Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5626/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X1 iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(010)-801/20 saylı qətnaməsindən iş üzrə Cavabdeh və maraqlarına toxunan şəxs kimi X7 tərəfindən verilmiş apelyasiya şikayətləri üzrə işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinə köçürülmə, yaşayış hüququnun verilməsi, həmin evdən və digər yardımçı sahələrdən istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, azyaşlı uşağı X6 ilə birlikdə birgə nikah dövründə tikilmiş, cehiz əşyalarının yerləşdiyi Bakı şəhəri, Suraxanı rayonu, Qum adası qəsəbəsinin yaşayış massivində yerləşən 1 mərtəbəli 3 otaqlı yaşayış evinə köçürülməyi, həmin evə yaşayış hüququnun verilməsi, həmin evdən və digər yardımçı sahələrdən istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.İbrahimov, iş №2(010)-801/20) iddia qismən təmin olunaraq X2 azyaşlı uşağı X6 ilə birlikdə birgə nikah dövründə tikilmiş, cehiz əşyalarının yerləşdiyi Bakı şəhəri, Suraxanı rayonu, Qum adası qəsəbəsinin yaşayış massivində yerləşən 1 mərtəbəli 3 otaqlı yaşayış evinə köçürülməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. Cavabdeh və onun qardaşı X7 (maraqlarına toxunan şəxs kimi) qətnamədən narazı qalaraq apelyasiya şikayətləri vermişlər. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olmuş və həmin nikahdan bir uşaqları var - xx.xx.2013-cü il təvəllüdlü X6. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən nikahları pozulmuşdur. Ailə qurduqları vaxtdan xx.xx.2015-ci il tarixinə kimi Xətai rayonu R.Məmmədov küçəsində yerləşən beş mərtəbəli binanın 1-ci mərtəbəsində cavabdehin valideynləri və qardaşı ilə birgə yaşamışlar. Qaynı X5 evlənməsi ilə əlaqədar olaraq qeyd olunan evi 86 000 manata satmışlar və qaynatası Elvinə onların payına düşən 26.000 manat məbləği vermişdir. 2016-cı ilin iyun ayında Suraxanı rayonu, Qum adası qəsəbəsində onun ailəsinin dəstəyi və köməkliyi ilə 2 sot torpaq sahəsi almışlar. Həmin torpaq sahəsini 17.000 manat məbləğində qonşuluqda olan Fərid adlı şəxsdən almışlar və evi tikdikləri müddətdə atasına məxsus ünvan 1 ünvanında Elvinlə birgə yaşamışlar. Fərdi yaşayış evi 11 ay müddətində Elvinin əmisi olan Əsgərov Əkrəm tərəfindən tikilmiş, bu zaman X3 materialların alınmasında dəstəyi böyük olmuşdur. Fərdi yaşayış evinin tikilməsi hər iki tərəfin birgə səyləri nəticəsində ərsəyə gəlmişdir. Atasının evin tikilməsində əziyyəti böyükdür. Bunları qonşular da təsdiq edə bilər. Cavabdehlə Bakı şəhəri, Suraxanı rayonu, Qum adası qəsəbəsinin yaşayış massivində yerləşən fərdi yaşayış evində xx.xx.2018-ci il qədər yaşamışlar və onun cehiz əşyaları da bu günədək həmin evdədir. Ev birgə nikah dövründə tikilməklə ümumi birgə mülkiyyət olsa da, cavabdeh onun azyaşlı uşağı ilə birlikdə həmin evdə yaşamağına icazə vermir, bununla da onun hüquqlarını pozur. Onun yaşamaq üçün başqa yerdə evi olmadığı üçün azyaşlı uşaqlarla valideynlərinə yük olmuşdur. 2016-cı il fevralın 13-ü mübahisəli evə köçmüşdür, 2018-ci ilin noyabr ayının 16-sı qapının açarını dəyişdiyi üçün evə girə bilməmişdir. İddiaçı qeyd olunanlara əsasən, onun azyaşlı uşağı X11 ilə birlikdə birgə nikah dövründə tikilmiş, cehiz əşyalarının yerləşdiyi Bakı şəhəri, Suraxanı rayonu, Qum adası qəsəbəsinin yaşayış massivində yerləşən 1 mərtəbəli 3 otaqlı yaşayış evə köçürülməyi, həmin evə yaşayış hüququnun verilməsi, həmin evdən və digər yardımçı sahələrdən istifadə qaydalarının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən Cavabdeh iddia tələbini qəbul etməmiş və izahatında göstərmişdir ki, mübahisəli evin ona aidiyyəti yoxdur, ev qardaşına məxsusdur, lakin qardaşı orada yaşamayıb. Ailə həyatı qurandan sonra qardaşı mübahisəli evdə yaşamaq üçün onlara icazə vermişdir. 2016-cı ildə iddiaçı ilə mübahisəli evə köçmüşlər, 2-3 il orada yaşamışlar. İddiaçının cehizləri də mübahisəli evdədir. Hazırda qeyd olunan evdə heç kəs, nə o, nədəki qardaşı yaşamır. Qeyd olunan evə dair nə onun, nədəki qardaşının adına mülkiyət sənədi verilməmişdir. Qeyd olunan ev ona aid olmadığından, qardaşına aid olduğundan, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayətləri birinci instansiya məhkəməsi tərəfindən işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmaması, iş üçün əhəmiyyətli olan bir sıra halların, o cümlədən mübahisəli evin özbaşına tikili olmaqla cavabdehə heç bir aidiyyəti olmamasının, evin cavabdehin qardaşı Emil Əsgərova məxsus olmasının nəzərə alınmaması ilə əsaslandırılmışdır. İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətlərini qəbul etməyərək onların rədd olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh və maraqlarına toxunan şəxs məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən göründüyü kimi, iddiaçının tələbi evə köçürülmə, istifadə hüququnun tanınması və istifadə qaydasının müəyyən olunması barədədir. Məhkəmə iddianı yalnız evə köçürülmə hissəsində əsaslı sayıb təmin etmiş, istifadə hüququnun tanınması və istifadə qaydasının müəyyən olunması hissəsində tələbləri rədd etmişdir. İddianın rədd olunan hissəsindən iddiaçı apelyasiya şikayəti verməmişdir. Qətnamədən yalnız cavabdeh və onun qardaşı maraqlarına toxunan şəxs kimi apelyasiya şikayətləri vermişlər. Onlar qətnaməni iddianın təmin olunan hissəsində mübahisələndirmişlər. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin qanuniliyini və əsaslılığını yalnız onların apelyasiya şikayətlərinə münasibətdə və mübahisələndirilən hissədə, yəni iddianın təmin olunan hissəsində yoxlayıb qiymət verir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının və nümayəndəsinin izahatlarını dinləyib, apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayətləri təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə həmin şikayətlərə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə aır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı X4 ilə Cavabdeh xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olmuş və həmin nikahdan onların xx.xx.2013-cü il təvəllüdlü bir uşaqları vardır. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən nikah pozulmuşdur. Zığ qəsəbəsi, Qum adası, yaşayış massivində yerləşən mübahisəli ev iddiaçının atasının köməkliyi ilə inşa edildikdən sonra İddiaçı 2016-cı ilin fevral ayında hazırkı iş üzrə cavabdeh olan əri, həmçinin azyaşlı uşağı ilə birlikdə bu evə köçmüş və özünə məxsus əmlaklarını ora gətirmişdir. İddiaçı 2018-ci ilin noyabr ayına kimi bu evdə qeydiyyatsız olaraq yaşamışdır. Tərəflər bu evdə uzun müddət birgə yaşadıqdan sonra münasibətləri korlanmış, iddiaçı azyaşlı uşağı ilə birgə evi tərk etmişdir. Hazırda iddiaçıya məxsus əmlaklar qeyd olunan mübahisəli evdədir. Evə dair mülkiyyət sənədi yoxdur, qeyd olunan evə dair nə cavabdehin, nədəki sonuncunun qardaşının adına mülkiyət sənədi verilməmişdir. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş bu hallarını tərəflər mübahisələndirməmişlər. Ona görə də bu hallar məhkəmə tərəfindən işin mübahisəsiz halları kimi qəbul edilmişdir. Cavabdehin mübahisələndirdiyi yeganə hal mübahisəli evin kimiə məxsus olması ilə bağlıdır. Cavabdeh evin ona deyil, qardaşı Emil Əsgərova məxsus olduğunu göstərmiş və bunu təsdiq edən mötəbər sübut kimi qaz enercisindən istifadə borcuna dair qəbzi təqdim etmişdir. Birinci instansiya məhkəməsi həmin qəbzə qiymət verərək hesab etmişdir ki, bu qəbzə əsasən mübahisəli evin cavabdehə deyil, sonuncunun qardaşına məxsus olması qənaətinə gəlmək olmaz. Evin daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət kimi qeydiyyata alınması barədə sənədlər məhkəməyə təqdim edilməmişdir. Halbuki, evin sahibliyi yalnız bu sənəd əsasında müəyyən oluna bilər. Digər tərəfdən, birinci instansiya məhkəməsində dindirilən şahidlər mübahisəli evdə yalnız iddiaçının, cavabdehin və onların azyaşlı uşaqlarının yaşadığını göstərmişlər. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 43, 71-ci, Mülki Məcəllənin 27.1, 158-ci, Ailə Məcəlləsinin 49.2-ci, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci, MPM-nin 14.2, 49.4, 77.1, 217.4-cü maddələrini rəhbər tutaraq bu qənaətə gəlmişdir ki, iddia tələbi evə köçürülmə hissəsində əsaslı olduğundan təmin edilməli, iddiaçı X4 azyaşlı uşağı X11 ilə birlikdə birgə nikah dövründə tikilmiş, cehiz əşyalarının yerləşdiyi və Bakı şəhəri, Suraxanı rayonu, Qum adası qəsəbəsinin yaşayış massivində yerləşən 1 mərtəbəli 3 otaqlı yaşayış evinə köçürülməlidir. Belə ki, işin hallarından mübahisəsiz qaydada göründüyü kimi, sözügedən yaşayış sahəsi həm iddiaçının, həm cavabdehin, həm də onların övladlarının daimi yaşayış yeri olmuş, sonradan tərəflərin aralarındakı münasibətlər kəskinləşmiş və müqaqişələr yaranmış, bunun nəticəsində iddiaçı mübahisəli evi tərk etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apelyasiya şikayətlərinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi həmin apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayətləri təmin edilməməlidir. İddiaçı və maraqlarına toxunan şəxs apelyasiya şikayətlərində birinci instansiya məhkəməsi tərəfindən işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmamasına, iş üçün əhəmiyyətli olan bir sıra halların, o cümlədən mübahisəli evin Emil Əsgərova məxsus olmasının nəzərə alınmadığına istinad etmişdir. Məhkəmə kollegiyası işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına istinad edərək apelyasiya şikayətlərinin dəlillərini əsassız sayır və qeyd edir ki, iddiaçı azyaşlı uşağı ilə birlikdə mübahisəli evdə yaşamasını, həmin evin onun daimi yaşayış yeri olmasını sübut etdiyindən birinci instansiya məhkəməsi iddia tələbini evə köçürülmə hissəsində təmin etməkdə haqlı olmuşdur. Cavabdeh iddianın təmin olunan hissəsində tələbə etiraz etsə də, öz etirazının əsası kimi istinad etdiyi faktları (evin Emil Əsgərova məxsus olmasını) sübuta yetirə bilməmişdir. İşdən göründüyü kimi, mübahisəli ev özbaşına tikilidir və həmin ev üzərində heç kimin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Məhkəmə kollegiyası bu baxımdan hesab edir ki, hazırkı işdə mübahisəli evin Emil Əsgərova məxsusluğu təsdiq olunmadığından mübahisələndirilən qətnamənin Emil Əsgərovun maraqlarına toxunması və onun hüquq və vəzifələrinə dair hər hansı məsələni həll etməsi də müəyyən edilmədi. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh və maraqlarına toxunan şəxs kimi X5 apelyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə həmin apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-5626/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5626/2020
29.07.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver