apellyasiya şikayətləri verilmişdir.

21. İddiaçı apellyasiya şikayətində qətnamənin qismən, yəni iddianın təmin edilmədiyi hissədə ləğv edilərək həmin hissədə iddianın təmin edilməsini xahiş edib göstərir ki, xx.xx.2024-cü il tarixində səhər saatlarında Agentliyə dəvət olunaraq məhkəmənin qərarında əks olunan 2 il müddətində əmək müqaviləsi deyil, yəni 3 ay müddətinə, birinci 14 günü sınaq müddəti hesab edilərək, sınaq müddəti ərzində tərəflərdən biri digərini 3 gün əvvəl xəbərdarlıq etməklə əmək müqaviləsini birtərəfli qaydada poza bilər (qoşma 6) şərtləri ilə tərtib olunaraq onun tərəfindən imzalanmağını kobud şəkildə tələb etdilər. O, təbii ki, yeni tərtib olunmuş müqaviləni imzalamaqdan imtina etdikdə X8nın idarə edilməsi departamentinin işçisi Agentliyin Hüquq departamentinin müdiri olan X7 otağa çağırdı. Məmmədov Famil qarşısında bir Azərbaycan xanımının olduğunu unudaraq olduqca kobud bir şəkildə yeni tərtib olunmuş müqaviləni təsdiq etməyini bildirdi, o, isə öz növbəsində onlardan qeyri-qanun nəyisə istəmədiyini, sadəcə olaraq məhkəmə qətnaməsinin icra olunmasını istədiyini izah etməyə çalışsa da, onu dinləməyib ona hədəqorxu gəlməyə başladı ki, əgər Agentliyin təqdim etdiyi yeni müqaviləni imzalamasa, onu xx.xx.2024-cü il tarixində əmək müqaviləsinə yenidən xitam verərək işdən azad edəcəklər. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Ekspertia qarşısında sual qoyulmuşdur ki, onun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Reabilitasiya pansionatı ilə bağlanmış əmək müqaviləsinə görə xx.xx.2023-cü il tarixdən 2024-cü ilin iyul ayına kimi 488 gün müddətində əmək haqqının gecikdirilmiş hər günə 1% miqdarında ödəncin məbləği nə qədər təşkil edir? Ekspert rəyinə əsasən həmin məbləğ 33213.29 manat müəyyən edilmişdir. Lakin buna baxmayaraq məhkəmə qətnamə qəbul edərkən ekspertin rəyinə əsaslanmamışdır. Eyni zamanda, qanunsuz olaraq işdən kənarlaşdırıldığı üçün kollektiv mükafatlardan məhrum olub. İşə bərpa olunduqdan sonra əmək məzuniyyətindən istifadə edə bildiyi təqdirdə məhkəmə buna hüquqi qiymət verməmişdir. Son haqq hesabın düzgün hesablanaraq verilməsi hissəsində isə məhkəmə belə qənaətə gəlmişdir ki, tələb sübuta yetirilməmişdir. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Məhkəməyə təqdim etdiyi sənədlərdə və müəsissənin boşdayanmaya görə ödədiyi əmək haqqı cədvəlində açıq aşkar şəkildə görünür ki, ona istifadə etmədiyi məzuniyyət günlərinə görə pul əvəzi ödənilməyib. 2024-cü il 30 sentyabr xitam əmrində də cəmi 4 gün kompensasiya günü hesablanmışdır həmin 4 gün də işə bərpa günündən xx.xx.2024-cü il tarixdən, 30 sentyabr 2024-cü il tarixə kimi olan dövrdə yığılan 4 gün təşkil edir. Nədənsə məhkəmə bu gözlə görünən halın sübuta yetirilmədiyi qənaətinə gəlmişdir. Təqdim etdiyi sənədlər və sübutlar məhkəmə tərəfindən yetərincə dəyərləndirilməmişdir. Bu isə sübutların tam və ədalətli qiymətləndirilməsi prinsipini pozmuşdur ƏM-nin 132-ci maddəsinə görə, qanunsuz və əsassız işdən çıxarılmaqla, yaxud başqa işə keçirilməklə əlaqədar işə bərpa edilən işçilərin məcburi işburaxma dövrü. Amma məhkəmə bu tələbini təmin etməyib. Maddədən də görünür ki, qanunsuz şəkildə işdən çıxıralmış işçilər əmək məzuniyyətindən istifadə etmək hüququna malikdirlər, lakin məhkəmə bu halı da düzgün qiymətləndirməmişdir. Məcbur iş buraxma dövründə müvafiq əmrlərlə ödənilmiş ödənclərin ödənilməsi barədə öhdəlik dedikdə Dövlət Tibbi-sosial Ekspertiza və Reabilitasiya Agentliyinin müvafiq əmrləri ilə mütəmadi olaraq ödənilən “Dövlət Tibbi-sosial Ekspertiza və Reabilitasiya Agentliyində çalışan işçilərin kollektiv mükafatlandırılması”. Yəni əgər qanunsuz şəkildə işdən azad olmasaydı, adı qeyd olunan ödənci alacaqdı. Məhkəmə bu hala obyektiv qiymət verməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 11 aprel 2023-cü il Plenum qərarına əsasən, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan RespublikasıƏmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Buna baxmayaraq işəgötürən tərəfindən Məhkəmə Ekspertiza Mərkəzinin hesablayıb Binəqədi rayon məhkəməsinə təqdim etdiyi rəyə görə 490 gün müddətində gecikdirilmiş 14.943,51 manat əmək haqqına görə 33.213,29 manat ödənc hesablanmalı olduğu halda məhkəmə bu tələbi əsassız olaraq qismən təmin etmişdir.

22. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə rədd edilməsini xahiş edib şikayətini bununla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə yanlışdır. Belə ki, iddiaçının əmək funksiyaları və gördüyü iş daimi xarakter daşımır. Əksinə, Agentliyin tabeliyində olan bir sıra reabilitasiya müəssisələrində anoloji iş yeri yoxdur. Nəticə etibarilə, iddiaçı ilə həm xx.xx.2018-ci il tarixdə, həm də xx.xx.2020-ciil tarixdə müddət müəyyən edilməklə (müddətli) əmək müqaviləsinin bağlanması qanunvericiliyin tələblərinə zidd olmamışdır. Bundan əlavə, iddiaçı ilə müddətli əmək müqaviləsi bağlanmasının hüquqauyğunluğuna onunla Agentlik arasında bundan əvvəl olmuş məhkəmə mübahisəsi çərçivəsində Binəqədi Rayon Məhkəməsinin 2(001)- 3063/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə hüquqi qiymət verilmişdir və həmin qətnamə qanuni qüvvəsini almışdır. Həmin iş üzrə kassasiya şikayətinə baxarkən Ali Məhkəmə Əmək Məcəlləsinin həm 45-ci, həm də 47-ci maddələrinə istinad edərək kifayət qədər ətraflı izah etmişdir ki, İddiaçı ilə əmək müqaviləsinin müddətli bağlanması Əmək Məcəlləsinin tələblərinə uyğun olmuşdur. Əmək Məcəlləsinin 69-cu maddəsindən göründüyü kimi, işçi əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməklə öz istəyinə uyğun istənilən vaxt əmək müqaviləsini ləğv edə bilər. Əmək Məcəlləsinin tələblərindən, o cümlədən 79-cu maddəsindən göründüyü kimi, işçinin analıq məzuniyyətində olması onun öz istəyi ilə əmək müqaviləsini ləğv etmək hüququnu məhdudlaşdıra bilməz. İddiaçı öz istəyi ilə əmək müqaviləsini ləğv etdikdən sonra işçi statusunda olmadığından, analıq məzuniyyətində də ola və birinci instansiya məhkəməsinin qətnaməsində deyildiyi kimi, “elə analıq məzuniyyəti dövründə yenidən Agentlikdə işə qəbul edilə” bilməzdi. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsində qeyd edildiyinin əksinə, Agentlikdə fasiləsiz olaraq beş ildən artıq işləməmişdir. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, iddiaçı ilə bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsi müddətli olmuşdur. O, özünün yazdığı ərizəyə əsasən, xx.xx.2020-ci il tarixdə işəgötürən Azərbaycan Respublikasının Əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən işdən azad edilmişdir. İşdən azad edilməsindən təxminən 1 ay sonra iddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə işlə təmin edilməyinə köməklik göstərilməsi barədə müraciət etmiş, həmin müraciət nazirlik tərəfindən baxılmaq üçün Agentliyə göndərilmiş, Agentlik isə iddiaçı ilə əvvəlki əmək müqaviləsindən asılı olmayan, onun davamı olmayan yeni, müddətli əmək müqaviləsi bağlamaqla onu işə cəlb etmişdir. Əmək Məcəlləsinin 45-cı maddəsinin 5-ci hissəsində göstərilir ki, “Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir”. Bu normadan göründüyü orada müddətli əmək müqaviləsinin müddətsiz əmək müqaviləsinə “çevrilməsi” üçün 2 şərt müəyyən edilir: həmin müddətli əmək müqaviləsi 5 ildən artıq müddətə davam etsin, həmin müddətli əmək müqaviləsinin davam etməsi fasiləsiz olsun. Binəqədi Rayon Məhkəməsinin 2(001)-3063/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi 08 avqust 2024-cü il tarixində Agentlik tərəfindən icra edilmiş, məhkəmə qərarına uyğun olaraq İddiaçı işə bərpa olunmuş, əmək müqaviləsnin qüvvəsi bərpa edilmişdir. Həmçinin ona məcburi işburaxma müddəti üçün əmək haqqı-14943,51 AZN ödənilmişdir. Belə ki, Ali Məhkəmənin Qərarı xx.xx.2024-cü il tarixdə elan olunsa da, qərar tam şəkildə yalnız avqust ayında Agentliyə daxil olmuş, buna uyğun olaraq iddiaçının əvvəlcə işlədiyi reabilitasiya müəssisəsində müvafiq iş yeri (ştat) yaradılaraq o, 08 avqust tarixində işə bərpa edilmiş və ona məhz 08 avqust 2024-cü il tarixədək məcburi işburaxma müddəti üçün əmək haqqı hesablanıb ödənilmişdir. Yəni iddiaçıya münasibətdə hesablanmış və ya ödəniş vaxtı çatmış əmək haqqının ödənişinin gecikdirilməsi baş verməmişdir. Digər tərəfdən, Əmək Məcəlləsinin tələblərindən göründüyü kimi, “məcburi işburaxma müddəti üçün əmək haqqı”nın hesablanması məhkəmə qərarının qüvvəyə mindiyi günə uyğun deyil, məhz işçinin işə bərpa edildiyi günədək hesablanması nəticəsi ortaya çıxır və təcrübə də məhz bu cür formalaşmışdır.

a) Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz.

23. İddiaçı elektron kabinet vasitəsilə təqdim etdiyi və iddia ərizəsi, eləcə də özünün apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırdığı apellyasiya şikayətinə dair yazılı etirazında cavabdehin şikayətinin təmin olunmamasını xahiş edib.

24. Cavabdeh tərəfindən isə iddiaçının apellyasiya şikayətinə dair yazılı etiraz təqdim olunmmışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları.

25. Məhkəmə iclasında İddiaçı özünün apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib təmin edilməsini, cavabdehin apellyasiya şikayətinə isə etiraz edərək təmin edilməməsini xahiş etdi.

26. Məhkəmə iclasında Cavabdehn nümayəndəsi Nümayəndə da cavabdehin apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib təmin edilməsini, iddiaçının apellyasiya şikayətinə isə etiraz edərək təmin edilməməsini xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

27. Azərbaycan Respublikasının Konstitusiyası:

Maddə 25. İ hissə. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 35. İ, İİ, İİİ, İV və Vİİİ hissəsi. Əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir.

28. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Maddə 45.3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Maddə 45.4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Maddə 45.5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Maddə 47, “f” bəndi. Əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müəyyən müddətə bağlanıla bilər. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 68.2. “b” Əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsasıdır. Maddə 73 (1-ci hissə, xx.xx.2024-cü ilə kimi qüvvədə olan variant). Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Maddə 73 (2-ci hissə, xx.xx.2024-cü ilə kimi qüvvədə olan variant). İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Maddə 73 (1-ci hissə, xx.xx.2024-cü ildən qüvvədə olan variant).Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Maddə 73 (2-ci hissə, xx.xx.2024-cü ildən qüvvədə olan variant). İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün işəgötürən tərəfindən xitam verilə bilər. Maddə 74.2. Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Maddə 135.(2-ci hissə). İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Maddə 139. Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı hesablanarkən əməyin ödənilməsinin qüvvədə olan sisteminə daxil olmayan birdəfəlik ödənişlər istisna edilməklə bu Məcəllənin 154-cü maddəsinin birinci hissəsi ilə müəyyən edilmiş əmək haqqı anlayışına daxil olan bütün növ ödəmələr nəzərə alınır (1). Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş siyahısı, habelə məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (2). Maddə 140. Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir (1). 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır (2). Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına - 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur (3). Bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir (4). İşçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir (5). Əmək müqaviləsində, kollektiv müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, məzuniyyət vaxtı üçün orta əmək haqqı müəyyən səbəbdən məzuniyyət başlanandan sonra ödənilmişdirsə, işçinin tələbi ilə məzuniyyətin başlanma vaxtı əmək haqqının faktik olaraq verildiyi gündən hesablanıla bilər (6). Məzuniyyət vaxtı üçün hesablanmış orta əmək haqqı qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmsallaşdırılıb ödənilməlidir (7). Maddə 143. Müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, bu Məcəllənin 70-ci maddəsinin «a» və «ç» bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla qalan hallarda əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir (1). İşçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir ( 2). Maddə 144. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir (b. 2). Əmək münasibətlərinə xitam verilərkən bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir (3). Müəyyən iş ilinə görə əmək məzuniyyətindən istifadə etmiş işçinin əmək müqaviləsinə həmin iş ili başa çatanadək xitam verilərkən ödənilmiş məzuniyyət haqqının müvafiq hissəsi işçidən tutula bilər ( 4). Maddə 154.1 Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Maddə 172 (1-ci hissə). Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Maddə 172.4. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Maddə 172 (5-ci hissə).Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Maddə 172.Qeyd: Bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

29. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi bir daha vurğulamışdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilatisərəncamverici səlahiyyətlərə malik olur.

30. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 aprel 2023-cü il tarixli Qərarında qeyd edilir ki, Əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər.

31. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2024-cü il tarixli qərarında Konstitusiya Məhkəməsi Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndini həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar olmadığı təqdirdə, tərəflərin hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsini bağlamaq imkanını ehtiva etməklə, Azərbaycan Respublikası Konstitusiyasının 25ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğun hesab etmişdir. Məhkəmələr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə bağlı işlərə baxarkən müqavilə tərəflərinin həqiqi iradə ifadələrini bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelərə uyğun olaraq araşdırıb nəticəyə gəlməlidirlər.

32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri:

33. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin qismən, yəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 11 aprel 2023-cü il Plenum qərarına əsasən yekun məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən (xx.xx.2024-cü il) iddiaçının işə bərpa olunan dövrünə qədər (xx.xx.2024-cü il) Agentlik tərəfindən gecikdirilmiş əmək haqqının azı bir faizi məbləğində ödəncin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsi üçün əsasdır, iddiaçının apellyasiya şikayəti isə mübahisələndirdiyi hissədə qətnamənin ləğv edilməsi və həmin hissədə iddianın təmin olunması üçün əsas ola bilməz.

34. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

35. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

36. Hər iki apellyasiya şikayətinin məzmunundan görünür ki, iddia qismən təmin edildiyi üçün hər iki şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddiaçının apellyasiya şikayətində iddianın təmin edilməyən hissəsi, cavabdehin apellyasiya şikayətində isə iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətlərin predmeti də qətnamənin hər iki apellyasiya şikayəti üzrə mübahisələndirdikləri hissələrdə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

37. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayətləri üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

38. İddanın təmin edilən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 11 aprel 2023cü il Plenum qərarına əsasən yekun məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən (xx.xx.2024cü il) iddiaçının işə bərpa olunan dövrünə qədər (xx.xx.2024-cü il) Agentlik tərəfindən gecikdirilmiş əmək haqqının azı bir faizi məbləğində ödəncin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən tutularaq İddiaçı ödənilməsi hissəsi üzrə üzrə faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin həmin hissədə iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.

39. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa), iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə, yəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 11 aprel 2023-cü il Plenum qərarına əsasən yekun məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən (xx.xx.2024-cü il) iddiaçının işə bərpa olunan dövrünə qədər (xx.xx.2024-cü il) Agentlik tərəfindən gecikdirilmiş əmək haqqının azı bir faizi məbləğində ödəncin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən tutularaq İddiaçı ödənilməsi ilə bağlı, eləcə də təmin edilməyən digər hissələrlə bağlı faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmadığından, eləcə də cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia həmin hissələrdə haqlı sayılmırdı.

40. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tam, hərtərəfli və qərəzsiz olaraq araşdırma aparılmasına şərait yaradılımış və təqdim edilmiş sübutlar araşdırılmaqla gecikdirilmiş əmək haqqının azı bir faizi məbləğində ödəncin tutulması hissəsi istisna olmaqla, qalan hissələrdə düzgün nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə tərəfindən digər hissələrdə iddianın mahiyyətinə uyğun aparılmış hüquqi dəyərləndirmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla dəqiq olmuş və hansısa maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. İddiaçının apellyasiya şikayətinin dəlilləri təsdiq olunmadığından, üstəlik iddianın təmin olunmayan hissəsində qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən qətnamə həmin hissələrdə ləğv edilə bilməz. Ancaq cavabdehin mübahisələndirdiyi gecikdirilmiş əmək haqqının azı bir faizi məbləğində ödəncin tutulması hissəsində işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından düzgün nəticəyə gəlmədiyini müəyyən edilir. Çünki hüququn tətbiq edilməsində səhv buraxaraq tətbiq etdiyi maddi hüquq normasını səhv təfsir etmiş, həmçinin qətnamədə göstərdiyi dəlilləri işin hallarına uyğun olmamış, yəni müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Bu hallar da məhkəmə qətnaməsinin qeyd olunan hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsas sayılır. Buna baxmayaraq, iddia tələbinin və apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar əlavə hüquqi dəyərləndirmə aparılmasını da məhkəmə tərkibi zəruri hesab edir.

41. Əvvəla, Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinin tələblərinə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Göründüyü kimi, hazırki işdə müqavilənin müddətli bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində nəzərdə tutulan hallar müəyyən edilməmişdir. Eyni zamanda, yuxarıda qeyd olunduğu kimi iddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində, eləcə də 2020-ci ildən Xidmətin hüquqi varisi kimi əvəz edilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Cavabdeh publik hüquqi şəxsdə fasiləsiz olaraq ümumilikdə 6 il müddətdə eyni xarakterli müxtəlif vəzifələrdə işləməsi işin mübahisəsiz halıdır. Bu cür vəziyyətdə xarakterinə görə müddətsiz bağlanması tələb edilən işlərə görə müddətli əmək müqaviləsi bağlanmamalı idi.

42. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 47-ci maddəsində əmək müqaviləsinin müəyyən müddətə bağlanıla bilməsi ilə bağlı bir sıra hallar göstərilib, lakin həmin hallar hüquqi nəticə etibarı ilə işəgötürəni və işçini müddətli əmək müqaviləsi bağlamağa məcbur etmir, əksinə onlara belə bir imkan verir ki, sözügedən maddədə göstərilən hallar olduqda əmək müqaviləsi müəyyən müddətə də bağlanıla bilər.

43. Hətta bu hal Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2024-cü il tarixli Qərarında da bir daha bir daha vurğulanmışdır. Belə ki, həmin Qərarda qeyd edilir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar olmadığı təqdirdə tərəflərin hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsini bağlamaq imkanını ehtiva edir və bu halda Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğun hesab edilir.

44. Həmin Qərarın təsviri-əsaslandırıcı hissəsində isə qeyd edilir ki,...Konstitusiya Məhkəməsinin Plenumu bir daha nəzərə çatdırmağı vacib hesab edir ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, işçi işəgötürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun olaraq sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti ilə məşğul olduğundan, onlar faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Yəni işçi və işəgötürən arasında onların münasibətlərinin xarakterindən irəli gələn faktiki bir bərabərsizlik mövcud olur. Odur ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin əsas şərti tərəflərin hüquq bərabərliyi və sərbəst iradə ifadələri əsasında belə müqavilənin bağlanmasıdır. Burada əmək münasibətlərinin daha güclü tərəfi olaraq işəgötürənin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndindən sui-istifadə hallarının qarşısının alınmasının, tərəflərin hüquq bərabərliyinin təmin edilməsinin əsas vasitəsi kimi məhkəmə müdafiəsi mexanizmi çıxış edir. Belə ki, Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən, işçinin əsas hüquqlarından biri əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaqdır. Habelə həmin Məcəllənin 14-cü maddəsinə görə, qanunverici, icra hakimiyyəti orqanları, eləcə də məhkəmələr əmək münasibətləri subyektləri tərəfindən qanunvericiliyin tələblərinə hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını, pozulmuş hüquqların bərpasını təmin etməlidirlər. İşçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi və qanuni mənafelərinin qorunması məqsədilə Konstitusiya Məhkəməsinin Plenumu məhkəmələrin diqqətini ona cəlb etməyi vacib hesab edir ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıbbağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar.

45. Müddətli əmək müqaviləsinin bağlanması üçün əsas şərt - işin və ya göstərilən xidmətin daimi xarakterə malik olmasıdır. Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilən halların əksəriyyəti əmək funksiyasının xüsusiyyətləri, onun icrasının şərtləri, müddəti və xarakteri ilə bilavasitə bağlıdır. Bir daha qeyd olunur ki, iddiaçı 2018-ci ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində, 2020-ci ildən Xidmətin hüquqi varisi olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Cavabdeh publik hüquqi şəxsdə fasiləsiz olaraq ümumilikdə 6 il müddətdə eyni xarakterli işləri yerinə yetirərək müxtəlif vəzifələrdə işləməsinə və onun əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə gördüyü işin müvəqqəti, mövsümü deyil, daimi xarakterə malik olmaqla qabaqcadan işəgötürənə bəlli olmasına və bir sözlə iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində sadalanan hər hansı halların müəyyən edilməməsinə baxmayaraq işəgötürən iddiaçının məhkəmə qərarına əsasən işə bərpa olunmasından sonra da qanunsuz olaraq əmək müqaviləsinin müddətli olduğu qənaətinə gələrək iddiaçı ilə əmək müqaviləsini ləğv etməklə Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsinin imperativ tələbini pozmuşdur. Çünki qeyd olunan maddənin tələbinə görə müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir

46. Bir sözlə, hazırki işdə müqavilənin müddətli bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində nəzərdə tutulan hallar müəyyən edilməmişdir. Eyni zamanda, yuxarıda qeyd olunduğu kimi iddiaçı 6 illik əmək fəaliyyətində eyni nazirliyin tabeliyində və yanında olan qurumlarda eyni xarakterli işlər üzrə müxtəlif vəzifələrdə işləmişdir. Bu cür vəziyyətdə, yəni iddiaçının təcrübəsi və gördüyü işin daimi xarakterə malik olduğu onunla əmək müqaviləsini müddətli bağlamağı istisna edir. Ona görə də xarakterinə görə müddətsiz bağlanması tələb edilən işlərə görə müddətli əmək müqaviləsi bağlanmamalıdır. İddiaçının məhkəmə qərarı ilə işə bərpa edildikdən sonra cavabdehin səlahiyyətli şəxsləri tərəfindən yenidən sınaq müddəti ilə müddətli əmək müqaviləsi bağlamağa məcbur edildiyini bəyan etməsinə baxmayaraq cavabdeh tərəf bu halları hər hansı bir formada ciddi arqumentlərlə təkzib etmir. Demək ki, bu hallar iddiaçının qərəzli olaraq yenidən əmək müqaviləsinə xitam verildiyi barədə gətirdiyi dəlilləri də açıq-aşkar təsdiq etmiş olur.

47. Əmək müqaviləsinin müddətli bağlanması və ləğv edilməsi əsassız və əmək qanunvericiliyinin tələblərinə zidd olduğundan iddiaçının işdən çıxarıldığı tarixdən işə bərpa olunduğu günədək məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsinin təmin edilməsi Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinin imperativ tələbinə uyğun olmuşdur. Əslində iddiaçının məqsədi həm də buna nail olmaq olmuşdur. 48.Göstərilənlərlə yanaşı, birinci instansiya məhkəməsinin iddianın təmin edilməyən hissədə gəldiyi qənaət düzgün olmuşdur. Əvvəla, iddiaçının məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə bərpa edilməsi təmin edilmişdir. Əmək qanunvericiliyində məzuniyyət hüququnun həyata keçirilməsi və məzuniyyət vaxtı üçün əmək haqqının ödənilməsi qaydası müəyyən edilmişdir. Demək ki, iddiaçı işə bərpa edildiyindən istifadə etmədiyi məzuniyyət hüququndan istifadə edəcəkdir. Buna görə də, hazırkı vəziyyətdə ona istifadə etmədiyi, lakin işə bərpa edildiyi üçün istifadə etmək imkanını da itirmədiyi əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməməlidir.

49. Bundan əlavə, iddia tələbinin “Agentlik tərəfindən 488 gün müddətində gecikdirilmiş 14943,51 manat əmək haqqının azı bir faizi məbləğində ödəncin ödənilməsi barədə öhdəliyin cavabdehin üzərinə qoyulması” hissəsi əsassız olduğundan, onun qismən təmin edilməsi də əsaslı olmamışdır. Əvvəla qeyd olunan, yəni xx.xx.2023-cü il tarixdən 2024-cü ilin iyul ayına kimi olan dövr iddiaçının məcburi işburaxma dövrü olub və yuxarıda qeyd olunan digər işdə məhkəmə aktlarına əsasən işə bərpa edildiyindən ona məhkəmə qətnaməsinin icra olunduğu günədək məcburi işburaxma müddəti üçün əmək haqqı, yəni 14943,51 manat ödənilmişdir. İddiaçının məhkəmə qətnaməsinə əsasən tutulan həmin məbləğin gecikdirilməsinə görə ən azı bir faiz ödənc tələb etməsi, məhkəmənin isə bu hissənin qismən, yəni kassasiya instansiyası məhkəməsinin qərarının çıxarıldığı tarixdən qətnamənin icra olunduğu vaxtadək olan dövr üzrə təmin etməsi əsassız olmaqla yanaşı Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin və Qeyd hissəsinin dispozisiya şərtlərinə uyğun olmamışdır. Çünki əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar işçiyə son haqq-hesab ödənilir və işəgötürənin əmək haqqı ödənilməsi ilə bağlı işçi qarşısında hər hansı bir öhdəliyi də qalmır. Azı bir faiz məbləğində ödənc isə işəgötürənin təqsiri üzündən verilməsi gecikdirilən əmək haqqına hesablanır. Məcburi işburaxma müddəti üçün ödənilməli olan əmək haqqı öhdəliyi isə işçinin vəzifəsinə bərpa edilməsi ilə əlaqədar yaranır.

50. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 11 aprel 2023-cü il tarixli qərarında göstərildi ki, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Qeyd olunan qərarda həmçinin göstərilib ki,... Göstərilən normada əlavə ödəncin verilməsi müəyyən edilməklə, işçinin Əmək Məcəlləsinin 9-cu maddəsinin “d” bəndində və 54-cü maddəsində təsbit edilən əmək haqqı hüququnun müdafiəsinə əlavə təminat verilmişdir. Göstərilən qayda işəgötürənin əmək haqqının vaxtında verilməsi məsələsində intizamlı olmağa məcbur etdiyi kimi, həm də işçinin pozulmuş hüququnun əvəzində kompensasiya mahiyyəti daşıyır.

51. Əmək Məcəlləsinin 172-ci maddəsinin Qeyd hissəsinin 2-ci cümləsində əmək haqqının gecikdirilməsinin işəgötürənin təqsiri olmadan baş verdiyinin hansı hallar olduğu sadalanmışdır. Məhz həmin halların baş verməsi nəticəsində, işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmaya bilər. Lakin bu halların baş verməsi sübutetmə tələb edir. Başqa sözlə, işəgötürən əmək haqqının gecikdirilməsinin onun təqsiri olmadan baş verdiyini sübut etməlidir. Çünki göstərilən halların həqiqətən baş verdiyini sübut etmək yükü onun üzərinə düşür. Konkret olaraq həmin hallara, yəni müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmamasına, bankın müflisləşməsinə, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsinə dair sübut təqdim edilməlidir. Məhz bu halların həqiqətən baş verməsi nəticəsində işçinin əmək haqqını vaxtında verməyə özündən asılı olmayan səbəblərə görə imkanı olub-olmaması barədə hüquqi dəyərləndirmə aparıla bilər. Ancaq qeyd olunduğu kimi iddiaçıya məcburi işburaxma dövrü üçün məhkəmə qətnaməsinə əsasən əmək haqqı ödənildiyindən, əlavə olaraq hər gecikdirilmiş gün üçün azı bir faiz məbləğində ödənc tələb edilə bilməzdi.

52. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməməli, Cavabdehn apellyasiya şikayəti isə qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-569/2025 saylı, 30 iyul 2025-ci il tarixli qətnaməsi qismən, yəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 11 aprel 2023-cü il Plenum qərarına əsasən yekun məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən (xx.xx.2024-cü il) iddiaçının işə bərpa olunan dövrünə qədər (xx.xx.2024-cü il) Agentlik tərəfindən gecikdirilmiş əmək haqqının azı bir faizi məbləğində ödəncin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia rədd edilməli; qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

53. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

qətetdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin, Cavabdehn apellyasiya şikayəti isə qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-569/2025 saylı, 30 iyul 2025-ci il tarixli qətnaməsi qismən, yəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 11 aprel 2023-cü il Plenum qərarına əsasən yekun məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən (xx.xx.2024-cü il) iddiaçının işə bərpa olunan dövrünə qədər (xx.xx.2024-cü il) Agentlik tərəfindən gecikdirilmiş əmək haqqının azı bir faizi məbləğində ödəncin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilsin və həmin hissədə iddia təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar