Məhkəmə qərarları › İş №2(103)-5628/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5628/2024

24.09.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5628/2024 24.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbi” barədə mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 1719/2024 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı "pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 14595,03 manat məbləğində pul vəsaitinin, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 84,88 manat məbləğində pulun, habelə ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 50 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə cıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Daha sonra Cavabdeh (bundan sonra cavabdeh) tərəfindən qətnamədən elektron qaydada apellyasiya şikayəti və apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə ərizə verilmişdir. Cavabdeh ərizəni onunla əsaslandırmışdır ki, o, qətnamədən xəbərsiz olmuş, 07 may 2024-cü ildə qətnamə qəbul olunmuş və xx.xx.2024-cü ildə elektron kabinetə yüklənmişdir. Lakin, qətnamə bu günə kimi ona göndərilməmişdir. O, asan loqinlə xx.xx.2024-cü ildə elektron kabinetə girdikdə ona bəlli olmuşdur ki, qətnamə qəbul olunub. Asan loqinlə şikayət vermək mümkün olmadığından o, xx.xx.2024-cü ildə asan imza almış, qətnamədən şikayət vermə müddətini 2 gün müddətinə ötürmüşdür. Lakin bu üzürlü səbəbdən olmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 1719/2024 nömrəli qərardadı ilə (hakim Tahirə Əsədova) ilə ərizə təmin olunmamışdır. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı mülki iş üzrə xx.xx.2024-cü il tarixdə qəbul edilmiş qətnamə xx.xx.2024-cü il tarixdə Cavabdeh elektron kabinetinə yerləşdirilmiş və qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin sonuncu günü xx.xx.2024-cü il hesab edilmişdir. Lakin, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti xx.xx.2024-cü il tarixdə «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə daxil olmuş, yəni qətnamə cavabdehin elektron kabinetində yerləşdirildikdən 1 ay 2 gün sonra apellyasiya şikayəti verilmişdir. Cavabdehin ərizəsində müddətin bərpası ilə əlaqədar qeyd etdiyi dəlillərlə bağlı əsaslı sübutlar təqdim etmədiyindən, ərizə təmin oluna bilməz. Cavabdeh həmin qərardaddan şikayət vermiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 1719/2024 nömrəli qərardadı ilə şikayət təmin olunmamış, baxılması üçün iş materialları ilə birgə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Məhkəmə kollegiyası, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 360-cı maddəsinin tələbinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Qeyd edilməlidir ki, buraxılmış prosessual müddətin üzrlü sayılması üçün ərizə verən tərəf keçən bütün müddət ərzində şikayət vermək imkanının olmamasını sübut etməlidir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra onun icrası məcburidir və belə olan halda prosessual müddətin müvafiq əsas olmadan bərpası qanuni qüvvəyə minmiş məhkəmə qərarının məcburililik, preyudisiallıq, müstəsnalılıq və təkzibedilməzlik əhəmiyyətini azaldaraq, məhkəmə qərarlarının qətiliyinə xələl gətirmiş olur. Bu hal, həmçinin hüquqi müəyyənlik prinsipindən irəli gəlir. Çünki, qanunla müəyyən edilən prosessual müddətlər işdə iştirak edən şəxslərin hüquq və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını konkretləşdirməyə yönəlmişdir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən mülki məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. «K.N.Qəribovanın şikayəti ilə əlaqədar» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyinə görə, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Avropa Məhkəməsi də qərarlarında dəfələrlə vurğulamışdır ki, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (Avropa Məhkəməsinin «Raihani – Belçikaya qarşı», «Məmmədov və digərləri Rusiyaya qarşı» işlərdəki mövqeyi). İşdə olan sənədlərdən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli 2(008)-1719/2024 nömrəli qətnaməsi elektron qaydada imzlanmış, qətnamənin özü əsas sənəd kimi 31 may 2024-cü il tarixdə “Elektron Məhkəmə” informasiya sistemində cavabdehin özünə məxsus elektron kabinetinə yerləşdirilmişdir. Belə olan halda, cavabdehin həmin qətnamədən apellyasiya şikayəti verməsi üçün son günü 30 iyun 2024-cü il tarixidir. Lakin, cavabdeh tərəfin apellyasiya şikayəti 02 (iki) gün gecikmə ilə - 03 iyul 2024-cü il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə təqdim olunmuşdur. MPM-in 135.6-cı maddəsinin tələbinə görə «Elektron məhkəmə» informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər «Elektron məhkəmə» informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış «elektron kabinet»lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. MPM-nin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Cavabdehin ərizəsi və onunla eyni məzmunlu şikayətində müddətin buraxılmasının səbəbi kimi, qətnamənin cavabdehə rəsmi qaydada təqdim olunmaması, eləcə də nümayəndəsinin (vəkili) elektron kabinetə vaxtında əlavə olunmaması göstərsə də, bu hal qətnamədən şikayət verilməsi müddətinin üzrlü səbəbdən buraxılması kimi qiymətləndirilə bilməz. Çünki, mülki prosessual qanunvericiliyə əsasən tərəflər məhkəmə aktından şikayəti həmin aktın müvafiq tərəfə rəsmi qaydada təqdim olunduğu gündən hesablanmaqla verə bilərlər. Beləliklə, cavabdeh qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş bir aylıq müddəti ötürmüş, prosessual müddətin bərpasına dair verdiyi ərizədə göstərilən səbəblər isə müddətin üzrlü sayılmasına qanuni əsas təşkil edə bilməz. Cavabdeh prosessual müddətin üzrlü səbəblərdən ötürməsini təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası, rayon məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq, hesab edir ki, cavabdeh tərəfindən müddətin ötürülməsinin üzrlü sayılması və bərpa olunması üçün prosessual əsaslar mövcud deyildir. Həmçinin, qeyd edilməlidir ki, qanuni əsas olmadan buraxılmış prosessual müddətin bərpa olunması «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinə də uyğun olmamaqla, son nəticədə ədalətli məhkəmə araşdırması hüquqununun pozulması ilə nəticələnir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası, qeyd olunanları nəzərə alaraq, şikayətin təmin olunmaması nəticəsinə gəlir. Birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbinə” dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 1719/2024 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 1719/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar