Məhkəmə qərarları › İş №2(103)-5642/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5642/2025

07.10.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5642/2025 07.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Sabunçu Rayon Məhkəməsinin 2(008)-723/2023 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:

1. İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edirək, qanuni istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən (7965) bağ evinə gedən Cavabdeh tərəfindən qanunsuz olaraq tutulmuş, ümumi istifadədə olan yolun açılması, həmin yolun zəbt edilməsi nəticəsində inşa edilmiş hasarın və digər tikililərin cavabdehin öz vəsaiti hesab sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Sabunçu Rayon Məhkəməsinin e-2(008)-723/2023 nömrəli, xx.xx.2023- cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən (7965) bağ evinə gedən Cavabdeh tərəfindən qanunsuz olaraq tutulmuş, ümumi istifadədə olan yolun açılması, həmin yolun zəbt edilməsi nəticəsində inşa edilmiş hasar və qarajın cavabdehin öz vəsaiti hesabına sökülməsi qət edilmişdir.

3. Sabunçu rayon İcra Şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Amil Əmirov məhkəməyə ərizə ilə müraciət edərək, hazırki icra sənədinin X1 şamil olunması barədə izah verilməsini xahiş etmişdir.

4. Rayon məhkəməsinin e-2(008)-723/2023 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə rayon məhkəməsinin e-2(008)-723/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin izah edilməsi barədə icra məmuru tərəfindən verilmiş ərizənin təmin edilməməsi qərara alınmışdır.

5. Cavabdeh həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir.

6. Rayon Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6026/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, qərardadın dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

8. Daha sonra icra məmuru A.Əmirov məhkəməyə yenidən ərizə verərək, qeyd edilən yolun zəbt edilməsi nəticəsində inşa edilmiş hasarın hansı tərəfinin sökülməsi hissəsində xx.xx.2023-cü il tarixli icra vərəqəsinə izahın verilməsini xahiş etmişdir.

9. Rayon Məhkəməsinin e-2(008)-723/2023 nömrəli, xx.xx.2025-cı il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Sabunçu Rayon Məhkəməsinin e-2(008)-723/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsinə aşağıdakı kimi izah verilməsi: məhkəmənin e-2(008)-723/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qət edilmiş “həmin yolun zəbt edilməsi nəticəsində inşa edilmiş hasar və qarajın cavabdehin öz vəsaiti hesabına sökülməsi” cümləsi hasarın hansısa hissəsinin sökülməsi kimi deyil, müvafiq qətnamədə göstərildiyi kimi “həmin yolun zəbt edilməsi nəticəsində inşa edilmiş hasar və qarajın cavabdehin öz vəsaiti hesabına sökülməsi” kimi başa düşülməsi qərara alınmışdır.

10. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 “Elekron Məhkəmə İnformasiya Sistemi” vasitəsi ilə məhkəməyə şikayət ünvanlayaraq, xx.xx.2025-ci il tarixli qərardadın ləğv olunması, qətnamənin izah olunması barədə ərizəyə icra məmuru A.Əmirovun və Cavabdeh iştirakı təmin olunmaqla baxılması, qətnaməyə icra məmurunun qətnaməyə izah verilməsi barədə ərizəsində göstərilən suallara tam və aydın cavab verməklə qərardad qəbul olunmasını xahiş etmişdir.

11. Rayon məhkəməsinin eyni saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.

14. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

15. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir.

16. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmə qətnaməsi haqqında xx.xx.2005-ci il tarixli qərarının 14-cü bəndində qeyd olunmuşdur ki, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda, işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 230.1. İşə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. 230.2. Birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. 230.3. Qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir. 230.4. Qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur.

18. Cavabdeh şikayətində qətnamənin izah olunması barədə ərizəyə tərəflərin iştirakı ilə baxılmasını tələb etmişdir. Mülki prosessual qanunvericiliyin qeyd edilən normasından göründüyü kimi qətnamənin izah olunması məsələsi barədə məhkəmə iclasına işdə iştirak edən şəxslərin gəlməməsi məsələyə baxmağa mane olmur.

19. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, məhkəmə qətnaməsinin icrası məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir.

20. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə 19 mart 1997-ci il tarixli qərarında qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasına və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan “məhkəmə baxışına hüquq” xəyali xarakter alacaqdır.

21. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə 07 may 2002-ci il tarixli qərarında eyni xarakterli məsələlərə bir daha toxunaraq qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur.

22. Məhkəmə kolegiyası cavabdehin şikayətini iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, şikayət əsassızdır. Belə ki, rayon məhkəməsi qanunvericiliyin tələblərinə riayət edərək, icra məmurunun ərizəsi əsasında qətnamədə aydın olmayan tələblərə izah vermişdir.

23. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin izahla bağlı qənaəti ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi şikayəti təmin etməməkdə haqlı olmuş, qərardad qanuni və əsaslı, şikayət isə əsassız olduğundan təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

25. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan MR Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.

26. Beləliklə müəyyən olunur ki, prosessual qanunvericiliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

27. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

qərara aldı:

Borclu Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Sabunçu Rayon Məhkəməsinin 2(008)-723/2023 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, prosessual qanunvericiliyə əsasən bu qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar