Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5642/2023 08.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, e-2(005)-3371/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə xx.xx.1989-cu il tarixdə mənzilə dair müqavilənin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)- 3371/2023 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və növbəti prosessual hərəkətlərin yerinə yetirilməsini, əks halda şikayətin baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh erməni milliyyətinə mənsub şəxsdir, 1989-1990-cı illərdən ölkəni tərk etmişdir. Hazırda onun haqqında heç bir məlumat əldə etmək mümkün olmadığından iddia əmlakın olduğu yer üzrə irəli sürülmüşdür. Ondan asılı olmayan səbəblərdən cavabdeh barədə məlumatlar bəlli olmadığı halda onun öz hüquqlarının təminatı üçün məhkəməyə müraciət etmək hüququ məhdudlaşdırıla bilməz. Məlum məsələdir ki, ermənistan Azərbaycan münaqişəsi səbəbindən 30 ildən artıqdır ki, erməni mənsubiyyətli şəxslər ölkəmizi tərk etmişdir. Hamıya bəlli olan faktların isə sübuta ehtiyacı yoxdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)- 3371/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qeyd edilən qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün mülki iş həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 36.1-ci maddəsinə əsasən yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər; 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur; 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, mülki prosessual qanunvericilikdə iddia ərizəsinin formasına və məzmununa dair tələblər əks olunmuş və bu tələblər çərçivəsində cavabdeh barədə göstərilməli olan məlumatların dairəsi müəyyən edilmişdir. Eyni zamanda, bir sıra, o cümlədən cavabdehin yaşayış yerinin məlum olmadığı, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmadığı hallarda iddianın onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilməsinin mümkünlüyü təsbit edilmişdir. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, iddiaçı xx.xx.1989cu il tarixdə onun atası ilə Cavabdeh arasında bağlanmış şifahi alqı-satqı müqaviləsinə əsasən sonuncudan Bakı şəhəri, Nərimanov rayonu, Rafiq Hacıyev küçəsində yerləşən 11 saylı həyət evini aldıqlarını və həmin vaxtdan bugünədək qeyd edilən ünvanda yaşadığını iddia edərək, bu müqavilənin bağlanmış hesab edilməsini tələb edir. Bununla belə, iddia erməni miliyyətindən olan şəxsə qarşı irəli sürülmüşdür. Həmin şəxsin “Elektron məhkəmə” informasiya sistemində aşkar olunmaması bilavasitə onun hamıya bəlli olan məlum hadisələrlə bağlı uzun illər bundan əvvəl (böyük ehtimal 1989-cu ildən) Azərbaycan Respublikasından daimi əsaslarla köçməsi ilə bağlıdır. Mövcud vəziyyətdə cavabdehin yaşayış yeri məlum deyil, o cümlədən onun Azərbaycan Respublikasında yaşayış yerinin olması müəyyən edilmir. Belə olan halda, mülki prosessual qanunvericiliyin yaratdığı hüquqi imkanlar baxımından həmin iddianın cavabdehin əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilməsi mümkün olur. Bu baxımdan iddia məhz mübahisəli həyət evinin yerləşdiyi yerin məhkəməsində qaldırılmalıdır. İddiaçı da hazırki iddianı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində qaldırmış, cavabdehin adını, soyadını, atasının adını, ünvanı qismində onun sonuncu yaşayış yeri olan mübahisəli evin ünvanını, habelə ona məlum olan cavabdehin pasport məlumatlarını göstərmişdir. Mövcud vəziyyətdə cavabdeh barədə bundan artıq məlumatın təqdim edilməsi iddiaçıdan asılı olmaya səbəblərdən mümkün deyil. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin Mülki Prosessual Məcəlləsinin 149.2-ci hissəsinə uyğun tərtib edilməməsi qənaətinə gələrkən haqlı olmamışdır. Bu əsasla hazırki iddia geri qaytarıla bilməz. Bu səbəbdən İddiaçı şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3371/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməli, şikayət qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3371/2023 saylı, xx.xx.2023-ci il tarixli qərardadı ləğv edilsin. İddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-5642/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5642/2023
08.09.2023 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver