Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5590/2024 21.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı mülki iş (Açar sözlər: «pul, təhsil xidməti») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2918/2024 saylı, 16 iyul 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. İddiaçı MMC ilə təhsilalanın qanuni nümayəndəsi Cavabdeh arasında xx.xx.2021ci il tarixdə bağlanmış təhsil xidmətlərinin göstərilməsi haqqında 499-22 saylı müqavilə ilə Lisey bu müqavilənin qüvvədə olduğu müddətdə təhsilalanın ünvan 1 ünvanda yerləşən təhsil müəssisəsində 2-ci sinif ingilis bölməsi üzrə təhsil xidmətləri göstərir, qanuni nümayəndə isə bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən 499-22 saylı xx.xx.2021-ci il tarixli razılaşdırma protokolunda müəyyən edilmiş qaydada və müddətdə illik təhsil haqqı məbləğini liseyə ödəməyi öz öhdəsinə götürür.
2. Eyni məzmunda xx.xx.2023-cü il tarixdə də təhsilalana həmin təhsil müəssisəsində 3-cü sinif ingilis bölməsi üzrə təhsil xidmətlərinin göstərilməsi haqqında 945-23 saylı müqavilə bağlanmışdır.
3. Tərəflər arasındakı xx.xx.2021-ci il tarixdə bağlanmış razılaşdırma protokolundan görünür ki, illik təhsil haqqı 6000 manat müəyyən edilməklə ilkin ödəniş 666 manat, növbəti 9 ay ərzində isə hər ay 666 manat ödənilməlidir.
Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı MMC Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Təhsil Xidmətlərinin göstərilməsi haqqında” 499-22 saylı, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 4200 manat əsas borc, 262 manat dəymiş zərər və “Təhsil Xidmətlərinin göstərilməsi haqqında” 945-23 saylı, xx.xx.2023-cü il tarixli müqavilə üzrə isə 5000 manat əsas borc, 125 manat dəymiş zərər, 320 manat vəkilə ödənilən vəsait, 120 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Tələbdə göstərilir ki, təhsil alan X1 qanuni nümayəndəsi X2 ilə İddiaçı MMC arasında “Təhsil Xidmətlərinin göstərilməsi haqqında” 499-22 saylı, xx.xx.2022-ci il tarixli və “Təhsil Xidmətlərinin göstərilməsi haqqında” 945-23 saylı, xx.xx.2023-cü il tarixli müqavilələr bağlanılmışdır. Müqavilələrə əlavə olaraq tərəflər arasında xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli Razılaşdırma Protokolları bağlanmışdır. Müqavilənin 1-ci maddəsinə əsasən, “Lisey” “Təhsilan”a Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi təhsil xidmətlətinin təşkilini, 2-ci maddəyə əsasən isə Təhsilanın “Qanuni nümayəndəsi” isə bu müqavilənin ayrılmaz hissəsi hesab edilən xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli Razılaşdırma Protokollarında müəyyən edilmiş qaydada və müddətdə təhsil haqqı məbləğini “Lisey”ə ödəməyi öz öhdəsinə götürmüşdür. “Təhsil Xidmətlərinin göstərilməsi haqqında” 499-22 saylı, xx.xx.2022-ci il tarixli müqavilənin 3.1ci maddəsinə əsasən, təhsil haqqı 6000 manat təşkil etməkdədir. “Təhsil Xidmətlərinin göstərilməsi haqqında” 945-23 saylı, xx.xx.2023-cü il tarixli müqavilənin 3.1-ci maddəsinə əsasən, təhsil haqqı 6000 manat təşkil etməkdədir. Lakin “Təhsil Xidmətlərinin göstərilməsi haqqında” 499-22 saylı, xx.xx.2022-ci il tarixli müqavilə üzrə təhsil haqqının az hissəsi olan 1800 manat ödənilmiş, qalan 4200 manat hissəsi isə iddia hazırlanan tarixədək ödənilməmişdir. Həmçinin “Təhsil Xidmətlərinin göstərilməsi haqqında” 945-23 saylı, xx.xx.2023-cü il müqavilə üzrə təhsil haqqının az hissəsi olan-1000 manat ödənilmiş, qalan 5000 manat hissəsi isə iddia hazırlanan tarixədək ödənilməmişdir. Həmin pul vəsaitlərinin ödənilməsi ilə bağlı şifahi müraciətləri nəticəsiz qalmışdır. Məhkəmənin diqqətinə çatdırmışdır ki, Lisey böyük kollektivə malikdir. İşçilərin əmək haqları, sosial sığortalar, vergilər, icarə haqları, dərs ləvazimatlarının alınması, binanın saxlanılması, o cümlədən elektrik, su, kommunal ödənişlər kimi cari xərclərin ödəmək məcburiyyətindədir. Liseyin yeganə gəlirləri isə təhsil alanların ödənişləri hesabına formalaşır. Cavabdeh üzərinə götürdüyü öhdəliyi vaxtında yerinə yetirmədiyini nəzərə alaraq hesab etmişdir ki, son bir il ərzində ödənişləri etmədiyinə görə Mərkəzi Bankın uçot dərəcəsi ilə, ən azı 5%-lə dəymiş zərər, vəkilə ödənilən 320 manat vəsait, 120 manat dövlət rüsumu ondan tutularaq Liseyə ödənilməlidir. “Təhsil Xidmətlərinin göstərilməsi haqqında” 499-22 saylı, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 4200 x 5% = 210 manat :12 ay = 17.50 manat x 15 ay =262.50 manat 4200 manat + 262.50 manat dəymiş zərər = 4462 cavabdehdən alınaraq Liseyə ödənilməlidir. Eyni zamanda, “Təhsil Xidmətlərinin göstərilməsi haqqında” 945-23 saylı, xx.xx.2023-cü il müqavilə üzrə 5000 x 5% = 250 manat : 12 = 20.84 x 6 ay =125 manat 5000 + 125 manat dəymiş zərər = 5125 cavabdehdən alınaraq Liseyə ödənilməlidir.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2918/2024 saylı, 16 iyul 2024cü il tarixli qətnaməsi ilə (hakim Nail Abbasov) iddia tələbinin təmin edilərək Cavabdeh “Təhsil Xidmətlərinin göstərilməsi haqqında” 499-22 saylı, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 4200 manat əsas borc, 262 manat dəymiş zərər və “Təhsil Xidmətlərinin göstərilməsi haqqında” 945-23 saylı, xx.xx.2023-cü il tarixli müqavilə üzrə isə 5000 manat əsas borc, 125 manat dəymiş zərər, 320 manat hüquqi xidmət haqqı, 120 manat ödənilmiş dövlət rüsumu, cəmi 10027 manatın alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, cavabdeh müqavilə əsasında təhsil xidmətlərindən yararlanmaq hüququna malik olduğu kimi eyni zamanda müqavilədə razılaşdırılmış şərtlərlə təhsil haqqını iddiaçıya ödəməli olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin cavabdeh təhsil müqaviləsi əsasında xidmətlərin göstərilməsi hüququndan istifadə etmiş, təhsil haqqını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliklərini yerinə yetirməmişdir. Eyni zamanda, cavabdeh özü də əvvəlki məhkəmə iclasında tələb edilən təhsil haqqının məbləğini etiraf etməklə onun ödənilməsi üçün vaxt verilməsini xahiş etmişdir. Odur ki, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi cəmi 9200 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması hissəsində təmin edilməlidir. İddiaçının cavabdehdən gecikdirilmiş vaxt üçün cəmi 387 manat faiz tələbi əsaslıdır və iddia həmin hissədə də təmin edilməlidir. Məhkəmə iddia tələbinin vəkilə ödənilən vəsaitin və iddia qaldırılması üçün ödənilmiş 45 manat dövlət rüsumunun tutulmasını hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi səbəbindən məhkəməyə müraciət etmək məcburiyyətində olmaqla dövlət rüsumu ödəməklə hüquqi xidmətlərin göstərilməsi üçün vəkilə müraciət etməli olduğundan, bu hissədə də iddia təmin edilməlidir. Məhkəmə qənaətini Mülki Məcəllənin 385.1, 442, 443.1, 445.7, 449.1, 449.2-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” 24 dekabr 2014-cü il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə təmin edilməməsini xahiş edib şikayətini bununla əsaslandırmışdır ki, onunla İddiaçı MMC arasında bağlanmış “Təhsil Xidmətlərinin göstərilməsi haqqında” 499-22 saylı, xx.xx.2022ci il tarixli müqaviləyə əsasən, illik təhsil haqqı kimi ödəniləcək 6000 manatdan 1800 manatı onun tərəfindən ödənilmiş, 4200 manatı isə ödənilməmişdir. Hətta bununla bağlı onunla İddiaçı MMC arasında 19 oktyabr 2023-cü il tarixində öhdəlik müqaviləsi bağlanılmışdır. Bağlanılmış müqavilənin 2-ci bəndinə əsasən, Cavabdeh bu müqavilənin birinci bəndində qeyd edilən 4400 manat manat borcu dekabr ayında 4400 manat olmaqla ödəyəcəyini və xx.xx.2024-cü il tarixədək ödənilib bitəcəyini öhdəlik olaraq qəbul edir. Daha sonra, onunla İddiaçı MMC arasında “Təhsil Xidmətlərinin göstərilməsi haqqında” 945-23 saylı, xx.xx.2023-cü il tarixli müqavilə bağlanmışdır. Baxmayaraq ki, iddia ərizəsində qeyd edilir ki, o, sonuncu bağlanmış müqavilə üzrə 1000 manat ödəniş edib, əslində isə həmin ödənişdə öhdəliyini götürdüyü 499-22 saylı, xx.xx.2022-ci il tarixli müqaviləyə görə ödənilmiş pul idi. Əgər məhkəmə ödənilmiş pulun hansı təyinat üzrə ödənildiyinə diqqət etsə idi, bunu aydın şəkildə görə bilərdi. Görünən odur ki, məhkəmə onun tərəfindən ödənilmiş qəbzləri iddiaçı tərəfdən tələb etmədiyindən buna düzgün hüquqi qiymət verə bilməmişdir. Sonuncu - 945-23 saylı, xx.xx.2023-cü il tarixli müqavilə üzrə isə qeyd edir ki, təqdim etdiyi öhdəlik müqaviləsi və 945-23 saylı müqavilə eyni tarixdə, yəni xx.xx.2023-cü il tarixində bağlanmışdır. Həmin öhdəlik müqaviləsindən də aydın görünür ki, onun iddiaçı tərəfə kifayət qədər borcu vardır. Bunu ödəyə bilmədiyi halda isə iddiaçı tərəfin onunla yeni müqavilə bağlaması gələcəkdə müəyyən güzəştlərin olunacağına bir işarədir. Çünki iddiaçı tərəflə aralarında bu barədə söhbətlər olmuşdur. Belə olmasaydı, xx.xx.2023-cü il tarixli razılaşma protokluna əsasən, o, oktyabr ayı üzrə iddiaçı tərəfə 858 manat ödəməli idi. Belə ki, həmin razılaşma protokolunun 3-cü bəndinin tələbləri bunu deməyə əsas verir. Bundan başqa, qızı X3 2023-2024-cü ili əhatə edən təhsil dövründə liseydə doğru düzgün olmamışdır. Buna səbəb onun xəstə olması və dərsə davamiyyətinin az olmasıdır. 2024-cü ilin yanvar ayından isə qızı X3 ümumiyyətlə liseyə getməmişdir. Bununla bağlı sinif müəlliməsinə, eləcə də müdiriyyətə məlumat verib. İddiaçı tərəf bundan kifayət qədər məlumatlıdır. Hətta, onunla iddiaçı tərəf arasında bağlanmış müqavilənin 7.4-cü maddəsində də bu barədə qeyd edilmişdir. Belə ki, təhsil prosesinin gedişatında “Təhsilan”da onun təhsil almasını çətinləşdirən hər hansı tibbipsixoloji pozuntu aşkar edildikdə və onun təhsil almasını tədris metodları ilə həll etmək mümkün olmadıqda və bu hal tədris prosesinə mənfi təsir göstərdikdə “Lisey” tərəfindən araşdırılıb uyğun qərar verilir. Görünən odur ki, iddiaçı tərəfdən bu hal gizlədilmiş və məhkəməyə məlumat verilməmişdir. Lisey tərəfindən müvafiq qərar qəbul edilməkdənsə, ondan illik təhsil haqqını istəmişlər. Bütün bu sadalananlara əsasən hesab edir ki, məhkəmə qeyd olunan məsələyə düzgün hüquqi qiymət verməmişdir. Onunla İddiaçı MMC arasında “Təhsil Xidmətlərinin göstərilməsi haqqında” 499-22 saylı, xx.xx.2022-ci il tarixli və “Təhsil Xidmətlərinin göstərilməsi haqqında” 945-23 saylı, xx.xx.2023-cü il tarixli müqavilələrdə bu barədə müddəa nəzərdə tutulmamışdır. Həmçinin, yuxarıda da qeyd etdiyim kimi, onunla iddiaçı tərəf arasında öhdəlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən də son ödəniş tarixi olaraq xx.xx.2024-cü il tarixi nəzərdə tutulmuşdur. Qeyd olunan tarixdən isə heç bir il vaxt keçməmişdir. Bu zaman sual yaranır: əgər öhdəlik müqaviləsinə əsasən qeyd olunan tarixə qədər o 499-22 saylı, xx.xx.2022-ci il tarixli müqavilə üzrə borcu zamanında ödəmiş olsaydı, iddiaçı tərəf 945-23 saylı, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən dəymiş zərər olaraq 5%-i tələb edəcəkdimi? Ümumiyyətlə iddiaçının göstərdiyi hallara görə illik 5 faiz tələb edilməsi və buna əsasən iddianın həmin hissədə təmin edilməsi absurddur.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
9. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın təmin edilməməsini xahiş etdi.
10. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı MMC nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
13. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi üçün əsas ola bilməz.
14. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
16. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edildiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
17. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
18. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
19. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.
20. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və iddianın cavabdehin istədiyi formada təmin edilməsi üçün əsas ola bilməz. Apellyasiya baxışı zamanı da cavabdehin izahatının məzmunundan bəlli oldu ki, əslində mahiyyət etibarı ilə qətnamə ilə razılaşır, ancaq istəyi qət olunan məbləğin hissə-hissə ödənilməsinə nail olmaq olub. Bu məsələ isə qətnamə ilə deyil, onun icrası qaydasında həll edilməli məsələ olduğundan hazırkı icraat qaydasında qeyd olunan məsələ üzrə qərar qəbul edilə bilməz. Buna baxmayaraq, apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir.
21. Cavabdeh tərəfindən edilmiş ödənişlərin hansı müqaviləyə aid olmasının araşdırılmaması şikayətin əsaslı olduğuna dəlalət etmir. Çünki hər bir halda hər iki müqavilə üzrə edilmiş ödənişlərin və qalan borcun məbləğləri mübahisə doğurmur. Başqa sözlə cavabdeh hər iki müqavilə üzrə cəmi 12000 manat ödəməli olduğu halda, 2800 manat ödəməsi işin mübahisəsiz halıdır. Tərəflər arasında bağlanmış 19 oktyabr 2023-cü il tarixli öhdəlik müqaviləsinin şərtləri də heç nəyi dəyişmir. Çünki həmin müqavilə də birinci müqavilə üzrə yaranmış borcun ödənilməsini təmin etmək üçün əlavə öhdəlik götürülməsi ilə əlaqədar bağlanmışdır.
22. 945-23 saylı, xx.xx.2023-cü il tarixli müqavilə ilə xx.xx.2023-cü il tarixli öhdəlik müqaviləsinin eyni tarixdə bağlanması da qanunsuz olmamışdır. Çünki bu müqavilələrin predmeti fərqli olmuşdur. 945-23 saylı, xx.xx.2023-cü il tarixli müqavilə 2023-2024-cü tədris ilinə görə bağlanmış, xx.xx.2023-cü il tarixli öhdəlik müqaviləsi isə 499-22 saylı, xx.xx.2022-ci il tarixli müqavilə üzrə öhdəliklər lazımı qaydada icra edilməməsinə görə bağlanmışdır. Cavabdehin birinci müqaviləyə görə iddiaçıya borcunun olması, ikinci müqavilənin bağlanmasına maneə deyildir. Çünki ikinci müqavilə istər-istəməz növbəti tədris ili ilə əlaqədar bağlanmışdır. Aralarındakı söhbətlərə əsasən cavabdehə ikinci müqaviləni bağladığı üçün güzəştlərin edilməməsi də şikayəti əsaslı etmir.
23. Bundan əlavə, qızı X1 2023-2024-cü ili əhatə edən təhsil dövründə liseydə doğru düzgün olmaması, buna səbəb onun xəstə olması və dərsə davamiyyətinin az olması, 2024-cü ilin yanvar ayından isə qızı ümumiyyətlə liseyə getməməsi həqiqi olsa belə bu hallar da cavabdehi müqavilə üzrə üzrə öhdəliklərini yerinə yetirməkdən imtina üçün əsas ola bilməz. Çünki bu hal həqiqətən baş vermişdirsə iddiaçının müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməməsi ilə əlaqədar olmayan hallar sayılır. Müqavilənin 7.4-cü bəndində göstərilən halların baş verdiyinə dair də cavabdeh tərəfindən heç bir sübut təqdim edilməmişdir.
24. Məhkəmə tərəfindən Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərinə uyğun gecikdirilmiş vaxt üzrə illik 5 %-lə hesablanan məbləğin təmin edilməsi də düzgün olmuşdur. Çünki cavabdeh xx.xx.2023-cü il tarixli öhdəlik müqaviləsi üzrə də öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Ona görə də iddianın həmin hissədə də təmin edilməsi absurd hesab edilə bilməz.
25. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2918/2024 saylı, 16 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2918/2024 saylı, 16 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.