Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5594/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və s. tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli 2(011)- 1261/2021 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-nin baş direktorunun 05.11.2020-ci il tarixli 2498 K nömrəli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxdığı dövr üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh MMC-nin rəhbərinin 12.11.2018-ci il taixli 429 K saylı əmrinə əsasən Cəmiyyətin Loqistika şöbəsinə sürücü vəzifəsinə götürülmüş və onunla müddətsiz əmək müqaviləsi bağlanmışdır. MMC-nin baş direktorunun 05.11.2020-ci il taixli 2498 K saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) onun bağlanmış əmək müqaviləmə xitam verilmişdir. MMC-nin Loqistika şöbəsində sürücülər arasında əmək intizami ilə bağlı iclas keçirilən zaman çıxış edərək komendant saatı olduğundan saat 18:00-dan sonra yollarda tıxac olması səbəbindən yük daşımada çətinlik çəkdiklərini və vaxt itkisinə görə postlarda problemlərlə üzləşdiklərini bildirmiş, bundan sonra ona münasibətdə rəhbərlik tərəfindən qərəzli mövqenin olduğunu görmüşdür. Yer təmizləyici texnika götürməyə göndərildiyi Xırdalan Loqistika şöbəsindən qayıdarkən, təmirə dayanan şirkətə məxsus avtomobilin sürücüsü iş yoldaşı Faiq Ağayevi götürməsi barədə rəhbərliyə məlumat verməməsi nədənsə ona ciddi irad kimi göstərilmiş və əmək intizamının pozulması kimi xarakterizə edilmişdir. Bu hal işəgötürən tərəfindən əmək qanunvericiliyinin pozulması kimi qiymətləndirməklə heç bir əsaslandırılmış və tutarlı səbəb olmadan tutduğu vəzifədən azad edilməklə nəticələnmişdir. Bu günə kimi daxili intizam qaydalarını hec vaxt pozmamış və hec bir intizam tənbeh tədbiri almamışdır. Bakı şəhərində kirayə yaşayır və himayəsində iki azyaşlı uşağı vardır. Heç bir səbəb olmadan işdən azad olmuşdur. Belə ki, işdən azad olunmamışdan əvvəl şöbənin rəhbərliyi tərəfindən hüquqları pozmaqla qanunsuz olaraq ona qarşı təzyiq edilmiş və bütün bunlar DƏMX orqanlarına müraciətində öz əksini tapmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli 2(011)-1261/2021 saylı ilə iddia təmin olunmamışdır. Qətnamə ilə razılaşmayan iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayətində göstərilmişdir ki, qətnamə qanunsuz və əsassızdır, onunla eyni gündə eyni məzmunlu əmrlə işdən çıxarılmış Faiq Ağayevin iddiası təmin olunsa da, onun iddiasının təmin edilməməsi anlaşılan deyildir. Məhkəmə qətnamə qəbul edərkən işdən azad olunmamışdan əvvəl şöbənin rəhbərliyi tərəfindən ona qarşı təzyiqlərin və bununla bağlı DƏMX orqanlarına müraciətinin olmasını, ciddi irad kimi göstərilən şirkətə məxsus təmirə dayanan avtomobilin sürücüsünü humanizm nöqteyi nəzərdən götürməyi barədə söylədiklərini nəzərə almamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək, onun məzmuna uyğun izahat verib, təmin olunmasını xahiş etdi. Həmçinin qeyd etdi ki, iş yeri Dərnəgül yolunda «Çermet» körpüsü yaxınlığında yerləşir, iş yoldaşı Faiq Ağayevi götürdüyü avtoserviz isə iş yerindən 10-15 dəqiqəlik məsafədə yerləşir. İş yerindən təxminən saat 15:30-15:40-da Xırdalan logistika şöbəsinə getmiş, gedib-gəlməyi 2 saat çəkmişdir, təxminən 18:10-da işə qayıtmışdır, belə ki, Xırdalan logistika şöbəsinə getdikdə avtomobil boş vəziyyətdə tərəziyə çıxarılır, çek verilir, sonra yük yüklənir və qayıdanda yenidən tərəziyə çıxarılır. Xırdalan logistika şöbəsində tək onların avtomobili deyil, digər avtomobillər də gəldiyi üçün növbə olur. Oradan qayıdanda isə iş yerinə dönmədən, gedib iş yoldaşı Faiq Ağayevi götürmüş, sonra iş yerinə qayıtmışlar. Faiq Ağayevi avtoservizdən götürüb işə qayıtmağına təxminən 10-15 dəqiqə vaxt sərf olunmuşdur. İşə qayıtdıqdan sonra Bayıl qəsəbəsində yerləşən Cavabdeh mağazasına aparılacaq yükləri aparmaq istəsələr də, onlara evə getmələri bildirilmiş və həmin gündən sonra iş yerinə gəlməklərinə imkan verməmişlər, sonuncu dəfə işdən çıxarıldıqları gün iş yerinə çağırmışlar. Faiq Ağayevi götürməsi barədə rəhbərliyə məlumat verməmişdir, lakin bunun üçün cəmi 10-15 dəqiqə vaxt sərf etməsini idarə etdiyi maşında quraşdırılmış GPS qurğusundakı aparılmış yazı ilə də müəyyən etmək olar. Faiq Ağayevi götürməsi barədə rəhbərliyə məlumat verməsə də, bu hal işdən çıxarılmağına əsas vermir. Həmkarlar Təşkilatının iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini qəbul etməyərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Həmçinin qeyd etdi ki, təxminən saat 14:00-15:00 arasında iddiaçıya göstəriş verilmişdir ki, Xırdalan logistika mərkəzində təmizləmə aparatını götürüb geri qayıtsın, çünki həmin gün çatdırılma olacaq, iki mağaza var idi və həmin malları mağazaya çatdırmalı olan iki sürücü var idi, biri iddiaçı, digəri isə Faiq Ağayev idi, sonuncu da işdə olmamışdır. İddiaçı Xırdalana gedib-gəlmək üçün 3 saata yaxın vaxt sərf etmişdir, təxminən 17:50-də işə qayıtmışdır. Maşınlarda GPS quraşdırılmışdır, oradan iddiaçının Xırdalana nə vaxt gedibqayıtmasını, eləcə də Faiq Ağayevi götürmək üçün nə qədər vaxt sərf etməsini müəyyən etmək olar. İddiaçı bilirdi ki, həmin gün iki mağazaya mal çatdırılmalıdır, bundan əlavə müharibə dövrü olduğundan, həmin gün əsgərlərə mal ayrılmışdır. Həmin vaxt Logistika şöbəsinin 6 sürücüsündən biri istirahətdə olmuş, Faiq Ağayev işdə olmamış, İddiaçı da gec gəldiyi üçün, 5 işçinin görməli olduğu iş qalan 3 işçiyə tapşırıldığından, əsgər paylarının çatdırılması da mümkün olmamışdır. İddiaçı işə vaxtında qayıtsa idi, Bayıl qəsəbəsində olan mağazaya mal çatdırmalı idi. GPS qurğularında olan məlumat 5 aydan artıq saxlanılmadığından onları təqdim edə bilmir. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. İşin faktiki halları ilə aşağıdakılar müəyyən olunur: Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 12.11.2018-ci il taixli əmək müqaviləsinin surətindən görünür ki, iddiaçı Cəmiyyətin Loqistika şöbəsinə sürücü vəzifəsinə işə qəbul edilmiş, eyni zamanda, həmin tarixdə onunla “Tam maddi məsuliyyət haqqında” müqavilə bağlanmışdır. Cavabdeh MMC-nin Baş Direktoru Burhan Yasin Sevahil tərəfindən MMC-nin Həmkarlar İttifaqı Komitəsinin sədri X1 ünvanlanmış 30.10.2020 il tarixli təqdimatın surətindən görünür ki, Cəmiyyətin Loqistika şöbəsində sürücü vəzifəsində işləyən İddiaçı 29.10.2020-ci il tarixində Xırdalan ərazisində yerləşən Mərkəz lojistik müəssisəsindən yer təmizləmə aparatını götürüb mərkəz anbara qayıtmalı olduğu halda heç kimə məlumat vermədən müəssisəyə məxsus nəqliyyat vasitəsi ilə heç kimə məlumat vermədən nəqliyyat vasitəsini təmirə aparmış X3 adlı sürücünü mərkəz anbara gətirmək üçün təmir məntəqəsinə getmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Bununla əlaqədar olaraq İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinin tələblərini pozması səbəbi ilə əmək müqaviləsinə xitam verilməsi tələbini Həmkarlar İttifaqı Komitəsində müzakirəyə çıxarılmasını xahiş etmişdir. Cavabdeh MMC-nin Həmkarlar İttifaqı Komitəsinin 02.11.2020-ci il tarixli, Ümumi Yığıncağının protokolunun surətindən görünür ki, Loqistika şöbəsində sürücü vəzifəsində işləyən İddiaçı 29.10.2020-ci il tarixində etdiyi uyğunsuzluqla bağlı məsələsinə baxılmış, Komitə tərəfindən İddiaçıla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilməsi məqsədəuyğun hesab edilmişdir. Cavabdeh MMC-nin baş direktorunun 05.11.2020-ci il tarixli 2498 K nömrəli əmrinin surətindən görünür ki, Cəmiyyətin Loqistika şöbəsinin sürücüsü İddiaçı əmək müqaviləsinə 05.11.2020-ci il tarixindən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən, Əmək Məcəlləsinin 71.2-ci maddəsi (işçi özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə iş yerində işin, əmək və icra intizamının normal əhənginin pozulması) nəzərə alınmaqla xitam verilməsi əmr olunmuşdur. Məhkəmə belə nəticəyə gəlmişdir ki, əmək müqaviləsinə əmək qanunvericiliyinə əməl edilməklə xitam verildiyindən işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi barədə iddia əsassız olduğundan təmin oluna bilməz. Kollegiya hesab edir ki, məhkəmə işin müəyyən olunmuş hallarına əsasən düzgün olmayan nəticəyə gəlmişdir. Apelyasiya baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçının iş yeri Dərnəgül yolunda yerləşir, sonuncu iş yerindən Xırdalana avadanlığı götürmək üçün getmişdir, qayıtdıqda isə iş yoldaşı Faiq Ağayev avtoservisdən götürmüşdür, avtoservis isə iş yerindən təxminən 5 km məsafədə yerləşir. Cavabdeh tərəf iddiaçının 14:00-da Xırdalana getmək üçün iş yerindən çıxdığını təxminən saat 17:50-də qayıtdığını bildirir, iddiaçı isə 15:30-15:40 radələrində Xırdalana getdiyini, gedib-gəlmək üçün 2 saat vaxt sərf etdiyini, gəldikdə iş yoldaşı Faiq Ağayevi götürmək üçün 10-15 dəqiqə vaxt sərf etdiyini, 18:10-da işdə olduğunu bildirərək, maşında GPS qurğusunun olduğunu və qeyd etdiyi halların həmin qurğunun yaddaşındakı qeydiyyatda da öz təsdiqini tapdığını bildirmişdir. Kollegiya cavabdeh tərəfindən avtomobildə olan GPS qurğusunun məlumatlarını, həmçinin iddiaçının Xırdalan Logistik şöbəsinə giriş-çıxış vaxtlarını göstərən müvafiq qeydiyyat sənədinin təqdim edilməsi məqsədi ilə məhkəmə iclasını təxirə salsa da (əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi cavabdeh təşkilatla əlaqə saxlayıb, iddiaçının avtomobilində quraşdırlımış GPS qurğusunun 29.10.2020-ci il tarixə olan məlumatlarının məhkəməyə təqdim olunmasının mümkün olduğunu bildirərək, bunun üçün vaxt verilməsini xahiş etmiş və məhkəmə iclası məhz bu məqsədlə təxirə salınmışdır), hazırki məhkəmə iclasında cavabdehin nümayəndəsi GPS qurğusunda olan məlumatın, belə məlumatlar 5 aydan artıq saxlanılmaması səbəbilə təqdim edilməsinin mümkün olmadığını bildirmişdir. Cavabdeh qeyd edir ki, iddiaçının əmək funksiyalarına qarşı bu cür etinasız davranışına görə komendant saatının tətbiq edildiyi müharibə dönəmində mağazaların mal təminatında ciddi sıxıntılar yaşanmış, bir neçə mağazaya tələb olunan malların çatdırılması mümkün olmamışdır ki, nəticədə Cəmiyyətin iş ahəngi kobud şəkildə pozulmuşdur. Kollegiya qeyd edir ki, müharibə şəraitində olan hərbi hissələrin Bakı şəhərindən uzaq məsafədə yerləşdiyi məlum olan haldır, ona görə də uzaq məsafədə yerləşən hərbi hissələrə malın çatdırılmasının axşam saatlarında həyata keçirilməsi real və ağlabatan deyildir. Cavabdeh qeyd edir ki, iddiaçı həmin gün Xırdalan Lgistika şöbəsindən qayıtdıqdan sonra Bayıl qəsəbəsində yerləşən mağazaya mal çatdırmalı olduğu halda, etinasız davranaraq gec gəldiyi üçün bu mümkün olmamışdır. Bununla bağlı Kollegiya qeyd edir ki, cavabdeh yuxarıda qeyd edildiyi kimi istinad etdiyi hallara dair sübutlar təqdim edə bilməmişdir (iddiaçının 14:00-da işdən çıxması, 17:50-də qayıtmağı barədə, GPS qurğusundan məlumatları, iddiaçının Xırdalan Logistika şöbəsinə giriş-çıxışı barədə məlumatı), belə olan halda iddiaçının dəlilləri əsas götürülməklə, müəyyən edilir ki, iddiaçı təxminən saat 15:30-da iş yerindən Xırdalan logistika şöbəsinə getmək üçün çıxmışdır. Həmin saatlarda avtomobillərin hərəkətində, xüsusilə də Xırdalan və Bayıl istiqamətində yollarda daim sıxlıq olması nəzərə alınsa (həm də nəzərə alınmalıdır ki, iddiaçı Xırdalana gedib qayıtdıqdan sonra Bayıl qəsəbəsinə mal aparmalı olmuşdur, özü də bunu iş vaxtının qurtarmasınadək, yəni saat 18:00-a kimi etməli idi), iddiaçının Xırdalana gedib-qayıtdıqdan sonra Bayıl qəsəbəsindəki mağazaya malları çatdırması və iş yerinə qayıtmasının mümkün olması ağlabatan hesab edilə bilməz. İddiaçının Xırdalandan qayıdarkən iş yoldaşı Faiq Ağayevi götürməsi üçün çox vaxt sərf edilməsi inandırıcı və real deyildir, çünki iş yeri ilə sonuncunun olduğu yer arasında az məsafə (təxminən 5 km) olmuşdur. Bununla belə, iddiaçının işə qayıtmalı olduğu halda rəhbərliyə məlumat vermədən iş yoldaşını götürüb qayıtması işin mübahisəsiz halıdır və iddiaçı da bu halı mübahisələndirmir. Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci bəndinə görə bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrıayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Göründüyü kimi iddiaçının işə qayıtmalı olduğu halda rəhbərliyə məlumat vermədən iş yoldaşını götürüb qayıtması onun əmək funksiyasını pozması faktı kimi qəbul oluna bilər. Lakin yuxarıda şərh edilən müddəalara əsasən bu fakt hələ iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ƏM-nin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edilməsinə əsas vermir, çünki qanunvericilik tələb edir ki, bunun üçün ƏM-nin 71-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş nəticələr baş verməlidir. Cavabdeh bu nəticələrin baş verməsini, yəni həmin gün ordu üçün hazırlanmış bağlamaların çatdırılmaması və bir neçə mağazaya malların çatdırılmaması ilə əlaqələndirsə də, göstərilən bu xüsusatlar öz təsdiqini tapmamaqla yanaşı, həm də bunun nəticəsində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmasını, yaxud hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutlan araşdırmalı və onlardan istfadə etməlidir. Məcəlləsinin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Əmək Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə, yəni işçinin öz əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması hər bir halda deyil, yalnız konkret əsaslar olduqda əmək müqaviləsinin ləğv edilməsi üçün əsas ola bilər. Başqa sözlə, qanunvericilik tələb edir ki, tətbiq edilən hər bir norma törədilmiş pozuntunun xarakterinə və ağırlıq dərəcəsinə mütənasib olmalıdır. Digər bir tərəfdən, işin faktiki hallarını nəzərə alaraq Kollegiya qeyd edir ki, iddiaçının yuxarıda qeyd edilən əmək funksiyasını pozması müəyyən edilsə də, bu pozuntunun xarakteri və ağırlıq dərəcəsi onunla bağlanmış əmək müqaviləsinə ƏM-nin 70ci maddəsinin «ç» bəndi ilə (ƏM-nin 71-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş nəticələr baş vermədiyi üçün) ləğv edilməsinə mütənasib deyil. Bu halda, qanunvericilik işəgötürənə imkan verir ki, əmək intizamının pozulmasına görə işçi barəsində qanunvericiliklə nəzərdə tutulmuş alternativ intizam tənbeh tədbirlərindən birini tətbiq etsin. Kollegiya qeyd edir ki, iddiaçının marşrutdan yayınması müəyyən olunsa da, bu hal onun şəxsi maraqlarından yox, yaxın məsafədə olan iş yoldaşını götürmək istəyindən qaynaqlanmışdır və bunun üçün iddiaçı cəmi bir neçə dəqiqə vaxt itirmişdir. Qeyd olunanlara əsasən Kollegiya belə nəticəyə gəlir ki, cavabdehin 05.11.2020-ci il tarixli 2498 K nömrəli əmri ləğv edilməli və iddiaçıya işə bərpa olunduğu günədək buraxdığı məcburi iş müddəti üçün əmək haqqı verilməlidir. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə görə, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1261/2021 saylı iş üzrə 22 fevral 2021-ci il qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin olunsun. Cavabdeh MMC-nin 05.11.2020-ci il tarixli, 2498 K saylı əmri ləğv edilsin və İddiaçı Cavabdeh MMC-nin Loqistika şöbəsinə sürücü vəzifəsinə bərpa edilsin və məcburi iş buraxma müddəti üçün iddiaçıya əmək haqqı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5594/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5594/2021
16.06.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver