Məhkəmə qərarları › İş №2(103)-5605/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5605/2022

16.08.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5605/2022 16.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X7, İddiaçıların vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı X2 hüquqi varisləri X11 və X3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evdən çıxarılma” tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-99/2022 saylı, 03 mart 2022-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları X12 və İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi ilə ünvan 1 ünvanında yerləşən 8 saylı fərdi yaşayış evi sonuncuya 60.000 manata satılmışdır. ünvan 1 ünvanında yerləşən 8 saylı ev üzərində İddiaçı xüsusi mülkiyyət hüququ xx.xx.2019cu il tarixdə qeydiyyata alınmış və bu barədə RX seriyalı ******* nömrəli çıxarış verilmiş, həmin tarixdə də texniki pasport tərtib edilmişdir. Hazırki məhkəmə mübahisəsi dövründə, xx.xx.2020-ci il tarixdə İddiaçı ölmüş, Bakı şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə bu barədə ölüm haqqında şəhadətnamə verilmişdir. Bundan sonra ünvan 1 ünvanında yerləşən 8 saylı evin üzərində ¾ hissədə X11, ¼ hissədə isə X3 xüsusi mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış və bu barədə çıxarış verilmişdir. Tərəflər arasında əvəllər olmuş məhkəmə mübahisəsi üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)-6073/2019 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdehlər X13, X6, İddiaçı və üçüncü şəxslər Bakı şəhəri 52 saylı notariat kontoruna, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Abşeron rayon Ərazi İdarəsinə və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinə qarşı etibarnamənin və bağlanmış bütün əqdlərin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)- 1250/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, həmin qətnamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)-344/2021 saylı qərarına əsasən təmin edilməmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı X8 (hüquqi varisləri X17 və X9) iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən 8 saylı fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onlara məxsus məişət əşyaları ilə birlikdə çıxarılması və mənzilin boşaldılaraq təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən, ünvan 1 ünvanında yerləşən 8 saylı fərdi yaşayış evini tam mülkiyyət hüququ ilə satın almışdır. Həmin yaşayış evi üzərində onun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Alğı-satqı müqaviləsindən əvvəl, satıcı X12 bildirmişdir ki, yeni evə köçənədək evin əvvəlki mülkiyyətçiləri Cavabdeh1 və Cavabdeh2 onun razılığına əsasən həmin yaşayış evində müvəqqəti yaşayacaqlar və evin alğı-satqısından və çıxarış alınmasından dərhal sonra qeyd olunan evi boşaldaraq təhvil verəcəklər. Buna baxmayaraq, həmin şəxslər vədlərinə əməl edərək evdən çıxmamışlar. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-99/2022 saylı, 03 mart 2022-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı X2 hüquqi varisləri X11 və X3 mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən 8 saylı evdən əşyaları ilə birlikdə çıxarılmaları, ünvan 1 ünvanında yerləşən 8 saylı evin X15 və X4 təhvil verilmələri qət edilmişdir. Birinci instansiya məhkəməsinə görə, Elxan Əsgərovun həmin evi vicdanlı əldə edən olması yuxarı instansiya məhkəmələri (Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)- 1250/2020 saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)-344/2021 saylı qərarı) tərəfindən təsdiq edilmişdir. xx.xx.2020-ci il tarixdə X8 ölmüş və ünvan 1 ünvanında yerləşən 8 saylı evə dair onun onun hüquqi varisləri X11 (¾ hissədə) və X3 (¼ hissədə) payları müəyyən edilmiş və mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Hazırda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının hüquqi varislərinin mükiyyətində olan evdən çıxmamaqla, mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneçilik törədirlər. Apellyasiya instansiyası məhkəməsində icraat Qeyd olunan qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı mübahisəli evi X14 iddiaçıya satmışdır. Bundan başqa Cavabdeh1 mübahisəli evi 2004-cü ildə almış və hal hazıra kimi həmin evdə ailə üzvləri ilə birlikdə yaşayır. Cavabdeh1 tanışı İbrahim Haşımova mübahisəli evə dair çıxarışı əldə etmək üçün etibarnamə vermiş, sonuncu bu işdə ona köməklik etməyi vəd etmişdir. Daha sonra iddiaçının və onun qızının səhhəti ilə bağlı bankdan kredit götürülməsinə İbrahim Haşımov köməklik göstərəcəyinə söz vermiş, bu məqsədlə iddiaçı ona etibarnamə vermişdir. Lakin, sonradan iddiaçı Cavabdeh1 məlum olmuşdur ki, həmin ev nə özünün, nə də ki ailə üzvlərinin razılığı olmadan əvvəlcə Mübariz Mikayılova, sonra isə iddiaçı Elxan Əsgərova satılmışdır. İddiaçı Cavabdeh1 nə Mübariz Mikayılovu nə də ki, Elxan Əsgərovu tanımır. İşin faktiki hallarında məlum olur ki, cavabdehlər bu günə kimi mübahisəli evdə yaşayırlar və həmin evə dair alğı-satqı müqavilələr bağlanılarkən alıcılar, yəni Mübariz Mikayılov və hazırki iş üzrə iddiaçı Elxan Əsgərov müştəri kimi heç olmasa bir dəfə də olsun evə gəlib, baxmamışdırlar. Belə olan halda sual yaranır: «Necə olur ki, evi alan şəxslər evə ümumiyyətlə gəlib baxmadan almışdırlar?» Bu hal işin həlli üçün ziddiyyət yaradır. 1-ci instansiya məhkəməsi də həmin ziddiyyətə aydınlıq gətirməmişdir. Bundan başqa iş materiallarından məlum olur ki, mübahisəli ev etibarnamə əsasında X16 tərəfindən X6 29.000 (iyirmi doqquz min) manata satılmış, sonradan isə həmin ev X12 tərəfindən iddiaçı X5 60.000 (altmış min) manata satılmışdır. Qeyd olunur ki, həm birinci dəfə həm də ki, ikinci dəfə mübahisəli evə dair alğı-satqı müqavilələr rəsmiləşdirilərkən evin faktiki qiymətinin qat-qat aşağı salınmış qiymətinə satılmışdır. Bu halda da sual yaranır: «Necə olur ki, mübahisəli evə dair alğısatqı müqavilələr bağlanılarkən evin faktiki qiymətindən üç-dörd qat aşağı qiymətə satılmışdır?» Bu hall iş üçün böyük ziddiyət yaradır və 1-ci instansiya məhkəməsi həmin zidiyyətlə bağlı aydınlıq gətirməmişdir. Qeyd edildiyi kimi mübahisəli ev birinci dəfə etibarnamə əsasında X16 tərəfindən X1. Bu günə kimi bundan əvvəlki məhkəmə mübahisələrdə və hazırki mübahisə üzrə bir dəfə də olsun X16 məhkəməyədə ifadə verməmiş, hansının ki, ifadəsi işin düzgün həlli üçün önəmli olardı. 1-ci instansiya məhkəməsi bu ziddiyyəti də aradan qaldırmamışdır. Məhkəmə, yuxarıda qeyd edildiyi kimi hazırki mübahisənin düzgün həlli üçün heç bir şərait yaratmamış və nəticədə əsassız olaraq iddia tələbini təmin etmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıların vəkili-nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, şikayətin rədd edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, cavabdehlərin vəkili Vəkil ərizə verərək, məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, iddiaçının nümayəndəsi isə məhkəmə iclasının təxirə salınmasına etiraz etdiyindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə: - 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. - 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. - 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. - 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Azərbaycan Respublikasının Konstitusiyası: - 13-cü maddəsinin 1-ci bəndi: Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinin 1-ci və 2-ci bəndi: Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki Məcəllə: - 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. - 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın - 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə kollegiyasının mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apellyasiya şikayətinin X10 məhkəmədə dindirilməməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, tərəflər arasında olmuş məhkəmə mübahisəsi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh1 cavabdeh İ.Ə.Haşımovun onun etibarnamədən sui-istifadə etməsi nəticəsində alğı-satqı müqaviləsinin bağlanması barədə qənaətə gəlməsi də düzgün deyil. Belə ki, iş materiallarından görünür ki, həmin fərdi yaşayış evində yaşayış üzrə qeydiyyatda olan şəxslər Bakı şəhər 17 saylı notariat kontorunda yazdıqları ərizələrində fərdi yaşayış evinin satılmasına etiraz etməmələri barədə öz iradələrini ifadə etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.3-cü maddəsində əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiya əlaqəsi yaranmış olur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayətinə dair xx.xx.2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Göründüyü kimi, prosessual qanunvericilik yalnız qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilmiş hər hansı faktların preyudisiallığını mümkün hesab edir. Kollegiya cavabdehlərin apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək qeyd edir ki, hazırki apellyasiya şikayətinin dəlilləri iddiaçının əvvəlki məhkəmə çəkişmələri zamanı qəbul edimiş məhkəmə aktlarından verilən apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etməklə bu dəlillərə də işə baxan məhkəmələr hüquqi qiymət vermişlər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hazırki apellyasiya instansiyası məhkəməsinin dəlillərini formal xarakter daşımaqla apellyatorun mövqeyinə əsaslanır və mahiyyəti üzrə düzgün olan birinci instasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas ola bilməz. Göründüyü kimi, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Əksinə, preyudisial xarakter daşıyan qərarlarla apellyatorun dəlilləri təkzib olunur və formallıq daşıyır. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Hazırki apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə cavabdehin özünə aid edilməlidir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-99/2022 saylı, 03 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehlərin özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar