Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5610/2022 29.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 qarşı iş üzrə (Açar sözlər: evə köçürülmə, yaşayış sahəsinə istifadə hüququ, istifadəyə yaradılan maneələrin aradan qaldırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 qarşı “evə köçürülmə, pozulmuş mənzil hüququ müdafiə edilərək hüquq pozulmasınadək mövcud olan vəziyyətin bərpa edilməsi və mənzil hüququnu pozan hərəkətlərin qarşısının alınması” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. X5 ilə X18 xx.xx.2004-cü il tarixdə nikaha daxil olmuş, nikahdan sonra ona “Hacıyeva” soyadı verilmiş, İddiaçı ünvan 1 ünvanında yerləşən evə gəlin köçüb orada yaşamağa başlamış, nikahlarından xx.xx.2005-ci il tarixdə Yağmur, xx.xx.2010-cu il tarixdə Məhəmməd adını verdikləri uşaqları dünyaya gəlmiş, X18 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir.
2. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının Qaraçuxur qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən, ünvan 2 ünvanında üç fərdi yaşayış evi yerləşir.
3. 21.11.2012-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə görə, xx.xx.2002-ci il tarixdə vəfat etmiş X7 vərəsələri - ünvan 3 ünvanında qeydiyyatda olan övladları-Cavabdeh2, Cavabdeh1 və X12r. Onlar, miras əmlakdan (Bakı şəhər 3370 nömrəli Suraxanı şöbəsi 74627 saylı hesab və 10556,057381 saylı hesablarda olan əmanət, faizləri və kompensasiyası) bərabər payda irs almalıdırlar.
4. 14 may 2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə görə, şahadətnamə verilən miras əmlak, vərəsəliyi qəbul etmiş, lakin öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən vəfat etmiş X8 xx.xx.2002-ci il tarixdə vəfat etmiş atası X13 məxsus olmuş ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 36,3 m2 olan fərdi yaşayış evindən və 0,0733 ha. torpaq sahəsindən ibarətdir; X8 vərəsələri – İddiaçı, X2 və X9 hər biri miras əmlakdan 1/9 hissədə irs almalıdırlar.
5. Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında arayış”dan görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır.
6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2022 il tarixli çıxarışa əsasən, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin hüquqi sahibi X14r.
a) Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
7. İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək özünün və azyaşlı övladlarının cavabdehlər tərəfindən pozulmuş mənzil hüququnun müdafiə olunaraq onlara məxsus olan ünvan 4 ünvanında yerləşən və yeganə yaşayış yerini təşkil edən evə köçürülmələrinin təmin edilməsi, hüquqları pozulanadək mövcud olan vəziyyətin bərpa olunması və mənzil hüquqlarını pozan hərəkətlərin cavabdehlərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, mərhum həyat yoldaşı X18 ilə 23 aprel 2004-cü ildə rəsmi nikaha daxil olaraq ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinə gəlin köçmüş, nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2005-ci il təvəllüdlü X9 adında iki övladı anadan olmuşdur. Həyat yoldaşının atası X19 tərəfindən ünvan 6 ünvanda üç ayrı ev inşa edilmiş, evlər hasarla biri-birindən ayrılmışdır. Hacı Hacıyev həmin evlərdən birini böyük oğlu Cavabdeh1, digər evi ikinci oğlu Cavabdeh2, özü yaşadığı evi isə həyat yoldaşı olan üçüncü oğluna vermiş və 2002-ci ildə vəfat etmişdir. Həyat yoldaşına məxsus olan evə gəlin köçdükdən sonra ev işlərindən əlavə əmək fəaliyyəti ilə məşğul olmuş və evdə əlavə tikinti işləri apararaq evin sahəsini genişləndirmişlər. Həyat yoldaşı ağır xəstəliyə tutulduqdan sonra cavabdehlər ona və uşaqlarına qarşı mütəmadi olaraq fiziki və psixi zorakılıq hərəkətləri həyata keçirmiş, həyat yoldaşı xx.xx.2021-ci il tarixdə vəfat etmiş, lakin cavabdehlər onu və uşaqlarını həyat yoldaşının dəfnində iştirak etməyə buraxmamışlar. Məcbur olaraq 102 xidmətinə müraciət etmiş və polisin iştirakı ilə dəfndə iştirak etmişdir. Bundan sonra cavabdehlər ona və uşaqlarına evdə yaşamağa imkan verməmiş, bununla da mənzil hüquqları pozulmuşdur. Hazırda başqa yaşayış yeri yoxdur və kirayədə yaşamaq məcburiyyətində qalmışdır.
9. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilmişdir.
10. Məhkəmə öz qənaətini “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci və 2-ci, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Mülki Məcəllənin 152.1-ci, 152.4-cü, 228-ci maddələrinə istinadla belə əsaslandırmışdır ki, İddiaçı ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinə 2004-cü ildən köçüb oraya qeydiyyata alınmaqla və 2021-ci ilə qədər orada cavabdehlərlə birgə yaşamaqla, həmin zaman qüvvədə olan mülki qanunvericiliyinin tələblərinə müvafiq olaraq ailə üzvü kimi evdən onlarla bərabər istifadə etmək hüququ əldə etmişdir.
11. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçı evdə yaşamış olsa da, heç kəs onu həmin evdə yaşamaqdan məhrum etməmiş, o evdən özü könüllü olaraq çıxıb getmiş, məhkəmə isə bu halı nəzərə almadan maddi hüquq normalarını düzgün tətbiq etməməklə və bütün faktiki halları aydınlaşdırmamaqla qanunsuz qərar çıxarmışdır.
b) Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar
13. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə X1 uzun sürən problemin müalicəsi ilə bağlı Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə klinikasına aparılmış və müalicə məqsədilə resept yazılmış, qardaşının müalicəsi üçün lazım olan bütün dərmanları almış və müalicəyə başlanmışdır. Lakin İddiaçı hər dəfə buna mane olmuş, həyat yoldaşının sağalmasını istəməmiş, hər dəfə xəstə X15 əsəbləşdirmiş, onun gündəlik yeməyini belə verməmiş, Elşadın yanına gələndə onları evdən qovmuş və təhqir etmişdir. Nəticə etibarilə Elşadın müalicəsinə Aytəkin tərəfindən imkan verilməmiş və onun səhhəti pisləşmişdir. Bununla əlaqədar olaraq xx.xx.2021-ci il tarixdə onu 1 saylı Kliniki Tibbi xəstəxanasına aparmışlar və Elşad orada müalicəyə başlamışdır. Lakin iddiaçı yenə də Elşadın səmərəli müalicəsinə mane olmuş və gecə radələrində gələrək onu əsəbləşdirmişdir. “Covid-19” xəstəliyi ilə bağlı xəstəxanalarda çarpayı sayı azaldığından məcbur olaraq Elşad evdə müalicə almağa başlamış, onun ciyərini müalicə etmək üçün xeyli pul lazım olduğundan hətta bankdan kredit şəklində borc da götürülmüşdür. Həkim israrla Elşada əsəbləşmək və stress keçirməyin səhhətinə pis təsir edəcəyini desə də, iddiaçı qəsdən Elşadı mütəmadi əsəbləşdirmişdir. Elşad xx.xx.2021-ci il tarixdə xəstəxanadan çıxıb müalicənin davam etdirilməsi üçün qardaşının evinə gəlmişdir. Lakin Elşad xəstəxanada olan zaman iddiaçı 2021-ci ilin avqust ayında özünə məxsus olan əşyaları evdən çıxararaq başqa yerə köçmüşdür. Evdən çıxıb gedən zaman özünə məxsus olan 3 ədəd divanı, televizoru, çilçırağı, ön stolu mənzildən çıxararaq aparmışdır. Sonra isə paltaryuyanı, soyuducunu, su aparatını, şəxsi geyimlərinin böyük hissəsini aparmışdır. Hətta Elşad ondan əşyaların hara aparıldığını soruşmuş, lakin o əvəzində Elşadı təhqir etmişdir. İddiaçı həyat yoldaşını köməksiz vəziyyətdə qoyub evdən çıxıb getmiş və həmin müddətdən sonra onunla bir daha maraqlanmamışdır. Elşad vəfat edən zaman iddiaçı öz qohumlarından onun öldüyünü eşitmiş və polis vasitəsilə evə daxil olmuşdur. İddiaçı özünə məxsus əşyaları da evdən çıxararaq çıxıb getmişdir və həmin vaxtdan başqa ünvanda yaşayır.
14. Cavabdeh2 məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) X10 da eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir.
15. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 eyni məzmunlu izahat verərək bildirmişdir ki, iddiaçı, qardaşı xəstə olduğu müddət ərzində ona baxmamış, onun yeməyini verməmiş və ona qulluq göstərməmişdir. İddiaçını həmin mənzildən heç kim qovmamış, o, Elşad xəstəxanada olan dövr ərzində özunə məxsus olan bütün əşyaları evdən çıxararaq aparmışdır. Hazırda onlar arasında münasibətlər gərgindir və bu səbəbdən də onun həmin evə köçürülməsinə etiraz edir.
16. Məhkəmə iclasında iştirak edən Cavabdeh8 apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçı 2004-cü ildə Elşad Hacıyevlə ailə quraraq mübahisəli mənzilə gəlin köçmüş, lakin onlar arasında tez-tez münaqişələr baş vermiş, hətta Elşad bir neçə dəfə boşanmaq istədiyini bildirmişdir. İddiaçı həyat yoldaşına baxmamış, yemək belə hazırlamamışdır. Buna görə də o bir neçə dəfə yemək hazırlayaraq Elşada aparmışdır. İddiaçının həmin evdə yaşamasına etiraz edir.
17. Məhkəmə iclasında iştirak edən Cavabdeh7 apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçı 2021-ci ildə özünə məxsus olan əmlakları evdən çıxararaq aparmış, hüzr günü isə evə polislə daxil olmuşdur. Hazırda aralarında olan münasibətlər çox pis olduğundan onun həmin evə köçürülməsinə etiraz edir.
18. Məhkəmə iclasında iştirak edən Cavabdeh6 da bənzər məzmunda izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir.
19. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək və eyni zamanda iddiaçının mübahisəsi gedən evə dair aldığı vərəsəlik şəhadətnaməsini təqdim edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
20. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış digər cavabdehlər məhkəməyə gəlməmişlər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
21. Maddə 43 (1-ci hissə). Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.
23. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
24. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
25. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
26. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
27. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. 01 oktyabr 2009-cu il tarixinə qədər qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
28. Maddə 53 (3-cü hissə). Kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər.
29. Maddə 123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.
30. Maddə 60. Kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.
31. Maddə 87. Kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
32. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir”.
01 oktyabr 2009-cu il tarixindən qüvvədə olan Mənzil Məcəlləsi
33. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
34. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
35. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
41. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
42. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
44. Məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
45. İşin yuxarıda qeyd olunan hallarından göründüyü kimi, iddiaçı 2004-cü ildə qayınatasına məxsus ünvan 1 ünvanında yerləşən evə gəlin köçüb orada yaşamağa başlamış, həmin evə pasport qeydiyyatına alınmış, həyat yoldaşının vəfatından sonra evə onun və uşaqlarının vərəsə kimi hüquqları tanınmışdır.
46. Kollegiya hesab edir ki, mübahisəsi gedən mənzilin vərəsəlik hüququ üzrə həmçinin iddiaçıya və onun uşaqlarına məxsus olması, onların həmin mənzilə istifadə və sahiblik hüquqlarının olmasını ehtiva edir, o(nlar) isə bu hüquqların tanıdığı imkandan istifadə edərək mənzilə köçürülmə(lər)ini tələb etməkdə haqlı olmuş(lar).
47. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşamış, cavabdehlərin təzyiqləri nəticəsində evdən çıxmaq məcburiyyətində qalmış, sonradan qayıtmaq istəsə də cavabdehlər buna imkan verməmişlər. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun, məhrum edilənin isə belə hüquqları olmasın. İddiaçının ev üzərində vərəsə kimi hüququnun olduğu müəyyən edildiyindən, cavabadehlərin ona qarşı törətdiyi məhrumetmə (mənzilə buraxmama) qanunsuzdur. Beləliklə, cavabdehlər yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşlar, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı uşaqları ilə birlikdə məhrum edildiyi evə köçürülməlidir.
48. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.
49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-711/2022 saylı iş üzrə 25 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov