Məhkəmə qərarları › İş №2(103)-5625/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5625/2020

22.07.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5625/2020 22.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 353/2020saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçıtərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh X3 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma ” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 Bakı şəhəri, Suraxanı rayonu. Qaraçuxur qəsəbəsi, F.Kərimzadə küçəsində yerləşən 30/2 saylı evdən istifadə hüququna xitam verilməsi və həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu. Qaraçuxur qəsəbəsi, F.Kərimzadə küçəsində yerləşən 30/2 saylı ev onun xüsusi mülkiyyətindədir. Həmin evə mülkiyyət hüququ xx xxxx 1988-ci il tarixdə dövlət reyesterində qeydə alınmış və buna dair FM seriyalı 037882 saylı qeydiyyat vəsiqəsi verilmişdir. Cavabdeh X7 onun qızıdır. O, həmin mənzildə 2001-ci il tarixədək yaşamış, 2001-ci ilin sentyabr ayında ailə həyatı quraraq, ərinin yaşadığı mənzilə köçmüşdür. Ailə qurduqdan təqribən bir il sonra cavabdehin əri vəfat etmişdir. Ərindən qalan Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Gəncik küçəsində yerləşən 29C saylı evin 221 saylı mənzili hazırda cavabdehin mülkiyyətindədir və ikinci əri ilə birlikdə onlar həmin mənzildə qeydiyyatdadırlar. Bundan başqa cavabdeh sonradan ikinci dəfə ailə həyatı qurmuşdur. Lakin ikinci həyat yoldaşı ilə birinci ərindən qalan mənzildə yaşamaq istmədiyi üçün o, bir valideyn olaraq Bakı şəhəri Sabunçu rayonunun Südçülük sovxozu deyilən ərazidə 0,02 ha torpaq sahəsi almış və həmin torpaq sahəsi üzərində onun üçün dörd otaqlı yeni mənzil inşa etdirmiş və ikinci əri ilə birlikdə onlar həmin mənzildə yaşamışlar. Buna baxmayaraq, təqribən iki il bundan qabaq cavabdeh yenidən onun mülkiyyətində olan mənzilə gəlmiş və öz mənzilinə geri qayıtmaq istəməmişdir. Halbuki, cavabdeh ona məxsus olan həmin mənzildən istifadə hüququnu artıq itirmişdir və hətta pasport qeydiyyatından çıxaraq Bakıxanov qəsəbəsində özünə məxsus mənzilə pasport qeydiyyatına alınmışdır. Hazırda cavabdeh onun mənzilində ciddi münaqişələr yaradır, onuna kobud davranır, hörmətsizlik edir, mənzilində rahat yaşamağına imkan vermir. Mənzili tərk etməsi barədə tələbinə də məhəl qoymur. Hazırda cavabdehin iki yaşayış sahəsi vardır və həmin yaşayış sahəsinin biri bilavasitə onun tərəfindən və onun vəsaiti hesabına cavabdeh üçün tikilmişdir. Deməli, cavabdehin ona məxsus olan mənzildən istifadə hüququnun saxlanması üçün qanunla müəyyən edilmiş əsas aradan qalxmışdır. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-353/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X3 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma ” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbinin məzmuna uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını xahiş etdi. Vəkil əlavə olaraq bildirdi ki, məhkəmə öz qətnaməsinin MM-nin 215.5-ci maddəsi ilə əsaslandırmışdır. Halbuki hazırkı mübahisəyə MM-nin həmin norması tətbiq oluna bilməz. Həmin norma məzmun etibarı ilə paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Göründüyü kimi həmin norma məzmun etibarı ilə paylı müliyyətdə olan əşya üzərində yalnız sərəncam verildiyi halda digər mülkiyyətşilərin də razılığını tələb edir. Qanunvericilik paylı mülkiyyətdə olan mənzildən cavabdehin istifadə hüququna xitam verilməsi və onun mənzildən çıxarılması ilə bağlı məhkəmədə tələb irəli sürmək qanunla müəyyən edilmiş hüquqdur və bu hüququ həyata keçirmək üçün digər payçıdan razılıq almağa borclu deyil. Əks halda iddiaçının mülkiyyət hüququ qanunsuz və əsassız olaraq məhdudlaşdırılır. Həmçinin iddiaçı valideyn kimi öz borcunun yerinə yetirmiş və cavabdeh olan qızına məhz öz vəsaiti hesabına ev tikdirmişdir və həmin ev hazırda da mövcuddur. Məhkəmə kollegiyasının iclasında cavabdeh X7 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki,mübahisəli evi atası 1988-ci il tarixdə almışdır. 1988-ci il tarixdən o, mülki iş üzrə iddiaçının ailə üzvü, qızı olaraq xx xxxxxxx 2001-ci il tarixədək fasiləsiz həmin evdə yaşamışdır. xx xxxxxxx 2001-ci ildə ailə qurmuşdur. 9 ay həyat yoldaşının evində yaşamışdır. Həmin nikahdan xx.xx.2002-ci il təvəllüdlü bir qızı anadan olmuşdur. Mərhum həyat yoldaşı X4 xx xxxxxx 2002-ci il tarixdə rəhmətə getdiyi üçün o azyaşlı övladı ilə birlikdə hazrda mübahisəli evə atasının icazəsi və razılığı ilə köçmüşdür. xx xxxxxxxx 2011-ci ildə o, atasının təkidi ilə yenidən X11 ilə ailə qurmuşdur. Ailə qurduğu şəxsi mənzili olmadığı üçün atasının icazəsi ilə həyat yoldaşı və 1 azyaşlı qızı ilə həmin mənzildə yaşamışlar. Birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü 1 azyaşlı övladı anadan olmuşdur. O, 2015-ci ildən “Marginal Lamfoma. Sağ qasıq bud limfa düyünlərinin zədələnməsi İlə-Bədxassəli xərçəng “diaqnozundan əzziyyət çəkir. Bu səbəbdən həyat yoldaşı X11 ilə həkim məsləhəti əsasında ayrılmışlar. Nikah pozulduqdan sonra o və 2 azyaşlı övladları atasının icazəsi ilə bu günə qədər həmin mənzildə yaşayırlar. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-353/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilən X24 ifadəsində bildirmişdir ki, iddiaçının yaxın qohumudur. Validəni tanıyır. Validənin iki evi olduğunu, evlərindən biri südçülük sovxozunda, digəri isə Bakıxanov qəsəbəsində, Yarmarkanın yanında yeni tikilidə iki otaqlı evi vardır. Birinci instansiya məhkəməsində dindirilən şahidlər X18 və X10 şahid X14 ifadəsinə uyğun ifadə vermişlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən X23 ifadə verərək bildirmişdir ki, İddiaçı qızı Cavabdeh Ramana qəsəbəsində ev tikdirdiyini bildiyini və ev tikiləndə Telmanın materiallar və.s aldığının görmüşdür. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X20 ifadə verərək bildirmişdir ki, Ramana qəsəbəsində Südçülük sovxozunda Telman qızına ev tikdirmişdir. Həmin evdə usta işləmişdir. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş FM seriyalı, ******* saylı qeydiyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu. Qaraçuxur qəsəbəsi, F.Kərimzadə küçəsində yerləşən 30/2 saylı ev tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İş materiallarındaolan Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin 2(010)- 2336/2019 saylı xx xxxxx 2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə X15 arasında Ermənistan Quqark rayonu Lermontov qəsəbə nümayəndəliyində 01,03.1977-ci il tarixdə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 01 sayla qeyd edilmiş nikah pozulmuşdur. İş materiallarında olan Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin 2(010)- 3650/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı X12 ilə cavabdeh İddiaçı birgə nikah dövründə əldə olunmuş Bakı şəhəri, Suraxanı rayonu. Qaraçuxur qəsəbəsi, F.Kərimzadə küçəsində yerləşən 30/2 saylı evin % hissəsinə iddiaçı X5 payı müəyyən edilmşdir. İş materiallarında olan Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin 2(010)- 3858/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı X6 cavabdehlər X2 və X16 qarşı Bakı şəhəri, Suraxanı rayonu. Qaraçuxur qəsəbəsi, F.Kərimzadə küçəsində yerləşən 30/2 saylı evdən çıxarılması tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan l-AZ 045820 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx xxxxxxxx 1982-ci il tarixdə Ermənistan, Quqark rayonunda anadan olmuşdur. Atası qrafasında İddiaçı, anası qrafasında X17 qeyd olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, F.Kərimzadə küçəsində yerləşən 30/2 saylı ev tam mülkiyyət hüququ üzrə İddiaçı məxsus olmuşdur. Mənzil İddiaçı ilə X5 birgə nikahı dövründə əldə olunmuşdur. Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin 2(010)-2336/2019 saylı xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı ilə X15 arasında Ermənistan Quqark rayonu Lermontov qəsəbə nümayəndəliyində 01,03.1977-ci il tarixdə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 01 sayla qeyd edilmiş nikah pozulmuş və Suraxanı rayon Məhkəməsinin 2(010)-3650/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə birgə nikah dövründə əldə olunmuş Bakı şəhəri, Suraxanı rayonu. Qaraçuxur qəsəbəsi, F.Kərimzadə küçəsində yerləşən 30/2 saylı evin 1/2 hissəsinə iddiaçı X5 payı müəyyən edilmişdir. Göründüyü kimi mənzil birgə nikah dövründə əldə olunmuş, artıq paylı mülkiyətdədir. Cavabdeh X9 - X1 və İddiaçı övladıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.6-ci maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Həmin Məcəllənin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Göründüyü kimi qanunvericilikdə paylı mülkiyyətdə olan əmlaka dair sərəncam vermək hüququ yalnız digər mülkiyyətçinin (mülkiyyətçilərin) razılığı alındıqdan sonra mümkün olması göstərilmişdir. Lakin İddiaçı digər mülkiyyətçi X5 razılğını almamış, hətta birinci instansiya məhkəməsi tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmiş X12 izahatında bildirmişdir ki, iddia tələbi ilə razı deyildir. Həmin evə onun da pay hüququ vardır. Ona görə də iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə kollegiyası qanunun yuxarıda şərh olunan normalarını nəzərə alaraq belə nəticəyə gəlir ki, İddiaçı digər mülkiyyətçi X5 razılğını almadan iddia tələbi irəli sürdüyündən və digər mülkiyyətçi X5 iddia tələbi ilə razı olmadığından iddiaçının apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmaqla əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin müəyyən edilmiş hallarına və qanunvericiliyin tələblərinə uyğun olmaqla, apellyasiya şikayətində göstərilənlər yuxarıda qeyd edilənlərlə təkzib edilərək qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-353/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-353/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Azad İmanov Hakimlər Qürbət Əsgərov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar