Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5603/2021 30.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(011)-1260/2021 saylı qətnaməsindən iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-nin baş direktorunun 05.11.2020-ci il tarixli 2499K saylı əmrinin ləğv edilməsi, onun işə bərpa edilməsi və məcburi iş buraxdığı dövr üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehin 10.09.2018-ci il taixli 336 K №-li əmrinə əsasən Cəmiyyətin Loqistika şöbəsinə sürücü vəzifəsinə götürülmüş və onunla müddətsiz əmək müqaviləsi bağlanmışdır. Cavabdehin baş direktorunun 05.11.2020-ci il taixli, 2499 K №-İi əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşlədiyi Loqistika şöbəsində sürücülər arasında əmək intizami ilə bağlı iclas keçirilən zaman o, çıxış edərək komendant saatı olduğundan saat 18:00 dan sonra yollarda tıxac olması səbəbindən yük daşınmada çətinlik çəkdiklərini və vaxt itkisinə görə postlarda problemlərlə üzləşdiklərini bildirdikdən sonra rəhbərlik tərəfindən ona qərəzli mövqedən çıxış edildiyini görmüşdür. İdarə etdiyi avtomobildə yaranmış texniki nasazlığı aradan qaldırmaq üçün, həmişə olduğu kimi, rəhbərliyə deyib təmir yerinə getmiş, həmin dövrdə respublikada mövcud olan vəziyyətlə bağlı telefonuna zəngin çatmaması nədənsə ona ciddi irad kimi göstərilmiş, bu hal işəgötürən tərəfindən əmək qanunvericiliyinin pozulması kimi qiymətləndirilmiş və nəticə etibarı ilə heç bir əsaslandırılmış və tutarlı səbəb olmadan tutduğu vəzifədən azad edilmişdir. Əmək müqaviləsinə xitam verilməsinin əsas kimi qeyd olunanlar həqiqəti əks etdirməyərək onun əmək hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxarıb. İşəgötürən əmrdə işdən azad olunmağının əsası kimi nədənsə əmək vəzifələrinin kobud şəkildə pozulduğu halları özündə əks etdirən Məcəllənin 72-ci maddəsində sadalanan hallara deyil, səhvən Məcəlləsinin 71.2-ci maddəsinə istinat etmişdir. Əslində isə işəgötürən Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinin tələblərini kobud şəkildə pozmuşdur. Əmək müqaviləsinə xitam verilməsinin əsası kimi istinad edilən ƏM-nin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan hallar əmrdə əsaslandırılmamış, onun tərəfindən kobud səhvin və ya hüquq pozuntusunun nədən ibarət olması, habelə əmək funksiyasına daxil olan hansı işi (xidməti) yerinə yetirmədiyi göstərilməli olduğu halda göstərilməmişdir. Onun fəaliyyəti nəticəsində müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə, yəni onların qanunla müəyyən edilən və mühafizə olunan şəxsi, əmlak və işgüzar nüfusuna heç bir ziyan dəyməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(011)-1260/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh MMC-nin 05.11.2020-ci il tarixli, 2499 K saylı əmri ləğv edilməsi, İddiaçı Cavabdeh MMC-nin Loqistika şöbəsinə sürücü vəzifəsinə bərpa edilmiş, 05.11.2020-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının İddiaçı ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, qətnamənin ləğv edilməsi və iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Xətai Rayon Məhkəməsinə proses zamanı Loqistika şöbəsində çalışan işçilərin 29.10.2020-ci il tarixli davamiyyət cədvəli də təqdim edilmişdir. Cədvəldən də göründüyü kini həmin tarixdə Loqistika şöbəsində çalışan 6 sürücüdən biri - Murad Qiyasov istirahət günündə olduğu üçün işdə olmamışdır. Həmin tarixdə digər sürücü Dağlar Məmmədov da öz növbəsində ona verilən tapşırığı səhlənkarlıqla gec icra edib, mərkəz anbara qayıdarkən İddiaçı servis mərkəzindən götürməyə gedib, iş vaxtının sonunda iş yerinə qayıtdığından günün ikinci yarısında bütün çatdırma və daşıma işləri üç sürücünün üzərinə düşmüşdür. Nəticədo işdə olan 3 (üç) nəfər sürücünün həmin gün daha gərgin və intensiv iş rejinində çalışmasına, istirahət edə bilməmələrinə, bununla bağlı narazılıqlarına, dolayısı ilə iş yerində əmək və icra intizamının pozulmasına səbəb olmuşdur. Qeyd edilir ki, Loqistika şöbəsində çatdırma işləri növbəlilik əsasında həyata keçirilir. Daşımanı həyata keçirib qayıdan sürücüyə müəyyən qədər istirahət verilir, digər sürücüyə yüklərin aparılması həvalə edilir. Bundan əlavə, Xətai Rayon Məhkəməsinə Cavabdeh MMC-yə məxsus Bayıl və Əhmədli mağazalarına 29.10.2020-ci il tarixində çatdırılmalı olan malların siyahısı və dəyərinin əks olunduğu cədvəl təqdim edilmişdir. Lakin Xətai Rayon Məhkəməsi qərar verərkən həmin sənədi nəzərə almamışdır. Bundan başqa 29.10.2020-ci il tarixixdə həmin dövrdə 11 Qarabağ müharibəsində iştirak edən əsgərlərə mərkəz anbardan bağlamalar çatdırılmalı idi. Həmin bağlamaların vaxtında çatdırılmaması həm əsgərlərin əlavə ərzaq və geyim təminatında sıxıntılara yol açmış, həm də Cavabdeh MMC-nin işgüzar nüfuzuna xələl gətirmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin rədd edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə kollegiyasının iclasında iştirakını təmin etmədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının tam yoxlanılması təşkil edir. Belə ki, apellyatorun şikayəti qətnamənin ləğvinə və iddianın rədd olunmasına yönəlmişdir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanlmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası işin araşdırılması zamanı müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında 10.09.2018-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış və iddiaçı Cəmiyyətin Logistika şöbəsində sürücü vəzifəsinə işə qəbul edilmişdir. Cavabdeh MMC-nin 05.11.2020-ci il tarixli 2499K saylı əmri ilə isə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, Əmək Məcəlləsinin 71.2-ci maddəsi nəzərə alınmaqla xitam verilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, iddiaçı 29.10.2020-ci il tarixdə ona təhkim edilmiş avtomobili təmir servisinə aparmış və həmin gün 4 saat müddətində (14:00-dan-18:00-dək) iş yerinə qayıtmamışdır. Həmçinin, rəhbərlik tərəfindən ona edilmiş telefon zənglərinə cavab verməmişdir (iddiaçı bu halı həmin dövrdə müharibə şəraiti ilə bağlı mobil şəbəkə xətlərinin (setin) normal işləməməsi ilə izah etsə də, lakin nəzərə alınmalıdır ki, qeyd edilən dövrədə yalnız internet şəbəkəsinin fəaliyyətində müəyyən çətinliklər yaranmışdır). Göründüyü kimi, iddiaçının qeyd edilən tarixdə 4 saat müddətində iş yerində olmaması, hətta telefon zənglərinə cavab verməməsi (bu zənglər işlə bağlı olduğu hallarda) onun əmək funksiyasını pozması faktı kimi qəbul oluna bilər. Lakin yuxarıda şərh edilən müddəalara əsasən bu fakt hələ iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ƏM-nin 70-ci maddəsinin ç bəndi ilə ləğv edilməsinə əsas vermir, çünki qanunvericilik tələb edir ki, bunun üçün ƏM-nin 71-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş nəticələr baş verməlidir. Cavabdeh bu nəticələrin baş verməsini həmin gün ordu üçün hazırlanmış bağlamaların çatdırılmaması və bir neçə mağazaya malların növbəti gün göndərilməsi ilə əlaqələndirsə də, bunun nəticəsində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmasını, yaxud hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İş materiallarında olan, nə 29.10.2020-ci il tarixdə tərtib edilmiş aktda, nə baş direktor tərəfindən Cəmiyyətin Həmkarlar İttifaqı Komitəsinə göndərilən 30.10.2020-ci il tarixli təqdimatda, nə də Cəmiyyətin Həmkarlar İttifaqı Komitəsinin Ümumi Yığıncağının 02.11.2020-ci il tarixli, 18 saylı Protokolunda, hətta məhkəmə iclasında dindirilmiş şahidlər də, həmin halların konkret nədən ibarət olmasını izahatlarında göstərə bilməmişlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə görə əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin; 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 68-ci maddəsinin 1 və 2-ci bəndinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. 70-ci maddəsinin «ç» bəndinə görə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilmə əsaslarından biri də işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasıdır. 71-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Buna baxmayaraq, cavabdeh tərəf iddiaçının əməlləri nəticəsində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmasını, yaxud hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, cavabdeh tərəfin dəlilləri iddiaçının əməlləri nəticəsində MMC-yə konkret olaraq dəymiş ziyan məbləği, iş ahənginin hansı qaydada pozulmasını əks etdirmir. Kollegiya həmçinin birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, qeyd edir ki, tətbiq edilən hər bir norma törədilmiş pozuntunun xarakterinə və ağırlıq dərəcəsinə mütənasib olmalıdır. Yəni, iddiaçının törətdiyi əməl ilə ona qarşı tədbiq edilmiş tədbirlər mütənasib olmalıdır. Hazırkı halda isə, cavabdeh tərəfindən iddiaçıya münasibətdə alternativ inzibati tənbeh növü tədbiq edilmədən əmək qanunvericiliyində nəzərdə tutulmuş sərt cəza tədbirini tədbiq edilmişdir. Kollegiya qeyd edir ki, iddiaçının hərəkətləri nəticəsində MMC-nin iş ahənginin pozulmasının, yaxud hər hansı formada ziyan dəyməsinin konkret nədən ibarət olması qeyd edilməmişdir. Bundan başqa apellyator şikayətində malların gec çatdırılmasının həm satışlara, həm də həmin mağaza personalının planlaşdırılmış iş yükünə həcminə mənfi təsir göstərməsinə istinad etsə də, həmin hallar da, sübuta yetirilməmişdir. Halbuki, Azərbaycan Respublikası Əmək məcəlləsinin 71-ci maddəsinin 3-cü bəndinə əsasən, İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən işin hallarını tam araşdırmış və qətnamə qəbul edərkən dügün nəticəyə gəlmişdir. Kollegiya apellyasiya şikayıtinin dəlilləri ilə bağlı qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi). Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etsədə, istinad etdiyi halları təstiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Göründüyü kimi, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(011)-1260/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-5603/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5603/2021
30.06.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver