Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5624/2022 07.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə (Açar sözlər: mənzilin təhvil verilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Qurbanlı Aysel Elşən qızının katibliyi, X1, İddiaçı, Cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzilin təhvil verilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-274/2022 saylı 07 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 07 sentyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. “İcraçı” Cavabdeh MMC ilə “Sifarişli” İddiaçı arasında bağlanmış Mənzilin tikintisinə və satışına dair xx.xx.2011-ci il tarixli müqavilədən görünür ki, bu müqavilənin şərtlərinə əsasən «Sifarişçi» sifariş edir, «İcraçı» isə ünvan 1 ünvanında tikiləcək yüksək mərtəbəli yaşayış binasının 3-cü giriş 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 69,0 kv.m olan 1 (bir) otaqlı mənzili 24 (iyirmi dörd) ay müddətində tikib «Sifarişçi»yə təhvil verməyi öhdəsinə götürmüşdür. «Sifarişçi» ilkin olaraq ümumi müqavilə qiymətindən 0 ABŞ dolları avans ödəyir və növbəti 12 ay ərzində qalan pulu 41400 ABŞ dolları ilə hər ay 3450 ABŞ dolları “İcraçıya “ ödəyəcəkdir.
2. Cavabdeh MMC-nin 13 noyabr 2012-ci il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binası Cavabdeh MMC-yə məxsusdur. Həmin binanın 3-cü giriş 5-ci mərtəbəsində ümumi sahəsi 69 kv.m olan 1 (bir) otaqlı mənzilin İddiaçı maliyyə borcu yoxdur.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, 841-842 məhəllə, ev 5A, mənzil 10, giriş 3 (Yeni qaydalarla: ünvan 7 İddiaçı adına xx.xx.2021-ci il tarixdə xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəfindən cavabdehdən əvəzi tam ödənilərək satın alınmış, mülkiyyət hüquqları **********88-05301-093001 daşınmaz əmlakın reyestr və ********** qeydiyyat nömrələri ilə dövlət qeydiyyatına alınmış, Bakı şəhəri, Nərimanov rayonu, Gülarə Qədirbəyova küçəsi 18, mərtəbə 5, mənzil 2 (köhnə qaydalara əsasən: Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən mənzilin boşaldılması və onun mənzildən sərbəst istifdəsinə maneələrin aradan qaldırılması, həmin mənzilin açarlarının ona təhvil verilərək, mənzilin onun maneəsiz istifadəsinə verilməsinin cavabdehə həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh ilə 02 sentyabr 2011-ci il tarixdə “Mənzil tikintisinə və Satışına dair” müqavilə bağlamış, həmin müqaviləyə əsasən ünvan 4 ünvanında tikiləcək yüksək mərtəbəli yaşayış binasının 3-cü girişinin 5-ci mərtəbəsində ümumi sahəsi 69 kv.m olan 1 (bir) otaqlı mənzilin tikintisini cavabdeh öhdəsinə götürmüşdür. Həmin işlərin dəyəri tərəfindən müqavilə ilə nəzərdə tutulmuş qaydada tam ödənilmişdir və bu barədə maliyyə arayışı mövcuddur. Həmin mənzilə yeni qaydalara əsasən AZ 1008 ünvan 5 ünvanı verilmişdir. Lakin binanın tikilib tam layihə gücünə çatdırılmasına, mənzilin tam hazır olmasına və iddiaçının həmin mənzilə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına baxmayaraq, həmin mənzil və onun açarları yəni podratın nəticələri təhvil verilməmiş və məlum olmuşdur ki, həmin mənzilə kimsə qanunsuz daxil olub orada yaşayır. Mənzilin təhvil verilməsi ilə əlaqədar cavabdehə müraciət etsə də, həmin müraciətlərə cavab olaraq bildirmişdir ki, onun mənzili 6-cı mərtəbədə yerləşir və həmin mənzil təhvil verilə bilər. Halbuki, müqaviləyə əsasən tərəfindən məhz 5-ci mərtəbədə mənzil alınmış və məhz 5-ci mərtəbədə olan mənzilə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/6731 saylı ekspertiza rəyindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Gülarə Qədirbəyova küçəsi, 18, M5, mənzil 2 ümumi sahəsi 69 kv.m olan 1 (bir) otaqlı mənzil "xxxx" MMC tərəfindən (baxış zamanı) təqdim olunmuş və tərəflər arasında bağlanan xx.xx.2011-ci il tarixli müqaviləyə uyğun mərtəbədə yerləşdiyi müəyyən olunur. İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Gülarə Qədirbəyova küçəsi, 18, M5, mənzil 2 ümumi sahəsi 69 kv.m olan 1 (bir) otaqlı mənzil layihəyə əsasən binanın ümumi mərtəbəsinin 5-ci mərtəbəsində, yaşayış mərtəbəsinin 3-cü mərtəbəsində yerləşdiyi müəyyən olunmuşdur. ünvan 4 ünvanında tikiləcək yüksək mərtəbəli yaşayış binasında lahiyəyə uyğun mənzillər binanın 3-cü mərtəbəsindən başlayır. ünvan 4 ünvanında tikiləcək yüksək mərtəbəli yaşayış binasında lahiyəyə uyğun 0,00 nöqtəsindən 2 mərtəbə qeyri-yaşayış sahəsi yerləşir.
7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 07 iyun 2022-ci il tarixli 2(005)-274/2022 saylı qətnaməsi ilə (hakim Gültəkin Əsədova) iddia təmin edilmiş, iddiaçı tərəfindən cavabdehdən, əvəzi tam ödənilərək satın alınmış, iddiaçının mülkiyyət hüquqları **********88-05301-093001 daşınmaz əmlakın reyestr və ********** qeydiyyat nömrələri ilə dövlət qeydiyyatına alınmış, Bakı şəhəri, Nərimanov rayonu, Gülarə Qədirbəyova küçəsi 18, mərtəbə 5, mənzil 2 (köhnə qaydalara əsasən: ünvan 6 ünvanında yerləşən mənzilin boşaldılması və iddiaçının mənzildən sərbəst istifadəsinə maneələrin aradan qaldırılması, həmin mənzilin açarlarının iddiaçıya təhvil verilərək mənzilin onun maneəsiz istifadəsinə verilməsi öhdəliyinin "xxxx" MMC-nin üzərinə qoyulması qət edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı xx.xx.2011-ci il tarixli müqavilə ilə razılaşdırılmış mənzil təhvil verilməlidir.
9. Məhkəmə gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 106.1, Mülki Məcəlləsinin 6.2, 139.1.6, 178.8, 82.1, 385.1, 386.1, 442, 445, 448.1, 152.1, 152.5-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri
10. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apelyasiya şikayətində göstərilmişdir ki, MMC tərəfindən iddiaçıya dəfələrlə mənzili təhvil götürməsi barədə xəbərdarlıq edilsə də o, mənzili götürməkdən imtina edərək, başqa şəxsə məxsus olan mənzili tələb etmişdir. MMC müqavilədə nəzərdə tutulmuş mənzili bu gün də könüllü olaraq təhvil vermək niyyətindədir. Ekspert rəyi ilə də iddiaçıya məxsus mənzilin layihəyə əsasən binanın ümumi mərtəbəsinin 5-ci mərtəbəsində, yaşayış mərtəbəsinin 3-cü mərtəbəsində yerləşdiyi müəyyən olunmuşdur.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
14. İddiaçı apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
15. Maddə 139.1.6. Qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə, mənziltikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin üzərində mülkiyyət hüquqların əmələ gəlməsi üçün əsas hesab olunur.
16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apelyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
23. Qətnamə cavabdehin şikayətinə münasibətdə bütövlükdə yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir.
25. Kollegiya hesab edir ki, məhkəmə işin müəyyən edilmiş hallarına əsasən düzgün olmayan nəticəyə gəlmiş, keçirilmiş ekspertiza nəticəsində verilmiş ekspert rəyini yalnış təfsir etmişdir. Məhkəmə tərəfindən nəticə etibarı ilə hansı mənzilin iddiaçıya təhvil verilməsi qənaətinə gəlinməsi aydın deyildir.
26. Həmçinin xx.xx.2021-ci il tarixli məhkəmə iclas protokolundan mübahisəli mənzilə yerli baxış keçirildiyi görünsə də, məhkəmə qətnaməsində yerli baxış zamanı hansı halların məhkəmə tərəfindən müəyyən edildiyi öz əksini tapmamış, məhkəmə iclas protokolunda da bu hallar əks olunmamışdır.
27. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, 841-842 məhəllə, ev 5A, mənzil 10, giriş 3 (Yeni qaydalarla: ünvan 7 ünvanında yerləşən mənzili almışdır. Yəni, mübahisəli mənzil binanın 3-cü girişinin 10-cu, 5-ci mərtəbənin isə 2-ci mənzilidir.
28. Birinci instansiya məhkəməsi zamanı keçirilmiş ekspertiza nəticəsində verilmiş ekspert rəyi ilə müəyyən edilmişdir ki, nəzərdə tutulan yaşayış binasında layihəyə uyğun 0,00 nöqtəsindən 2 mərtəbə qeyri-yaşayış sahəsi yerləşir, yaşayış mənzilləri isə binanın 3cü mərtəbəsindən başlayır. İddiaçıya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Gülarə Qədirbəyova küçəsi 18, mərtəbə 5, mənzil 2 cavabdeh tərəfindən təqdim olunmuş və tərəflər arasında bağlanan müqaviləyə uyğun mərtəbədə yerləşir və həmin mənzil binanın ümumi mərtəbəsinin 5-ci mərtəbəsində, yaşayış mərtəbəsinin 3-cü mərtəbəsində yerləşir.
29. Ekspert tədqiqat prosesinin təsviri hissəsində göstərmişdir ki, baxış zamanı iddiaçının tələb etdiyi mənzilin binanın ümumi mərtəbəsinin 4-cü mərtəbəsində, yaşayış mərtəbəsinin 2-ci mərtəbəsində yerləşdiyi müəyyən olunmuşdur.
30. Apelyasiya baxışı zamanı mübahisəli binaya yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, binanın birinci və ikinci mərtəbələrində, yəni 0,00 nöqtəsindən 2 mərtəbədə qeyri-yaşayış sahəsi yerləşir. 3-cü mərtəbədən yaşayış mənzilləri başlayır və hər mərtəbədə 4 mənzil yerləşir. 3-cü mərtəbədə (yəni, yaşayışın 1-ci mərtəbəsində) yerləşən birinci mənzildən başlayaraq hesablandıqda iddiaçının müqavilə əsasında aldığı 10-cu mənzilin 5-ci mərtəbədə (yəni, yaşayışın 3-cü mərtəbəsində) yerləşdiyi və 5-ci mərtəbədə 2-ci mənzil olduğu müəyyən olundu. İddiaçının hazırda onun olduğunu iddia edərək tələb etdiyi mənzil isə 4-cü mərtəbədə yerləşən 6-cı mənzildir, həmin mənzil başqa şəxsə məxsus olmaqla sonuncu həmin mənzildə yaşayır. 10-cu mənzil isə təmirsiz olmaqla boşdur. Baxış zamanı mənzilin qapısı cavabdeh təşkilatın işçisi tərəfindən açılaraq, iddiaçının özünün razılığı ilə mənzilin açarları ona təhvil verilmişdir. İddiaçı əvvəlcə həmin mənzilin ona təhvil verilməsi ilə razılaşaraq, iddiasından imtina edəcəyəni bildirsə də, sonradan fikrindən daşınaraq, məhz 6-cı mənzilin ona təhvil verilməsini tələb etmiş və etirazını da onunla əsaslandırmışdır ki, daşınmaz əmlakın dövlət reyestrində onun hüquqları məhz 6-cı mənzil üzərində qeydə alınmışdır.
31. Beləliklə, iddiaçının müqavilə əsasında aldığı 5-ci mərtədəbə yerləşən 10 saylı mənzil boşdur. Cavabdeh MMC isə həmin mənzilin müqavilə əsasında iddiaçıya satıldığı mənzil olduğunu və hazırda da həmin mənzili iddiaçıya təhvil verdiklərini bildirmişdir.
32. İddiaçının aldığı mənzil köhnə qaydada: Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, 841-842 məhəllə, ev 5A, mənzil 10, giriş 3, Yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, 18, Mərtəbə 5, mənzil 2 olmaqla, yerli baxış zamanı da iddiaçıya təklif edilən 5-ci mərtəbədə yerləşən 10 saylı mənzilin Çıxarışda göstərilən mənzil olduğu müəyyən edilmişdir.
33. Göründüyü kimi iddiaçı hazırda binanın ümumi mərtəbəsinin 4-cü mərtəbəsində, yaşayış mərtəbəsində isə 2-ci mərtəbəsində olan mənzili tələb edir, həmin mənzil isə təmirli olmaqla başqa şəxsə məxsusdur və sonuncu həmin mənzildə yaşayır. İddiaçıya məxsus mənzil isə 5-ci mərtəbədə yerləşməklə 10 saylı mənzildir və verilmiş Çıxarışda göstərilən mənzildir, yəni onun hüquqları məhz binanın 5-ci mərtəbəsində yerləşən 10 saylı mənzil barəsində qeydə alınmışdır.
34. Belə olan halda, iddiaçı müqaviləyə əsasən aldığı mənzil əvəzinə başqa mənzilin ona təhvil verilməsini tələb edir ki, bu da yolverilməzdir.
35. Cavabdeh aralarında bağlanmış müqavilədə göstərilən mənzilin iddiaçıya təhvil verilməsinə hər hansı maneə yaratmır və hətta yerli baxış zamanı mənzilin açarlarını da iddiaçıya təhvil vermişdir.
36. Beləliklə, apelyasiya şikayətində göstərilənlər əsaslı olduğundan təmin edilməli, qətnamə ləğv edilməklə, iddia tələbi rədd edilməlidir.
37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-274/2022 saylı iş üzrə 07 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzilin təhvil verilməsi tələbinə dair” iddiası rədd edilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.