Məhkəmə qərarları › İş №2(103)-559/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-559/2025

30.01.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-559/2025 30.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X11 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X8 iştirakı ilə, Cavabdeh1, Cavabdeh2 İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2354/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən verilən ÖM 197290 seriya №-li qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X21 küçəsi, ev 11 ünvanda yerləşən 18 saylı mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi qeydə alınmışdır və bu barədə 1337 reyestr kitabında 200724 səhifə 30/200724 № ilə xx.xx.2004-cü il tarixdə qeydiyyat aparılmışdır.

2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan müəyyən olunur ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, X21 küçəsi, ev 11, mənzil 18 ünvanında 26 iyun 2003-cü il tarixdən qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər: X9, X10, Cavabdeh2, Cavabdeh1 Nurəddin oğludur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və yetkinlik yaşına çatmayan övladları xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2012-ci il təvəllüdlü X6 ünvan 2 ünvanında yerləşən mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən mənzil iddiaçının adına xx.xx.2004-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə ona ÖM seriyalı 197290 saylı qeydiyyat vəsiqəsi verilmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh1n iddiaçının övladları, xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2012ci il təvəllüdlü X10 isə onun nəvələridir. Övladları 2004-cü ildə iddiaçının xüsusi mülkiyyətində olan mənzildə yaşasalar da, artıq 10 ilə yaxın müddətdir ona məxsus mənzildə yaşamırlar. X1 özünə məxsus Abşeron rayonu, Ceyranbatan qəsəbəsində fərdi yaşayış evi vardır. Digər oğlu Cavabdeh2 isə mülkiyyətində özünə məxsus torpaq sahəsi olsa da, həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etdirməmiş, lakin 2017-ci ildən halhazırkı vaxtadək ailəsi ilə birlikdə Sumqayıt şəhərində yaşayır. İddiaçı bildirir ki, övladları iddiaçı ilə birlikdə yaşadığı evi tərk edərək, özlərinə məxsus evdə yaşamağa başladığı vaxtdan, onunla maraqlanmır, onun maddi və digər tələbatlarının ödənilməsində hər hansı formada iştirak etmirlər. Cavabdeh2 2017-ci ildə yaşadığı evdə onu döyərək, xəsarət yetirdiyindən bu barədə Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinə müraciəti olmuş və təhqiqat şöbəsində müvafiq araşdırma aparıldıqdan sonra, 2017-ci ildə özü könüllü olaraq ailəsi ilə birlikdə iddiaçıya məxsus mənzili tərk edərək getmiş və həmin vaxtdan Sumqayıt şəhərində həyat yoldaşına məxsus mənzildə yaşayır. Cavabdeh2, Cavabdeh1 iddiaçının övladları, xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2012-ci il təvəllüdlü X10 özləri könüllü olaraq iddiaçıya məxsus mənzili tərk edərək getdiklərindən, özlərinə məxsus daimi yaşayış yeri olan fərdi yaşayış evi olduğundan, qeyd olunan mənzilə dair istifadə hüquqları itirilmiş hesab edilməlidir. Hal-hazırda həmin evdə yaşamadıqlarından, məhkəmə qaydasında evdən istifadə hüquqlarına xitam verilməsi zəruridir. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 yaşamaq üçün özlərinə məxsus xüsusi mülkiyyətində olan mənzili olduğundan, həmin yaşayış sahəsinə ehtiyac aradan qalxdığından, kompensasiya ödənilmədən istifadə hüququna xitam verilməlidir.

5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2354/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh1, xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X6 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi ev 11 ünvanında yerləşən 18 saylı mənzildən istifadə hüququna xitam verilməsi qət edilmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsinin mümkünlüyü məsələsinə qiymət verilməzdən əvvəl, onun həmin yaşayış sahəsinə münasibətdə istifadə hüquqlarının yaranıb-yaranmaması, yarandığı təqdirdə isə bu hüquqa xitam verilməli olubolmaması məsələsi araşdırılmalıdır. Belə ki, hüquq mövcud olmadığı halda ona xitam verilməsindən söhbət gedə bilməz. Göründüyü kimi, tərəflər arasında mənzildən istifadə edilməsi ilə bağlı münasibətlər xx.xx.2009-cu il tarixədək yaranmışdır. Məhkəmə tərəflər arasında mənzildən istifadə hüququ ilə bağlı münasibətlərin yaranması tarixini əsas götürüb, belə qənaətə gəlir ki, hazırki mübahisəyə xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Cavabdeh1 yaşayış evini daimi əsaslarla tərk etmiş və bununla da həmin evə olan istifadə hüquqlarını itirmişdir. Hazırki vəziyyətdə Cavabdeh1 evə pasport qeydiyyatında olması hüquqi nəticə etibarı ilə formal xarakter daşıyır və iddiaçının bu mənzil üzərində olan mülkiyyət hüquqlarının həyata keçirməsini əsassız məhdudlaşdırır. Məhkəmə onu da vurğulayır ki, Cavabdeh1 ilə yanaşı onun yaşına çatmayan övladları X9 və X10 da mübahisəli evdə pasport qeydiyyatındadır. İddianın təmin edilməsi hüquqi nəticə etibarı ilə onların da bu mənzildən istifadə hüququna xitam verilməsi ilə nəticələnəcəkdir. İş üzrə digər Cavabdeh2 münasibətdə məhkəmə qeyd edir ki, onun istifadə hüququna xitam verilə bilməz. Qeyd olunmalıdır ki, Cavabdeh2 ailə üzvü olaraq evdən istifadə hüququnun yaranmış olduğu mübahisəli deyildir. İddiaçı onun sözügedən evdə yaşamadığını irəli sürərək evdən istifadə hüququnun itirilməsini xahiş etmişdir. Lakin mülki iş materialları və tərəflərin məhkəmə iclasında verdiyi izahatlar əsasında müəyyən edilir ki, iş üzrə Cavabdeh2 daimi yaşayış yeri yoxdur, buna dair iddiaçı tərəf məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Eyni zamanda iddiaçı özü də iddia ərizəsinin əsaslandırma hissəsində Cavabdeh2 aralarında olan mübahisədən sonra evi tərk etdiyini və hazırda cavabdehin arvadına məxsus Sumqayıt şəhərində yerləşən mənzildə yaşamağa başladığını bildirmişdir. Bundan başqa, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin sorğuya cavab məktubuna əsasən Cavabdeh2 adına Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ünvanında yerləşən 0.06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi qeydiyyata alındığı müəyyən olunsa da, iddiaçı özü də iddianın dəlillərində həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmədiyini qeyd etmişdir. Bu baxımdan, iddianın təmin edilməsinin mümkünlüyü yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacının aradan qalxmasının müəyyən edilməsindən asılıdır. Yaşayış sahəsinə əldə edilmiş istifadə hüququnun itirilməsini şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsi ilə şərtləndirir; cavabdehin (Cavabdeh2) isə daimi yaşamaq üçün yaşayış yerinə malik olması sübut olunmur, beləliklə də evə dair hüquqlarının itirilməsinə münasibətdə keçmiş Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsasların mövcud olduğu qənaətinə gəlməyə əsas vermir. Bu baxımdan iddia tələbi Cavabdeh2 münasibətdə rədd olunmalıdır.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İ və İİ hissələri, Mülki Məcəllənin 152.1, 152.2, 152.5, 158.1.2, 157.8, 228.5, 262.2, maddələri, xx.xx.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 51, 54, 60, 87-ci maddələri, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli Qərarı , Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli Qərarı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarı, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1, 2, 9.5-ci maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən cavabdeh İddiaçı apellyasiya şikayəti verərək , Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2354/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsinin iddianın təmin edilməmiş hissəsində ləğv edilərək, iddianın tam təmin olunmaqla, Cavabdeh2 ünvan 2 ünvanında yerləşən mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayətində göstərilmişdir ki, Cavabdeh2 2018-ci ildə özü könüllü olaraq iddiaçıya məxsus mənzili tərk edərək getmiş və həmin vaxtdan da iddiaçıya yaşayış sahəsinə malik olmaması ilə bağlı müraciət etməmiş, mənzilə köçüb orada yaşamaq istəməsi barədə müraciət etməmişdir. 2018-ci ildən Cavabdeh2 özünə məxsus daimi yaşayış yeri vardır. Cavabdehlər Cavabdeh2 artıq uzun müddətdir, 6 ildən artıq müddətdir ki, daimi yaşamaq üçün yaşayış yeri olduğundan, həmin yaşayış sahəsinə ehtiyac aradan qalxdığından, kompensasiya ödənilmədən istifadə hüququna xitam verilməlidir. Eyni zamanda, Cavabdeh2 xüsusi mülkiyyətində olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ünvanında yerləşən 0.06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsini də məhz İddiaçı almış və torpağın tamamilə dəyəri iddiaçı tərəfindən ödənilmişdir. Cavabdeh2 həmin torpaq sahəsini hal-hazırda 65000 manata alqı-satqıya çıxarmışdır. Cavabdeh2 2017-ci ildən hal-hazırkı vaxtadək özünə yaşayış sahəsi ilə təmin etmiş, öz adına mülkiyyət hüququ ilə qeydiyyata alınmasa da, 7 ildən artıq müddətdir, iddiaçıya məxsus mənzildə yaşamaması ilə istifadə hüququnu itirmişdir. Cavabdeh2 yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacının aradan qalxmasının müəyyən edilməsinə baxmayaraq, məhkəmə iddianın təmin edilməməsi qənaətinə gəlmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

11. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X14 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında bildirmişdir ki, qarşı tərəf kirayədə yaşamasını sübut etməlidir. Rayon məhkəməsində məhkəmə iclası bu səbəbə görə təxir edilsə də cavabdeh sübutlarını təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsinin səbəbi iddiaçının könüllü şəkildə evdən getməməsi deyildi. İddiaçı evdən getdikdən sonra cavabdehlərin hər birinə Abşeron rayonu, Ceyranbatan qəsəbəsindən torpaq sahəsi alıb. Cavabdehlərdən biri həmin torpaq sahəsində özünə fərdi yaşayış evi tikərək orada yaşayır. Digər cavabdeh Sumqayıt şəhərində yoldaşı ilə birlikdə yaşayır. Həmin torpaq sahəsində ev tikməyib. Bununla bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən sənəd təqdim etmişlər. Torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən ödənilməsi ilə bağlı onlar hər hansı sübut təqdim edə bilməmişlər. İddiaçı sözügedən torpaq sahəsinə görə alğı-satqı etmək üçün 65.000 manat məbləğ qoyub. Hesab etmişdir ki, iddiaçının mülkiyyətində olan yaşayış sahəsinə cavabdehin ehtiyacı olmadığından qeyd olunan mənzildən istifadə hüququnu itirmiş hesab edilməsini xahiş etmişdir. Qarşı tərəf kirayədə yaşamasını sübut etməlidir. Rayon məhkəməsində məhkəmə iclası bu səbəbə görə təxir edilsə də cavabdeh sübutlarını təqdim etməmişdir. Digər Cavabdeh1 münasibətdə də Bakı şəhəri, Nərimanov Rayonu, X21 küçəsi ev 11, mənzil 18 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməsini xahiş edir. Cavabdeh torpaq sahəsini satmaq istədiyini deyib. Ceyranbatan qəsəbəsində yaşamaq istəmədiyinə görə Sumqayıt şəhərində yaşayır. Lakin bununla bağlı da hər hansı sənədi məhkəməyə təqdim etməyib. İddiaçı ilə cavabdehin heç bir əlaqələri yoxdur.

12. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, bildirmişdir ki, ailə qurana kimi qarşı tərəflə problemləri olmayıb.Qardaşı ilə balaca olan vaxtı atası və anası ayrıldılar.Atası evdən çıxdı və dedi ki, ev uşaqlarına verilsin. Atası Qaz İdarəsində işləyib. Mütəmadi atası ilə danışsalar da atasız böyümüşlər. Anasının bacıları və qardaşları onlara həmişə təzyiq göstəriblər. Onlar həmişə onları işlədiblər. Dayısının yanında işləyib, dayısı da ona çox az maaş verib. Anasının qohumları atasız böyüməklərindən istifadə ediblər. Dayısı öz qızını onunla evləndirmək istəyəndə o, razı olmayıb. Başqa şəxslə ailə qurdu. Bundan sonra ona qarşı daha qərəzli oldular. İşə gedəndə anası yoldaşını evdən çıxarmağa çalışırdı. Anası ona deyirmiş ki, oğlu evlənəcək. Xalasının məndə səs yazıları var ki, təzyiq göstərdiyini sübut edə bilər. Xalasıgil anasına təzyiq ediblər. Anası polis bölməsinə gedib onu şikayət etdi. Polis əməkdaşları başa düşdülər ki, günahı yoxdur. Xalası və dayısı polis bölməsinə gəlib dedilər ki, onu həbsə salacaqlar. Hazırda kirayə ödəyir, 2 uşaq saxlayır.Sürücü işləyir. Anasının məqsədi evi atasından sonra ələ keçirməkdir. Anası deyirdi ki, qayınanasının evində gedib yaşasın.Torpaq sahəsi olsa da, tikə bilməyib. Qazancı az olub. Hazırda kirayədə yaşayır.

13. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 Nurəddin oğlu apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, əlavəsinin olmadığını bildirmişdir.

Tətbiq edilən hüquq normaları:

14. Azərbaycan Respublikası Konstitutsiyası Maddə İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

15. 01 oktyabr 2009-cu il tarixinədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsi. Maddə 51. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla — mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər.Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar.İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Maddə 54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Maddə 60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Maddə 87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

20. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, iddianın təmin edilməyən hissəsində ləğv edilərək, iddianın tam təmin olunmasını xahiş etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin təmin edilməyən hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

22. İşin halları ilə müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının övladlarıdır.

23. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 mənzildən istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. Birinci instansiya məhkəməsinin qətnaməsinə əsasən iddia tələbi qismən, Cavabdeh1 münasibətdə təmin edilmişdir.

25. Qətnamə iddia tələbinin təmin edilməyən hissəsində, yəni Cavabdeh2 münasibətdə iddiaçı tərəfindən mübahisələndirilmişdir.

26. İşə apellyasiya instansiya məhkəməsində baxılması zamanı məhkəmənin 05 dekabr 2024-cü il tarixli sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvanlanmış 10 yanvar 2025-ci il tarixli, 3-21-3-30/2-750/2025 nömrəli məktuba əlavə edilmiş 29 iyun 2004-cü il tarixli, 36/773 nömrəli arxiv arayışda qeyd edilir ki, Bakı şəhər İcra Hakimiyyətinin Mənzildəyişmə İdarəsinin arxiv sənədləri arasında ünvan 2 ünvanında yerləşən mənzil ilə bağlı X4 adına verilmiş İ08355 nömrəli, 06 aprel 1989-cu il tarixli order vardır. Orderdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 da ailə üzvləri kimi adları qeyd olunub.

27. Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi Mənzil Kommunal Təsərrüfat İdarəsinin tərəfindən Mənzil Kommunal Təsərrüfat İdarəsi 5 saylı Mənzil İstismar Sahəsinə ünvanlanan 28 yanvar 2004-cü il tarixli, 24 nömrəli məktubda qeyd edilir ki, əsas kirayəçi X4 qeydiyyatdan çıxması ilə əlaqədar və ailənin yetkinlik yaşına çatmış üzlərinin yazılı razılığı ilə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 85-ci maddəsinə əsasən ailənin tərkibi 3 nəfərdən ibarət olan sahəsi 28,09 kv.m 2 otaqlı mənzilin haq-hesab şəxsi vərəqəsi və başqa müvafiq sənədləri keçmiş krayəçinin həyat yoldaşı İddiaçı adına dəyişdirilsin. Eyni zamanda qeyd olunan mənzil üçün müqavilə bağlanılsın.

28. 01 oktyabr 2009-cu il tarixinədək qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.

29. İşdən göründüyü kimi, Cavabdeh2 mübahisə predmeti olan mənzildən istifadə hüququ yaranmışdır.

30. 01 oktyabr 2009-cu il tarixinədək qüvvədə olan Mənzil Məcəlləsinin 60-cı maddəsində qeyd edilir ki, icarədar və ya onun ailə üzvləri üzürlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə məhkəmə tərəfindən uzadıla bilər. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.

31. Hazırkı işin hallarından göründüyü kimi, Cavabdeh2 2018-ci ildə anası ilə arasında yaranmış mübahisə nəticəsində evdən getmiş, bundan sonra iddiaçının müraciəti əsasında Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Bölməsində araşdırma aparılmış və Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin 14 avqust 2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir.

32. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh2 mülkiyyətində torpaq sahəsi vardır. Lakin Cavabdeh2 verdiyi izahatlarında bildirir ki, maddi imkanı olmadığı üçün torpaq sahəsində yaşamaq üçün ev tikdirməmişdir. Bundan əlavə bildirir ki, kirayədə yaşayır. İddiaçı isə Cavabdeh2 həyat yoldaşına məxsus evdə yaşadığını bildirir.

33. Lakin işə apellyasiya instansiya məhkəməsində baxılması zamanı məhkəmənin 05 dekabr 2024-cü il tarixli sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvanlanmış 10 yanvar 2025-ci il tarixli, 3-21-3-30/2-750/2025 nömrəli məktubda qeyd edilir ki, Cavabdeh2 arvadı X5 adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir.

34. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh2 mülkiyyətində torpaq sahəsi olsa da, orada yaşayış üçün ev inşa edilməmişdir. Cavabdeh2 anası ilə aralarında dava düşdüyündən məcbur qalaraq mübahisə predmeti olan mənzili tərk etmişdir. Həyat yoldaşının adına isə daşınmaz əmlak aşkar olunmamışdır.

35. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “Qanunverici yuxarıda göstərilən qaydaları təsbit edərkən hüquqları pozulması ehtimal olunan icarədarın və ya onun ailə üzvlərinin həmin qanundan irəli gələn hüquqlarının tam və hərtərəfli təmin olunmasını əsas götürmüşdür. Məhz ona görə də, bu kateqoriyadan olan iddialar yalnız məhkəmə qarşısında qaldırıla bilər. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Beləliklə, icarədarın və ya onun ailə üzvlərinin müvəqqəti olaraq, o cümlədən altı ay və daha uzun müddətdə yaşayış sahəsindən getməsi onların yaşayış sahəsinə olan hüquqlarının itirilməsinə yönələn əsas kimi qəbul edilə bilməz. Əksinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsində nəzərdə tutulan norma tərəflərin öz hüquqlarından sui-istifadə hallarının qarşısını almağa yönəlir, onlara imkan verir ki, məhkəmə vasitəsi ilə öz qanuni hüquqlarının qorunmasını, qarşılıqlı hüquq və vəzifələrdən yaranan oxşar münasibətlərin tənzimlənməsini həyata keçirsin. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində nəzərdə tutulmuşdur ki, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və ya onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.... Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə uzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir.”

36. Qanunvericilik yaşayış sahəsinə əldə edilmiş istifadə hüququnun itirilməsini şəxsin könüllü olaraq daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi ilə şərtləndirir; Cavabdeh2 isə daimi yaşamaq üçün yaşayış sahəsinə malik olması, könüllü olaraq mübahisə predmeti olan mənzili tərk etməsi işin halları ilə təsdiq olunmur.

37. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

38. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2354/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xəyal Sarıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar