Məhkəmə qərarları › İş №2(103)-5651/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5651/2024

07.11.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5651/2024 07.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə qarşı mülki iş üzrə (Açar sözlər: “iddia müddətinin ötürülmüş hesab edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, İddiaçı Vaqif oğlunun, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh publik hüquqi şəxsə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma dövrü üçün ödənilməmiş əmək haqqının ödənilməsi, vurulmuş mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3310/2024 saylı 31 iyul 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İşəgötürən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X14n xx.xx.2024-cü il tarixli 3-17-1/3-4-262/2024 nömrəli əmrinə əsasən işçi İddiaçı ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən xitam verilmişdir. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən İddiaçı 1958,12 manat son haqq-hesabı işəgötürən tərəfindən ödənilmişdir. Tərəflər arasında yaranmış əmək mübahisəsi ilə əlaqədar xx.xx.2024-cü il tarixdə Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış tərtib edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun müddətli əmək müqaviləsinin bitməsi əsası ilə işdən azad olunması barədə xx.xx.2024-cü il tarixli, 3-17-1/3-4-262/2024 saylı əmrin ləğv edilməsi; cavabdeh - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu X14 ilə onun arasında bağlanmış müddətli əmək müqaviləsinin müddətsiz əmək müqaviləsi ilə əvəz edilməklə, onun işdən azad olunduğu tarixdə çalışdığı DSMF-nin 2 saylı Lənkəran - X6 Cəlilabad rayon qəbul şöbəsinin müdiri vəzifəsi üzrə işə bərpa edilməsi; onun cavabdeh - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu X14 tərəfindən işdən azad olunduğu gündən hazırkı iş üzrə qəbul olunacaq məhkəmə qətnaməsinin icra olunacağı tarixə kimi məcburi işburaxma müddəti üçün əmək haqqının hesablanaraq birdəfəlik şəkildə cavabdehdən tutularaq ödənilməsi; cavabdeh - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu X14 tərəfindən ona vurulan maddi və mənəvi ziyana görə cəmi 5000 manat məbləğinin cavabdehdən tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, X11 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkil etdiyi imtahanlarda uğur qazanaraq Nazirlikdə 8 il ərzində fərqli vəzifələrdə işləmişdir. Belə ki, aşağıda qeyd olunan tarixlərdə müxtəlif fəaliyyətləri icra etmişdir: 17 avqust 2020-ci ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin Cəlilabad rayon Filialının Mühasibat uçotu şöbəsində baş mütəxəssis; 4 dekabr 2020-ci ildə DSMF-nin 9 saylı regional ərazi filialının təsərrüfat şöbəsində müdir; 27 dekabr 2021-ci ildə DSMF-nin 2 saylı Lənkəran - X6 Cəlilabad rayon qəbul şöbəsinin müdiri. Öncəliklə qeyd edir ki, Aygül xanım Səfərli cavabdeh orqanın 2 Saylı X2 rəhbər təyin olunana qədər onun fəaliyyətindən rəhbərlərinin heç bir narazılığı olmamış və barəsində bu faktları əks etdirən intizam tədbirləri görülməmişdir. Həmçinin fəaliyyətdə olduğu müddətlərdə ona qarşı heç bir vətəndaşın narazıçılıq və gileyini əks etdirən hər hansı bir ərizə və ya şikayət işlədiyim orqana daxil olmamışdır. Eyni zamanda vətəndaşlara hər zaman yüksək keyfiyyətli xidmət göstərmək üçün bilik və bacarıqlarını daim inkişaf etdirmişdir. Belə ki, nazirliyin keçirdiyi sonuncu qiymətləndirmədə 2 Saylı X3 üzrə ən yüksək nəticə toplamışdır. Lakin çox təəssüf ki, cavabdehin orqanın qərəzli mövqeyi nəticəsində 14 fevral 2024-cü il tarixində 3-17-1/3-4-262/2024 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndi ilə (əmək müqaviləsinin müddətinin qurtarması) tutduğu vəzifədən azad olunmuşdur. Bildirir ki, hazırkı vəziyyətin bu yerə gəlib-çatmasına səbəb olan halların xronologiyasını olduğu kimi və vicdanlı bir şəkildə məhkəmənin nəzərinə çatdırır. Əfsuslar olsun ki, qəflətən 2023-cü il iyul ayının sonlarında yetkinlik yaşına çatmayan 4 may 2019-cu il təvəllüdlü - X8 adlı övladının səhhətində ciddi narahatlıq yarandı. Buna görə də Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından verilən təcili göstərişli yollayış əsasında təcili tibbi yardım avtomobili ilə onu Bakı şəhərində yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinə gətirdim və burada "İdiopatik trombositopenik purpura" diaqnozu ilə yerləşdirdi (adıçəkilən diaqnozun mövcudluğunu təsdiq edən çıxarışın surəti iddia ərizəsinə əlavə edilir). Bundan sonra növbəti iş günü üçün övladının səhhəti ilə əlaqədar həm cavabdeh orqanın 2 Saylı X1, həm də onun birbaşa rəhbəri olan Aygül xanım Səfərlidən öz hesabına 2 iş günü üçün icazə istədi. Lakin o bildirdi ki, "...Sənə 4 saatlıq icazə verə bilərəm və günlük icazə almaq üçün 2 gün əvvəldən müraciət etməlisən". Beləliklə də o, tibb müəsissəsindən ərizə göndərsə də günün ikinci yarısında ağır vəziyyətdə olan övladını orada qoyaraq iş yerinə qayıtmalı oldu. O, dəfələrlə Bakı şəhərinə xəstə olan uşağının yanına qayıtmaq üçün qanuna müvafiq şəkildə müraciətlər etdi. Nəhayət, cəmi 1 iş günü üçün icazə alaraq iş yerini tərk edə bildi. Ən əsası vurğulamaq istəyir ki, övladı növbəti müayinələri ilə əlaqədar olaraq Bakı şəhərinə gəlməli idi. Bunun üçün dəfələrlə yazılı ərizə əsasında cavabdehin işlədiyi yer üzrə nümayəndəsi sayılan Aygül xanım Səfərlidən icazə istədi. Lakin çox təəssüf ki, ona "idarədə işlər çoxdu", "rəhbərlik icazə vermir" deyərək öz hesabına məzuniyyət hüququndan istifadə etməyinə qərəzli şəkildə icazə vermədi. Təbii ki, ona icazə verilmədiyinə görə növbəti müayinə və müalicələrdə də gecikmə oldu. Dolayısı ilə övladının sağlamlağında baş verən ağırlaşma ilə əlaqədar onu yenidən Bakı şəhərində yerləşən tibb müəsisəsinə aparmaq məcburiyyətində qaldı. Elə həmin gün ərzində tibb müəsissəsindən aldığı müvafiq sənədləri birbaşa rəhbərinə və daha yuxarı rəhbərlik olan RİM-in mail ünvanına göndərdi. Növbəti iş günü Cəlilabad rayon qəbul şöbəsində iş fəaliyyətini davam etdirdikdə hər iki rəhbərliyinə zəng vuraraq üzrlü səbəbdən işdə olmamağını təsdiq edən sənədlərin kifayət edib-etmədiyini soruşdu. Buna müvafiq olaraq ona bildirildi ki, "...Bu məsələyə yuxarı rəhbərlik səviyyəsində baxılacaq". Övladının səhhətində aşkarlanan və xroniki hal alan İTP xəstəliyinin gedişatında o, həkim göstərişinə əsasən müəyyən gün aralıqlarında analiz verməli, müayinə edilməli və zəruri dərmanları tibb müəssisəsində həkim nəzarəti altında almalı idi. Buna müvafiq olaraq ərizə ilə lazımi qaydada əvvəla cavabdehə və buna uyğun olaraq rəhbərlərinə müraciət edirdi. Həmin müraciətlərə birbaşa Aygül xanım Səfərlinin özü və onun bildirdiyinə görə yuxarı rəhbərlik icazə vermirdi. Məlum olduğu kimi, ailəsini dolandırmaq yükü onun üzərindədir. Dolayısıyla işini itirmək qorxusu ilə əlaqədar övladını tibb müəsisəsinə vaxtlı-vaxtında apara bilməmişdir. Bu səbəbdən də övladının səhhətində ciddi problemlər yaranaraq xəstəlik xroniki hal almışdır. Bütün bu hadisələrdən sonra cavabdeh orqanının daxili nəzarət şöbəsinin əməkdaşı Mehman Məmmədov ona zəng edərək Dövlət Sosial Müdafiə Fonduna gəlməli olduğunu bildirdi. O, cavabdeh orqanın daxili nəzarət şöbəsində tutulan iradların əksər hissəsinin həqiqəti əks etdirmədiyini və qərəzli olduğunu söylədi. Həmçinin həm ondan asılı olmayan səbəblərdən övladının müalicəsi ilə əlaqədar Bakı şəhərində olduğu, həm də bu zaman ərzində cavabdeh orqanın gizli əməkdaşları tərəfindən Cəlilabad rayon qəbul şöbəsində çalışan əməkdaşların etdiyi nöqsanlar və işdə olmamağı barədə əsaslı izahatını bitirib Mehman Məmmədova təqdim etdi. Həmin izahatda övladının xəstəliyi ilə əlaqədar təxirəsalınmaz tədbirlərin görülməsi məqsədilə öz hesabına əmək məzuniyyəti hüququndan istifadə etmək barədə 3 gün ərzində Aygül xanım Səfərliyə dəfələrlə şifahi və yazılı şəkildə müraciət etdiyini də bildirdi. Bu izahatdan sonra Mehman Məmmədov ona söylədi ki, “Rəhbərlik sənə icazə verilməməsindən sonra iş yerini tərk etdiyin üçün könüllü olaraq işdən çıxmaq ilə bağlı ərizə yazmağı məsləhət görürəm. Əks təqdirdə belə bir ərizə yazmasan səni Əmək Məcəlləsinin 69-cu maddəsinin "c" bəndinə əsasən və ya növbəti 3 aylıq müqavilə vaxtının bitməsinə onsuzda az qalib dolayısıyla bu əsasla işdən xaric ediləcəksən". O, Mehman Məmmədova izahatında qeyd etdiyi və ona tutulan nöqsanların hansının əsaslı olduğunu soruşduqda ona dedi ki, "Digərləri heç, sənin işdə olmamağının işdən çıxarılmağına əsasdır.” Buna müvafiq olaraq ona “bəs siz mənim yerimə o situasiyada olsaydınız nə edərdiniz” deyə sual verdi. Mehman Məmmədov bu suala cavab olaraq söylədi ki, "Sizin kimi edərdim. Amma din dövlətdən ayrıdır" - deyə misal gətirdi. Bu söhbətin ardınca Mehman Məmmədov ona dedi ki, "...Mən sənin bu izahatın əsasında elə bir məruzə yazaram sən işdən xaric olarsan". Onun izahatı yazdığı zamanda atası zəng vuraraq övladının səhhətində olan kəskin ağırlaşma ilə əlaqədar onu təcili olaraq Bakı şəhərinə yaxın saatda gətirəcəyini bildirdi. Elə bu anda o, Mehman Məmmədova bildirdi ki, "Məsələyə ədalətli yanaşmağınızı və belə bir halın hamının başına gələ biləcəyini nəzərə almağınızı Sizdən xahiş edirəm". Daha sonra cavabdehin yerləşdiyi ünvanı tərk etdi. Axşam saatlarında atası ilə birlikdə övladını gətirərək ağır və huşu tam aydın olmayan vəziyyətdə Hematologiya və X4 İnstitutuna gətirdik. Növbəti gün uşağın sağlamlığında irəlilləyiş olmadığı üçün onu Akademik M.Ə.Mirqasımov adına R.K.X.P.H.Ş tabeliyində olan Respublika Uşaq Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirdilər. xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə qədər aparılan təxirəsalınmaz müalicələr və vicdanlı peşəkar həkimlər səyləri sayəsində övladını onlara qaytardılar. İşlədiyi müəssisənin rəhbərliyi tərəfindən problem yaradılacağını bildiyi üçün övladının reanimasiyada olduğu müddəti təsdiq edəcək müvafiq sənədləri cavabdehin olduğu yerə yaxınlaşaraq şəxsən Mehman Məmmədova təqdim etdi. Elə həmin anda bildirdi ki, "...Mənə və təqdim etdiyim arayışa inamınız yoxdursa, sizin əməkdaşlarla birgə gedərək yaxınlıqda yerləşən tibb müəsisəsinin reanimasiya şöbəsində ağır durumda xəstə yatan qızımı göstərə bilərəm". Ona daha öncə bildirdikləri səbəbdən (övladının ağır vəziyyəti ilə əlaqədar 3 gün ərzində təqdim etdiyi ərizəyə müsbət yanaşılmadığı üçün 1 günlük işdə olmamağı səbəbindən onu işdən çıxarılmaqda qərarlı olduqları üçün) təxminən on gün sonra iş telefonuna Mehman Məmmədov yenidən zəng vuraraq bildirdi ki, "...Sizin barənizdə direktorunuz Aygül xanım tərəfindən məruzə daxil olduğuna görə sizə e-mail ilə göndərəcəyi nöqsanlar barədə izahat yazmalısınız". Lakin nöqsan kimi sadalanan qeydlərin əksər hissəsi əməkdaşların qüsurları olduğu, təxminən 2-3 ay öncə aşkarlanan və heç bir şəxsə və büdcəyə ziyanı olmayan pozuntular idi. Bu barədə də Aygül xanım Səfərliyə özü və digər əməkdaşlardan izahat alaraq təqdim etmişdir. Eyni məsələ ilə bağlı artıq cavabdeh tərəfindən birbaşa olaraq yuxarıda qeyd etdiyi səbəblərdən dolayı işdə olmadığı üçün və "işdən çıxma" ərizəsi vermədiyinə görə ona qarşı qərəzli hərəkətlər başlanıldı. Beləliklə də ondan və əməkdaşlardan alınan və mövcud həqiqəti əks etdirməyən izahat əsasında ona haqsız olaraq töhmət verildi. Dəfələrlə hüquq və mənafeləri pozulduğu üçün cavabdeh orqana və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şifahi və yazılı müraciətlər etmişdir. Həmin müraciətlərindən birinə 22 aprel 2024-cü il tarixli, 3- 17/2-R-3854/2024 saylı məktubla cavab verilmişdir (həmin cavab məktubunun əsli iddia ərizəsinə əlavə edilir). Lakin həmin cavabda mövcud həqiqəti yansıtmamaqla bərabər sadəcə birbaşa rəhbəri Aygül xanım Səfərlinin verdiyi yalan məlumatları özündə əks etdirib. Nəhayət, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi etdiyim digər bir müraciətinə 20 may 2024-cü il tarixli, 3-17/2-R-4846/2024 saylı məktubla cavab verib (həmin cavab məktubunun əsli iddia ərizəsinə əlavə edilir). Yenə tələbindən tamamilə fərqli və hüquqlarının bir daha pozulmasına səbəb verən cavab verildi. Belə ki, onun tələbi minbir əziyyətlə qazandığı və xx.xx.2024-cü il tarixində azad olunduğu vəzifəsinə bərpadır. Təəssüf ki, müraciətlərinə fərqli cavablar verməklə sadəcə olaraq müddəti uzadırlar.

4. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu X14n nümayəndəsi Nümayəndə yazılı ərizə təqdim edərək iddia müddətinin tətbiq edilməsi əsası ilə iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3310/2024saylı, 31 iyul 2024-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

6. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddia müddətinin axımını formal xüsusatlardan asılı etmək əsaslı hesab edilə bilməz. İddia müddətinin axımı şəxsin öz hüquqlarını pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlayır. Məhkəmə xüsusilə nəzərə alır ki, iddiaçı ona ödənilmiş son haqq-hesabdan dərhal məlumatlı olmuşdur. Bu səbəbdən, məhkəmə iddia müddətinin axımını xx.xx.2024-cü il tarixdə nəzərə alır. Bundan əlavə, iddiaçının digər arqumenti olan övladının xəstə olması səbəbindən buraxılmış iddia müddətinin bərpa edilməsi xüsusatına münasibətdə məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsinə əsasən, bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Məhkəmə sözügedən normanın geniş formada təfsir edilməsini məqsədə müvafiq hesab etmir. Məhkəmə normanın dispozisiya şərtlərinə müvafiq olaraq uşağın xəstələnməsini “digər obyektiv hallar”a aid edilə biləcəyini nəzərə alsa da, iddia müddəti bir neçə gün deyil (bu halda buraxılmış müddətin bərpası nəzərdən keçirilə bilərdi), uzun müddət ötürülmüşdür. Nəticədə, cavabdehin iddia müddətinin tətbiq olunması barədə ərizəsi tətbiq olunmalı, iddia müddəti ötürülmüş hesab edilməlidir.

7. İddia tələbinin digər hissəsi olan vurulmuş mənəvi zərərin ödənilməsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə əsassızdır. Belə ki, İşəgötürən əmək qanunvericiliyinin müvafiq normasını əsas götürərək əmək müqaviləsi xitam vermişdir (iddia müddəti ötürülməsəydi əmrin qanuni olub-olmaması isə araşdırma mövzusudur). Beləliklə, mülki iş materiallarına əsasən müəyyən olunur ki, iddiaçıya mənəvi zərərin vurulması xüsusatı da daxil olmaqla iddia tələbi üzrə yuxarıda qeyd olunan heç bir dispozitiv şərt yerinə yetirilmir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296; Mülki Məcəllənin 1096-cı maddələrinə; “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3310/2024 saylı, 31 iyul 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi, barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı apellyasiya şikayətini iddia ərizəsində istinad etdiyi eyni məzmunlu dəlillər ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin olunmasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, əmək kitabçasını ona poçtla göndəriblər. Əmri də verməyiblər. Hətta şiddətli töhməti belə gizli veriblər, bununla bağlı sübutları da vardır. Sonuncu iş günü axşam saat 6-nın yarısı ona zəng ediblər. 14 fevralda ona zəng edib bildirdilər ki, sabahdan işə gəlməsin. Onu işdən çıxarmaqlarının səbəbini öyrənmək üçün regional şöbəyə gedib. 14 fevraldan 2-3 gün sonra fonda getmiş; işdən çıxarılmağının səbəbini öyrənmək üçün fonda ərizə yazmışdır. Sonradan fonda ərizə yazanda ona şiddətli töhmət aldığını, müqavilənin vaxtı bitdiyi üçün onu işdən çıxardıqlarını dedilər. Bundan sonra regional şöbəyə getmiş; direktor qəbul günü olmadığını bildirdi. Əmr ona verilməyib. Əmək kitabçasını almaq üçün dəfələrlə müraciət etmişdir. Təhvil-təslim aktından buna görə danışır. Təhvil-təslim aktına qol çəkməsə əmrini verməyəcəklərini dedilər. 3 gündən sonra gedib təhvil-təslim aktına qol çəkdi. Akta qol çəkəndə aşağısında qeyd yazdı. Əmək kitabçası ona 5 aprel 2024-cü ildə verilib. Əmək kitabçası alandan sonra mediasiyaya müraciət etmişdir, dəqiq tarix yadında deyil, amma 5 apreldən hesablayanda heç bir gecikmə olmayıb. O, ərizəni 28 martda yazmışdır. Əmək kitabçası 2 aydır gecikdirilir, bununla bağlı akt tərtib olunsun ki, onun əmk kitabçası bu gün verilir. Ona bildirdi ki, Nazirlər Kabinetinin bununla bağlı qərarı vardır, bu kitabçaya imza çəksin və götürsün getsin. Daha sonra onlar əmək kitabçasını poçt vasitəsilə göndərdilər. Əmək kitabçasınnın gecikdirilməsi ilə bağlı bir neçə dəfə ərizələri olmuşdur.

13. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. 14 fevralda müvafiq əmr çıxmış, 15 fevralda son haqq-hesabı iddiaçının kart hesabına köçürmüşlər. Bildiriş onlara 24 apreldə daxil olub. 20 aprel də bildirişin öz tarixidir. Bildiriş onlara apreldə gəldi. Eyni anda həm onlara müraciət edir, həm mediasiyaya müraciət edir. Mayın 7-si ilkin mediasiya iclası olub, araşdırma aparılmışdır. Qarşı tərəf də iştirak etmişdir. İddiaçıya 14 fevralda işdən çıxarıldığı bildirilmişdir. İddiaçı əmək kitabçasını aktla imzalamadığına görə götürməmişdir. Bununla bağlı akt tərtib edilməyib. Qarşı tərəf aktı imzalamadığına görə aktın tərtib olunması əhəmiyyətsizdir. Onu qurumun nümayəndəsi imzalayır. 4 aprel tarixində əmək kitabçasını poçtla göndəriblər. Onlara mediasiya ilə bağlı 24 apreldə bildiriş gəlib çatır. 20 aprel bildirişin tarixidir. İlkin mediasiya iclası 7 mayda olub, iddiaçı bununla bağlı arayış alıb. Qarşı tərəf özü də bildirir ki, 14 fevral tarixində işdən çıxdığını bilirdi. Bütün sənədlər, əmək müqaviləsinə edilən bütün dəyişikliklər iş materiallarına əlavə edilmişdir. Bütün hesabatlar ödənilib, qarşı tərəflə bununla bağlı bir problem olmamışdır. Birinci instansiya məhkəməsində onlardan əmək kitabçasını poçtla göndərmələrinin səbəbini soruşdular. Bildirdilər ki, əmək kitabçası vətəndaşlara pensiya təminatı ilə bağlı verilən sənəddir və sənədin əsli vətəndaşlara təqdim olunmalıdır. Sənədlərin əslini vətəndaşların razılığı olduqda poçtla təqdim edir, belə razılıq olmadıqda əlbəəl verirlər. Bununla bağlı akt tərtib olunur. İddia müddəti ilə bağlı verdiklər ərizədə göstərmişlər ki, vətəndaş həmin gün hüquqlarının pozulduğunu bilirdi, son haqq-hesabı da ödəmişlər. Qarşı tərəf uşağının xəstəliyi ilə bağlı iddia müddətini ötürdüyünü bildirir, lakin etirazı da qeyd etmişlər. Bundan əlavə qarşı tərəf direktoru da məhkəməyə verib, onlara da mediasiya üçün müraciət etmişdir. Bu müddətlər ərzində müraciət etmək üçün kifayət qədər vaxtı var idi. Mediasiyaya müraciət edəndə müddətin axımı dayanır. Vətəndaş mediasiyaya müraciət edəndə belə artıq 1 ay iddia müddəti ötürülmüşdü. Məhz bununla bağlı ərizə təqdim etmişdilər, məhkəmə də həmin ərizəyə münasibət bildirib. Qarşı tərəfin əmək müqaviləsinə 14 fevralda xitam verilmişdir, elə həmin gündə məlumatlandırılmışdır, 15 fevral tarixində isə son-haqq hesab ödənilmişdir, həmin ödəniş isə qarşı tərəf tərəfindən kart hesabından çəkilmişdir. Qarşı tərəf həm birinci instansiya məhkəməsində, həm də apellyasiya şikayətində vurğulayır ki, 14 fevral tarixində işdən çıxmağını bilmişdir. Hesab edir ki, müddətin axımı 14 fevralda başlamışdır. 14 fevral tarixində işçinin işdən çıxması barədə məlumat işçi qaydasında bildirilmişdir. Qarşı tərəfin mediasiyaya müraciət etdiyi tarix 29 martda olmuşdur, mediasiyaya müraciət olunan zamanda artıq müddət ötmüşdü. Hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı əsaslıdır. Qarşı tərəf mediasiya proseslərində iştirak edə bilir, polisə müraciət edə bilir, Fonda müraciət edərək gələ bilir, lakin bir tək mediasiya prosesinə vaxtında müraciət edə bilmir.

Apellyasiya baxışının hədləri

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

15. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

17. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın təmin olunması xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin

18.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 19.42-ci maddəsinin birinci bəndinə əsasən əmək müqavilələri sərbəst bağlanılır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 20.45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir 21.47-ci maddəsinin “f” bəndində göstərilmişdir ki, tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. 22.68-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri əmək müqaviləsinin müddətinin qurtarmasıdır. 23.73-cü maddəsinin 1-ci bəndinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 24.83-ci maddəsinin 1-ci bəndinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 25.296.1-ci maddəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. 26.296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 27.300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73,74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. 28.“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 31.01.24-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar olmadığı təqdirdə, tərəflərin hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsini bağlamaq imkanını ehtiva etməklə, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğun hesab edilmişdir. Məhkəmələrə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə bağlı işlərə baxarkən müqavilə tərəflərinin həqiqi iradə ifadələrini bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelərə uyğun olaraq araşdırıb nəticəyə gəlməli olmasına dair göstəriş verilmişdir. 29.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001ci il tarixli Qərarına görə, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun

30.21.5-ci maddəsinə əsasən mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır. 31.21.6-cı maddəsinə əsasən tərəflərdən biri mediasiya prosesinin tətbiqi barədə yazılı formada digər tərəfə bu Qanunun 22-ci (22.1.1-ci, 22.1.4-cü, 22.1.7-ci və 22.1.8-ci maddələr istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları, həmçinin tərəflərin qarşılıqlı razılaşdığı mediator (mediatorlar) və ya mediasiya təşkilatı varsa, bu barədə məlumatı, olmadıqda isə bu barədə təklifləri əks etdirən təklifi göndərir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən təklif tərəfə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. 32.21.7-ci maddəsinə əsasən bu Qanunun 21.8-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, bu Qanunun 21.6-cı maddəsinə uyğun olaraq göndərilmiş təklifə 10 gün ərzində cavab verilmədikdə mediasiya prosesinə bu Qanunun 32.1.4-cü maddəsinə əsasən, həmin təklif 10 gün ərzində hər hansı formada rədd edildikdə isə mediasiya prosesinə bu Qanunun 32.1.3-cü maddəsinə əsasən avtomatik xitam verilir. 33.21.8-ci maddəsinə əsasən tərəflər arasında mediasiyaya dair qeyd-şərtdə mediatorun (mediasiya təşkilatının) adı müəyyən edildiyi halda və bu Qanunun 21.6-cı maddəsinə uyğun olaraq göndərilmiş təklifə 10 gün ərzində cavab verilmədikdə və ya təklif rədd edildikdə, təklifi göndərən tərəf mediasiyaya dair qeyd-şərtdə nəzərdə tutulmuş mediatora (mediasiya təşkilatına) müraciət edir. Həmin mediatorun (mediasiya təşkilatının) bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən mediasiya sessiyası barədə bildirişi tərəflərə təqdim etməsindən sonra tərəflər və ya onlardan biri mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, yaxud “mediasiya prosesinin tətbiqi barədə müqavilə”ni imzalamağa razı olmadıqda, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “Mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin ikinci cümləsində qeyd edilən bildiriş tərəflərə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. 34.24.7-ci maddəsinə əsasən bu Qanunun 21.5-ci maddəsinə uyğun olaraq, mediasiya prosesinin ümumi müddəti 30 gündən artıq olmayaraq davam edə bilər. Mübahisənin mürəkkəbliyi nəzərə alınaraq tərəflərin razılaşması ilə mediasiya prosesinin müddəti daha 30 gün müddətinə qədər uzadıla bilər. Mediasiya prosesinin keçirilməsinin konkret müddəti ümumi müddət nəzərə alınmaqla “mediasiya prosesinin tətbiqi barədə müqavilə” ilə müəyyən olunur. 35.28.3-cü maddəsinə əsasən tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4-cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Bu halda tərəflər mediator barədə razılığa gəlmədikdə, mediatoru mediasiya təşkilatı təyin edir. 36.32.4.2-ci maddəsinə əsasən bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən mediasiya prosesinə xitam verilir. 37.35-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

38.Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 39.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə). 40.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

41.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 42.İş materiallarından müəyyən edilir ki, iddiaçı xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müxtəlif vəzifələrdə işləmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə edilmiş əlavə və dəyişikliklərə əsasən, o, Dövlət Sosial Müdafiə Fondu X14n 2 saylı Lənkəran - X6 Cəlilabad rayon qəbul şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. Dövlət Sosial Müdafiə Fondu X14n xx.xx.2024-cü il tarixli 3-17-1/3-4-262/2024 nömrəli əmri ilə iddiaçının tərəf olduğu əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən xitam verilmişdir. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən İddiaçı 1.958,12 manat məbləğində son haqq-hesab işəgötürən tərəfindən ödənilmişdir. Tərəflər arasında yaranmış əmək mübahisəsi ilə əlaqədar xx.xx.2024-cü il tarixdə Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış tərtib edilmişdir. 43.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq qeyd etməyi zəruri sayır ki, iddiaçı məhkəməyə müraciət edərkən əmək mübahisələri üzrə qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. 44.Qeyd edilməlidir ki, məhkəmə müdafiə hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. 45.İddia müddətinin tətbiqi məhkəmə müdafiəsi hüququnun qanuni formada məhdudlaşdırılmasına, yəni hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəblərdən biridir. Belə ki, iddia müddəti institutu hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. 46.İş materiallarından da görünür ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xx.xx.2024-cü il tarixində xitam verilmişdir. Həmçinin xx.xx.2024-cü il tarixində iddiaçıya son haqq-hesab ödənilmişdir. İş materiallarından həmçinin müəyyən edilir ki, İddiaçı əmək münasibətlərinə xx.xx.2024-cü il tarixində xitam verildiyi barədə xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və s. tarixlərində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət etmişdir.

47. Beləliklə iş üzrə araşdırılmış hallardan müəyyən edildiyi kimi hazırki mübahisə üzrə iddia müddətinin axımı xx.xx.2024-cü tarixdən başlanmışdır. İddiaçı hüquqlarının pozulduğunu bildiyi bu tarixdən 1 aydan artıq müddət keçdikdən sonra xx.xx.2024-cü il (özünün bildirdiyinə görə isə əmək kitabçasını aldıqdan sonra – xx.xx.2024-cü il) tarixdə mediasiya prosesinin tətbiqi barədə təklifini digər tərəfə ünvanlamışdır. Göndərilmiş təklifə cavab verilmədiyi üçün iddiaçı xx.xx.2024-cü il tarixində mediasiya təşkilatına müraciət etmiş, mediasiya sessiyasının keçirilməsi mümkün olmadığından təşkilat tərəfindən müvafiq məzmunlu arayış xx.xx.2024-cü il tarixində tərtib edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir.

48. Bununla yanaşı qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsinə müvafiq olaraq, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Lakin məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığı kimi, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir.

49. Göründüyü kimi iddiaçı məhkəməyə müraciət edərkən əmək mübahisələri üzrə qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. İddiaçı tərəfindən ötürülmüş müddətin bərpasına dair ərizə verilmədiyi üçün, məhkəmənin də müvafiq sübutları tədqiq etməklə ötürülmüş müddətin bərpası məsələsini araşdırmaq üzrə vəzifəsi yaranmamışdır.

50. İddianın digər hissəsi olan vurulmuş mənəvi zərərin ödənilməsinə münasibətdə isə məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, Qanunla hər hansı tələblə bağlı iddia müddəti müəyyən edilibsə bu hüquqların pozulması nəticəsində vurulmuş zərərlə əlaqədar mənəvi zərərə görə tələb bu hüquqların pozulması ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ müddətində irəli sürülə bilər. 51.İddianın “mənəvi zərərin ödənilməsi” hissəsinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, əmək hüquqlarının pozulması nəticəsində dəymiş mənəvi zərərin ödənilməsi ilə bağlı tələblərə qanunla pozulması ehtimal edələn məhz bu hüquqların müdafiəsi üçün müəyyən edilmiş iddia müddəti şamil edilir. Belə ki, əmək hüquqlarının pozulması nəticəsində işçiyə dəymiş mənəvi zərərin ödənilməsi tələbi pozulmuş əmək hüquqlarının müdafiəsi ilə əlaqədar Qanunla müəyyən edilmiş müddət çərçivəsində irəli sürülə bilər. Hazırkı halda da, iddiaçı əmək hüquqlarının müdafəsi ilə əlaqədar məhkəməyə müraciət edən zaman iddia müddətini ötürdüyündən və cavabdeh tərəfin tətbiq edilməsi barədə ərizə verməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsas olduğundan iddia “mənəvi zərərin ödənilməsi” hissəsində də bu əsasla rədd edilməldir. 52.Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti ümumilikdə düzgündür və mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 53.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 54.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3310/2024 saylı, 31 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar