Məhkəmə qərarları › İş №2(103)-5635/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5635/2023

06.10.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5635/2023 06.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, iddiaçı Rəsul X1 Cavabdeh qarşı “mənzildən çıxarılma barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, cavabdeh ailə üzvləri ilə birlikdə Nərimanov rayonu, F.X.Xoyski küçəsi, ev № 146-da yerləşən 47 №-li mənzildən (bundan sonra – mənzil) çıxarılsın və mənzil iddiaçıya təhvil verilsin. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qət olunub ki, iddia təmin olunsun, cavabdeh ailə üzvləri ilə birlikdə mənzildən çıxarılsın və mənzil iddiaçıya təhvil verilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi, eyni zamanda vəsatət verərək xahiş etdi ki, tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş vəsiyyətnamənin surəti sübutların siyahısından çıxarılsın. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir: Mənzil iddiaçının mülkiyyətindədir, onun mülkiyyət hüququ xx.xx.2023-cü ildə dövlət reyestrində qeydə alınıb. İddiaçı mənzili vəsiyyət üzrə vərəsəlik qaydasında əldə edib. Belə ki, mənzil Rəfiqə Cabbarovanın mülkiyyətində olub, o, xx.xx.2016-cı il tarixli vəsiyyətnamə ilə bütün əmlakını iddiaçıya vəsiyyət edib və xx.xx.2022-ci ildə ölüb. Bundan sonra iddiaçı mənzilə dair vərəsəlik şəhadətnaməsi, daha sonra isə mülkiyyət hüququna dair reyestr çıxarışı alıb. Cavabdeh mənzilədə yaşayır, lakin istifadə hüququ yoxdur. O, bildirir ki, mənzilin əvvəlki mülkiyyətçisi Rəfiqə Cabbarova ilə faktiki nikah münasibətində olub. Cavabdehin mənzilə istifadə hüququ olmadığına görə, hesab olunur ki, o, əmlaka qanunsuz sahiblik edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Ona görə də birinci instansiya məhkəməsi cavabdehin mənzildən çıxarılmasını qət etməklə düzgün nəticəyə gəlib. Mülki işin materiallarına xx.xx.2014-cü il tarixli vəsiyyətnamənin kserosurəti əlavə olunub (iş v. 56). Kserosurətin məzmununa görə Rəfiqə Cabbarova bütün əmlakını Cavabdeh vəsiyyət edib. Kserosurət birinci instansiya məhkəməsinə təqdim edilib və əsli ilə düzgünlüyü təsdiq edilməyib. Apellyasiya icraatı zamanı cavabdehin vəkili və nümayəndəsi Vəkil2 yazılı vəsatətlə məhkəməyə müraciət edərək xahiş edib ki, bu kserosurət sübutların siyahısından çıxarılsın. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 204-cü maddəsinin göstərişinə əsaslanaraq vəsatətin təmin edilməsini və həmin kserosurətin sübutların siyahısından çıxarılmasını qərara almışdır. Qətnamə cavabdehin ailə üzvlərinin mənzildən çıxarılmasına aid hissədə mübahisələndirilmədiyinə görə həmin hissədə qətnamənin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. Cavabdeh qənamənin özünə aid olan hissəsini mübahisələndirmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar