Məhkəmə qərarları › İş №2(103)-5630/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5630/2021

21.06.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5630/2021 21.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, İddiaçı, iddiaçının vəkili X3, cavabdehin nümayəndəsi vəkil X4, müstəqil tələb irəli sürməyən 3-cü şəxs X6 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-378/2021 nömrəli saylı işi üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı "evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən cavabdehlə birgə nikah dövründə əldə etdikləri ünvan 1 ünvanında ("Ballı” marketin arxası) yerləşən evə köçürülmə hüququnun tanınması və istifadə qaydalarının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində müəyyən edilmişdir ki: cavabdehin nümayəndəsi və vəkili X8 iddianı qəbul etməyərək məhkəməyə ünvanladığı iddia tələbinə etirazında iddiaçının bu cür iddia tələbi irəli sürmək üçün subyektiv hüququ mövcud deyil. Subyektiv hüququn olmadığı şəraitdə iddia rədd edilməlidir. Mübahisə tikili daşınmaz əmlak kimi dövlət reyestrində qeydə alınmasa da tikilinin yerləşdiyi torpaq sahəsinə dair cavabdehin valideynləri ilə bağanmış müqavilə və tikilinin gələcəkdə dövlət qeydiyyatına alınması ehtimalı onu deməyə əsas verir ki, cavabdehin valideynləri daşınmaz əmlak üzrə qanuni gözləntiyə sahib olmaqla tikilinin potensial mülkiyyətçiləridir. İddiaçının həmin sahəyə tələbi isə cavabdehlə yanaşı həmin tikiliyə dair daha çox qanuni gözləntiyə malik digər şəxslərin, yəni cavabdehin valideynlərinin maraqlarına uyğun olmamaqla, onların hüquqlarının pozulmasına səbəb olacaqdır. Daşınmaz əmlaka hüququn qeydə alınmaması həmin əmlakın ərsəyə gəlməsi üçün vəsait xərcləmiş şəxslərin hüquqlarının hər hansı formada pozulması və yaxud məhdudlaşdırılmasına əsas ola bilməz. Tikinti birgə təsərrüfat hesabına inşa edilmədiyindən və iddiaçının həmin sahəyə dair heç bir hüququ olmadığından, həmin sahə ilə bağlı hər hansı gözləntiyə də malik deyil. Bu isə iddianın rədd edilməsi üçün əsasdır (səh.79); "xxxx” ASC tərəfindən verilmiş 10.11.2020-ci il tarixinə İddiaçı adına olan hesabdan çıxarışa əsasən, sonuncu Bankdan 3800 manat məbləğində kredit götürmüşdür (səh.88); "xxxx” BOKT MMC və İddiaçı arasında bağlanmış 19.06.2012-ci il tarixli kredit müqaviləsi üzrə hesabdan çıxarışdan və müqavilənin predmetinə əsasən, kredit verən tərəfindən İddiaçı 6300 ABŞ dolları məbləğində, 36 ay müddətinə, illik 17%-lə "Opel Vectra-minik” markalı avtomobilin alınması üçün, həmin avtomobilin girov qoyulması şərtilə kredit verilmişdir (səh.93); "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin 23.05.2017-ci il tarixli, 12/16934 saylı müqaviləsinə əsasən, ünvan 1, ev 3, mənzil 12-də yaaşayan istehlakç X9 və qaz paylayıcı arasında istehlakçının keyfiyyətli qazla təmin edilməsi və qazın dəyərinin ödənilməsi məqsədilə müqavilə bağlanılmışdır (səh.55); "xxxx” ASC və "xxxx” ASC tərəfindən verilmiş aylıq hesab fakturalarına əsasən, ünvan 1 küçəsində yerləşən evin müvafiq kommunal ödəniş qəbzləri X5 adına olmuşdur (səh.30-33); məhkəmə iclasında şahid kimi izahatı alınmış X15 bildirmişdir ki, X6 qardaşı ilə birlikdə işləyir. 2012-ci ildə iş yoldaşı ona qardaşının ev tikdirdiyi və usta lazım olduğunu demiş, o bununla razılaşaraq Suraxanıya, evin yerləşdiyi əraziyə getmişdir. Həmin vaxt ev yarımtikili olmuş, dam olsa da pəncərə-qapı olmamışdır. Ona isə evin istilik sisteminin quraşdırılması tapşırılmışdır. Sonda işinin müqabilində Aslan ona 600 manat məbləğində pul vermişdir. Tərlanı isə Aslanın kürəkəni kimi tanımış, lakin ondan nə pul, nə də hansısa tapşırıq almamışdır (səh.72); məhkəmə iclasında şahid kimi izahatı alınmış X12 bildirmişdir ki, o Aslan Göyçayevi televizor ustası kimi tanımışdır. Belə ki, Aslanın iş yeri onun evinin yaxınlığındadır. Eyni zamanda, özü də ustadır və evlərin tikintisi zamanı dam, suvaq vurmaqla məşğuldur. 2012-ci ilin payız aylarında Aslan ona ev tikdirdiyini, dam üçün usta lazım olduğunu demişdir. Onlar 700 manata razılaşmış, 2012-ci ilin sonlarında damı vurmuşdur. Həmin vaxtlar havanın soyuq olduğu və soba ilə qızındıqları yadında qalıb. Aslanın kürəkəni Tərlanı isə heç görməmişdir (səh.72); məhkəmə iclasında şahid kimi izahatı alınmış X20 bildirmişdir ki, İddiaçı onun oğludur. 20 il əvvəl anası ilə ayrılmışdır. Buna baxmayaraq, təxminən 10 il əvvəl nişanlısı ilə yanına gəlmiş, onları xoş qarşılamış, toyunu özü etmişdir. Göyçayev Aslan isə oğlunun qayınatası olmuşdur. O, 2012-ci ildə özünə ev tikmişdir. Onun öz oğlu Tərlan isə borcun içində olmuş, ev tikməyə pulu olmamışdır. Elə buna görə də Aslanın ona yazığı gəlmiş, qızı ilə onun evində yaşamasına icazə vermişdir. Həmin vaxt oğlu Tərlan özü ona demişdir ki, qayınatası ev tikir. Beləliklə, oğlu olmasına baxmayaraq, evi Tərlan yox, Aslan tikmişdir (səh.73); məhkəmə iclasında şahid kimi izahatı alınmış X1 bildirmişdir ki, o, Aslanla qonşudur. Tərlan isə Aslanın kürəkəni kimi tanımışdır. Mübahisəli evin tikintisində o da iştirak etmişdir. Belə ki, evin kafel-metlaxını və divar kağızını özü vurmuşdur. Nə qədər pul aldığı yadında qalmasa da pul haqq-hesabını yalnız Aslanla aparmış, pulu da Aslandan almışdır. Tərlanla bu mövzuda heç bir danışığı olmamışdır (səh.74); məhkəmə iclasında şahid kimi izahatı alınmış X19 bildirmişdir ki, həm Tərlanı, həm də Aslanı qonşu kimi tanıyır. İddiaçı Tərlan Aslanın qızı ilə evlidir. Onların yaşadıqları binanın qarşısında Aslan ev tikdirmişdir. Özü də bu evin tikintisində fəhlə kimi 1-2 gün işləmiş, 50 manat pul almışdır. Həmin vaxt Tərlanı görməmişdir. O vaxt Şahin ona demişdir ki, həyət də, ev də Aslanındır (səh.74). Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-378/2021 nömrəli saylı işi üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi rədd edilmiş, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, Suraxanı Rayon Məhkəməsinin 2(010)-378/2021 saylı, 10.02.2021-ci il tarixli qətnaməsini apellyasiya qaydasında ləğv edib, iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 43, 71-ci maddələrinə; İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qroşev Rusiyaya qarşı iş üzrə 20 oktyabr 2005-ci il tarixli qərarına; İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçrəyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarına; İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “X7rşı” iş üzrə 2002-ci il tarixli qərarına; İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Boniş Avstriyaya qarşı” iş üzrə 1985-ci il tarixli qərarına; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə; MPM-in 4-cü maddəsinə istinadən qeyd edilmişdir ki, 11.01.2011-ci il tarixdə Cavabdeh ilə el adəti ilə evlənmiş və nikahları 1691 nömrəsi ilə rəsmi qeydiyyata alınıb, birgə nikah dövründə 2 övladı 18.10.2012-ci il təvəllüdlü X16 və 12.11.2019-cu il təvəllüdlü X17 doğulmuşdur. Evlənəndən sonra 2 ay müddətində anasının yanında qaldıqdan sonra bir müddət kirayədə qalmışlar və birgə nikah dövründə həyat yoldaşı ilə birlikdə “Silk Way” Helikopter şirkətində o, texnik, yoldaşı isə mühəndis vəzifəsində işləyərək maaşlarını yığıb, mənə məxsus olan OPEL Vektra markalı avtomobili satıb, bankdan 3000 manat və 4000 manat ona kredit götürüb 2013-cü il tarixində ünvan 2 ünvanında (Ballı marketin arxası) boş ərazidə özbaşına tikili fərdi yaşayış evini tikərək həyat yoldaşı Cavabdeh ilə orada 8 il müddətində yaşamışdır. Həmin dövrdə yaşadığı yerə yaxın sənədsiz, baxımsız ərazidə bir çox ailələr ev tikirdi, onlar da həmin kəndin sakini kimi indi yaşadıqları yəni ünvan 2 ünvanında (Ballı marketin arxası) ev tikdirdilər. Həmin evin tikintisinə onlar 2013-cü ilin mart- aprel aylarında başladılar və 5-6 ay ərzində evin tikintisini başa çatdırıb ora köçdülər. Qaynı 4 il bundan əvvəl evləndi və onların qaynatası və qaynana ilə yaşamaları mümkün olmadığından onlar onlara evlərinin arxa tərəfində yer verdilər, lakin bu hərəkətin düzgün addım olmadığını sonradan başa düşdü, öz oğullarının canı qurtarsa da onun başı onlarla dərdə düşdü və artıq 1 ildir ki, onun gününü qara edir, qızlarını ona qarşı qızışdırır, hər bir şeyə müdaxilə edir, bu yolla onu bezdirdilər və sonda onu öz evindən qovdular. Halhazırda o, öz qohumunun evinə sığınmaq məcburiyyətində qalmışdır. Başqa yaşayış yeri yoxdur. Bu səbəbdən də, birgə nikah dövründə əldə etdiyi öz yaşadığı “evə köçürülməsini” məhkəmədən xahiş edir. Təəssüflər olsun ki, birinci instansiya məhkəməsi tərəfindən işə obyektiv qiymət verilməmişdir. Məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Odur ki, bu tip mübahisələr həll edilərkən mənzildən məhrumedilənin deyil, mənzildən məhrumedənin mənzilə hüququnun olub-olmadığı araşdırılmalı, buna əsasən mübahisə həll edilməlidir. Əgər məhrumedənin mənzilə hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılmalı, qanunsuz məhrumetmənin nəticələri aradan qaldırılmalı, məhrumedilən mənzilə köçürülməlidir. Qanunvericiliyin göstərilən normalarından görünür ki, onun mübahisəli mənzilə dair cavabdehlə eyni hüquqları var. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili X10 apellyasiya şikayətini müdafiə edərək, tərəflərin 2011-ci il tarixdə ailə qurduqlarını, iddiaçının valideynlərinin evində qaldıqlarını, sonra münasibətləri alınmadığı üçün 1 il başqa evdə kirayə yaşadıqlarını, sonradan ünvan 2 ünvanında (Ballı marketin arxası) boş ərazidə özbaşına tikili fərdi yaşayış evi tikdiklərini, orada 8 il birlikdə yaşadıqlarını, evin təmir işlərində yaxşılaşdırmalarında hər ikisinin iştirak etdiyini, 2 qız övladlarının olduğunu, hər ikisinin yüksək əmək haqqı aldıqlarını, nikahlarının artıq pozulduğunu bildirmiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, avtomobilini sataraq və bankdan kreditlə pul götürərək evi tikib təmir etdiyini, ailəsinin dağılmasının səbəbinin cavabdehin atasının olduğunu, əvvəldən ona həmin ərazinin boş ərazi olduğunu göstərdikləri üçün orada ev tikdiyini, yoxsa başqa yerdə torpaq sahəsi ala biləcəyini bildirmiş, şikayətin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi vəkil X8 apellyasiya şikayətini qəbul etməyərək, həmin ərazinin əvvəllər köhnə tikili olduğunu-hamam üçün nəzərdə tutulduğunu, oranı sökərək həmin sahədə ev tikildiyini, ev tikilməyə başlayanda tərəflərin ayrı qaldıqlarını, yay ərəfələrində tərəflərin bağ evində qaldığını, sonra münasibətlərinin bitdiyini, uşaq doğulandan sonra 2012-ci ilin oktyabr ayında yenidən barışdıqlarını, həmin ərəfədə tikilinin təmirinin üçüncü şəxsin hesabına davam etdirildiyini, bir neçə müddət sonra yenidən ayrıldıqlarını, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-146/2021 nömrəli saylı işi üzrə 12.04.2021-ci il tarixli qətnaməsini təqdim edərək tərəflərin artıq boşandıqlarını bildirmiş və qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən 3-cü şəxs X18 apellyasiya şikayətini qəbul etməyərək, onun evinin önündə kiçik bağ sahəsinin olduğunu, həmin ərazinin əvvəllər hamam tikmək üçün nəzərdə tutulduğunu, sonradan orada yaşayış sahəsi tikdiyini, evin sənədsiz olduğunu bildirmiş və apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə, Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikası Konstitusiya Qanununun 13, 63-67; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 11.1; 139-158, 180-ci maddələrinə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1, 2-ci maddələrinə; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 14.3, 15, 50, 52, 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 267, 372, 385, 386, 388 və 390-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə həqiqi hallara uyğun olmuşdur, iddiaçının irəli sürdüyü dəlillər sübuta yetirilməmiş və iddiaçının başqa ünvanda qeydiyyatda olması, habelə daşınmaz əmlakın isə ümumiyyətlə özbaşına tikili olaraq iddiaçıya və cavabdehə məxsus olmaması müəyyən edilmişdir. Ona görə, hazırki münasibətlərdə iddiaçının və cavabdehin subyektiv hüququ müstəvisində sübutların mövcud olmaması, habelə mübahisənin mülki hüquqi səciyyəsinin müəyyən edilməməsi iddianın təmin edilməsi üçün əsas olmamışdır. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, əsassız apellyasiya şikayəti üzrə başqa tələb olmadığından ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir. İddiaçının diqqətinə çatdırılmalıdır ki, ilk olaraq qeyd edilən tələbin irəli sürülməsi üçün hüquq olmalı və ya bu hüququn tanınması üçün tələb olmalıdır. Hazırki mülki hüquq münasibətlərində maddi hüquq normalarının analogiya üzrə tətbiqi belə hüquqdan sui-istifadəyə şərait yaradan hal kimi və məhkəmə səlahiyyətindən kənar olaraq yolverilməzdir. Müraciətlə bağlı dövlət rüsumları qismində çəkilən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-378/2021 nömrəli saylı işi üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar