Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-562/2024 25.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqı tələbi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4, İddiaçı nümayəndəsi və vəkili X5, Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi və vəkili X6 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)-2179/2023 saylı qətnaməsindən cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliy tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil nazirinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən İddiaçı xx.xx.2022-ci il tarixdə 65 yaşının tamam olduğunu bildirmiş və onunla bir il müddətinə əmək müqaviləsinin bağlanmasına köməklik göstərilməsini xahiş etmişdir.
2. Azərbaycan Respublikası Elm və Təhsil nazirinin “Əmək müqaviləsinə xitam verilməsi barədə” xx.xx.2022-ci il tarixli, K-930 nömrəli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə çalışmanın yaş həddinə çatdığına görə xx.xx.2022-ci il tarixdən xitam verilmişdir.
3. Azərbaycan Respublikası Elm və Təhsil nazirinin “Vəzifəyə təyin edilmə barədə” xx.xx.2022-ci il tarixli, K-932 saylı əmrə əsasən Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Zəngilan rayonu, 22 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə təyin edilmişdir.
4. xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən Zəngilan rayonu, 22 nömrəli tam orta məktəbin direktoru təyin edilməsi ilə bağlı İddiaçı ilə bağlanılan əmək müqaviləsinin başlama tarixi kimi xx.xx.2022-ci il, bitmə tarixi kimi xx.xx.2023-cü göstərilmişdir.
5. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Vəzifədən azad edilməsi barədə” xx.xx.2023-cü il tarixli, 3-29/3-1-028K/2023 nömrəli əmrinə əsasən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə bir sıra, o cümlədən Zəngilan rayonu 22 nömrəli tam orta məktəbin direktoru İddiaçı xx.xx.2023-cü il tarixdən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
6. 26 saylı Şəhər Polikinikası tərəfindən verilmiş “Əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə” arayışa əsasən İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək işdən azad edilmiş, onun işə başlama tarixi kimi xx.xx.2023-cü il tarixi göstərilmişdir.
7. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Şərgi Zəngəzur Regional Təhsil İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli bildirişə əsasən Zəngilan rayon 22 nömrəli tam orta məktəbin direktoru olaraq əmək müqaviləsinə xitam verildiyi üçün müəssisədə müvafiq təhvil-təslim prosesinin həyata keçirilməsi məqsədilə idarə əməkdaşları tərəfindən İddiaçı bir neçə dəfə məktəbə gəlməyi və qeyd olunan prosesin həyata keçirilməsində iştirak etməyi barədə məlumat verilmişdir. Buna baxmayaraq müxtəlif səbəblər göstərərək təhvil-təslim prosesinin aparılmasında iştirak etməmişdir. Məktəbdə təlim-tərbiyə prosesində fasiləsizliyin təmin edilməsi və sənədləşmə işlərinin vaxtında aparılmasının təmin olunması üçün xx.xx.2023-cü il tarixdə, saat 11:00-da Zəngilan rayon 22 nömrəli tam orta məktəbində olmağı və təhvil-təslim prosesinin həyata keçirilməsində iştirak etməyi ondan tələb olunmuşdur.
Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı Cavabdehnə qarşı iddia və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, işdən çıxarılmasının qanunsuz hesab olunması və onun həmin vəzifəyə işə bərpa edilməsi, 2023-cü ilin yanvar-iyul ayları üçün cavabdehdən 6.945 manat pul vəsaitinin tutulması, həmin vəsaitin 6.000 manatının ona ödənilməsi, qalan 945 manat pul vəsaitinin isə əmək haqqı hesablanması ilə əlaqədar müvafiq qaydada vergi və sosial sığorta ödənişlərinin ödənilməsinə sərf olunması, 2023-cü il üçün məzuniyyət pulu qismində cavabdehdən 1.700 manat pul vəsaitinin tutulub iddiaçıya ödənilməsi və iddiaçıya vurduğu mənəvi ziyana görə cavabdehdən 10.000 manat pul vəsaitinin və 50 manat mediasiya ödənişinin, habelə qətnamə icra olunanadək qalan məcburi iş buraxma müddəti üçün əmək haqqı məbləğinin cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyindən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Zəngilan rayon 22 saylı tam orta məktəbin direktoru vəzifəsində işləyirmiş, xx.xx.2022-ci il tarixdə 65 yaşının tamam olmağı ilə əlaqədar onunla 1 il müddətinə müddətli əmək müqaviləsinin bağlanmasına dair ərizə ilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirinə müraciət etmişdir. xx.xx.2022-ci il tarixli K-932 saylı əmrə əsasən o, yenidən direktor vəzifəsinə təyin edilmişdir. Bundan sonra o, əmək fəaliyyətini xx.xx.2023-cü il tarixinədək davam etdirmişdir. Belə ki, xəstəliklə bağlı bülletendə olduğu vaxt ona X10 Təhsil İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli rəsmi bildiriş göndərilmiş və xx.xx.2023-cü il tarixdə direktor kimi təhvil-təslim prosesində iştirak etməyi tələb olunmuşdur. Buna görə də o, məcburən xx.xx.2023-cü il tarixdə təhvil təslim prosesində iştirak etmişdir. Lakin cavabdeh iddiaçıya nə işdən çıxarılma barədə əmrin surətini, nə də əmək kitabçasını təqdim etməmişdir. Son əmək müqaviləsinin surətinin əldə olunması üçün Zəngilan rayon Təhsil Sektoruna müraciət etmiş, lakin Zəngilan rayon Təhsil Sektorundan xx.xx.2022-ci il tarixdən sonra onunla ümumiyyətlə əmək müqaviləsi bağlanmadığı bildirilmişdir. Eyni zamanda onun əmək haqqı yalnız xx.xx.2023-cü il tarixədək ödənilmişdir. O, yanvar ayının sonunadək öz əmək vəzifələrini icra etmiş, sonradan sağlamlıq vəziyyəti ilə bağlı bülletendə olmuşdur. Hazırkı mübahisənin məhkəmədən kənar qaydada həll olunması üçün 50 manat mediasiya xərci ödəmiş, lakin cavabdeh mediasiya prosesində iştirak etməmişdir. Vergilərin hesablanması zamanı onun müharibə veteranı olması da nəzərə alınır və ona vergi güzəştləri edilir. Qətnamənin icrası zamanı da bu hal nəzərə alınmalı və vergi tutma zamanı müvafiq vergi güzəştləri edilməlidir. Onun digər sosial ödənişlər daxil olmaqla aylıq əmək haqqı 1035 manat təşkil edir. Beləliklə, cavabdehdən 2023-cü ilin yanvar ayı üçün vergi və sosial ödənişlər daxil olmaqla 735 manat (600 manat xalis əmək haqqı və 135 manat vergi və sosial ödənişlər), 2023-cü ilin fevral - iyul aylarını əhatə edən dövrün hər bir ayı üçün 1035 manat (900 manat xalis əmək haqqı + 135 manat vergi və sosial ödənişlər), 6 ay (fevral - iyul) üçün 6.210 manat, cəmi 6.945 manat əmək haqqı ilə bağlı pul vəsaiti tutulub ona ödənilməlidir. Bundan başqa ona 2023-cü il üçün 1.700 manat məzuniyyət pulu ödənilməlidir. Onunla bağlanmış əmək müqaviləsinin müddətinin 1 il uzadılmasına baxmayaraq, cavabdeh iddiaçının 6 ay sonra qanunsuz olaraq işdən çıxarıb, səlahiyyətlərinin təhvil verilməsi və əks təqdirdə onun barəsində tədbirlər görəcəyi barədə ona məktub göndərib, bu yolla onun səlahiyyətlərini təhvil verməyə məcbur edib, vaxtından qabaq və qanunsuz olaraq onu işdən çıxarmaqla onun kollektiv arasında olan nüfuzuna zərər vurub, onu hörmətdən salıb, kollektiv arasında iddiaçının peşə keyfiyyətinin aşağı olmasına dair təəssüratın yaranmasına səbəb olub. Bu hərəkətlər nəticəsində ona mənəvi zərər dəymişdir. O, dəymiş mənəvi zərəri 10.000 manat həcmində qiymətləndirir.
10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)- 2179/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirinin xx.xx.2023-cü il tarixli, 3-29/3-1-028K/2023 saylı əmrinin İddiaçı münasibətdə ləğv edilməsi və İddiaçı əvvəlki vəzifəsinə bərpa olunması, Cavabdeh tərəfindən İddiaçı məcburi işburaxma müddəti, məzuniyyət üçün əmək haqqının və 50 manat mediasiya xərcinin ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim X7)
11. Məhkəmə iddiaya hüquqi qiymət verərkən, qeyd etmişdir ki, iddiaçı iddia edir ki, müqavilə imzalandıqdan sonra müqavilənin nüsxəsi ona verilməyibdir. Əmək Məcəlləsinin 44-cü maddəsinin 3-cü hissəsinə görə əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunur, onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Əmək müqaviləsinin nüsxəsinin işçiyə verildiyini sübut etmə yükü işəgötürənin üzərinə düşür. Lakin cavabdeh bunu sübut edə bilmir. Ona görə də əmək müqaviləsinin müddətinin xx.xx.2022-ci il tarixədək bağlanılması şərtinin (müddətə dair şərtin) həqiqiliyinə dair şübhənin aradan qaldırılması mümkün deyil. Aradan qaldırılması mümkün olmayan belə şübhələr işçinin xeyrinə həll olunmalıdır. İş materiallarında olan əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixədək qeyd olunmuşdur. Həmin bildiriş sistemə xx.xx.2022-ci il tarixdə daxil edilmişdir. Digər tərəfdən xx.xx.2023-cü il tarixli əmrin surətindən görünür ki, İddiaçı Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən Zəngilan rayonu 22 nömrəli tam orta məktəbin direktoru vəzifəsindən azad edilmişdir. Lakin həmin əmr üzrə əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməmişdir. Daxil edilmədiyi üçün də mübahisələndirilən əmr hüquqi qüvvəsini almamışdır. Bununla yanaşı iddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə əmrlə də tanış edilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən tərəflər arasında əmək müqaviləsinə xitam verilməsi xx.xx.2023-cü il tarixdən deyil, xx.xx.2023-cü il tarixdən hüquqi qüvvəyə mindiyindən, tərəflər üçün əmək müqaviləsinə xitam verilməsi ilə bağlı hüquqi nəticələr də xx.xx.2023-cü il tarixdən yaranmalı idi. müqavilə müddəti bitdikdən sonrakı bir həftə ərzində cavabdeh tərəfindən müqaviləyə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə yerləşdirilmədiyindən, əmək müqaviləsinə xitam verilməsi barədə əmr hüquqi qüvvəyə minməmiş, əmək münasibətləri davam etdirilmişdir. Bununla da, tərəflər arasında bağlanmış əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunmuşdur ki, həmin müqavilənin qüvvədə olduğu müddətdə cavabdeh tərəfindən əmək müqaviləsinə müqavilənin müddətinin bitməsi əsası ilə xitam verilməsi qanunsuz olmuşdur. Cavabdeh müddətli müqavilənin xx.xx.2023-cü il tarixədək bağlanıldığına istinad etsə də, bunu sübut edə bilmir. Çünki cavabdeh qeyd edir ki, iş yükünün çoxluğu ilə əlaqədar müqavilə müddəti səhvən xx.xx.2023-cü il tarixinədək sistemdə qeyd edilmişdir. Belə ki, cavabdeh ən azından tərəflər arasında bağlanmış yazılı müqavilənin xx.xx.2022-ci il tarixinədək olmasını sübut edən müqavilənin surətini məhkəməyə təqdim edilməli idi. Digər tərəfdən cavabdehin müqavilə müddətinin xx.xx.2022-ci il tarixədək olması barədə etirazı əsaslı olsa belə, həmin əmək müqaviləsinə müddətin bitməsindən sonrakı 1 həftə ərzində deyil, 11 gün keçdikdən sonra xitam verilmişdir. Halbuki əmək qanunvericiliyinin müddətlərlə bağlı normalarını nəzərə aldıqda, cavabdeh ilə iddiaçı aralarında bağlanmış əmək müqaviləsinə ən geci xx.xx.2023-cü il tarixdə xitam verilməli idi. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, bu kateqoriya mübahisələrdə iddiaçının irəli sürdüyü tələblərin əksini sübutetmə yükü iqtisadi baxımdan işçidən daha güclü mövqedə olan işəgötürənin üzərinə düşür, digər tərəfdən əmək və icra intizamı ilə əlaqədar bütün sənədləşdirmələr işəgötürən tərəfindən aparıldığı üçün müvafiq sənədlər də onda olur. Hazırki əmək mübahisəsindən və iş materiallarından göründüyü kimi iddiaçının tələblərini təkzib edəcək hər hansı mötəbər sübutlar mövcud deyil. Beləliklə məhkəmə hesab etmişdir ki, Cavabdeh ilə iddiaçı arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə xitam verilməsi barədə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirinin xx.xx.2023-cü il tarixli, 3-29/3-1-028K/2023 saylı əmri qanuni hesab edilə bilməz. Bu səbəbdən həmin əmr İddiaçı münasibətdə ləğv edilməli və iddiaçı əvvəlki iş yerinə bərpa edilməlidir.
12. Məhkəmə həmçinin hesab etmişdir ki, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 3-29/3-1-028K/2023 saylı əmrin ləğv edilməsi hissəsində tələb əsaslı hesab edildiyindən və iddiaçı əvvəlki iş yerinə bərpa olunduğundan, iddia tələbi məcburi işburaxmaya görə iddiaçıya əmək haqqının ödənilməsi hissəsində də təmin edilməlidir.
13. Məhkəmə iddia tələbini 2023-cü il üçün məzuniyyət pulunun ödənilməsi hissəsinə münasibətdə qismən əsaslı hesab edərək qeyd etmişdir ki, hazırda iddiaçının əmək müqaviləsinə xitam verilməsi qanunsuz hesab edilərək işə bərpa edilmişdir, onun həmin il üçün məzuniyyət haqqı yaranmış, müvafiq olaraq işə bərpa olunduqdan sonra məzuniyyətə görə əmək haqqının ödənilməsi hissəsində də qismən təmin edilməlidir.
14. Məhkəmə, mənəvi zərərin tutulması ilə bağlı qeyd etmişdir ki, iddiaçı mənəvi sarsıntı və iztirab keçirməsini iddia etsə də, bu halı məhkəmədə sübuta yetirə bilməmişdir.
15. Məhkəmə öz mövqeyini İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 8-ci, 43cü, 45-ci, 46-cı, 49-cu, 68-ci, 73-cü, 110-cu, 113-cü, 300-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 217-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına istanadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
16. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən məhkəməyə iddia tələbinin əsasları kimi hər hansı bir sübut təqdim edilməmiş, eyni zamanda cavabdehin iştirakı da lazımı qaydada təmin edilməmişdir. xx.xx.2023-cü il tarixli əmrin surətinə əsasən iddiaçı Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən Zəngilan rayonu 22 nömrəli tam orta məktəbin direktoru vəzifəsindən azad edilmişdir. Lakin işə baxan məhkəmə həmin əmr üzrə əmək müqaviləsinin xitam verilməsi barədə bildirişin elektron informasiya sisteminə elektron imza vasitəsilə daxil edilmədiyini, bununla yanaşı, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmrlə də tanış edilmədiyini qeyd etmişdir. Elektron bildirişin sistemə yerləşdirilib-yerləşdirilməməsi və iddiaçının əmrin surəti ilə tanış olub-olmaması və bu kimi faktiki hallar birinci instansiya məhkəməsi tərəfindən aydınlaşdırılmamışdır. İddiaçının əmrin surəti ilə tanış olma və əmr üzrə əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi faktları birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir. İşə baxan məhkəmə cavabdehin iştirakını lazımı qaydada təmin etmədiyindən iş üzrə əhəmiyyət kəsb edən bütün sübutlar birinci instansiya məhkəməsinə cavabdeh tərəfindən təqdim olunmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi və vəkili X11 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
20. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X9 apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 43-cü maddəsinin 2-ci hissənin “d” bəndinə əsasən əmək müqaviləsinin müddəti əmək müqaviləsində mütləq göstərilməlidir; 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır; 46-cı maddəsinin 6-cı hissəsinə əsasən əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər; 49-cu maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir; 68-ci maddəsinin 2-ci hissənin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır; 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur; 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1.-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
24. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
25. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın rədd olunması xahiş olunsa da, hüquqi nəticə etibarı ilə qətnamə ancaq iddianın təmin edilən hissəsinə münasibətdə mübahisələndirildiyindən, qətnamə mübahisələndirilən hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.
27. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd edir ki, iddiaçı Zəngilan rayonu, 22 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışmış, çalışmanın son yaş həddinə çatdığı üçün onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli əmrlə xitam verilmiş, xx.xx.2022-ci il tarixli əmrlə müddətli əmək müqaviləsi ilə yenidən həmin vəzifəyə təyin edilmiş, müqavilənin bitmə tarixi kimi xx.xx.2022-ci il tarixi göstərilmişdir. xx.xx.2023-cü il tarixli əmrlə iddiaçı əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə işdən azad edilmişdir. İddiaçı fasilələrlə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək əmək qabiliyyətini müvəqqəti itirməsi səbəbindən işdə olmamış, iddiaçı ilə faktiki olaraq təhvil-təslim proseduru xx.xx.2023-cü il tarixdə həyata keçirilmişdir.
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməsini təmin etmək məqsədilə ilk növbədə iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddətinin bitdiyi günə aydınlıq gətirilməsini zəruri hesab edir. Belə ki, iddiaçının vəzifəyə qəbul edilməsi və vəzifədən azad edilməsi barədə əmrlərin əksinə olaraq “əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi”nə əsasən iddiaçı ilə müddətli əmək müqaviləsi xx.xx.2022-ci il tarixdə bağlanmış və xx.xx.2023-cü il tarixədək qüvvədə olmuşdur.
29. Cavabdeh tərəf bu halı onunla əsaslandırmışdır ki, əvvəllər əmək müqavilələri rayon təhsil şöbələri ilə bağlanılmış, regional təhsil şöbələri yaradıldıqdan sonra əvvəlki əmək müqavilələrinə kütləvi formada xitam verilmiş və yenidən həmin əmək müqavilələri regional təhsil idarələri ilə bağlanmışdır. Hazırki iş üzrə elektron əmək müqaviləsi bildirişi üzrə iddiaçı ilə bağlanmış əmək müqaviləsinin qüvvədə olma müddətinin xx.xx.2023-cü il göstərməsini cavabdeh tərəf onunla izah etmişdir ki, həmin dövrdə əmək müqavilələri kütləvi formada yenidən bağlandığından müqavilənin qüvvədə olma tarixinin son günü texniki səhv olaraq xx.xx.2023-cü il qeyd edilmişdir (i.v. 109).
30. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan halları nəzərə alaraq qeyd edir ki, əmək qanunvericiliyinə əsasən əmək müqaviləsinin bağlanması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından sonra hüquqi qüvvəyə minir. Bu sahədə vahid elektron informasiya sisteminin yaradılması da sırf iqtisadi cəhətədən zəif tərəf olan işçilərin hüquqlarının müdafiə edilməsinə və bu istiqamətdə işəgötürən tərəfindən əmək qanunvericiliyinin pozulması hallarının qarşısını almasına xidmət etmək məqsədi daşıyır.
31. Hazırki mülki iş üzrə elektron əmək bildirişinə əsasən iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsi xx.xx.2022-ci il tarixdə bağlanmış və xx.xx.2023-cü il tarixədək qüvvədə olmuşdur. Bununla belə, cavabdeh tərəf apellyasiya şikayətində bunun əks mövqeyindən çıxış etsə də, həmin əmək müqaviləsinin xx.xx.2023-cü il tarixdən əvvəl bitməsi barədə əmək müqaviləsinə dəyişikliklər edilməsi ilə bağlı hər hansı elektron əmək müqaviləsini məhkəməyə təqdim edə bilməmişdir. Bu da onu göstərir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsi xx.xx.2023-cü il tarixdə qüvvədən düşdüyündən iddiaçı ilə bağlanmış əmək müqaviləsinin xx.xx.2022-ci il tarixdə bitməsi ilə bağlı cavabdehin arqumentlərinin və iddiaçının vəzifədən azad edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli əmrin heç bir hüquqi nəticəsi ola bilməz.
32. Bununla belə, cavabdehin irəli sürdüyü arqumentlərin həqiqətə uyğun olduğu düşünülsə belə, yenə də iddiaçının xx.xx.2023-cü il tarixli əmrə əsasən müddətli əmək müqaviləsinin bitməsi əsası ilə işdən azad edilməsi əmək qanunvericiliyinə ziddir. Belə ki, cavabdehin istinad etdiyi xx.xx.2022-ci il tarixli əmrə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsi xx.xx.2022-ci il tarixədək qüvvədə olmuşdur. Bu baxımdan müqavilə müddətinin sonu qismində xx.xx.2022-ci il tarixi qəbul edilməlidir. xx.xx.2022-ci il iş günü olmuş, ondan sonra gələn xx.xx.2022-ci il tarixi və 2024-cü ilin 1-4 yanvar tarixləri qeyri-iş günlərinə təsadüf etmişdir. Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin tələbinə müvafiq olaraq cavabdeh xx.xx.2022-ci il tarixdən başlamaqla müddət bitdikdən sonrakı bir həftə ərzində müqaviləyə xitam verilməsinə öz münasibətini bildirməli idi. Həmin normaya görə tərəflərdən heç biri bu bir həftə ərzində müqaviləyə xitam verilməsini tələb etmirsə, əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Məhkəmə kollegiyası Əmək Məcəlləsinin 8-ci maddəsinin 3-cü hissəsini hazırkı mübahisəyə tətbiq edərək qeyd edir ki, həmin Məcəllənin 73-cü maddəsi ilə müəyyən edilmiş bir həftəlik müddətə xx.xx.2022-ci ildən başlamaqla xx.xx.2023-cü il tarixinədək davam edən qeyri-iş günləri də daxildir və bu məsələ üzrə son tarix xx.xx.2023-cü il tarixidir. Cavabdeh isə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə həmin müddət bitdikdən 5 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə xitam vermişdir ki, bu da Əmək Məcəlləsinin 73-cü maddəsinin tələbinə ziddir.
33. Məhkəmə kollegiyası o halı da xüsusilə qeyd edir ki, cavabdeh iddiaçının xx.xx.2023-cü il tarixdən işdən azad edilməsi ilə bağlı əmr versə belə, işçi ilə təhvil-təslim proseduru xx.xx.2023-cü il tarixdə həyata keçirilmişdir. Təqdim edilmiş davamiyyət cədvəllərinə əsasən isə iddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək öz xidməti vəzifələrini yerinə yetirmiş, həmin müddət ərzində hər iş günü iş yerinə gəlmiş və getmişdir (gəlməsi və getməsi barədə imzları mövcuddur) Başqa sözlə, iddiaçı xx.xx.2023-cü il tarixdən sonra da müəyyən müddət faktiki olaraq cavabdehlə əmək münasibətlərində olmuş və öz əmək funksiyalarının icrasını davam etdirmişdir. Bu hal da cavabdehin mövqeyinin haqlı olduğu halda belə, əmək qanunvericiliyinin kobud pozulması kimi qiymətləndirilir.
34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər – cavabdehin nümayəndəsinin məhkəmə iclaslarında iştirakının təmin edilməməsi ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsində işə baxılan zaman 5 hazırlıq iclası, 1 baxış iclası keçirilmiş, cavabdehin nümayəndəsi 3 hazırlıq iclasında iştirak etmiş (xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü il), sonrakı 2 hazırlıq (xx.xx.2023-cü il tarixli iclas barədə şəxsən, məhkəmə bildirişinə imza etməklə) və 1 baxış iclaslarının yeri və vaxtı barədə cavabdehə sms-bildiriş vasitəsilə məlumat verilmişdir. Məhkəmə o halı da qeyd edir ki, cavabdehin məhkəmə iclaslarında iştirak edən nümayəndəsinin “Elektron Məhkəmə” İnformasiya sistemində yaradılmış kabineti də mövcuddur və cavabdeh tərəf elektron kabineti vasitəsilə də məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlı olmuşdur. Bütün bunlar cavabdehin bu dəlilinin də əsassız olduğunu göstərir və apellyasiya şikayətinin təmin edilməməsini bir daha şərtləndirir.
35. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb, hesab edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır.
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)- 2179/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.