Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-563/2024 18.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə qarşı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iş üzrə (Açar sözlər: razılaşmanın etibarsız hesab edilməsi və müavinətin tam ödənilməsi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə qarşı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “razılaşmanın etibarsız hesab edilməsi və müavinətin tam ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)-2095/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 829 nömrəli əmək müqaviləsinə əsasən İddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Baş Ofisində Audit departamentinin Daxili Auditin təşkili şöbəsinin daxili auditoru vəzifəsinə işə qəbul edilmişdir;
2. “xx.xx.2011-ci il tarixli, 829 nömrəli əmək müqaviləsinə xitam verilməsinə dair” İşəgötürənlə İşçi arasında bağlanmış xx.xx.2021-ci il tarixli razılaşmaya əsasən tərəflər əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsi ilə müəyyən olunmuş qaydada ləğv edilməsi, işçiyə orta aylıq əmək haqqının 5 misli miqdarında işdənçıxma müavinətinin hesablanması və həmin işdənçıxma müavinətindən vergi qanunvericiliyinə əsasən gəlir vergisi tutulduqdan sonra qalan məbləğin ödənilməsi barədə razılığa gəlmişlər.
3. Əmək müqaviləsinin ləğv edilməsi haqqında xx.xx.2021-ci il tarixli əmrə əsasən İddiaçı ilə bağlanmış xx.xx.2011-ci il tarixli əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən (yaşa görə təqaüdə çıxması səbəbindən) xitam verilmiş, eyni zamanda SOCAR və ANQŞİHİRK arasında 2020-2023-cü illər üçün sahə (tarif) Kollektiv Sazişinin 5.16-cı bəndinə əsasən orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxarma müavinətinin ödənilməsi əmr edilmişdir.
4. xx.xx.2021-ci il tarixli ödəniş tapşırığına əsasən tutulmalar aparıldıqdan (6.140,97 manat), o cümlədən gəlir vergisi çıxıldıqdan sonra (4.789,93 manat) İddiaçı bank hesabına ümumilikdə 17 073,82 manat pul köçürülmüşdür. Əmək müqaviləsinə işçinin təşəbbüsü ilə xitam verilməsi səbəbindən ödənilən müavinətin tam məbləği (gəlir vergisi çıxılmadan) 15.390 manat təşkil etmişdir.
5. Azərbaycan Dövlət Neft Şirkətinin xx.xx.2023-cü il tarixli arayışına əsasən İddiaçı yaşa görə əmək pensiyasına çıxdığına görə hesablanmış orta aylıq əmək haqqının 5 misli məbləğində müavinət 15.390 manat və bu müavinətdən tutulmuş gəlir vergisinin məbləği 3.597,50 manat olmuşdur.
Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli razılaşmanın etibarsız hesab edilməsi və ona ödənilmiş müavinətdən əsassız tutulmuş 3.978,23 manat, mediasiya prosesinin təşkili ilə bağlı ödənilmiş 50 manat, hüquqi yardıma görə ödədiyi 100 manat, cəmi 4.128,23 manat məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, xx.xx.2011-ci il tarixdən xx.xx.2021ci il tarixədək SOCAR-ın Baş ofisində daxili auditor vəzifəsində işləmişdir. Onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xitam verilmişdir. İşdən azad olunması ilə əlaqədar SOCAR və ANQSİHİRK arasında bağlanmış 2020-2023-cü illər üçün Sahə (tarif) Kollektiv Sazişinin 5.16-cı bəndinə (həmin bəndin qəbul edilməsinə əsas olmuş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) və Azərbaycan Neft və X10 Həmkarlar İttifaqı Respublika Komitəsinin (ANQSİHİRK) 57/06-19ə nömrəli, 22 aprel 2009-cu il tarixli əmr-qərarının (həmin əmr-qərara ARDNŞ-nin və ANQSİHİRK-nin 14 avqust 2009-cu il tarixli, 112/07-22ə saylı əmr-qərarı ilə edilmiş dəyişiklik nəzərə alınmaqla) 4-cü bəndinə uyğun olaraq işəgötürənlə bağladığı Razılaşmaya əsasən ona orta aylıq əmək haqqının 5 misli miqdarında, 15.390 manat məbləğində işdənçıxma müavinəti ödənilmişdir. Lakin, həmin məbləğdən qanunsuz olaraq 3.597,50 manat gəlir vergisi, 76,95 manat işsizlikdən sığorta haqqı, 149,88 manat icbari tibbi sığorta haqqı,153,90 manat Həmkarlar İttifaqına üzvlük haqqı (halbuki, işdən azad olunduğu andan həmkarlar təşkilatının üzvü deyil), cəmi 3.978,23 manat tutulmuşdur. O işəgötürənə bildirmişdir ki, işdən çıxma ilə bağlı ödənilən müavinətdən gəlir vergisi və digər məbləğlər tutulmalı deyildir və onu da bildirmişdir ki, Dövlət Neft Şirkətinin sabiq əməkdaşları çoxsaylı iddia tələbləri ilə məhkəməyə müraciət etmişlər və qanuni qüvvəsini almış məhkəmə qərarları ilə onlardan qanunsuz tutulmuş gəlir vergisinin məbləğləri artıq geri qaytarılmışdır. Lakin, cavabdeh ondan artıq tutulmuş məbləğləri ona geri qaytarmamışdır. Ona ödənilmiş işdənçıxma müavinətindən gəlir vergisinin və digər məbləğlərin tutulması qanunsuz və əsassızdır. Buna görə də ona hesablanmış işdənçıxma müavinətindən qanunsuz tutulmuş 3.978,23 manat məbləğ cavabdehdən alınaraq ona qaytarılmalıdır. Qanunvericilikdə nəzərdə tutulmuş pensiya yaşına çatdıqda onun işdən çıxmaq niyyəti olmamışdır, əmək fəaliyyətini davam etdirə bilərdi, “öz təşəbbüsü ilə” yazdığı ərizə iradəsinin sərbəst fikir ifadəsi olmamışdır. İşdən azad olunması barədə ərizəsi ARDNŞ-nin və ANQSİHİRK-nin 57/06-19ə nömrəli, xx.xx.2009-cu il tarixli “ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmillləşdirilməsi haqqında” əmr-qərarında qarşıya qoyulmuş məqsəd və məramlardan irəli gələn işəgötürənin səyinə uyğun olmuşdur. Belə ki, onunla bağlanmış xx.xx.2011-ci il tarixli, 829 nömrəli Əmək müqaviləsinin 9-cu paraqrafında “Əmək müqaviləsinə xitam verilməsi” bəndinin 9.5.1 d) yarımbəndində “İşçi Azərbaycan Respublikasının Qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdıqda bu əmək müqaviləsinə işəgötürən tərəfindən 1 (bir) ay müddətində xitam verilə bilər” yarımbəndi tərəflərin müəyyən etdiyi hal deyil, məhz yuxarıda qeyd olunan əmr-qərarda qarşıya qoyulmuş məqsəd və məramlardan irəli gələn işəgötürənin diktəsi olmuşdur. Göründüyü kimi, qanunvericilikdə nəzərdə tutulmuş pensiya yaşına çatdıqda işdən azad olunması barədə “öz təşəbbüsü ilə” ərizəni yazmaması və ya Razılaşmanı imzalamaması isə əmək müqaviləsinin 9.5.1 d) bəndinə əsasən işəgötürən tərəfindən ləğv edilməsi ilə nəticələnərdi. Qeyd olunanlar onu sübut edir ki, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqaüdə çıxması ilə əlaqədar “öz təşəbbüsü ilə” yazdığı ərizə əsasında xitam verildiyi göstərilsə də, SOCAR işçi heyətindən daha səmərəli istifadə etmək, işçilərin sayının azaldılması məqsədilə müvafiq qərar qəbul etmiş, eyni məzmunlu əmr-qərar vermiş və həmin əmr qərara uyğun olaraq o, işçilərin sayının azaldılması məqsədilə təqaüdə çıxmağı ilə əlaqədar işdən azad olunmuş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Beləliklə, o faktiki olaraq Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə deyil, 70-ci maddəsinin “b” - işçilərin sayı və ya ştatları ixtisar edildikdə bəndi ilə işdən azad olunmuşdur. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işəgötürənlə “bağladığı”, faktiki olaraq isə məcburiyyət qarşısında imzaladığı Razılaşma ilə bağlı qeyd edir ki, işçi əmək münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malikdir. Məhz bu baxımdan həmin Razılaşmanın 1.2-ci,1.4-cü və 2.1-ci (gəlir vergisinin tutulması hissəsində) bəndlərinin qüvvədə olan qanunvericiliyin tələblərinə zidd olmasına baxmayaraq, əmək müqaviləsinə xitam verilərkən həmin Razılaşma onun tərəfindən maddi təminat kimi işdənçıxma müavinəti almaq məqsədilə imzalanmışdır. Həmin Razılaşma etibarsız əqddir. Belə ki, Razılaşmanın 1.2-ci bəndi vətəndaşın işləmək və iş yeri seçmək hüququnu məhdudlaşdırdığı üçün Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 2-ci hissəsinə (İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır.) zidd olduğuna görə; - 1.4-cü bəndi (İşəgötürəni hər hansı iddia və tələblərdən azad edir) AR Mülki Prosessual Məcəlləsinin 4.2-ci bəndinə (Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır.) zidd olduğuna görə; - 2.1-ci bəndi isə ödənilən işdənçıxma müavinətdən gəlir vergisinin qanunsuz və əsassız tutulmasını nəzərə aldığına görə onun üçün arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik deyildir. İşdənçıxma müavinətdən gəlir vergisinin tutulmasının qanunsuz və əsassız olması məhkəmə təcrübəsində də öz təsdiqini tapmışdır. Belə ki, Azərbaycan Respublikasının adından çıxarılmış Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-907/2023 saylı Qətnaməsində məhkəmə kollegiyası qeyd etmişdir: “İddiaçıya ödənilən müavinət Əmək Məcəlləsində nəzərdə tutulmasa da, bu müavinət Əmək Məcəlləsində müəyyən edilmiş işdənçıxma müavinətinə bərabər tutulur. Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinə görə, işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir. DNŞ-nin “əmək müqaviləsinin ləğv edilməsi barədə” əmrində iddiaçıya ödənilən müavinət işdənçıxarma müavinəti” adlandırılıb. Əmək müqaviləsinin ləğv edilməsinin əsası həmin müavinətin statusuna (işdənçıxma müavinəti olmasına) təsir etmir.
8. Məhkəmənin təşəbbüsü ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
9. Cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti iddiaya qarşı yazılı etiraz təqdim edərək, bildirmişdir ki, işəgötürən ilə işçi arasında əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Razılaşmanın 1.3-cü bəndinə əsasən iddiaçı imzası ilə ona ödənilən müavinətdən qanunvericiliyə uyğun olaraq verginin tutulmasına razılıq vermişdir. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Əmək Məcəlləsində əmək müqaviləsinə xitam verilərkən işçinin təminatı kimi, bir neçə hallarda işdənçıxma müavinətinin ödənilməsi nəzərdə tutulur, lakin işəgötürənlə işçi arasında bağlanmış əmək müqaviləsinə işçinin təşəbbüsü ilə xitam verilərkən hər hansı işdənçıxma müavinətinin ödənilməsi müəyyən edilməyib. Buna baxmayaraq SOCAR-da işləyən şəxslərin maddi rifah halının yaxşılaşdırılması məqsədi ilə işçi pensiya yaşına çataraq əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənə müraciət etdikdə, yuxarıda qeyd edilən X8 tələblərinə uyğun olaraq ona orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin ödənilməsi müəyyən edilmişdir. İddiaçının əmək müqaviləsinə ƏM-in 69.3-cu maddəsi ilə xitam verilərkən ona yuxarıda qeyd edilən Sazişin tələblərinə uyğun olaraq orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət ödənilmişdir. Həmin müavinət ödənilərkən işəgötürən tərəfindən qanunvericiliyin və tərəflər arasında imzalanmış yuxarıda qeyd edilən razılaşmanın tələblərinə uyğun olaraq işçidən gəlir vergisi tutulmuş və ödənişlər aidiyyəti üzrə aparılmışdır. İddiaçının iddia etdiyi məbləği də SOCAR öz hesabına deyil, dövlət büdcəsinə köçürmüşdür. Buna səbəb isə Azərbaycan Respublikası vergi qanunvericiliyinin tələbidir. İş üzrə ödənilmiş müavinətin vergidən azad olunması qanunvericiliklə nəzərdə tutulmamışdır. Tərəflər arasında bağlanmış Razılaşma da qanunvericiliyin tələblərinə uyğundur və iddiaçı öz imzası ilə həmin razılaşmanın bağlanılmasına iradə ifadəsini bildirmişdir. Bu səbəbdən, iddiaçının tələbi tamamilə əsassızdır. Bununla yanaşı, iddiaçı qanunvericiliklə bu mübahisələrlə bağlı müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Belə ki, əlavə edilmiş sənədlərdən göründüyü kimi, iddiaçının əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. SOCAR-ın əmək kitabçalarının və əmək kitabçasına əlavə içliyinin uçotu və hərəkəti kitabında aparılmış qeydlərə əsasən iddiaçı əmək müqaviləsinə xitam verildiyi gün əmək kitabçasını götürmüşdür. Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İddiaçıya əmək kitabçası xx.xx.2021-ci il tarixdə verilmişdir. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş ilkin mediasiya sessiyasında (İSM) iştirak edilməsi ilə barədə arayışa əsasən isə o, xx.xx.2023-cü il tarixdə ərizə ilə Mediasiya təşkilatına müraciət etmişdir. Əmək kitabçası ona rəsmi verildiyi tarixdən 1 il iki aydan artıq vaxt keçdikdən sonra iddiaçı məhkəməyə müraciət etmiş, bununla da bu mübahisələrlə bağlı müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsini xahiş etmişdir.
10. Müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti də iddiaya qarşı yazılı etiraz təqdim edərək, bildirmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyi Əmək Məcəlləsinin 69-cu maddəsində işəgötürən tərəfindən işdənçıxarma müavinətinin ödənilməsi nəzərdə tutulmadığından, iddiaçıya həmin Məcəllənin 77-ci maddəsində nəzərdə tutulmuş işdənçıxarma müavinətinin ödənilməsindən söhbət gedə bilməz. Belə olan halda, işəgötürən tərəfindən iddiaçıya ödənilmiş orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin hüquqi xarakter baxımından işdənçıxarma müavinəti olmadığından gəlir vergisinə cəlb edilməməli olduğuna və həmin məbləğdən qanunsuz olaraq vergi tutulduğuna dair gətirdiyi dəlillər əsassızdır. Qanunvericilikdə konkret olaraq hansı növ müavinətlərin və ya ödənişlərin gəlir vergisindən azad olunduğu göstərilmiş və Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində göstəriləndən başqa digər növ gəlirlərə həmin azadolmaların şamil edilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Başqa sözlə, vergi qanunvericiliyinə görə bilavasitə işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq, yəni Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işçilərə ödənilən müavinət gəlir vergisindən azad olsa da, həmin maddədə məhz işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi əsasları göstərilmişdir ki, iddiaçıya münasibətdə bu əsaslardan heç biri mövcud olmamışdır. Hazırkı işdə həlledici məsələ ondan ibarətdir ki, iddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən xitam verildiyini və eyni zamanda ona verilən müavinətin işdənçıxma müavinəti olduğunu bildirir. Halbuki Əmək Məcəlləsinin 69-cu maddəsi əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası barədə normaları nəzərdə tutur, bu isə öz növbəsində işdənçıxarılma və bununla bağlı hər hansı müavinətin ödənilmə halını istisna edir. İddiaçı ilə işəgötürən arasında mövcud olmuş əmək münasibətlərinə xitam verilməsində əsas Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi, yəni tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi olmuşdur. Bir sözlə, yuxarıda qeyd olunanlardan aşkar şəkildə göründüyü kimi iddiaçının əmək müqaviləsinə işçilərin sayının azaldılması əsası ilə deyil, işçinin öz ərizəsi əsasında təqaüdə çıxması ilə əlaqədar xitam verilmişdir. Hazırkı halda isə işəgötürən tərəfindən iddiaçıya ödənilmiş təminat Əmək Məcəlləsinin qeyd olunan tələblərindən irəli gəlməmiş, eləcə də əmək münasibətlərinə həmin Məcəllənin 70ci maddəsinin “b” bəndi əsasında deyil, 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi əsasında xitam verilmişdir. Bununla da iddiaçıya ödənilən vəsaitdən gəlir vergisinin tutulması tam qanunamüvafiq olmuşdur. Bu baxımdan Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinə əsaslanmaqla Vergi Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmayan vergi azadolmasının tətbiqi düzgün hesab edilə bilməz. Halbuki, Vergi Məcəlləsinin 2.4-1-ci maddəsinə əsasən vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız həmin Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllədən başqa digər normativ hüquqi aktlarda, o cümlədən həmin Məcəllənin 2.4-cü maddəsində (bu Məcəllənin 2.4.9-cu maddəsi istisna olmaqla) göstərilən normativ hüquqi aktlarda vergi azadolmaları və güzəştləri ilə bağlı müddəalar nəzərdə tutula bilməz. Göründüyü kimi, İddiaçı ödənilmiş orta aylıq əmək haqqının beş misli məbləğində müavinətdən gəlir vergisinin tutulması tamamilə qanunamüvafiq olmuş, iddiaçı tərəfindən məhkəməyə əksini göstərən mötəbər sübutlar təqdim edilməmiş, iddia ərizəsi isə əsaslandırılmamışdır.
11. İddiaçı məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, ona ödənilən müavinət Əmək Məcəlləsində nəzərdə tutulmasa da, bu müavinət Əmək Məcəlləsində müəyyən edilmiş işdənçıxma müavinətinə bərabər tutulur. İşdənçıxma müavinətindən gəlir vergisinin tutulmasının qanunsuz olması qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə təsdiq edilmişdir. Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Onunla işəgötürən arasında olan münasibətlər əmək münasibətləri olsa da, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar ona ödənilən müavinət artıq onun mülkiyyəti hesab olunur və mülkiyyətçinin hüquqlarının aradan qaldırılması ilə bağlı tələblərə iddia müddəti tətbiq edilmir. Digər tərəfdən, etibarsız hesab edilməsi tələbini qoyduğu Razılaşma Konstitusiyada nəzərdə tutulmuş insan hüquqlarını pozur (maddə 35.2). Belə olan halda hazırkı iddiaya iddia müddəti tətbiq edilə bilməz.
12. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)- 2095/2023 saylı qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə qarşı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “razılaşmanın etibarsız hesab edilməsi və pulun tutulması” tələbinə dair iddiası təmin edilməmişdir. (hakim X5)
13. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək bildirmişdir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsinə dair razılaşma bağlanmış, həmin razılaşmada həm işçinin, həm də işəgötürənin əmək müqaviləsinin xitamına yönəlmiş iradə ifadəsi aydın şəkildə öz əksini tapmışdır. İddiaçı imzası ilə təsdiq etdiyi həmin razılaşmanın onun iradəsi daxilində bağlanmadığını bildirsə də, bu halı təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, eləcə də razılaşmanın aldatma və ya təzyiq altında bağlandığı müəyyən edilməmişdir. Əmək müqaviləsinin ləğv edilməsi işçinin ərizəsi, yəni iradə ifadəsi əsasında və qanunvericiliyin müddəalarının pozulmaması ilə həyata keçirilirsə, ləğvetmə baş tutduqdan sonra onun etibarsız edilməsi ilə bağlı müraciətin hüquqi əsası artıq mövcud olmur. Qeyd edilənlər baxımından məhkəmə hesab etmişdir ki, iddia tərəflər arasında bağlanmış razılaşmanın etibarsız hesab edilməsi hissəsində təmin edilə bilməz. Tərəflər arasında bağlanmış razılaşmada ödənişlərlə bağlı verginin tutulub-tululmamasının müəyyən edilməsindən asılı olmayaraq, müvafiq məsələ yalnız vergi qanunvericiliyinə uyğun həyata keçirilə bilər. Vergi qanunvericiliyinə zidd qaydalar müəyyən edən razılaşma isə etibarsızdır. Tərəflərin razılaşmasında iddiaçıya ödənilən məbləğ işdənçıxma müavinəti adlandırılsa da, bu Əmək Məcəlləsi ilə müəyyən edilmiş hallarda işçiyə ödənilməli olan “işdənçıxma müavinəti” anlayışı ilə əhatə olunmur. Belə ki, Əmək Məcəlləsində yalnız 70-ci maddənin “a” və “b” bəndləri ilə əmək müqaviləsi ləğv edilərkən işçiyə işdənçıxma müavinətinin ödənilməsi nəzərdə tutulmuşdur. Təqaüdə çıxması ilə əlaqədar müəssisənin sərbəst mənfəəti hesabına işçiyə verilən müavinətlər isə işçinin vergilərin müəyyən edilməsi, vergidən azadolma və güzəştlərin tətbiq edilməsi yalnız sahəvi qanunvericilik olan Vergi Məcəlləsi ilə nəzərdə tutula bilər. Həmin Məcəllənin müəyyən etdiyi qaydalardan kənar hər hansı bir şəxsdən vergi tutulmasına və ya onun vergidən azad edilməsinə yol verilmir. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsində “işdənçıxma müavinətindən məbləğlərin tutulmasına yol verilmir” müddəası qeyd olunsa da, bu müddəa vergi qanunvericiliyinin tələblərinin pozulmasına, ondan kənar vergidən azadolma halının müəyyən edilməsinə səbəb ola bilməz. Cavabdeh-işəgötürən, iddiaçıya ödənilən vəsaitdən gəlir vergisini tutmaqla hər hansı qanun pozuntusuna yol verməmişdir və hazırki halda dövlət büdcəsi xeyrinə tutulmuş vəsaitin cavabdeh tərəfindən geri qaytarılması üçün əsas yoxdur. Digər tərəfdən birinci instansiya məhkəməsi o halı da qeyd etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaləsinə xx.xx.2021-ci il tarixində xitam verilmiş, həmin gün əmək kitabçası təqdim edilmiş və son haqq-hesab, eləcə də vergi çıxıldıqdan sonra yerdə qalan əmək haqqının 5 misli miqdarında pul vəsaiti iddiaçının hesabına köçürülmüşdür. İddiaçı isə mediasiya prosesinə xx.xx.2023-cü il tarixdə başlamaqla iddia müddətini ötürmüşdür. İddiaçının pul vəsaiti onun mülkiyyəti olduğundan iddia müddətinin tətbiqinin yolverilməzliyi ilə bağlı dəlili isə əsassız olmaqla, mülki və əmək qanunvericiliyi ilə müəyyənləşdirilmiş iddia müddəti institutunun mahiyyəti ilə ziddiyyət təşkil edir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci, 69cu, 70-ci, 75-ci, 175-ci, 296.2-ci, 296.4-cü maddələrinə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 2.4-1-ci, 2.4-cü, 98.1-ci, 102.1.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
15. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq bildirmişdir ki, onunla bağlanmış xx.xx.2011-ci il tarixli, 829 nömrəli Əmək müqaviləsinin 9-cu paraqrafında “Əmək müqaviləsinə xitam verilməsi” bəndinin 9.5.1 d) yarımbəndində “İşçi Azərbaycan Respublikasının Qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdıqda bu əmək müqaviləsinə işəgötürən tərəfindən 1 (bir) ay müddətində xitam verilə bilər” yarımbəndi tərəflərin müəyyən etdiyi hal deyil, məhz cavabdehin müvafiq əmr-qərarında qarşıya qoyulmuş məqsəd və məramlardan irəli gələn işəgötürənin diktəsi olmuşdur. Göründüyü kimi, qanunvecilikdə nəzərdə tutulmuş pensiya yaşına çatdıqda işdən azad olunmağı barədə “öz təşəbbüsü ilə” ərizəni yazmamağı və ya Razılaşmanı imzalamamağı isə əmək müqaviləsinin 9.5.1 d) bəndinə əsasən işəgötürən tərəfindən ləğv edilməsi ilə nəticələnərdi. İşəgötürənin diktəsi ilə imzalanmış Razılaşmanın 2.1-cü bəndi isə ödənilən işdənçıxma müavinətdən gəlir vergisinin qanunsuz və əsassız tutulmasını nəzərə aldığına görə onun üçün arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik deyildir. Qeyd olunanlar sübut edir ki, sözügedən Razılaşma məhz işəgötürənin təzyiqi altında onun tərəfidən imzalanmışdır. Həmin Razılaşma etibarsız əqddir. Belə ki, Razılaşmanın 1.2-ci bəndi vətəndaşın işləmək və iş yeri seçmək hüququnu məhdudlaşdırdığı üçün Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 2-ci hissəsinə, 1.4-cü bəndi AR Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə, zidd olduğuna, 2.1-ci bəndi isə ödənilən işdənçıxma müavinətdən gəlir vergisinin qanunsuz və əsassız tutulmasını nəzərə aldığına görə onun üçün arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik deyildir. İşdənçıxma müavinətdən gəlir vergisinin tutulmasının qanunsuz və əsassız olması məhkəmə təcrübəsində də öz təsdiqini tapmışdır. Əmək müqaviləsinin ləğv edilməsinin əsası həmin müavinətin statusuna (işdənçıxma müavinəti olmasına) təsir etmir. Yuxarıda qeyd olunanlara əsasən işə əlavə edilmiş Razılaşma etibarsız əqddir və məhkəmə tərəfindən onun etibarsız hesab edilməsi əsaslıdır. Onunla bağlanılmış əmək müqaviləsinə xitam verildikdən sonra ona orta əmək haqqı məbləğinin 5 misli məbləğində müavinət verilməsi hazırki işin mübahisəsiz halındandır. Onunla olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.3-cü maddəsi ilə yaşa görə təqaüdə çıxması ilə öz təşəbbüsü ilə rəsmiləşdirilmiş olsa da, faktiki olaraq əmək müqaviləsinə xitam verilməsinin əsası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə işçilərin ixtisar edilməsi və sayının azaldılması olmuşdur. Bu fakt onun izahatı və işin halları ilə təsdiq olunur. Əmək Məcəlləsinin 175.4-cü və Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinin tələblərinə əsasən iddiaçı ilə olan əmək müqaviləsinə işçilərin sayının azaldılması əsası ilə xitam verildiyindən və müvafiq əsasdan işdənçıxma üçün verilən müavinət Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində təsbit edilmiş və gəlir vergisindən azad edilən müavinətlər sırasına daxil olduğundan, ona ödənilən və əmək haqqı məbləğinin beş misli miqdarında olan müavinətdən vergi tutula bilməz. Cavabdeh özü də“əmək müqaviləsinin ləğv edilməsi barədə” xx.xx.2021-ci il tarixli əmrində, habelə işə əlavə edilmiş Razılaşmanın 2.1-ci bəndində ona ödənilən müavinəti “işdənçıxma müavinəti” adlandırılıb. Birinci instansiya məhkəməsi isə işgötürənlə olan Razılaşmanın etibarsız əqd olmasını əsaslandırdığı dəlilləri aydınlaşdırmamışdır. Məhkəmə aydınlaşdırmamışdır ki, “öz təşəbbüsü ilə” yazdığı ərizə onun iradəsinin sərbəst ifadəsi olmamışdır. İşdən azad olunmağı barədə ərizə işə əlavə olunmuş və hazırda qüvvədə olan ARDNŞ-nin və ANQSİHİRK-nin 57/06-19ə nömrəli, 22 aprel 2009-cu il tarixli “ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmillləşdirilməsi haqqında”əmr-qərarında qarşıya qoyulmuş məqsəd və məramlardan irəli gələn işəgötürənin səyinə uyğun olmuşdur. Hazırki işin halları baxımından ona ödənilmiş müavinətdən gəlir vergisinin tutulması üçün əsasların müəyyən edilməsi halında (əgər həmin müavinətdən həqiqətən də vergi tutulmalıdırsa), bu işçidən yox, həmin sazişi bağlamış (sazişi bağlamaq işəgötürənin hüququdur) əmək müqaviləsinin güclü tərəfi olan və həmin maliyyə və vergi yükü ilə bağlı riskləri görən işəgötürəndən tutula bilərdi.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin, iddia ərizəsinin və birinci instansiya məhkəməsində təqdim etdiyi ərizənin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
19. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinə qarşı etirazın məzmununa uyğun izahat vermiş və iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünü də vurğulamaqla apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
20. İştirak etdiyi məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X7 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinə qarşı etirazın məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 3.7-ci maddəsinə əsasən kollektiv saziş - müvafiq icra hakimiyyəti orqanı, həmkarlar ittifaqlarının və işəgötürənlərin birlikləri arasında bağlanan, işçilərin əmək şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsi, məşğulluğun təmin edilməsi və digər sosial müdafiə tədbirlərinin həyata keçirilməsi sahəsində birgə fəaliyyətə dair tərəflərin öhdəliklərini müəyyən edən razılaşmadır; 7.1-ci maddəsinə əsasən işçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir; 7.3-cü maddəsinə əsasən kollektiv müqavilələrdə, sazişlərdə, habelə əmək müqavilələrində əmək qanunvericiliyinə nisbətən daha geniş əlavə əmək, sosial, iqtisadi, maddi-məişət və digər münasibətləri əhatə edən əmək şəraiti nəzərdə tutula bilər; 69-ci maddəsinin 3-cü bəndinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər; 75-ci maddəsinin birinci hissəsinə və ikinci hissəsinin “a” bəndinə əsasən tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. Əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı şərti nəzərdə tutula bilər. Həmin maddənin 4-cü hissəsinə görə əmək müqaviləsinə ona xitam verilməsi barədə tərəflərin nəzərdə tutduqları hallar bu Məcəllənin 2-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş işçinin və işəgötürənin hüquqlarının təminatı prinsiplərinə zidd olmamalıdır; 175-ci maddəsinin 4-cü hissəsinə əsasən işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir; 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür; 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.
22. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, hüquqi şəxsin, onun filialı və ya nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə, habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır.
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır.
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
26. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
27. Hazırki apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.
29. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən vurğulayır ki, cavabdeh təşkilatda işləmiş iddiaçı pensiya yaşına çatması ilə əlaqədar öz ərizəsi ilə işdən azad edilmiş, bununla bağlı əmrdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və Azərbaycan Neft və X14 Həmkarlar İttifaqı Respublikası Komitəsinin 2020- 2023-cü illər üçün Sahə (tarif) Kollektiv Sazişinin 5.16-cı bəndinə əsasən ona orta əmək haqqının 5 misli məbləğində müavinətin verilməsi də göstərilmişdir. Əmrə uyğun olaraq iddiaçıya əmək haqqının 5 misli məbləğində müavinət verilmiş və bu məbləğdən tutmalar aparılmışdır. Hazırda iddiaçı ona ödənilən müavinətin vergidən azad olunmuş müavinətlər sırasına daxil olduğunu göstərərək, müavinətin tam məbləğdə ödənilməsini tələb edir. Cavabdeh isə iddiaçı tərəfindən iddia tələbinin irəli sürülməsi üçün əmək qanunvericiliyi ilə müəyyənləşdirilmiş iddia müddətinin ötürüldüyünü bildirir.
30. Məhkəmə kollegiyası iş materiallarında cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinin olduğunu və həmin ərizənin də apellyasiya şikayətində mübahisələndirildiyini nəzərə alaraq ilk növbədə hazırki iddia tələbinə iddia müddətinin tətbiq edilib-edilməməsi aspektindən qiymət verilməli olduğunu zəruri hesab edir.
31. Bu konteksdə məhkəmə kollegiyası qeyd edir ki, iddia müddəti institutu hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.
32. Qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə xx.xx.2009-cu il tarixli qərarı).
33. Atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə xx.xx.2000-ci il tarixli qərar).
34. Hazırki mülki iş materiallarından görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdə işdən azad edilmiş və həmin tarixdə də onunla son haqq-hesab aparılmış və Kollektiv Sazişə əsasən müavinət ödənilmişdir. İş materiallarında olan “Əmək kitabçalarının hərəkət junalı”ndan da göründüyü kimi, cavabdeh qurum tərəfindən iddiaçıya əmək kitabçası xx.xx.2021-ci il tarixdə təhvil verilmişdir. Lakin buna baxmayaraq, iddiaçı 1 il 2 ay 25 gün (xx.xx.2023-cü il) sonra hazırki iddia tələbinin predmetini təşkil edən hal üzrə mediasiya təşkilatına müraciət etmişdir.
35. Azərbaycan Respublikası Əmək Məcəlləsinin yuxarıda istinad olunan müddəalarına əsasən əmək mübahisələri üzrə pul iddiaları şəxsin hüququnun pozulduğunu bildiyi gündən 1 il ərizndə qaldırıla bilər. Şəxsin hüququnun pozulduğunu bildiyi gün olaraq isə qanunverici şəxsə əmək kitabçasının, əmək müqaviləsinə xitam verilməsi barədə ərizənin və ya son haqq-hesab sənədlərinin verildiyi tarixi hesab edir.
36. Hazırki konteksdə iddiaçıya əmək kitabçası və son haqq-hesab sənədləri xx.xx.2021-ci il tarixdə verildiyindən, iddiaçı isə xx.xx.2023-cü il tarixdə iddia tələbi ilə bağlı mediasiya prosesinə başladığından məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçı iddia tələbinin irəli sürlüməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür.
37. Məhkəmə kollegiyası iddia müddətinin tətbiq edilməsi barədə ərizənin olmaması barədə apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, işə birinci instansiya məhkəməsində baxıldığı zaman cavabdehin nümayəndəsi iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək, həmin etirazda iddia müddətinin ötürülməsi məsələsini də qaldırmış və iddia müddətinin tətbi edilməsini xahiş etmişdir (i.v. 64-67). Qanunvericilik iddia müddətinin tətbiqi barədə cavabdeh tərəfin ərizə ilə müraciətindən sonra iddia müddətini tətbiq etməsini qeyd edərkən məsələyə hərfi mənada və zahiri konseptdən yanaşmamışdır. Başqa sözlə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinin ağlabatan mühakiməsi ondan ibarətdir ki, məhkəmə öz təşəbbüsü ilə deyil, cavabdehin iddia müddətinin ötürülməsi faktını qavraması nəticəsində həmin fakt üzrə tələb irəli sürülməsinin qeyri-mümkünlüyü barədə yazılı müraciəti əsasında iddia müddətini ötürülmüş hesab edib bu əsala iddianı rədd edə bilər. Başqa sözlə,i bu barədə müraciətin yazılı ərizə formasında olması əhəmiyyət kəsb edir və iddia müddətinin tətbiqi təşəbbüsü ilə cavabdeh tərəf çıxış etməlidir. Bu da mülki prosessual qanunvericiliyin təməl prinsipləri olan ədalətlilik və çəkişmə prinsipinin gözlənilməsinə xidmət edir. Qanunvericiliyin bu tələblərinə də cavabdeh tərəfindən əməl edilmiş və iddia müddətinin tətbiq edilməsi məsələsi iddiaya qarşı yazılı etirazda öz əksini tapmışdır.
38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlillərinə münasibətdə qeyd edir ki, iddia tələbi üzrə iddia müddəti ötürülmüş hesab edildiyindən və bu hal iddianı rədd etməsi üçün əsas olduğundan apellyasiya şikayətinin digər dəlilləri öz hüquqi mahiyyətini itirmiş olur. Bu səbəbdən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin digər dəlillərinə münasibət bildirilməsinə hər hansı hüquqi zərurət yoxdur.
39. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas vermir. Bu səbəbdən apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır.
40. Məhkəmə kollegiyası vurğulayır ki, hazırkı iş üzrə iddianın qiyməti məbləğ etibarı ilə 5.000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.
41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)- 2095/2023 saylı qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.