Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5608/2024 08.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Eyvazov (sədrlik edən və məruzəçi), X2 və Fuad Fikrət oğlu Babayevdan ibarət tərkibdə, Cəfərli Pəri İlhm qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 fevral 2024-ci il tarixli, 2(008)- 156/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı "maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 15000 manat maddi ziyanın, 2000 manat mənəvi ziyanın, 142,64 dövlət rüsumunun, 544,70 vəkil və sair xərclərinin əvəzi olmaqla, cəmi 17687,34 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddaçıdan bir mərtəbə yuxarıda yaşayan Cavabdeh məxsus mənzilin sanitar qovşağında olan nasazlıqlar səbəbindən axıdılan çirkab suları nəticəsində, dəfələrlə mülkiyyət hüququ əsasında iddaçıya məxsus olan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Gəncəvi küçəsi, 20 saylı evin birinci mərtəbəsində yerləşən və ailə üzvləri ilə birlikdə daimi yaşadığı 17 saylı mənzilin tavanı, mənzilin daxili və bayır divarları, mənzilin döşəməsi (parket), hamamda olan asma tavan, mənzildə olan ev avadanlıqları yararsız hala salınmışıdr. Bu fakt 146 saylı MKİS-in tərtib və təsdiq etdiyi xx.xx.2022-ci il tarixli aktla təsdiq edilir. Əvvəllər iddiaçı cavabdehin təqsirindən yararsız hala düşmüş asma tavanını və parketi bir dəfə öz vəsaiti hesabına təmir etdirsə də, cavabdeh tərəfindən ona vurulan ziyan yenə də davam edir. Belə ki, cavabdeh öz mənzilinin nasaz olan sanitar qovşağını təmir etdirməkdən israrla imtina edir. Nəticədə, cavabdehin təqsiri ucbatından iddiaçıya dəymiş maddi zərərin miqdarı 15.000 manat təşkil edir. İddiaçı mövcud vəziyyətlə əlaqədar olaraq dəfələrlə cavabdehə müraciət edərək vurduğu ziyanın miqdarının ona ödənilməsi və ya öz maddi vəsaiti hesabına bərpa etdirməsini xahiş etsə də, cavabdeh bundan boyun qaçırmışdır. Məlumat üçün bildirir ki, analoji xahişlə 146 saylı MKİS-ə, Sabunçu rayon İcra Hakimiyyətinə, Sabunçu rayon Polis İdarəsinə etdiyi şikayətlərə baxmayaraq, heç bir tədbir görülməmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 fevral 2024-ci il tarixli, 2(008)- 156/2024 saylı qətnaməsi ilə (hakim Həqiqət Mahmudova) iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 1601 manat vurulmuş maddi ziyanın, 510 manat hüquqi xidmət haqqının, 36,01 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2147,01 (iki min yüz qırx yeddi manat, bir qəpik) manat məbləğində pul vəsaitinin tutulması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olaraq 150 (yüz əlli) manat məbləğində ekspertiza xərcinin 50 (əlli) manat hissəsinin iddiaçıdan, 100 (yüz) manat hissəsinin cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət olunmuşdur. Cavabdeh qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini – qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, suyun onun mənzilindən axmaması, ümumi kanalizasiya xətlərində yaranmış problemlə bağlı olması, zərərlə bağlı ekspertiza rəylərinin arasında ziddiyyətin olması, zərərin məbləğinin düzgün hesablanmaması, reallığı əks etdirməməsi və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, iddiaçının mənzilinə su axsa da, bu onun təqsirindən olmayıb, magistral boruda problem olub. Lakin o, insanlıq xatirinə iddiaçının mənzilində təmir aparan ustaların pulunu ödəyib. O, mənzilini 08 fevral 2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən satmışdır, hazırda orada yaşamır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, əvvəllər də cavabdehin mənzilindən dəfələrlə su axıdılmış, döşəmədə parket, qapılar şişmiş, lakin özü bunları aradan qaldırmış, külli miqdarda pul xərcləmiş, cavabdeh isə heç bir maddi köməklik etməmişdir. Lakin, cavabdeh qüsurları aradan qaldırmamış, suyun axması davam etmiş, kafellər, lambir, işıqlar və s. yarasız vəziyyətə düşmüşdür. Cavabdeh mənzilini satdıqdan sonra yeni mülkiyyətçi su və kanalizasiya borularını təmir etdirdi, ondan sonra suyun axması dayandı. Əslində ekspertlər dəymiş ziyanı daha az müəyyən etmişlər, lakin o, qətnamədən apellyasiya şikayəti verməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayəti həddində (iddianın təmin olunan hissəsində) birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, mübahisə yaranan zamanı tərəflərin qonşu olması, yəni iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Gəncəvi küçəsi ünvanında yerləşən 20 saylı evin 17 saylı mənzilinin mülkiyyətçisi olmaqla orada yaşaması, cavabdehin isə iddiaçıya məxsus mənzilin bir mərtəbə üst mənzilinin, yəni 19 saylı mənzilin mülkiyyətçisi olması işin mübahisə olunmayan hallarıdır (cavabdeh özünə məxsus olan qeyd edilən mənzili 08 fevral 2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirmişdir). Eyni zamanda, işdə olan Bakı şəhəri 146 saylı MKİS-nin rəisi N.İbrahimov, mühəndis M.Hacıyev və sahə nəzarətçisi F.Həşimov tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri, M.Gəncəvi küçəsi, ev 20, mənzil 19-un sahibi Cavabdeh Şeyyub oğludur. Mənzil 17 saylı mənzilin üst mərtəbəsində yerləşir. 19 saylı mənzildə sanitar qovşağında olan nasazlıqlar səbəbindən aşağı mərtəbədə yerləşən 17 saylı mənzilə su axıdılır, nəticədə tavanın divarını və orada yerləşən avadanlıqları yararsız hala salır. Tərəflərindən 19 saylı mənzilin sahibinə dəfələrlə xəbərdarlıq edilsə də orada olan nasazlıqlar aradan qaldırılmamışdır. Suyun axıntısının qarşısı alınmamış, təmir etməkdən imtina edilmişdir. Birinci instasiya məhkəməsində icraat zamanı keçirilmiş ekspertiza rəylərindən (Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli rəyləri) açıq-aşkar müəyyən edilir ki, iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 17 saylı mənzilə həmin ünvanda yerləşən cavabdehə məxsus 19 saylı mənzilin kanalizasiya borularında yaranmış nasazlıq səbəbindən çirkab sularının axıdılmışdır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən qeyd etmişdir ki, cavabdehə məxsus 19 saylı mənzildən iddiaçıya məxsus 17 saylı mənzilə su axması halı baş vermiş, bunun nəticəsində iddiaçının mənzilinə maddi zərər vurulmuşdur. Bu səbəbdən də cavabdehin iddiaçının əmlakına vurulmuş maddi zərərə görə mülki hüquqi məsuliyyəti yaranmışdır. Birinci instansiya məhkəməsi maddi zərərin məbləğini müəyyən edərkən işdə olan sübutlara, həmçinin ekspertiza rəyinə əsaslanmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, yoxlanılan hissədə mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, Mənzil Məcəlləsinin 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, … digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Oxşar norma, həmçinin Mənzil Məcəlləsinin 29.4-cü maddəsində də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmadır. Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə əsasən, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Hazırki işin hallarından isə qeyd edilən halların mövcudluğu müəyyən olunmuşdur. Cavabdeh suyun axıdılmasında təqsirinin olmamasını və s. bildirsə də, etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, işdə olan sübutlar (akt, ekspertiza rəyləri və s.) suyun məhz cavabdehə məxsus mənzildən axıdılması nəticəsinə gəlməyə kifayət qədər əsas verir. Belə olan halda isə cavabdehin təqsirli, hüquqa zidd hərəkətləri nəticəsində iddiaçıya dəymiş zərəri ödəmək öhdəliyi yaranmışdır. İşdə olan sübutlarla (akt, ekspertiza rəyi və s.) iddiaçıya aid yaşayış sahəsinə su axıdılması nəticəsində mənzilin sanitar qovşağına (tavan hissəsinə birləşdirilmiş lambir qatının və spot işıqlarının yararsız vəziyyətə düşməsi, kafel təbəqəsinin çatlaması, qabarması), bayır blokunun divarlarına ziyan vurulması aşkar edilmişdir. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 21-ci maddəsinin tələbinə görə, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. İşdə olan ekspertiza rəyindən görünür ki, cavabdehin təqsiri üzündən susızma nəticəsində, iddiaçıya məxsus yaşayış sahəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 1056 manat, blokda su sızma nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir-tikinti işlərinin orta bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 545 manat müəyyən edilir. Cavabdeh apellyasiya şikayətində əvvəlki ekspertiza rəyi ilə dəyiş zərərin 426 manat müəyyən olunduğunu, sonrakı ekspertiza rəyi ilə isə qiymətin daha artıq göstərildiyini qeyd etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlili ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, ilk dəfə rəy vermiş ekspert Ziya Tağıyev məhkəmə iclasına dəvət olunaraq dindirilmiş, sonuncu izahatında 426 manat məbləğin yalnız sanitar qovşağın təmiri üçün hesablandığını və s. bildirmiş, təkrar ekspertizanın təyin olunmasına etiraz etməmişdir. İddiaçının nümayədəsi də vəsatət verərək, dəymiş ziyanın tam hesablanmamasını, digər hissələrlə yanaşı, mənzilin blok hissəsində divarlarına su sızma nəticəsində dəymiş ziyanın hesablanmaması göstərmiş, məhkəmədən təkrar məhkəmə tikinti-texniki ekspertizasının təyin olunmasını xahiş etmişdir. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi ekspertiza rəyi ilə razılaşmamış, iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizasının təyin olunmasını qərara almışdır. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə - iddiaçıya məxsus 17 saylı mənzilin binanın 1-ci mərtəbəsində, cavabdehə məxsus 19 saylı mənzilin binanın 2-ci mərtəbəsində yerləşdiyi, 17 saylı mənzilin hamam tikilisində qüsurlar əmələ gəlməsi, həmin qüsurların su sızmaya aid olması, 17 nömrəli mənzilə həmin mənzilin üst mərtəbəsində yerləşən 19 saylı mənzildən su axıdıldığı və nəticədə 17 saylı mənzilin hamam tikilisinə ziyan vurulduğu, həmin mənzilin mətbəx tikilisinin, döşəməyə vurulmuş parket təbəqənin təmir edildiyi, 17 nömrəli mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetirələcək təmir-tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyərinin təqribən 1056,0 manat, blokda su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetirələcək təmir-tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyərinin isə təqribən 545,0 manat məbləğində olması müəyyən edilmişdir. Cavabdeh ekspertiza rəyi ilə razılaşmamasını göstərsə də, rəyin əsassızlığı ilə bağlı dəlillərini əsaslandıra bilməmiş, mülahizələrini ümumi sözlərlə ifadə etmiş, həmçinin ziyanın məbləğinin daha az olması ilə bağlı da məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Eyni zamanda cavabdehin izahatı da apellyasiya şikayətinin əsaslı sayılması üçün mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə kollegiyası, işin faktiki halları və qanunvericiliyin yuxarıda qeyd edilən normaları baxımından hesab edir ki, birinci instansiya məhkəməsi yoxlanılan hissədə sübutları düzgün qiymətləndirmiş, qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri həmin hissədə qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas ola bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 510 manat Bakı şəhər 6 saylı vəkil bürosunun hesabına ödənilmişdir. Eyni zamanda, birinci instansiya məhkəməsində icraat zamanı ümumilikdə 150 manat məbləğində ekspertiza tədqiqatlarının dəyəri mövcud olmuş, həmçinin iddiaçı tərəfindən 142,64 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən təmin olunduğundan, birinci instansiya məhkəməsi haqlı olaraq məhkəmə xərclərini ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq tərəflərə aid etmişdir. MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. İşdən görünür ki, hazırki mülki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır, bu səbəbdən də qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 fevral 2024-ci il tarixli, 2(008)- 156/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 fevral 2024-ci il tarixli, 2(008)-156/2024 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5608/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5608/2024
08.10.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver