Məhkəmə qərarları › İş №2(103)-5622/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5622/2022

17.08.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5622/2022 17.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli 2(005)-1991/2022 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Laçın rayonu Çıraqlı kənd tam orta məktəbinin direktoru kimi onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən 22 fevral 2022-ci il tarixdən xitam verilərək, onun Laçın rayonu Çıraqlı kənd tam orta məktəbinin direktoru vəzifəsindən işdən azad edilməyi ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinin 22 fevral 2022-ci il tarixli, K-175 nömrəli Əmrinin qanunsuz hesab edilərək ləğv edilməsi, onun Laçın rayonu Çıraqlı kənd tam orta məktəbinin direktoru vəzifəsinə işə bərpa edilməyi və ona 22 fevral 2022-ci il tarixli, K-175 nömrəli əmrlə əmək funksiyasının icrasından məhrum edildiyi bütün dövr üçün (yəni, qanunsuz olaraq işdən azad edildiyi dövrdən başlayaraq işə bərpə ediləcəyi tarixədək) məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Yoxlamanın nəticələrinə dair" 22 fevral 2022-ci il tarixli, K-175 nömrəli Əmri ilə Laçın rayonu Çıraqlı kənd tam orta məktəbinin direktoru kimi onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən 22 fevral 2022-ci tarixindən xitam verilmişdir. Təhsil Nazirliyinin həmin Əmrində (xx.xx.2022-ci il tarixli, K-175 nömrəli) onun əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi təhsil müəssisəsinin fəaliyyətinə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verməyi, vəzifə səlahiyyətlərindən sui-istifadə etməyi, əmək müqaviləsi üzrə öhdəlik və vəzifə funksiyalarını yerinə yetirmədiyi göstərilmişdir. O, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin və eləcə də digər normativ aktların tələbləri kobud şəkildə pozulmaqla qanunsuz və əsassız olaraq işdən çıxarılmışdır. Laçın rayonu Çıraqlı kənd tam orta məktəbinin direktoru kimi onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilməsi ilə bağlı Təhsil Nazirliyinin 22 fevral 2022-ci il tarixli, K-175 nömrəli Əmrində göstərilmişdir ki, həmin əmrin verilməsinə nazir müavini Muxtar Məmmədovun xx.xx.2021-ci il tarixli, 1-02-6278 nömrəli xidməti məlumatı, Laçın rayon Təhsil Şöbəsinin İlk Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2021-ci il tarixli, 09 nömrəli iclas protokolu əsas təşkil etmişdir. Qeyd etmək istəyir ki, o, Laçın rayonu Çıraqlı kənd tam orta məktəbinin direktoru kimi bugünədək xx.xx.2021-ci il tarixli, 1-02-6278 nömrəli xidməti məlumat və Laçın rayon Təhsil Şöbəsinin İlk Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2021-ci il tarixli, 09 nömrəli iclas protokolundan tam xəbərsiz olmuşdur. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli, K-175 nömrəli əmri ilə əmək hüquqları kobud şəkildə pozulmuş o, seriya SN 00007 ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən xx.xx.2021-ci il tarixindən -xx.xx.2022-ci il tarixədək xəstəliklə (diaqnoz: K 29.7 Kəskin sadə qastrit) bağlı bülletendə olmuşdur. Göstərilən tarixlərdə, xəstəliklə bağlı bülletendə olduğundan onun bir işçi kimi barəsində aparılan araşdırmalardan məlumatı olmamış və Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək hüquqlarını həyata keçirməyə imkan yaradılmadan Laçın rayon Təhsil Şöbəsinin İlk Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2021-ci il tarixli iclası keçirilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən onun Laçın rayonu Çıraqlı kənd tam orta məktəbin direktoru vəzifəsindən azad edilməyi ilə nəticələnən əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci madəsinin "ç" bəndinə əsasən xitam verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli, K-175 nömrəli əmrlə Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü bəndinin tələbləri əsaslı şəkildə pozulmuşdur. Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən onunla bağlanmış əmək müqaviləsinə xitam verən zaman Əmək Məcəlləsinin 80-ci maddəsinin tələbinin də ciddi pozuntusuna yol verilmişdir. Laçın rayon Təhsil Şöbəsinin İlk Həmkarlar İttifaqı Komitəsi tərəfindən xx.xx.2021-ci il tarixində iclas keçirilmişdir, hansı ki, əmək hüquqları pozulmuş o, həmin tarixdə (Qeyd: SN 00007 ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən xx.xx.2021-ci il tarixindən - xx.xx.2022-ci il tarixinədək xəstəliklə (diaqnoz: K 29.7 Kəskin sadə qastrit) bağlı) bülletendə olmuşdur. Laçın rayon Təhsil Şöbəsinin İlk Həmkarlar İttifaqı Komitəsi tərəfindən onunla bağlı qəbul olunmuş qərardan - Komitənin xx.xx.2021-ci il tarixli, 09 nömrəli iclas protokolundan o, həmkarlar ittifaqının üzvü olan bir işçi kimi bugünə kimi məlumatsız olmuşdur. Belə ki, o, bir işçi kimi Laçın rayon Təhsil Şöbəsinin İlk Həmkarlar İttifaqı Komitəsi tərəfindən xx.xx.2021-ci il tarixində keçirilmiş iclasda iştirak etməmişdir, ondan izahat alınmamışdır. Digər bir tərəfdən, ümumiyyətlə ondan Laçın rayon Təhsil Şöbəsinin İlk Həmkarlar İttifaqı Komitəsi tərəfindən Laçın rayonu Çıraqlı kənd tam orta məktəbində icra etdiyi direktor vəzifəsi ilə əlaqədar öz əmək funksiyasını və ya əmək müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməməyi ilə bağlı, eyni zamanda təhsil müəssisəsinin fəaliyyətinə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verilməsi iddiası ilə bağlı ondan hər hansı bir izahat alınmamış və ona Həmkarlar İttifaqı Komitəsinin iddia etdiyi kimi əmək vəzifələrini, əmək müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri pozmağı ilə, rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verilməsi ilə bağlı hər hansı bir xəbərdarlıq edilməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli 2(005)- 1991/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əsasları iddia ərizəsi ilə eynilik təşkil edən apelyasiya şikayətində göstərilmişdir ki, qətnamə qanunsuz və əsassızdır. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış tərəflər (nümayəndə) məhkəməyə gəlmədiklərinə görə, kollegiya işə onların (nümayəndənin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq məhkəmə baxışında ailə vəziyyəti və səhhəti ilə bağlı iştirak edə bilməyəcəyini nəzərə alaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, eyni zamanda vəkili ərizə ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəciyindən məhkəmə iclasının sentyabrın 5-dən sonrakı tarixə təxirə salınmasını xahiş etmişdir. Lakin nə iddiaçı, nə də vəkili tərəfindən qeyd etdikləri halı təsdiq edən hər hansı sənəd əlavə edilmədiyindən kollegiya işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətini iş materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Əmək kitabçasının surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2003-cü il tarixli 253 nömrəli əmri ilə Ali təhsilli sinif müəllimi hazırda Ağanus kənd orta məktəbində sinif müəllimi işləyən irəli çəkilərək xx.xx.2003-cü il tarixdən Çıraqlı kənd orta məktəbinin direktoru vəzifəsinə təyin edilmişdir. Daha sonra o, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli K-175 nömrəli əmri ilə Laçın rayon Çıraqlı kənd tam orta məktəbinin direktoru ilə bağlanmış əmək müqaviləsi təhsil müəssisəsinin fəaliyyətinə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 22 fevral 2022-ci il tarixdən ləğv edilmişdir. İş materiallarında olan əmək qabiliyyətinin olmaması vərəqələrindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək işdən azad edilmişdir. “Abşeron rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsi Masazır Ailə Sağlamlıq Mərkəzinin xx.xx.2022-ci il tarixli, 175 nömrəli tibbi arayışından görünür ki, İddiaçı həqiqətən Masazır Ailə Sağlamlıq Mərkəzində xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müayinə olunmuşdur. Diaqnoz K.29.7 kəskin sadə qastrit. İş materiallarında olan 09 nömrəli protokoldan görünür ki, 27 dekabr 2021-ci il tarixdə ATİAHİ-nin Laçın RK-nın RTŞ üzrə ilk həmkarlar təşkilatının onlayn iclası keçirilmiş və qərara alınmışdır:

1. Laçın rayon Çıraqlı kənd tam orta məktəbində aparılmış araşdırmaların nəticəsinə dair Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2021-ci il tarixli xx-xx- 1740/10 nömrəli məktubuna münasibət bildirilməsi barədə ATİAHİ Laçın RK-nın RTŞ üzrə ilk həmkarlar təşkilatının sədri Fəxri Şahsuvarovun məlumatı nəzərə alınsın.

2. ATİAHİ-nin Laçın RK-nın RTŞ üzrə ilk həmkarlar təşkilatı Çıraqlı kənd tam orta məktəbinin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə etiraz etmir.

3. ATİAHİ-nin Laçın RK-nın RTŞ üzrə ilk həmkarlar təşkilatının 27 dekabr 2021-ci il tarixdə keçirilmiş onlayn iclasının 09 nömrəli protokolunun surəti Azərbaycan Respublikası Təhsil Nazirliyinin İnsan resursları şöbəsinə təqdim edilsin. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli, K-175 nömrəli əmrdən görünür ki, Laçın rayonu Çıraqlı kənd tam orta məktəbinin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsi təhsil müəssisəsinin fəaliyyətinə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 22 fevral 2022ci il tarixdən ləğv edilmişdir. xx.xx.2021-ci il tarixli Aktdan görünür ki, aktı imzalayanlar qeyd edilən tarixdə məktəbdə olarkən aşağıdakıları aşkar etmişlər: xx.xx.2021-ci il tarixdə Laçın rayonu, Çıraqlı kənd orta məktəbində aparılmış monitorinq zamanı 1) Məktəbin təsərrüfat işləri üzrə direktor müavini-X2, məktəbin kitabxanaçısı-X1, “gözətçi” X3, “xadimə” X5 gündəlik işə gəlmirlər. Məktəbin texniki heyət üzrə işçiləri öz yazılı izahatlarında həmin şəxsləri tanımadıqlarını qeyd etmişlər.

2. İbtidai sinif üzrə vakant dərs saatları olan İV sinfə Füzuli rayon 40 saylı tam orta məktəbdən (Sumqayıt şəhəri, Nasosnu qəs.) 2-ci iş yeri kimi DQ-dan 42 bal (ixtisas 27) toplayan X4 xx.xx.2021-ci il tarixdən müddətli müqavilə ilə qaydalara zidd müəllim təyin olunmuş, 20 saat dərs həvalə edilmişdir.

3. Dərs saatları DQ nəticələrinə uyğun bölünməmişdir.

4. Məktəbdə kimya, biologiya və informatika fənləri üzrə avadanlıqlarla təchiz edilmiş kabinetlər olmadığı halda həmin fənlərdən laborant ştatı saxlanılmışdır.

5. Məktəbdə 2021/ 2022–ci tədris ili üçün dərs cədvəli, fərdi təhsil cədvəli, dərsdənkənar məşğələ cədvəlləri təsdiq olunmamışdır.

6. Məktəbin idman zalı olmadığı halda fiziki tərbiyə üzrə dərs saatları 2020/2021-ci tədris ilində (36 saat) bölünmüşdür. xx.xx.2021-ci il tarixdə İddiaçı tərəfindən verilmiş izahatda da aşkar edilmiş nöqsanlar təsdiq edilmişdir. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, İddiaçı vəzifə səlahiyyətlərini lazımınca icra etməmiş, direktor olduğu dövr ərzində aktda göstəriən pozuntulara yol vermişdir. Digər tərəfdən, İddiaçı işdən çıxarılma barədə əmr verilərkən onun səhhətində yaranmış problemlə bağlı bülletendə olmasını qeyd etsə də, xx.xx.2021-ci il tarixli aktda qeyd olunmuş nöqsanlar təkcə həmin dövrü əhatə etməməklə, öz xarakterinə görə davam edən münasibətlərə aiddir və məktəb direktorunun bülletendə olması göstərilən nöqsanlara yol verilməsinə haqq qazandırmır. Bundan başqa iddiaçı tələbinin əsası kimi göstəmişdir ki, 27 dekabr 2021-ci il tarixdə ATİAHİnin Laçın RK-nın RTŞ üzrə ilk Həmkarlar Təşkilatının onlayn iclası keçirilmiş və həmin vaxt iddiaçının əmək qabiliyyəti olmamışdır. Məhkəmə hesab etmişdir ki, əmək qanunvericiliyində işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilməsi imperativ norma olaraq qeyd olunsa da, işçinin həmin iclasda iştirakının mütləq təmin olunması və ya işçinin əmək qabiliyyəti olmadığı dövrdə həmkarlar ittifaqı iclasının keçirilməsini qadağan edən norma mövcud deyildir. Kollegiya qeyd edir ki, iddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək bülletendə olduğu halda, məktəbdə yoxlama xx.xx.2021-ci il tarixdə onun özünün iştirakı ilə keçirilmiş, işdən çıxarılması barədə əmr isə xx.xx.2022-ci il tarixdə verilmişdir. İşdə olan Həmkarlar İttifaqının xx.xx.2021-ci il tarixli 09 saylı Protokolundan görünür ki, iddiaçıya iclas barədə məlumat verilsə də, xəstə olması səbəbindən iştirak edə bilməyəcəyini bildirmiş, lakin heç bir rəsmi sənəd təqdim etməmişdir. Halbuki, iddiaçı iclasda onlayn qaydada da iştirak edə bilərdi. Bundan başqa iddiaçı barəsində xidməti yoxlama aparılan zaman izahatları alınmış G.Kərmova, A.Əlvəndova və V.Abdullayeva məhkəməyə göndərdikləri ərizə və teleqramda izahatlarının təzyiq altında vermələrini bildirsələr də, bunu təsdiq edən heç bir sübut təqdim olunmamış, onların həmin təzyiq barədə hüquq-mühafizə orqanlarına müraciət etməsi müəyyən edilməmişdir. Məhkəmə bu dəlilə də tənqidi yanaşmışdır. Kollegiya hesab edir ki, iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qənaəti doğrudur, iddiaçının işdən azad olunması barədə əmr verilərkən mövcud qanunvericiliyin tələbləri pozulmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 10-cu maddəsinin “a” bəndinə əsasən, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, “ç” bəndinə əsasən, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq işçinin əsas vəzifələrindəndir; 70-ci maddəsinin “ç” maddəsinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər; 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə, əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun; 71-ci maddəsinin 3-ci hissəsinə əsasən, işəgötürən bu məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi belə halların sırasında göstərilmişdir. Məcəllənin 186-cı və 187-ci maddələrinə görə isə, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona intizam tənbehi verə bilər. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Göründüyü kimi Laçın rayonu Çıraqlı kənd tam orta məktəbində Azərbaycan Respublikasının Təhsil Nazirliyinin əməkdaşları tərəfindən aparılmış araşdırma nəticəsində məktəbin direktoru tərəfindən təhsil müəssisəsində tədrisin təşkili, əmək intizamına riayət olunması və digər sahələrdə çoxsaylı nöqsanlar aşkar edilmişdir, bu nöqsanları iddiaçı özü verdiyi izahatında təsdiq etmişdir. Hazırda iddiaçının irəli sürdüyü formal əsaslarla qanuni və əsaslı əmrin ləğv edilməsi yolverilməzdir. Kollegiya qeyd edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olmaqla, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyil. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏTETDİ:

İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1991/2022 saylı iş üzrə 08 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar