Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5596/2021 05.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2, onların nümayəndəsi və vəkili Vəkil3, cavabdeh X4 nümayəndəsi X2, Cavabdeh2 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(011)-346/2021 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi, cavabdehin əsl cavabdehlə əvəz olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, nənələri X3 miras qalmış Bakı şəhəri, Xətai rayonu, 5-ci Qəsəbə küçəsi, 16 saylı evin-miras əmlakın qəbul edilərək vərəsəlik şəhadətnaməsi alınması üçün müddətin bərpa olunması, vərəsə kimi tanınmaları və paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(011)-346/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 birgə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmə tərəfindən mülki iş tam araşdırılmamış və qarşı tərəfin xeyrinə qanunsuz qətnamə qəbul edilmişdir. Belə ki, sözü gedən qətnamədə qeyd olunmuşdur ki, müddətin bərpa edilməsi üçün üzrlü hesab edilməli olan faktlar sübuta yetirilməmişdir. Halbuki, müddətin ötürülməsinə səbəb olan hallar sübutlara əsasən təsdiq edilmişdir. Müddətin ötürülməsinə səbəb olmuş halları nəzərə çatdırmaq istərdilər. Belə ki, onun (İddiaçı1) mərhum anası Nəsibə Dadaş qızı 05.08.2015-ci il tarixində vəfat elmişdir, mərhum anası ölümündən öncə 25.09.2012-ci il tarixində 18 saylı Notariat Ofisində bütün əmlakını ona vəsiyyət etmişdir. Bununla da, anası vəfatından sonra vərəsəsi olduğu əmlakı faktiki olaraq qəbul etmişdir. Bəli, doğrudur, o, rəsmi qaydada vərəsəlik hüququnu əldə etmək üçün anasının vəfatından sonra miras üzrə məcburi payların, eyni zamanda anasının vəsiyyətinə əsasən ona vəsiyyət edilmiş payının müəyyən edilməsi üçün müraciət etməmişdir. Çünki, buna səbəb olacaq hər hansı bir addım cavabdehlər tərəfindən atılmamışdır. Anasının sağlığında, onun ölümündən sonra da vərəsə kimi payından istifadə etmiş, həmin evə gediş-gəlişi olmuş, hətta həmin evdə qonaqda qəbul etmişdilər. Lakin mərhum həyat yoldaşı X10 2019-cu ildə vəfat etdi. Onun səhhətində baş verən kəskin pisləşmə səbəbindən daimi qulluğa ehtiyacı vardı, buna görədə həmin zaman ərəfəsində bir neçə ay sözü gedən evə gedə bilməmişdir. Belə ki, həmin evdən istifadə etməyə fürsəti olmamışdır. Həyat yoldaşının vəfat etdiyi zaman 40 mərasimdən sonra həmin evə getmək istədikdə isə cavabdehlər tərəfindən polis əməkdaşları çağırılmış, onun həmin evdən məcburi şəkildə çıxarılmağını tələb etmişdirlər. Həmin gündən sonra sözü gedən evə daxil ola bilmir. Bundan sonra, cavabdehlər tərəfindən məcburi payı olan əmlak üzərində onun hüquqları məhdudlaşdırmağa başladı. Belə ki, həmin əmlakın qapı kilidi cavabdehlər tərəfindən dəyişdirilmiş, faktiki olaraq onun həmin əmlakdan istifadə hüququ həyata keçirməyinə yönəlmiş bütün maneələrə əl atılmışdır. Həmçinin, o, da (İddiaçı2) anasının sağlığında anasını məxsus, hal-hazırda vərəsəlik qaydasında ona çatmalı olan əmlakdan istifadə etmiş, həmin fərdi yaşayış evinə tez- tez ziyarət etmişdir. Vərəsəsi olduğu əmlakı faktiki olaraq qəbul etmişdir. Bəli, doğrudur, rəsmi qaydada vərəsəlik hüququnu əldə etmək üçün anasının vəfatından sonra vərəsə üzrə məcburi payların müəyyən edilməsi üçün müraciət etməmişdir. Çünki, buna səbəb olacaq hər hansı bir addım cavabdehlər tərəfindən atılmamışdır. Anasının sağlığında sözü gedən miras payından istifadə etmiş, gediş-gəlişi olmuşdur. Lakin mərhum anası X11 17.07.2018-ci il tarixində vəfat etmişdir. Həmçinin, 2018-ci il tarixində atasının beyninə qan sızması nəticəsində yataq xəstəsi oldu. Onun səhhəti ilə bağlı daimi qulluğa ehtiyacı olduğundan qızı kimi onun qulluğunda durmuşdur. 2020-ci ilin mart ayında atası mərhum Əliyev Şa-Əli Nadir oğlu rəhmətə getdi. Atasına qulluq etdiyi 2018- 2020-ci illər ərzində daimi olaraq mübahisə predmeti olan evdən istifadə edə bilməmişdir. Məhz buna görədə, anasının vəfat etməsindən sonra cavabdehlər tərəfindən məcburi payı olan əmlak üzərində onun hüquqları məhdudlaşdırmağa başladı. Beləki, həmin əmlakın qapı kilidi cavabdehlər tərəfindən dəyişdirilmiş, faktiki olaraq onun həmin əmlakdan istifadə hüququ həyata keçirməyinə yönəlmiş bütün maneələrə əl atılmışdır. Beləliklə, hadisələrin belə cərəyan etməsindən sonra onlar analarının miras payı üzrə onların payları olan miras əmlak üzərində qanunvericiliklə müəyyən edilmiş hüquqları pozulduğundan rəsmi qaydada miras əmlak olan Bakı şəhəri, Xətai rayonu, 5-ci qəsəbə küçəsi, 16 saylı ev üzərində məcburi payı müəyyən edilərək miras əmlakın qəbul edilməsinə dair ötürülmüş müddətin bərpa edilməsi üçün ərizə ilə tərəfindən məhkəməyə müraciət olunmuşdur. Beləliklə, qeyd olunan faktiki halları əsaslandıran zəruri sənədlər (ölüm haqqında şəhadətnamələrin surəti, xəstəliyə dair sənədlər) məhkəməyə təqdim edilərək sübuta yetirsədə, qətnamə qəbul edilərkən göz ardı edilmiş, bununla ədalətli nəticəyə gəlinməmişdir. Qətnamə qəbul edilərkən həqiqəti əks etdirməyən faktlara əsaslanmışdır. Beləki, həmin qətnamədə iddiaçıların iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olduğunu təsdiq etmək üçün ilk növbədə əmlaka mirasqoyanın mülkiyyət və ya digər əmlak hüquqularının mövcud olduğunu təsdiq edən sübutlar təqdim etməli olduqları halda bunu edə bilməmişlər, absurd əsaslandırma öz əksini tapmışdır. Bununla da, mübahisəli əmlakın müvafiq dövlət reyestrindən qeydiyyatdan keçməməsi guya nənələri X5 qanuni əsaslarla mülkiyyətində olmaması təsdiq edilmişdir. O zaman ortaya belə bir sual çıxır. Necə ola bilər ki, müvafiq dövlət reyestrdən qeydiyyatdan keçməmiş fərdi yaşayış evi üzərinə Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən həbs qoyulur? Bu sualın yalnızca bir cavabı vardır, mübahisəli fərdi yaşayış evi müvafiq dövlət reyestrdən qeydiyyatdan keçmişdir, bununlada Reyestr Xidməti tərəfindən daşınmaz əmlak üzərinə həbs qoyulmuşdur. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Vəkil3 bildirdi ki, məhkəmə qətnaməsində müddətin ötürülməsi məsələsini vurğulayıb. Amma qeyd etdikləri kimi, hər iki iddiaçı analarının vəfatından sonra evə gedib-gələrək miras əmlakı faktiki qəbul ediblər. Digər məsələ isə subyektiv hüququn olmaması ilə bağlıdır. Belə ki, ilkin qeydiyyat sənədlərinin olması bu evə subyektiv hüququn yaranmasına heç bir maneçilik yaratmır. Bundan başqa, məcburi pay məsələsinə də münasibət bildirilməmişdi. İşə rayon məhkəməsində baxılarkən məhkəmə mübahisəli evə yerli baxış keçirmişdi. Müəyyən olundu ki, nənələri Səlimə hələ sağlığında bütün övladları üçün orada tikili ayırmışdı. Hətta İddiaçı1 da orada anası ilə yaşayıb, böyüyüb, oradan ərə gedib. Əmlak Komitəsi əraziyə yerli baxış keçiriə bilmədiyindən onlara imtina məktubu vermişdi. Məhkəmə iclasında İddiaçı1 apellyasiya şikayətini müdafiə etdi, həmçinin bildirdi ki, qarşı tərəfin tövlə dediyi evdə, böyümüş, anası ilə birlikdə yaşamışdır. Anası da həmin evdə vəfat edib. Məhkəmə iclasında İddiaçı2 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh X4 nümayəndəsi X7 apellyasiya şikayətinə etiraz edərək bildrdi ki, 2002-ci ildə Tərlanla ailə qurmuş və o evə gəlin gələndən iddiaçıları görməmişdir. Baldızı da atasının sağlığında ailə qurub, 2017-ci ilə qədər 3 uşağı ilə birlikdə o evdə qeydiyyatda olub. Daha sonra isə qeydiyyatdan çıxıb. Bir qaynı da olub, amma vəfat edib. Heç bir vərəslik söhbəti olmayıb, o, evə gələndə iddiaçıları görməmişdir. Elmiranın anası onların evində vəfat etməyib. Elmira da onlarda yaşamayıb. Anası boşanıb gəldiyi üçün bir müddət onların evində sığınacaq kimi yaşayıblar. Digər iddiaçı Dürdanəni isə ümumiyyətlə tanımır, bu proseslər olanda bildi ki, ərinin belə bir bibisi var, onun da Dürdanə adlı qızı var. Onların evdə yalnız qaynatası, onun anası və qaynı rəhmətə gedib. Başqa onların evində heç kimin yası olmayıb. Nənəsini saxlayan onun qaynatası olub, yasını da o, keçirib. Əri ilə orada özbaşına tikililər aparmışlar, kommunal xərclər də ərinin adınadır. Əvvəl orada tövlə kimi tikili olub, yoldaşı ilə orada artırma aparmışdılar. Məhkəmə iclasında Cavabdeh2 da apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, Elmira vəfat edəndə qızının evində vəfat edib, orada yaşayıb. 1995-ci ildə ailə qurmuşdur. 2017-ci ilə kimi orada qeydiyyatda olmuş və orada yaşamışdır. Bir həyətdə ayrı evdə, tövlə deyilən yerdə yaşamışdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən qənanətini belə əsaslandırmışdır ki iddiaçılar belə bir iddia qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olduğunu təsdiq etmək üçün ilk növbədə mübahisəli əmlaka mirasqoyanın mülkiyyət və ya digər əmlak hüquqlarının mövcud olduğunu təsdiq edən sübutlar təqdim etməli olduqları halda bunu edə bilməmişdirlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 isə müddətin buraxılmasının yeganə sübut qismində qanunu bilməmələrini əsas gətirmiş, məhkəməyə İddiaçı1 həyat yoldaşı X6 və İddiaçı2 atası Əliyev Şa-Əli Nadir oğlunun xəstəlikləri ilə bağlı vərəsəliyin rəsmiləşdirilməsi müddətini ötürdükləri barədə xəstəlik tarixçələrini təqdim etmişlər. X1 10.11.1994-cü ildə vəfat etmişdir. Mülki Məcəllənin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Belə olan halda, 10.11.1994-cü il tarixi mirasın açıldığı vaxt hesab olunur. Məhkəmə tərəfindən müəyyən edilir ki, mirasın açıldığı vaxt iddiaçıların anaları sağ olmuş, mirasın açıldığı yerdə olmuş, deməli qanunla müəyyən olunmuş mirasın qəbulu üsullarından istifadə etməklə mirası qəbul etmək üçün müəyyən hərəkətləri etməyə imkanları olmuşdur. Bundan əlavə, Nəsibə Dadaş qızı miras açılandan 11 il, X11 14 il sonra vəfat etmələrinə baxmayaraq, öz sağlıqlarında mirasın onların adlarına rəsmiləşdirilməsini həyata keçirməmişdir. MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Lakin iddiaçılar mərhum analarının mirası faktiki üsulla qəbul etdiyini bildirmələrinə baxmayaraq, bu dəlillərini hər hansı sübutla təsdiq edə bilməmişlər. Araşdırılmış sübutlarla Bakı şəhəri, Xətai rayonu, 5-ci Qəsəbə küçəsi, 16 saylı fərdi yaşayış evinin müvafiq dövlət reyestrində qeydiyyatdan keçməməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 nənələri X5 qanuni əsaslarla mülkiyyətində olmaması təsdiq edilmişdir. Həmçinin, iddiaçılar tərəfindən mirasın qəbul olunmuş sayılması barədə iddiaları qanunvericiliklə nəzərdə tutulmuş müddətin buraxılması ilə verilmiş, müddətin buraxılmasının üzrlü səbəbləri barədə heç bir mötəbər sübut təqdim edilməmişdir. Ona görə də, iddia tələbi əsassız olduğuna görə rədd edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilməməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq iddianın təmin edilməməsi hissəsində yol verdiyi pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən qətnamə mübahisələndirilən hissədə yoxlanılmalıdır. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır(MPM. mad. 217.2). Miras qoyduğu iddia olunan X9 10.11.1994-cü ildə lmüşdür. Demək qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin dövrdə qüvvədə olan 1964-cü ildə qəbul edilmiş Mülki Məcəllənin 552-ci maddəsində göstərilir ki, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Həmin Məcəllənin 554-cü maddəsinə əsasən isə qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsə, vərəsəlik açıldıqdan sonra onu qəbul edənə qədər ölərsə, ona çatası miras payını almaq hüququ, onun vərəsələrinə keçir. Ölmüş vərəsənin həmin hüququ mirası qəbul etmək üçün qalan müddət ərzində, ümumi əsaslar üzrə , onun vərəsələri tərəfindən həyata keçirilə bilər. Müddətin qalan hissəsi üç aydan az olduqda, həmin müddət üç aya qədər uzadılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 18 iyul 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, ...əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir... Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “E.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə kollegiyasının 06.11.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03.11.2008-ci il tarixli qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “Əvvəlki MM-nin 78-ci maddəsinə əsasən iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Əvvəlki MM-nin 77-ci maddəsi iddia müddətləri ilə bağlı məsələlərin həllini tərəflərin iradəsindən asılı olmayaraq birbaşa məhkəmənin səlahiyyətinə aid edir, 82-ci maddəsi isə iddia qaldırılana qədər bu müddətin keçməsini iddianı rədd etmək üçü əsas kimi müəyyənləşdirirdi. Sadalanan normalar, həmçinin iddia müddətinin axımının başlanğıcının düzgün müəyyən edilməsinin tərəflərin hüquq və qanuni mənafelərinə təsiri məhkəmənin bu anı yalnız mötəbər sübutlara əsaslanmaqla təyin etməsi zərurətini ortaya çıxarır. İşdə olan Daşınmaz Əmlakin Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 06.10.2020-ci və 21.10.2020-ci il tarixli məlumatlarına(bax.i.v.109;120) əsasən Bakı şəhəri, Xətai rayonu, 5-ci Qəsəbə küçəsi, 16 saylı ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Düzdür, işdə olan 1962-ci ildə tərtib olunmuş "Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyasına və qiymətləndirilməsinə aid pasport"un və “Evlər idarəsi üzrə texniki inventarizasiyasının ev sahibliyinin” kartoçkasına əsasən Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış məntəqəsi, 5-ci Qəsəbə küçəsi, 16 saylı evin sahibi kimi X9 qeydiyyata alınmışdır. Ancaq qeyd olunan evin miras əmlak kimi qəbul edilməsi üçün onun mütləq formada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi tələb olunur. Əks halda qeydiyyatdan keçməyən, başqa sözlə dövlətin bugünədək qəbul edib və hansısa şəxsin adına qeydiyyata almadığı bir tikiliyə(daşınmaz əmlaka) vərəsəlik hüququ üzrə miras əmlak kimi hansısa şəxsə vərəsəlik hüququnun tanınması mülki dövriyyədə xaos yaradar ki, bu da yolverilməzdir. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayəti üzrə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(011)- 346/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5596/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5596/2021
05.07.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver