Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-563/2021 13.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh1 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kredit borcunun qaytarılması və ipoteka predmetinə tutma yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 fevral 2020ci il tarixli 2(010)-41/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İKB ASC (“xxxx” ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit borcunun qaytarılması və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 28460,6 manat əsas borc, 16144,17 manat faiz borcu, 6006,72 manat cərimə və kredit müqaviləsi üzrə 19 oktyabr 2017-ci il tarixdən 07 sentyabr 2018-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1256,10 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 51867,59 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun, 20 manat bank xidmət haqqının tutulması, tələbin cavabdehə məxsus olan Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Z.Şərifov küçəsində yerləşən 8 nömrəli evin 6 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına İddiaçı İKB ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılıb Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə İddiaçı İKB ASC arasında 19 sentyabr 2014-cü ildə 11-G-1-0-712-14 №-li kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən Cavabdeh1 36 ay müddətinə qaytarmaq şərtilə illik 25 % dərəcəsi ilə 34000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında 19 sentyabr 2014-cü il tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Z.Şərifov küçəsində yerləşən 8 nömrəli evin 6 nömrəli mənzili bank qarşısında borcun təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri müvafiq qaydada yerinə yetirməmiş, yazılı və şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq, kreditin ödəniş qrafikinə riayət etməmişdir. Bununla da, Cavabdeh1 07 sentyabr 2018-ci il tarixinə 28460,6 manat əsas, 16144,17 manat faiz, 6006,72 manat cərimə və kredit müqaviləsi üzrə 19 oktyabr 2017-ci il tarixdən 07 sentyabr 2018-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1256,10 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 51867,59 manat borcu yaranmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 fevral 2020-ci il tarixli 2(010)- 41/2020 saylı qətnaməsi ilə iddia qismən təmin olunmuş, Cavabdeh1 28460,60 məbləğində manat əsas borc, 15605,07 məbləğində manat faiz borcu, 600 manat məbləğində cərimə, iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 44725,67 manat məbləğində pul vəsaitinin iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulması, Cavabdeh1 tutulmalı olan 44725,67 manat məbləğində pul vəsaitinin iddiaçı “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Z.Şərifov küçəsində yerləşən 8 nömrəli evin 6 nömrəli mənzilinə yönəldilməsi və həmin əmlakın açıq hərracda satılaraq, iddiaçıya olan borcun ödənilməsi, ipoteka predmetinin satışından əldə olunacaq vəsait iddiaçının tələbini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh1 tutularaq “xxxx” ASC-yə ödənilməsi, ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin 90000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin faiz borcu və ipoteka predmeti olan mənzilin qiymətləndirilməsi hissələrində qismən ləğv edilməsini, həmin hissələrdə yenidən ekspertiza və qiymətləndirmənin nəticəsinə uyğun olaraq yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, kredit müqaviləsi üzrə faiz borcu düzgün hesablanmamış, mənzilə baxış keçirilmədən qiymət qoyulmuşdur. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin qüvvədə saxlanılmasını, cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini və qətnamənin faiz borcu və ipoteka predmeti olan mənzilin qiymətləndirilməsi hissələrində qismən ləğv edilməsini, həmin hissələrdə yenidən ekspertiza və qiymətləndirmənin nəticəsinə uyğun olaraq yeni qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 fevral 2020-ci il tarixli 2(010)-41/2020 saylı qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Cavabdeh1 19 sentyabr 2014-cü ildə 11-G-1-0-712-14 №-li kredit müqaviləsi üzrə iddiaçı banka olan borcunun müəyyən edilməsi üçün məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, 20 noyabr 2019-cu il tarixli 13692 №-li ekspert rəyinə əsasən onun müqavilə müddətinin başa çatdığı tarixə əsas və faiz borcu müəyyən edilmişdir. Cavabdeh1 faiz borcunun düzgün hesablanmadığını bildirsə də, apellyasiya şikayətinin bu dəlilini əsaslandırmamışdır. İpoteka predmeti olan mənzilin satış qiymətinin düzgün müəyyən edilməməsi barədə apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, ipoteka müqaviləsində mənzilin ilkin satış qiyməti 85000 manat, birinci instansiya məhkəməsində işə baxılarkən keçirilmiş qiymətləndirmənin nəticəsinə əsasən mənzilin ilkin satış qiyməti 90000 manat, apellyasiya icraatı zamanı keçirilmiş qiymətləndirmənin nəticəsinə əsasən mənzilin likvid qiyməti 90000 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi də qəbul etdiyi qətnamədə mənzilin ilkin satış qiymətini 90000 manat müəyyən etmişdir. Beləliklə, birinci instansiya məhkəməsi ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti ilə bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3 və 39.3.3-cü maddələrinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamənin yoxlanılan hissəsində mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası MPM-in 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 fevral 2020-ci il tarixli 2(010)- 41/2020 saylı qətnaməsi Cavabdeh1 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-563/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-563/2021
13.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver