Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5611/2021 04.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1882/2021 saylı, 31.03.2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və qeyrilərinin onun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi, döngə 1, dalan 5, ev 1F, 21 saylı mənzildən çıxarılması, habelə cavabdehin onun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi, döngə 1, dalan 5, ev 1F, 21 saylı mənzildən 24 ay kirayə pulu ödəmədən istifadə etdiyinə görə ondan 2.203 manat məbləğində kirayə pulunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1882/2021 saylı, 31.03.2021-ci il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən çıxarılma və kirayə haqqının tutulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır (sədrlik edən: Fuad Abdıyev). İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1882/2021 saylı, 31.03.2021-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini, iş üzrə icraatın davam etdirilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1882/2021 saylı, 19.04.2021-ci il qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Kollegiya iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Kollegiya tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməlidir. Birinci instansiya məhkəməsi qərardadı onunla əsaslandırmışdır ki, İddiaçı iddia ərizəsində Cavabdeh və qeyrilərinin mülkiyyətində olan mənzildən çıxarılmasını və onlardan kirayə haqqının tutulmasını tələb edir. Lakin öz tələblərini əsaslandırdığı hallara dair sübutları, o cümlədən cavabdehlə aralarında bağlanmış kirayə, habelə alqı-satqı (bu barədə pretenziya məktubunda qeyd edilmişdir) müqaviləsini məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən iddia üzrə tələb qeyri müəyyən dairədə şəxslərə qarşı irəli sürülmüş və cavabdehdən başqa hansı şəxslərin mənzildən çıxarılmalı olması ilə bağlı məsələ açıq qalmışdır. İddiaçı tərəfindən məhkəməyə göndərilən aktda isə mübahisəli mənzildə cavabdeh qismində müəyyən edilməmiş X1 adlı şəxsin yaşadığı qeyd edilmişdir. Nəticə etibarı ilə iddiaçını mülkiyyətində olan mənzildə hazırda hansı şəxsin və hansı əsaslarla yaşadığını müəyyən etmək olmamışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş müddət ərzində də bu məsələlərə aydınlıq gətirilməmişdir. Bu da öz növbəsində hazırki mülki işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədir və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinin tələbləri baxımından mülki işin baxılmamış saxlanılması üçün əsas yaradır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, kirayə və alqı-satqı müqaviləsinin məhkəməyə təqdim edilməməsi, mənzildən Cavabdeh ilə yanaşı hansı şəxslərin çıxarılmasının aydın olmaması iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsas deyildir. Birinci instansiya məhkəməsinin öz mövqeyini əsaslandırarkən istinad etdiyi Mülki Prosessual Məcəllənin 259.0.12-ci maddəsi göndərici norma olmaqla həmin Məcəllənin 149 və 150.0.1-150.0.3-cü maddələrində nəzərdə tutulan tələblərə riayət edilməməsi halında ərizənin baxılmamış saxlanılmasını nəzərdə tutur. Kollegiya işin hallarını qeyd edilən maddələrin tələbləri əsasında araşdıraraq qeyd edir ki, iddia ərizəsi Mülki Prosessual Məcəllənin 149-cu maddəsinin və 150.0.1-150.0.3cü maddənin tələblərinə uyğun olmuş və həmin maddələrin pozulmasını təsdiq edən hər hansı hal mövcud olmamışdır. Belə ki, Mülki Prosessual Məcəllənin 150.0-cı maddəsinə görə, iddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.0.1. Cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri; 150.0.2. dövlət rüsumunun ödənilməsi haqqında sənəd; 150.0.3. iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd. İş materiallarından görünür ki, sadalanan bütün sənədlər iddia ərizəsinə əlavə edildiyindən 150.0.1-150.0.3-cü maddənin pozuntusu halı mövcud deyildir. Kollegiya həmçinin qeyd edilməsini zəruri hesab edir ki, məhkəmə təqdim edilmiş sübutları kifayət hesab etmədiyi halda, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən iddia tələbini rədd edir. Yəni sübutların və ya təqdim edilmiş sənədlərin mübahisənin həlli üçün kifayət edib-etməməsi iddia ərizəsinin baxılmamış saxlanması üçün deyil, iddia tələbinin rədd edilməsi üçün əsasdır ki, bu da məhkəmə baxışının nəticəsində mümkündür. Odur ki, Mülki Prosessual Məcəllənin 259.0.12-ci maddəsinə əsaslanmaqla, iddia ərizəsinin baxılmamış saxlanması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmamışdır. Şərh olunanlara əsasən apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1882/2021 saylı, 31.03.2021-ci il tarixli qərardadı ləğv edilməli, mübahisəyə baxılması üçün sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Şikayət təmin edilsin. İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1882/2021 saylı, 31.03.2021-ci il tarixli qərardadı ləğv edilsin və mübahisəyə baxılması üçün sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-5611/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5611/2021
04.06.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver