Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5626/2025 25.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə (Açar sözlər: əmrin ləğvi, işə bərpa) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu, (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, Xanalıyeva Türkan Nizami qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 25 noyabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Əmək müqaviləsinin surətindən görünür ki, X1 1 saylı Poçt Filialının 110 saylı poçt şöbəsinin müdiri vəzifəsinə işə qəbul edilmişdir.
2. 1 saylı PF-nin rəisinin Azərpoçt” MMC-nin rəhbərliyinə ünvanlanmış təqdimatda qeyd edilir ki, AZ1110 saylı PŞ-də 1 saylı PF-nin PƏŞ-nin əməkdaşlarının xx.xx.2024-cü il tarixdə apardığı yoxlama zamanı 110 saylı PŞ-nin müdiri İddiaçı xəzinəsində nağd pul üzrə 1760.54 (bir min yeddi yüz altmış manat əlli dörd qəpik) məbləğdə, Valyuta üzrə 800.00 (səkkiz yüz )usd, Avro üzrə 300.00 (üç yüz) eur, lotoreya üzrə 410.00(dörd yüz on manat) məbləğdə əskiklik ümumilikdə 3584.54(üç min beş yüz səksən dörd manat 54 qəpik) məbləğdə əskiklik aşkar olunmuşdur ki, bu da aktlaşdırılaraq 1 saylı PF-nin rəhbərliyi tərəfindən günahkar işçilərin əhatə dairəsi müəyyənləşdirilərək izahatları alınmış, xx.xx.2024-cü il tarixdə 3-27-109/1000/3-1- 28677/2024 saylı qeydiyyat sənədilə 110 saylı PŞ-nin müdiri İddiaçı barəsində tədbir görülməsi üçün aidiyyatı üzrə Cavabdeh MMC-yə təqdimat göndərilmişdir.
3. Təqdimatın nəticəsi kimi 110 saylı PŞ-nin müdiri İddiaçı Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli intizam tənbehi verilməsi haqqında əmri ilə “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilmişdir.
4. Ancaq AZ1110 saylı PŞ-nin müdiri İddiaçı bu intizam tənbehindən nəticə çıxarmamış və 110 saylı PŞ-də Cavabdeh MMC-nin DND-nin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə aparılmış yoxlama zamanı təkrarən İddiaçı xəzinəsindən 1247.00 (bir min iki yüz qırx yeddi manat) məbləğdə əskiklik aşkar edilmişdir. Belə ki, Daxili Nəzarət Departamentinin direktorunun Cavabdeh MMC-nin rəhbərliyinə ünvanlanmış təqdimatında qeyd edilir ki, 03-11 aprel 2025-ci il tarixlərində DND-nin əməkdaşları Adəm İslamov, İlham Cavadov, Məhəmməd Məmmədov və Heydər Ələsgərli tərəfindən 1 saylı PF-nin 22 saylı (AZ1022), 8 saylı (AZ1008), 7 saylı (AZ1007) və 110 saylı (AZ1110) poçt şöbələrində yoxlamalar aparılmışdır. xx.xx.2025-ci il tarixində saat 10:30 radələrində 110 saylı poçt şöbəsində yoxlama aparılan zaman, şöbə müdiri İddiaçı nağd pul vəsaitlərinin təqdim olunmasından yayınmağa çalışsa da, bir müddət sonra nağd pul vəsaitlərini təqdim etmiş və xəzinədə 1247,00 AZN nağd pul çatışmazlığı aşkarlanmışdır. İddiaçı izahatında, xəzinəsində aşkar olunmuş nəğd pul əskikliyinin hansı səbəbdən yarandığını Cəmiyyətin sədrinə bildirəcəyini və bunun üçün qəbula yazılmaq istədiyini qeyd etmişdir. Yoxlama dövründə əskik gələn 1247,00 AZN vəsait şöbə müdiri İddiaçı tərəfindən 217.51 saylı hesab vasitəsilə şöbənin xəzinəsinə bərpa edilmişdir (mədaxil orderi). xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixinədək beynəlxalq pul köçürmələri (ödəniş və qəbul), daxili pul köçürmə ödənişləri, göndərilən ödənişli teleqram blanklarının sənədləri yoxlanılmış və nöqsan qeydə alınmamışdır (cədvəl 5). Sistem üzərindən xx.xx.2024-ci il tarixli BB024695130AZ saylı, xx.xx.2024-cü il tarixli SS849867570AZ saylı, xx.xx.2024-cü il tarixli RR006508286AZ saylı və xx.xx.2024-cü il tarixli RR006508357AZ saylı göndərişlərin müştəriyə geri qaytarma əməliyyatları aparılmışdır. Həmin əməliyyatların sənədləri yoxlanılarkən şəxsiyyət vəsiqələrinin surətlərinin əlavə edilmədiyi və məxaric qəbzlərində vətəndaşların imzalarının olmadığı qeydə alınmışdır, habelə 2 halda vətəndaşların ərizələri alınmamışdır.
5. Qeyd olunan əmələ görə Cavabdeh MMC-nin 01 may 2025-ci il tarixli intizam tənbehi verilməsi haqqında əmrinə əsasən İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir.
6. Bütün bunlardan sonra iddiaçı tərəfindən eyni xarakterli nöqsana yenidən yol verildiyi müəyyən edilmişdir. Belə ki, Cavabdeh MMC-nin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə şöbədə aparılan qəfləti yoxlama nəticəsində şöbənin kassasında (xəzinəsində) 122,07 manat nağd pul əskikliyinə yol verildiyi, eyni zamanda poçt göndərişlərinin vaxtında çatdırılmaması nəticəsində nəzarət keçid müddətinin pozulması aşkar olunmuşdur. Yol verdiyi nöqsanlarla əlaqədar iddiaçıdan xx.xx.2025-ci il tarixdə izahat alınmışdır.
7. AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Rabitə işçiləri müstəqil həmkarlar ittifaqı ”Bakı -2” şöbəsinin 29 may 2025-ci il tarixli protokolunda İddiaçı mövcud ailə şəraiti, uzun müddət poçt sahəsində çalışdığı nəzərə alınaraq onun barəsində tətbiq ediləcək intizam tənbehinin daha yüngül formasının seçilməsinin Cavabdeh MMC-nin rəhbərliyindən xahiş edilməsi qərara alınmışdır.
8. Cavabdeh MMC-in 04 iyun 2025-ci il tarixli əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı X1 Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi və s.” tələbinə dair ərizəsi məhkəməyə müraciət edərək, əvvəlki vəzifəsinə bərpa edilməsi və 5.000 manat mənəvi zərərin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 36 ildən artıq rabitə sahəsində çalışaraq Azərbaycan poçt xidmətinin inkişafına əhəmiyyətli töhfələr vermiş, Cavabdeh MMC-də rəhbər vəzifələrdə fəaliyyət göstərmişdir. İş fəaliyyəti dövründə xidmət keyfiyyətinə görə “Qızıl” sertifikat və vətəndaş məmnunluğuna görə beynəlxalq tanınma əldə olunmasına nail olmuşdur. Buna baxmayaraq, son dövrlər Cavabdeh MMC-nin idarə heyətinin sədri vəzifəsini icra edən cənab İsi Mustafayev tərəfindən qanunvericiliyin tələblərinə zidd əmrlər və göstərişlər verilmiş, rəhbərlik qeyripeşəkar mütəxəssisləri ətrafına toplayaraq, poçt işçilərinin rəyini nəzərə almadan birtərəfli və qərəzli qərarlar qəbul etmişdir. “Qeyd etmək istəyir ki, Cavabdeh MMC-nin idarə heyətinin sədri vəzifəsini müvəqqəti icra edən İsi Mustafayevin onun barəsində qəbul etdiyi qərar tamamilə qanunsuz olub, həm Əmək Məcəlləsinin, həm də Azərbaycan Respublikasının Konstitusiyasının tələblərinə ziddir. O, işdən çıxarılması ilə bağlı əmr verərkən nə qanunla tələb olunan xidməti araşdırma aparmış, nə rəsmi izahat almış, nə də ona müdafiə hüququ təmin etmişdir. Bu əməllər birbaşa olaraq əmək hüquqlarımın məhdudlaşdırılması ilə nəticələnib və iş yerindən qanunsuz uzaqlaşdırılmasına səbəb olub.” Belə ki, idarə heyətinin tapşırığı ilə onun rəhbərlik etdiyi AZ1110 saylı poçt şöbəsində dəfələrlə yoxlamalar keçirilmiş, lakin bu yoxlamalar zamanı qanunla tələb olunan yoxlama vərəqələri təqdim edilməmiş, yoxlama aktı tərtib edilməmiş, rəsmi sənədlər təqdim olunmamışdır. Yoxlama tələb etdikdə isə yalnız telefon vasitəsilə idarə heyətinin sədrinin şəkli göstərilmiş, bu isə qanunsuz yoxlama aparıldığım sübut edir. Hətta bu hallarla bağlı rəsmi qaydada tədbir görülməsi əvəzinə, rəhbərlik tərəfindən ona qarşı təzyiq və hədəqorxu göstərilmiş, onunla heç bir xidməti izahat işləri aparılmadan, rəsmi izahat alınmadan və müdafiə hüququ təmin edilmədən xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (vəzifə borcunun kobud şəkildə pozulması) əsaslanaraq işdən azad edilməyi barədə əmr verilib. Cavabdehin ona qarşı edilmiş qeyri-qanuni və qanuna zidd hərəkətləri nəticəsində əsəb hissi keçirmişdir. Bunun nəticəsidir ki, səhhətimdə ciddi problemlər yaranmışdır. Cavabdeh qanuna zidd hərəkətləri ilə ona mənəvi zərər yetirmişdir. Buna görə də hesab edir ki, cavabdehin ona yetirdiyi mənəvi zərərin pul ilə ifadə olunan dəyəri 5000 (bes min) manat məbləğindədir. xx.xx.2025-ci il tarixdə işlədiyi poçtun giriş pilləkəninin dam örtüyü uçmuşdur. Hadisə baş verəndə dərhal foto çəkib Cavabdehun müvafiq qruplarına göndərmiş, dəfələrlə yazılı və şifahi müraciət etmişdir. Lakin üç gün ərzində heç bir tədbir görülməmişdir. Təşəbbüs göstərərək iş adamlarının dəstəyi ilə zəruri təmir işlərini özü təşkil etmiş, heç bir maliyyə vəsaiti poçtun, kassasından istifadə edilməmişdir. Buna baxmayaraq, xx.xx.2025-ci il tarixində qəfil yoxlama keçirildi, yoxlama vərəqəsi təqdim edilmədi, heç bir nöqsan aşkar olunmadı. Bütün sənədlər qaydasında idi. Lakin bu hadisədən dərhal sonra əsassız olaraq işdən kənarlaşdırılma əmri verildi. Bu, həm peşəkar nüfuzuma, həm də poçt işçilərinin ruh yüksəkliyinə mənfi təsir göstərdi. Ona görə də, hesab edir ki, Cavabdeh ona qarşı törətdiyi qanunazidd hərəkətlərinə görə məhdudlaşdırılan əmək fəaliyyəti bərpa edilməli, tutduğu vəzifəyə bərpa etməli, cavabdehin qanuna zidd hərəkətləri üzündən ona dəymiş mənəvi zərərə görə 5000 manat məbləğində mənəvi təzminat cavabdehdən tutularaq ona geri ödənilməlidir.
11. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(009)-1768/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim İ.Rüstəmli) iddia təmin olunmamışdır.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi, 72-ci maddəsinin “ə” bəndi, 80.1, 186.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
13. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, idarə heyətinin tapşırığı ilə onun rəhbərlik etdiyi AZ1110 saylı poçt şöbəsində dəfələrlə yoxlamalar keçirilmiş, lakin bu yoxlamalar zamanı qanunla tələb olunan yoxlama vərəqələri təqdim edilməmiş, yoxlama aktı tərtib edilməmiş, rəsmi sənədlər təqdim olunmamışdır. Yoxlama tələb etdikdə isə yalnız telefon vasitəsilə idarə heyətinin sədrinin şəkli göstərilmiş, bu isə qanunsuz yoxlama aparıldığını sübut edir. Hətta bu hallarla bağlı rəsmi qaydada tədbir görülməsi əvəzinə, rəhbərlik tərəfindən ona qarşı təzyiq və hədə-qorxu göstərilmiş, onunla heç bir xidməti izahat işləri aparılmadan, rəsmi izahat alınmadan və müdafiə hüququ təmin edilmədən xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (vəzifə borcunun kobud şəkildə pozulması) əsaslanaraq işdən azad edilməyi barədə əmr verilib.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
17. Cavabdehin nümayəndəsi isə apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 72-ci maddəsinin “ə” bəndinə əsasən əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. 80.1-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 186.2-ci maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
20. Hazırkı işdə iddia təmin olunmadığından və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır.
22. İddiaçı 1 saylı Poçt Filialının 110 saylı poçt şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Cavabdeh MMC-nin 04 iyun 2025-ci il tarixli əmri ilə iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İddiaçı da işdən çıxarılmasına dair əmrin əsassız olduğunu və işdən əsassız olaraq çıxarıldığını iddia etməklə müvafiq tələblə məhkəməyə müraciət etmişdir.
23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq sözügedən əmrin ləğvinə əsas olmadığı qənaətinə gəlir. Belə ki, işdə olan sübutlardan görünür ki, iddiaçı müxtəlif vaxtlarda eyni xarakterli əmək pozuntusuna yol verərək, müdiri olduğu poçt şöbəsinin xəzinəsində pul çatışmazlığı yaranmasına səbəb olmuşdur. İlkin pozuntu nəticəsində onun barəsində intizam tənbehi görülməsinə baxmayaraq, iddiaçı bir müddət sonra yenidən eyni əmək pozuntusuna yol verərək, eyni əməli təkrarlamış və işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozmuşdur. Cavabdeh tərəfindən aparılmış yoxlama nəticəsində iddiaçının öz əmək funksiyalarını vicdanla yerinə yetirməməsi nəticəsində baş vermiş bu qanunsuz əməlin törədilməsinə şərait yaratdığı müəyyən edilmiş və nəticədə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İşdən göründüyü kimi iddiaçıya qarşı cavabdehin heç bir qərəzi olmamış, əksinə cavabdeh iddiaçının onunla olan əmək münasibətlərinin davam etdirilməsində maraqlı olmuşdur. Belə ki, cavabdeh MMC iddiaçının ilk dəfə sözügedən əmək pozuntusuna yol verdikdən sonra onunla bağlanmış əmək müqaviləsinə xitam verməmiş, sadəcə iddiaçı barəsində digər intizam tənbehi görülməsi ilə kifayətlənmişdir. Lakin sonradan iddiaçının yenidən eyni pozuntuya yol verməsi nəticəsində onunla olan əmək münasibətlərinə son verilmişdir. Göründüyü kimi, iddiaçının əmək funksiyalarını, maddi məsul şəxs kimi üzərinə düşən vəzifələri, xəzinə təlimatını, habelə qanunvericiliyin tələblərini pozması, nəticədə həm də cavabdehə maddi ziyan vurması işin hallarından, tədqiq olunmuş sübutlardan, eləcə də tərəflərin izahatlarından açıq-aşkar müəyyən olunur. Belə olan halda iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsində əmək qanunvericiliyinin tələbinə zidd hal mövcud deyildir.
24. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, işəgötürən tərəfindən daxili təhqiqatın nəticəsində işçi tərəfindən yol verilmiş kobud nöqsanların təsdiqindən sonra qanunvericiliyin tələbinə uyğun olaraq Həmkarlar İttifaqına müraciət edilmiş və iclasın rəyi alınaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
25. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, işəgötürən tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyin tələblərinə əməl edilmişdir. İddiaçının dəlilləri formal mülahizələrdən ibarət olub, qanunun tələblərinə riayət edilərək qəbul edilmiş əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi üçün əsas ola bilməz.
26. Məhkəmə kollegiyası iddianın “mənəvi zərər” hissəsini araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsas tələbdən törəmə tələb olub, işə bərpa barəsində iddia tələbindən yaranmışdır. Buna görə də birinci instansiya məhkəməsi iddianın işə bərpa barəsində hissəsini rədd etdiyindən mənəvi zərər hissəsini də rədd etməkdə haqlı olmuşdur.
27. Məhkəmə kollegiyasının qənaətinə görə yuxarıda qeyd olunanlar iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinə əməl olunduğu qənaətinə gəlmək üçün birmənalı əsas verir və bu baxımdan birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur.
28. MPM-ə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz (maddə 385.2).
29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.