Məhkəmə qərarları › İş №2(103)-5587/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5587/2024

11.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5587/2024 11.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı1 və Cavabdeh MMC-nin ("xxxx" Şirkətinin) nümayəndəsi Faris Şahbazovun iştirakı ilə, İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə ("xxxx" Şirkətinə) qarşı “zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 2(006)-2376/2024 nömrəli qətnaməsindən İddiaçı1 apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.İddiaçılar Bakı şəhərindən xx.xx.2020-ci ildə Kiyev şəhərinə getmək üçün cavabdehin vasitəsilə “X3 Yolları” Aviaşirkətindən 2 ədəd elektron təyarə bileti alıblar (iş v. 29, 30). Hər biletə görə 383,26 manat, cəmi 766,52 manat ödənilib (iş v. 3, 4). Lakin gediş baş tutmayıb, bunun səbəbi pandemiya olub, daha sonra isə Ukraynanın ərazisində hərbi əməliyyatlar başlayıb. 2.İddiaçıların ödədiyi pul geri qaytarılmayıb. Birinci instansiya məhkəməsində icraat 3.İddia ərizəsində tələb olunub ki, biletlərə görə ödənilmiş 766,52 manat, deliktə görə zərər kimi 10.000 manat cavabdehdən tutularaq iddiaçıya verilsin. 4.Qətnamə ilə qət olunub ki, iddia təmin olunmasın. Apellyasiya instansiyası məhkəməsində icraat 5.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. 6.Məhkəmə iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinin əsaslı olduğunu, Cavabdeh MMC-nin ("xxxx" Şirkətinin) nümayəndəsi (direktoru) Faris Şahbazov apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Digər İddiaçı2 məhkəmə iclasında iştirak etməmişdir. 7.Qətnamədən iddiaçılardan biri – İddiaçı1 apellyasiya şikayəti verdiyinə görə qətnamənin yalnız ona aid hissəsi apellyasiya qaydasında yoxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 8.Gediş biletinə görə ödənilmiş pulu sərnişinə geri qaytarmaq daşıyıcının vəzifəsidir. Belə ki, sərnişin daşınması müqaviləsinin tərəfləri sərnişin və daşıyıcıdır (AR Mülki Məcəlləsi, maddə 842.1). Sərnişin daşınması müqaviləsi sərnişinin daşıyıcıdan sərnişin daşınması üçün nəqliyyat sənədi (gediş bileti) aldığı andan bağlanmış sayılır (AR Mülki Məcəlləsi, maddə 842.2). İddiaçılar (sərnişinlər) bileti “X2 Yolları” Aviaşirkətindən (daşıyıcıdan) alıblar. Bu, elektron biletlərin məzmunu ilə təsdiq olunur (iş v. 29, 30). Həmin biletlərdə daşıyıcı kimi UİA (X1) göstərilb. Cavabdeh daşıyıcı deyil, o, biletin satılmasında vasitəçi kimi iştirak edib. Cavabdehin nümayəndəsi izahatında bildirib ki, cavabdeh komisyonçudur. 9.Sərnişin daşınması müqaviləsini cavabdeh deyil, daşıyıcı - “X2 Yolları” Aviaşirkəti ləğv edib. Belə ki, qarşısı alınmamaz qüvvə (pandemiya, hərbi əməliyyatlar və s.) ilə bağlı daşıma xeyli çətinləşərsə, təhlükəyə məruz qalarsa və ya pisləşərsə, daşıyıcı müqaviləni ləğv edə bilər (AR Mülki Məcəlləsi, maddə 847.1). Daşyıcı məktubunda bildirib ki, ödənişlərlə bağlı geri qaytarılma əməliyyatları Ukraynada müharibə bitdikdən sonra növbə ilə BSP vasitəsilə həyata keçiriləcək (iş v. 50). 10.Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir (AR Mülki Məcəlləsi maddə 424.2). Odur ki, iddiaçılar biletə görə ödənilmiş pulun geri qaytarılmasını daşıyıcıdan – “X2 Yolları” Aviaşirkətindən tələb edə və həmin şirkətə qarşı məhkəmədə iddia qaldıra bilərlər. 11.Beləliklə, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlib, qətnamənin mübahisələndirilən hissədə - İddiaçı1 aid hissədə ləğv edilməsi üçün əsas yoxdur. 12.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)- 2376/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar