Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5607/2025 19.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Cəfərli Pəri İlham qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil2, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh K.Səfərəliyev adına 16 nömrəli uşaq musiqi məktəbinə qarşı “işə bərpa” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3751/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) cavabdeh K.Səfərəliyev adına 16 nömrəli uşaq musiqi məktəbinə (bundan sonra, cavabdeh) qarşı “işə bərpa tələbinə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli, 41 nömrəli əmrin ləğv edilməsi, iddiaçının tutduğu vəzifəyə işə bərpa edilməsi və məcburi işburaxma müddətinə görə əmək haqqının hesablanaraq ödənilməsi, işə bərpa olunana qədər əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının 1 faizi məbləğində ödənişin hesablanaraq ödənilməsi, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 60 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2012-ci il tarixdə K.Səfərəliyeva adına 16 nömrəli uşaq musiqi məktəbinə “nəzəriyyə ixtisası üzrə müəllim” vəzifəsinə işə qəbul edilmiş, 13 il ərzində nöqsansız işləmiş, xəbərdarlıq belə almamışdır. xx.xx.2025-ci il tarixdə attestasiya keçirilmiş, iddiaçı attestasiyada iştirak etmişdir. Keçirilən attestasiyada iddiaçı attestasiya komissiyasının qarşısında 30 dəqiqə müddətində şifahi verilən sualları cavablandırmasına baxmayaraq attestasiya komissiyasının yekun qərarına əsasən əleyhinə 4 nəfər, lehinə 1 nəfər səs verilmişdir. Qeyd olunan attestasiya komissiyasının yekun qərarına əsasən cavabdeh xx.xx.2025-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmr qəbul etmişdir. Cavabdeh tərəfindən keçirilən attestasiyada əvvəl hansı suallar veriləcək və hansı proqram üzrə hazırlaşması ilə bağlı iddiaçıya rəsmi qaydada məlumat verilməmişdir. Bundan əlavə, attestasiya zamanı 30 dəqiqə müddətində komisiya tərəfindən verilən suallara cavab verilmiş, lakin əsassız olaraq əleyhinə qərar qəbul edilmişdir. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçıya əvvəldən attestasiya barədə rəsmi məlumat verilmiş, müvafiq proqram təqdim edilmişdir. İddiaçı bu barədə attestasiya vərəqini də imzalamış, attestasiyadan tam məlumatlı olmuşdur. 12 nəfər bu ixtisas üzrə attestasiyada iştirak etmiş, cəmi 4 nəfər keçməmişdir. Suallar da əvvəlcədən təqdim edilmiş, onlara dəyişiklik olunmamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3751/2025 nömrəli, xx.xx.2025ci il tarixli qətnaməsi ilə (hakim Ülkər Xəlili) iddia qismən təmin olunmuş, K.Səfərəliyev adına 16 nömrəli uşaq musiqi məktəbinin xx.xx.2025-ci il tarixli, 41 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməsi, xx.xx.2025-ci il tarixdən işə bərpa edildiyi günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq cavabdeh tərəfindən iddiaçıya ödənilməsi, ödənilmiş 60 (altmış) manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Cavabdeh qeyd olunan qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir Apellyasiya şikayətinin və ona etirazın dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmış ki, tərəflər arasında xx.xx.2012-ci ildə bağlanmış əmək müqaviləsinə əsasən əmək münasibətləri yaranmış, 2025-ci ilin əvvəllərində işçilərin atestasiyaysı təşkil edilmiş, atestasiya komissiyasının xx.xx.2025-ci il tarixli qərarı əsasında iddiaçı işəgötürənin (cavabdehin) xx.xx.2025-ci il tarixli əmri ilə işdən azad edilmişdir. Bütün atestasiya prosesi qanunvericliyin tələblərinə əməl olunmaqla keçirilməsinə baxmayaraq, iddiaçı qeyd olunan əmri mübahisələndirmişdir. Belə ki, atestasiya prosesi başlamamışdan əvvəl bütün atestasiyadan keçməli olan şəxslərə – atestasiyanın tarixi, mövzular və s. barədə rəsmi məlumat verilmiş, onlara hazırlaşmaq üçün kifayət qədər vaxt verilmiş, atestasiya prosesi özlüyündə tamamilə şəffaf keçirilmiş, iddiaçıya qarşı hər hansı ayrı-seçkilik olunmamış, iddiaçıya tutduğu vəzifəyə, əmək funksiyasına və ixtisasına uyğun suallar verilmiş, lakin o suallara cavab verə bilməmişdir. Cavabdeh isə başqa əsasla deyil, yalnız atestasiya komissiyasının qərarı əsasında işdən azad edilmişdir. Lakin, işə baxan birinci instansiya məhkəməsi atestasiyanın məqsədlərinə, işin qeyd olunan faktiki hallarına, eləcə də attestasiyanın qanunvericiliyin tələblərinə uyğun keçirilib-keçirilməməsinə qiymət vermədən düzgün olmayan nəticəyə gəlmişdir. Halbuki, attestasiyanın qanunvericiliyin tələblərinə uyğun formada keçirilməsinə dair bütün lazımi sübutlar (bildirişlər, protokollar, qərarlar və s.) məhkəməyə təqdim olunmuş, lakin həmin sübutlar tərəflərin iştirakı ilə tam, hərtərəfli və obyektiv araşdırılmamış, onlara lazımi hüquqi qiymət verilməmişdir. Belə olan halda, məhkəmənin əmrin qanunsuz olması nəticəsinə gəlməsi əsassız olmuşdur. Qeyd olunanlara əsasən, apellyasiya şikayətinin təmin olunaraq, iddianın təmin olunan hissəsində qətnamənin ləğv olunması və həmin hissədə iddianın rədd olunması xahiş olunmuşdur. Tərəflərin izahatları, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə uyğun izahat vermiş, həmçinin göstərmişdir ki, iddiaçı ilə cavabdeh orqan arasında uzunmüddətli əmək münasibətləri olmuş, həmin müddətdə hər hansı intizam pozuntusuna yol verilməmiş, müəllim barəsində hər hansı şikayət daxil olmamış, şagirdlərin valideynləri tərəfindən narazılıqlar edilməmişdir. Bununla belə, iddiaçı da daxil olmaqla, Mədəniyyət Nazirliyi tərəfindən məktəbin müəllimləri attestasiyaya cəlb olunmuş, attestasiya qanunvericliyin tələblərinə uyğun formada keçirilmişdir. Belə ki, komissiya üzvləri yüksək peşəkarlıq səviyyəsinə malik şəxslər olmuş, attestasiya obyektiv keçirilmiş, heç bir kənar təsir olmadan komissiya iddiaçının tutduğu vəzifəyə uyğun olmaması qənaətinə gəlmiş, bunun nəticəsində əsasında iddiaçı vəzifəsindən azad olunmuşdur. İddiaçının işlədiyi nəzəriyyə kafedrasından 12 nəfər attestasiyaya cəlb olunmuş, iddiaçı da daxil olmaqla onlardan 4-ü kəsilmiş, onlardan biri barəsində isə ƏM-nin 79-cu maddəsinin tələbləri tətbiq olunmuşdur. Həmçinin iddiaçının başqa vəzifəyə keçirilməsi də mümkün olmamış, attestasiya komissiyası tərəfindən hər hansı tövsiyyə verilməmişdir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin olunmasını xahiş etmidir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətinə etiraz edərək, iddia ərizsində göstərilənlərə, eləcə də birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, həmçinin göstərmişlər ki, iddiaçı uzunmüddətli əmək fəaliyyəti prosesində əmək intizamı pozuntusuna yol verməmiş, nümunəvi işçi olmuşdur. Düzdür attestasiya barədə iddiaçıya məlumat (hazırlıq proqramı) verilsə də, onun nəticələrinin o qədər də əhəmiyyət daşımadığı bildirilmiş, attestasiya zamanı isə iddiaçıya qarşı qərəz nümayiş etdirilmiş, ilk suallardan ona təzyiqlər olmuş, bu səbəbdən də sonrakı sualları tam cavablandıra bilməmiş, kilidlənmişdir. Attestasiyanın keçirilməsi prosesini özündə əks etdirən materiallara birinci instansiya məhkəməsinə baxış keçirilmiş, sübutlar tam və hərtərəfli araşdırılmışdır. Bundan başqa, attestasiya neytral zonada (Bakı Xareoqrafiya Akademiyasında), lazımi şəraitdə, kənar təsirləri istisna edən, yanlız komissiya üzvləri və iddiaçının iştirak etdiyi ortamda keçirilmiş, komissiya üzvləri tərəfindən səsləndirlən fikirləri üçüncü şəxslər eşitməmişdir. Komissiya tərəfindən verilən suallar şifahi olmuş, suallar iddiaçının ixtisası ilə bağlı olmuş, digər işçilərin attestasiyası zamanı isə onlara qarşı hər hansı üstünlüklərin verilməsinə dair sübutları yoxdur. Lakin, komissiya üzvlərinin təzyiqləri nəticəsində iddiaçı həyəcanlanmış, stres keçirmiş bildiyi suallara da cavab verə bilməmiş, cavabları unutmuşdur. Əlavə olaraq bildirirlər ki, iddiaçı barəsində ƏM-nin 79-cu maddəsində göstərilən hər hansı hal mövcud deyildir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdirlər. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinə əsasən iddianın təmin olunan hissəsində yoxlayır. («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə ləğv olunmalı, iddia tələbləri həmin hissədə rədd olunmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, tərəflər arasında xx.xx.2012-ci il tarixli əmək müqaviləsinin bağlanması, iddiaçının nəzəriyyə ixtisası üzrə müəllim vəzifəsində işə qəbul edilməsi işin mübahisə olunmayan hallarıdır. Eyni zamanda, işdə olan digər sübutlardan (xəbərdarlıq bidirişi, attestasiyanın keçirilməsi və nəticələrinə dair sənədlər, əmr və s.) görünür ki, iddiaçıya attestasiyasının keçirilməsi barədə müvafiq xəbərdarlıq bildirişi, eləcə də attestasiyanın proqramı (mövzular, ədəbiyyat siyahısı və s.) xx.xx.2024-cü il tarixdə rəsmi qaydada təqdim olunmuş (iddiaçı bu halı bildirişdə imzası ilə təsdiq etmişdir), attestasiya xx.xx.2025-ci il tarixdə keçirilmiş, Attestasiya Komissiyasının xx.xx.2025-ci il tarixli, 3 nömrəli qərarına əsasən iddiaçı tutduğu vəzifəyə uyğun hesab edilməmiş (24 sualdan 8 suala dorğu cavab vermiş, 6 suala cavab verə bilməmiş, 4 suala yanlış cavab vermiş, 1 sualı tam cavablandırmamış, 2 sula qismən cavab vermişdir) bu səbəbdən də cavabdehin xx.xx.2025-ci il tarixli, 41 nömrəli əmrinə əsasən iddiaçı ilə bağlınmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, attestasiyanın keçirilməsi müəyyən edilmiş qaydalara uyğun şəkildə həyata keçirilməlidir. Bu qanunvericilik aktlarında attestasiyanın ədalətli və obyektiv keçirilməsi, işçilərin peşəkarlığının düzgün qiymətləndirilməsi nəzərdə tutulur. Həmçinin, attestasiya komissiyanın işçilərə qarşı qərəzsiz yanaşması və qiymətləndirmə zamanı hər hansı mənfi mövqeyin nümayiş etdirilməməsi vurğulanır. Bərabərlik prinsipi attestasiya zamanı bütün işçilərə eyni vəzifə üzrə eyni tələblər və meyarlar əsasında sualların verilməsini tələb edir. Əgər bir işçiyə digərlərindən daha çətin və ya daha çox suallar verilirsə, bu onun haqsız yerə uğursuz nəticə göstərməsinə səbəb ola bilər. Həmçinin suallar obyektiv və işçinin peşə bacarıqları ilə əlaqəli olmalı, bütün işçilər eyni tələblər və meyarlar əsasında qiymətləndirilməlidirlər. İşçilərə fərqli və qərəzli yanaşılıbsa, bu qərəzsizlik prinsipinin pozulması deməkdir. Eyni zamanda, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə və 67-ci maddəsinin 1-ci hissəsinə nəzər saldıqda müəyyən edilir ki, attestasiya komissiyası tərəfindən işçi barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılması işəgötürənə işçi ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi səlahiyyətini verməsinə baxmayaraq, imperativ norma kimi müəyyən edilməmişdir. Həmçinin hazırki halda işəgötürən tərəfindən işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edilməsi və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirməsinə təşəbbüs göstərilməmişdir. Göründüyü kimi, iddiaçı illərlə Bakı şəhəri K.Səfərəliyeva adına 16 nömrəli Uşaq Musiqi Məktəbində nəzəriyyə ixtisası üzrə müəllim vəzifəsində xəbərdarlıq, töhmət və s. almadan çalışmağına baxmayaraq, işəgötürən tərəfindən bu halların nəzərə alınmaması iddiaçının qərəzli olaraq işdən çıxarılması qənaətinə gəlməyə əsas verir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyanın 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ, İV, Vİ hissələri). Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər hansı ayrı-seçkilik olmadan əmək hüquqlarının həyata keçirilməsi beynəlxalq hüquqi aktlarda da aparıcı yer tutur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 23cü maddəsinin ikinci bəndində, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsində hər kəsin hər hansı ayrı-seçkilik olmadan bərabər əməyə görə bərabər haqq almaq hüququ təsbit olunmuşdur. Qeyd edilməlidir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra, ƏM) 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. Qeyd edilməlidir ki, əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri də tərəflərdən birinin təşəbbüsüdür (ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsi). İşəgötürən tərəfindən işçinin əmək müqaviləsinin ləğv edilməsi əsasları ƏM-nin 70ci maddəsində göstərilmişdir. Belə ki, ƏM-nin 70-ci maddəsinin «c» bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. ƏM-nin 71.1-ci maddəsinə əsasən, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Həmçinin qeyd edilməlidir ki, Konstitusiyanın 42-ci maddəsinin İ, İİİ və V hissələrinə görə, hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir və dövlət minimum təhsil standartlarını müəyyən edir. Bu hüquq, həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə məsələn, “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”nin 26-cı, “İqtisadi, Sosial və Mədəni Hüquqlar Haqqında Beynəlxalq Pakt”ın 13-cü, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı Protokolunun 2-ci maddələrində də öz əksini tapmışdır. Sosial hüquqlardan biri olan təhsil hüququnun təmin edilməsi dövlətin xüsusi məqsədlərindən biridir və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin təmin edilməsinə xidmət edir. Belə ki, Konstitusiyanın 16-cı maddəsinin İİ hissəsinə uyğun olaraq Azərbaycan dövləti mədəniyyətin, təhsilin, səhiyyənin, elmin, incəsənətin inkişafına yardım göstərir, ölkənin təbiətini, xalqın tarixi, maddi və mənəvi irsini qoruyur. Təhsil hüququ insan şəxsiyyətinin inkişafı və Konstitusiyada təsbit olunmuş bir sıra digər hüquq və azadlıqların reallaşdırılması üçün vacib şərtdir. Təhsil hüququnun həyata keçirilməsi ictimai həyatda aktiv və səmərəli iştirak etməyə şərait yaratmaqla cəmiyyətə fayda gətirmək imkanı verir (Konstitusiya Məhkəməsi Plenumunun “Cavidan Qafarovun şikayəti üzrə “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2017-ci il 25 yanvar tarixli Qərarı). “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu təhsil hüququnun təmin edilməsi sahəsində dövlət siyasətinin əsas prinsiplərini və təhsil fəaliyyətinin tənzimlənməsinin ümumi şərtlərini müəyyən etməklə, təhsilin ayrı-ayrı pillələri üzrə müvafiq qanunların və digər normativ hüquqi aktların qəbul edilməsində baza rolunu oynayır. Həmin Qanunun preambulasında göstərilmişdir ki, Azərbaycan Respublikasında təhsil insan hüquqları haqqında beynəlxalq konvensiyalara və Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq müqavilələrə əsaslanır, təhsil sahəsində milli-mənəvi və ümumbəşəri dəyərlərin prioritetliyi əsasında dünya təhsil sisteminə inteqrasiya olunaraq inkişaf edir. Təbii ki, təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərindən biri keyfiyyətlilikdir ki, bu prinsip təhsilin mövcud standartlara, normalara, sosial-iqtisadi tələblərə, şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqlarına uyğunluğunu nəzərdə tutur. Yuxarıda da qeyd edildiyi kimi, iddiaçı uşaq musiqi məktəbində nəzəriyyə ixtisası üzrə müəllim vəzifəsində işləyir və bir müəllim kimi ilk növbədə keyfiyyətli təhsil vermək, bu sahədə daima nəzəri biliklərini və praktiki vərdişlərini artırmaq vəzifəsini daşıyır. Uşaq musiqi məktəblərində pedaqoji heyətin attestasiyası da məhz təhsilin keyfiyyətinə nəzarətin və müəllimin peşə yararlılığının qiymətləndirilməsinin hüquqi mexanizmidir. Attestasiyanın məqsədi təkcə formal yoxlama deyil, tədris prosesinin düzgün qurulmasını, müəllimin ixtisas biliklərinin, metodiki hazırlığının, musiqi nəzəriyyəsi üzrə baza kompetensiyalarının və şagirdlə işləmə bacarıqlarının real səviyyəsini müəyyən etməkdir. Bu institut dövlətin təhsil sistemində keyfiyyət standartlarının qorunmasına, şagirdlərin bilik və bacarıqlarının düzgün formalaşmasına və təhsil müəssisəsində pedaqoji kadrların uyğunluğunun təmin edilməsinə xidmət edir. Attestasiyadan keçə bilməyən, ixtisas üzrə verilən suallara cavablandırma qabiliyyəti olmayan müəllimin tədrisi davam etdirməsi, şagirdlərin “keyfiyyətli təhsil alma” hüququnun məzmununu faktiki zəiflədir. Çünki belə halda şagirdlər tədris proqramını mənimsəmir, baza nəzəri biliklər formalaşmır, nəticədə onların gələcək musiqi təhsili pillələrinə keçidi, yaradıcılıq potensialı və qiymətləndirmə meyarlarına uyğun inkişafı məhdudlaşır. Bu isə təhsil müəssisəsinin əsas funksiyası olan bilik və bacarıq vermə vəzifəsinin yerinə yetirilməməsi kimi qiymətləndirilə bilər və şagirdlərin təhsil hüququna münasibətdə hüquqi baxımdan “real və effektiv təminat” prinsipinə ziddir. Bu kontekstdə dövlətin pozitiv öhdəlikləri - təhsil hüququnun effektiv icrasını təmin edən tədbirlərin həyata keçirilməsi, pedaqoji kadrların seçimini və qiymətləndirilməsininin obyektiv mexanizmlərlə həyata keçirilməsi, minimum peşə standartlarının tətbiq olunması, keyfiyyətə nəzarət və attestasiyanının işlək saxlanılması, zəif nəticə göstərən müəllimlərin tədris prosesinə təsirinin aradan qaldırması və s. bu və digər hallarda xarakterizə olunur. Lakin, işçilərin attestasiyası (işçilərin peşə hazırlığı və tutduğu vəzifəyə uyğunluğunun qiymətləndirilməsi) yalnız qanunvericiliyin tələblərinə ciddi əməl olunmaqla keçirilə bilər. Attestasiya işçinin əmək hüquqlarına birbaşa təsir edən prosedur olduğundan, onun keçirilmə qaydası əvvəlcədən müəyyən olunmalı, işçiyə vaxtında məlumat verilməli, qiymətləndirmə meyarları aydın və birmənalı olmalı, komissiyanın tərkibi və səlahiyyətləri legitim formalaşdırılmalıdır. Eyni zamanda, attestasiya zamanı işçinin bərabərlik, obyektivlik, qərəzsizlik və müdafiə hüququ təmin edilməli, ona sualların ixtisas və vəzifə tələblərinə uyğunluğu gözlənilməli, nəticələr isə mütləq əsaslandırılmalı və sənədləşdirilməlidir. Belə ki, ƏM-nin 65-ci maddəsində attestasiyanın keçirilməsinin qaydaları və şərtləri dəqiq tənzimlənmişdir (attestasiya komissiyasının yaradılması, tərkibi, işçiya veriləcək sualların əhatə dairəsi, nəticələrin rəsmiləşdirilməsi və s.) Analoji hallar həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2001ci il tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarında da nəzərdə tutulmuşdur (attestasiya barədə işçilərin xəbərdar edilməsi, keçirilməsi, rəsmiləşdirilməsi və s.). İddiaçı iddia ərizəsində attestasiya barədə lazımi qaydada məlumatlandırılmamasını iddia etsə də, işdə olan sübutlardan açıq-aşkar müəyyən edilir ki, iddiaçıya attestasiyasının keçirilməsi barədə təqribən 2 ay əvvəldən (xx.xx.2024-cü il tarixdə) müvafiq xəbərdarlıq bildirişi, eləcə də attestasiyanın proqramı (mövzular, ədəbiyyat siyahısı və s.) rəsmi qaydada təqdim olunmuş, iddiaçı bu halı imzası ilə təsdiq etmişdir. Apellyasiya baxışı zamanı da iddiaçı tərəf bu halı təsdiq edərək, mübahisələndirməmişdir. İddiaçının sonrakı dəlili attestasiya zamanı ona ixtisasına aid sualların verilməməsi, bəzi sualları cavablandırmasına baxmayaraq qəbul olunmaması ilə bağlı olmuşdur. Bu və digər halların tam, hərtərəfli və obyektiv yoxlanılması üçün apellyasiya baxışı zamanı iddiaçının ixtisasına uyğun müvafiq mütəxəssis (Azərbaycan Milli Konservatoriyasının Elm, Yaradacılıq və X2 rəhbəri, həmçinin “musiqinin tarixi və nəzəriyyəsi” kafedrasının müəllimi X3) dəvət olunmuş, sualların dairəsi, ona verilmiş cavablar, habelə attestasiyanın video çəkilişi tərəflərin iştirakı ilə araşdırılmışdır. Mütəxəssis rəyində bildirmişdir ki, iddiaçının attestasiyasına dair iş materialları ilə tanış olmuş, prosesin gedişi barədə lazımi qaydada məlumatlıdır. İddiaçıya verilən sualların hamısı onun ixtisasına uyğun olmuş, proqramdan kənara çıxma halları olmamış, suallar çətin olmamış, onlar şagirdlərə öyrədilməli səviyyədə olmuş, yəni şagirdlər üçün nəzərdə tutulan suallar olmuşdur. İddiaçı isə bir müəllim kimi həmin suallara cavab vermək iqtidarında olmalı idi. Lakin, vedeoçəkilişdən də göründüyü kimi, iddiaçı demək olar ki, sualları düzgün cavablandıra bilməmişdir. Qeyd edir ki, nəzəriyyəçilər bir neçə parametr əsasında qiymətləndirilirlər. Yəni, nəzəriyyə müəllimləri 3 dərsi keçir: salfejo, uşaqların eşitmə qabiliyyətinin yoxlanılması və musiqi ədəbiyyatı. Salfejoda oxumaq və akkord qurulması, bir sözlə nəzəriyyə öyrədilir. Nəzəriyyə müəllimi əsas uşağın eşitmə qabiliyyətini yoxlamalıdır. Bu da müəllimin oxuma qabiliyyətindən asılıdır. İddiaçı isə nə salfejonu bilmiş, nə üzündən oxuya bilmiş, nə də ifa edə bilmişdir. İddiaçı hətta Ü.Hacıbəyovun tələbələri ilə bağlı çox asn suala belə normal cavab verə bilməmişdir. Belə olan halda, onun şagirdlərə keyfiyyətli təhsil verməsi real deyildir. Ola bilər ki, nəzəriyyə müəllimi bir parametr üzrə zəifdir, digəri üzrə yaxşıdır. Belə olan halda yenə də yaxşı tədris etdiyi fənnin müəllimi kimi davam edə bilərlər. Lakin, qeyd olunduğu kimi iddiaçıda heç bir parametr düzgün cavab verməmişdir. Həmçinin, iddiaçı notları tanımamış, üzündən oxuyub ifa edə bilməmiş, suallara normal cavab verə bilməmişdir. Bundan başqa, ilk sual ənənəvi janrlarla bağlı olmuş və komissiya üzvləri hətta iddiaçıya sualı cavablandırmaq üçün müəyyən dərəcədə köməklik etməyə də çalışmışlar. Hətta, attestasiya protokolu çox yumuşaq yazılmışdır, daha sərt yazıla bilərdi. Çünkü, iddiaçı suallara demək olaraq ki, normal cavab verə bilməmişdir. Yekun olaraq, iddiaçının işə bərpa olunması məqbul sayıla bilməz, attestasiya zamanı hər hansı pozuntuya yol verilməmiş, iddiaçıya obyektiv yanaşılmış, ona qəraşı heç bir qərəzlilik və ya təzyiq nümayiş olunmamışdır. Apellyasiya baxışı zamanı iddiaçı hansı sualların onun ixtisasına aid olmamasını əsaslandıra bilməmiş, əksinə bu istiqamətdə olan sübutlar baxış keçirildikdən sonra bütün sualların onun ixtisasına aid olmasını təsdiq etmişdir. İddiaçının sonrakı dəlili attestasiya zamanı elə ilk suallardan ona komissiya tərəfindən psixoloji təzyiqlərin olması (izahatında - otağa girdiyi andan etibarən komissiya üzvlərinin onunla kobud rəftar etməsi və s. bildirmişdir), bu səbəbdən də kilidlənməsini və bildiyi suallara belə normal cavab verə bilməməsi ilə bağlı olmuşdur. İddiaçının həmin dəlili üzrə apellyasiya baxışı zamanı yenidən video görüntülərə baxılmış, lakin iddiaçıya psixoloji və ya digər hər hansı təzyiqin olması müəyyən olunmamış, əksinə iddiaçıya komissiya üzvləri tərəfindən obyektiv və qərəzsiz yanaşma sərgilənmiş, bəzi hallarda isə sualların cavablandırılmasında müəyyən istiqamətlər verilməyə çalışılmış, lakin iddiaçının açıq-aşkar hazırlıqsız, müəllim kimi biliklərinin aşağı olması müşahidə olunmuşdur. Bu hallar attestasiyanın nəticələrinin sənədləşdirilməsi ilə bağlı müvafiq sübutlardan (attestasiya Komissiyasının xx.xx.2025-ci il tarixli 3 nömrəli iclas protokolu, eyni tarixli və eyni nömrəli qərarı və s.) da görünür. Beləliklə, işdə olan sübutlardan şəffaflıq, bərabərlik, obyektivlik, qərəzsizlik kimi prinsiplərə riayət olunmaqla iddiaçı barəsində müvafiq attestasiyanın keçirilməsi və nəticələrinin tam, hərtərəfli və əsaslandırılmış qaydada rəsmiləşdirilməsi müəyyən edilmiş, iddiaçı isə bunun əksinə sübut edə bilməmişdir. Həmçinin, attestasiyanın keçirilməsi zamanı komissiya tərəfindən iddiaçıya verilmiş suallar onun icra etdiyi vəzifənin məzmununa və ixtisas tələblərinə uyğun olmuş, iddiaçı isə həmin sualların əhəmiyyətli hissəsinə cavab verməkdə çətinlik çəkmiş, bir sıra elementar anlayışları izah edə bilməmişdir. Kollegiya bir daha qeyd edir ki, müəllim fəaliyyəti yalnız formal iş funksiyası deyil, şagirdlərin bilik səviyyəsinin formalaşdırılmasına birbaşa təsir göstərən və təhsil müəssisəsinin fəaliyyət məqsədlərinə xidmət edən məsuliyyətli əmək funksiyasıdır. Bu səbəbdən işçinin peşə yararlılığının minimum səviyyədə belə təmin olunmaması, onun həmin vəzifədə saxlanılmasının təhsil prosesinə və şagirdlərin keyfiyyətli təhsil alma maraqlarına mənfi təsir göstərməsi ehtimalı işəgötürənin idarəetmə səlahiyyətləri çərçivəsində müvafiq qərar qəbul etməsini zəruri edir. Attestasiya Komissiyasının xx.xx.2025-ci il tarixli, 3 nömrəli qərarına əsasən iddiaçı tutduğu vəzifəyə uyğun hesab edilməmiş, bu səbəbdən də cavabdehin xx.xx.2025- ci il tarixli, 41 nömrəli əmrinə əsasən iddiaçı ilə bağlınmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir. Bu zamanı cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə riayət olunmaqla, sənədləşmə vaxtında və əsaslandırılmış formada həyata keçirilmişdir. Birinci instansiya məhkəməsi işəgötürən tərəfindən işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edilməsi və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirməsinə təşəbbüs göstərilməməsini qeyd etsə də, attestasiya komissiyası tərəfindən Əmək Məcəlləsinin 65-ci maddəsinin 7-ci bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının 2.6-cı bəndinə uyğun olaraq, iddiaçı barəsində işəgötürənə hər hansı tövsiyyə xarakterli göstərişlər (təlimə cəlb olunma, başqa vəzifəyə keçirilməsi və s.) verilməmişdir. Bu səbəbdən də əmək müqaviləsinə müvafiq əsasla xitam verərkən cavabdehin üzərində hər hansı digər vəzifə də mövcud olmamışdır (bununla yanaşı, Əmək qanunvericiliyi də işəgötürənin üzərinə birbaşa müvafiq vəzifələr qoymamışdır). Bununla yanaşı, iddiaçı attestasiya olunmayan (ƏM-nin 65-ci maddəsi) və əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər (ƏM-nin 79-cu maddəsi) kateqoriyasına aid olmamışdır. İddiaçının özü də apellyasiya baxışı zamanı bu halı təsdiq etmişdir. İddiaçının işlədiyi müddətdə intizam tənbehi almaması halı isə cavabdeh tərəfindən yuxarıda qeyd edilən əsasla əmək müqaviləsinə xitam verilməsini istisna edə bilməzdi. Bu səbəbdən də birinci instansiya məhkəməsinin bu istiqamətdə mövqeyi əsassız olmaqla, qanunvericiliyin tələbləri ilə uzlaşmır (iddiaçı da eyni hala əsaslanmışdır). ƏM-nin 11-ci maddəsinin «b» bəndinə əsasən, əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ vardır. Göründüyü kimi, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Birinci instansiya məhkəməsi isə qeyd edilənləri nəzərə almamış, qanunvericiliyin normalarını sadalamaqla kifayətlənmiş, lakin sübutlara qanunvericiliyin tələbləri və işin halları baxımından düzgün hüquqi qiymət verməmiş, məsələyə formal yanaşmış, işin hallarına uyğun olmayan qətnamə qəbul etmiş, bununla da maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 385.1.4-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Beləliklə, Kollegiya qeyd olunanlara əsasən bu qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə (K.Səfərəliyev adına 16 nömrəli uşaq musiqi məktəbinin xx.xx.2025-ci il tarixli, 41 nömrəli əmrinin ləğv olunması, İddiaçı əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməsi, xx.xx.2025-ci il tarixdən işə bərpa edildiyi günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq K.Səfərəliyev adına 16 nömrəli uşaq musiqi məktəbi tərəfindən İddiaçı ödənilməsi) ləğv edilməli, iddia həmin hissədə təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdeh K.Səfərəliyev adına 16 nömrəli uşaq musiqi məktəbinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma üçün əmək haqqının ödənilməsi və əmək haqqının gecikdirilməsinə görə pul” tələbinə dair mülk iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3751/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3751/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi yoxlanılan hissədə (K.Səfərəliyev adına 16 nömrəli uşaq musiqi məktəbinin xx.xx.2025-ci il tarixli, 41 nömrəli əmrinin ləğv olunması, İddiaçı əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməsi, xx.xx.2025-ci il tarixdən işə bərpa edildiyi günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq K.Səfərəliyev adına 16 nömrəli uşaq musiqi məktəbi tərəfindən İddiaçı ödənilməsi) ləğv olunsun, iddia həmin hissələrdə təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5607/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5607/2025
19.12.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver