Məhkəmə qərarları › İş №2(103)-559/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-559/2021

14.04.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-559/2021 14.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, vəkillər Vəkil və X3 iştirakları ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(003)-1011/20 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin yetkinlik yaşına çatmayan övladları X6 və X4 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, məhəllə 2148, ev 5, mənzil 60-dan çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Xəzri, iş № 2(003)-1011/20) iddia təmin edilmiş və bu qətnamənin Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən cavabdehin mənzillə təmin edilməsi üçün əsas olduğu qeyd edilmişdir. Cavabdeh Y.Bədəlov apellyasiya şikayəti verərək Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, məhəllə 2148, ev 5, mənzil 60 1988-ci ildə onun istifadəsinə verilmişdir. Cavabdehlər Qubadlı rayonundan məcburi köçkünlərdir və məlum hadisələrdən sonra 1993-cü ildən ona məxsus mənzili zəbt etmişlər. Həmin ildə cavabdehin qardaşı X5 da mənzilində məcburi köçkün kimi məskunlaşmışdır, lakin Yusifov Tahir hazırda mənzilindən çıxmışdır. Onun özünün başqa yaşayış sahəsi yoxdur, kirayədə qalır. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə X1 1.4. bəndinə görə başqa vətəndaşlara məxsus olan mənzillər və evlərin boşaldılması, orada müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün 2012-2014 illərdə Bakı və Sumqayıt şəhərlərində başqa vətəndaşlara məxsus olan mənzillərdə və evlərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinə çoxmərtəbəli yaşayış binaların tikilməsi nəzərdə tutulmuşdur. X7 əsasən hazırda məcburi köçkünlər üçün yeni binalar, evlər tikilir. Lakin cavabdehlər ona məxsus mənzildə yaşamaqda davam edirlər. Bununla da bir mülkiyyətçi kimi hüquqları pozulur. Könüllü mənzildən çıxmadığına görə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən, cavabdehin yetkinlik yaşına çatmayan övladları X6 və X4 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, məhəllə 2148, ev 5, mənzil 60-dan çıxarılması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən işin tam, hərtərəfli və obyektiv araşdırılmasının təmin olunmaması və nəticədə maddi və prosessual hüquq normalarının tələblərinin pozulmuş olması ilə əsaslandırılmışdır. Apelyasiya şikayətində həmçinin göstərilir ki, cavabdeh Qubadlı rayonundan məcburi köçkündür. O, 1992-ci ildən mübahisəli mənzildə məskunlaşmışdır. İddiaçı tərəf heç vaxt orada yaşamamışdır. Əgər o, həmin evdə yaşamış olsaydı, onu həmin evdə rəsmi qaydada məskunlaşdırmazdılar. Onun mübahisəli mənzildə məskunlaşması tam qanuni qaydada olmuşdur. Bu barədə ona məcburi köçkün olması barədə vəsiqədə müvafiq qeydiyyat aparılmışdır. Mübahisəli mənzil üzərində mülkiyyət hüququ qanunsuz olaraq iddiaçı tərəfindən əldə edilmişdir. Mənzilin əsl sahibi uzun müddət əvvəl, təxminən 30 ildən çox əvvəl vəfat etmişdir. Buna görə də iddiaçının qanuni qaydada mənzilin mülkiyyətini əldə etməsi mümkün deyil. Məhkəmə onu da dəvət etməli, onun etiraz və şikayətlərini dinləməli və araşdırmalı idi. O, məcburi köçkün olduğuna görə onun başqa yerdə yaşamağa imkanı və yeri yoxdur. Onun öhdəsində 3 azyaşlı övladı var. Məhkəmə işə o qədər laqeyd baxıb ki, heç onun öhdəsində neçə uşağın olmasını da düzgün araşdırmayıb. Məhkəmə qətnaməsində isə qərəzli olaraq qeyd edilmişdir ki, guya onun 2 uşağı var. Ona və ailəsinə yaşayış yeri təmin edilmədən onu mənzildən çıxarmaq qanunsuzdur. Cavabdehin nümayəndəsi və vəkili Z.Musayev məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Xəzər Rayon Məhkəməsinin iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi iddiaçının tələbi cavabdehin yetkinlik yaşına çatmayan övladları ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, məhəllə 2148, ev 5, mənzil 60-dan çıxarılması barədədir. İddiaçı tələbini mübahisəli mənzilin 1988-ci ildən onun qanuni istifadəsində olması və cavabdehin həmin mənzili məcburi köçkün kimi 1993-cü ildə zəbt etməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutlara əsasən müəyyən etmişdir ki, mübahisəli mənzildə yalnız İddiaçı qeydiyyatdadır, ondan başqa qeydiyyatda olan şəxs yoxdur. Cavabdeh və onun ailə üzvləri mübahisəli mənzildə 1993-cü ildən məcburi köçkün kimi məskunlaşmışlar və dövlət tərəfindən hələ ki, yaşayış sahəsi ilə təmin olunmamışlar. Məhkəmə həmçinin müəyyən etmişdir ki, Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli 291 saylı Sərəncamına əsasən İddiaçı adına kirayə müqaviləsinin bağlanması 131 saylı Mənzil-Kommunal İstismar Sahəsinə həvalə edilmiş və xx xxxxxx 2019-cu il tarixdə müqavilə bağlanmaqla mənzil onun müddətsiz istifadəsinə verilmişdir. Məhkəmə habelə təqdim olunmuş arayış və qəbzlərə əsasən Cavabdeh adına başqa ünvanlarda - ünvan 1 Binə qəsəbəsi, Təzə sahə ev 5, mənzil 53 və ünvan 2 ünvanlarına dair kommunal xidmətlər üzrə abonent kodunun (saldosunun) olduğunu müəyyən etmişdir (i.v.51-56). Birinci instansiya məhkəməsi yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Konstitusiyasının 33, 43, 60-cı və Mülki Məcəllənin 158-ci maddəsini rəhbər tutaraq iddianı təmin etmişdir. Məhkəmənin qənaətinə görə mübahisəli mənzilə hər hansı hüququ mövcud olmayan cavabdehlərin bu mənzildə yaşamaları iddiaçının mənzilə olan istifadə hüquqlarını məhdudlaşdıran hal olduğundan iddia tələbi əsaslıdır və buna görə də təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 33-cü maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Konstitusiyanın 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.2. əmlakdan istifadə hüququ. Həmin Məcəllənin 158.4.-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Cavabdeh birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və şikayətində işin hərtərəfli araşdırılmadığını, iddiaçının mübahisəli mənzili qanunsuz əldə etməsinin nəzərə alınmadığını göstərmişdir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyası işin tam, hərtərəfli və obyektiv araşdırılmasının təmin olunması baxımından Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə, Xəzər rayon İcra Hakimiyyətinə, Xəzər rayon Polis İdarəsinə müvafiq sorğular göndərilmiş və alınmış cavablara əsasən bir daha müəyyən edilmişdir ki, İddiaçı mübahisəli mənzilə xx.xx.1989-cu ildə köçmüş və xx.xx.1989-cu ildə həmin ünvana pasport qeydiyyatına alınmışdır. Cavabdeh mübahisəli mənzildə 1993-cü ildən məcburi köçkün kimi məskunlaşmışdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən həmçinin nəzərə alır ki, Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən Məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir (Nazirlər Kabineti, Qaçqınların və X2 üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyətləri orqanları öz səlahiyyətləri daxilində). Məskunlaşdırma məqsədi ilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Qanunun mənasından aydın müəyyən olunur ki, məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına digər şəxslərin hüquqlarının və qanuni maraqlarının pozulmadığı halda yol verilir. Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsi istinad edilən işində bir daha xatırlatmışdır ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. Məhkəmə kollegiyası işin tam, hərtərəfli və obyektiv araşdırılmaması, maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə bağlı dəlilləri də əsassız sayır və qeyd edir ki, işin halları məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmış və işin müəyyən edilən hallarına uyğun gələn maddi hüquq normaları tətbiq olunmaqla mübahisəli hüquq münasibətinə düzgün hüquqi qiymət verilmişdir. Ona görə də qətnamə dəyişdirilmədən, apelyasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar