Məhkəmə qərarları › İş №2(103)-5595/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5595/2021

08.06.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5595/2021 08.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” ASC-nin Cavabdeh MMC-yə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Sosial Müdafiəsi Nazirliyi yanında X1) “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması, məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi” tələbinə dair 2(011)-996/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 19.02.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” ASC-nin Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 01.10.2020-ci il tarixli 91/k nömrəli əmrinin ləğv olunması və məcburi iş buraxma günləri üçün ona əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 13.01.2014-cü il tarixdə Cavabdeh MMC-nin 14 saylı hissəsində atıcı vəzifəsinə təyin olunmuşdur. 03.09.2014-cü il tarixdə 3 saylı mühafizə hissəsinin rəisi vəzifəsinə təyin olunmuşdur. 2019-cu ilin fevral ayında şəxsi heyətin ixtisar edilməsi ilə əlaqədar 3 saylı hissə 1 saylı bölmə adlandırıldığı üçün həmin tarixdə iddiaçı bölmə rəisi vəzifəsinə təyin olunmuşdur. İddiaçı həmin vəzifələrdə işlədiyi dövr ərzində bir dəfə də olsun intizam məsuliyyətinə cəlb olunmamış və heç bir qanunsuz hərəkətlərə yol verməmişdir. Əksinə bir çox nailiyyətləri olmuşdur. Belə ki, iddiaçı hissə rəisi işlədiyi dövr ərzində “xxxx” MMC-nin ərazisində 4 nəfər xarici ölkə vətəndaşı tutulmuşdur. Mühafizə işi iddiaçı tərəfindən düzgün təşkil olunduğu üçün əvvəlki rəhbərliyin dövründə hər ilin yekun iclaslarında iddiaçının adı həmişə qabaqcıllar sırasında çəkilmişdir. Obyekt ərazisində oğurluq hadisələri və neqativ hadisələr vaxtında aşkar olunaraq rəsmiləşdirilməklə zəruri tədbirlər görülmüşdür. Bir sözlə, mühafizə işi təlimatın tələblərinə uyğun şəkildə qurulmuşdur və iddiaçının rəhbərlik etdiyi hissənin şəxsi heyəti arasında ciddi nizam-intizam yaradılmışdır. Ancaq bütün bunlara baxmayaraq Vaqif İsgəndərov Cavabdeh MMC-nin direktoru vəzifəsinə təyin edildikdən “onun kadrı” olmadığı üçün iddiaçıya qarşı qərəzli münasibət bəslənilmişdir və bununla bağlı onların bir neçə dəfə məhkəmə çəkişmələri olmuşdur. Bundan sonra Cavabdeh MMC-nin direktoru Vaqif İsgəndərovun 01.10.2020-ci il tarixli, 91/k nömrəli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən qanunsuz və əsassız olaraq xitam verilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə görə, işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Cavabdeh MMC-nin direktoru Vaqif İsgəndərovun Cavabdeh MMC-nin yenidən təşkil olunması haqqında 28.02.2020-ci il tarixli, 40/k3 nömrəli əmri ilə Cavabdeh MMC-nin təsdiq olunmuş yeni idarəetmə strukturuna uyğun olaraq ümumi ştat sayı saxlanılmaqla Mərkəzi Aran, Şimal, Qərb, Bakı, Abşeron, Cənub, Şimal-Qərb və Şirvan regionları üzrə mühafizə xidmətləri yaradılmasına baxmayaraq bu günə kimi həmin mühafizə xidmətlərinin təşkili və fəailiyyəti həyata keçirilməmişdir. Həmçinin göstərilən əmrdə işçilərin sayının azaldılması və ya ştatların ixtisarı nəzərdə tutulmamışdır. Eyni zamanda iddiaçının işlədiyi mühafizə hissə rəisi vəzifəsinin böyük atıcı vəzifəsi ilə əvəz olunması əmrdə öz əksini tapmamışdır. İddiaçı həmçinin göstərmək istəyir ki, hazırda mühafizə bölməsinin rəisi vəzifəsinin icrası qarovul rəisinə həvalə edilmişdir. İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə göstərilmişdir ki, iddiaçıya böyük atıcı vəzifəsi təklif olunmuş, lakin iddiaçı iş təklifini qəbul etməmişdir. Məlumat üçün bildirir ki, onun işlədiyi mühafizə bölmə rəisi vəzifəsi 9-cu dərəcəli vəzifə hesab edilməklə, hazırda həmin vəzifədən aşağı 8-ci dərəcəli vəzifədə qarovul rəisi, yəni 7-ci dərəcəli vəzifədə isə nəzarətçi vəzifələri fəaliyyət göstərdiyi halda, iddiaçıya 3 dərəcə aşağı, yəni 6-cı dərəcəli böyük atıcı vəzifəsinin təklif olunması Cavabdeh MMC rəhbərliyinin iddiaçıya qarşı qərəzli mövqedə olmasını göstərir. Çünki iddiaçı ali təhsillidir və 30 ilə yaxın iş təcrübəsi vardır. Böyük atıcı vəzifəsi sıravi heyətə aiddir və həmin vəzifəyə təhsilli olmayan şəxslər təyin olunur. Bundan əlavə Cavabdeh MMC-nin 28.02.2020-ci il tarixli, 40/kş nömrəli və 01.10.2020-ci il tarixli, 91/k nömrəli əmrləri bir-biri ilə ziddiyyət təşkil edir. Belə ki Cavabdeh MMC-nin 01.10.2020-ci il tarixli, 91/k nömrəli əmrində ştat sayının azaldılması və hissə, bölmə və qrup rəisi vəzifələrinin böyük atıcı vəzifələri ilə əvəz olunması öz əksini tapdığı halda, 28.02.2020-ci il tarixli 40/kş nömrəli əmrdə hissə, bölmə və qrup rəisi vəzifələrinin böyük atıcı vəzifələri ilə əvəz olunması barədə bir cümlə belə yoxdur. Bu isə onu göstərir ki, Cavabdeh MMC-nin 28.02.2020-ci il tarixli 40/kş nömrəli əmrinin verilməsinə səbəb Vaqif İsgəndərovun iddiaçıya və digər qurum rəislərinə qarşı olan qərəzli mövqeyi və onları həmin vəzifələrdən kənarlaşdırmaq istəməsi olmuşdur. Əgər sözü gedən əmrdə işçilərin sayının azaldılması və ya ştatların ixtisarı nəzərdə tutulmamışdırsa, onda iddiaçının işlədiyi mühafizə bölmə rəisi vəzifəsi hansı şəkildə ləğv olunur. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 19.02.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddianın dəlillərinə uyğun əsaslandırılmışdır. Apellyasiya baxışı zamanı iddiaçı şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdehin təmsilçisi şikayətə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, işəgötürən “xxxx” ASC-nin Cavabdeh MMC ilə işçi İddiaçı arasında bağlanmış 13.01.2014-cü il tarixli əmək müqaviləsinə əsasən, İddiaçı 14 saylı mühafizə hissəsinə 4cü dərəcəli atıcı vəzifəsinə işə qəbul olunmuşdur. Əmək müqaviləsi 13.04.2014-cü il tarixədək bağlanmışdır. İşəgötürən “xxxx” ASC-nin Cavabdeh MMC ilə işçi İddiaçı arasında bağlanmış 03.09.2014-cü il tarixli əmək müqaviləsinə əsasən, İddiaçı 3 saylı mühafizə hissəsinə 10cu dərəcəli hissə rəisi vəzifəsinə işə qəbul olunmuşdur. Əmək müqaviləsi 03.12.2014-cü il tarixədək bağlanmışdır. Müqavilənin 8-ci bəndinə əsasən, müqaviləyə “01.03.2018-ci il tarixdən əmək haqqınn 485 manat təyin edilməsi, 12.02.2019-cu il tarixdən 1s/bölmə adlandırılması” barədə dəyişikliklər edilmişdir. “xxxx” ASC-nin Cavabdeh MMC tərəfindən işçi İddiaçı ünvanlandığı 06.05.2020-ci il tarixli iş təklifinin surətindən görünür ki, İddiaçı onun ştat vahidi əvəzinə yeni ştat vahidinin yaradıldığı bildirilmiş və ona Bakı regionu üzrə mühafizə xidmətində böyük atıcı vəzifəsi təklif olunmuşdur. Cavabdeh MMC-nin Həmkarlar İttifaqı Komitəsinin 11.06.2020-ci il tarixli, 22 saylı protokolundan görünür ki, bölmə rəisi vəzifəsində işləyən İddiaçı xəbərdarlıq müddəti başa çatdıqdan sonra işdən azad olunmasına komitənin öz razılığını bildirməsi qərara alınmışdır. HİK-nin sədri C.B.Abuşov tərəfindən Cavabdeh MMC-nin direktoru V.İ.İsgəndərova ünvanladığı məktubdan görünür ki, Həmkarlar İttifaqı Komitəsi bölmə rəisi vəzifəsində işləyən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə işdən azad olunmasına öz razılığını bildirmişdir. 06 may 2020-ci il tarixli aktın surətindən görünür ki, Cavabdeh MMC-də struktur dəyişikliyi barədə 02.03.2020-ci il tarixli, 16/k saylı əmrin icrası ilə əlaqədar İddiaçı Cavabdeh MMC-nin Bakı şəhərində yerləşən inzibati binasında keçirilən komissiyanın iclasına dəvət olunmuş və ona böyük atıcı vəzifəsi təklif olunmuşdur. Həmin aktın məzmunundan görünür ki, İddiaçı iş təklifini qəbul etməmiş, həmin vəzifədən imtina etmiş, hər hansı bir sənədin imzalamayacağını bildirmiş və iş təklifi haqqında bildirişi imzalamamışdır. “xxxx” ASC-nin Cavabdeh MMC tərəfindən işçi İddiaçı ünvanlandığı 06.05.2020-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, İddiaçı ona yeni iş barədə təklifini qəbul etmədiyinə görə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin tələbinə əsasən, müəssisədəki əmək stajı 5 ildən yuxarı olduğu üçün ona 6 həftə xəbərdarlıq müddəti verilmiş, həmin müddət ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla bir iş günü əmək funksiyasının icrasından azad olunması və verilmiş müddət bitdikdən sonra ona aylıq əmək haqqının 1,7 misli məbləğində müavinətin ödənilməsi barədə xəbərdar edilmişdir. 06 may 2020-ci il tarixli aktın surətindən görünür ki, İddiaçı Cavabdeh MMC-nin inzibati binasında struktur dəyişikliyi ilə əlaqədar vəzifəsinin ixtisar olunduğu barədə yazılı xəbərdarlıq verilmiş, o, xəbərdarlıqla tanış olmuş, lakin xəbərdarlığın surətinin götürməkdən və imza etməkdən imtina etmişdir. “xxxx” ASC-nin Cavabdeh MMC-nin 01.10.2020-ci il tarixli, 91/k saylı əmrin surətindən görünür ki, Cavabdeh MMC-nin 1 saylı mühafizə bölməsinin rəisi işləyən İddiaçı ilə əmək müqaviləsinə 01.10.2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən İddiaçı əmək haqqının 1,7 misli miqdarında işdənçıxma müavinətin və son haqq hesabın ödənilməsi əmr edilmişdir. 01.10.2020-ci il tarixli Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə 01.10.2020-ci il tarixli, 91/K saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə (işçilərin sayı və ştatları ixtisar edildikdə) əsasən xitam verilməsi 01.10.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bazasına daxil olunmuşdur. “xxxx” ASC-nin Cavabdeh MMC-nin fəaliyyətinin yenidən təşkil olunması haqqında 10.02.2020-ci il tarixli, DƏ42 saylı əmrin surətindən görünür ki, Cavabdeh MMC-də müasir standardlara cavab verən, səmərəli və operativ idarəetmə müxanizminin yaradılması məqsədilə idarəetmə strukturu təkmiləşdirilərək yenidən formalaşdırılması qərara alınmışdır. İş materiallarında olan “xxxx” ASC-nin Cavabdeh MMC-də struktur dəyişikliyi barədə 02.03.2020-ci il tarixli, 16/k saylı əmrin surətindən görünür ki, bölmə və hissələrin rəisi ştat vahidləri ləğv olunmuşdur. Həmin əmrin 4-cü bəndinə əsasən, ləğv olunmuş qrup, bölmə və hissələrin rəisi ştatı əvəzinə müvafiq region üzrə böyük atıcı ştatı yaradılmışdır. Əmək qabiliyyətinin olmaması vərəqələrinin surətlərindən görünür ki, İddiaçı 12.06.2020-ci il tarixdən 30.09.2020-ci il tarixədək xəstəliyi ilə əlaqədar işdən azad edilmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsinə əsasən, əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işəgötürən tərəfindən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsini ləğv edilə bilər. Qeyd edilən Məcəllənin 71-ci maddəsinə əsasən, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Məcəllənin 77-ci maddəsinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. 2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. 3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. 4. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. Əmək Məcəllənin 79.1-ci maddəsinə əsasən, işəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ qrup əlil ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Əmək Məcəllənin 80.1-ci maddəsinə əsasən, Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Belə ki, əvvəla, iddiaçıya 06.05.2020-ci il tarixdə yeni iş yeri təklif olunmuş, İddiaçı iş barədə təklifi qəbul etmədiyinə görə ona işəgötürən tərəfindən 6 həftə xəbərdarlıq müddəti verilmişdir. Bundan sonra, iddiaçı iddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, işəgötürən ona qarşı qərəzli olmuş, onu heç bir əsas olmadan işdən azad etmişdir. Lakin iddiaçı qeyd olunanlar arasında səbəbli əlaqənin olması ilə əlaqədar məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Digər tərəfdən məhkəmə iddiaçının yalnız mühafizə bölməsinin rəisi vəzifəsinə bərpa olunduğu təqdirdə işləməsi barədə dəlili ilə bağlı qeyd edir ki, işəgötürən işçini işdən azad edərkən yalnız yeni açılmış ştat vahidlərdən birini təklif edilməsində və sonradan ştat ixtisarı əsası ilə İddiaçılə əmək müqaviləsinə xitam verilməsində haqlı olmuşdur. Eyni zamanda qeyd edilir ki, Cavabdeh MMC əmək qanunvericiliyinin yuxarıda qeyd olunan müddəalarına uyğun olaraq işçi İddiaçılə əmək müqaviləsinə xitam vermişdir. Odur ki, məhkəmə hazırkı mübahisə üzrə işəgötürən tərəfindən əmək qanunvericiliyin hər hansı müddəalarının pozulmasını aşkar etməmişdir. İşçi İddiaçı ilə işəgötürən Cavabdeh MMC ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi qanuna uyğun olmuşdur. Qeyd edilənlərə əsasən, iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 19.02.2021-ci il tarixli, 2(011)-996/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar