Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5644/2022 09.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia tələbi üzrə (Açar sözlər: bank əmanəti müqaviləsi, əmanətin qaytarılması, əldən çıxmış fayda, mənəvi zərər) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə1, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “əmanət məbləğinin, hesablanmış faizlərin və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 01 sentyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin (bank) Gəncə filialı ilə İddiaçı arasında xx.xx.2008-ci il tarixdə 7 ədəd “Xüsusi Əmanət (depozit) hesabı haqqında" müqavilə bağlanmış, 5 müqavilənin hər biri üzrə 50 000 ABŞ dolları, 1 müqavilə üzrə 20 000 ABŞ dolları, 1 müqavilə üzrə isə 30 000 ABŞ dolları olmaqla cəmi 300 000 ABŞ dolları vəsait banka əmanət kimi qoyulmuş, müqavilələr üzrə illik faiz dərəcəsi 6% müəyyən edilmişdir.
2. Bankın Gəncə filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli YA/14 saylı məktubla İddiaçı sorğusuna elektron arxiv materiallarına istinadən filialda xx.xx.2013-cü il tarixədək onun adına mövcud olan 3871-000024-USD-13 və 3841- 000011-USD-13 depozit hesabı barədə aşağıdakı məzmunda açıqlama (cavab) verilmişdir: “xx.xx.2008-ci il tarixdə qəbul edilən 50000 USD, 50000 USD, 50000 USD, 50000 USD, 50000 USD, 20000 USD və 30000 USD vəsait 3841-000011-USD-13 saylı hesaba qısamüddətli depozitlər (1 illik 6% illik % hesablamaq şərti ilə) kimi yerləşdirilmişdir. Cəmi 300 000 USD (üç yüz min) ABŞ dolları. Qeyd edilən depozitlər xx.xx.2008-ci il tarixdə bağlanmışdır və sizin cari 3811-002028- USD-13 hesabınızdan 300 174 ABŞ dolları məbləğ ödənilmişdir. xx.xx.2008-ci il tarixdə 3871-000024USD-13 saylı hesaba 100 000 (bir yüz min) ABŞ dolları məbləğində 1 il müddətinə 18% illik hesablamaq şərti ilə depozit yerləşdirilmişdir. Depozitin vaxtı bitdiktən sonra bağlanıb və xx.xx.2009 il tarixdə 100 000 USD müştəriyə ödənilib. xx.xx.2009-cı il tarixdə 3841- 000011-USD-13 saylı depozit hesabına 100 000 ABŞ dolları 1 il müddətinə 18% illik faiz hesablamaq şərti ilə yerləşdirilmişdir. Depozitin vaxtı xx.xx.2010-cu il tarixdə bitmişdir. xx.xx.2010-cu il tarixdə 100 000 USD cari hesabdan məxaric edilib müştəriyə ödənilmiş və yenidən həmin məbləğ (bir yüz min) ABŞ dolları xx.xx.2010-cu il tarixdə 3871-000024- USD-13 saylı uzunmüddətli depozit hesabına 2 il müddətinə 17% illik faiz hesablamaq şərti ilə yerləşdirilmişdir. xx.xx.2012-ci il tarixdə həmin depozit (bir yüz min ABŞ dolları) bağlanıb və müştərinin sərəncamı əsasında Cavabdeh ASC-nə İddiaçı hesabına 101 416.67 USD (bir yüz min dörd yüz on altı dollar 67 ABŞ dolları) köçürülüb. xx.xx.2012-ci il tarixdən etibarən Sizin 3841-000011USD-13 və 3871-000024USD-13 hesablar üzrə heç bir əməliyyat aparımayıb və qalıqlar 0.00 USD təşkil edir”. İş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, bankla bağlanılmış xx.xx.2008-ci il tarixli 95 saylı “Xüsusi Əmanət (depozit) hesabı haqqında” müqaviləyə əsasən illik faiz dərəcəsi 6% olmaqla 3841-000011-USD-13 saylı əmanət hesabına yerləşdirilmiş 50 000 (əlli min) ABŞ dolları məbləğində pul vəsaitinin və həmin əmanətə görə xx.xx.2021-ci il tarixinə (13 il 2 ay müddətinə) hesablanmış 39 499,84 (otuz doqquz min dörd yüz doxsan doqquz dollar, 84 sent) ABŞ dolları məbləğində faiz məbləğinin; xx.xx.2008-ci il tarixli 96 saylı “Xüsusi Əmanət (depozit) hesabı haqqında” müqaviləyə əsasən illik faiz dərəcəsi 6% olmaqla 3841-000011-USD13 saylı əmanət hesabına yerləşdirilmiş 50 000 (əlli min) ABŞ dolları məbləğində pul vəsaitinin və həmin əmanətə görə xx.xx.2021-ci il tarixinə (13 il 2 ay müddətinə) hesablanmış 39 499,84 (otuz doqquz min dörd yüz doxsan doqquz dollar, 84 sent) ABŞ dolları məbləğində faiz məbləğinin; xx.xx.2008-ci il tarixli 97 saylı “Xüsusi Əmanət (depozit) hesabı haqqında” müqaviləyə əsasən illik faiz dərəcəsi 6% olmaqla 3841-00001 l-USD-13 saylı əmanət hesabına yerləşdirilmiş 50 000 (əlli min) ABŞ dolları məbləğində pul vəsaitinin və həmin əmanətə görə xx.xx.2021-ci il tarixinə (13 il 2 ay müddətinə) hesablanmış 39 499,84 (otuz doqquz min dörd yüz doxsan doqquz dollar, 84 sent) ABŞ dolları məbləğində faiz məbləğinin; xx.xx.2008-ci il tarixli 98 saylı “Xüsusi Əmanət (depozit) hesabı haqqında” müqaviləyə əsasən illik faiz dərəcəsi 6% olmaqla 3841-00001 l-USD-13 saylı əmanət hesabına yerləşdirilmiş 50 000 (əlli min) ABŞ dolları məbləğində pul vəsaitinin və həmin əmanətə görə xx.xx.2021-ci il tarixinə (13 il 2 ay müddətinə) hesablanmış 39 499,84 (otuz doqquz min dörd yüz doxsan doqquz dollar, 84 sent) ABŞ dolları məbləğində faiz məbləğinin; xx.xx.2008-ci il tarixli 99 saylı “Xüsusi Əmanət (depozit) hesabı haqqında” müqaviləyə əsasən illik faiz dərəcəsi 6% olmaqla 3841-00001 l-USD-13 saylı əmanət hesabına yerləşdirilmiş 50 000 (əlli min) ABŞ dolları məbləğində pul vəsaitinin və həmin əmanətə görə xx.xx.2021-ci il tarixinə (13 il 2 ay müddətinə) hesablanmış 39 499,84 (otuz doqquz min dörd yüz doxsan doqquz dollar, 84 sent) ABŞ dolları məbləğində faiz məbləğinin; xx.xx.2008-ci il tarixli 100 saylı “Xüsusi Əmanət (depozit) hesabı haqqında” müqaviləyə əsasən illik faiz dərəcəsi 6% olmaqla 3841- 000011-USD- 13 saylı əmanət hesabına yerləşdirilmiş 20 000 (əlli min) ABŞ dolları məbləğində pul vəsaitinin və həmin əmanətə görə xx.xx.2021-ci il tarixinə (13 il 2 ay müddətinə) hesablanmış 15 799,84 (on beş min yeddi yüz doxsan doqquz dollar, 84 sent) ABŞ dolları məbləğində faiz məbləğinin; xx.xx.2008-ci il tarixli 101 saylı “Xüsusi Əmanət (depozit) hesabı haqqında” müqaviləyə əsasən illik faiz dərəcəsi 6 % olmaqla 3841- 000011-ÜSD13 saylı əmanət hesabına yerləşdirilmiş 30 000 (əlli min) ABŞ dolları məbləğində pul vəsaitinin və həmin əmanətə görə xx.xx.2021-ci il tarixinə (13 il 2 ay müddətinə) hesablanmış 23 700,00 (iyirmi üç min yeddi yüz) ABŞ dolları məbləğində faiz məbləğinin, yəni ümumilikdə 300 000 (üç yüz min) ABŞ dolları məbləğində bank əmanət məbləğinin və xx.xx.2021-ci il tarixinədək 13 il 2 ay müddətinə olan 236 999,04 (iki yüz otuz altı min doqquz yüz doxsan doqquz dollar, 04 sent) ABŞ dolları məbləğində əmanət faizinin ona qaytarılması, cavabdehin təqsiri üzündən pul vəsaitindən, həmin pul vəsaitinə görə əldə edəcəyi faiz şəklində gəlirindən məhrum olması səbəbindən məruz qaldığı mənəvi sarsıntıların - mənəvi zərərin əvəzi kimi 100 000 (yüz min) manatın cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir
4. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ASC-nin Gəncə filalına 3841-000011-USD13 saylı depozit hesabına depozit şəklində qoyduğu 300 000 ABŞ dolları məbləğində əmanəti bankdan məxaric etməmiş, məktubda qeyd edilən tarixdə, yəni 300 000 ABŞ dollarının hesabdan çıxarıldığının iddia edildiyi xx.xx.2018-ci il tarixində ümumiyyətlə Azərbaycan Respublikası hüdudlarında olmamış, Azərbaycan Respublikasına xx.xx.2008-ci il tarixində qayıtmışdır. Bankda digər depozit hesabında 100 000 (bir yüz min) ABŞ dolları məbləğində vəsait üzrə bank tərəfindən ona məlum olmayan və onun tərəfindən sərəncam verilməyən əməliyyatlar aparılmış, xx.xx.2009-cu il il tarixində guya ona 100 000 (bir yüz min) ABŞ dolları geri ödənilmiş və o, yenidən hesabına bu məbləği geri qoymuşdur. xx.xx.2010-cu ildə isə guya ona 100 000 (bir yüz min) ABŞ dolları geri ödənilmiş, xx.xx.2010-ci il tarixində yenidən həmin məbləği hesabına geri qaytarmışdır.
5. Bankın nümayəndəsi iddia tələbinin əsassız olduğunu bildirmiş, iddiaçının əmanət kitabçasının olmadığını, bank əməliyyatlarının iddiaçının atasına verdiyi etibarnamə əsasında həyata keçirilmə ehtimalının mövcudluğunu, Mərkəzi Bankın “Azərbaycan Respublikasının bank sistemində arxiv işlərinin aparılması haqqında Təlimat”ına əsasən “Xüsusi Əmanət (depozit) hesabı haqqında” müqavilələrə, mədaxil və məxaric orderlərinə xitam veriləndən sonra saxlama müddətini 5 (beş) il keçdikdən sonra məhv edildiyi üçün həmin sənədləri təqdim edə bilmədiklərini qeyd etmişdir.
6. Birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertiza tədqiqatını həyata keçirən Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/812 nömrəli xx.xx.2021ci il tarixli rəyində göstərilmişdir ki, Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış 04 may 2008-ci il tarixli 95, 96, 98, 99, 100, 101 saylı “Xüsusi Əmanət (depozit) hesabı haqqında” müqaviləyə əsasən müvafiq olaraq xx.xx.2008-ci il tarixindən xx.xx.2020-ci il tarixinə qədər olan dövr üzrə hesablanmış faiz məbləği 36 249,99 manat, 36 249,99 manat, 36 249,99 manat, 36 249,99 manat, 14 499,99 manat, 21 750,00 manat müəyyən edilir.
7. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd olunmuşdur.
8. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən xx.xx.2008-ci il tarixli 95 saylı “Xüsusi Əmanət (depozit) hesabı haqqında” 3841-000011-USD-13 saylı xx.xx.2008-ci il tarixli 96 saylı “Xüsusi Əmanət (depozit) hesabı haqqında” 3841-000011-USD-13 saylı, xx.xx.2008-ci il tarixli 97 saylı “Xüsusi Əmanət (depozit) hesabı haqqında” 3841-000011- USD-13 saylı, xx.xx.2008-ci il tarixli 98 saylı “Xüsusi Əmanət (depozit) hesabı haqqında” 3841-000011-USD-13 saylı, xx.xx.2008-ci il tarixli 99 saylı “Xüsusi Əmanət (depozit) hesabı haqqında” 3841-000011-USD-13 saylı, xx.xx.2008-ci il tarixli 100 saylı "Xüsusi Əmanət (depozit) hesabı haqqında” 3841-000011-USD-13 saylı, xx.xx.2008-ci il tarixli 101 saylı “Xüsusi Əmanət (depozit) hesabı haqqında” **********-USD-13 saylı əmanət müqavilələrinin əsilləri təqdim olunsa da, o, hər bir müqavilə üzrə əmanət kitabçalarını təqdim etməmişdir.
9. Bank tərəfindən ona əmanət kitabçalarının təqdim olunmaması səbəbindən onları təqdim etməyin mümkün olmadığı arqumentini də məhkəmə əsassız hesab etmişdir; belə ki, birincisi, əmanət müqavilələrin hər birinin 4.1.2-ci bəndinə əsasən, bank əmanətçiyə pul vəsaitinin onun depozit hesabına yerləşdirilməsi barədə adlı bank kitabçası verir. Adlı bank kitabçası itirildikdə və ya təqdim olunmaq üçün yararsız hala düşdükdə, əmanətçinin ərizəsi üzrə bank ona yeni bank kitabçası verir (4.1.4). Adlı bank kitabçası itirildikdə və va təqdim olunması üçün yararsız hala düşdükdə ona yeni bank kitabçası verilməsi üçün ərizə ilə müraciət edə bilər (4.2.4).
10. Məhkəmə vurğulamışdır ki, iddiaçı müqavilələr üzrə olan bank kitabçasını təqdim etməmiş, bununla da bank əmanətinin verilməsini, əmanət üzrə faizlərin ödənilməsi və ya əmanət üzrə hesabdan pul vəsaitinin digər şəxslərə köçürülməsi kimi halların müəyyən olunması imkanını məhdudlaşdırmışdır. Digər tərəfdən isə iş materialları, xüsusilə iddiaçının banka etdiyi müraciətlərlə müqayisəli şəkildə təhlil olunduğunda, həmin müqavilələrin həqiqətən bağlanmış olduğuna qənaət gətirmək mümkün olur. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçı depozit müqavilələrinin də əsillərini təqdim etsə belə, həmin depozit hesablarından onun sərəncamı olmadan əməliyyat aparılmasını iddia etdiyi halda, depozit müqavilələri üzrə bank kitabçasının təqdim olunması zərurəti yaranmışdır. İddiaçının bank kitabçalarının bank tərəfindən təqdim olunmaması ilə bağlı irəli sürdüyü arqumentini məhkəmə inandırıcı hesab etmir.
11. Bundan başqa məhkəmə qeyd etmişdir ki, iddiaçı ölkə xaricində olduğu zaman hesabında razılığı olmadan əməliyyatlar aprılmasını iddia etmiş və bildirmişdir ki, adından 2008-ci il yanvar-iyun aylarında onun tərəfindən hər hansı notariat hərəkəti aparılmamışdır. Lakin məhkəmə baxış iclasında cavabdeh tərəfindən təqdim olunmuş ƏN-1 №111054, 02 iyun 2008-ci il tarixli Gəncə şəhəri 1-ci DNK-da verilmiş etibarnamədən görünmüşdür ki, İddiaçı atası X1 bank orqanlarından ona çatası pulu, əmanəti eləcə də sənədləri almağı, bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi və.s hüquqlar üzrə 3 il müddətinə - xx.xx.2011-ci ilədək qüvvədə olan etibarnamə vermişdir. İddiaçı həmin etibarnamənin "xxxx" Müstəqil Teleradio Şirkəti fərdi müəssisəsinin satılması ilə bağlı alqı-satqı müqaviləsində istifadə olunduğunu, diblikatının olmamasına istinad etsə də, bu hal iş materialları ilə təkzib olunur. Belə ki, sözügedən müqavilə 04 may 2008-ci il tarixdə bağlansa da, etibarnamə 28 gün sonra, yəni 02 iyun 2008-ci il tarixdə verilmişdir. Digər tərəfdən, həmin etibarnamənin dublikatının deyil, həm də surətinin notariat qaydada təsdiq edilmiş olması halı da istisna deyil.
12. Məhkəmənin qənaətinə görə , həmin müqavilələr üzrə qoyulan vəsait İddiaçı atası X1 Gəncə şəhəri 1-ci DNK-da verdiyi və 3 il müddətində qüvvədə olan ƏN-1 №111054, 02 iyun 2008-ci il tarixli ümumi etibarnaməyə əsasən çıxarıla bilərdi. Qeyd edilən məbləğlər X2 tərəfindən alındığından bank kitabçaları da banka geri qaytarılmış və müqavilələrə xitam verilmişdir. Göründüyü kimi iddiaçı tərəf iddia ərizəsində göstərdiyi halları məhkəmə qarşısında sübuta yetirə bilməmişdir.
13. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 944, 946, 953, Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 14, 77, 78-ci maddələrinə istinad etmişdir.
b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
14. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, bank kitabçası iddiaçıya verilməmiş, əmanətin nə iddiaçı, nə də onun nümayəndəsi tərəfindən çıxarılması sübut olunmamışdır. Məhkəmə öz qətnaməsini iddiaçının atası X1 verdiyi xx.xx.2008-ci il tarixli etibarnanə əsasında pul vəsaitinin çıxarılması ehtimalı ilə əsaslandırsa da, Gəncə şəhər 2 saylı notariat ofisinin xx.xx.2021-ci il tarixli 153 saylı cavab məktubundan da göründüyü kimi İddiaçı nümayəndəsi X2 və X6 arasında xx.xx.2008-ci il tarixli 3 M-112 reyestrlə təsdiq edilmiş “X5 Şirkəti Fərdi Müəssisəsi”nin alqı-satqı müqaviləsində istifadə edilən etibarnamənin əsli göstərilən alqı-satqı müqaviləsində saxlanılaraq notariat arxivində yerləşdirilmişdir. Təqdim edilmiş alqı-satqı müqaviləsindən göründüyü kimi, müqavilənin tarixi xx.xx.2008-ci il qeyd olunsa da, notarusda rəsmiləşdilmə tarixi xx.xx.2008-ci ildir. Bankın elektron arxiv materialları var və hesab edirlər ki, bank tərəfindən dərhal məhkəməyə təqdim edilməlidir. Bir ildən artıq davam edən məhkəmə iclaslarında cavabdeh tərəfindən arxiv sənədlərinin ləğv edilməsinə dair bir dənə də sübut məhkəməyə təqdim etməyib. Halbuki, tərəflərindən məhkəmə iclaslarında bu məsələ dəfələrlə qaldırılıb. Lakin iş üçün mühüm əhəmiyyət kəsb edən bu hal məhkəmə tərəfindən araşdırlmayıb. Məhkəmə cavabdeh bankdan arxiv səndlərinin ləğv edilməsinə dair qanunvericilikdə nəzərdə tutulmuş bütün sənədlər toplusunu tələb etməli idi. Bu hal da iş üçün mühüm əhəmiyyət kəsbedən halların araşdırılmaması deməkdir.
16. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşan apellyasiya instansiyası məhkəməsi, apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu vurğulamış, hesab etmişdir ki, əmanət məbləğləri X2 tərəfindən alındığından bank kitabçaları da banka geri qaytarılmış və müqavilələrə xitam verilmişdir.
18. Məhkəmə (apellyasiya instansiyası) həmçinin qeyd etmişdir ki, Cavabdeh ASC-nin İdarə Heyətinin sədri tərəfindən 04 may 2016-cı il tarixdə təsdiq olunmuş “Saxlanmalı olmayan sənədlərin məhv edilmək üçün ayrılması haqqında” aktdan görünür ki, “Gəncə” filialına aid emissiya və kassa əməliyyatları üzrə günün sənədləri (tapşırıqlar, siyahılar, balans və balansdankənar mədaxil və məxaric orderləri, məxaric kassası kassirin təhtəlhesab aldığı və məxaric etdiyi nağd pulların məbləği haqqında arayış) 2007-2010-cu illər üzrə 5 il saxlama müddəti bitdiyi üçün məhv edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini əsaslandırarkən MM-in 944, 946, 953, MPM-in 14, 77, 78-ci maddələrinə istinad etmişdir.
c) Kassasiya instansiyası məhkəməsindəki icraat
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 may 2022-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv olunaraq iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilmişdir.
21. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “...Məhkəmə, cavabdeh tərəfindən təqdim olunmuş Cavabdeh ASC-nin İdarə Heyətinin sədri tərəfindən 04 may 2016-cı il tarixdə təsdiq olunmuş “Saxlanmalı olmayan sənədlərin məhv edilmək üçün ayrılması haqqında” akta istinad edərək “Gəncə” filialına aid emissiya və kassa əməliyyatları üzrə günün sənədlərinin (tapşırıqlar, siyahılar, balans və balansdankənar mədaxil və məxaric orderləri, məxaric kassası kassirin təhtəlhesab aldığı və məxaric etdiyi nağd pulların məbləği haqqında arayış) 2007-2010cu illər üzrə 5 il saxlama müddəti bitdiyi üçün məhv edildiyini müəyyən etmiş, iddiaçının bank əmanət kitabçası təqdim etməməsinə, atasına etibarnamə verməsinə və özü tərəfindən olmasa da, atası tərəfindən etibarnamədən istifadə edilməklə əmanətin çıxarıla bilməzi ehtimalına əsaslanaraq hesab etmişdir ki, iddiaçının iddiası əsassızdır. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin əmanət müqaviləsi üzrə pulun iddiaçıya ödənilməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməməsinin səbəbi kimi istinad etdiyi Cavabdeh ASC-nin İdarə Heyətinin sədri tərəfindən 04 may 2016-cı il tarixdə təsdiq olunmuş “Saxlanmalı olmayan sənədlərin məhv edilmək üçün ayrılması haqqında” akt həmin sənədlərin məhv edilməsi barədə deyil, sənədlərin məhv edilməsi üçün ayrılması barədə aktdır. Azərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında Təlimata əsasən: 7.1. Saxlanma müddəti başa çatmış sənədlər məhv edilmək üçün ayrılır, müvafiq akt (əlavə № 2) tərtib olunur, bankın MEK (EK)-in sədri və üzvləri tərəfindən imzalanır, bankın rəhbəri tərəfindən təsdiq olunur və sənədlərin məhv edilməsinə icazə almaq üçün dövlət arxiv xidməti təşkilatına təqdim olunur. Dövlət arxiv xidməti təşkilatının icazəsi olmadan arxiv sənədləri məhv edilə bilməz. 7.2. Sənədlərin məhv etmək üçün seçilməsi işə vərəq-vərəq baxmaqla həyata keçirilir. Sənədlərin özünə baxmadan, işlərin sərlövhəsi üzrə seçilməsinə yol verilmir. 7.3. Akt dövlət arxiv xidməti təşkilatı tərəfindən təsdiq edildikdən sonra aktda göstərilən sənəd və işlər məhv edilir. Sənədlər təkrar xammal tədarükü məntəqələrinə verilir, yaxud bankın özü tərəfindən məhv edilir. Sənədlərin təkrar xammal tədarükü məntəqələrinə təhvil verilməsi təhvil-təslim sənədi ilə, məhv edildikdə isə aktla rəsmiləşdirilir. Göründüyü kimi, bank tərəfindən məhkəməyə Təlimatın 7.3-ü bəndində göstərilən akt təqdim edilməmişdir. Həmçinin təqdim edilən 04 may 2016-cı il tarixdə təsdiq olunmuş “Saxlanmalı olmayan sənədlərin məhv edilmək üçün ayrılması haqqında” aktda iddiaçının əmanəti ilə bağlı sənədlərin aktın 67-ci bəndi üzrə “Gəncə” filialına aid emissiya və kassa əməliyyatları üzrə günün sənədlər (tapşırıqlar, siyahılar, balans və balansdankənar mədaxil və məxaric orderləri, məxaric kassası kassirin təhtəlhesab aldığı və məxaric etdiyi nağd pulların məbləği haqqında arayış) kimi məhv edildiyi göstərilmişdir. Halbuki aktın digər filiallara aid hissələrində ayrıca “Əmanət hesabları üzrə əməliyyat və mühasibat sənədləri” adı altında sənədlərin məhv edilmə üçün ayrılması barədə qeydlər vardır. Belə olan halda, əmanət hesabı üzrə əmanətin məxaric edilməsi barədə məxaric orderi, bankın istinad etdiyi kimi pulun verildiyi şəxsi səlahiyyətini təsdiq edən etibarnamə, qaytarıldığı iddia edilən bank əmanət kitabçası və əmanət hesabına aid digər sənədlərin istinad olunan 67-ci bənd üzrə sənədlərə aid olub-olmadığı, həmin sənədlərin hansı bölmədə qeyd edilməli olduğu ilə bağlı məhkəmə tərəfindən hər hansı araşdırma aparılmamış, lazım gələrsə bu məsələ ilə əlaqədar mütəxəssis köməyindən istifadə edilməmişdir”.
d) Təkrar apellyasiya baxışı zamanı verilən izahatlar
22. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclaslarında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə1 apellyasiya şikayətini Ali Məhkəmənin qərarında göstərilənlərə istinadla müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, eyni zamanda Milli Arxiv İdarəsinə ünvanladığı sorğuya həmin qurumun verdiyi cavab məktubunu məhkəməyə təqdim etmişdir.
23. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 şikayətin əsassız olduğunu bildirmiş, müxtəlif sənədlər, o cümlədən Milli Arxiv idarəsi yanında X3 Salan Mərkəzin xx.xx.2022-ci il tarixli 10/42 saylı müşayiətedici məktubunu və həmin məktuba əlavə edilmiş xx.xx.2016-cı il tarixli 40 saylı podrat müqaviləsinin, hesab-faktura və hesabatın, “Muğanbank" ASC-nin İdarə Heyətinin sədri E.Ə.Həsənov tərəfidən təsdiq edilmiş xx.xx.2016-cı il tarixli “Saxlanmalı olmayan sənədlərin məhv edilmək üçün ayrılması haqqında” Aktın, Cavabdeh ASC-nin xx.xx.2016-ci il tarixli 221-1/HR tarixli “Bankın sənədlərinin arxivləşdirilməsi barədə” əmrinin, “Muğanbank" ASC-nin İdarə Heyətinin sədri E.Ə.Həsənov tərəfindən xx.xx.2016-cı il tarixdə təsdiq edilmiş “Saxlanma müddəti başa çatmış arxiv sənədlərinin məhv edilməsi barədə” aktın surətlərini təqdim etməklə, iddiaçıya məxsus əmanətlə bağlı sənədlərin müvafiq qanunvericiliyə uyğun şəkildə məhv edilmiş olduğunun həmin sübutlar əsasında sübuta yetirildiyini göstərmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 944.1. Bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür.
25. Maddə 946.1. Bank əmanəti müqaviləsi yazılı formada bağlanır. Bank əmanəti müqaviləsinin yazılı formasına o halda riayət olunmuş sayılır ki, əmanətin qoyulması bank kitabçası ilə, bank və ya depozit sertifikatı ilə və ya bank tərəfindən əmanətçiyə verilmiş digər sənədlə, özü də qanunda bu cür sənədlər üçün nəzərdə tutulmuş tələblərə, qanuna uyğun müəyyənləşdirilmiş bank qaydalarına və bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətlərinə uyğun gələn sənədlə təsdiq edilsin.
26. Maddə 953.1. Əgər tərəflərin razılaşması ilə ayrı qayda nəzərdə tutulmayıbsa, fiziki şəxslə bank əmanəti müqaviləsinin bağlanması və onun əmanət üzrə hesabına pul vəsaitinin qoyulması bank kitabçası ilə təsdiq olunur. Bank əmanəti müqaviləsində adlı bank kitabçasının və ya adsız bank kitabçasının verilməsi nəzərdə tutula bilər. Bank kitabçasında bankın adı və olduğu yer, əmanət filiala qoyulduqda isə həm də müvafiq filialın adı və olduğu yer, əmanət üzrə hesabın nömrəsi, habelə hesaba köçürülmüş pul vəsaitinin bütün məbləğləri, hesabdan silinmiş pul vəsaitinin bütün məbləğləri və bank kitabçasının banka təqdim olunduğu anadək hesabdakı pul vəsaitinin qalığı göstərilməli və bank tərəfindən təsdiq edilməlidir. Əgər ayrı hal sübuta yetirilməyibsə, bank kitabçasında göstərilmiş əmanət haqqında məlumatlar bankla əmanətçi arasında əmanət üzrə hesablaşmalar üçün əsasdır.
27. Maddə 953.2. Bank əmanətin verilməsini, əmanət üzrə faizlərin ödənilməsini və əmanət üzrə hesabdan pul vəsaitinin digər şəxslərə köçürülməsinə dair əmanətçinin sərəncamlarının icrasını bank kitabçası təqdim olunduqda həyata keçirir. Adlı bank kitabçası itirildikdə və ya təqdim olunmaq üçün yararsız vəziyyətə düşdükdə, əmanətçinin ərizəsi üzrə bank ona yeni bank kitabçası verir. İtirilmiş adsız sənədli bank kitabçası üzrə hüquqların bərpası adsız qiymətli kağızlar üçün nəzərdə tutulmuş qaydada həyata keçirilir.
“Banklar haqqında” Azərbaycan Respublikası Qanunu
28. Maddə 39.1. Banklar bank əməliyyatları haqqında bağlanmış müqavilələr və icra edilmiş müqavilələr (əqdlər) üzrə müvafiq sənədləri, o cümlədən elektron daşıyıcılarda olan informasiyanı, habelə fəaliyyətləri nəticəsində yaranan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada və müddət ərzində saxlamalıdırlar.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
34. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
35. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
36. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
39. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
40. Kassasiya instansiyasının qərarında şərh olunan hüquqi mövqelərlə razılaşan və işin hallarını (faktiki) təkrarən sadalamağa zərurət görməyən məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini rədd etməklə hüququn tətbiq edilməsində səhv buraxmış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir; nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsi işin hallarını və hüquq normalarını ətraflı təfsir etməklə buraxılmış səhvin mahiyyətinin nədən ibarət olduğunu dəqiq, aydın, inandırıcı formada izah etmişdir və qərardakı hüquqi mövqelərlə razılaşmamaq üçün heç bir əsas mövcud deyildir.
41. Belə ki, Cavabdeh ASC-nin Gəncə filialı ilə İddiaçı arasında xx.xx.2008-ci il tarixdə 7 ədəd “Xüsusi Əmanət (depozit) hesabı haqqında" müqavilə bağlandığı, həmin müqavilələr üzrə ümumilikdə 300 000 ABŞ dolları vəsaitin əmanət qoyulduğu və əmanətlərin illik faiz dərəcəsinin 6% müəyyən edildiyi işin mübahisələndirilməyən halıdır.
42. İddiaçı məhz sözügedən əmanət məbləğini və ona hesablanmalı olan faizləri geri tələb edir, cavabdeh bank isə həmin vəsaitin qısa müddət sonra iddiaçının etibarnamə üzrə nümayəndəsinə qaytarıldığını, bu barədə sənədlərin saxlama müddəti bitdiyi üçün məhv edildiyini irəli sürür.
43. Belə olan halda, iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 944-cü, 946-cı və 953-cü maddələri nəzərdən keçirilə bilər (§ 24-27). Bununla belə qeyd olunmalıdır ki, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal – cavabdeh bankın əmanət məbləğini iddiaçıya, yaxud onun səlahiyyətli nümayəndəsinə qaytarmış olub-olmadığı, bununla bağlı sənədlərin məhv edilib-edilmədiyi iş üzrə sübutetmənin predmetidir.
44. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir (§ 29-31).
45. Bank elə bir təsisatdır ki, fiziki və hüquqi şəxslərdən və ya digər mənbələrdən vəsaitləri depozit kimi cəlb edib, həmin vəsaitləri buna ehtiyacı olanlara müəyyən faizlərlə kredit kimi verir. Başqa sözlə, cəlb etdiyi depoziti kredit verməklə gəlir əldə etməsi bankın mahiyyətini təşkil edən fəaliyyət növüdür. Belə olan halda, kredit təşkilatı kimi bankın iddiaçıdan qəbul etdiyi pul vəsaitini (depoziti) qaytarmış olması halını sübut etmək yükünü iddiaçı daşıya bilməz. Əksinə, iddiaçıdan qəbul etdiyi pul vəsaitini qaytardığını, yaxud müddətdən artıq özündə saxlamaqla faydalanmaması halını cavabdeh (bank) sübut etməlidir.
46. Hazırkı işdə cavabdeh bank, mübahisəli hala dair birinci instansiya məhkəməsinə heç bir sübut verməmiş, yalnız əvvəlki apellyasiya baxışı zamanı bankın İdarə Heyətinin sədri tərəfindən 04 may 2016-cı il tarixdə təsdiq olunmuş “Saxlanmalı olmayan sənədlərin məhv edilmək üçün ayrılması haqqında” akt təqdim edərək həmin akta istinadla “Gəncə” filialına aid emissiya və kassa əməliyyatları üzrə günün sənədlərinin (tapşırıqlar, siyahılar, balans və balansdankənar mədaxil və məxaric orderləri, məxaric kassası kassirin təhtəlhesab aldığı və məxaric etdiyi nağd pulların məbləği haqqında arayış) 2007-2010-cu illər üzrə 5 il saxlama müddəti bitdiyi üçün məhv edildiyini irəli sürmüşdür.
47. Halbuki, Ali Məhkəmənin də qeyd etdiyi kimi, həmin akt sənədlərin məhv olunması barədə deyil, sənədlərin məhv edilməsi üçün ayrılması barədə aktdır və bank tərəfindən “Azərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında” Təlimatda nəzərdə tutulmuş qaydada tərtib olunan başqa sənəd iddiaçının nümayəndəsinin dəfələrlə vəsatət vermiş olmasına baxmayaraq, nə birinci instansiya məhkəməsinə, nə də əvvəlki apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsinə təqdim edilməmişdir.
48. Sözügedən aktda, iddiaçının əmanəti ilə bağlı sənədlərin aktın 67-ci bəndi üzrə “Gəncə” filialına aid emissiya və kassa əməliyyatları üzrə günün sənədləri (tapşırıqlar, siyahılar, balans və balansdankənar mədaxil və məxaric orderləri, məxaric kassası kassirin təhtəlhesab aldığı və məxaric etdiyi nağd pulların məbləği haqqında arayış) kimi məhv edildiyi göstərilmişdir. Hansı ki, aktın digər filiallara aid hissələrində ayrıca “Əmanət hesabları üzrə əməliyyat və mühasibat sənədləri” adı altında sənədlərin məhv edilmə üçün ayrılması barədə qeydlər vardır. Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2013-cü il tarixli 16/3 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında Təlimat”ın 1 saylı Əlavəsinin “Mühasibat uçotu və hesabatı” adlandırılan 6-cı bölümünün 114-cü bəndinə əsasən, “Əmanət hesabları üzrə əməliyyat və mühasibat sənədləri” ayrı bölmədə göstərilməlidir. Lakin bankın təqdim etdiyi xx.xx.2016-cı il tarixli aktın “Gəncə” fililalına aid hissəsindəki “Mühasibat uçotu və hesabatı” bölümündə əmanət hesabları üzrə əməliyyat və mühasibat sənədləri ümumiyyətlə ləğv etmək üçün ayrılmamış və akta salınmamışdır. Halbuki həmin aktın 2-ci səhifəsində bankın baş ofisinə aid “Mühasibat uçotu və hesabatı” bölümündə (23-ci bənd) 2006-2008-ci illərə aid “Əmanət hesabları üzrə əməliyyat və mühasibat sənədləri”, 4-cü səhifəsində bankın “Bakı” filialina aid “Mühasibat uçotu və hesabatı” bölümündə (35-ci bənd) filial üzrə “Əmanət hesabları üzrə əməliyyat və mühasibat sənədləri”, 10-cu səhfəsində bankın “Mərkəz” filialına aid “Mühasibat uçotu və hesabatı” bölümünün (100-cü bənd) filial üzrə 2010-cu ilə aid “Əmanət hesabları üzrə əməliyyat və mühasibat sənədləri”, 11-ci səhfəsində bankın “Mingəçevir” filialına aid “Mühasibat uçotu və hesabatı” bölümündə (111-ci bənd) filial üzrə 2010-cu ilə aid “Əmanət hesabları üzrə əməliyyat və mühasibat sənədləri”, 12-ci səhifəsində “Nərimanov” filialına aid olan hissədə (125-ci bənd) filial üzrə “Əmanət hesabları üzrə əməliyyat və mühasibat sənədləri”, 14-cü səhifədə bankın “Nəsimi” filialına aid “Əmanət hesabları üzrə əməliyyat və mühasibat sənədləri”, 15-ci səhifədə “Paytaxt" filialına aid hissədə (151-ci bənd) “Əmanət hesabları üzrə əməliyyat və mühasibat sənədləri”, 16-cı səhifədə bankın “Səbail" filialına adi hissədə (163-cü bənd) “Əmanət hesabları üzrə əməliyyat və mühasibat sənədləri”, eləcə də 18-ci, 19-cu, 20-ci səhiflərində digər filiallara aid hissələrdə “Əmanət hesabları üzrə əməliyyat və mühasibat sənədləri” ayrıca göstərilmişdir.
49. Təkrar apellyasiya baxışı zamanı təqdim olunmuş, iddiaçının nümayəndəsinin (vəkilinin) Milli Arxiv İdarəsinə ünvanladığı sorğuya həmin qurumun verdiyi cavab məktubunda, “...Cavabdeh ASC-də yaradılmış ekspert komissiyasının üzvlərinin və Milli Arxiv İdarəsi yanında X3 Salan Mərkəzin əməkdaşlarının iştirakı ilə adıçəkilən bankın saxlanma müddətləri başa çatmış və əməli əhəmiyyətini itirmiş sənədlərin məhv edilmək üçün ayrılması barədə 21 fevral 2014-cü il tarixdə akt tərtib edilmiş, akta həmin dövrdə müvafiq normativ sənədə əsasən bankın saxlanma müddətləri başa çatmış 2008-ci ilə aid sənədləri (o cümlədən kassa sənədləri, balans və balansdankənar mədaxil və məxaric orderləri və s.) daxil edilmişdir. Lakin bankın Gəncə filialının məktubunuzda sözügedən 2008-ci ilə aid əmanət hesabları üzrə əməliyyat və mühasibat sənədləri saxlanma müddətləri başa çatmadığı üçün həmin akta daxil edilməmişdir” qeyd olunmuşdur.
50. Kollegiya hesab edir ki, sözügedən məktubda göstərilənlər, bankın istinad etdiyi 04 may 2016-cı il tarixli “Saxlanmalı olmayan sənədlərin məhv edilmək üçün ayrılması haqqında” aktın iddiaçının əmanəti ilə bağlı sənədlərin məhv edilməsinə aid olmadığı nəticəsinə gəlməyə imkan verir. Çünkü, kassasiya instansiyası məhkəməsinin də vurğuladığı kimi, “Azərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında” Təlimata əsasən, saxlanma müddəti başa çatmış sənədlər məhv edilmək üçün ayrılır, müvafiq akt (əlavə № 2) tərtib olunur, bankın MEK (EK)-in sədri və üzvləri tərəfindən imzalanır, bankın rəhbəri tərəfindən təsdiq olunur və sənədlərin məhv edilməsinə icazə almaq üçün dövlət arxiv xidməti təşkilatına təqdim olunur. Dövlət arxiv xidməti təşkilatının icazəsi olmadan arxiv sənədləri məhv edilə bilməz. Akt dövlət arxiv xidməti təşkilatı tərəfindən təsdiq edildikdən sonra aktda göstərilən sənəd və işlər məhv edilir.
51. Başqa sözlə, əgər Dövlət arxiv xidmətində Cavabdeh ASC-nin saxlanma müddətləri başa çatmış sənədlərinin məhv edilməsi ilə bağlı yalnız 21 fevral 2014-cü il tarixli akt mövcuddursa və bankın Gəncə filialının 2008-ci ilə aid əmanət hesabları üzrə əməliyyat və mühasibat sənədləri saxlanma müddətləri başa çatmadığı üçün həmin akta daxil edilməmişdirsə, bu o deməkdir ki, bankın istinad etdiyi 04 may 2016-cı il tarixli akt iddiaçının əmanətinə aid sənədlərin məhv edilməsinə dair mötəbər sübut kimi qəbul edilə bilməz.
52. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin hazırkı apellyasiya baxışı zamanı təqdim etdiyi sənədləri (sənəd surətlərini) isə kollegiya, müvafiq mübahisəli halın sübuta yetirilməsi üçün mötəbər və zəruri sübutlar hesab etmir.
53. Belə ki, birincisi, cavabdehin nümayəndəsi həmin sənədləri (sənəd surətlərini) 2 ildən artıqdır davam edən məhkəmə prosesləri zamanı nə birinci instansiya məhkəməsinə, nə də ən azından əvvəlki apellyasiya baxışı zamanı apellyasiya instansiyasına onlardan (bankdan) asılı olmayan səbəblərə görə təqdim etmələrinin mümkün olmadığına dair heç bir əsaslandırma verməmişdir – baxmayaraq ki, iddiaçının apellyasiya şikayətinin əsas dəlili məhz müvafiq sübutların bank tərəfindən təqdim edilməməsi olmuşdur. Bu hal isə o deməkdir ki, əslində müvafiq sənədlər hazırda işə baxan kollegiya tərəfindən sübut kimi qəbul edilməməlidir (§ 35).
54. Digər tərəfdən kollegiyanın qənaətinə görə, hətta həmin sənədlər (sənəd surətləri) sübut kimi qəbul edilsə belə, onların əsasında mübahisəli halın sübuta yetirildiyi nəticəsinə gəlmək də mümkün deyildir.
55. Belə ki, təqdim olunmuş xx.xx.2016-cı il tarixli 40 saylı podrat müqaviləsində onun, Cavabdeh ASC və Milli Arxiv İdarəsi yanında X3 Salan Mərkəz arasında bankın 2005-2012-ci illərə aid arxiv sənədlərinin elmi-texniki cəhətdən qaydaya salınmasına dair bağlandığı göstərilmiş, Cavabdeh ASC-nin xx.xx.2016-cı il tarixli 221-1/HR tarixli “Bankın sənədlərinin arxivləşdırilməsi barədə” əmrində 2005-2010-cu illərə aid sənədlərin arxivləşdirilməsi, Cavabdeh ASC-nin İdarə Heyətinin sədri E.Ə.Həsənov tərəfindən xx.xx.2016-cı il tarixdə təsdiq edilmiş “Saxlanma müddəti başa çatmış arxiv sənədlərinin məhv edilməsi barədə” aktda isə 2010-cu təqvim ilini əhatə edən sənədlərin yandırlaraq məhv edildiyi qeyd olunmuşdur. Həmçinin, təqdim edilən 2016-cı il tarixli hesabatda görülmüş işlərin növlərində sənədlərin fiziki məhv edilməsinə dair Milli Arxiv idarəsinin hər hansı bir xidmət göstərdiyi qeyd olunmamış və ümumiyyətlə sifarişçi Cavabdeh ASC tərəfindən hesabat qəbul edilib imzalanmamışdır.
56. Digər tərəfdən, xx.xx.2016-cı il tarixli aktda Cavabdeh ASC-də tabeliyində olan fillialarda saxlanma müddəti keçmiş, elmi-texniki dəyəri olmayan və əməli əhəmiyyətini itirmiş 2010-cu təqvim ilini əhatə edən sənədlərin yandırılıraq məhv edildiyi göstərilmişdir. Halbuki, “Azərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında” Təlimatın 1 saylı Əlavəsinin Vİ hissəsinin 124-cu bəndində “Pul məbləğlərinin və qiymətli əmtəə-materialların alınmasına dair etibarnamələrə (o cümlədən ləğv edilmiş etibarnamələr) aid qrafa var və məhz pul məbləğinin alınmasına dair etibarnamələr ayrı başlıqla aktda qeyd edilməldir. “Saxlanmalı olmayan sənədlərin məhv edilmək üçün ayrılması haqqında” aktda isə, bankın “Gəncə” filialına aid pul məbləğlərinin və qiymətli əmtəə-materialların alınmasına dair etibarnamələrə (o cümlədən ləğv edilmiş etibamamələr) aid qrafa yoxdur.
57. Həmçinin qeyd olunmalıdır ki, “Saxlanma müddəti başa çatmış arxiv sənədlərinin məhv edilməsi barədə" xx.xx.2016-cı il tarixli aktda göstərilən sənədlərin “Azərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında Təlimat”ın 7.1-ci bəndində nəzərdə tutulduğu qaydada (§ 50) məhv olunduğuna dair sübut təqdim edilməmişdir. Başqa sözlə, həmin aktda göstərilən sənədlərin dövlət arxiv xidmətinin icazəsi alınaraq ləğv edildiyi müəyyən olunmur – bu xüsusat isə əslində həmin sənədin özünün mötəbərliliyinə şübhə doğurur.
58. “Azərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında Təlimat”ın 7.2-ci bəndinə əsasən, “sənədlərin məhv etmək üçün seçilməsi işə vərəq-vərəq baxmaqla həyata keçirilir. Sənədlərin özünə baxmadan, işlərin sərlövhəsi üzrə seçilməsinə vol verilmir”, 7.3.-cü bəndinə əsasən “akt dövlət arxiv xidməti təşkilatı tərəfindən təsdiq edildikdən sonra aktda göstərilən sənəd və işlər məhv edilir. Sənədlər təkrar xammal tədarükü məntəqələrinə verilir, yaxud bankın özü tərəfindən məhv edilir. Sənədlərin təkrar xammal tədarükü məntəqələrinə təhvil verilməsi təhvil-təslim sənədi ilə, məhv edildikdə isə aktla rəsmiləşdirilir”.
59. Kollegiya hesab edir ki, bankın nümayəndəsinin təkrar apellyasiya baxışı zamanı təqdim etdiyi xx.xx.2016-cı il tarixli akt Təlimatın 7.2-ci və 7.3-cü bəndlərinin tələbinə uyğun deyil.
60. Eyni zamanda nəzərə alınmalıdır ki, həmin aktda Cavabdeh ASC-nin tabeliyində olan fillialarda saxlanma müddəti keçmiş, elmi-texniki dəyəri olmayan və əməli əhəmiyyətini itirmiş 2010-cu təqvim ilini əhatə edən sənədlərin yandırılıraq məhv edildiyi yazılıb, iddiaçıya məxsus əmanətlə bağlı sənədlər isə 2008-ci ilə aiddir.
61. İddiaçının nümayəndəsinin (vəkilinin) təkrar apelyasiya baxışı zamanı təqdim etdiyi, onun sorğusuna Milli Arxiv İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubunda da göstərilmişdir ki, “Bankın əmanət hesabı üzrə müqavilələri, bu müqavilələrin icrası ilə əlaqədar tərtib edilmiş kassa mədaxil, kassa məxaric orderi, kassa sənədləri, ödəniş tapşırıqları, bank əmanət kitabçası, əmanətini bankdan götürən şəxsin sənədləri (etibarnamə, şəxsiyyət vəsiqəsi və s.) Azərbaycan Respublikası Mərkəzi Bankının 30 iyul 2013-cü il tarixli 16/3 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında Təlimat”ın 1 nömrəli Əlavəsinin “Mühasibat uçotu və hesabatı” bölməsinin 114, 121, 122, 123 və 124-cü maddələrinə əsasən məhv etmək üçün ayrıla bilər. Cavabdeh ASC-nin və tabeliyində olan filiallarının saxlama vaxtı keçmiş, elmi-tarixi dəyəri olmayan və əməli əhəmiyyətini itirmiş sənədlərinin məhv edilmək üçün ayrılması haqqında tərtib edilmiş 04 may 2016-cı il tarixli “Saxlanılmalı olmayan sənədlərin məhv edilmək üçün ayrılması haqqında akt”da Gəncə filialına dair sənədlər yuxarıda qeyd edilən maddələr üzrə məhv edilmək üçün ayrılmamışdır. Cavabdeh ASC-nin 16 may 2016-cı il tarixli “Saxlanma müddəti başa çatmış arxiv sənədlərinin məhv edilməsi barədə akt”ında həmin bankın 04 may 2016-cı il tarixində təsdiq edilmiş “Saxlanılmalı olmayan sənədlərin məhv edilmək üçün ayrılması haqqında akt”ına istinad edilməmişdir”.
62. Milli Arxiv İdarəsinin qeyd olunan iki məktubunda göstərilənləri nəzərə almaqla kollegiya, kassasiya instansiyası məhkəməsinin “əmanət hesabı üzrə əmanətin məxaric edilməsi barədə məxaric orderi, bankın istinad etdiyi kimi pulun verildiyi şəxsin səlahiyyətini təsdiq edən etibarnamə, qaytarıldığı iddia edilən bank əmanət kitabçası və əmanət hesabına aid digər sənədlərin istinad olunan 67-ci bənd üzrə sənədlərə aid olubolmadığı, həmin sənədlərin hansı bölmədə qeyd edilməli olduğu ilə bağlı mütəxəssis köməyindən istifadə edilməsi məsələsi müzakirə olunmalıdır” göstərişi əsasında araşdırma aparılmasını zəruri hesab etmir və bu mövqeyini prosessual qənaət prinsipi ilə əsaslandırır.
63. Təkrar apellyasiya baxışı təqdim olunmuş xx.xx.2016-cı il tarixli 221-1/HR tarixli “Bankın sənədlərinin arxivləşdirilməsi barədə” əmrə görə, komissiya üzvlərinə bankın arxivindəki 2005-2010-cu ilə aid sənədlərinin arxivləşdirilməsi tapşırılmış, komissiya üzvləri nə sənədləri məhv etmək üçün ayırmaq, nə də məhv etmək üçün səlahiyyətləndirilməmişlər.
64. İddiaçının nümayəndəsi (vəkili) həmin əmrlə bağlı bildirmişdir ki, onun nömrəsi şübhə doğurur, çünkü əmrin nömrəsindən sonra “tire” işarəsi və hər hansı bir rəqəm yazılması, adətən həmin nömrə ilə artıq başqa bir əmr verildiyini və əmr kitabına qeyd edildiyi zaman artıq işlədilmiş nömrəyə “tire” işarəsi qoyularaq sənədləşdirildiyini göstərir.
65. Kollegiya digər əsaslara görə sözügedən əmri mübahisəli hala dair mötəbər sübut kimi qiymətləndirmədiyi üçün, iddiaçının nümayəndəsinin irəli sürdüyü həmin arqumenti araşdırmağa zərurət görmür.
66. Belə ki, “Azərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında Təlimat”ın 5.4.-cü bəndinə əsasən “sənədlərin ekspertizasını həyata keçirmək, elmi-əməli əhəmiyyəti olan sənədləri daimi saxlanmaq üçün dövlət arxiv xidməti təşkilatına təhvil vermək, saxlama müddəti başa çatmış sənədləri isə məhv etmək üçün seçib ayırmaq və bu işləri rəsmiləşdirmək məqsədi ilə daimi fəaliyyət göstərən Ekspert Komissiyaları (EK), Mərkəzi Bankda, 5 və ondan yuxarı ayrıca bölməyə (filial, şöbəyə) malik olan banklarda isə sənədlərin ekspertizasını həyata keçirmək, tabeli təşkilatlarda ekspertiza işinə rəhbərlik və metodiki köməklik göstərmək məqsədi ilə daimi fəaliyyət göstərən Mərkəzi Ekspert Komissiyası (MEK) yaradılır”. Təlimatın 5.5.-ci bəndinə görə, “MEK (EK)-in tərkibinə idarə arxivinin rəhbəri və bankın ixtisaslı və təcrübəli işçiləri, həmçinin müvafiq dövlət arxivinin nümayəndəsi (dövlət banklarında) daxil olmalıdırlar. Komissiyanın sədri bankın rəhbər işçiləri sırasından təyin edilir”. Təlimatın 5.8-ci bəndinə əsasən, “MEK (EK) aşağıdakı səlahiyyətləri həyata keçirir: 5.8.1. dövlət arxivinə veriləcək işlərin, habelə şəxsi heyət üzrə idarə arxivində saxlanacaq işlərin siyahılarını (əlavə №5) hər il nəzərdən keçirir və həmin siyahıların dövlət arxiv xidməti təşkilatının Ekspert Yoxlama Komissiyasına (EYK) təqdim edilməsi barədə qərar çıxarır. Ekspert komissiyasının qərarı bankın rəhbəri tərəfindən təsdiq edilir; 5.8.2. bankın ayrıca bölmələrinin sənədləri də daxil olmaqla məhv etmək üçün ayrılmış sənədlərin məhv olunması aktlarına baxır və sənədlərin məhv olunması barədə qərar qəbul edir; 5.8.3. sənədlərin ayrı-ayrı kateqoriyasının bu Təlimatla müəyyən edilmiş saxlanma müddətlərinin artırılması, habelə yeni aşkar olunmuş sənədlərin saxlanma müddətləri barədə təkliflərə baxır, bu sənədlərin elmi-əməli əhəmiyyətini müəyyən edir və müvafiq qərar qəbul edir; 5.8.4. arxiv və kargüzarlıq işi üzrə bankın daxili qaydalarının, digər metodiki vəsaitlərin layihələrinin hazırlanması və baxılmasında iştirak edir; 5.8.5. bankın təşkilati strukturunda ləğv edilən bölmələrdə sənədlərin elmi-texniki cəhətdən işlənib siyahıya alınmasını və idarə arxivinə təhvil verilməsini təmin edir”.
67. Göründüyü kimi cavabdeh bankın xx.xx.2016-cı il tarixli 221-1/HR tarixli “Bankın sənədlərinin arxivləşdirilməsi barədə” əmrində Təlimatın 5.8.1-5.8.5-ci bəndlərində qeyd edilənlərin heç biri komissiya üzvlərinə tapşırılmamışdır. Səlahiyyətsiz komissyanın isə nə sənədləri məhv üçün ayırmağa, nə də onu məhv etməyə hüququ yoxdur.
68. Nəhayət kollegiya onu da qeyd edir ki, cavabdeh bank iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli məktubda elektron arxiv materiallarına əsaslanmışdır və bu o deməkdir ki, elektron arxiv materialları bankda mövcud olmaqla məhz həmin elektron daşıyıcıda əmanət məbləğinin məxaric orderi və iş üçün əhəmiyyət daşıyan digər sübutlar saxlanılır – lakin cavabdeh bank onları məhkəməyə təqdim etməmişdir.
69. Kollegiya, iddiaçının əmanət kitabçalarını təqdim etməməsi səbəbindən iddianın əsassız olması ilə bağlı cavabdeh bankın nümayəndəsinin irəli sürdüyü arqumenti, habelə həmin arqumentlə razılaşan birinci instansiya məhkəməsinin mövqeyini də əsassız hesab edir.
70. Mülki Məcəllənin 946.1-ci maddəsinin (§ 25) məzmunundan görünür ki, bank əmanət müqaviləsinin imzalanması bank kitabçası, bank və ya depozit sertifikatı və ya bank tərəfindən əmanətçiyə verilmiş digər sənədlə təsdiqlənir. Başqa sözlə, əmanət müqaviləsinin bağlanması yalnız əmanət kitabı ilə təsdiq edilmir və qanun alternativ variantlar da müəyyənləşdirmişdir. Hazırki mübahisədə də bank əmanət müqavilələri həmçinin mədaxil sənədləri ilə təsdiqlənmişdir.
71. Tərəflər arasında bağlanmış əmanət müqavilələrinin 3.3-cü bəndlərinə əsasən, vəsaitlərin qaytarılması bankın Nzamnamə fondu, digər fondlarla və qanunvericilkilə nəzərdə tutulan başqa üsullarla təmin edilir. Başqa sözlə, müqavilələrdə pul vəsaitinin qaytarılmasının əmanət kitabçasından əlavə digər üsulları da müəyyənləşdirilmişdir.
72. Mülki Məcəllənin 953.1-ci maddəsinin (§ 26) birinci cümləsinin mənasına görə, fiziki şəxslə bank əmanəti müqaviləsinin bağlanmasının və onun əmanət üzrə hesabına pul vəsaitinin qoyulmasının bank kitabçası ilə təsdiq olunduğu imperativ xarakterli deyildir və tərəflər bununla bağlı ayrı qayda nəzərdə tuta bilərlər. Hazırki mübahisə üzrə də tərəflər bank tərəfindən əmanətlərin qəbulu, onların hərəkəti ilə bağlı əməliyyatların aparılmasında razılaşdıqlarını, yəni pul vəsatinin qəbulunun müqavilə və kassa mədaxil sənədi ilə həyata keçirildiyini müvafiq davranışları ilə bəyan etmişlər. Nəzərə alınmalıdır ki, bank pul vəsaitinin depozitə qəbul edildiyini mübahisələndirmir, əksinə həmin vəsaitin iddiaçı tərəfindən onun bankında depozitə qoyulmasını etiraf edir. Belə olan təqdirdə məhkəmənin, Mülki Məcəllənin 953.1-ci maddəsinə istinadla cavabdeh bankın mübahisləndirmədiyi əmanət müqavilələri üzrə pul vəsaitinin hərəkəti barədə yeganə sənədin adlı bank kitabçası olduğu qənaətinə gəlməsinin hüquqi əsası olmamışdır.
73. Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında göstərilmişdir ki, “bank əmanəti müqaviləsi əmanətçinin əmanəti banka verdiyi andan bağlanmış sayılır və əmanətçinin qoyduğu əmanət üzrə faizləri əldə etmək hüququ yaranır. Bank depozit əməliyyatı üzrə faiz dərəcələrini müəyyən edir və faizin miqdarı, bir qayda olaraq, bank əmanəti müqaviləsində göstərilir. Belə ki, Mülki Məcəllənin 948.1-ci maddəsinə əsasən, bank əmanətçiyə əmanətin məbləği üçün bank əmanəti müqaviləsi ilə müəyyənləşdirilmiş miqdarda faizlər ödəyir. ...Əmanət müqaviləsinin bağlanması üçün, həmin müqaviləni fiziki şəxslə bankın səlahiyyətli şəxsi (əgər bankın filialıdırsa, o zaman bankın verdiyi etibarnamə əsasında filial müdiri) tərəfindən imzalanması tələb olunur. Bankın səlahiyyətli şəxsləri tərəfindən əmanətin fiziki şəxsdən qəbul edilməsi barədə mədaxil qəbzinin tərtib edilərək, bankın müvafiq möhürü ilə təsdiq edildiyi andan bankın Mülki Məcəllənin 947.2-ci maddəsinə əsasən əmanəti qaytarmaq öhdəliyi yaranmış olur. Eyni zamanda qeyd edilməlidir ki, müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. ...Fiziki şəxslərin banklara və ya bankın filialına təqdim etdiyi əmanətləri fiziki şəxsin adına açılmış hesaba yerləşdirmək, bankın avtomatlaşdırılmış bank informasiya sisteminə və bankın balansına salmaq fiziki şəxslərin deyil, bankın vəzifəsi olmuş, bankın öz vəzifəsini yerinə yetirməməsinə görə məsuliyyətin fiziki şəxslərin üzərinə qoyulması və əmanəti qaytarmaqdan imtina edilməsi əsassızdır. Bankın və ya bank filialının vəzifəli şəxslərinin əmanəti qəbul edərkən bank qaydalarını pozması və öz səlahiyyətlərindən sui-istifadə etməsi nəticəsində ilk əmanət müqaviləsinin tarixi əvəzinə miqrasiya (bank və ya başqa bank filialına köçürmə) tarixinin əsas götürülməsi, əmanətin bankın balansına mədaxil edilməməsi, əmanət müqaviləsində fiziki şəxsin bank hesabının qeyd edilməməsi, mədaxil qəbzində qeyd edilən bank hesabının başqa şəxsə aid olması kimi hallar isə bankın və ya bank filialının vəzifəli şəxslərinin öz vəzifələrini lazımi qaydada yerinə yetirmədiyini təsdiq edir və bu vəzifələrin icra edilməməsinə görə “Banklar haqqında” Qanunun 1.0.1-ci maddəsinin tələbinə uyğun olaraq bank məsuliyyət daşıyır. Mülki Məcəllənin 945.2-ci maddəsinə əsasən, hüququ çatmayan şəxs tərəfindən və ya qanunla müəyyənləşdirilmiş qayda, yaxud qanuna uyğun qəbul edilmiş bank qaydaları pozulmaqla fiziki şəxsdən əmanət qəbul olunduqda əmanətçi əmanət məbləğinin dərhal qaytarılmasını, habelə onun üçün faizlər ödənilməsini və bundan əlavə, əmanətçiyə vurulmuş bütün zərərin əvəzinin verilməsini tələb edə bilər”.
74. Göstərilənlərə əsasən kollegiya, iddiaçının “300 000 (üç yüz min) ABŞ dolları məbləğində əmanət məbləğinin və xx.xx.2021-ci il tarixinədək 13 il 2 ay müddətinə olan 236 999,04 (iki yüz otuz altı min doqquz yüz doxsan doqquz dollar 04 sent) ABŞ dolları məbləğində əmanət faizinin ona qaytarılması” tələbinin təmin edilməli olduğu qənaətinə gəlir. Qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsinin təyinatı əsasında alınmış ekspert rəyində iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2020-ci il tarixinə yaranmış faiz məbləğləri hesablanmış, iddiaçı isə həmin hesablama metodu əsasında faizləri xx.xx.2021-ci il tarixinə qədər hesablamışdır.
75. Kollegiya həmçinin hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumlarının və bank xidmətinin məbləğləri də cavabdehdən alınaraq ona ödənilməlidir. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olubolmamasına bağlı deyildir.
76. Bununla belə kollegiya, iddiaçının mənəvi ziyan tələbini əsaslı hesab etmir; belə ki, o, iddiasının bu hissəsini konkret faktlarla sübuta yetirməmiş, ona konkret hansı mənəvi iztirabların vurulmasını müəyyənləşdirməmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarında da Plenum izah etmişdir ki, “...mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır”.
77. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-183/2021 saylı iş üzrə 24 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “əmanət məbləğinin, hesablanmış faizlərin və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbi qismən təmin olunsun. Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən xx.xx.2008-ci il tarixli 95 saylı “Xüsusi Əmanət (depozit) hesabı haqqında” müqavilə üzrə 50 000 (əlli min) ABŞ dolları əmanət məbləği və həmin əmanətə görə xx.xx.2021-ci il tarixinə hesablanmış 39 499,84 (otuz doqquz min dörd yüz doxsan doqquz dollar, 84 sent) ABŞ dolları məbləğində faiz; xx.xx.2008-ci il tarixli 96 saylı “Xüsusi Əmanət (depozit) hesabı haqqında” müqavilə üzrə 50 000 (əlli min) ABŞ dolları əmanət məbləği və həmin əmanətə görə xx.xx.2021-ci il tarixinə hesablanmış 39 499,84 (otuz doqquz min dörd yüz doxsan doqquz dollar, 84 sent) ABŞ dolları məbləğində faiz; xx.xx.2008-ci il tarixli 97 saylı “Xüsusi Əmanət (depozit) hesabı haqqında” müqavilə üzrə 50 000 (əlli min) ABŞ dolları əmanət məbləği və həmin əmanətə görə xx.xx.2021-ci il tarixinə hesablanmış 39 499,84 (otuz doqquz min dörd yüz doxsan doqquz dollar, 84 sent) ABŞ dolları məbləğində faiz; xx.xx.2008-ci il tarixli 98 saylı “Xüsusi Əmanət (depozit) hesabı haqqında” müqavilə üzrə 50 000 (əlli min) ABŞ dolları əmanət məbləği və həmin əmanətə görə xx.xx.2021-ci il tarixinə hesablanmış 39 499,84 (otuz doqquz min dörd yüz doxsan doqquz dollar, 84 sent) ABŞ dolları məbləğində faiz; xx.xx.2008-ci il tarixli 99 saylı “Xüsusi Əmanət (depozit) hesabı haqqında” müqavilə üzrə 50 000 (əlli min) ABŞ dolları əmanət məbləği və həmin əmanətə görə xx.xx.2021-ci il tarixinə hesablanmış 39 499,84 (otuz doqquz min dörd yüz doxsan doqquz dollar, 84 sent) ABŞ dolları məbləğində faiz; xx.xx.2008-ci il tarixli 100 saylı “Xüsusi Əmanət (depozit) hesabı haqqında” müqavilə üzrə 20 000 (iyirmi min) ABŞ dolları əmanət məbləği və həmin əmanətə xx.xx.2021-ci il tarixinə hesablanmış 15 799,84 (on beş min yeddi yüz doxsan doqquz dollar, 84 sent) ABŞ dolları məbləğində faiz; xx.xx.2008-ci il tarixli 101 saylı “Xüsusi Əmanət (depozit) hesabı haqqında” müqavilə üzrə 30 000 (otuz min) ABŞ dolları əmanət məbləği və həmin əmanətə xx.xx.2021-ci il tarixinə hesablanmış 23 700,00 (iyirmi üç min yeddi yüz) ABŞ dolları məbləğində faiz, yəni ümumilikdə 300 000 (üç yüz min) ABŞ dolları bank əmanət məbləği və 236 999,04 (iki yüz otuz altı min doqquz yüz doxsan doqquz dollar, 04 sent) ABŞ dolları məbləğində əmanət faizi (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə), həmçinin dövlət rüsumlarının əvəzi qismində 681 (altı yüz səksən bir) manat alınaraq (tutularaq) İddiaçı ödənilsin. İddia tələbləri qalan hissədə təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov