Məhkəmə qərarları › İş №2(103)-5602/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5602/2023

04.09.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5602/2023 04.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1045/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2(009)-1045/2023 saylı qətnaməsi ilə İddiaçı cavabdeh “AMEA”nın İşlər İdarəsinə qarşı “mənzil və zərər” barədə iddiası təmin edilməmişdir. İddiaçı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1045/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1045/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1045/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən vermiş olduğu apellyasiya şikayətinin (MPM-nin 363.1.1-1-ci maddəsinə əsasən Mülki Prosessual Məcəlləyə “Əlavə 2”-də müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmədiyi əsası ilə) geri qaytarılması qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, apellyasiya şikayətinin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayətdə Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsinə istinadən qeyd edilmişdir ki, o e-məhkəmə sistemi vasitəsilə MPM-ə uyğun apellyasiya şikayəti vermiş, məhkəmə qərəzlə geri qaytarmışdır. Özü də konkret hansı tələbə əməl olunmadığını açıqlamamışdır. Apellyasiya şikayəti e-məhkəmə sistemindən verildiyi halda, MPM-in 361-ci maddəsinə əməl edilməməsini əsas tutmaq absurddur. Sistem özü MPM-ə uyğun şikayəti qəbul edir. Apellyasiya şikayətinin geri qaytarılması haqqında qərardad heç bir dəlillə, sübutla əsaslandırılmayıb. İşə mahiyyəti üzrə baxılmayıb, qərardadla apellyasiya şikayəti geri qaytarılıb. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(009)-1045/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki Prosessual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. İş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olarkən İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Səbail Rayon Məhkəməsinin (hakim İlkin Rüstəmli) qərəzli savadsızlıqla apellyasiya şikayətini Bakı Apellyasiya Məhkəməsinə göndərməkdən imtina etdiyini, aşağı instansiyanın bilərəkdən, ya savadsızlıqdan tətbiq edilməli hüquq normasını yox, hüquqa qadağa qoyan maddəni tətbiq etdiyini, apellyasiya şikayətinin elektron məhkəmə sistemi vasitəsilə MPM-in 10-1.3 maddəsinə əsasən verildiyini, birinci instansiya məhkəməsinin isə ondan apellyasiya şikayətini, MPM-in 2 saylı əlavəsinə uyğun tərtib edib verməyi tələb etdiyini, bunun tam qanunsuz tələb olduğunu, çünki, məhkəmənin (hakim İlkin Rüstəmli) MPM-in 363.1.1-1 maddəsi əsasında MPM-in 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmədiyi bəhanəsilə apellyasiya şikayətini geri qaytardığını, birincisi 361-ci maddədə "MPM-ə 2 saylı əlavə"nin tələbinin yazılmadığını, ikincisi MPM-in 363.1.5 maddəsinə görə, "elektron məhkəmə" informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayətinin həmin maddənin tələblərinə uyğun verilmədikdə, apellyasiya şikayətinin geri qaytarıldığını, aşağı instansiyanın düzgün maddəni tətbiq etmədiyini, apellyasiya şikayətinin MPM-in 10-1.3 maddəsinin tələbinə uyğun verilməsinə baxmayaraq, qanuna zidd olaraq 361-ci maddədə olmayan "Əlavə 2" tələbinə uyğun olmamaq bəhanəsilə geri qaytardığını bildirmiş, apellyasiya şikayətinə baxılmasını, hakim barədə Məhkəmə Hüquq Şurasına müraciət edilməsini xahiş etmişdir. Cavabdeh “AMEA”nın İşlər İdarəsinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz verərək, Bakı şəhəri Səbail rayon Məhkəməsinin (hakim X3) 21 iyun 2023-cü il tarixli, 2(009)-1045/2023 saylı qətnaməsi ilə İddiaçı cavabdeh “AMEA”nın İşlər İdarəsinə qarşı “mənzil və zərər” barədə iddiasının təmin edilmədiyini, bundan narazı qalan İddiaçı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim X3) qeyd olunan qətnaməsindən apellyasiya şikayəti verdiyini və bu zaman verilmiş apellyasiya şikayətindən də göründüyü kimi qanunvericiliyin tələblərini kobud surətdə pozduğunu, apellyasiya şikayətinin ‘‘Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə düzgün verilmədiyini, İddiaçı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1045/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin Mülki Prosessual Məcəlləyə “Əlavə 2”də müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmədiyindən geri qaytarılmalı olduğunu, Azərbaycan Respublikası MPM-in 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparıldığını, həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatının, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatının, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsinin, qəbulunun, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılmasının “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirildiyini, bundan başqa Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanunu ilə Azərbaycan Respublikasının MPM-ə dəyişikliklər edildiyini, həmin Qanunun keçid müddəalarının 2.1-ci bəndinə əsasən, Məcəlləyə dəyişikliklər edilməsi barədə Qanunun 2021-ci il oktyabrın 1-dən qüvvəyə mindiyini, keçid müddəalarının 2.2-ci bəndinə əsasən isə, qanunun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edildiyini, Azərbaycan Respublikası MPM-in 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayətinin həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən geri qaytarıldığını, apellyasiya şikayətinin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə düzgün verilmədiyindən geri qaytarılmalı olduğunu, iddiaçı tərəfindən verilmiş şikayətin tamamilə əsassız və qeyri-obyektiv olduğunu və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 iyul 2023cü il tarixli, 2(009)-1045/2023 saylı qərardadının ləğv olunması üçün əsas ola bilməyəcəyini, cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndəsi kimi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1045/2023 saylı, 11 avqust 2023-cü il tarixli qərardadının tamamilə qanuni, çox savadlı və əsaslı hesab etdiklərini bildirmiş və Bakı Apellyasiya Məhkəməsindən həmin qərardadın qüvvəsində saxlanılmasını xahiş etmişdir. İddiaçı cavabdehin nümayəndəsinin etirazına qarşı etiraz verərək, cavabdeh “AMEA”nın İşlər İdarəsinin nümayəndəsi kimi özünü təqdim edən Nümayəndə etibarnaməsi olmadığını, ona görə də özünü AMEA-nın nümayəndəsi kimi təqdim etdiyini, halbuki cavabdehin “AMEA” yox, onun keçmiş İşlər İdarəsi olduğunu, İşlər İdarəsinin isə bu şəxsə onu müdafiə etmək üçün etibarnamə vermədiyini, eləcə də “AMEA”dan Nümayəndə etibarnamə verilmədiyini, MPM-in 73-cü maddəsinin tələbinə görə nümayəndənin səlahiyyətlərinin qurumun başçısı tərəfindən verilən etibarnamə ilə təsdiq edilməli olduğunu, belə etibarnamənin isə olmadığını, cavabdeh “AMEA” İşlər İdarəsi Nümayəndə etibarnamə vermədiyindən, onun məhkəmədə iştirakının, cavabdehin adından prosessual və qeyri-prosessual hərəkətlər etməsinin qanunsuz olduğunu, eyni zamanda, Nümayəndə dövlət büdcəsindən maliyyələşən “AMEA”nın hüquq şöbəsinin müdiri olmaqla yanaşı, həm də qanunvericiliyə zidd olaraq, "Yusifbəyli və partnyorları" vəkil bürosunda vəkil işlədiyini, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanunun 8-ci maddəsinin tələbinə görə, vəkilin dövlət qurumunda işləməsinin qadağan olduğunu, Nümayəndə yataqxana komendantı Azər Quliyevlə cinayət əlaqəsinə girib, məhkəməyə saxta sənəd – əllə yazılan kağız parçası təqdim etməsinə görə, MPM-in 265.4 maddəsi əsasında xüsusi qərardadla prokurora xəbər verilməsinə dair ərizə versə də, aşağı instansiyanın heç bir vəsatətinə, ərizələrinə, təqdim etdiyi 50-yə yaxın sənədə baxmadığını, cavabdehin saxta nümayəndəsinin saxta kağız parçasını, saxta məlumatlarını əsas tutub, onun Baş Prokurorluğa şikayətinin Bakı şəhər prokurorluğuna göndərildiyini və Bakı şəhər prokurorluğunun istintaqa nəzarət şöbəsinin rəis müavini İlkin İsmayılovun xx.xx.2023-cü tarixli məktubla Bakı şəhəri, Yasamal rayon prokuroru Elman Süleymanova onun “AMEA”nın vəzifəli şəxslərinin (Nümayəndə və yataqxana komendantı Azər Quliyev və.b) qanunsuz hərəkətləri barədə Baş Prokurorluqdan daxil olan mürəciətinə baxılıb tədbir görülməsi üçün göndərildiyini (məktubun surəti əlavə olunur), yəni birinci instansiya məhkəməsinin qıraqdan işdə iştirakları qanuniləşdirməyən şəxslərin sifarişi ilə qanunsuz qətnamə qəbul etdiyini və indi də bu qətnamədən şikayətinin "elektron məhkəmə" informasiya sistemi vasitəsilə MPM-in 10-1.3 maddəsinin tələbinə uyğun verilməsinə baxmayaraq, "Əlavə 2"yə uyğun verilməməsi savadsızlığı, qərəzi ilə, guya MPM-in 361-ci maddəsinə əməl edilməməsi əsasında geri qaytarıldığını, halbuki 361-ci maddədə, ümumiyyətlə "Əlavə 2"yə uyğun tərtib edilmənin yazılmadığını, şikayətini "elektron məhkəmə" sistemi vasitəsilə MPM-in 10-1.3 maddəsinin tələbinə uyğun verdiyini, MPM-in 10-1.5 maddəsinə görə isə, 10-1.3 maddəsinə uyğun verilən şikayətin başqa formada verilməsinin tələb oluna bilməyəcəyini, ərizə verməsinə baxmayaraq, dövlət hesabına vəkil ayrılması, əlavə qətnamə çıxarılması, protokolla tanış olmaq və qeydlər etmək barədə ərizələrinə də baxılmadığını, ümumiyyətlə, aşağı instansiyanın ona heç bir sms bildiriş, məhkəmə sənədini rəsmi qaydada vermədiyini, bildirmiş, işə obyektiv baxılmasını, cavabdeh İşlər İdarəsinin etibarnamə vermədiyi şəxsin, vəkil Nümayəndə məhkəmədə nümayəndə ola bilməzliyinə qiymət verilməsini, MPM-in 265.4-cü maddəsi əsasında məhkəməyə saxta sənəd təqdim edilməsinə görə xüsusi qərardad qəbul edilərək, prokurora xəbər verilməsini xahiş etmişdir. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində təsbit edilmiş “Əlavə 2”də apellyasiya şikayətinin forması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-1 və 363.1.5-ci maddələrinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məcəllənin 10-1.3-cü maddəsinə əsasən: “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında 9 iyul 2021-ci il tarixli 363-VİQD№-li Azərbaycan Respublikası Qanununun “Keçid müddəaları” adlanan 2-ci maddəsinə görə: Bu Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minir. Bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Məcəllənin 10-1.2, 10-1.3 və 10.1.7-ci maddələrinin tələblərinə əsasən: Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının “15” iyul 2019-cu il tarixli “17- N” nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarıın 3.1-5-ci bəndlərində əks edilmiş tələblərə əsasən: İnformasiya Sisteminin iştirakçıları və istifadəçiləri tərəfindən sənədlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2011-ci il 29 noyabr tarixli 3-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 441-ci bəndində göstərilən tələblər nəzərə alınmaqla hazırlanır. İnformasiya Sisteminin istifadəçiləri tərəfindən sənədlər “Elektron kabinet” vasitəsilə PDF, ADOC və EDOC formatında “Proses iştirakçısının Elektron kabineti”ndən istifadə qaydalarında nəzərdə tutulmuş prosedurlar üzrə gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməklə göndərilir. Sənədə onun göndərilməsi zamanı maddi sübut qismində təqdim edilən fotoşəkil, videoyazı, audioyazı və digər maddi daşıyıcılar qoşula bilməz. Bu maddi daşıyıcılar barədə məlumat “Elektron kabinet” vasitəsilə göndərilən sənədlərdə qeyd oluna bilər. Sənəd göndərilməzdən əvvəl İnformasiya Sisteminin istifadəçisi onun düzgün tərtib edildiyini (elektron imzanın, əsas və əlavə rekvizitlərin olmasını) və ünvanlanmasını yoxlayır. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsi ilə müəyyən edilmiş hallarda İnformasiya Sistemi həmin sənədi İnformasiya Sisteminin istifadəçisi tərəfindən göndərilməmiş hesab edir. Sənədlərin elektron dövriyyəsi zamanı göndərilən sənədlərin gücləndirilmiş elektron imza ilə təsdiq edilməsi tələb olunur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 iyun tarixli 1043 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemi haqqında ƏSASNAMƏnin 3.6-cı bəndinə əsasən: Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.2-ci maddəsində nəzərdə tutulan “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Diqqətə çatdırılmalıdır ki, məqsəd Mülki Prosessual Məcəllədə təsbit edilmiş Əlavə 2-də müəyyən edilmiş qrafaların sadəcə doldurulması deyil, qrafalar üzrə müəyyən edilən suallara, onların mahiyyətinə uyğun, təkrarçılığa yol verilmədən dürüst cavab verilməsidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 363.4-cü maddəsinə görə, bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1045/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar