Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5648/2024 04.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı İddiaçı MMC-nin xüsusi mülkiyyətində olan, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 533-cü məhəllə, ev 99C, mənzil 32 (Yeni qaydalarla: AZ1073, Bakı şəhəri, Yasamal rayonu İsmayıl bəy Qutqaşınlı, 169, M9, m5) ünvanında yerləşən mənzildən Cavabdeh və onun ailə üzvlərinin istifadə etməsinə qadağan qoyulması, həmin mənzilin onlar tərəfindən boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 avqust 2024-cü il tarixli, e-2(004)-3316/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı MMC ilə "xxxx" MMC arasında 01 sentyabr 2009-cu il tarixli xidməti müqavilə bağlanılmışdır. "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2009-cu il tarixli podrat müqaviləsinə əsasən müəyyən edilir ki, mübahisə predmeti olan mənzilə dair tərəflər arasında podrat münasibətləri yaranmışdır. Müqavilə üzrə kv.m. sahəsi 1450 manat olmaqla 156 kv.m. sahəsi olan mənzil sifarişçiyə satılmışdır (1450x156= 226200 manat). Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 533-cü məhəllə, ev 99C İddiaçı MMC-nin mülkiyyətindədir. Hazırda iddiaçı cavabdehin mənzildən istifadə etməsinə qadağa qoyulmasını, həmin mənzildən çıxarılaraq mənzilin təhvil verilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı MMC Cavabdeh qarşı İddiaçı MMC-nin xüsusi mülkiyyətində olan, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 533-cü məhəllə, ev 99C, mənzil 32 (Yeni qaydalarla: AZ1073, Bakı şəhəri, Yasamal rayonu İsmayıl bəy Qutqaşınlı, 169, M9, m5) ünvanında yerləşən mənzildən Cavabdeh və onun ailə üzvlərinin istifadə etməsinə qadağan qoyulması, həmin mənzilin onlar tərəfindən boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2009-cu il tarixdə müqavilə bağlanmışdır. Müqavilələrin şərtlərinə əsasən İddiaçı MMC-nin İ.Qutqaşınlı küçəsi, 533-cü məhəllədə tikintisi həyata keçirdiyi 16 mərtəbəli 60 mənzilli yaşayış binasındakı 9-cu mərtəbəsində yerləşən 32 nömrəli mənzil "xxxx" MMC tərəfindən Cavabdeh satılmışdır. Cavabdeh isə öz növbəsində müqavilənin şərtlərinə əsasən "xxxx" MMC-yə həmin mənzil üçün 226.200 (iki yüz iyirmi altı min iki yüz) manat ödəməli idi. Lakin, qeyd edilən müqavilənin şərtlərini pozaraq Cavabdeh ödənişi tam şəkildə həyata keçirməmişdir və aldığı mənzil üzrə 133.600 (yüz otuz üç min altı yüz) manat borcu qalmışdır. Bununla bağlı, "xxxx" MMC Cavabdeh ilə aralarında olan alqı-satqı müqaviləsinə istinad edərək, ilk olaraq xx.xx.2024-cü il tarixində cavabdehə xəbərdarlıq göndərərək borcun ödənilməsini tələb etmişdir. Nəticə olmadığı üçün, "xxxx" MMC tərəfindən Cavabdeh xx.xx.2024-cü il tarixində pretenziyə göndərilərək, aralarında olan xx.xx.2009-cu il tarixli yuxarıda qeyd edilən mənzilin alqı-satqısına dair müqaviləyə xitam verdiyini bildirərək, həmin mənzili boşaldaraq təhvil verməsini tələb etmişdir. Cavabdeh mənzili boşaldaraq təhvil verməkdən imtina etmişdir və hazırda mənzildən istifadə edir. Cavabdeh və onun ailə üzvləri tərəfindən istifadə edilən, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 533-cü məhəllə, ev 99C, mənzil 32 (Yeni qaydalarla: AZ1073, Bakı şəhəri, Yasamal rayonu İsmayıl bəy Qutqaşınlı, 169, M9, m5) mənzil İddiaçı MMC-nin xüsusi mülkiyyətindədir. Bununla bağlı, müvafiq dövlət qurumu tərəfindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İddiaçı MMC mənzil üzərindəki sahib olmaq, istifadə etmək və sərəncam vermək hüququndan istifadə edə bilmir. Göründüyü kimi, Cavabdeh tərəfindən İddiaçı MMC-nin Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan mülkiyyət hüququ kobud şəkildə pozulur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 avqust 2024-cü il tarixli, e-2(004)- 3316/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı MMC-nin xüsusi mülkiyyətində olan, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 533-cü məhəllə, ev 99C, mənzil 32 (Yeni qaydalarla: AZ1073, Bakı şəhəri, Yasamal rayonu İsmayıl bəy Qutqaşınlı, 169, M9, m5) ünvanında yerləşən mənzildən Cavabdeh və onun ailə üzvlərinin istifadə etməsinə qadağan qoyulması, həmin mənzilin cavabdeh tərəfindən boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, sifarişçi olan cavabdeh tərəfindən müqavilə öhdəliklərinə əməl edilməmiş, mənzilin dəyəri tam ödənilməmişdir. Bunun əksi cavabdeh tərəfindən sübuta yetirilməmiş, bu istiqamətdə hər hansı mülahizə bildirilməmişdir. Nəticədə tərəflər arasında bağlanmış müqavilə ləğv edilmişdir. Müəyyən edilir ki, mübahisə predmeti olan mənzilə mülkiyyət hüququ İddiaçı MMC-yə məxsusdur. Mülkiyyətçinin mülkiyyət hüquqlarının müdafiəsi təmin edilməlidir. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən “formal həqiqət” prinsipi nəzərə alınmaqla, həmçinin məhkəmənin mülki prosesdə arbitr rolunda iştirak etməsi qeyd edilməklə məhkəmənin öz təşəbbüsü ilə tərəflərdən birinin lehinə və ya əleyhinə sübutlar toplaması yolverilməzdir. Bu səbəbdən, məhkəmə mülki işə tərəflərin təqdim etdiyi sübutlar əsasında baxaraq qərar qəbul etməyi qanuni və əsaslı hesab etmişdir. Cavabdeh tərəfindən iddia tələbinin təkzib edilməsi istiqamətində zəruri sənəd, sübut və ya materiallar məhkəməyə təqdim edilməmiş, aktiv təkzibetmə funksiyası həyata keçirilməmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki günədək cavabdeh müqavilə üzrə xx.xx.2009-cü ildə 40.000 manat, xx.xx.2009-cü ildə 5.000 manat, xx.xx.2009-cu ildə 10.000 manat, xx.xx.2010-cu ilsə 10.000 manat, xx.xx.2010-cu ildə 12.000 manat, xx.xx.2013-cü ildə 20.000 ABŞ dollar ( 1 ABŞ dollar 0,78 m məzənnə ilə 15.600 manat), eləcə də 3 dəfə müxtəlif vaxtlarda 70.000 manat, onun 12.000 manatını şəxsən MMC-nin rəhbəri Laçın Ağayevə, 58.000 manatı isə iki dəfəyə MMC-nin səlahiyyətli numayəndəsinə ödəmişdir. Birinci instansiya məhkəməsi iş materiallarında, o cümlədən iddia ərizəsinə əlavə edilmiş sənədlərin siyahisinda və elektron məhkəmə sistemində mövcud olmayan məlumatlara istinad edərək qətnamədə “İş materiallarında olan ödəniş qəbzlərinə əsasən müəyyən edilir ki, sifarişçi tərəfindən ödənilmiş məbləğ ümumilikdə 97.000 manat təşkil edir” qeyd etmişdir. Həmçinin, iddia ərizəsinə əlavə edilmiş sənədlərdə iddiaçının əvvəlcə xx.xx.2024-cü il tarixində cavabdehə xəbərdarlıq göndərərək borcun ödənilməsini tələb etməsi, nəticə olmadığı üçün xx.xx.2024-cü il tarixində pretenziya göndərilərək xx.xx.2009-cu il tarixli mənzilin alqı-satqısına dair müqaviləyə xitam verdiyini bildirməsini qeyd etsə də, eyni ilə nə iddia ərizəsinə əlavə edilmiş sənədlərdə, nə də elektron məhkəmə sistemində xəbərdarlığın və pretenziyanın kim tərəfindən yaxud hansı vasitə ilə cavabdehə catdırılması yaxud cavabdehin həmin sənədləri qəbul edib-etməməsi barədə heç bir məlumat yoxdur. Bundan başqa, birinci instansiya məhkəməsi iddia ərizəsində qeyd olunan məlumatları araşdırmadan, cavabdehin yaxud onun nümayəndəsinin iştirakını məhkəmə prosesində təmin etmədən, xx.xx.2024-cü il tarixdə saat 16:00-a təyin edilmiş məhkəmə prosesini, iddiaçının nümayəndəsinin başqa məhkəmə prosesinə tələsdiyini bəhanə edərək iclası təyin olunmuş vaxtdan daha tez, hətta 2-3 dəqiqə ərzində keçirməsi, məhkəmə iclasına gəlmiş cavabdehin numayəndəsinə artıq iclasın bitdiyini, iddianın təmin edildiyini və iddiaçının nümayəndəsinin başqa prosesə tələsdiyi üçün iclasın tez keçirməsini bildirməsi hakimin həmin mülki işinin obyektiv həll olunmasına xidməti yaxud prosessual marağının olmamasına dəlalət edir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş iddiaçı öz nümayəndəsinin məhkəmə kollegiyasının iclasında iştirakını təmin etmədiyindən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 754.1. Əgər podratçı təqribi smetadan əhəmiyyətli dərəcədə kənara çıxarsa, yalnız razılaşdırılmış muzdun verilməsini tələb edə bilər, amma artıq xərci qabaqcadan nəzərdə tutmağın mümkün olmadığı hallar istisna təşkil edir. 760.1. Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun. 760.2. Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməklə iddia tələbinin təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında 01 sentyabr 2009-cu il tarixli xidməti müqavilə bağlanılmışdır. Müqavilədən görünür ki, icraçı sifarişçiyə məxsus ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın təqdim edilməsi, həmçinin idarəsi, satışı, icarəsi üzrə sifarişçiyə vasitəçilik xidmətləri göstərir, sifarişçi adından əqdlər bağlayır, sifarişçi isə bunun müqabilində müqavilə ilə müəyyən edilmiş məbləği icraçıya ödəyir. "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2009-cu il tarixli podrat müqaviləsinə əsasən mübahisə predmeti olan mənzilə dair tərəflər arasında podrat münasibətləri yaranmışdır. Müqavilə üzrə 1 kv.m. sahəsi 1450 manat olmaqla 156 kv.m. sahəsi olan mənzil sifarişçiyə satılmışdır (1450 manat x 156 kv.m. = 226200 manat). Ödəniş qəbzlərinin surətlərinə əsasən müəyyən edilir ki, sifarişçi tərəfindən ödənilmiş məbləğ ümumilikdə 77.000 manat və 20000 ABŞ dolları təşkil edir. Lakin apellyasiya instansiyası məhkəməsinin təklif etməsinə baxmayaraq İddiaçı MMC tərəfindən qeyd edilən qəbzlərin əsilləri və maliyyə arayışı təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən isə həmin sənədlərin (qəbzlərin) kserosurətinə istinad edilmişdir. Mülki Məcəllənin 760.2-ci maddəsinə əsasən əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Qeyd olunan müqavilədən isə müəyyən edilir ki, əgər sifarişçi veriləcək əmlakın dəyərini müqavilənin 2 saylı əlavəsi ilə müəyyən edilmiş qaydada icraçıya ödəmirsə, onda icraçı öhdəliyin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər.(müqavilənin 3.3-cü bəndi) Hazırda da işin faktiki halları ilə müəyyən edilmişdir ki, sifarişçi olan cavabdeh tərəfindən müqavilə öhdəliklərinə əməl edilməmiş, mənzilin dəyəri tam ödənilməmişdir. İddiaçı da İddiaçı MMC-nin xüsusi mülkiyyətində olan, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 533-cü məhəllə, ev 99C, mənzil 32 (Yeni qaydalarla: AZ1073, Bakı şəhəri, Yasamal rayonu İsmayıl bəy Qutqaşınlı, 169, M9, m5) ünvanında yerləşən mənzildən Cavabdeh və onun ailə üzvlərinin istifadə etməsinə qadağan qoyulması, həmin mənzilin onlar tərəfindən boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsini xahiş etmişdir. Halbuki tərəflər arasında olan müqaviləyə əsasən əgər sifarişçi veriləcək əmlakın dəyərini müqavilənin 2 saylı əlavəsi ilə müəyyən edilmiş qaydada icraçıya ödəmirsə, onda icraçı öhdəliyin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Göründüyü kimi, iddiaçı tərəflər arasında olan müqavilənin şərtlərinə əsasən hazırda öhdəliyin icrasını dayandıra və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Lakin iddiaçı müqavilənin şərtlərinə zidd olaraq mənzildən Cavabdeh və onun ailə üzvlərinin istifadə etməsinə qadağan qoyulması, həmin mənzilin onlar tərəfindən boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. Halbuki, Mülki Məcəllənin 760.2-ci maddəsinə əsasən müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər, başqa sözlə, iddiaçı ödənilməmiş qalan məbləği tələb etmək hüququndan istifadə edə bilər. Birinci instansiya məhkəməsi isə "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2009-cu il tarixli podrat müqaviləsinin müddəaları baxımdan işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmiş, eləcə də, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməyərək, tərəflər arasında olan münasibətlərə Mülki Məcəllənin 760.2-ci maddəsinin tələbləri əsasən düzgün qiymət verməmişdir. Məhkəmə kollegiyası xx.xx.2009-cu il tarixli podrat müqaviləsinə xitam verilməsi halını nəzərdə tutan 5.2.1-ci bəndi ilə bağlı qeyd etməyi zəruri sayır ki, bu bənd sözügedən müqavilənin 3.3-cü bəndi ilə tam ziddiyət təşkil edir. Yəni, 3.3-cü bəndinə əsasən sifarişçi veriləcək əmlakın dəyərini müqavilənin 2 saylı əlavəsi ilə müəyyən edilmiş qaydada icraçıya ödəmədiyi halda, icraçı öhdəliyin icrasını dayandırmaqla yanaşı, həm də öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilməsi nəzərdə tutulduğu üçün bu hallar müqaviləyə xitam verilməsi üçün deyil, əksinə müqavilə tərəflərinin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar müqavilə münasibətlərinin davamıdır. Başqa sözlə, əgər müqavilənin 3.3-cü bəndi tərəflər arasında razılaşdırılmasa idi, belə olan halda 5.2.1-ci bəndi qüvvəyə minə bilərdi. Həmçinin, kollegiya qeyd edir ki, 5.2.1-ci bəndində xitamın əsaslarından biri kimi qeyd edilmiş sifarişçinin öhdəliyin yerinə yetirilməsindən imtina etmək halı araşdırma zamanı öz təsdiqini tapmamışdır. Əksinə sifarişçi - cavabdeh öhdəliyin əksər hissəsini yerinə yetirməsində israrlıdır. Məhkəmə kollegiyası hesab edir ki, nə qədər ki, tərəflər arasında mənzillə bağlı ödənişlərin həyata keçirilməsi ilə əlaqədar mübahisəli vəziyyət yaranmışdır, sifarişçinin bu öhdəliyi tam yerinə yetirib-yetirməməsini müəyyən etmək mümkün deyildir. Belə ki, müəyyən edilmişdir ki, cavabdeh hazırda da mübahisəli mənzildə yaşamaqda davam edir və bu müəyyən mənada cavabdehin məhz öhdəliyi yerinə yetirməsi ilə bağlı olması anlamına gəlməyə əsas verir. Lakin iddiaçı tərəf bu faktın mövcudluğuna, yəni, cavabdehin mənzilə köçüb yaşamasına icazə verməsinə baxmayaraq müqavilə şərtlərinin pozulmasında israrlıdır. Məhkəmə kollegiyası tərəflər arasında qeyd edilən mübahisəli vəziyyətin mövcud olub-olmamasından asılı olmayaraq yuxarıda vurğuladığı kimi, hazırki iddia Mülki Məcəllənin 760.2-ci maddəsinin tələbləri baxımından əsaslı sayıla bilməz. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul edilməli və İddiaçı MMC-nin Cavabdeh qarşı İddiaçı MMC-nin xüsusi mülkiyyətində olan, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 533-cü məhəllə, ev 99C, mənzil 32 (Yeni qaydalarla: AZ1073, Bakı şəhəri, Yasamal rayonu İsmayıl bəy Qutqaşınlı, 169, M9, m5) ünvanında yerləşən mənzildən Cavabdeh və onun ailə üzvlərinin istifadə etməsinə qadağan qoyulması, həmin mənzilin onlar tərəfindən boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi” barədə iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onları ödəmiş tərəflərin özlərinə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 avqust 2024-cü il tarixli, e-2(004)- 3316/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı MMC-nin Cavabdeh qarşı İddiaçı MMC-nin xüsusi mülkiyyətində olan, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 533-cü məhəllə, ev 99C, mənzil 32 (Yeni qaydalarla: AZ1073, Bakı şəhəri, Yasamal rayonu İsmayıl bəy Qutqaşınlı, 169, M9, m5) ünvanında yerləşən mənzildən Cavabdeh və onun ailə üzvlərinin istifadə etməsinə qadağa qoyulması, həmin mənzilin onlar tərəfindən boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi” barədə iddiası rədd edilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onları ödəmiş tərəflərin özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə