Məhkəmə qərarları › İş №2(103)-5648/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5648/2021

17.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5648/2021 17.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Cavabdeh İstehsalat Birliyinin “Radioquraşdırma” Zavoduna qarşı “yataqxanada yaşayış sahəsi ilə bağlı orderin verilməsi barədə birgə qərarın (protokolun), qərara (protokola) əsasən verilmiş orderin etibarsız hesab edilməsi və yaşayış sahəsinə istifadə hüququnun itirilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti (MKTD) Cavabdeh İstehsalat Birliyinin “Radioquraşdırma” Zavoduna (zavod) qarşı (Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi, X6 və 1 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyi üçüncü şəxslər kimi cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, zavod tərəfindən ünvan 1 ünvanında yerləşən yataqxana binasının 33 və 34 saylı mənzillərinə dair X2 adına yazılan 25.12.2004-cü il tarixli 0199 saylı orderin verilməsinə əsas olmuş Bakı “Radioquraşdırma” İstehsalat Birliyinin və HİKnin 09.11.2004-cü il tarixli 41 saylı birgə qərarının (protokolun), ünvan 2 ünvanında yerləşən yataqxana binasının 2-ci mərtəbəsində yerləşən yaşayış sahəsi 36 kv.m olan 33 və 34 saylı mənzillərə dair Bakı “Radioquraşdırma” İstehsalat Birliyi tərəfindən X2 adına yazılan 25.12.2004-cü il tarixli 0199 saylı orderin etibarsız hesab edilməsi və X3 yaşayış sahəsinə istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbləri belə əsaslandırılmışdır ki, X7 Bakı şəhər İcra Hakimiyyətinin Mənzil- Kommunal Təsərrüfatı Departamentinə 28.03.2019-cu il tarixdə yazılı ərizə ilə müraciət edərək təqdim etdiyi Bakı "Radioquraşdırma" İstehsalat Birliyinin (hüquqi varisi "Cavabdeh" İstehsalat Birliyi "Radioquraşdırma" Zavodu) 25.12.2004-cü il (qeyri iş günü şənbə günü) tarixli 0199 saylı orderin və adıçəkilən müəssisənin həmkarlar ittifaqı komitəsinin müdiriyyətinin əmək kollektivi şurasının və MMK-nin birgə növbəti iclasının 09.11.2004-cü il tarixli 4l saylı protokolundan çıxarışın kserosurətlərinə əsasən ünvan 1 ünvanında yerləşən yataqxana binasının 33 və 34 saylı mənzillərinə dair onunla kirayə müqaviləsi bağlanmasını xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.06.2013-cü il tarixli 13İs nömrəli Sərəncamına əsasən Bakı şəhər İcra Hakimiyyətinin 26.07.2013-cü il tarixli 294 saylı sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlər, o cümlədən ünvan 3 ünvanda yerləşən subay işçilərin işlədikləri müddətdə yaşamaları üçün inşa edilmiş yataqxana binası da balansa qəbul edilmişdir. Göstərilən bina balansa qəbul edilərkən məcburi köçkünlərin məskunlaşdırıldığı yaşayış sahələrinə ayrı-ayrı şəxslərin adma orderlərin verilməsinə dair heç bir sənəd təhvil verilməmişdir. Yataqxana binası balansa qəbul edilən vaxt tam məskunlaşdırılmış, bina uzun müddət təmirsiz istismar olunduğundan aşınmaya məruz qalmış və qüvvədə olan sanitar-texniki normaların pozulması ilə yanaşı binanın əlavə konstruktiv yüklənməsinə və istismar müddətinin azalmasına səbəb olmuşdur. Belə ki, binanın divarlarındakı hörgü daşlarında çoxlu sayda çatların yaranması, üzlük daşlarının tökülməsi, bütün mərtəbələrdə mətbəxt və sanitar qovşaqların boşluqlu tavalarının bir çox armaturlarının ciddi korroziyaya uğrayaraq beton mühafizə qatının dağılması, panellərdə əyintilərin əmələ gəlməsi, eləcə də bütün eyvan tavalarının yükgötürmə qabiliyyətlərini itirməsi və bu kimi digər halların mövcud olması müşahidə olunmuşdur. Binanın təcili olaraq yuklülüyünün azaldılmasına ciddi ehtiyac vardır. Bundan əlavə, binada dövlət vəsaiti hesabına bərpa və gücləndirmə işlərinin aparılması iqtisadi cəhətdən səmərəsizdir. Bu səbəbdən də, orada yaşayan sakinlər müxtəlif dövlət orqanlarına kollektiv müraciətlər edərək, mənzil şəraitlərinin yaxşılaşdırılması üçün yeni mənzillərlə təmin olunmalarını xahiş etmişlər. Azərbaycan Respublikası Prezidentinin "Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" 21 fevral 2011-ci il tarixli, 1346 nömrəli Sərəncamı ilə təsdiq edilmiş müvafiq X1 nəzərdə tutulmuş tədbirlər çərçivəsində qeyd edilən yataqxanada məskunlaşdırılmış 63 məcburi köçkün ailəsindən 57 ailə 2018-ci ilin iyul ayında Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən yeni mənzillərə köçürülmüş və bu barədə yuxan dövlət orqanlanna müvafiq qaydada hesabat məlumatları verilmişdir. 6 ailə isə müxtəlif səbəblərdən köçmədiklərinə görə faktiki olaraq həmin ünvanda yaşayırlar. Göründüyü kimi qeyd edilən yataqxanada məskunlaşdınlmış 63 məcburi köçkün ailəsi mənzilləri zəbt etməmişlər. Onlar 1992-1993-cü illərdə aidiyyəti dövlət orqanları tərəfindən məlum məsələlərə görə həmin ünvanda yerləşən dövlət mənzil fonduna aid yaşayış sahələrində məskunlaşdırılmışlar və yataqxanada otaqlar yaşamaq üçün onların istifadəsinə verilmişdir. Müəyyən edilmişdir ki, ünvan 2 saylı yataqxana binasının 33 saylı mənzildə 1992-ci ildən Ağdam rayonundan məcburi köçkün kimi X8 məskunlaşmış və hal-hazırda da faktiki olaraq orada yaşayır. ünvan 1 saylı yataqxana binasının 34 saylı mənzilində isə 1993-cü ildən Füzuli rayonundan məcburi köçkün kimi X9, arvadı X10, oğlu Kənan Quliyev və 2 qızı Ayşən və Aytən Quliyevalar məskunlaşmış, həmin məcburi köçkün ailəsi Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən 2018-ci ilin iyul ayında məcburi köçkünlər üçün salınmış şəhərciyə köçürülmüşdür. X7 gələcəkdə 33 və 34 saylı mənzilləri əldə etmək niyyətində olduğundan, bu məqsədilə hazırda 34 saylı mənzilin qapısını bağlamış, qanunsuz hərəkətini onunla əsaslandırmışdır ki, məcburi köçkün ailələrinin yaşamasına baxmayaraq, guya əmək münasibətlərində olmadığı halda Bakı "Radioquraşdırma" İstehsalat Birliyinin 25.12.2004cı il tarixli (qeyri-iş günü) 0199 saylı müvəqqəti yaşamaq üçün verilmiş yataqxana orderi ilə 33 və 34 saylı mənzillər onun istifadəsinə verilmişdir. Faktiki olaraq məcburi köçkün yaşadığı boş olmayan mənzilə güya order verilmiş, qeyd edilən order isə Bakı "Radioquraşdırma" İstehsalat Birliyinin müdiriyyəti tərəfindən gerbli möhürlə təsdiq edilməmiş, həmçinin mənzil sahəsinin verilməsi barədə adıçəkilən təşkilatın müdiriyyəti və həmkarlar ittifaqı komitəsinin 09.11.2004-cü il tarixli birgə qərarı isə şablon xarakterli olmaqla həqiqəti əks etdirmir. Həmin protokolda Xanəm Xəlilovaya aid bircə kəlmə də yazılmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.06.2013-cü il tarixli 13İs nömrəli sərəncamının əlavəsində göstərilən siyahı üzrə yataqxana binaları 07.01.2014-cü il tarixli təhvil-qəbul aktına əsasən balansa götürülmüş, həmin yataqxanalarda 1992-1993-cü illərdə məskunlaşdırılmış çoxsaylı məcburi köçkün ailələrinin istifadəsinə verilmiş mənzillərə dair ayn-ayn şəxslərin adlarına orderlərin verilməsi barədə sənədlər təqdim edilməmiş, ona görə də, təhvil-təslim aktında da sənədlərin təhvil verilməsi barədə məlumat öz əksini tapmamışdır. X.N.Xəlilova həmin mənzillərdə heç vaxt yaşamamış, habelə Bakı "Radioquraşdırma" İB-yi ilə heç vaxt əmək münasibətlərində olmamışdır. X.N.Xəlilovanın əldə etdiyi 25.12.2004-cı il tarixli 0199 saylı orderlə bağlı Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinə sorğu verilmiş, "Cavabdeh" İstehsalat Birliyi "Radioquruşdırma" zavodunun 24.01.2020-ci il tarixli 17/11 saylı cavab məktubu ilə X.N.Xəlilova barəsində Departamentə təqdim edilmiş məlumatda bildirilmişdir ki, "X7 "Radioquraşdırma" zavodunda işləməmişdir. X.N.Xəlilovanm müəssisəmizdə işləyib-işləməməsi barədə "Radioquruşdırma" zavodunun arxivində heç bir sənəd aşkarlanmamışdır və müəssisəmizin işçisi olmadığı halda mənzil növbəsinə necə və hansı səbəbdən qeydiyyata düşməsi haqqında məlumatımız yoxdur". Göründüyü kimi qeyd edilən order mənzil qanunvericiliyinin tələbləri kobud şəkildə pozulmaqla əldə edilmişdir. Çünki X.N.Xəlilova heç vaxt Bakı "Radioquraşdırma" İstehsalat Birliyi ilə əmək münasibətlərində olmamışdır, yəni zavodda işləməmişdir. 01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48-ci maddəsinə görə, dövlət və ictimai mənzil fondu evində yaşayış sahəsinə köçmək üçün yeganə əsas verən sənəd order sayılır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Azərbaycan SSR Nazirlər Sovetinin 29.08.1980-ci il tarixli 363 nömrəli qərarı ilə (hal-hazırda qüvvədə olan) təsdiq edilmiş "Yataqxanalar haqqında nümunəvi Əsasnamə"nin 2-ci bəndinin İİİ hissəsinə əsasən "Yataqxanalar aşağıdakı tipdə ola bilər: çarpayı tipli kişi və qadın yataqxanaları, bu halda 1 otaqda bir neçə nəfər yaşayaraq ayrı-ayrı çarpayıları tuturlar; yaxud otaq tipli yataqxana, bu halda həmin müəssisədə, idarədə, təşkilatda işlədiyi (oxuduğu) müddətdə orada yaşayana və onun ailə üzvlərinə müstəsna olaraq bir və ya ayrı-ayrı hallarda birdən artıq otaq verilir". Qanunvericiliyin qeyd edilən normaların tələblərinə əsasən yataqxanalarda yaşayış sahələri yalnız iş (və ya təhsil) dövründə yaşamaq (və ya təhsil almaq) üçün verilməsi təsbit edilmiş, yəni idarə, müəssisə və təşkilatlarla yalnız əmək münasibətlərində olan, müəssisədə faktiki olaraq işləyən, yaşayış sahəsinə ehtiyacı olan qismində həmin müəssisədə mənzil uçotunda olan vətəndaşlar iş dövründə yaşamaq üçün yataqxanadan istifadə edə bilər. "Cavabdeh" İstehsalat Birliyi "Radioquraşdırma" zavodu tərəfindən 04.03.2019-cu il tarixli, 02/47 cavab məktubu ilə bildirilmişdir ki, ünvan 2 saylı yataqxana binası 01.01.2007-ci il tarixdən Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansına verildiyindən həmin dövrdən məcburi köçkünlər məskunlaşdığı otaqlara müəssisə ilə əmək münasibətlərində olan işçilərinin heç birinə order verilməmişdir. Məcburi köçkün ailəsinin faktiki olaraq sahiblik edərək istifadəsində olan boş olmayan 33 və 34 saylı mənzillərə X.N.Xəlilovanın əldə etdiyi orderin verilməsinə əsas kimi göstərilmiş 09.11.2004-cü il tarixli 41 saylı protokolun, həmçinin 25.12.2004-cü il (qeyri-iş günü) tarixli 0199 saylı orderin hüquqi əsası olmamış və bununla bağlı zavodun arxivində heç bir sənəd aşkarlanmamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qətnamədən Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin qanunu düzgün tətbiq etmədiyini və sübutlara düzgün qiymət vermədiyini irəli sürmüşdür. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 07.01.2014-cü il tarixli təhvil-qəbul aktının surətindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi xxxxnin Bakı şəhəri, Xətai rayonunda yerləşən 4 nömrəli Mənzil İstismar Sahəsinin balansında olan mənzil fondunun (yataqxanaların) əmlakı ilə birlikdə 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilməsi barədə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi xxxx ilə Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti arasında təhvilqəbul aktı tərtib edilmişdir. Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 6-cı maddəsinə əsasən yaşayış evləri və yaşayış sahələri vətəndaşların daimi yaşaması üçün, habelə müəyyən edilmiş qaydada xidməti yaşayış sahələri və yataqxanalar kimi istifadə olunmaq üçündür. Həmin Məcəllənin 33-cü maddəsinin birinci hissəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat müdriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər. Məcəllənin 48-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin 51-ci maddəsinin 1-ci hissəsinə görə dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla— mənzilistismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Həmin Məcəllənin 107-ci maddəsinin 2-ci bəndinə əsasən yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdriyyət tərəfindən order verilir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən orderin verilməsi 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin yuxarıda sadalanan müddəalarına uyğun olmuş və orderin etibarsız hesab edilməsinə əsas olan hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Belə ki, 01.10.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 48-ci maddəsinin 2-ci bəndində qeyd edilir ki, order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Həmin Məcəlləsinin 49-cu maddəsinin 2-ci abzasına əsasən, orderi etibarsız hesab etmək haqqında tələb orderin verildiyi gündən etibarən üç il ərzində irəli sürülə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbi üzrə müddətin ötürdüyü nəticəsinə gəlmişdir. Belə ki, mübahisəli order 25.12.2004cü il tarixdə verilmiş, yataqxana 26 iyul 2013-cü il tarixdə Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. Lakin iş üzrə iddia tələbi məhkəməyə orderin özündə göstərilən onun verilməsi tarixindən təxminən 16 il, iddiaçının mübahisəli otaqların yerləşdiyi yataqxananı öz balansına qəbul etdiyi tarixdən 6 ildən artıq müddət keçdikdən sonra verilmişdir. Maddənin məzmunundan göründüyü kimi ifadə olunmuş müddət iddia müddəti deyil, kəsici müddətdir. Yəni həmin müddət keçdikdən sonra maraqlı şəxs mübahisələndirmək hüququnu itirir. İddia müddətindən fərqli olaraq həmin müddət bərpa olunmur, dayandırılmır və kəsilmir. Bərpa olunmaq, kəsilmə və dayandırılmaq kimi xüsusiyyətlər iddia müddəti üçün xarakterikdir. Yalnız qanunla müəyyən edilmiş halda həmin müddət uzadıla bilər. Eyni zamanda həmin müddətin tətbiq edilməsi üçün mübahisə tərəfinin iddia müddətinin tətbiqi barədə ərizə verməsi tələb olunmur. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aiddir Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). Bu qənaətə gələrkən kollegiya onu da nəzərə alır ki, Bakı Apelyasiya Məhkəməsinin 10.06.2020-cı ıl tarixli qətnaməsi ilə Bakı şəhər icra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinin X5 qarşı “orederin etibarsız hesab edilməsi” təmin edilməmiş, məhkəmə iddiaçının iddia müddətini ötürdüyünü müəyyənləşdirmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2121/2021 saylı iş üzrə 26 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar