Məhkəmə qərarları › İş №2(103)-5620/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5620/2022

02.09.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5620/2022 02.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Qara Məmmədovun, cavabdehin nümayəndəsi Günay Musayevanın iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, cavabdeh təşkilatın İdarə Heyətinin sədri (işəgötürən) tərəfindən verilmiş, iddiaçı ilə olan əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli, ********** nömrəli əmr ləğv edilsin, iddiaçı əvvəlki vəzifəsinə cavabdeh təşkilatın X1 yeməkxanasında aşpaz vəzifəsinə bərpa olunsun və iddiaçıya məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. Qətnamə ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun vəkili və nümayəndəsi Qara Məmmədov apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdehin nümayəndəsi Günay Musayeva isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı cavabdeh təşkilatın X1 yeməkxanasında aşpaz vəzifəsində işləyib. Onunla bağlanmış əmək müqaviləsinə cavabdeh təşkilatın İdarə Heyəti sədrinin (işəgötürənin) xx.xx.2021-ci il tarixli, ********** nömrəli əmri ilə xitam verilib. Buna əsas iddiaçının (işçinin) təşəbbüsü olub. Belə ki, iddiaçı ərizə ilə işəgötürənə müraciət edərək xahiş edib ki, öz arzuzu ilə, müddət gözlənilmədən, tutduğu vəzifədən azad edilsin. Əmrdə hüquqi əsas kimi Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə istinad olunub. Həmin maddəyə görə tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. Ərizədə onun yazılma tarixi göstərilməyib. İddia ərizəsində qeyd olunub ki, ərizə xx.xx.2021-ci ildə yazılıb. Ərizənin üzərində cavabdeh təşkilatın daxil olma ştampının tarixi xx.xx.2021-ci ildir. Ərizinin yazılma tarixi onun üzərində qeyd olunmadığına görə daxil olma ştampının tarixi ərizənin verilmə tarixi sayılır. Ərizənin verildiyi gün əmək müqaviləsinə xitam verilməsi Əmək Məcəlləsinin 69-cu maddəsinin göstərişinə uyğundur. Çünki ərizədə müddət (yəni 1 aylıq xəbərdarlıq müddəti) gözlənilmədən işdən azad edilmə xahiş olunub. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etdiyini təsdiq edən sübut məhkəməyə təqdim edilməyib. Beləliklə, məhkəmə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinin və 69-cu maddəsinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar