Məhkəmə qərarları › İş №2(103)-5619/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5619/2021

02.06.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5619/2021 02.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı12, İddiaçı17, İddiaçı16, İddiaçı1, İddiaçı7, İddiaçı6, İddiaçı8, İddiaçı3, Cavabdeh2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, Cavabdeh1, İddiaçı17 və X2 Cavabdeh2 qarşı Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi, Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla “qanunsuz tikilinin sökülməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli 2(002)-1464/2021 saylı qərardadından cavabdehin şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və qeyriləri Cavabdeh2 qarşı (Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi, Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Zahid Qasımov küçəsində cavabdeh tərəfindən özbaşına, qanunsuz inşa olunmuş daş hasarın onun öz hesabına sökülməsi, qanunsuz tikinti işlərinin aparılmasına son qoyulması, cavabdehin vəsaiti hesabına ərazinin əvvəlki vəziyyətinə qaytarılması, ödənilmiş 30 manat dövlət rüsumu və mənəvi zərərin əvəzi olaraq 10000 manat pulun cavabdehdən tutularaq “Yaşat” Fondunun hesabına keçirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Eyni zamanda iddiaçılar ərizə ilə məhkəməyə müraciət edərək, iddianı təmin etmə tədbiri kimi işə mahiyyəti üzrə baxılanadək Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Zahid Qasımov küçəsində tikinti, hörgü və qazınti işlərinin aparılmasının cavabdehə və digər şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdehin qanunsuz tikinti işləri bütün bina sakinləri üçün təhlükə yaradır, ərazidən bir sıra kommunikasiya xətləri keçir, tikinti nəticəsində faciə baş verə bilər. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli 2(002)- 1464/2021 saylı qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Zahid Qasımov küçəsində tikinti, hörgü və qazıntı işlərinin aparılması Cavabdeh2 və üçüncü şəxslərə qadağan edilmişdir. Cavabdeh şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmiş və göstərmişdir ki, 04.08.2000-ci il tarixli 731 nömrəli Qaradağ rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə ona Sahil qəsəbəsi, Zahid Qasımov küçəsi 17 ünvanında yerləşən 40 kv.m ölçüdəki “Səbuhi” məişət xidməti obyektində rekonstruksiya-tikinti işlərinin aparılmasına icazə verilmişdir. Həmin ünvana Azərbaycan Respublikası “xxxx” MMC fiziki və hüquqi şəxslərin mülkiyyətinə aid əmlakın qiymətləndirilməsi və torpaqların invertarlaşdırılmasına dair hesabat cədvəli 2012-ci il tarixdə onun adına verilmişdir. Qərardaddan cavabdehin verdiyi şikayət məhkəmənin 03.05.2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçılar şikayətin əsassız olduğunu bildirərək, təmin edilməməsi xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, digər iddiaçılar və üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlmədiklərinə görə kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin olunmadan, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nın 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Kollegiya qeyd edir ki, iddianı təmin etmə tədbirləri iddianı qabaqcadan həll etməyib, müvəqqəti xarakter daşıyır. Bu, iddianın təmin ediləcəyi təqdirdə iddia tələblərinin realizə edilməsinə təminat verməyə yönəlmiş məhkəmə tərəfindən tətbiq olunan tədbirlər institudur. Bu tədbirlər fiziki və hüquqi şəxslərin hüquqlarının əsas təminatçısı olmaqla, mülki hüquq pozuntusu nəticəsində onların pozulmuş hüquqlarının bərpasına xidmət etməyə yönəlmişdir. Bu institutun əhəmiyyəti ondan ibarətdir ki, onunla cavabdehin vicdansız davranışı halı üçün iddiaçının qanuni maraqları müdafiə olunur və ya iddianı təmin etmə tədbirlərinin görülməməsi gələcəkdə qətnamənin icrasını mümkünsüz edilməsi ilə nəticələnə bilər. Bununla belə, nəzərə almaq lazımdır ki, iddianı təmin etmək üçün görülmüş tədbirlər işdə iştirak edən cavabdehlərin və başqa şəxslərin maraqlarına da xələl gətirməməli, iddianın həcminə adekvat olmalıdır. MPM-nin 158.1.1-ci maddəsinə əsasən, iddianı təmin etmək üçün cavabdehdə və digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq tədbiri görülə bilər. MPM-nin 158.1.2-ci maddəsinə əsasən, iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək tədbiri görülə bilər. Eyni məcəllənin 158.1.3-cü maddəsinə görə mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək tədbiri görülə bilər. Məhkəmə zəruri hallarda iddianı təmin etmək məqsədi ilə bu Məcəllənin müvafiq maddələrində nəzərdə tutulan digər tədbirləri görə bilər. Məhkəmə iddianın təmin edilməsinin bir neçə növünü tətbiq edə bilər (MPM 158.2). Məhkəmə belə nəticəyə gəlmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Zahid Qasımov küçəsində tikinti, hörgü və qazıntı işlərinin aparılmasının cavabdehə və üçüncü şəxslərə qadağan edilməsi növündə iddianı təmin etmə tədbirinin görülməsi məqsədəmüvafiqdir. İddianı təmin etmə tədbirinin görülməsi həmin ərazidə yaşayan sakinlərin hüquqları və ictimai mənafe baxımından gələcəkdə yarana biləcək təhlükəli nəticələrin qarşısını almaqla qanuni və ədalətlidir. Cavabdehin şikayətinin dəlillərinə münasibətdə isə cavabdehin qeyd olunan ərazidə tikinti işləri aparmasına icazə verən hər hansı hüquqmüəyyənedici sənədi yoxdur. Belə ki, Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 04.08.2000-ci il tarixli sərəncamının surətindən görünür ki, cavabdehə yalnız 40 kv.m. ölçüdə “Səbuhi” məişət xidməti obyektində tikinti işləri aparmasına razılaşdırılmış layihə əsasında icazə verilmişdir. Halbuki, fotoşəkillərdən göründüyü kimi tikinti işləri açıq həyət sahəsində aparılmaqdadır, bundan əlavə şikayətə razılaşdırılmış layihənin surəti əlavə edilməmişdir. Həmçinin, “xxxx” MMC-nin tərtib etdiyi hesabat cədvəli hüquqmüəyyənedici sənəd deyildir. Kollegiya qeyd edir ki, cavabdehin şikayətinin dəlili formal mülahizələrdir və qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməkdə haqlı olmuşdur. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 401 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Cavabdehin şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli 2(002)- 1464/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar