Məhkəmə qərarları › İş №2(103)-5598/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5598/2023

21.12.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5598/2023 21.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla) “ümumi istifadədə olan sanitar və köməkçi istifadə sahələrinə istifadə hüququnun tanınması və bu sahələrdən istifadə qaydalarının müəyyən olunması” tələbinə dair birinci, İddiaçı Cavabdeh qarşı “maneənin aradan qaldırılması” tələbinə dair ikinci mülki iş üzrə (Açar sözlər: istifadə hüququ tanınması, maneənin aradan qaldırılması) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla) “ümumi istifadədə olan sanitar və köməkçi istifadə sahələrinə istifadə hüququnun tanınması və bu sahələrdən istifadə qaydalarının müəyyən olunması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-857/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən və İddiaçı Cavabdeh qarşı “maneənin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e- 2(009)-1557/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. ünvan 3in 9, 12, 14a saylı mənzillərinin mülkiyyətçisi Cavabdeh, 9a saylı mənzilinin mülkiyyətçisi İddiaçıdur. Həmin ünvan üzrə 12 a və 11 saylı mənzillərin mülkiyyətçiləri isə digər şəxslərdir.

2. İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən idarənin mütəxəssisləri tərəfindən ünvan 3in həyətinə baxış keçirilmiş və baxış zamanı həyətin texniki göstəricilərini əks edən sənəddə özbaşına tikililərin olmasını müəyyən etmək mümkün olmamışdır.

3. İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mənzilkommunal və Təmir Xidmətinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən mühəndislər tərəfindən ünvana yerində baxış keçirilmiş və ünvan 1ətçisi Cavabdeh tərəfindən qonşuların razılığı əsasında mənzilin girişinin və bir tavanının taxta konstruksiyasının istismara tam yararsız olduğu üçün 2006-cı ildə inşaat norma və qaydalarına uyğun olduğu bərpa-təmir işlərinin apardığı məlum olmuşdur.

4. İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mənzilkommunal və Təmir Xidmətinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən mühəndislər tərəfindən ünvanda araşdırma işləri aparılmış və binanın ümumi istifadə sahələrinə aid edilən girişdən sağda işlək vəziyyətdə olan sanitar-qovşaq (hamam), işlək vəziyyətdə olan 1 ədəd sanitarqovşaq (tualet), işlək vəziyyətdə olan 1 ədəd sanitar qovşağının sahə ölçülərinin binanın arxiv sənədlərindən çıxarışın surətindəki sahə ölçüləri ilə uyğunluğu müəyyən edilmişdir.

Birinci iş üzrə birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı Cavabdeh qarşı iddia və iddia tələbinin dəyişdirilməsi barədə ərizələrlə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, nəticədə ünvan 2 ünvanında 1ci mərtəbədə, girişdən sağda işlək vəziyyətdə olan 3.5 kv.m sahəli sanitar qovşağın (hamam) 12 saylı mənzilin mülkiyyətçisi Cavabdeh bütün növ sanitar xidmətləri üçün tam istifadəsinə verilməsi, ünvan 2 ünvanda 1-ci mərtəbədə, girişdən sağda 3-cü qapılı işlək vəziyyətdə olan 1.2 kv.m. sahəli sanitar qovşağın 9A mənzilin mülkiyyətçisi İddiaçı hamam otağı kimi tam istifadəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2, 9A saylı mənzili xx.xx.2016-cı il tarixdə alqı-satqı yolu ilə almış və bu barədə ona çıxarış verilmişdir. ünvan 2-ün həyətinə girişdə 1-ci mərtəbədən sağda, pilləkənə qədər 2-ci, 3-cü, 4-cü qapılı ardıcıl yerləşən 1 kv.m. sahəli iki sanitar qovşağı və təxminən 2 kv.m. sahəli mətbəx otağı mövcuddur. Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli, 132 nömrəli qərarı ilə təsdiq edilmiş 3 saylı əlavə üzrə, 2545 inventar nömrəli yerli əhəmiyyətli tarixi abidə olan, Mirzə Mənsur küçəsi, 94 saylı evin 9 (reyesrt № И011002634-05101- 093001), 12 (reyestr № **********2-05101- 093003) və 14a (reyestr № **********22-05101- 093002) saylı mənzilləri mülkiyyət hüquqlan ilə cavabdehə məxsusdur. Bina iki mərtəbəli, ümumi yaşayış qaydalı olmaqla, həyətdən və istifadə sahələrindən ibarətdir. ünvan 2, mənzil 9A, 14a saylı mənzil 1-ci mərtəbədə, 12 və 9 saylı, eləcə də, ona məxsus 9a saylı mənzil 2-ci mərtəbədə yerləşir. 2-ci mərtəbədə yerləşən 12, 9 və 9a saylı mənzillər ümumi istifadə eyvanı ilə əhatələnməklə, 1-ci mərtəbədə yerləşən 14a saylı mənzilin tam üzərində yerləşir. Cavabdehə məxsus mənzillərdə daxildə sanitar xidmətlər rəsmiləşdirilib, 9A mənzilində isə yox. Ona məxsus 9a saylı mənzil, cavabdehə məxsus ünvan 2-də yerləşən 9 saylı mənzilin bölünməsi yolu ilə yaranmışdır. Ona məxsus ünvan 2, mənzil 9A 1 yaşayış otağından və giriş hissədən ibarət, (ayaqyolu) sanitar istifadə sahəsi həyətdə olmaqla hələ özəlləşdirmə alınanadək mövcud olmuş və son hadisələrə qədər bu cür istifadə edilmişdir. Sanitar qovşağı mənzilin natural hissəsindən ayrı olmaqla həyətdə yerləşməsi mövcud olan texniki sənədlərdə də qeyd edilmişdir. Hazırda Cavabdeh ona qarşı iddiası üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-720/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ona məxsus ünvan 3in 9 a saylı mənzilində özbaşına tikilmiş sanitar qovşağı (hamam otağı) sökülməli və mənzildə texniki sənədlərdə olmayan kommunikasiya xətləri mətbəxt xətləri) ləğv edilmişdir. Hazırda o, ünvan 2, 9A saylı mənzildə yaşasa da, sanitar sahələrə malik deyil, belə ki, məhkəmə qətnaməsi ilə bu sahələr sökülməlidir. Bu barədə cavabdeh məhkəməyə verdiyi iddia ərizəsində də göstərir ki, ünvan 3in 9 a saylı mənzilində özbaşna tikilmiş sanitar qovşağı sökülməli və mənzildə texniki sənədlərdə 9A saylı mənzilin həyətində ümumi istifadədə olmuş sanitar istifadə sahəsindən istifadə etməlidir. Hansı ki, cavabdeh özü də bu sanitar hissədən zərurət olmadan istifadə edir, ondan icazəsiz qapısını dəyişir, o isə istifadə etmir. O bu mənzili alarkən həmin sahələrin ümumi istifadədə olması ondan gizlədilibdir. Bu günə kimi ona bu barədə bilrilməmişdir. Son zamanlar ona məlum olub ki, bu sahələr ümumi istifadədə olmuşdur. 14 oktyabr qətnaməsində irəli gələn zərurətdən bu sahələr onun mənzilinə aid edilməli və onun istifadəsinə verilməlidir. Eyni zamanda, onun mənzilinin ümumi sahəsinə daxil edilməlidir. O hazırda mənzilini sanitar qovşağından (hamam otağı və mətbəx istifadədən) məhrum olunmuşdur. Hazrda ünvan 2-ün həyətində əvvəllər ümumi istifadələrində olmuş sanitar qovşağı (1 kv.m. hamam otağı və 1,7 kv.m. mətbəx) onun mülkiyyətinə və istifadəsinə verilməsi zəruridir. Çünki yuxarıda qeyd olunan məhkəmə qətnaməsinə əsasən onun 9A saylı mənzildə tikdiyi mətbəx və hamam sökülməlidir. Ona məxsus ünvan 2-ün həyətində ümumi istifadədə olan sanitar qovşağı (1 kv.m. hamam otağı və 1,7 kv.m. mətbəx) 9A saylı mənzilin və cavabdehə məxsus digər mənzillərin mətbəx və hamam otağı kimi ilk vaxtlardan ümumi istifadədə olmuşdur. İndi də həmin ərazi ümumi istifadə hissəsi kimi onun istifadəsinə və mülkiyyətinə qaytarılmalıdır ki, o, oradan istifadə edə bilsin. Cavabdehin də həmin ərazidən istifadə etməsinə etiraz etmir.

7. İddiaçı ərizəsinə əsasən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

8. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, 94 saylı, ümumi yaşayış qaydalı bina, 6 (altı) payçı olmaqla, giriş dəhliz, həyət, su kranı, pilləkən qövsü, ikinci mərtəbə üzrə ümumi keçid eyvanı və üç ədəd sanitar qovşaqdan ibarət ümumi istifadə sahələri ilə məhdudlaşır. 14a saylı mənzil 133.2 kv.metr olmaqla, 12 saylı mənzil 36.4 kv.metr olmaqla, 9 saylı mənzil 31.4 kv.metr olmaqla ona, 9a saylı mənzil 38.3 kv.metr olmaqla - iddiaçıya, 12a saylı mənzil 31 kv.metr olmaqla - Emin həkimə, 11 saylı mənzil isə 98 kv.metr olmaqla - Abdinbekovlara (ailə tərkibi 6 nəfər) məxsusdur. Onun bina üzrə ümumi mülkiyyət payı 201 kv.metrdir. İddiaçının mülkiyyət payı 38.3, diğər mülkiyyətçilərin ümumi mülkiyyət payı isə təxminən 129 kv.metr olmaqla, bina üzrə ümumi mülkiyyət payı 368 kv.metr, faiz nisbəti üzrə isə onun payı (201x100:368) 54.6195652, yuvarlaq olaraq 55%, iddiaçının payı 10.4076086, yuvarlaq olaraq 10%, digər mülkiyyətçilərin ümumi payının faiz nisbəti isə 35%-dir. Sanitar qovşaqlardan biri iddiaçının, digər ikisi isə onun, eləcə də, digər paylar üzrə istifadə hüquqları olan mülkiyyətçilərin qanun üzrə istifadəsindədir. Deməli, iddia olunan sanitar qovşaqlar üzrə iddiaçının istifadə payı, qanuni yanaşmada 10% edir, hətta iddiaçının payını bir sanitar qovşaq üzrə mübahisələndirilərsə belə, bu, 30% edir ki, bu da sonuncunun, sözügedən sahəni tamahkarcasına zəbt etdiyi və qanundan kənar olaraq öz texniki pasportuna saldırılması anlamına gəlir. Əvvəlki mülkiyyətçi, iddia ərizəsində qeyd edilən və iddiaçının mənzilinə ən yaxın olan sanitar qovşaqdan istifadə hüquqları ilə istifadə etmiş, mənzili satarkən isə düzgün olaraq, istifadə sahəsini, istifadə hüquqlarına uyğun olaraq, yeni mülkiyyətçiyə təhvil vermişdir. İddiaçı isə heç bir əsas olmadan və payçılarla razılaşdırma belə aparmadan sözügedən sanitar qovşağı, 2016-cı ildə öz texniki pasportuna qeyd etdirmiş və bununla da öz aləmində guya ki, sahə üzərində mülkiyyət hüquqları əldə etmişdir. Əslində isə sözügedən sanitar qovşaq (şərti olaraq 1-ci), eləcə də, digər iki sanitar qovşaqlar, hələ uzun illər əvvəl payçıların aralarında apardıqları bölgü üzrə, eləcə də, özəlləşdirmə dövründən sonrakı müddət üzrə belə idarə edilmiş, mülkiyyətçilər dəyişdikdə isə, yeni mülkiyyətçiyə istifadə hüquqları ilə təhvil verilməklə, həmçinin ümumi əmlakın saxlanılması qaydaları izah edilmişdir. Bəzi mənzillər üzrə, Qoruq İdarəsi və bəzi mənzillər üzrə isə həm Qoruq idarəsi, eləcə də, qonşularla razılaşdırma aparılmaqla, yaşayış sahələrinin yenidən qurulması aparılmış və sanitar qovşaqlar qanunvericiliyə uyğun olaraq mənzil daxilində təşkil edildiyindən, ümumi istifadədə olan sanitar qovşaqlar, bilavasitə daha çox ehtiyacı olan payçıların istifadəsinə verilmişdir. Misal olaraq, iddiaçının, kiçik payla (ümumi payın 10%-i) bir sanitar qovşaqdan tək istifadə etməsini göstərə bilər. Baxmayaraq ki, iddiaçının sözügedən sanitar qovşağı qanunsuz olaraq öz texniki pasportuna saldırması faktı mövcuddur, lakin bu hal payçıların, məlum vəziyyətdə isə onun, bu və ya başqa şəkildə qanunla qorunan hüquqlarına və mənafeyinə, hazırki zaman kəsiyində, zidd olmadığına görə məsələyə dözümlü yanaşmışdır, lakin ümumi payçıların qərarından sonra məsələyə qanuni yanaşma tələb edilməkdədir. Digər tərəfdən, ona məxsus iki otaqdan ibarət 12 saylı mənzilin bir otağı və hissəsi 2-ci mərtəbədə, digər otaq və hissəsi isə 1-ci mərtəbədə yerləşməklə, mülkiyyət hüquqları, həm əvvəlki mülkiyyətçilər, eləcə də hazırki dövr üzrə tanınmışdır. 12 saylı mənzilin 1-ci mərtəbədəki hissəsinə ən yaxın olan sanitar qovşaq (şərti olaraq 3-cü) isə bütün bu dövrlər ərzində sözügedən mənzilin istifadəsində olmuş və komunal təhcizatını da oradan götürmüş və götürməkdədir. Digər sanitar qovşaq (şərti olaraq 2-ci) isə ən böyük mənzil olan 14a-nın istifadəsindədir, çünki sözügedən mənzildən naturaca ayrı yerləşən 7 kv.m. istifadə sahəsi mövcuddur ki, bu sahə də ayrıca idarə olunur və kommunikasiya ödəyicisidir. Həmçinin sözügedən sanitar sahə, eləcə də 9 saylı mənzil üçün keçərlidir. Ortada yerləşən və şərti olaraq 2-ci kimi adlandırdığı sanitar qovşaq, iddiaçı istisna olmaqla, digər qonşular üçün və həyətə gələn (ustalar, komunal xidmət işçiləri, xlor satan, yuxa satan, azyaşlı uşaqlar, turistlər və s.) şəxslər üçün də xidmət edir. Onun istifadəsində olan 2-ci və 3-cü sanitar sahələrin təmiri və saxlanması, eləcə də ümumi həyətin saxlanma xərcləri, bütün dövrlər üzrə onun tərəfindən aparılmışdır. İddiaçının isə özünün, 1-ci kimi adlandırdığı sanitar qovşağı olduğundan və bu sahə hələlik yalnız 9a-ya xidmət etdiyindən, digər istifadə sahələri üzrə iddia irəli sürülməsi qərəzlidir və yolverilməzdir. Eləcə də, iddia ərizəsində qeyd edilən bir neçə yalan məlumata münasibət bildirərək, aşağıdakıları qeyd etmək itəyir. İddiaçı yazır ki, guya o, iddiaçıya aid olan sanitar qovşaqdan (1-ci) zərurət olmadan istifadə edir, hansı ki, həmin sanitar qovşaq təmirsiz olduğundan, oradan normal istifadə etmək belə mümkün deyil, nə suyu var, nə də ki, işığı. Həm də ki, düz onun yanında təmirli və istifadə qaydaları ilə özünə aid sanitar sahə olduğu halda... Daha sonra iddiaçı bildirir ki, o, iddiaçıya aid olan məlum sanitar qovşağın qapısını dəyişdirmişdir və o, həmin sahədən istifadə edə bilmir. Həqiqətən də o həmin sahənin tam yararsız olan qapısını dəyişdirərək, yeni plastik qapı ilə əvəzləmiş, açarları isə hələ birinci məhkəmə prosesində, yerli baxış dövrü, hakimin şahidliyi ilə tərəfə təqdim etmişdir. Onu da bildirir ki, iddiaçı həmin sanitar qovşaqdan istifadə etmədiyindən, ümumi əmlakın lazımı qaydada saxlanılmaması və baxımsızlıqdan, məlum sahə pis vəziyyətdə olmuş (köhnə qapının bağlanmaması və müxtəlif ünvansız istifadələr) və antisanitar vəziyyətin qəbuledilməzliyi səbəbindən, o düzgün olaraq, ümumi yaşayış sahəsinin tələblərini nəzərə almaqla, tərəfin hərəkətsizliyi nəticəsində, aidiyyəti qurumu məlumatlı etməklə və iki yüz manat xərcləməklə, qapını yeniləmişdir. Bununla əlaqədar iddiaçı, Qoruq idarəsinə “tarixi əhəmiyyətli qapı” barədə yazmış və hərəkətlər rəsmiləşdirilmişdir. Daha sonra iddiaçı yazır ki, mənzili alarkən həmin sahələrin ümumi istifadədə olması ondan gizlədilmişdir. Baxmayaraq ki, bu sual bir başa cavabdehə ünvanlanmamışdır, lakin cavab olaraq bildirir ki, iddiaçı çox saylı ərizə və şikayətlərində özü bildirir ki, sözügedən sahə, ümumi həyət sahəsində ümumi istifadədə olan və təməli 9a mənzilinin köhnə sahibi Göranboylu Mehman tərəfindən qoyulmuş sahədir. Həmçinin həmin sahəni, qanunsuz olaraq texniki pasporta saldırır, lakin nədənsə əvvəlki mülkiyyətçinin dediyi məlum sahənin mənşəyi barədəki sözlər, iddiaçının yadından çıxır... Həmçinin iddia ərizəsində bildirilir ki, guya cavabdeh sahələrin birini mətbəx kimi istifadə edir. Baxmayaraq ki, bunun iddiaçıya heç bir dəxli yoxdur, lakin bildirir ki, məlum sahələrdə heç bir mətbəx yoxdur və o, sözügedən sahələrdən yalnız təinatı üzrə istifadə edir. Daha sonra iddiaçı, öz ərizəsində məlum istifadə sahələrinin, sonuncunun istifadəsinə və xx.xx.2023-cü il tarixli ərizəsilə mülkiyyətinə verilməsi kimi absurd iddiaları yenidən irəli sürür, lakin bu absurd iddiaların qanunvericilik üzrə əsaslandırılmasını izah edə bilmir, iddiaçının bəzi düzəlişlərdən sonrakı tələbi üzrə “istifadə hüquqlarının tanınmasına gəlincə isə, bildirir ki, istifadə hüquqları paylı mülkiyyətçilər arasında, qanunla, zatən tanınmışdır. İstifadə hüquqları üzrə tanınmış və mənzillərin tərkib hissəsi olmayan, eləcə də birdən artıq sahələrə xidmət edən, məlum vəziyyətdə sanitar qovşaq, həmçinin bir payçının tək istifadəsinə verilə bilməz, çünki bunu sahəvi qanun üzrə qanunvericilik istisna edir. Sözügedən sahələrin yalnız mülkiyyətçilərdən birinə təhkim edilməsi kimi istisnalar var ki, bu da qanunda ümumi mülkiyyətçilərin razılığı ilə tənzimlənir və ümumi əmlakın saxlanılma qaydaları nəzərə alınmaqla. Eləcə də məsələyə praktik tərəfdən baxdıqda, istifadə sahəsinin naturadan bölünməsi mümkün olmadığından və sayları birdən artıq olduqda, həmçinin zəruri xidmət göstərilən mənzillərin sayına uyğun olduqda, istifadə sahələrinin (s\q) razılaşdırma yolu ilə, (binanın bütün sahə mülkiyyətçilərinin razılığı ilə) bölüşdürülməsi və ya mənzillərə təkim edilməsi qanunla qadağan edilmir və bu cür yanaşma, öz kommunikasiyalarını ümumi olmayan, konkret mənzillərdən götürən sahələr üzrə ən optimal yanaşmadır. Əks halda isə binanın ümumi mülkiyyətçilərinin, ümumi istifadə hüquqlu paya münasibətdə, məhkəməyə təqdim ediləcək mövqeyi və qanunla qorunan hüquqları əsas götürüləcək ki, bu da iddia tələbilə ziddiyyət təşkil edəcək. Bir daha bidirir ki, 3 sanitar qovşaqdan biri 9a saylı mənzilə, digəri 12 saylı mənzilə, üçüncüsü isə hamının-hamıya olmaqla, saxlanma və kommunal xərci onun tərəfindən çəkilməklə istifadə hüquqları ilə idarə edilib və edilməkdədir. Oxşar ölçülü (1.2; 1,2; 1.4) və oxşar vəziyyətlı sahələrdən ikisi işlək, 9a-ya aid olan sanitar qovşaq isə təmirsiz olmaqla, iddiaçı tərəfindən bağlı saxlanılır. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməməsini xahiş etmişdir.

9. Bundan sonra məhkəmə tərəfindən mübahisəli ünvana yerində müayinə keçirilmiş və müəyyən olunmuşdur ki, ünvan 3 ünvanına giriş bir qapı vasitəsilədir. Həyət bağlı həyət tipli olmaqla bina iki mərtəbədən ibarətdir. Bu ünvanda yerləşən fərdi yaşayış evlərindən 3-ünün mülkiyyətçisi Cavabdeh, bir mənzilin mülkiyyətçisi İddiaçı, qalan iki mənzilin mülkiyyətçiləri başqa şəxslərdir. Həyətə girişdə 3 otaq vardır. Girişdəki birinci otaq sanitar qovşaq hamam olmaqla köhnə təmirli, ayrıca su və qaz kommunal xəttləri vardır. İkinci otaq sanitar qovşaq tualetdir və təzə təmirlidir. 3-cü otaq təzə təmirli olsa da, içərisində köhnə ləvazimatlar saxlanılır. İddiaçı və cavabdehin verdiyi izahata əsasən həmin sanitar qovşaqlar binada yaşayan sakinlərin ümumi istifadəsi üçün nəzərdə tutulmuşdur. Eləcə də, tərəflər bildirdilər ki, həyətdə yerləşən evlərdən yalnız ikisinin, yəni iddiaçıya məxsus ikinci mərtəbədə yerləşən 9a saylı mənzilin və cavabdehə məxsus 12 saylı mənzilin sanitar qovşaqları yoxdur, digər mənzillərdə isə sanitar qovşaqlar vardır.

10. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-857/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsi ilə İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi cəlb olunmaqla Cavabdeh qarşı ünvan 4 ünvan üzrə ümumi istifadədə olan sanitar qovşaq sahələrindən istifadə qaydalarının müəyyən olunması barədə iddiası təmin edilməmişdir. (hakim X5)

11. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, qeyd etmişdir ki, iddiaçının tələbi birbaşa sübutetmə yükü ilə bağlıdır. İddiaçı ümumi istifadə sahələrindən istifadə qaydasının müəyyən edilməsi barədə tələb irəli sürsə də, belə bir bölgüyə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının bununla bağlı hər hansı qərarını məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə iddia tələbini əsassız hesab edərək iddia tələbinin təmin edilməməsi qənaətinə gəlmişdir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35-ci, 36.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 88-ci, 106-cı, 119.1-ci, 217.4-cü maddələrinə və "Mahmudov Rusiyaya qarşı" iş üzrə xx.xx.2007ci il tarixli Avropa Məhkəməsinin qərarına istinadla əsaslandırmışdır.

İkinci iş üzrə birinci instansiya məhkəməsindəki icraat

13. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi 94 saylı evin həyətinə girişdə sağdan 3-cü qapılı 1,2 kvadrat metr sahəli sanitar qovşağından hamam otağı kimi istifadəsinin təmin olunması üçün cavabdeh tərəfindən törədilən maneənin aradan qaldırılmasi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2, 9A saylı mənzil xx.xx.2016cı ildə alqı-satqı yolu ilə alınmış və bu barədə ona çıxarış verilmişdir. Bu zaman mübahisələndirilən 1.2 kv.sahəli hamam otağı özəlləşdirmədən kənar qalmışdır. Çünki bu vaxta qədər o, mənzilin daxilində quraşdırılmış hamam otağından istifadə etmişdir. xx.xx.2021-ci il tarixli qətnamənin icrasından sonra (xx.xx.2023) 9A mənzili faktiki hamam otaqsız qalmışdır. 9A mənzilinə 2002-ci ildə təhkim olunmuş ümumi həyətdə yerləşən 1.2 kvadrat sahəli hamam otağı qonşusu cavabdeh tərəfindən təyinatı dəyişdirilərək tualet kimi istifadə olunur. Halbuki, 94 həyətində cavabdehə məxsus 3 mənzilin daxilində ayrılıqda 3 sanitar qovşağı var. Bundan başqa qədimdən həyətdə ümumi istifadədə 2.4 kv.metr sahəli hamam + tualet otağı istifadədə olub. O, mübahisələndirilən 1.2 kv. sahəli hamam otağı üzərində mülkiyyət hüquqlarının təmin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. xx.xx.2023-cü il tarixində iclas təyin olunmuşdur. Buna baxmayaraq 1.2 kvadrat sahənin bu gün ümumi istifadə statusunda qalması və onun icraatdan sonra hamam ləvazimatını yerləşdirməklə istifadə etməyi zərurəti olduğu üçün ümumi məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdeh mübahisələndirilən 94 həyətinə girişdə sağda 3-cü qapı 1.2 kvadrat sahəni 2002-ci il tarixdən təhkim olunmuş hamam otağı kimi təyinatı üzrə istifadə etməyinə maneçilik törədir. Bununla kifayətlənmir, qoruq idarəsinin mütəxəssislərinə təzyiq göstərib buranı ümumi sahə kimi “tualet” yazdıraraq göstərir. Bu sahəyə qəsdən ümumi istifadə donu geydirir. Halbuki, 2006-cıl ildə 94 həyətində genişmiqyaslı təmirdən sonra hər bir sakinin evində sanitar qovşağı var. 9A mənzili bu yenidən qurma proseslərindən kənarda qalmış, çünki onun ümumi həyətdə 1+1.2 kvadrat sanitar istifadə sahələri öncədən mövcud olmuşdur. Cavabdeh 7 il bu sahələrdən istifadəsinə könüllü maneçilik törədib, qapısını dəyişib. Həyətdə bu sahələrə birləşik 2.4 kvadtar sahəli işlək ümumi hamam + tualet otağı vardır. Hansı ki, o, cavabdeh və qonşuların xeyrinə bu 2.4 kvadrat sahədən imtina etmişdir. Eyni münasibəti onlardan da gözləyir. xx.xx.2021-ci il tarixli qətnamə cavabdehin iddiası və qonşuların dəstəyi əsasında 9A mənzili sanitar istifadə sahələrinin ümumi həyətdə yerləşməsi səbəbindən qəbul olunub. Təmizlik üçün zəruri təbii tələbatı ödəməyə cavabdeh özgəninkiləşdirmə məqsədi ilə maneçilik törədir deyə, maddi sübut olan fotoşəkildən göründüyü kimi 9A mənzili hamam otaqsız qalıb. Beləcə cavabdeh xx.xx.2021-ci il tarixli qətnamənin icrası zamanı hamam ləvazimatını 1.2 kvadrat sahəyə köçürməyə maneçilik törətdi. Onu da qeyd edir ki, tərəfindən Bakı şəhəri Səbail rayon Pİ-nin 9-cu PB-nə ərizə ilə müraciət olunmuş və müraciətinə xx.xx.2021-ci il tarixdə 067- 6002A-1221 saylı cavab məktubunda qeyd olunmuşdur ki, onun Azərbaycan Respublikası Baş Prokurorluğuna və xx.xx.2021-ci il tarixində 9-cu PB-nə etdiyiniz müraciət tam, hərtərəfli, obyektiv araşdırılmış, vətəndaş Cavabdeh dəvət olunaraq izahatı alınmış, gələcəkdə bu kimi hallara yol verməməsi üçün lazımi tövsiyələr verilmişdir. Lakin bu tövsiyələrin cavabdehə faydası olmamışdır. Sonuncu olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsində xx.xx.2023-cü il tarixdə istifadə hüququna dair qətnamə qəbul olunmuş, ona məlum olmuşdur ki, mübahisəni həll etmək üçün maneənin aradan qaldırması iddiasına baxılması ilə problem həllini tapa bilər. Nəticədə qanuni şəkildə məhkəməyə yenidən müraciət etmək məcburiyyətində qalmışdır.

15. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək, həmin etirazı yuxarıda qeyd edilən birinci iş üzrə verilmiş etirazın məzmununa uyğun əsaslandırmışdır.

16. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1557/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı maneənin aradan qaldırılması barədə iddiası təmin edilməmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. (hakim X6)

17. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, qeyd etmişdir ki, mübahisəli ünvanın həyətində üç sanitar qovşaq mövcuddur və onların heç biri hamam kimi istifadə olunmur. Belə ki, həmin sanitar qovşaqlar sözügedən ünvanda yaşayan mülkiyyətçilərin, eyni zamanda iddiaçının ümumi istifadəsində olan tualet otaqları kimi istifadə olunur. Hazırki vəziyyətdə həmin sanitar qovşağın hamam kimi istifadə olunması barədə digər mülkiyyətçilərin ümumi razılığını özündə əks etdirən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, belə bir razılıq olmadan iddiaçının şəxsi istəyi ilə ümumi istifadədə olan sanitar qovşaqdan hamam kimi istifadə etmək istəməsi əsassızdır.

18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 82.3-cü, 119-cu, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Birinci iş üzrə apellyasiya şikayətinin dəlilləri

19. İddiaçı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-857/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

20. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır və əlavə olaraq göstərmişdir ki, birinci instansiya məhkəməsi onun dəqiqləşdirmə institutuna aid vəsatətini təmin etməmişdir. Bunlara səbəb cavabdehin məhkəməyə təzyiq göstərməsidir. Qətnamədə əsassız olaraq 12 saylı mənzildə sanitar qovşağının olmaması göstərilir. Lakin cavabdehə məxsus 12 və 14A saylı mənzillərdə sanitar qovşaqları vardır. Lakin o, humanistlik edib razılaşma əsasında 14A və 12 saylı mənzillərin köməkçi sahələrin istifadəsi üçün 3.5 kv metr sanitar qovşağını cavabdehin istifadəsinə güzəşt etmişdir. Məhkəmə gedişatında istifadə hüququ məsələsi qətnaməsiz öz həllini qismən tapmışdır. Qismən ona görə ki, iki sahə 1.kv metr ayaqyolu və 1.2 kv.metr hamam otağı ümumi istifadə sahəsi kimi Qoruq İdarəsinin cavabı ilə göstərilsə də bu belə deyil. 1 kv metr sahə ayaqyolu kimi onun istifadə və mülkiyyətindədir. 1 kv metr sanitar qovşağa dair mübahisəyə isə İnzibati Məhkəmədə baxılır. Bu iki sahəyə AR Mənzil Məcəlləsinin 35-ci maddələri şamil oluna bilməz. Bu maddələr yalnız 3.5 kvadrat metr sanitar qovşağına şamil oluna bilər. O sahəyə dair o istifadə hüququndan imtina etmişdir. Cavabdehlə aralarında münaqişə olduğundan o bütün işləri qərəzli şəkildə bloklayır və o, heç nədən istifadə edə bilmir. Buna görə də bölgü aparılmalıdır. AR Mənzil Məcəlləsinin 35.3-cü maddəsinə əsasən binada yenidənqurma işi olmuşdur. Yenidənqurma işlərindən sonra hər bir mülkiyyətçinin evində sanitar qovşağı var. O cümlədən, ona məxsus 9A mənzilinin də daxilində 1.8 kv metr hamam otağı var idi. Cavabdehin iddiası və qonşuların dəstəyi ilə xx.xx.2021-ci il tarixli qətnamə qət olunana qədər cavabdeh öz məqsədinə çatmaq üçün binada yaşayan iki mülkiyyətçini də bu işə cəlb edərək şəxsi maraqları üçün istifadə edir. Hazırda onun mənzilində sanitar-hamam otağı yoxdur deyə məhkəməyə müraciət etməli olmuşdur. Vətəndaşların hüquqlarının təminatı üçün zəruri olsa da, Mənzil Məcəlləsinin 27.5-ci, 5.3-cü, 9.2.1 və 9.2.2-ci maddələrinə istinad edilməmişdir. Məhkəmə İcra Hakimiyyəti Funksiyasını daşıyan Qoruq İdarəsinin 2002-ci il tarixli 14A mənzilinin köhnə sahibəsi Süleymanova Zibaya göndərdiyi məktubla mübahisəli 1.2 kv.metr hamam otağının 9A saylı mənzilinin sakinlərin istifadəsinə təhkim olunması sübutunu dəlil hesab etmir. 9A mənzili və sanitar qovşaqlarına dair çəklilmiş foto şəkilləri əsas götürmür. Hakim qətnamədə cavabdehin bölgü aparılmasına münasibət bildirməmişdir. Hakim 14A mənzilinin köhnə sahibəsi Süleymanova Zibanın şahid ifadəsini işin materillarına əlavə etməmişdir. İki sanitar qovşağının ümumi sahəsi 3.5+1.2=4.7 kv.metr təşkil edir. Onun ümumi həyətdə 1/4 payının 1.2 kv.metr sahənin ona verilməsinə dair heç bir fikir bildirilməmişdir.

a) İkinci iş üzrə apellyasiya şikayətinin dəlilləri

21. İddiaçı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1557/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

22. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır və əlavə olaraq göstərmişdir ki, o, cavabdehin günahı ucbatından onun hamam otağı kimi zəruri istifadə sahəsindən istifadə hüququndan məhrum edilmişdir. Sanitar istifadə sahələri mənzilin natura hissəsindən 10 metr məsafə uzaqlıqda yerləşməklə kommunikasiya xətlərindən istifadədən də məhrum olmuşdur. Belə ki, cavabdeh həyətdə 3 mənzilin və 3 köməkçi sahənin sahibi olaraqdan binada yenidənqurma işlərinə rəhbərlik etmiş, qonşularla razılaşma əsasında bu işləri aparmış, bu zaman 9A mənzilində 1.8 kv.metr hamam otağının mövcudluğunu tanımışdır. Bu yenidənqurma işlərindən sonra qonşuların hüquqlarına toxunan məlum hadisələr baş vermiş, bina qəzalı vəziyyətə düşmüş, ümumi həyət sahəsi zəbt olunmuş, hazırda 60 gündür ki, onun mənzili üçün hamam otağı yoxdur. Bu qəbul olunmuş gigiyenik qaydaları pozmaqla, onun vətəndaş və həyətdə sakin olaraqdan sağlamlığına zərər vurur. Məhz mülkiyyətçinin müəyyən əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Mülkiyyətçinin öz əmlakını başqasının qanunsuz sahibliyindən tələb etməsi üçün məhkəməyə verdiyi iddia vindikasiya iddiası adlanır. Vindikasiya iddiasına görə mülkiyyətçi öz əmlakının ancaq natura halında qaytarılmasını tələb edə bilər. Əgər əmlak natura halında mövcud deyildirsə, bu halda mülkiyyətçi əmlakın geri qaytarılması üçün vindikasiya iddiası deyil, ona dəymiş zərərin əvəzinin ödənilməsi üçün ümumi mülki-hüquqi iddia verməlidir. Bu iş üzrə çıxarılmış qətnamə onun hüquq və azadlıqlarını məhdudlaşdırır və müstəqillik barədə pretenziyanı şübhə altına alır. Mövcud əsaslı sübutlar əvvəlcədən müəyyən olunmuş qaydada hesaba alınmayaraq akt qəbul olunub. Bu hakim tərəfindən onun ziyanına çıxarılmış artıq üçüncü qərardır, onu hətta günahı olmadan 500 manat cərimə etməkdən belə çəkinməyib. Bakı şəhər Səbail Rayon Məhkəməsində digər hakimlərin də yanlış qərarları səbəbindən o məhkəmənin ümumi tərkibinə tövsiyə xarakterli etiraz etmişdir. Lakin bunun tutarlı təsiri olmamışdır. Məhkəmə İcra Hakimiyyəti Funksiyasını daşıyan Qoruq İdarəsinin 2002-ci il tarixli 14A mənzilinin köhnə sahibəsi Süleymanova Zibaya göndərdiyi məktubla mübahisəli 1.2 kv.metr hamam otağının 9A saylı mənzilinin sakinlərin istifadəsinə təhkim olunması sübutunu dəlil hesab etmir. 9A mənzili və sanitar qovşaqlarına dair çəklilmiş foto şəkilləri əsas götürmür. 2016-cı və 2021-ci il tarixlərdə cavabdehlə aralarında əlbəyaxa mübahisə düşmüşdür. Buna görə də birgə istifadə mümkün deyil, 2021-ci il tarixdə cavabdehin sanitar qovşağın icazəsiz qapısını dəyişdirməsinə dair Qoruq İdarəsinə müraciəti olmuşdur. 2021-ci il tarixdə prokurorluğun cavabdehi dindirərək ona tövsiyə verməsi halı da mövcuddur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Cavabdeh tərəfindən hər iki iş üzrə verilmiş apellyasiya şikayətinə qarşı etiraz verilmiş, etiraz hər iki iddia ərizəsinə qarşı etirazın məzmununa uyğun əsaslandırılmışdır.

24. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6207/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə 2(103)-6207/2023 saylı mülki iş birlikdə baxılması üçün 2(103)-5598/2023 saylı mülki işlə bir icraatda birləşdirilmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

25. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətlərini müdafiə edərək, iddia ərizələrinin və apellyasiya şikayətlərinin dəlillərinə uyğun izahat vermiş və birinci instansiya məhkəməsinin qətnamələrinin ləğv edilməsini və iddia tələblərinin təmin edilməsini xahiş etmişdir.

26. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətlərini qəbul etməmiş və tərəfindən verilmiş apellyasiya şikayətlərinə qarşı yazılı etirazların məzmununa uyğun izahat verərək, apellyasiya şikayətlərinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnamələrinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

27. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs hər hansı üzrlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətlərinə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

28. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

29. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir; 35.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir; 35.3-cü maddəsinə əsasən çoxmənzilli binada ümumi mülkiyyətin azaldılmasına yalnız həmin binanın yenidən qurulması yolu ilə binanın bütün sahə mülkiyyətçilərinin razılığı ilə yol verilir; 35.4-cü maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərara əsasən çoxmənzilli binada ümumi mülkiyyət obyektləri digər şəxslərin istifadəsinə verilə bilər, bu şərtlə ki, belə qərar vətəndaşların və hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmasın; 36.1-ci maddəsinə əsasən çoxmənzilli binada olan sahənin mülkiyyətçisinin həmin çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payı onun sahəsinin ümumi sahəsinə mütənasibdir.

30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

32. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

33. Hər iki iş üzrə apellyasiya şikayətlərində qətnamənin ləğv olunaraq, iddianın təmin edilməsi xahiş olunduğundan, qətnamələr tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apеllyаsiyа şikаyətlərinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamələr maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnamələrinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

35. Məhkəmə kollegiyası işin hallarına istinadən qeyd edir ki, birinci iş üzrə iddiaçının tələbi Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi 94 saylı evin həyətində yerləşən ümumi istifadədə olan girişdə sağdan 3-cü qapılı 1,2 kvadrat metr sahəli sanitar qovşağından hamam otağı kimi istifadə hüququnun tanınması və ondan istifadə qaydalarının müəyyən edilməsidir. İkinci iş üzrə isə iddiaçı həmin sanitar qovşaqdan onun istifadə etməsinə yaradılmış maneənin aradan qaldırılmasını tələb edir.

36. Məhkəmə kollegiyası vurğulayır ki, mübahisəli ünvanın həyətinə bir giriş var. Həyətdə 6 mənzil yerləşir. Həmin mənzillərdən 1-i iddiaçının, 3-ü cavabdehin, digər ikisi isə digər şəxslərin mülkiyyətindədir. Həmin şəxlər barədə məlumat təqdim edilmədiyindən onların da üçüncü şəxs kimi işə cəlb edilməsi mümkün olmamışdır. Həyətə girişdən sayğa 3 sanitar qovşaq mövcuddur. Həmin istiqamət üzrə birinci sanitar qovşaq hamam otağı, ikinci və üçüncü sanitar qovşaqlar isə tualet kimi istifadə edilir. Birinci və ikinci sanitar qovşaqlar sözügedən ünvanda yaşayan mülkiyyətçilərin ümumi, 3-cü sanitar qovşaq isə (həyətdə olan piləkənin yanında yerləşən) iddiaçının şəxsi istifadəsindədir. Belə ki, bilavasitə onun texniki pasportunda əks etdirilmişdir.

37. Mübahisənin tam və hərtərəfli araşdırılmasının təmin edilməsi məqsədi ilə həmin ünvanda yerində müayinə də keçirilmiş və bu zamanı həyətə girişdən 1-ci (hamam otağı), 2-ci (oturacaqsız tualet), hətta 3-cü (iddiaçının texniki pasportunda əks etdirilmiş və onun istifadəsində olan oturacaqlı tualet) sanitar qovşağın qapısının açıq olduğu, 1-ci və 2-ci sanitar qovşağın mülkiyyətçilərin ümumi istifadəsində olduğu müəyyən edilmişdir. İddiaçı 3-cü sanitar qovşağın onun texniki pasportunda əks etdirilməsinə baxmayaraq, qapısını daim açıq saxladığını və digər mülkiyyətçilər tərəfindən istifadə edilməsinə etiraz etmədiyini bildirmiş, onun yanında yerləşən 2-ci sanitar qovşağa münasibətdə də tələbinin həmin sahəyə hamam aksesuarlarının (sanuzi, üzərində duş aparatı və sair) yerləşdirilməsi və bu sahədən həmçinin, hamam kimi istifadə etmək imkanını əldə etməsi ilə bağlı olduğunu vurğulamışdır. Bildirdiyinə görə, 3-cü sanitar qovşaqda oturacaq olduğundan orada hamam aksesuarları yerləşdirmək mümkün deyil. 3-cü və 2-ci sanitar qovşaqlar ölçü etibarı ilə demək olar ki, eynidir (yerində müayinə zamanı aparılmış çəkiliş 1 ədəd CD diskə köçürülməklə, iş materiallarına əlavə edilmişdir).

38. Bununla belə, iddiaçının hər iki iş üzrə tələbi hüquqi nəticə etibarı ilə onun texniki pasportunda əks etdirilmiş 3-cü sanitar qovşağın yanında yerləşən və mülkiyyətçilərin, o cümlədən onun özünün ümumi istifadəsində olmaqla tualet kimi istismar edilən 2-ci sanitar qovşaqdan məhz hamam otağı kimi istifadə etmək imkanını əldə etmək və həmin sahədə hamam otağı üçün nəzərdə tutulmuş aksesuarları yerləşdirmək, başqa sözlə texniki baxımından təyinatını dəyişməkdir. Üzləşdiyi və iddia üzrə aradan qaldırılmasını tələb etdiyi maneə də məhz bununla bağlıdır. Lakin onun bu tələblərinin hüquqi baxımdan hər hansı əsası yoxdur. Onun mülkiyyətində olan mənzildə sanitar qovşağın məhkəmə qaydasında sökülməsi də onun bu tələbinin təmin edilməsi üçün əsas ola bilməz. Həmin sahədən bu qaydada istifadə edilməsi üçün digər sahə mülkiyyətçilərinin hər hansı formada ifadə olunmuş razılığı da yoxdur. Həyətdə yerləşən 3 mənzilin mülkiyyətçisi olan cavabdeh isə konkret olaraq buna razı deyil.

39. Hüquqi nəticə etibarı ilə iddiaçının 2-ci sanitar qovşaqdan təyinatı üzrə istifadə etməsi ilə bağlı hər hansı maneə ilə üzləşdiyi müəyyən edilmir. İddiaçı özü də etiraf edir ki, həmin sanitar qovşaq mülkiyyətçilərin, o cümlədən onun ümumi istifadəsindir.

40. Xüsusilə nəzərə alınmalıdır ki, 1-ci və 2-ci sanitar qovşaq ümumi istifadədir. İddiaçının ikinci sanitar qovşağa hamam aksesuarları yerləşdirməsi bu halı aradan qaldırmış olmur. Həmin sahə yenə də ümumi istifadədə qalacaqdır. İddiaçı özü də buna etiraz etmir. Belə olan halda, habelə cavabdehin də buna etiraz etməməsi, əksinə məhz bu mövqedən çıxış etməsi nəzərə alınmaqla, iddiaçı 2-ci sanitar qovşaqda yerləşdirmək istədiyi hamam aksesuarlarını tam rahatlıqla və maneəsiz qaydada ölçü baxımından daha geniş olmaqla məhz hamam otağı olan və təyinatına uyğun istifadə edilən 1-ci sanitar qovşaqda da yerləşdirə bilər. Başqa sözlə, məhkəmə kollegiyası iddiaçının öz istəklərini daha geniş olan və istifadəsi baxımından eyni hüquqi statusa malik olan 1-ci sanitar qovşaq üzrə reallaşdırılması üçün hər hansı maneə görmür.

41. Digər tərəfdən nəzərə alınmalıdır ki, iddiaçı həmin şəraiti bilavasitə onun texniki pasportunda əks etdirilmiş və hüquqi baxımdan bilavasitə onun özünün istifadəsində olan 3-cü sanitar qovşaqda da yarada bilər və bununla bağlı orada olan oturacağı çıxartmaqda və 2-ci sanitar qovşaqda olduğu kimi oturacaqsız tualet halına gətirməkdə tam sərbəstdir.

42. İddiaçının apellyasiya şikayətində istinad etdiyi Mənzil Məcəlləsinin 5.3-cü, 9.2.1ci, 9.2.2-ci və 27.5-ci maddələrinin hazırki mübahisəyə tədbiq edilməsinə isə hər hansı hüquqi zərurət yoxdur.

43. Qeyd edilənlər öz növbəsində iddiaçının hər iki iddiasının əsassız olduğunu təsdiq edir və onların rədd edilməsini şərtləndirir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hər iki iddianı təmin etməmişdir.

44. Məhkəmə kollegiyası ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, ikinci iş üzrə iddianın əsaslı olub-olmaması hüquqi nəticə etibarı ilə birinci işin nəticəsindən həm asılıdır, həm də onunla səbəbli əlaqədədir. Belə ki, birinci iş üzrə iddianın təmin edilməsi ilə hüquqi nəticə etibarı ilə maneə də aradan qaldırılmış olur. Bununla belə, birinci iş üzrə iddiaçının ümumi istifadədə olan sanitar qovşaqdan hamam kimi istifadə edilməsi barədə tələbi hüquqi cəhətdən əsassız olduğundan, onun həmin sahədən hamam kimi istifadəsinə yaradılmış maneədən söhbət gedə bilməz.

45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətlərinində irəli sürdükləri yalnız formal mülahizələrdir; faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən iddiaçının apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnamələri iddiaçının apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları iddiaçıya aid edilməlidir.

46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Birinci və ikinci iş üzrə İddiaçı apellyasiya şikayətləri təmin edilməsin. Birinci iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-857/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi, ikinci iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e- 2(009)-1557/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi İddiaçı apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları hər iki iş üzrə İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar