Məhkəmə qərarları › İş №2(103)-5627/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5627/2021

05.07.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5627/2021 05.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-760/2020 saylı 18 mart 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsassız iddiası nəticəsində sökülmüş tikilinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-760/2020 saylı 18 mart 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh tərəfindən İddiaçı istifadəsində olan ünvan 1 ünvanda tikilmiş və cavabdehin əsassız iddiası nəticəsində sökülmüş tikilinin bərpa edilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 2(002)-4719/2015 saylı 20 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə onun və İddiaçı faktiki sahibliyi nəzərə alınmaqla mübahisəli torpaq sahəsində mişar daşından tikintisi başa çatdırılmamış hasar tikilərək qonşu torpaqlar arasında mərz kimi müəyyən olunmuşdur. Həmin qətnamənin icrası ilə əlaqədar Qaradağ rayon İcra şöbəsi mübahisəli yerə gedib qətnaməni icra edərkən onlar tərəfindən müəyyən edilmişdir ki, İddiaçı evinin bir otağı təxminən 8 mert hissəsi həmin mübahisəli əraziyə düşür. Cavabdehin evinin mübahisəli əraziyə düşən hissəsinin sökülməsi qətnamədə öz əksini tapmadığından icra sənədinin icra edilməsi mümkün olmamışdır. Bu barədə akt tərtib edilmişdir. Bundan sonra onun tərəfindən məhkəmənin 20 oktyabr 2015-ci il tarixli qətanməsinin icrası ilə əlaqədar cavabdeh tərəfindən icraya qəsdən maneçilik məqsədilə özbaşına, qanunsuz tikilmiş otağın sökülməsi barədə məhkəmədə iddia qaldırmışdır. Qaradağ Rayon Məhkəməsinin 16 avqust 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı qanunsuz tikilmiş otağı həmin mərzin üzərinə düşən hissəsinin sökülməsi qət edilmişdir. İddiaçı apelyasiya şikayəti əsasında Qaradağ Rayon Məhkəməsinin 16.08.2017-ci il tarixli qətnaməsi ləğv edilmişdir. İddiaçı həmin qətnamədən geç şikayət verməklə Qaradağ Rayon Məhkəməsinin 16.08.2017-ci il tarixli qətnaməsi icracılar tərəfindən icra edilmişdir. Onun hasarı, İddiaçı isə onun həyətyanı sahəsinə düşən damı sökülmüşdür. İddiaçı 16.08.2017-ci il tarixli qətnaməsinin icrasının geriyə dönüşü barədə ərizə ilə müraciət etsə də, Bakı Apelyasiya Məhkəməsinin 08.07.2019-cu il tarixli qərardadı ilə qətnamənin icrasının geriyə dönüşü barədə iddiaçının ərizəsindən imtina edilmişdir. Göründüyü kimi, iddiaçının hazırkı iddiası tamamilə əsassızdır. Onun tərəfindən heç bir tikinti sökülməmiş və məhkəmə qətnaməsində onun tərəfindən iddiaçının hansı tikilisinin sökülməsi göstərilməmişdir. Məhkəmə işə birtərəfli baxaraq çəkişmə prinsipinə riayət etməmiş və onun məhkəmədə iştirakını təmin etməmişdir. Belə ki, məhkəmənin 18.03.2021-ci il tarixdə olmasına dair ona 03.02.2021-ci il tarixdə mesaj gəlmişdir. Dənizdə işləməklə göstərilən tarixdə işdə olduğu üçün atası tərəfindən onun məhkəmədə iştirak edə bilməyəcəyi barədə məhkəməyə rəsmi olaraq teleqram vurulmuşdur. Lakin məhkəmə bunu nəzərə almamış, onun iştirakı olmadan əsassız olaraq qətnamə qəbul etmişdir. Beləliklə, məhkəmədə çəkişmə prinsipinə riayət edilməmiş, onun iddiaçının göstərdiklərinin əksinə sənədləri olmaqla onun iddiasının əsassız olmasını sübut etməyə şərait belə yaratmamışdır. Cavabdeh tərəfindən apellyasiya şikayətinə əlavə daxil olmuşdur. Apellyasiya şikayətinə əlavə onunla əsaslandırmışdır ki, birinci növbədə müəyən etmək lazımdır ki, mübahisəli torpaq sahəsi iddiaçının qanuni istifadəsindədirmi və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16.08.2017-ci il qətnaməsi icra edilmişdirmi? Mübahisəsi gedən torpaq sahəsi iddiaçının qanuni istifadəsində deyil, həmin torpaq sahəsi iddiaçı tərəfindən zəbt edilmiş və həmin torpaq sahəsi Müdafiə Nazirliyinə məxsusdur. Bundan başqa, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16.08.2017-ci il qətnaməsi icra edilməmişdir. Qaradağ rayon İcra və Probasiya Şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 27.04.2018-ci il tarixli aktdan görünür ki, mərzin üzərində inşa edilmiş 3 mərtəbəli tikintinin sökülməsi mümkün olmadığından icra icraatı təxirə salınmışdır. Məhkəmə tərəfindən icra işi tələb olunmadan belə qənaətə gəlinmişdir ki, həmin qətnamə icra edilmişdir. Halbuki, məhkəmə icra işini tələb edib baxış keçirsəydi, belə qanunsuz və əsassız nəticəyə gəlməzdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X2 apellyasiya şikayətini və ona əlavəni müdafiə etdi, həmçinin bildirdi ki, torpaq sahəsi Müdafiə Nazirliyinə aiddir. Bu da o deməkdir ki, torpaq sahəsi iddiaçının qanuni sahibliyində deyil. Odur ki, məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini və rayon məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş edir. İşə baxılması vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişdir. Apellyasiya instansiyası məhkəməsi işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən qənaətini belə əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8117/2018 saylı, 10 avqust 2018-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-887/2017 saylı 16 avqust 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddaçı Cavabdeh (3- cü şəxs Qaradağ rayon İcra şöbəsi cəlb olunmaqla) cavabdehlər İddiaçı və Azərbaycan Respublikası Mənzil-İstismarı İdarəsinin Salyan rayon Mənzil İstismar Hissəsinə qarşı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 20.10.2015-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar cavabdeh tərəfindən icraya qəsdən maneçilik məqsədilə özbaşına, qanunsuz tikilmiş otağın sökülməsi barədə iddiası rədd edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2779/2016 saylı, 26 iyul 2016-cı il tarixli qərardadına əsasən iddiaçı Cavabdehlər İddiaçı və Salyan rayon Mənzil İstismar İdarəsinə qarşı torpaq sahəsinə faktiki sahiblik nəzərə alınmaqla, mərz kimi müıyyən edilmiş əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair iddiası üzrə mülki iş üzrə icraata Azərbaycan Respublikası MPM-in 261.0.2-ci maddəsinə əsasən xitam verilmişdir. 13 oktyabr 2016-cı il tarixli akta əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 4719/2015 saylı, 20 oktyabr 2015-ci il tarixli qətnaməsi üzrə 23 noyabr 2015-ci il tarixdə verilmiş icra vərəqəsinə əsasən cavabdehin evinin mübahisəli əraziyə düşən hissəsinin sökülməsi qətnamədə öz əksini tapmadığından icra sənədinin icrası təmin edilməmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsininin 2(002)-4719/2015 saylı, 20 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh və İddiaçı faktiki sahibliyi nəzərə alınmaqla, mübahisəli torpaq sahəsində mişar daşından tikintisi başa çatdırılmamış hasar tikilərək qonşu torpaqlar arasında mərz kimi müəyyən olunmuşdur. İddiaçı cavabdehin qeyd olunan qətnamənin icrası hüdudlarından kənara çıxaraq mənzilin üzərində tikili inşa etməsinə istinad etməklə, həmin tilikinin sökülməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir. Məhkəmə iddianı qismən təmin edərkən hesab etmişdir ki, cavabdeh qətnamənin icrası hüdudlarından kənara çıxaraq mərzin üzərində tikili inşa etməsinə istinad etməklə, həmin tikilinin sökülməsini tələb etmişdir. Apellyasiya instansiyası məhkəməsində işə baxılarkən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsinin iddianı qismən təmin edilməsindən ibarət qənaəti düzgün olmamışdır. Belə ki, iddiaçı tərəf sökülməsini tələb etdiyi tikilinin cavabdeh tərəfindən məhz məhkəmə qətnaməsi ilə müəyyən edilmiş mərzin üzərində inşa edilməsini sübut edə bilməmişdir. Apellyasiya baxışı zamanı sorğuya əsasən hasarın çəkilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-4719/2015 saylı mülki iş tələb edilərək tədqiq edilmişdir. Həmin mülki işin materiallarından, habelə qətnamənin məzmunundan isə tikilməsi müəyyən edilmiş hasarın koordinatlarının, yəni dəqiq şəkildə hansı ölçülərdə və hər hansı mövcud tikililərə münasibətdə hansı məsafədə tikilməsinin qeyd edildiyi müəyyən edilməmişdir. Göründüyü kimi, işin araşdırılmış halları ilə cavabdeh tərəfindən tikilisi qanuni qüvvəsini almış qətnamənin icrası hüdudlarından kənara çıxaraq məhz çəkiləcək mərzin üzərində tikilməsi halı müəyyən edilməmişdir. Bu baxımdan iddia tələbinin əsasları öz təsdiqini tapmadığından iddia əsassız hesab edilməklə rədd edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Q. Teryoxinin şikayəti üzrə qərarında göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlaka mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulması ilə nəticələnə bilər.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı sökülmüş tikilinin bərpa edilməsi tələbinə dair iddiası əsaslı hesab edilərək təmin olunmalı, Cavabdeh tərəfindən İddiaçı istifadəsində olan ünvan 1 ünvanda tikilmiş və cavabdehin əsassız iddiası nəticəsində sökülmüş tikili bərpa edilməlidir. Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparılmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarının və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Torpaq Məcəlləsinin 22.1-ci maddəsinə əsasən sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Belə ki, apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Əvvəla, iddiaçı cavabdehin əsassız iddiası nəticəsində sökülmüş tikilinin bərpa edilməsi tələbi ilə məhkəməyə müraciət etsə də, iddia tələbinin əsası kimi istinad etdiyi hallra dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. İddiaçı bunu iddia edirsə sübut etməlidir, lakin edə bilmir. Belə ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16.08.2017-ci il tarixli 2(002)-887/2017 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 20.10.2015-ci il tarixli qətnaməsinin icrasının təmin etmək məqsədilə cavabdeh İddiaçı Səlim oğlu tərəfindən qanunsuz tikilmiş otağın sökülməsi qət edilsə də, həqiqətən də qətnamənin icra olunaraq otağın sökülməsi öz təsdiqini tapmamışdır. Əksinə, cavabdeh tərəfin apellyasiya baxışı zamanı təqdim etdiyi aktın surətindən də görünür ki, otağın mərzin üzərinə düşən hissəsi 3 mərtəbədən ibarət olduğundan bir gün ərzində sökülməsi mümkün olmamış, icra icraatı təxirə salınmışdır. İkincisi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16.08.2017-ci il tarixli 2(002)-887/2017 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 20.10.2015-ci il tarixli qətnaməsinin icrasının təmin etmək məqsədilə cavabdeh İddiaçı Səlim oğlu tərəfindən qanunsuz tikilmiş otaq sökülmüş olsa belə, yenə də hazırki iddia əsaslı ola bilməzdi. Çünki, İddiaçı bərpa olunmasını istədiyi tikili qanunsuz və özbaşına tikili olmuşdur. Bu tikili tikinti məqsədləri üçün ayrılan torpaq sahəsində inşa olunmamış, buna lazımi icazələr almaqla və şəhərsalma və tikinti normalarını və qaydalarına əməl etməklə tikilməmişdir. Bu hallar Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8117/2018 saylı, 10 avqust 2018-ci il tarixli qanuni qüvvəsini almış qətnaməsi ilə də öz təsdiqini tapır. Bu cür vəziyyətdə məhkəmə özbaşına inşa olunmuş və sökülmüş yaxud söküldüyü təsdiq olunmayan bir qanunsuz tikilini qətnamə ilə necə bərpa edə bilər. Əlbətdə ki, birinci instansiya məhkəməsi yekun nəticəyə gəlməzdən əvvəl bu halları özü üçün aydınlaşdırmalı idi. Üçüncüsü, mübahisəli torpaq sahəsinə və tikiliyə dair hər hansı bir hüquqmüəyyənedici sənədin olmaması da, hazırkı iddianın təmin edilməsi üçün deyil, rədd olunması üçün əsas olmalı idi. Birinci instansiya məhkəməsi isə bu halları nəzərə almamışdır. Belə ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, aralarında bu cür münasibətlər qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddiaların rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları aralarında bu cür münasibətlər qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan pis niyyətlə sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda özbaşına tikinti və onun nəticələri institutunun yaranmasına zərurət və əsas olmazdı. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1 və 385.1.3-cü maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 389-cu maddəsinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiyası məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-760/2020 saylı 18 mart 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 387.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-760/2020 saylı 18 mart 2020-ci il tarixli qətnaməsi ləğv olunsun. İddiaçı Cavabdeh qarşı sökülmüş tikilinin bərpa edilməsi tələbinə dair iddiası təmin olunmasun. Qətnamədən rəsmi alındığı tarixdən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar