Məhkəmə qərarları › İş №2(103)-5599/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5599/2025

24.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5599/2025 24.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh oğluna qarşı iş üzrə Açar sözlər: (“pul”) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, cavabdeh və cavabdehin nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-135/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı Cavabdeh qarşı dair iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 10000 manat məbləğində pulun və 120 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh onun xahişi ilə şahidlərin yanında xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023- cü il və xx.xx.2023cü il tarixlərdə hər biri 2500 manat olmaqla, cəmi 10000 manat borc pul vermişdir. Cavabdeh öz əl yazısı ilə eyni tarixli qəbzlər yazıb imzalayaraq həmin pulu aldığını təsdiq etmiş, eyni zamanda borcunu bir ay müddətinə qaytaracağını bildirmişdir. Lakin cavabdeh bu günədək borcundan heç bir ödəniş etməmişdir. Cavabdehə bir neçə dəfə borcun ödənilməsi ilə bağlı müraciət edilsə də, nəticəsiz qalmışdır.

2. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-135/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 10000 AZN məbləğində borc pul və dövlət rüsumu üçün ödənilmiş 120 AZN məbləğində pulun alınaraq İddiaçı verilməsi, ekspertiza xərci olan 110 manatın cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə istinadən qeyd edilmişdir ki, İddiaçı tərəfindən məhkəməyə təqdim olunan qəbzləri cavabeh Cavabdeh yazmışdır və bununla da iddiaçıya qarşı olan ümumilikdə 10000 manat borcu etiraf etmişdir. Lakin bu günədək iddiaçıya borcu qaytarmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı xeyrinə 10000 manat tutulmalıdır. İş materiallarına əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 110 manat məbləğindədir. Məhkəmə hesab edir ki, ekspertiza xərci olan 110 manat cavabdehdən tutulmalıdır. İş materiallarına əlavə edilmiş dövlət rüsumunun ödənilməsinə dair ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 120 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 120 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

3. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixlərdə cavabdeh tərəfindən imzalanmış qəbzlərə əsasən Cavabdeh 1 ay müddətində qaytarmaq şərtilə İddiaçı hər dəfə 2500 manat borc almışdır; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, Cavabdeh adından olan xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə İddiaçı 2500 manat məbləğində borc pul götürməsi və götürdüyü borcu 1 ay ərzində qaytaracağına söz verməsi barədə 4 ədəd qəbzdəki yazılar və yazının sonundakı imzalar Cavabdeh tərəfindən icra olunmuşdur. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

4. Cavabdehin apellyasiya şikayəti vermiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 135/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi və İddiaçı Cavabdeh qarşı 10000 manat məbləğində pulun və 120 manat dövlət rüsumunun tutulması barədə iddiasının tamamilə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1; Mülki Prosessual Məcəllənin 77.1, 88, 217.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə nəzərə almamışdır ki, iddiaçı tələbini Cavabdeh onun xahişi ilə şahidlərin yanında xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə hər biri 2500 manat olmaqla, cəmi 10000 manat borc pul verməsi ilə əsaslandırsa da, tələbinin əsası kimi istinad etdiyi həmin halın təsdiqi üçün şahidləri təqdim etməmiş, eyni zamanda xx.xx.2023-cü il tarixli müqavilə üzrə öhdəliyini icra etməmiş şəxsə sonrakı aylar təkrar-təkrar borc verməsinə əsas olmuş halı izah edə bilməmişdir. Belə ki, onun tələbinin əsası kimi istinad etdiyi qəbzlərdə borcun bir ay müddətinə verilməsi qeyd edilmişdir. İlk dəfə aldığı borcu qaytarmayan şəxsə təkrar borcun verilməsi isə ağlabatan deyil. Eyni zamanda iddiaçı cavabdehi tanıyıb tanımadığını, borcun verilməsi üzrə danışıqların hansı qaydada aparılmasını, borcu hansı şəraitdə, hansı əskinaslarla, kimlərin yanında verildiyini, əvvəlki borcunu qaytarmayan cavabdehə sonrakı aylarda borc verməkdə davam etməsinə səbəb olmuş halları izah edə bilməmiş, bu hallara dair hər hansı sübut təqdim etməmişdir. O, sanki yoldan keçən və bir dəfə borc verdiyi tanımadığı şəxsə əvvəlki borcunu qaytarmasa da, hər təqvim ayı davamlı olaraq borc verməkdə davam etmişdir ki, bu da ağlabatan deyil. Bütün bu sadalanan hallar onu təsdiq edir ki, iddiaçını tanımadığı qəbzlərdəki yazıların onun tərəfindən yazılmadığı və imzaların da onun tərəfindən icra edilmədiyinə dair cavabdehin bildirdikləri işin hallarına uyğundur. Lakin məhkəmə ilk dəfə aldığı borcu qaytarmayan şəxsə təkrar borc verilməsini ağlabatan olmadığını nəzərə almayaraq iş üzrə təkrar ekspertiza keçirmədən yekun məhkəmə aktı çıxarmışdır. Məhkəmə, tərəfər arasında borc müqavilərinin bağlanması halını əsaslı şübhədən kənar sübutlarla təsdiq olunmadığını nəzərə almayaraq maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Tərəflər arasında borc müqavilərinin bağlanması halı sübut edilməmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar:

5. İddiaçının nümayəndəsi Vəkil2 ərizə ilə məhkəməyə müraciət etmiş və qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətində qəbzlərin onun tərəfindən imzalanmadığını və iddiaçını tanımadığını, iddiaçıdan 10000 məbləğində borca pul götürmədiyini bildirmişdir. Lakin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-135/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən və iş materiallarından görünür ki, cavabdeh yalnız bir dəfə məhkəmə iclasında iştirak etmiş və yekun məhkəmə qətnaməsi qəbul edilən zaman məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Eyni zamanda Məhkəmə Ekspertiza Mərkəzinin rəyinə öz etirazını və təkrar ekspertizanın keçirilməsinə dair məhkəməyə hər hansı bir vəsatət təqdim etməmişdir. Bundan başqa, apellyasiya şikayətindən də görünür ki, qətnamə xx.xx.2025-ci il tarixdə qəbul olunmuş və cavabdeh tərəfindən xx.xx.2025-ci ildə alınsa da, apellyasiya şikayəti son anda, qətnamənin qanuni qüvvəsinə minməsinə az müddət qalmış xx.xx.2025-ci il tarixdə verilmişdir. Bütün bunlar onu göstərir ki, cavabdehin məqsədi yalnız məhkəməni süni surətdə uzatmaq və borcun ödənilməsindən boyun qaçırmaqdır. Cavabdeh tərəfindən iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim olunmamışdır. Eyni zamanda cavabdeh şikayətində qeyd edilən halar barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir yalnız şablon sözlərdən istifadə olunmaqla şikayət yazılmışdır. Bundan başqa, cavabdehin müxtəlif vaxtlarda pul alma səbəbin gəldikdə isə cavabdeh atasının xəstəxanada olduğunu, ona pul lazım olduğu, daha sonra isə iddiaçıya bankdan pul götürüb borcunu bir dəfəyə bağlayacağını bildirmiş, iddiaçıdan ona inanaraq cavabdehə borcunu ödəməsi üçün şərait yaratmışdır. Məhkəmə prosesi tərəflər arasında barışığın əldə olunması məqsədi ilə təxirə salınsa da, iddiaçı yenidən barışığın əldə olunması məqsədilə danışıqlara cəhd etsə də, bu mümkün olmamışdır.

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil1 apellyasiya şikayətini müdafiə etmiş, onunla eyni məzmunda izahat verərək bildirmişdir ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi qəbzlərdə borcun bir ay müddətinə verilməsi qeyd edilmişdir. İlk dəfə aldığı borcu qaytarmayan şəxsə təkrar borcun verilməsi isə ağlabatan deyil. Eyni zamanda iddiaçı cavabdehi tanıyıb tanımadığını, borcun verilməsi üzrə danışıqların hansı qaydada aparılmasını, borcu hansı şəraitdə, hansı əskinaslarla, kimlərin yanında verildiyi halları izah edə bilməmiş, bu hallara dair hər hansı sübut təqdim etməmişdir. Apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh iddiaçını tanımadığını, Rüstəm adlı şəxsdən 1500 manat sələmə pul götürdüyünü, 8-9 ay 150 manat olmaqla pul qaytardığını bildirmişdir.

8. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçının iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıda qeyd edilən maddələri nəzərdən keçirilməlidir: 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81.Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

11. Azərbaycan Respublikası Mülki Məcəllənin tələblərinə əsasən: 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

12. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Mülki Prosesual Məcəllənin 76-82, 106, 119, 217, 385-390-cı maddələrinə istinadən hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən dəlillər öz təsdiqini tapmır və sübuta yetirilmir. Diqqətə çatdırılmalıdır ki, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Pul vəsaitlərinin hesablanması buna dair yazılı və təkzibedilməz sübutların mövcudluğunu tələb edir, pul vəsaitlərinin təyinatı üzrə məbləğinin müəyyən edilməsi üçün bunu sübut edəcək təkzibedilməz sübutlar təqdim edilməlidir, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mülki işin 10-11-ci vərəqələrində Cavabdeh adından olan xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə İddiaçı 2500 manat məbləğində borc pul götürməsi və götürdüyü borcu 1 ay ərzində qaytaracağına söz verməsi barədə 4 ədəd qəbzdəki yazılar və yazının sonundakı imzalar Cavabdeh tərəfindən icra olunmuşdur. Bunu şübhə altına alan əsaslar müəyyən edilməmiş, habelə cavabdeh tərəfindən pul vəsaitinin başqa şəxsdən sələmə alındığını və müəyyən məbləğdə pulun qaytarmasına dair dəlilləri sübuta yetirilməmişdir. Belə olan halda məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

13. Kollegiya hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan və təmin edilmədiyindən onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) onları ödəyən şəxsə aid edilməlidir.

14. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-135/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi (“Elektron məhkəmə” İnformasiya Sistemi) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar