Məhkəmə qərarları › İş №2(103)-5603/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5603/2024

17.10.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5603/2024 17.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər:işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlük hüququ olan şəxslər, işçinin peşəkarlıq səviyyəsi, əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi, iddia müddəti) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə İddiaçı ləğv prosesindəki Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə haqqın və gecikdirilən günlər üçün ödəncin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 iyul 2024-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı xx.xx.2006-cı il tarixdə Cavabdeh ASC-nin marketinq şöbəsində mütəxəssis vəzifəsinə işə qəbul olunmuş, sonrakı dövrlərdə həmin bankda müxtəlif vəzifələrdə işləmiş, sonuncu dəfə xx.xx.2022-ci il tarixli əmrlə bankın ümumi şöbəsinin arxivariusu vəzifəsinə keçirilmiş, Cavabdeh ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun 03 iyul 2023-cü il tarixli 28/K saylı əmrinə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi əsasında (işçilərin sayının və ya ştatlarının ixtisar edilməsi ilə əlaqədar) əmək müqaviləsinə xitam verilmişdir.

2. İddiaçı işə bərpa olunması xahişi ilə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət ünvanlamış, müraciətinə xx.xx.2023-cü il tarixli məktubla cavab verilərək aidiyyəti üzrə müraciət etməli olduğu ona bildirilmişdir.

3. İddiaçı əmək hüquqlarının pozulması ilə bağlı xx.xx.2023-cü il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsinə müraciət ünvanlamış, müraciətinə Əmanətlərin Sığortalanması Fondu tərəfindən xx.xx.2023-cü il tarixli məktubla cavab verilmişdir.

4. İddiaçı işdən çıxarılmasının qanunsuz olması ilə bağlı 22 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına müraciət ünvanlamış, müraciətinə cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsinin 15 yanvar 2024-cü və 02 fevral 2024-cü il tarixli cavab məktublarında, tərəflərindən LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət edildiyi, lakin həmin qurum tərəfindən müvafiq sənədlərin hələ də təqdim olunmadığı, sənədlər təqdim ediləcəyi təqdirdə müraciətinə yenidən baxılacağı bildirilmiş, müraciətdə qeyd edilən məsələlərlə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur.

5. İddiaçı işdən çıxarılmasının qanunsuz olması ilə bağlı xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərdə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə də şikayət ərizələri ünvanlamışdır.

6. İddiaçı şəhid ailəsinin üzvüdür, onun qardaşı prokurorluq orqanının müstəntiqi kimi öz xidməti vəzifəsini yerinə yetirərkən 1993-cü ildə şəhid olmuşdur.

7. İddiaçı müraciəti əsasında Bakı 10 saylı Mediasiya təşkilatı tərəfindən mediasiya sessiyasının keçirilməsi xx.xx.2024-cü tarixə saat 15:00-a təyin edilmiş, lakin LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun etibarnamə üzrə nümayəndəsi mediasiya prosesinin davam etdirilməsi barədə razılıq verməmişdir.

8. İddiaçı Cavabdeh ASC-nə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə haqqın və gecikdirilən günlər üçün ödəncin ödənilməsi” barədə iddia ərizəsi, səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığı əsas göstərilməklə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə geri qaytarılmışdır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

9. İddiaçı (iddiaçı) ləğv prosesindəki Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, xx.xx.2023-cü il tarixli 28K nömrəli əmrin ləğv olunması, işə bərpa edilməsi və məcburi boşdayanma ilə əlaqədar işə bərpa olunduğu günədək ödənilməli olan əmək haqqının, habelə ödənilməsinin gecikdirildiyi günlər üçün əmək haqqının azı bir faizi məbləğində ödəncin cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, 2006-cı ildən 2023-cü ilə qədər Cavabdeh ASC-də işləmiş, xx.xx.2023-cü il tarixli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işdən azad olunmuşdur. Həmin əmr əsassız və qanunsuz əmrdir, çünki o, şəhid ailəsi üzvüdür. İşəgötürən əmr qəbul edərkən Əmək Məcəlləsinin 78-ci maddəsinin tələblərinə əməl etməmiş, onunla bağlanmış əmək müqaviləsinə xitam vermiş və ailə vəziyyətini nəzərə almamışdır. İşdən çıxdığı müddətdən bu günə qədər işə bərpa olunması üçün dövlət orqanlarına müraciət etmiş, sonda görmüşdür ki, işə bərpa olunması gecikir və buna görə də iddia qaldırmaq məcburiyyətində qalmışdır. İşlədiyi müddətdə cavabdeh tərəfindən ona verilən əmək haqqı onunla eyni vəzifəni, eyni iş saatı yerinə yetirən, hətta ali savadı olmayan işçilərdən 50 % az olmuşdur.

11. İddiaçı iddia müddətinin bərpası barədə ərizə də vermiş, tərəfindən iddia müddətinin ötürülmədiyini, işdən çıxarıldığı müddətdən sonra dövlət orqanlarına müraciətlər ünvanladığını bildirməklə müddətin bərpa olunmasını xahiş etmişdir.

12. Cavabdehin nümayəndəsi məhkəməyə ünvanladığı ərizəsində iddiaçının, əmək müqaviləsinə xitam verildikdən 11 ay sonra iddia qaldırdığını və iddia müddətini ötürdüyünü bildirmiş, iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

13. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etmiş, cavabdehin nümayəndəsi isə iddia müddətinin ötürülməsi səbəbindən iddianın rədd olunmasını xahiş etmişdir.

14. Məhkəmənin xx.xx.2024-cü il tarixli protokol-qərardadı ilə X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur.

15. Birinci instansiya məhkəməsinin 16 iyul 2024-cü il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin olunması, 03 iyul 2023-cü il tarixli 28/K saylı əmrin ləğv edilməsi, İddiaçı əvvəlki vəzifəsinə bərpa edilməsi, İddiaçı 03 iyul 2023-cü il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının və hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin ödənilməsi qət olunmuşdur.

16. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

16.1. Hazırki işdə müqavilənin ləğv edilməsi üçün əsas işçilərin sayı və ya ştatlarının ixtisarı ilə əlaqədar olduğundan, qanunvericilik müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilərin işdə saxlanılmalı olmasını müəyyən etmiş, habelə işçinin peşəkarlıq səviyyəsinin işəgötürən tərəfindən müəyyən edilməli olmasını da birmənalı şəkildə qeyd etmişdir. 16.2. İşçinin peşəkarlıq səviyyəsinin işəgötürən tərəfindən müəyyən edilməli olmasının qeyd edilməsinə baxmayaraq, iddiaçıya münasibətdə bu qaydaya riayət edilməmiş və sonuncuya yalnız xəbərdarlıq müddəti tanınmaqla, tanınmış müddət başa çatdıqda onunla bağlanmış olan müqavilə ləğv edilmişdir. Halbuki, qanunvericiliklə işçinin peşəkarlıq səviyyəsinin müəyyən edilməsinin konkret tənzimləmə mexanizminin olmaması, işəgötürənin hər hansı bir əsas gətirmədən əsassız olaraq işçi ilə bağlanmış olan əmək müqaviləsinin ləğvi üçün əsas ola bilməz. 16.3. Eyni zamanda qeyd edilməlidir ki, peşəkarlıq səviyyəsi eyni olduğu halda qanunvericilik imperativ qaydada müəyyən kateqoriya işçilərin işdə saxlanmalı olmasını da təsbit etmiş və bu kateqoriyaya şəhid ailəsinin üzvləri olan işçilər də aid edilir. Belə ki, normanın məzmunundan görünür ki, normada müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşənin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilərin işdə saxlanılması və işəgötürənin işçilərin sayı ixtisara düşdükdə ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda hansı kateqoriya şəxslərin isdə saxlanmasına üstünlük verməsini təsbit etmişdir. 16.4. İddiaçının qardaşının vətən uğrunda həlak olması və bununla da iddiaçının şəhid ailəsi üzvü olmasına baxmayaraq, işçilərin sayının azaldılması əsası ilə əmək müqavilələri ləğv edilərkən, bu məqamlara işəgötürən tərəfindən diqqət yetirilməmişdir. 16.5. İşəgötürən iddiaçı ilə bağlanmış olan əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndi üzrə ləğv etmiş olsa da, müqaviləni ləğv edərkən riayət etməli olduğu qaydalara əməl etmədiyindən, yəni işçilərin sayının azaldılmasına dair qərar qəbul edərkən müəyyən vəzifələr üzrə daha yüksək peşəkarlıq səviyyəsinə malik olan işçilərin saxlanması zamanı işçinin peşəkarlıq səviyyəsini hansı əsaslar üzrə müəyyən etməsinə dair əsaslı sübut təqdim etmədiyindən, peşəkarlıq səviyyəsi eyni olduğu halda belə iddiaçının şəhid ailəsi üzvü olmasına baxmayaraq, işdə saxlanmalı olan işçi kateqoriyasina aid olmasına diqqət yetirmədiyindən, iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına yol vermişdir. 16.6. İddiaçı tərəfindən qanunla müəyyən edilmiş bir aylıq müddətin öütürlməsinə dair cavabdehin dəlilinə münasibətdə isə məhkəmə qeyd edir ki, həmin dəlilin əsassız olması işdə olan sənədlərlə sübuta yetirilmişdir. Belə ki, cavabdeh tərəf qanunla müəyyən edilmiş müddətin ötürülməsinə istinad etmiş olsa da, göründüyü kimi, iddiaçı onunla bağlanmış olan əmək müqaviləsi ləğv edildikdən sonra müxtəlif qurumlara müraciət etmiş və etmiş olduğu müraciətlər nəticə vermədikdən sonra pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bununla da, məhkəmənin qənaətinə görə iddiaçının əvvəlki işinə bərpa olunmaq üçün bir sıra tədbirlər görməsi və müsbət nəticə əldə etməməsi səbəbilə sonda məhkəməyə müraciət etməsi qanunla müəyyən edilmiş müddəti ötürməsi kimi qəbul edilə bilməz. 16.7. İddiaçının digər tələbi də məcburi iş buraxma müddəti üçün əmək haqqı və hər gecikdirilmiş gün üçün əmək haqqının azı bir faizi məbləğində ödəncin verilməsi ilə əlaqədardır. 16.8. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 aprel 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, işəgötürənin təqsiri üzündən gecikdirilmiş əmək haqqına görə müvafiq dövr üçün bir faiz ödəncin verilməsi tələbinin məsələ ilə bağlı fərdi əmək mübahisəsinin yaranmış olması əsası ilə rədd olunması Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində müəyyən olunan müddəanın məqsədinə zidd olmaqla, işçiləri gecikdirilən vaxta görə qanunla təsbit edilmiş ödənci tələb etmək hüququndan da məhrum edir. Odur ki, əmək haqqının gecikdirilməsinə görə ödəncin verilməsi qaydası fərdi əmək mübahisəsi yarandığı halda da tətbiq edilməlidir. 16.9. Göründüyü kimi, hazırki mübahisə məhz işəgötürənin təqsiri üzündən yaranmışdır. Belə ki, iddiaçı işəgötürənlə bağlanmnış olan əmək müqaviləsinin əsassız olaraq ləğv edilməsi səbəbilə uzun müddət işsiz qalmış və əmək haqqından məhrum olmuşdur. Bununla da, iddiaçı nəinki məcburi iş buraxma dövrü üçün məhrum olduğu əmək haqqını, eləcə də hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödənc verilməsini tələb etməkdə haqlı olmuşdur.

17. Gəldiyi nəticənin hüquqi əsaslandrması zamanı məhkəmə, Əmək Məcəlləsinin 70-ci, 71-ci, 76-cı, 78-ci, 154.1-ci, 172-ci, 296.2-ci, 300-cü maddələrinə istinad etmişdir.

18. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyi, sübutlara düzgün qiymət vermədiyi, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığı, iddiaçının iddia müddətini ötürmüş olmasını, əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilsə də, onun tərəfindən uzun müddət heç bir əməli addım atılmadığını, dövlət orqanına (Əmək Müfəttişliyinə) ilk müraciətini xx.xx.2023-cü il tarixdə, yəni işdən çıxarılmasından 5 ay sonra etdiyini, hətta həmin qurumun ona məhkəmədə iddia qaldırmalı olduğunu bildirdikdən sonrakı 5-6 ay ərzində də məhkəməyə müraciət etmədiyini nəzərə almadığı, tamamilə formal yanaşma ilə iddianı təmin etdiyi, qanunsuz qərar çıxardığı arqumentləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinə qarşı etiraz

19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, izahatlar

20. Cavabdehin məhkəmə iclaslarında iştirak edən nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, iddiaçı isə şikayətin əsassız olduğunu bildirmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

22. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

23. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

24. Maddə 382. İddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər.

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

25. Maddə 11 (“ə” bəndi). İşəgötürənin həmin Məcəllənin və digər normativ hüquqi aktlarların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüquqları vardır.

26. Maddə 42. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir.

27. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ...b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə.

28. Maddə 71 (1-ci hissə). İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.

29. Maddə 76 (2-ci hissə). Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.

30. Maddə 77. 1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. 2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. 3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. 4. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır.

31. Maddə 78 (1-ci hissə). Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır.

32. Maddə 78 (2-ci hissə). İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə.

33. Maddə 79. İşəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşına çatmamış uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

34. Maddə 80 (1-ci hissəsi). Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

35. Maddə 296.2. Bu maddənin birinci hissində göstərilən haldan başqa qalan bütün hallarda işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

36. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

37. Maddə 296.6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.

38. Maddə 300 (1-ci hissə). Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə ... çıxarır.

Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli Qərarı

39. ...Məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

43. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

44. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

46. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının həddi

47. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

48. Kollegiya hеsаb еdir ki, birinci instansiya məhkəməsinin iddia müddətinin tətbiqi ilə bağlı cavabdehin nümayəndəsinin ərizəsinə verdiyi hüquqi qiymət düzgün olmamışdır.

49. Belə ki, iddiaçının əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli əmrlə xitam verilmiş, bundan əvvəl ona qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə xəbərdarlıq olunmuş, əmək müqaviləsinə xitam verilərkən son haqq-hesabı ödənilmiş, əmək müqaviləsinə xitam verilməsi haqqında bildiriş müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində yerləşdirilmişdir.

50. Yuxarıda qeyd olunduğu kimi iddiaçı, işə bərpa olunması xahişi ilə ilk dəfə xx.xx.2023-cü il tarixdə Mərkəzi Banka müraciət etmiş, müraciətinə cavab olaraq gödərilən məktubda ona, aidiyyəti üzrə müraciət etməli olduğu bildirilmiş, 22 dekabr 2023-cü il tarixdə o, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına şikayət ərizəsi ünvanlamış, həmin şikayət üzrə ona 2024-cü ilin yanvar və fevral aylarında cavablar verilərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuş, bundan sonra iddiaçı, cavabdehlə arasında yaranmış mübahisənin məhkəmədənkənar həlli üçün 2024-cü ilin aprel ayında mediasiya təşkilatına müraciət etmişdir.

51. Göründüyü kimi iddiaçı hətta ilk dəfə 2023-cü ilin sentyabr ayında (işdən çıxarılmasından 2 ay sonra) Mərkəzi Banka müraciət edərkən də iddia müddətini ötürmüş olmuş, dövlət orqanının tövsiyyəsindən sonra da digər dövlət qurumlarına müraciətlər ünvanlamış, iddia ərizəsini Mərkəzi Bankın cavabından 7 ay sonra məhkəməyə vermişdir.

52. Qeyd olunmalıdır ki, qanunverici ötürülmüş müddətin bərpasının mümkünlüyünü təsbit etsə də (§ 24), həmin imkana mexaniki (formal) yanaşılmamalı, məhz qanunla müəyyənləşdirilmiş müddətin daxilində (müddət 6 aydan az olduğu üçün) baş verən iddiaçının şəxsiyyəti ilə bağlı hallar (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) müddətin ötürülməsinin üzrlü səbəbləri kimi nəzərdən keçirilməlidir. Əks halda qanunvericinin, iddia müddəti institutunun tətbiqi ilə nail olmaq istədiyi məqsədlərə çatılmasından bəhs oluna bilməz.

53. Hazırkı işdə müəyyən edilən odur ki, iddiaçının üzrlü hal kimi göstərdiyi hal (müxtəlif dövlət orqanlarına müraciətlər) müvafiq müddət ötürüldükdən sonra reallaşmışdır; digər tərəfdən, müddətin ötürülməsini iddiaçının ağır xəstəliyi, köməksiz vəziyyəti və ya savadsızlığı ilə də əlaqələndirmək mümkün deyildir - əksinə, qeyd olunduğu kimi o, işdən çıxarılmasından sonra müxtəlif qurumlara çoxsaylı şikayətlər ünvanlamış, işə bərpa edilməsini istəmişdir.

54. İddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

55. 30 iyul 2021-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə istinad edərək qeyd etmişdir ki, həmin maddədə göstərilən prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir.

56. Avropa İnsan Hüquqları Məhkəməsi “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” işi üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.

57. Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı” iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında da göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

58. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3329/2024 saylı iş üzrə 16 iyul 2024-cü il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı ləğv prosesindki Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə haqqın və gecikdirilən günlər üçün ödəncin ödənilməsi” tələbi təmin edilməsin. Qətnamədən İddiaçı tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar