Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-563/2023 11.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: pul) X10 İmanov (sədrlik edən və məruzəçi), Qürbət Ağa oğlu Əsgərov və X1 ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3483/2022 saylı 08 sentyabr 2022-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarında olan icraçı İddiaçı ilə sifarişçilər X3, X5, X12, X5, X2, X6, X13, X7, Cavabdeh və X4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli Hüquqi xidmət haqqında müqavilənin surətindən görünür ki, icraçı bu müqavilənin şərtlərinə uyğun olaraq sifarişçilərə bütün rayon, apellyasiya, kassasiya və əlavə kassasiya instansiyası məhkəmələrində “Dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakla əlaqədar daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20% miqdarında satınalma qiymətinə əlavə haqqın və alınmanın təsirinə məruz qalan şəxslərin almaq hüququna malik olduqları ödənişlərə əlavə olaraq çətinliyə görə ödəniləcək kompensasiyanın ümumi məbləğinin 10% miqdarında kompensasiyanın ödənilməsi tələbinə dair” qaldırılmış iddia ərizəsi üzrə iddiaçıların, yəni sifarişçilərin nümayəndəsi qismində məhkəmə prosesslərində iştirak etməyi (bənd 1.1), Azərbaycan Respublikasının qüvvədə olan mülki qanunvericiliyinə müvafiq olaraq, bu Müqavilənin 1.1-ci bəndində nəzərdə tutulan xidmətləri peşəkar səviyyədə və keyfiyyətlə göstərməyi, xidmətlərin göstərilməsi zamanı əldə edilən və sərəncamına verilən bütün sənədləri qoruyub saxlamağı və bu müqavilənin ləğvindən sonra sifarişçilərin müəyyən etdiyi qaydada onlara geri qaytarmağı, xidmətlərin göstərilməsi zamanı əldə edilən məlumatları (kommersiya və ya şəxsi) məxfi saxlamağı, sifarişçilərin sirrinin yayılmamasını təmin etməyi və təyin etdiyi sirri rejiminə riayət etməyi və s. (bənd 2.1), sifarişçilər isə icraçının göstərdiyi xidmətlərin qiymətini bu müqavilədə müəyyən edilmiş qaydada, vaxtda və məbləğdə ödəməyi, xidmətlərin normal və vaxtı-vaxtında göstərilməsi üçün icraçıya zəruri şərait yaratmağı (müvafiq nəqliyyatla təmin etmək, lazımi sənədlərin vaxtında çatdırılmasını təmin etmək), bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulan xidmətlər göstərildiyi zaman (məhkəmənin gedişatında) qaldırılmış iddia ərizələri üzrə tələb cavabdeh tərəfindən məhkəmədən kənar könüllü icra edildikdə sifarişçilər icraçıya qabaqcadan razılaşdırılmış xidmət haqqını ödəmə ödəməyi öhdəsinə götürmüşdürlər (bənd 2.2). Müqavilənin 3.2-ci bəndinə əsasən, bu müqavilədə nəzərdə tutulan xidmətlərin haqqı (qiyməti), vergi və digər icbari ödənişlər daxil olmamaqla hər bir məhkəmə qətnaməsində (sonuncu qanuni qüvvəyə minmiş qərarda) qət edilən ümumi məbləğin 30%-i miqdannda müəyyən edilir və sifarişçilərin (iddiaçıların) hər biri (ayrı-ayrılıqda) tərəfindən məhkəmə qətnaməsində qət edilən ümumi məbləğin 30%-i miqdarında icraçıya ödənilir. Müqavilənin 4.1-ci bəndinə görə isə, bu müqavilə xx.xx.2015-ci il tarixdən etibarən icraçı öhdəsinə götürdüyü xidmətləri tam həcmdə sifarişçilərə göstərib qurtaranadək bağlanılır.
2. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-1(102)-1605/2016 saylı xx.xx.2016-cı il tarixli qərarından müəyyən olunur ki, 1 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin 2-1(81)-2015/2015 saylı xxxx.2015-çi il tarixli qərarı ilə iddiaçı Cavabdeh Bakı şəhəri icra Hakimiyyətinə qarşı iddiaçıya məxsus olan Bakı şəhəri Səbail rayonu 3-cü Krasnoflot küçəsi, ev 3, 4 saylı mənzilə görə ödənilmiş kompensasiya məbləği - 58155 manatın 20 % miqdarında satınalma qiymətinə əlavə haqq olaraq 11.631 manatın və çətinliklə bağlı 10 % miqdarında kompensasiyanın - 5815,5 manatın, ümumilikdə 17446,50 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair iddia tələbinin rədd edilməsi qərara alınmışdır.
3. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin inzibati-lqtisadi Kollegiyasının xx.xx.2015-ci il tarixli iş 2-1(102)-1442/15 saylı qərarı ilə iddiaçının apelyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin xx.xx.2015ci il tarixli qərarının qismən - “20 % miqdarında satınalma qiymətinə əlavə haqqın ödənilməsinin təmin edilməməsi” hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissədə təmin edilməsi, Bakı şəhəri Səbail rayonu 3-cüKrasnoflot (indiki Elçin və Vüsal Hacıbabayevlər) küçəsi ev 3, 4 saylı mənzilə dair ödənilmiş 58155 manat məbləğində kompensasiyanın 20%-i miqdarında satınalma qiymətinə əlavə haqq olaraq 11631 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
4. İş materiallarında olan Ali Məhkəmənin İnzibati-lqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli 2-1(102)- 191/2016 saylı qərarı ilə cavabdehin və üçüncü şəxsin kasasiya şikayətlərinin təmin olunması, apelyasiya instansiya məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarının ləğv edilməsi, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
5. İş materiallarında olan Apellyasiya instansiyası məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(103)-1159/2016 saylı qərarı ilə birinci instansiya məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin olunmaması qərara alınmışdır.
6. İş materiallarında olan Ali Məhkəmənin İnzibati-lqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2-1(102)- 1605/2016 saylı qərarı ilə iddiaçının kassasiya şikayətinin təmin olunmaması, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(103)- 1159/2016 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
7. İş materiallarında olan X16 Məhkəməsinin “Əliyeva və başqaları Azərbaycana qarşı (66249/16 və başqa altı ərizə)” işi üzrə xx.xx.2021-ci il tarixli Qərarından görünür ki, Məhkəmə ərizəçilərə, o cümlədən, hazırki iş üzrə Cavabdeh münasibətdə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) pozulmasına qərar vermiş, hökumətin ərizəçilərə maddi zərərə görə ümumilikdə 43030, mənəvi zərərə görə isə hər birinə 3 000, ümumilikdə 64 min 30 avro təzminat ödəməli olmasını, həmçinin, Cavabdeh maddi zərərə görə 5500 avro, mənəvi zərərə görə 3000, cəmi 8500 avro təzminat ödəməli olmasını qərara almışdır.
8. İş materiallarına əlavə olunmuş, Cavabdeh tərəfindən imzalanmış qəbzdən görünür ki, Cavabdeh Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı əsasında ona ödənilməli olan kompensasiya məbləğini tam şəkildə aldığını, vəkildən və nümayəndədən heç bir şikayətinin olmadığını göstərmiş, gələcəkdə vəkilə və nümayəndəyə göstərdikləri hüquqi xidmətə görə vergisi tərəfindən ödənilmək şərti ilə xidmət haqqlarını ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə edilmiş İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xidmət haqqının ödənilməsi barədə xəbərdarlıqdan görünür ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə cavabdehə, 3 gün müddətində xidmət haqqı olaraq 2640 avro məbləğində vəsaitin ona ödənilməsini təmin etməsi, əks təqdirdə aidiyyəti hüquqmühafizə orqanlarına müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən onun xeyrinə 2640 avronun manata olan rəsmi məzənnəsinin, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi, ödənilməsi nəzərdə tutulan 2640 avro məbləğində pulun 2022-ci ilin bank uçot dərəcəsi (7.50%) əsas götürülməklə 200 avronun manata olan rəsmi məzənnəsinin və 72 manat dövlət rüsumunun məcburi tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-2015/2015 saylı xx-xx.2015-çi il tarixli qərarı ilə iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 1442/2015 saylı xx.xx.2015-ci il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının qismən- “20% miqdarında satınalma qiymətinə əlavə haqqın ödənilməsinin təmin edilməməsi” hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissədə təmin edilməsi, Bakı şəhəri, Səbail rayonu, 3cü Krasnoflot (indiki Elçin və Vüsal Hacıbabayevlər) küçəsi, ev 3, 4 saylı mənzilə dair ödənilmiş 58155 manat məbləğində kompensasiyanın 20% miqdarında satınalma qiymətinə əlavə haqq olaraq 11631 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-191 /2016 saylı xx.xx.2016-cı il tarixli qərarı ilə cavabdehin kassasiya şikayətinin təmin olunması, üçüncü tərəfin kassasiya şikayətinin təmin olunması, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1442/2015 saylı xx.xx.2015-ci il tarixli qərarının ləğv edilməsi, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 1159/2016 saylı xx.xx.2016-cı il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin təmin olunmaması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(102)-1605/2016 saylı xx.xx.2016-cı il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Cavabdeh tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1605/2016 saylı xx.xx.2016-cı il tarixli qərarından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verilməsi üçün tapşırıq verilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin 66249/16, 66271/16, 75978/16, 77309/16, 7691/16, 1038/17, 52821/17 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə şikayət təmin edilərək Cavabdeh 5500 avro maddi və 3000 avro mənəvi, cəmi 8500 avro məbləğində kompensasiyanın ödənilməsi qərara alınmışdır. Qeyd edilən məhkəmə qərarları və xüsusən də sonuncu Avropa İnsan Hüquqları Məhkəməsinin 66249/16, 66271/16, 75978/16, 77309/16, 77691/16, 1038/17, 52821/17 saylı xx.xx.2021- ci il tarixli qərarı tərəfindən Cavabdeh göstərilmiş hüquqi xidmətlərin nəticəsidir. Belə ki, Cavabdeh ilə aralarında bağlanmış və notarial qaydada təsdiq olunmuş xx.xx.2015-ci il tarixli “Hüquqi xidmət haqqında” müqavilənin 3.2-ci bəndinə əsasən, müqavilədə nəzərdə tutulan xidmətlərin haqqı məhkəmə qətnaməsində (sonuncu qanuni qüvvəyə minmiş qərarda) qət edilən ümumi məbləğin 30% miqdarında müəyyən edilir və sifarişçi tərəfindən icraçıya ödənilir. Müqavilənin 3.3-cü bəndinə əsasən müqavilənin 3.2-ci bəndində göstərilən xidmətlərin haqqı məhkəmənin yekun qərarı icra olunarkən-dərhal ödənilir. Bununla yanaşı Cavabdeh tərəfindən müvafiq qəbz imzalanmışdır ki, həmin qəbzə əsasən Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı əsasında cavabdehə ödənilməli olan kompensasiya məbləğinin tam şəkildə aldığını, vəkildən və nümayəndədən heç bir şikayətin olmadığı, gələcəkdə vəkilə və nümayəndəyə göstərdikləri hüquqi xidmətə görə vergisi tərəfindən ödənilmək şərti ilə xidmət haqqların ödənilməsi öhdəliyi götürülmüşdür. Avropa İnsan Hüquqları Məhkəməsinin 66249/16, 66271/16, 75978/16, 77309/16, 77691/16, 1038/17, 52821/17 saylı xx.xx.2021-ci il tarixli qərarı icra edilərək 5500 avro maddi və 3000 avro mənəvi, cəmi 8500 avro məbləğində kompensasiya Cavabdeh tərəfindən alınmışdır. Lakin qeyd edilən xidmət haqqı cavabdeh tərəfindən ona ödənilməmişdir. Bununla bağlı tərəfindən Cavabdeh xx.xx.2022-ci il tarixli rəsmi xəbərdarlıq (pretenziya) məktubu göndərilmişdir. Qeyd edilən xəbərdarlıq məktubu cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə şəxsən xəbərnaməyə imza edilərək alınmışdır. Bununla yanaşı, cavabdeh ona özünün etiraf etdiyi xidmət haqqı olaraq 2640 avro məbləğində əsas borcunu müqavilədə nəzərdə tutulmuş müddətdə ödəmədiyi üçün əsas borcun faizlərini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.2-ci maddəsinə əsasən bank faizinin uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi elektron səhifəsində bank faizinin uçot dərəcəsi aşağıdakı qaydada müəyyən edilmişdir: 2021-ci il üçün: xx.xx.2021 - 7.25%; xx.xx.2021 - 7.0%; xx.xx.2021 - 6.5%; 2022-ci il üçün: xx.xx.2022 - 7.75%; xx.xx.2022 - 7.5%.
11. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddia tələblərinə aşağıda qeyd olunan səbəblərdən qəti şəkildə etiraz edir. Belə ki, müqavilənin bağlanmasından əvvəl iddiaçı özünü Cavabdeh və onunla qonşuluqda yaşayan sakinlərə vəkillər kollegiyasının üzvü kimi təqdim etmiş və Cavabdeh məxsus mənzilə görə ödənilmiş 58155 manat məbləğində kompensasiyanın 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq və çətinliklə bağlı 10 faizi miqdarında əlavə kompensasiyanın dövlətdən tutulması ilə bağlı ona hüquqi xidmət göstərilməsini təklif etmişdir. Cavabdeh və onunla qonşuluqda yaşayan sakinlər iddiaçının həqiqətən vəkil olduğuna inanaraq, xx.xx.2015-ci il tarixdə hüquqi xidmət haqqında müqaviləni imzalamışdırlar. Cavabdeh Avropa İnsan Hüquqları Məhkəməsi qarşısında təmsil edilməsi tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli hüquqi xidmət haqqında müqavilənin predmetinə daxil edilməmişdir. Hüquqi xidmət haqqında müqavilənin 1.1-ci maddəsinə əsasən, icraçı (yəni hazırkı iş üzrə iddiaçı) bu müqavilənin şərtlərinə uyğun olaraq bütün rayon, apellyaşiya, kassasiya və əlavə kassasiya instansiyası məhkəmələrində qaldırılmış iddia ərizəsi üzrə sifarişçilərin nümayəndəsi qismində məhkəmə proseslərində iştirak edir. Müqavilənin 2.1.1-ci maddəsinə əsasən, iddiaçı Azərbaycan Respublikasının qüvvədə olan mülki qanunvericiliyinə müvafiq olaraq bu Müqavilənin 1.1-ci bəndində nəzərdə tutulan xidmətləri peşəkar səviyyədə və keyfiyyətlə göstərməyi öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş məhkəmə aktlarından göründüyü kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1605/2016 saylı xx.xx.2016-cı il tarixli qərarına əsasən, Cavabdehnm pul tələbi təmin olunmamışdır. Beləliklə, Cavabdeh pul tələbinə dair mülki iş hüquqi xidmət haqqında müqavilənin şərtlərinə uyğun olaraq hər üç məhkəmə instansiyalarından keçmiş və nəticədə, tələblər təmin olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 1605/2016 saylı xx.xx.2016-cı il tarixli qərarı elan olunandan bir müddət sonra iddiaçı həmin qərardan Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verilməsi üçün yeni razılaşmanın bağlanmasına Cavabdeh sövq etməyə çalışmış, lakin tərəflər arasında bununla bağlı razılıq əldə olunmamış və yeni müqavilə bağlanılmamışdır. Beləliklə, Cavabdeh pul tələbinə dair mülki işə Ali Məhkəmə tərəfindən baxıldığdan sonra müqavilə və cavabdehin iddiaçı qarşısında hər hansı bir pul öhdəliyi də qüvvədən düşmüş kimi hesab olunmalıdır. İddiaçı iddia ərizəsində qeyd edir ki, "Cavabdeh Azərbaycan Respublikası Alı Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(102)-1605/2016 saylı 05 oktyabr 2016-cı il tarixli qərarından narazı qaldığı üçün Cavabdeh tərəfindən mənə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətin verilməsinə tapşırıq verilmişdir". Yuxarıda göstərilənlər həqiqətə uyğun deyil, Cavabdeh iddiaçıya heç vaxt belə bir tapşırıq verməmiş və bu hal iddiaçı tərəfindən təqdim olunmuş sənədlərlə sübuta yetirilmir. Hüquqi xidmət haqqında müqavilənin 2.1.4-cü və 2.2.3-cü maddələrinə əsasən, heç bir tərəf digər tərəfin yazılı razılığı olmadan hazırkı müqavilənin icrasını və ya ondan irəli gələn hər hansı marağı və ya öz öhdəliklərini üçüncü şəxsə həvalə edə bilməz. Bu cür razılıq olmadan hüquq və öhdəliklərin həvalə edilməsi heç bir hüquqi qüvvəyə malik olmayacaqdır. Müqavilənin yuxanda qeyd olunan maddələrinin tələblərinə zidd olaraq, iddiaçı müqavilə üzrə xidmətlərin göstərilməsi üçün Cavabdeh buna razılığı olmadan üçüncü tərəf olan vəkili işə cəlb etmişdir. Ümumiyyətlə, işə Avropa İnsan Hüquqları Məhkəməsində baxıldığı zaman, iddiaçı və onun işə cəlb etdiyi vəkil səlahiyyətli olmamışdırlar. Belə ki, iş materiallarına əlavə edilmiş iki etibarnamə mövcuddur. Birinci etibarnamə xx.xx.2015-ci il tarixdə 3 il müddətinə, yəni xx.xx.2018-ci il tarixədək qüvvədə olmuşdur. İkinci etibarnamə isə yalnız xx.xx.2021-ci il tarixdə 2 il müddətinə verilmişdir. Məsələ orasındadır ki, güya Cavabdeh tapşırığı ilə verilən şikayətə 2021-ci ilin sentyabr ayında Avropa İnsan Hüquqları Məhkəməsində baxılanda, İddiaçının və onun tərəfindən işə cəlb edilmiş vəkilin qüvvədə olan etibarnaməsi olmamışdır. Qərarın xx.xx.2021-ci il tarixdə verilməsinə baxmayaraq, ikinci etibarnamə yalnız iki 2 ay sonra noyabr avında verilmişdir. 2021-ci ilin noyabr ayında iddiaçı yenidən Cavabdeh müraciət edərək, ona bildirmişdir ki, məhkəmənin yeni qərarına əsasən onun pul tələbləri təmin edilmişdir və həmin pulların alınması üçün ona yeni etibarnamə verilməlidir. İddiaçı rus dilli Cavabdeh hüquq savadsızlığı və onun Azərbaycan dilini bilməməsi hallarından sui- istifadə edərək onu ikinci etibarnamənin verilməsinin vacibliyinə inandırmışdır. Aydın məsələdir ki, Avropa İnsan Hüquqları məhkəməsində iş artıq yekunlaşandan sonra ikinci etibarnaməyə heç bir zərurət qalmamış və həmin etibarnamənin yeganə məqsədi münasibətlərinin "rəsmiləşdirilməsi" və Cavabdeh adından ona düşən pulların onun əvəzinə almaq olmuşdur. Yəni, iddiaçı ilə Cavabdeh arasında Avropa İnsan Hüquqları Məhkəməsində təmsilçilik xidmətlərinə görə hər hansı xidmət haqqının ödənilməsi barədə heç bir şifahi və yaxud yazılı razılıq olmamışdır. İddiaçının ikinci etibarnamə olmasına baxmayaraq, o istədiyinə nail ola bilməmiş və pulu Cavabdeh adından onun əvəzinə ala bilməmişdir. Prezident Administrasiyanın əməkdaşı Səadət Novruzova 2022-ci ilin yanvar ayında Cavabdeh ilə əlaqə saxlamış və ona düşən pulların iddiaçı tərəfindən həmin etibarnaməni təqdim etməklə tələb olunması barədə məlumatlandırmışdır. Bundan əlavə X9 Muratovaya iddiaçıya verilən etibarnamənin notariusda ləğv olunmasını da tövsiyyə etmişdir, ona gorə ki, iddiaçı özünü şübhəli aparmış, vəkillər kollegiyasının üzvü deyil və Tatyanaya əvvəlcədən heç nə demədən pulu onun əvəzinə almaq istəmışdir. Beləliklə, Cavabdeh xx.xx.2021-ci il tarixli etibarnaməyə xx.xx.2022-ci il tarixdə xitam vermişdir. İş materiallarına əlavə edilmiş "Qəbz" adlı sənədi mötəbər sübut kimi qəbul etmir. Belə ki, həmin sənədin harada, hansı şəraitdə və hansı tarixdə yaranması müəyyən deyil. İddiaçı Cavabdeh Azərbaycan dilini yaxşı səviyyədə bilməməsi halından yararlanaraq və onun etibarından sui-istifadə edərək onun iradə ifadəsinə zidd şəkildə həmin sənədi imzalatdırmağa nail olmuşdur. Bundan əlavə, həmin "Qəbz”də müqaviləyə konkret istinad yoxdur, hansı xidmət haqqından söhbət gedəcəyi barədə də heç bir məlumat yoxdur. Yuxarıda qeyd etdiyi kimi, xx.xx.2015-ci i! tarixli hüquqi xidmət haqqında müqavilə Cavabdeh mülki işə Ali Məhkəmədə baxılıb qurtarandan sonra qüvvədən düşmüş sayılmalı, tərəflər arasında sonradan hər hansı bir əlavə saziş bağlanmamışdır. Belə ki, müqavilənin 5.2-ci maddəsinə əsasən, bu müqaviləyə edilən əlavə və dəyişikliklər onun ayrılma hissəsi sayılan yazılı əlavə razılaşma ilə rəsmiləşdirilir. Müqavilənin predmetiııi genişləndirən və yaxud müqavilənin müddətini uzadan hər hansı bir əlavə razılaşma tərəflər arasında bağlanmamışdır.Yuxanda qeyd edilənlərə əsasən məhkəmədən iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Həmçinin, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh və onunla qonşuluqda yaşayan sakinlər iddiaçı ilə xx.xx.2015-ci il tarixdə Hüquqi xidmət haqqında müqavilə imzalamışlar. Hüquqi xidmət haqqında müqavilənin 1.1-ci maddəsinə əsasən, icraçı (yəni hazırkı iş üzrə iddiaçı) bu müqavilənin şərtlərinə uyğun olaraq bütün rayon, apellyaşiya, kassasiya və əlavə kassasiya instansiyası məhkəmələrində qaldırılmış iddia ərizəsi üzrə sifarişçilərin nümayəndəsi qismində məhkəmə proseslərində iştirak edir. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən müqavilə xx.xx.2015-ci il tarixdən, icraçı öhdəsinə götürdüyü xidmətləri tam həcmdə sifarişçilərə göstərib qurtaranadək bağlanılır. İş materiallarına əlavə edilmiş məhkəmə aktlarından göründüyü kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1605/2016 saylı xx.xx.2016-cı il tarixli qərarına əsasən, Cavabdeh pul tələbi təmin olunmamışdır. Beləliklə, Cavabdeh pul tələbinə dair mülki iş hər üç məhkəmə instansiyalarından keçmiş, nəticədə, tələbləri təmin olunmamışdır və qüvvədən düşmüş kimi hesab olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 1605/2016 saylı xx.xx.2016-cı il tarixli qərarı elan olunandan bir müddət sonra iddiaçı həmin qərardan Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verilməsi üçün yeni razılaşmanın bağlanmasına sövq etməyə çalışmış, lakin tərəflər arasında bununla bağlı razılıq əldə olunmamış və yeni müqavilə bağlanılmamışdır. Müqavilənin müddətini uzadan hər hansı bir əlavə razılaşma bağlanmamışdır. Azərbaycan Respublikasının 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Hesab edir ki, Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının müvafiq qərarı xx.xx.2016cı il tarixdə qəbul edildiyindən, hazırkı tələbləri üçün iddia müddəti xx.xx.2019-cu il tarixdə bitmişdir. Yuxanda qeyd edilənlərə əsasən, məhkəmədən iddianın iddia müddətinin keçməsinə görə rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3483/2022 saylı 08 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Toğrul Axundov) iddianın tələbinin qismən təmin edilməsi, Cavabdeh 2550 (iki min beş yüz əlli) avro (ödəniş günü avronun manata məzənnəsi nəzərə alınmaqla, manatla) məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, iş üzrə ödənilmiş 72 (yetmiş iki) manat məbləğində dövlət rüsumunun 10,22 faizi, yəni 7 (yeddi) manat 36 (otuz altı) qəpiyin iddiaçıya aid edilməsi, qalan 89,78 faizi, yəni 64 (altmış dörd) manat 64 (altmış dörd) qəpiyin isə Cavabdeh İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2, 14.1, 14.2.1, 324.1, 357, 359.1, 360.1, 360.2, 377.1, 373.2, 385.1, 389.1, 390.1, 425.1, 442, 449, 777.1, 777.2, 778.3, 780.1, 783.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
15. Qətnamədən cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə nəzərə almamışdır ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Müqavilənin bağlanmasının zəruri şərtlərində biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. İddiaçı cavabdehlə aralarında Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət ərizəsinin verilməsi ilə bağlı tapşırıq müqaviləsini şifahi formada bağlanmasını və cavabdeh tərəfindən ona verilmiş tapşırıq əsasında Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətin tərtib edilərək göndərilməsinin təmin edilməsi, lakin cavabdehin həmin tapşırıq müqaviləsi əsasında alacağı kompensasiya məbləğinin 30%-i həddində xidmət xərci kimi pul vəsaitinin ona ödənilməsini əsas gətirərək hazırki tələblə məhkəməyə müraciət etmişdir. Qeyd edildiyi kimi əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğunun olması vacib şərtdir. Məhkəmə iclasında cavabdeh göstərmişdir ki, o, iddiaçıya Azərbaycan Respublikasının məhkəmələri tərəfindən qəbul edilmiş qətnamədən sonra şikayətinin Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilməsi üçün hazırlanması bardə hər hansı bir tapşırıq verməmiş, şifahi qaydada belə bir müqavilə bağlanmamışdır və Avropa İnsan Hüquqları Məhkəməsində onun xeyrinə tutulacaq kompensasiyanın 30%-i həddində hüquqi xidmət xərci kimi iddiaçıya pul verəcəyinə dair öhdəlik götürməmişdir. bununla yanaşı, şikayətin Avropa İnsan Hüquqları Məhkəməsinə hazırlanıb göndərilməsi ilə bağlı göstərilən hüquqi xidmət xərciin kompensasiyanın 30% həddində müəyyən edilməsi barədə tərəflər arasında hər hansı razılığın əldə olunmasına dair hər hansı mötəbər sübut iddiaçı tərəfindən təqdim olunmamış və belə sübutlar məhkəmə iclasında işə baxılarkən də təqdim edilməmişdir. Məhkəmə həqiqətə nail olma üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmadığından mülki işin baxılması obyektiv aparılmamışdır. Nəticə olaraq, məhkəmənin işin mahiyyətini araşdırmadan və hüquqi qiymət vermədən qətnamə qəbul etmişdir. Bu da ədalət mühakiməsinin təməli olan həqiqətin ortaya çıxarılması prinsipinə zidd olmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
18. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
19. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
20. Maddə 6.2. fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
21. Maddə 14.1 mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
22. Maddə 14.2.1 qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir.
23. Maddə 324.1. əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
24. Maddə 373.2. müqavilə tələbləri üzrə iddia müddəti üç ildir.
25. Maddə 377.1 iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır.
26. Maddə 389.1. mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
27. Maddə 359.1 əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.
28. Maddə 360.1 və 360.2 əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir.
29. Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
30. Maddə 390.1. fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
31. Maddə 425.1 öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
32. Maddə 442 öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
33. Maddə 449.1 özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
34. Maddə 777.1. tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
35. Maddə 777.2 tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.
36. Maddə 778.3. əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir.
37. Maddə 783.1. vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir.
38. Maddə 780.1. vəkalət alan tapşırığı aşağıdakı hallar istisna olmaqla şəxsən özü icra etməlidir: 780.1.1. vəkalət verən onu icranı üçüncü şəxslərə verməyə vəkil etdikdə; 780.1.2. tapşırığın icrasının üçüncü şəxslərə verilməsi şəraitdən irəli gəldikdə; 780.1.3. icranın bu cür verilməsi qəbul olunmuş işgüzar adətlərə uyğun gəldikdə.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə 372.6 apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
42. Maddə 384.0.1. apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
43. Maddə 385.2. birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
44. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
45. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
46. Hazırki halda qətnamə cavabdeh tərəfindən mübahisələndirilərək ləğv edilməsi xahiş edilsə də, iddia tələbi təmin edilməyən hissədə iddiaçı tərəfindən mübahisələndirilmədiyindən qətnamə yalnız iddia tələbinin təmin edilməsi hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3483/2022 saylı 08 sentyabr 2022-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
48. Məhkəmə kollegiyası birinci insansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmaqla qətnaməni yoxlanılan hissədə qanuni və əsaslı hesab edir.
49. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, qanunvericiliyin tələbindən də göründüyü kimi, tapşırıq müqaviləsinin şifahi formada bağlanması nəzərdə tutulmuşdur. Odur ki, tərəflər müqavilənin yazılı formada bağlanmasına ehtiyac olmamasını əsas götürərək, şifahi formada tapşırıq müqaviləsi bağlamışlar.
50. Bundan başqa işin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh iddiaçıya X16 Məhkəməsinə müraciət etməsi ilə bağlı tapşırıq verməməsinə istinad etsə də, ona verilməsi qət edilmiş kompensasiyanı qəbul etmiş və bununla da nümayəndəsi tərəfindən onun adından edilmiş müraciəti bəyəndiyini şəksiz nümayiş etdirmişdir.
51. Kollegiya xüsusi ilə vurğulayır ki, nə birinci instansiya məhkəməsində, nə də apellyasiya şikayətində cavabdeh iddiaçı tərəfindən ona xidmətin göstərilməsini mübahisələndirmir.
52. Tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli hüquqi xidmət haqqında müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə 16 fevral 2015-ci il tarixdən etibarən icraçı öhdəsinə götürdüyü xidmətləri tam həcmdə sifarişçiyə göstərib qurtaranadək bağlanılır. Həmin müqavilənin əsasında İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirərək Cavabdeh Avropa Məhkəməsinə müraciət etməsi üçün lazım olan sənədləri hazırlamış və Avropa Məhkəməsinə müraciət etmişdir.
53. Kollegiya qeyd edir ki, həmin hüquqi xidmət müqaviləsi təkcə ölkədaxili məhkəmə mübahisələrini deyil, həmçinin Avropa Məhkəməsinə müraciət edilməsini də əhatə etmiş, bütün xidmət müddəti üçün bağlanmışdır. Belə ki, müqavilə bağlanarkən tərəflər işin hansı instansiya mərhələsində yekunlaşacağını proqnozlaşdıra bilməzdi. Bu halda, qonarar məbləği işin hansı mərhələdə həllindən asılı olmayaraq ümumi nəticəni nəzərə tutmuş, xidmət göstərən şəxs iş üzrə əldə edəcəyi kompensasiya məbləğinin 30 faizini hüquqşünasa qonarar kimi ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı qeyd edilən hüquqi xidmət haqqında müqaviləyə uyğun olaraq cavabdehin tapşırığı əsasında Cavabdeh Avropa Məhkəməsinə müraciət etməsi üçün lazım olan sənədləri hazırlamış və Avropa Məhkəməsinə müraciət edilmişdir.
54. Kolegiya cavabdeh tərəfindən apellyasiya şikayətinin “müqavilə üzrə xidmətlərin göstərilməsi üçün Cavabdeh buna razılığı olmadan üçüncü tərəf olan vəkilin işə cəlb edilməsi” ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, tərəflər arasında tapşırıq müqaviləsinin bağlandığı dövrdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 69.1-1-ci maddə əlavə olunmamış və vəkilin iştirakı yalnız kassasiya və əlavə kassasiya icraatları zamanı məcburi idi. Belə olan halda, iddiaçı tərəfindən səlahiyyətlərinin vəkilə verilməsi MM-nin 780.1.2-ci maddəsinə uyğun olmuşdur.
55. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə münasibətdə məhkəmə haqlı olaraq hesab etmişdir ki, ərizə əsassız olduğundan təmin edilə bilməz.
56. Belə ki, iş materiallarından göründüyü kimi, Cavabdeh tərəfindən müvafiq kompensasiyanın 2022-ci ilin əvvəllərində alınmışdır və iddiaçı hüququnun pozulduğunu cavabdehə xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunu göndərdikdən sonra bilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən iddia müddəti ötürülmədən məhkəməyə müraciət olunmuşdur.
57. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək haqlı olaraq hesab etmişdir ki, iş materiallarında olan sənədlərdən İddiaçı tapşırıq müqaviləsinin icrası ilə bağlı olan bütün hərəkətləri etməsi, yəni Cavabdeh hüquqi xidmət göstərməsi, onu və digər müvəkkilləri birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrində təmsil etməsi, daha sonra, tapşırıq müqaviləsinin davamı olaraq, cavabdehin adından X16 Məhkəməsinə müraciət olunması və nəticədə həmin Məhkəmə tərəfindən cavabdehin lehinə xx.xx.2021-ci il tarixli qərarın qəbul edilməsinə nail olması, Cavabdeh isə tapşırıq müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi müəyyən olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh tapşırıq müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri icra etməməsi qanunsuz hesab edilməli, cavabdehdən X16 Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı qət edilən ümumi 8500 avro məbləğində pulun 30%-i miqdannda, yəni 2550 avro xidmət haqqı tutularaq iddiaçıya ödənilməlidir.
58. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı yoxlanılan hissədə təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
59. Məhkəmə kollegiyası həmçinin izah edir ki, cavabdehin apellyasiya şikayəti ilə mübahisələdirdiyi hissə 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3483/2022 saylı 08 sentyabr 2022-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.