Məhkəmə qərarları › İş №2(103)-5638/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5638/2022

14.09.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5638/2022 14.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası ƏMDK-nin İstehsal və Xidmət X2rşı iş üzrə (Açar sözlər: işə bərpa) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, X13 qızının katibliyi, X1, İddiaçılar İddiaçı1 və İddiaçı2 və onların vəkili Vəkil1, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət X2rşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi və onunla maddi məsuliyyət müqaviləsinin bağlanması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 iyun 2019-cu il tarixli 2(005)- 2098/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, həmçinin, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət X2rşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 avqust 2019-cu il tarixli 2(005)-3426/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 14 sentyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi ilə ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 178 nömrəli əmək müqaviləsindən görünür ki, İddiaçı1 xx.xx.2014-cü il tarixdə Bakı şəhəri Nəsimi rayonunda yerləşən 7 saylı atelyeyə dərzi vəzifəsinə təyin edilmişdir. Əmək müqaviləsi 1 (bir) ay müddətinə bağlanmışdır.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin xx.xx.2019-cu il tarixli, **********96 nömrəli məktubundan görünür ki, İddiaçı1 tərəfindən 7 saylı atelyenin fəaliyyəti ilə əlaqədar yaranan xərclərin ödənilməsi üçün Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinə xx.xx.2015-ci il, xx.xx.2015-ci il, xx.xx.2015-ci il və xx.xx.2015-ci il tarixlərdə müvafiq olaraq 405 manat məbləğində xidmət haqqı ödənilmişdir.

3. Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin baş direktoru X12 ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 177 nömrəli əmək müqaviləsindən görünür ki, İddiaçı2 xx.xx.2014-cü il tarixdə Bakı şəhəri Nəsimi rayonunda yerləşən 7 saylı atelyeyə dərzi vəzifəsinə təyin edilmişdir. Əmək müqaviləsi 1 (bir) ay müddətinə bağlanmışdır.

4. 24 may 2016-cı il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin Bakı şəhəri, Nəsimi rayonunda yerləşən 7 saylı atelyesində dərzi vəzifəsində çalışan X10 və İddiaçı2 ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 11443 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş mülki işin materiallarına olan İddiaçı1 adından olan xx.xx.2016-cı il tarixli ərizədə «imza» qrafasındakı imza İddiaçı1 tərəfindən icra olunmuşdur.

6. ünvan 1 ünvanı Tağızadə 27A) yerləşən İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 7 saylı atelyesi 08 noyabr 2016-cı il tarixdə açıq hərracda X4, sonuncunun xüsusi mülkiyyət hüququ barədə müvafiq qeydiyyat aparılmışdır.

7. İddiaçı1 Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə və X9 qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddia qaldırmış, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə, İddiaçı1 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia təmin edilmiş, ünvan 1 ünvanı Tağızadə 27A) yerləşən İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 7 saylı atelyesinə dair keçirilmiş hərrac üzrə 29 yanvar 2019-cu il tarixli, 04/01 saylı hərrac protokolunun və onun əsasında X11 ilə bağlanmış əqdin etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən X8 adına 07 fevral 2019cu il tarixdə qeydə alınmış çıxarışın ləğv edilməsi qət olunmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci iş üzrə birinci instansiya məhkəməsində icraat

9. 10 iyul 2019-cu il tarixdə İddiaçı1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, sonradan iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, onunla bağlanmış əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi, həmçinin onunla maddi məsuliyyət müqaviləsinin bağlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2098/2019 nömrəli iş üzrə 19 iyun 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.N.Quliyev) iddia rədd edilmişdir.

11. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi tərəflərin razılığı əsasında ləğv edilmiş və o, 24 may 2016-cı il tarixdən işdən azad edilmişdir. Həmin əmrin ləğv edilməsi üçün əsas yoxdur. İddiaçı1 xx.xx.2016-cı il tarixdən Bakı şəhəri, Nəsimi rayonunda yerləşən 7 saylı atelyesinin dərzisi vəzifəsindən azad olunarkən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi tərəfindən əmək qanunvericiliyin tələblərinə əməl olunmuşdur. Həmçinin, iddiaçı tərəfindən əmək qanunvericiliyi ilə fərdi əmək mübahisələri üçün müəyyən edilmiş iddia müddəti üzrsüz səbəbdən ötürülmüşdür.

12. İddiaçı həmin qətnaməni apellyasiya qaydasında mübahisələndirmişdir.

b) İkinci iş üzrə birinci instansiya məhkəməsində icraat

13. İddiaçı2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən saxta üsulla hazırlanmış xx.xx.2016-cı il tarixli işdən çıxma ərizəsinin və eyni tarixli 45 nömrəli əmrin ləğv edilməsi, işə bərpa, xx.xx.2014-cü il tarixdən başlayaraq məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3426/2019 nömrəli iş üzrə 23 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakim K.F.Əmirxanova) iddia rədd edilmişdir.

15. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi tərəflərin razılığı əsasında ləğv edilmiş və o, 24 may 2016-cı il tarixdən işdən azad edilmişdir. Həmin əmrin ləğv edilməsi üçün əsas yoxdur. Həmçinin, iddiaçı tərəfindən əmək qanunvericiliyi ilə fərdi əmək mübahisələri üçün müəyyən edilmiş iddia müddəti üzrsüz səbəbdən ötürülmüşdür.

16. İddiaçı həmin qətnaməni apellyasiya qaydasında mübahisələndirmişdir.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apelyasiya şikayətinin dəlilləri

17. İddiaçılar apellyasiya şikayətlərini iddia ərizələrində göstərilən dəlillərə uyğun qaydada əsaslandırmış, əlavə olaraq birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, işin obyektiv araşdırılmamasını, sübutlara düzgün hüquqi qiymət verilməməsini, işdən çıxma barədə ərizələrin onların iradəsinə uyğun yazılmamasını, əmək hüquqlarının pozulmasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişlər. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

v)Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

19. Apellyasiya icraatı zamanı hər iki mülki işin bir icraatda birləşdirilərək birlikdə baxılması qərara alınmışdır.

20. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-468/2020 nömrəli iş üzrə 10 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Ə.Eyvazov, Z.A.Şirinov, F.Ş.Talışinski) İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 iyun 2019-cu il tarixli və 23 avqust 2019cu il tarixli qətnamələri ləğv edilmiş, iddialar qismən təmin edilmiş, cavabdehin iddiaçılarla bağlanmış əmək müqavilələrinə xitam verilməsi barədə xx.xx.2016-cı il tarixli 45 saylı əmrinin qanunsuz olduğundan ləğv edilməsi, iddiaçıların əvvəlki vəzifələrinə bərpa olunması və onlara məcburi işburaxma günlərinə görə əmək haqqı ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qət edilmiş, iddialar qalan hissələrdə rədd edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, 14 mart 2019-cu il tarixli, 27 mart 2019-cu il tarixli aktlardan (həmin aktlar 7 saylı atelyenin bir qrup işçiləri tərəfindən tərtib olunmuşdur) görünür ki, atelyenin kommunal, texniki məişət, aylıq xidimət haqqı və s. ödənişləri İddiaçı1 həyata keçirmiş, lakin 2019-cu ilin fevral ayında və mart ayında İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin əməkdaşları atelyeyə gələrək heç bir əsas gətirmədən iş yerlərini boşaltmağı tələb etmişlər. Həmçinin, işdən görünür ki, iddiaçıların barəsində xx.xx.2016-cı il tarixli 45 saylı əmr qəbul edilsə də, bununla bağlı iddiaçılara məlumat verilməmiş, əmrin surətləri onlara göndərilməmiş, son haqq-hesab sənədləri tərtib olunmamışdır. İşdə olan sübutlardan tam aydın olur ki, iddiaçılar 2019-cu il tarixədək faktiki işləmiş və iş yerlərində olmuşlar. Onlar yalnız 2019-cu ilin feral ayında ərizə ilə müraciət etdikdən sonra müvafiq sənədlər (əmr, ərizə və s.) onlara təqdim edilmiş, məhz bundan sonra məlumatlı olmuşlar.

22. Göstərilən hallar, həmçinin iddiaçılar tərəfindən əmrin mübahisələndirilməsi hissədə iddia müddətinin ötürülməməsi nəticəsinə gəlməyə də kifayət qədər əsaslar verir (cavabdeh əmrin mübahisələndirilməsi üçün qanunla nəzərdə tutulmuş 1 aylıq iddia müddətinin tətbiq olunması barədə ərizə vermişdir).

23. Göründüyü kimi, iddiaçıların öz xahişləri işdən azad olunması barədə əmr formal olmaqla, əmək qanunvericiliyinin tələblərinin kobud surətdə pozulması ilə nəticələnmişdir.

c)Kassasiya instansiya məhkəməsindəki birinci icraat

24. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-3834/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

25. İşi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçılar cavabdeh müəssisə ilə aralarında bağlanmış əmək müqaviləsinə qanuni əsaslar olmadan xitam verildiyinə istinad edərək, həmin əmrlərin qanunsuz hesab edilməklə ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə dair iddia ilə məhkəməyə müraciət etmişlər. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi ilə İddiaçı1 arasında icarə münasibətlərinin mövcud olması müəyyən edilmişdir. İddiaçı1 tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə 2013-cü ildən 2019-cu ilin aprel ayınadək xidmət haqqı ödənilmişdir. Həmin məhkəmə qətnaməsində göstərilmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsinin (Bakı şəhəri, Nəsimi rayonunda yerləşən 7 saylı atelye) özəlləşdirilməsi ilkin olaraq İddiaçı1 təklif edilmədən, onun əmlakı almağa razılığının olub-olmadığı aydınlaşdırılmadan əmlak hərraca çıxarılmışdır, bu isə, qeyri-yaşayış sahəsinə dair keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün əsasdır. Deməli, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş hal, yəni tərəflər arasında icarə münasibətlərinin olması hazırki iş üzrə preyudisial əhəmiyyət daşıyır.

26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, eyni bir predmet barəsində eyni tərəflər arasında öhdəlik hüquq münasibətləri mövcud olduğu halda, tərəflər arasında həm də eyni fəaliyyətlə bağlı əmək münasibətlərinin olması istisna edilir. Başqa sözlə, icarəyə götürənin xidmət haqqı ödəməklə icarəyə götürdüyü obyektdə icarəyə verənlə həm də əmək münasibətlərində olmasına istinad edərək pozulmuş əmək hüquqlarının bərpasını tələb etməsi özü-özlüyündə ümumi hüquq prinsiplərinə ziddir.

v)Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

27. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər V.Ə.İbayev sədrlik edən, məruzəçi, Ş.Ə.Məhərrəmova və R.M.Həsənov) apellyasiya şikayətləri təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 19 iyun 2019-cu il tarixli və 23 avqust 2019-cu il tarixli qətnamələri dəyişdirilmədən saxlanılmışdır.

28. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Ali Məhkəmənin göstərişləri, Mülki Məcəllənin 700-cü maddəsi, habelə Əmək Məcəlləsinin 3-cü maddəsi və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır.

c)Kassasiya instansiya məhkəməsindəki ikinci icraat

29. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2469/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 birgə verdikləri kassasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 oktyabr 2021-ci il tarixli, 2(103)-8603/2021 saylı qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.

30. İşi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun olaraq kifayət qədər əsaslandırmayıb və sözügedən faktların özü-özlüyündə hansı ümumi hüquq prinsiplərə zidd olduğunu qətnamədə göstərməyib.

31. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi 1-ci iddiaçı tərəfindən cavabdehə 2013-cü ildən 2019-cu ilin aprel ayınadək xidmət haqqı adı altında ödədiyi vəsaitin tərkibini müəyyən etmədən, iddiaçıların işə qəbulla bağlı işəgötürənin adına yazılı ərizə vermələrini, yazılı ərizələrinə əsasən onların işəgötürənlə bağladıqları əmək müqaviləsinə əsasən sözügedən obyektə dərzi işinə qəbul edilmələrini, bu barədə işəgötürənin müvafiq əmrlər imzalamasını, iddiaçılarla bağalanmış əmək müqavilələrinə işəgötürənin müvafiq əmrləri ilə xitam verildiyini nəzərə almadan, işin bu halları, habelə işəgötürən tərəfindən iddiaçılara işlədikləri müddətdə əmək haqqının ödənilib-ödənilmədiyi barədə heç bir araşdırma aparmadan, tərəflər arasında əmək münasibətlərinin olmaması nəticəsinə gəlmişdir.

32. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qeyd olunan maddələrin tələbləri, habelə tərəflər arasında bağlanmış əmək müqavilələrinin mövcudluğu açıqaşkar onlar arasında əmək münasibətlərinin olmaması nəticəsinə gəlməyə əsas vermir.

33. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan maddənin tələblərini hazırki mülki mübahisəyə tətbiq etsə də, cavabdehin sözügedən obyekti iddiaçıların icarəsinə verməklə həmin obyektin bəhərindən istifadə etmək və onun istifadəsindən gəlir əldə etmək hüququ verib-vermədiyini, iddiaçıların cavabdehə ötən müddət ərzində hər hansı məbləğdə müəyyənləşdirilmiş icarə haqqı ödəyib-ödəmədiyni, onların cavabdehə ödədiyi xidmət haqqının icarə haqqı olub-olmadığını, obyektin fəaliyyəti ilə bağlı yaranmış xərclərin tərkibinin nədən ibarət olduğunu araşdırmadan və ümumiyyətlə icarə münasibətlərində olduqları halda tərəflər arasında əmək müqavilələrinin nə üçün bağlandığını aydınlaşdırmadan, başqa sözlə işin bütün müvafiq halları, o cümlədən əmək müqavilələri bağlananadək olan danışıqları, yazışmaları, həmçinin tərəflərin qarşılıqlı münasibətlərində uzun müddət yaranmış və artıq təşəkkül tapmış işgüzar münasibətləri nəzərə almadan, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.

Proses iştirakçılarının izahatı

34. Cavabdeh Azərbaycan Respublikası ƏMDK-nin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi prosessual hüquqi varisi “X5 və Koordinasiya Mərkəzi” X16 ilə əvəz edilmişdir.

35. Məhkəmə iclasında iştirak edən iddiaçılar və vəkilləri isə apelyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etdilər.

36. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

37. Maddə 700. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

Azərbaycan Respublikası Əmək Məcəlləsi

38. Maddə 3, hissə 1. İşçi - işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir.

39. Maddə 3, hissə 4-1. Əmək münasibətləri - əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əmək haqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir.

40. Maddə 3, hissə 5.1. Əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd.

41. Maddə 7, hissə 2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır (27 dekabr 2013-cü il tarixli qanunla əlavə edilmişdir).

42. Maddə 9, bənd j). İşəgötürən tərəfindən qanunla müəyyən olunmuş qaydada məcburi sosial sığorta, icbari tibbi sığorta, işsizlikdən sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmaq, habelə hər hansı başqa növ sığorta qaydalarından istifadə etmək əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biridir.

43. Maddə 9, bənd o). Elektron informasiya sistemindən onunla bağlı qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını, habelə iş yerindən elektron qaydada arayışı real vaxt rejimində əldə etmək də əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biridir.

44. Maddə 48, hissə 1. Əmək müqaviləsi bağlanarkən işçi əmək kitabçası, habelə şəxsiyyətini təsdiq edən sənədi təqdim edir.

45. Maddə 49, hissə 1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

49. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apelyasiya baxışının hədləri

50. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

51. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

52. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayətləri qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 iyun 2019-cu il tarixli, 2(005)- 2098/2019 saylı və 23 avqust 2019-cu il tarixli, 2(005)-3426/2019 saylı qətnamələri ləğv edilməli, iddia tələbləri rədd edilməlidir.

54. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi ilə İddiaçı1 arasında icarə münasibətlərinin mövcud olması müəyyən edilmişdir.

55. İddiaçı1 tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə 2013-cü ildən 2019-cu ilin aprel ayınadək xidmət haqqı ödənilmişdir.

56. Həmin məhkəmə qətnaməsində göstərilmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsinin (Bakı şəhəri, Nəsimi rayonunda yerləşən 7 saylı atelye) özəlləşdirilməsi ilkin olaraq İddiaçı1 təklif edilmədən, onun əmlakı almağa razılığının olub-olmadığı aydınlaşdırılmadan əmlak hərraca çıxarılmışdır, bu isə, qeyri-yaşayış sahəsinə dair keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün əsasdır.

57. Mülki Prosessual Məcəlləsinin sübut etməkdən azad olmaq üçün əsasları müəyyən edən 82-ci maddəsinin tələblərinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

58. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 23 fevral 2016-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir.

59. Deməli, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş hal, yəni tərəflər arasında icarə münasibətlərinin olması hazırki iş üzrə preyudisial əhəmiyyət daşıyır. Eyni bir predmet barəsində eyni tərəflər arasında öhdəlik hüquq münasibətləri mövcud olduğu halda, tərəflər arasında həm də eyni fəaliyyətlə bağlı əmək münasibətlərinin olması istisna edilir.

60. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə İddiaçı1la cavabdeh arasında icarə münasibətlərinin mövcud olması müəyyən edilmişdir.

61. İş materiallarında olan ƏMDK-nin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin qüvvəsini almış və icra olunmuş xx.xx.2019-cu il tarixli 2(103)-11427/2019 saylı qətnaməsinin xüsusi dispozitiv əsası kimi onunla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi arasında yazılı icarə müqaviləsi bağlanmasa da, aralarındakı münasibətlərin faktiki icarə münasibətləri olduğu göstərilmiş və məhkəmə dövlət mülkiyyətinə bərpa etdiyi əmlakın faktiki icarəçisi kimi onu müəyyən etmişdir. Dövlət mülkiyyətinə bərpa olunmuş əmlakdan istifadəsinin qanunamüvafiq tənzimlənməsinin vacibliyini diqqətə alaraq, faktiki istifadə etdiyi qeyri-yaşayış sahələri ilə bağlı icarə müqavilələrinin bağlanması zəruridir (yəni, həmin məktubla İddiaçı1 icarə müqaviləsinin bağlanmalı olması bildirilmişdir).

62. Məhkəmə Kollegiyasının iclasında İddiaçı1 cavabdehin təklifini rədd edərək, icarə müqaviləsi bağlamağa razı olmadığını, obyekti əmək kollektivi kimi, yəni 15 % güzəştlə özəlləşdirmək niyyətində olduğu bildirmişdir.

63. Mübahisənin faktiki vəziyyəti ondan ibarətdir ki, İddiaçı1 iddiası əsasında, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə mübahisəli obyektin onun icarəsində olması, bununla da obyektin satışı zamanı ilkin olaraq ona təklif olunmaması əsası ilə obyektin hərracdan X3 qanunsuz hesab edilərək, sonuncu ilə bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Qətnamə icra olunaraq, obyekt dövlət mülkiyyətinə bərpa edilmiş və obyektə icarə müqaviləsinin bağlanması İddiaçı1 təklif olunmuş, lakin sonuncu imtina etmiş və bunu onunla əsaslandırmışdır ki, onunla, eləcə də digər İddiaçı2la cavabdeh arasında bağlanmış, lakin qanunsuz olaraq ləğv edilmiş əmək müqaviləsinə əsasən obyekt 15% güzəştlə əmək kollektivinə təklif olunmalıdır.

64. Hər iki iddiaçı hesab edir ki, cavabdeh onlarla bağlanmış əmək müqaviləsinə qanunsuz xitam vermişdir. Birinci instansiya məhkəməsi isə hesab etmişdir ki, iddiaçılarla bağlanmış əmək müqavilələrinə xitam verilərkən qanun pozuntusuna yol verilməmiş, digər tərəfdən isə hər iki tələb üzrə iddia müddəti ötürülmüşdür.

65. Kollegiya hesab edir ki, əmək müqavilələrinə xitam verilməsi zamanı əmək qanunvericiliyinin tələblərinin pozulub-pozulmaması, habelə iddia müddətinin ötürülübötürülməməsinə qiymət verməmişdən öncə tərəflər arasında həqiqi əmək münasibətlərinin yaranıb-yaranmamasına qiymət verilməlidir.

66. Apelyasiya baxışı zamanı hər iki iddiaçı göstərmişdir ki, onlarla əmək müqaviləsi bağlanarkən əmək kitabçası təqdim etməmişlər. Eləcə də işlədikləri müddətdə hər hansı əmək haqqı almamış, məcburi sosial sığorta, icbari tibbi sığorta, işsizlikdən sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmamış, elektron informasiya sistemindən onlarla bağlı qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını əldə etməmişlər. Yəni, əmək müqaviləsi bildirişi elektron qaydada qeydiyyata alınmamışdır.

67. Halbuki, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır.

68. Eləcə də əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.

69. Göründüyü kimi, qanunun tələbinə görə, tərəflər arasında təkcə əmək müqaviləsinin bağlanılması kifayət etmir, əmək müqaviləsi hüquqi qüvvəyə minməsi üçün elektron informasiya sistemində qeydiyyata alınmalıdır, yalnız bundan sonra əmək müqaviləsi hüquqi qüvvəyə minir və tərəflər arasında əmək münasibətləri yaranır.

70. Bundan başqa, işəgötürən tərəfindən qanunla müəyyən olunmuş qaydada məcburi sosial sığorta, icbari tibbi sığorta, işsizlikdən sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmaq, habelə hər hansı başqa növ sığorta qaydalarından istifadə etmək, bundan başqa elektron informasiya sistemindən onunla bağlı qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını, habelə iş yerindən elektron qaydada arayışı real vaxt rejimində əldə etmək əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından hesab olunur.

71. Göründüyü kimi, cavabdehlə hər iki iddiaçı arasında əmək müqavəsi bağlansa da, həmin müqavilələr elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmədiyindən hüquqi qüvvəsini almamış və tərəflər arasında əmək münasibətləri yaranmamışdır. İddiaçılarla cavabdeh arasında mövcud olmuş faktiki münasibətlər də açıq-aşkar onların əmək münasibətində olmadığına dəlalət edir. Yəni, iddiaçılar cavabdehdən əmək haqqı almaq əvəzinə ona xidmət haqqı (icarə haqqı) ödəmişlər.

72. Beləliklə Kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin olması onların əmək münasibətlərində olmasını ehtiva etmir.

73. Belə ki, işin mübahisəsiz halıdır ki, iddiaçılar hər hansı əmək haqqı almamış, onların əmək müqaviləsi elektron qaydada qeydiyyata alınmamış, əmək kitabçası açılmamışdır, yəni işçi ilə işəgötürən arasında qanunvericiliklə nəzərdə tutulmuş əmək münasibətlərinin yaranmasını şərtləndirən halların heç biri mövcud olmamışdır.

74. İddiaçıların hər ikisi ilə əmək müqaviləsi bağlanmış olsa da, tərəflər arasında əmək münasibətləri olmamışdır, həmin müqavilələr əhəmiyyətsizdir. Belə olan halda işçiişəgötürən kimi yanaşaraq əmək müqaviləsinin ləğvinə hüquqi qiymət verilməsinə zərurət yoxdur.

75. Birinci instansiya məhkəməsi hər iki qətnamədə iddia müddətinin ötürülməsi qənaətinə gələrək iddiaları rədd etmişdir.

76. Kollegiya qeyd edir ki, iddia tələbi əsaslı olduğu halda iddia müddəti tətbiq edilə bilər.

77. Hər iki iddia tələbi əsassız olduğu üçün iddia müddətinin tətbiq edilməsi əsassızdır.

78. Beləliklə müəyyən edildiyi kimi İddiaçı1la cavabdeh arasında icarə münasibətləri mövcud olmuşdur. Eyni zamanda icarəyə götürənin xidmət haqqı ödəməklə icarəyə götürdüyü obyektdə icarəyə verənlə həm də əmək münasibətlərində olmasına istinad edərək pozulmuş əmək hüquqlarının bərpasını tələb etməsi özü-özlüyündə ümumi hüquqi prinsiplərinə ziddir. Onunla bağlanmış əmək müqaviləsi isə əhəmiyyətsizdir.

79. Kollegiya xüsusi olaraq vurğulayır ki, İddiaçı1 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 oktyabr 2019-cu il tarixli qətnaməsindən (tərəflərin icarə münasibətlərində olmasına dair məhkəmənin gəldiyi nəticədən) kassasiya şikayəti verməmiş, bununla da həmin nəticə ilə razılaşmışdır. Məhz həmin qətnamə əsasında İddiaçı1 obyektin icarəçisi kimi satın almaqda üstünlük hüququ müəyyən edilmiş və cavabdeh də qətnaməni icra edərək ona icarə müqaviləsi bağlamağı təklif etmişdir. «Ümumi hüquq prinsiplərinə zidd» dedikdə isə o hal nəzərdə tutulur ki, eyni şəxs həm icarəçi, həm də işçi ola bilməz, çünki bunlar ayrı-ayrı statusa malik şəxslərdir və onların hər birinə münasibətdə qanunvericilik müxtəlif tənzimləmə qaydaları müəyyən etmişdir. İddiaçı1 artıq icarəçi «statusundan» istifadə edərək başqası ilə bağlınmış alqı-satqı müqaviləsinin etibarsızlığına nail olmuşdur, hazırda isə həm də işçi olmasına əsaslanaraq obyekti əmək kollektivinə verilən 15% güzəştdən də bəhrələnərək əldə etmək niyyətini güdür.

80. Digər iddiaçı ilə də bağlanmış əmək müqaviləsi olsa da, onunla da cavabdeh arasında əmək münasibətləri yaranmamışdır. İddiaçı2 izahatından belə aydın olur ki, o, 1997-ci ildən 7 saylı Atelyedə dərzi işləsə də heç vaxt əmək haqqı almamış və əmək kitabçası olmamışdır, əksinə həmin atelyedə işləməsinə görə əvvəllər İddiaçı1 mərhum atasına, sonradan isə İddiaçı1 xidmət haqqı ödəmiş, sonuncu da onu materialla təmin etmişdir.

81. Göründüyü kimi, İddiaçı2la bağlanmış müqavilə də formal xarakter daşımaqla əhəmiyyətsizdir.

82. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 iyun 2019-cu il tarixli 2(005)- 2098/2019 saylı və 23 avqust 2019-cu il tarixli 2(005)-3426/2019 saylı qətnamələri ləğv edilsin. İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət X2rşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi və onunla maddi məsuliyyət müqaviləsinin bağlanması tələbinə dair” iddiası və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət X2rşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi tələbinə dair” iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar