Məhkəmə qərarları › İş №2(103)-5591/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5591/2021

30.06.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5591/2021 30.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2(005)-2710/2020 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər rayon Məhkəməsinə müraciət edərək, özünün azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu ünvanında yerləşən evə köçürülməyi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, o, Cavabdeh1 ilə 04 aprel 2015-ciildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan 07 may 2015-ci il təvəllüdlü X6 və 04 sentyabr 2016-cı il təvəllüdlü X7 doğulmuşdur. Ailə qurduqdan sonra Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda yerləşən iş üzrə cavabdehlərin tikdiyi, lakin başa çatdırılmayan fərdi yaşayış evinə gəlin gəlmişdir. Bu evin qaz və suyunu çəkdirmiş, təmir etdirib 5000 manat xərc çəkmişdir. Fərdi yaşayış evi 3 otaqlıdır, hamam və tualeti mövcuddur. Bu ev Binə qəsəbəsində “Ruzi market”in yaxınlığında yerləşir, lakin evin sənədləşdirilməsi başa çatdırılmamışdır. Uşaqları bu ünvanda baxçaya gedir. Bu ünvana ona çatası hər cür məktub, bildirişvə s. daxil olur. Lakin qaynatası Lənkərandan bu ünvana gəlib onun cehiz əşyalarını çölə atıb, özünüdə yaşadığı ünvandan çıxarmışdır. Hal-hazırda bacısı Qəmərlə yaşayır. Uşaqlar da evlərindən və ünsiyyətdə olduğu uşaqlardan uzaq düşmüşdür. Qanuni nikahda olsalar da, əridə heçnə demir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2(005)-2710/2020 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı azyaşlı uşaqları 07 may 2015-ci il təvəllüdlü X6 və 04 sentyabr 2016-cı il təvəllüdlü X7 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu ünvanında yerləşən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşadığı fərdi yaşayış evinə köçürülməsi qət olunmuşdur. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2(005)-2710/2020 saylı qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh2 Rusiyada yaşayan oğlu X3 tərəfindən inşa edilmişdir və onun adınadır. Bakı şəhəri Xəzər rayon Məhkəməsi işə baxarkən əmlakın həqiqi sahibi olan X2 bildiriş göndərərək onu məhkəmə iclasına dəvət etməli olduğu halda bunu etməmiş, maddi və prosessual hüquqları pozaraq qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi, ona verilən suallara cavab olaraq qeyd etdi ki, mübahisəli ev özbaşına tikilidir, heç bir sənədi yoxdur. O, iddiaçı ilə ailə qurandan sonra, birlikdə evdə tamamlama işləri aparıblar. Evin qapıları qoymuşlar, divarlar rənglənmiş, həyətdə tamamlama işləri aparılıb və.s. Ev onun Rusiyada yaşayan qardaşına məxsusdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi, ona verilən suallara cavab olaraq qeyd etdi ki, mübahisəli ev onun Rusiyada yaşayan oğlu Rahibə məxsusdur. Evin torpaq sahəsi X5 məxsusdur. X9 onun oğlu X2 etibarnamə vermişdir. Xahiş etdi ki, qətnamə ləğv edilsin, iddia təmin edilməsin. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, qeyd etdi ki, o, mübahisəli evə gəlin gəlib, onun həmin ünvanda iki uşağı dünyaya gəlib. O, gəlin gələndən sonra evin qaz və suyunu çəkdirmiş, təmir etdirib 5000 manat xərc çəkmişdir. Onu həmin evdən uşaqları ilə birlikdə qaynatası qovmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş 3-cü şəxslər X9 və X3 məhkəməyə gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən 3-cü şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirildiyi hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. Bu kontekstdə məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam olaraq yoxlanılması təşkil edir. Kollegiya ilk olaraq qeyd edir ki, özbaşına tiklinin yerləşdiyi torpaq sahəsi adına olan Əliyev Zahid Mahil oğlu və onun tərəfindən etibarnamə verilmiş X3 birinci instansiya məhkəməsi tərəfindən işə cəlb olunmadıqlarından, onların hüquq və vəzifələrinə dair məsələ həll olunduğundan, qətnamə şikayətin dəlili olmaqla yanaşı, digər dəlillərdən asılı olmayaraq, ləğv olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 387.2.4-cü maddəsinə əsasən məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı Cavabdeh1 ilə 04 aprel 2015-ci ildə ailə qurmuş, mübahisəli Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda yerləşən evə gəlin gəlmiş, onların birgə nikahlarından iki uşaqları dünyaya gəlmişdir. İş materiallarından görünür ki, mübahisəli özbaşına tikilinin yerləşdiyi torpaq sahəsi ev tikintisi üçün deyil, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə Abşeron rayon İcra Hakimiyyəti Başçısının 04 iyun 2010-cu il tarixli qərarı ilə X5 icarəyə ayrılmış, sonuncu 29 noyabr 2011-ci il tarixli etibarnamə ilə sənədlərin toplanılması, alğı-satqı işlərinin aparılması və.s digər hüquqların həyata keçirilməsini X2 etibar etmişdir. Həmin torpaq sahəsi ilə bağlı qaz və elektrikə görə X3 ilə kommunal xidmətlər üçün müqavilə bağlanmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, iddiaçı onun bacısıdır. Bacısı cavabdeh Ramin ilə 2014-cü ildə rəsmi nikaha daxil olaraq, mübahisəli evə gəlin köçmüşdür. Uşaqlar həmin evdə anadan olublar. Aralarında söz-söhbət olduğuna görə bacısını cavabdehlər evdən qovmuşlar, amma iddiaçı ilə cavabdeh Ramil hələ nikahdadır. Belə ki, işin araşdırılan halları ilə təsdiq olunur ki, İddiaçı Cavabdeh1 ilə 04 aprel 2015-ci il tarixdə ailə qurmuş, onların birgə nikahından iki uşağı dünyaya gəlmiş, ailə qurarkən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu ünvanında yerləşən fərdi yaşayış evinə köçmüş və həmin evdə birgə təsərrüfat aparmış, lakin sonradan ailə münasibətlərinin kəskinləşməsi nəticəsində onların münasibətləri pozulmuş, iddiaçı cavabdehlər tərəfindən evdən çıxarılmışdır. Eyni zamanda, məhkəmə iclasında müəyyən olunur ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi yaşayış evi tikintisi üçün deyil, X1 fəaliyyətinin həyata keçirilməsi üçün icarəyə ayrılmış, mübahisəli ev müvafiq icazə sənədləri alınmadan inşa edilmişdir və Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçməmişdir. X9 29 noyabr 2011-ci il tarixli etibarnamə ilə sənədlərin toplanılması, alğı-satqı işlərinin aparılması və.s digər hüquqların həyata keçirilməsini X2 etibar etmişdir. Həmin torpaq sahəsi ilə bağlı qaz və elektrikə görə X3 ilə kommunal xidmətlər üçün müqavilə bağlanmışdır. Həmin evin hər hansı bir hüquq müəyyənedici sənədi olmadığından özbaşına tikili sayılır. Belə olan halda, kollegiya hesab edir ki, mübahisəli özbaşına tikili olan yaşayış evinin yerləşdiyi torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsi kateqoriyasına aid olmadığından, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün icarəyə verilmiş torpaq sahəsi olduğundan, həmin özbaşına tikili olan yaşayış evinə görə gələcəkdə mülkiyyətlə bağlı gözlənti hüququ qanunvericiliyin tələbləri baxımından mümkünsüzdür. Kollegiya qeyd edir ki, mövcud vəziyyətdə cavabdehlər iddiaçının mübahisə predmeti olan özbaşına tikilidə yaşamasına etiraz edərək, onun həmin tikilidə yaşamasına mane olurlar. Cavabdehlər tərəfindən iddiaçının orada yaşamasına razı olmaması bir daha onu göstərir ki, iddiaçı cavabdehlər tərəfindən özbaşına tikilidən çıxarılmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra-MM) 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (Qanunun analogiyası). MM-nin 11.2-ci maddəsinə əsasən oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. MM-nin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. MM-nin 27.3-cü maddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. MM-nin 180.1 və 180.2-ci maddəsinə görə isə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Mülki işdən görünür ki, iddiaçı mübahisəli evə mülkiyyət hüququnun tanınmasını və həmin evdən ona payın ayrılmasını tələb etmir və həmin ev üzərində mülkiyyət hüququ iddianın predmetini və ya tələbin əsasını təşkil etmir. Məlum olduğu kimi, yaşayış sahəsinə köçürülmə barədə iddialar həll edilərkən iddiaçının köçmək istədiyi yaşayış sahəsində yaşayıb-yaşamadığı, yaşadığı halda həmin yaşayış sahəsindən məhrum edilib-edilmədiyi və məhrum edilmə müəyyən edildiyi halda isə onun qanuniliyi araşdırılmalıdır. Hazırkı işin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı köçmək istədiyi yaşayış sahəsində yaşamış, həmin yaşayış sahəsindən məhrum edilmiş, məhrum edilmə qanunsuz olmuşdur. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Baxılan iş üzrə iddiaçının köçmək istədiyi yaşayış sahəsi özbaşına tikili olduğundan, cavabdeh tərəf isə həmin tikili üzərində hüququnun olduğunu təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, həmçinin iddiaçının əvvəllər həmin tikilidə yaşadığından və tikilini yaşamağa yararlı vəziyyətə gətirmək üçün əmək (vəsait) sərf etdiyindən cavabdehlərin iddiaçıya qarşı törətdiyi məhrumetmə (tikilidə yaşamasına mane olma və etiraz etmə) qanunsuzdur. Qeyd edilənlərlə əlaqədar kollegiya hesab edir ki, iddia təmin edilərək, iddiaçı azyaşlı uşaqları ilə birlikdə cavabdehlərin yaşadığı evə köçürülməlidir. Beləliklə kollegiya apraşdırılmış sübutlar əsasında hesab edir ki, mübahisəli ev özbaşına tikili olsa da, iddiaçı həmin özbaşına tikilidə 2015-ci ildən cavabdehlərlə ailə üzvü kimi birlikdə yaşamış, iddiaçının 2 azyaşlı uşağı ilə birlikdə həmin evə buraxılmaması isə ədalətsizlikdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla əlaqədar kollegiya hesab edir ki, iddia təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 10 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən isə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2(005)- 2710/2020 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. İddiaçı azyaşlı uşaqları 07 may 2015-ci iltəvəllüdlü X6 və 04 sentyabr 2016-cı il təvəllüdlü X7 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu ünvanında yerləşən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşadığı fərdi yaşayış evinə köçürülsün. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar