Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-565/2022 06.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kreditin ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli 2(008)-2421/2021 saylı qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı QSC cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh1, Cavabdeh2 və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada QSC-nin xeyrinə 033R********** saylı kredit razılaşması və ona edilmiş əlavə sazişlər üzrə 10035.74 manat məbləğində kredit borcu, 3666.5 manat məbləğində faiz borcu və 6988.64 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 20690,88 manat məbləğində borcun, 30 manat məbləğində dövlət rüsumunun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh6 mülkiyyətində olan Bakı şəhəri, Maştağa qəsəbəsi, Nizami küçəsi, keçid 8-də istifadədə olan 0.03226 ha torpaq sahəsində yerləşən 357.7 kv.m ümumi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin evin hərracdan satılması və borcun ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 ümumi müştərək qaydada tutulması, fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin evə Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 istifadə hüququnun itirilməsi, onların həmin evdən çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh4 QSC ilə bağladığı 09.06.2016cı il tarixli 033L**********03 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 100000 ABŞ Dolları məbləğində kredit xətti açılmış, müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh4 QSC ilə bağladığı 16.06.2016-cı il tarixli 033R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.3333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 16000 manat məbləğində kredit götürmüş, tərəflərin imzaladıqları 05.05.2017-ci il tarixli 033R**********SA saylı, 27.06.2018-ci il tarixli 033R**********SB saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh4 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 15.11.2018-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh4 götürdüyü kredit borcundan 5964.26 manat ödəmiş, onun 10035.74 manat məbləğində kredit borcu qalmışdır. Kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh5, Cavabdeh6 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Kredit xətti müqaviləsi üzrə Cavabdeh4 öhdəliyinin icrasını təmin etmək məqsədi ilə cavabdeh- ipoteka qoyan Cavabdeh6, borclu Cavabdeh4 və Bank arasında bağlanılmış 09.06.2016-ci il tarixli ipoteka müqaviləsi əsasında Cavabdeh6a məxsus Bakı şəhəri, Maştağa qəsəbəsi, Nizami küçəsində, keçid 8-də istifadədə olan 0.03226 ha torpaq sahəsində yerləşən 357.7 m2 ümumi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli 2(008)- 2421/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada 10035.74 manat məbləğində əsas, 2800.08 faiz, 600 manat cərimə borcu olmaqla, cəmi 13.435.82 manat məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının İddiaçı QSC-nin xeyrinə tutulması, cavabdehlər Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 tutulmalı olan məbləğ - 13.435.82 manat borc öhdəliyinin təminatı kimi İddiaçı QSC qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh6 məxsus Bakı şəhəri, Maşatağa qəsəbəsi Nizami küçəsində keçid-8 istifadədə olan 0.03226 ha torpaq sahəsində yerləşən 357.7 kv.m ümumi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin yaşayış evinin açıq hərrac yolu ilə realizə edilməsi, həmin yaşayış evinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsaitin Cavabdeh6 verilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Maştağa qəsəbəsi Nizami küçəsində keçid-8 istifadədə olan 0.03226 ha torpaq sahəsində yerləşən 357.7 kv.m ümumi sahəsən ibarət 4 nömrəli fərdi yaşayış evinə ilkin satış qiyməti 45.000 manat məbləğində müəyyən olunması, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada tutularaq iddiaçının xeyrinə tutulması, Bakı şəhəri, Maşatağa qəsəbəsi Nizami küçəsində keçid-8 istifadədə olan 0.03226 ha torpaq sahəsində yerləşən 357.7 kv.m ümumi sahəsən ibarət 4 nömrəli fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 tərəfindən boşaldılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh4 apelyasiya şikayəti verərək, ləğv edilməsini, iddianın əsas və faiz borcun tutulması hissəsində azaldılması, cərimə borcunun tamamilə silinməsi, əsas və faiz borcunun yenidən hesablanması üçün məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi, fərdi yaşayış evinin yenidən qiymətləndirmə ekspertizasının təyin edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, əsas borcu və faiz borcu qanunsuz olaraq şişirdilmişdir. Cavabdehlərə məhkəmə iclası barədə rəsmi məlumat verilməmişdir. Tərəfindən banka 10000 manatdan artıq pul ödənilmişdir. Əsas və faiz borcunun hesablanması üçün mühasibatlıq ekspertizası təyin edilməmişdir. Cərimə borcu da əsassızdır. Fərdi yaşayış evinin 45000 manat qiymətləndirilməsi əsassızdır və aşağı məbləğdir, həmin iki mərtəbəli fərdi yaşayış evinin hazırda orta bazar qiyməti 200000 manatdan artıqdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. "xxxx" MMC-nin qiymətləndirmə rəyi ilə razılaşmayaraq, evin qiymətinin yüksək müəyyən edildiyini bildirdi. Müstəqil qiymətləndirmə şirkəti olan "xxxx" MMC-nin 16.03.2022-ci il tarixli rəyini təqdim edərək, həmin rəylə ipoteka predmeti olan əmlakın bazar dəyərinin 55000 manat, likvid dəyərinin isə 47500 manat müəyyən edildiyini qeyd etdi. Təkrar məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsi barədə vəsatət verərək, evin yenidən qiymətləndirilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəməyə gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İddia qismən təmin edilmiş olsa da, qətnaməni iddiaçı mübahisələndirməmişdir, odur ki, hazırki apelyasiya baxışının predmetini qətnamənin mübahisələndirilən hissədə yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qismən dəyişdirilməlidir. İş materialları ilə aşağıdakılar müəyyən edilir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Maştağa filialı ilə Cavabdeh4 arasında bağlanmış 09 iyun 2016-cı il tarixli 033L**********03 nömrəli uzunmüddətli kredit müqaviləsinin məzmunundan görünür ki, müvafiq müqaviləyə əsasən 120 ay müddətinə 100.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmuşdur. Həmin kredit müqaviləsi üzrə 09 iyun 2016-ci il tarixli 033R********** nömrəli kredit razılaşması əsasında cavabdeh şəxs bankdan 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.3333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 16000 manat məbləğində kredit götürmüşdür. 16.06.2016-cı il tarixli kassa məxaric orderinin surətindən görünür ki, 16000 manat kredit məbləğini Cavabdeh4 almışdır. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Cavabdeh6 ilə 16 iyun 2016-cı il tarixli 033S**********2 nömrəli zaminlik müqaviləsi və Cavabdeh5 ilə 16 iyun 2016-cı il tarixli 033S**********01 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Eyni zamanda İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Maştağa filialı ilə Cavabdeh6 arasında bağlanmış 09 iyun 2016-cı il tarixli ipoteka müqaviləsindən görünür ki, 09 iyun 2016-cı il tarixli 033L**********03 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh4 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0,03226 ha torpaq sahəsi olan fərdi yaşayış evi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Maştağa filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X4 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan müəyyən olunur ki, ünvan 1 ünvanında olan 0,03226 ha sahədə yerləşən fərdi yaşayış evi Cavabdeh6 xüsusi mülkiyyətindədir. RX seriyalı ******* nömrəli çıxarışdan müəyyən olunur ki, fərdi yaşayış evi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Maştağa filialının xeyrinə ipoteka yüklü edilmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Maştağa filialı ilə Cavabdeh4 arasında bağlanmış 09 iyun 2016-cı il tarixli 033L**********03 nömrəli uzunmüddətli kredit müqaviləsinə edilmiş kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 05 may 2017-ci il tarixli sazişdən görünür ki, kredit müqaviləsinin müddəti kredit qalıqlarını və faizləri ödəniş planına uyğun olaraq ödəməlidir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Maştağa filialı ilə Cavabdeh4 arasında bağlanmış 09 iyun 2016-cı il tarixli 033L**********03 nömrəli uzunmüddətli kredit müqaviləsinə edilmiş kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 05 may 2017-ci il tarixli sazişdən görünür ki, Cavabdeh4 14 ay müddətinə hər ay banka 500 manat (sonuncu ay 12023.74 mana) məbləğində ödəniş etməyi öz üzərinə götürmüşdür. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Maştağa filialı ilə Cavabdeh4 arasında bağlanmış 09 iyun 2016-cı il tarixli 033L**********03 nömrəli uzunmüddətli kredit müqaviləsinə edilmiş kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 27 iyun 2018-ci il tarixli sazişdən görünür ki, kredit müqaviləsinin müddəti kredit qalıqlarını və faizləri ödəniş planına uyğun olaraq ödəməlidir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Maştağa filialı ilə Cavabdeh4 arasında bağlanmış 09 iyun 2016-cı il tarixli 033L**********03 nömrəli uzunmüddətli kredit müqaviləsinə edilmiş kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 27 iyun 2018-ci il tarixli sazişdən görünür ki, Cavabdeh4 24 (iyirmi dörd) ay müddətinə hər ay banka 640 manat (sonuncu ay 1060.40 manat məbləğində ödəniş etməyi öz üzərinə götürmüşdür. 29 yanvar 2021-ci il tarixli maliyyə arayışından görünür ki, 09 iyun 2016-cı il tarixdə Cavabdeh4 götürdüyü kredit borcuna görə 10035.74 manat məbləğində kredit borcu, 3666.5 manat məbləğində faiz borcu və 6988.64 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 20690,88 manat məbləğində borcu yaranmışdır. Cavabdehlər borcun ödənilməsi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehlərin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməkdə haqlı olmuşdur. Cavabdehin Bank qarşısında üzərinə götürdüyü öhdəliyin icrasını gecikdirməsi aşkardır. Cavabdeh4 apelyasiya şikayətində əsas və faiz borcunun hesablanması üçün mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmiş, cərimə borcunun da əsassız olduğunu göstərmişdir. Apelyasiya şikayətinin qeyd edilən dəlilinin araşdırılması məqsədi ilə Bakı Apelyasiya Məhkəməsinin 04.11.2021-ci il tarixli 2(103)-10273/2021 saylı qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin 9/8221 saylı 09.12.2021-ci il tarixli ekspert rəyi ilə iş materiallarında olan hesabdan çıxarış məlumatları, 16.06.2016-cı il tarixli 033R********** saylı kredit razılaşması və 16.06.2016-cı il tarixli 033R********** saylı kredit razılaşması üzrə 27.06.2018-ci il tarixdə bağlanmış 033R**********SB saylı sazişdə qeyd olunan şərtlər nəzərə alınmaqla Cavabdeh4 16.06.2020-ci il tarixə borcu əsas borc üzrə 10074,60 manat, faiz borcu üzrə 4409,32 manat olmaqla, cəmi 14483,92 manat müəyyən edilmişdir. Göründüyü kimi ekspert rəyi ilə müəyyən edilən məbləğ iddiaçı tərəfindən tələb edilən məbləğdən daha yüksəkdir. Cavabdeh1 borc məbləğlərinə dair dəlilləri əsasssızdır. Cərimə borcuna aid hissədə məhkəmə tərəfindən məbləğ azaldılaraq 600 manat tutulmuşdur. Kollegiya hesab edir ki, məhkəmə bu hissədə ədalətli mövqe tutmuş və cərimə borcunu kifayət qədər azaltmaqla, düzgün nəticəyə gəlmişdir. Cərimə borcunun tamamilə silinməsi barədə cavabdehin tələbi əsassızdır. Apelyasiya şikayətlərinin ilkin satış qiyməti ilə bağlı dəlilinə münasibətdə Kollegiya aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsinin 02.04.2021-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuşdur. “X5 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin 15 iyun 2021-ci il tarixli YDN-041 nömrəli qiymətləndirmə rəyi ilə ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətdə olan 357.7 kv.m olan fərdi yaşayış evinin bazar dəyəri 56.000 manat, likvid dəyəri 45000 manat məbləğində müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin 2.4-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 16000 manat təşkil edir. Bakı Apelyasiya Məhkəməsinin 03.02.2022-ci il tarixli 2(103)-565/2022 saylı qərardadı ilə Bakı şəhəri, Maşatağa qəsəbəsi Nizami küçəsində keçid-8 istifadədə olan 0.03226 ha torpaq sahəsində yerləşən 357.7 kv.m ümumi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evinin yenidən qiymətləndirilməsinin keçirilməsi qərara alınmış, qiymətləndirmə işlərinin aparılması "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC-nin 09.03.2022-ci il tarixli 15/0244 nömrəli qiymətləndirmə hesabatı ilə Bakı şəhəri, Maşatağa qəsəbəsi Nizami küçəsində keçid-8 istifadədə olan 0.03226 ha torpaq sahəsində yerləşən 357.7 kv.m ümumi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evinin 09.03.2022-ci il tarixə likvid dəyərinin 88000 manat təşkil etdiyi müəyyən edilmişdir. Kollegiya bu qiymətlə razılaşır və qeyd edir ki, oxşar evlərin internet resurslarındakı qiymətləri onu deməyə əsas verir ki, göstərilən qiymət real olaraq təyin olunmuşdur. Hazırki dövrdə daşınmaz əmlak və tikinti materialları bazarındakı qiymətlərin kəskin bahalaşması fonunda ümumi sahəsi 357,7 kv.m olan yaşayış evinin likvid qiymətinin 45000 manat təşkil etməsi qətiyyən real və ağlabatan hesab oluna bilməz. Kollegiya hesab edir ki, bu hissədə qətnamə dəyişdirilməli və Bakı şəhəri, Maşatağa qəsəbəsi Nizami küçəsində keçid-8 istifadədə olan 0.03226 ha torpaq sahəsində yerləşən 357,7 kv.m ümumi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 88000 manat müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, Kollegiya hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə dəyişdirilməsi, mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh4 apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2421/2021 saylı iş üzrə 03 avqust 2021-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə dəyişdirilsin. Bakı şəhəri, Maşatağa qəsəbəsi Nizami küçəsində keçid-8 istifadədə olan 0.03226 ha torpaq sahəsində yerləşən 357,7 kv.m ümumi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 88000 manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaiti Cavabdeh4 tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-565/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-565/2022
06.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver