Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5607/2021 22.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “əqdin etibarsızlığı nəticələrinin tətbiqi” barədə iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Əmlak Məsələləri Dövlət Xidməti və Maliyyə Nazirliyindən onun xeyrinə 16.050 manatın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə İddiaçı Fərhad qızı tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi, 26 ünvanda yerləşən qeyri-yaşayış sahələrinin açıq hərrac yolu ilə əldə olunması üçün ödənilmiş 16050 manatın 25 %-i, yəni, 4012,50 manat hissəsinin İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən, 75 %-i, yəni, 12037,50 manat hissəsinin Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabına Maliyyə Nazirliyi vasitəsi ilə alınıb iddiaçıya qaytarılması, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, hazırkı iş üzrə müqavilə tərəfləri İddiaçı və Əmlak Məsələləri Dövlət Xidmətidir. Maliyyə Nazirliyi tərəfindən isə sözügedən hərracla bağlı heç bir iştirak və qanunsuzluq halları mövcud olmadığı, hərracın təşkil olunmadığı və iddia ərizəsinə təkcə müqavilə tərəfi olan orqana münasibətdə baxılmalı olduğu halda, məhkəmə bu prosedura əməl etmədən Maliyyə Nazrliyini faktiki olaraq cavabdeh kimi tanımışdır. Azərbaycan Respublikası Prezidentinin 10.08.2000-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 13-cü bəndində qeyd olunan özəlləşmədən əldə olunmuş pul vəsaitinin dövlət büdcəsinə daxil olması ilə bağlı müddəa hər hansı orqanın səhv hərəkəti nəticəsində dövlət büdcəsinə tutmanın yönəldilməli olduğu anlamına gəlməməli, Maliyyə Nazirliyi ilə iddiaçı arasında heç bir hüquq münasibəti olmadığından və Nazirlik tərəfindən iddiaçıya hər hansı ziyan vurulmadığından iddia tələbinin, eyni zamanda bununla bağlı hər hansı öhdəliyin Maliyyə Nazirliyinə və dövlət büdcəsinə yönəldilməsi əsassız hesab olunmalıdır. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmlərinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası, qətnaməni apellyatorun mübahisələndirdiyi hissədə yoxlamışdır. Belə ki, apellyasiya şikayətində qətnamənin bütövlükdə ləğv və iddianın rədd olunması xahiş olunsa da, şikayətinin məzmunundan görünür ki, apellyator qətnaməni yalnız iddianın ona münasibətdə təmin olunan hissəsində mübahisələndirir. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə şikayətin həddi və dəlilləri ilə bağlıdır. Kollegiya, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan sənədlərdən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04.07.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" LTD MMC-nin cavabdehlər İddiaçı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddiası təmin edilərək, 13.03.2018-ci il tarixli, 10/02 və 10/03 nömrəli Hərrac protokolları və Əmlak Məsələləri Dövlət Komitəsi ilə İddiaçı arasında bağlanılmış Müəssisənin (obyektin) alqı-satqısına dair 14.03.2018-ci il tarixli, 3886 və 3890 nömrəli müqavilələrin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi 26 ünvanda yerləşən qeyri-yaşayış sahələrinə dair İddiaçı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, 18.04.2018-ci il tarixli, ******* nömrəli və RX seriyalı, 18.04.2018-ci il tarixli, ******* nömrəli çıxarışların ləğv edilməsi qət edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin İddiaçı ünvanladığı dekabr 2020-ci il tarixli, **********01 saylı məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi 26 ünvanda yerləşən 8,2 kv.m. qeyri-yaşyaış sahəsinin özəlləşdirilməsinə dair alqı-satqı müqaviləsi üzrə 2600 manat, 43,6 kv.m. qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə dair alqı-satqı müqaviləsi üzrə isə 13450 manat İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir. Sözügedən qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi ilə bağlı İddiaçı tərəfindən ödənilmiş pul vəsaitinin ona qaytarılması yuxarıda qeyd olunan qanuni qüvvəsini almış məhkəmə qərarında qeyd edilməmişdir. Eyni zamanda, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 16.05.2000-ci il tarixli Qanununun 11.1-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsindən əldə olunan pul vəsaiti döviət büdcəsinə köçürülür. Həmin Qanunun 30-cu maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsi ilə əlaqədar yaranan mübahisələr qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə qaydasında həll edilir. Göstərilənləri nəzərə alaraq, müraciətdə qeyd edilən məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi məqsədəuyğundur. Göründüyü kimi, İddiaçı ilə cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi arasında Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi 26 ünvanda yerləşən qeyri-yaşayış sahələrinin alqısatqısına dair bağlanmış 14.03.2018-ci il tarixli, 3886 və 3890 nömrəli müqavilələr üzrə iddiaçı tərəfindən ümumilikdə 16050 manat ödəniş edilməsi, həmin müqavilələrin etibarsız olması və buna görə də həmin məbləğlərin iddiaçıya qaytarılmalı olması işin mübahisəsiz hallarıdır. İşin mübahisəli halı isə ondan ibarətdir ki, iddiaçı sözügedən etibarsız müqavilələr üzrə ödədiyi məbləğin bir hissəsinin Əmlak Məsələləri Dövlət Komitəsinin hesabına, qalan hissəsinin isə dövlət büdcəsinə köçürüldüyünə istinad edərək, həmin məbləğin hər iki cavabdehdən tutulmasını tələb edir. Cavabdeh Maliyyə Nazirliyi isə iddia tələbinə ona aid hissədə etiraz edərək, sözügedən alqı-satqı müqavilələrinin tərəfi olmadığından başqa orqanın hərəkətlərinə görə cavabdehlik daşımadığını bildirir. Kollegiya mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Prezidentinin 10.08.2000-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı"nın 13-cü bəndinə əsasən, özəlləşdirmədən daxil olan vəsaitə özəlləşdirilən obyektlərin və səhmlərin, özəlləşdirmə opsionlarının satışından, özəlləşdirmə prosesində rüsumların ödənilməsindən əldə edilən pul vəsaiti və daxilolmalar daxil olur. Özəlləşdirmədən əldə olunmuş pul vəsaiti dövlət büdcəsinə daxil olur. Dövlət əmlakının özəlləşdirilməsində müstəqil maliyyə məsləhətçisinin cəlb edilməsi, özəlləşdirmə ilə bağlı informasiya təminatının təşkili və müəssisələrin özəlləşdirməqabağı sağlamlaşdırılması, özəlləşdirmədən sonra müəssisələrin fəaliyyətinin dəstəklənməsi tədbirlərinin maliyyələşdirilməsi, dövlət əmlakının qorunub saxlanılması və mühafizəsi, Azərbaycan Respublikasının mülkiyyət hüquqlarının qorunması ilə bağlı Azərbaycan Respublikasını xarici ölkələrin müvafiq orqanlarında, habelə məhkəmə orqanlarında təmsil etmə xərclərinln ödənilməsi məqsədi ilə Əmlak Məsələləri Dövlət Komitəsinin hesabına bu vəsaitin 25%-i həcmində ayırmalar nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin 23.12.2000-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Ozəlləşdirmədən əldə olunan vəsaitin Azərbaycan Respublikası dövlət büdcəsinə daxil edilməsi və ondan istifadə Qaydaları"nın 2-ci bəndinə əsasən özəlləşdirmədən əldə olunan pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 09 fevral 2009-cu il tarixli 48 №-li Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən, nazirlik Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazılayan və dövlət düdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimləməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Qeyd olunan normativ hüquqi aktların tələblərindən göründüyü kimi, özəlləşdirmə nəticəsində əldə edilən pul vəsaitinin 25 %-nin Əmlak Məsələləri Dövlət Xidmətinin hesabına, 75 %-nin isə dövlət büdcəsinə keçməsi nəzərdə tutulmuşdur. Belə olan halda, hazırkı iddia tələbinin hüquqi əsasını təşkil edən MM-in 337.5-ci maddəsinin dispozisiyasında əqdin etibarsızlığı nəticələrinin tərəflərdən hər birinin əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa borclu olması kimi göstərilməsi hərfi mənada başa düşülməməli, normanın məqsədi baxımından təfsir edilməlidir. Normanın məqsədi isə mülki hüquq subyektlərini əmlak mənafelərini qorumaqla, etibarsız əqdlər nəticəsində baş verəcək əsassız varlanma hallarının qarşısını almaqdan ibarətdir. Bu baxımdan, Kollegiya hesab edir ki, İddiaçı ilə Əmlak Məsələləri Dövlət Komitəsi arasında bağlanmış 14.03.2018-ci il tarixli etibarsız əqdlər nəticəsində əsassız varlanmış tərəf yalnız Əmlak Məsələləri Dövlət Xidməti deyil, həm də dövlət büdcəsi, dolayısı ilə də Maliyyə Nazirliyidir. Ona görə də, əqdin etibarsızlığının nəticələri hər iki cavabdehə münasibətdə müqavilə üzrə aldıqlarına mütənasib şəkildə tətbiq olunaraq, Əmlak Məsələləri Dövlət Xidmətindən iddiaçı tərəfindən etibarsız müqavilələr üzrə ödənilmiş ümumi məbləğin 25 %-i, Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsindən isə 75%-i tutulmalıdır. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsaəsn, bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi qətnamənin mübahisələndirilən hissəsində iş üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən qətnamə qanuni və əsaslıdır, şikayətin dəlilləri onun ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ : Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2646/2021 saylı iş üzrə 29 mart 2021ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Rəşad Həsənov Hakimlər Fuad Talışinski Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-5607/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5607/2021
22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver