Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5652/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının vəkili X2 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(005)-794/20 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh MTK-ya qarşı (üçüncü şəxs X4 cəlb edilməklə) əmlakın təhvil verilməsi, həmin əmlakdan maneəsiz istifadəyə şərait yaradılması, əmlakdan istifadə zamanı müdaxilələrə son goyulması və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim K.Əmirxanova, iş N 2(005)-794/20) iddia təmin olunmamışdır. İddiaçı qətnamədən narazı qalaraq apelyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "Cavabdeh" MTK ilə bağladığı xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Tibilisi prospekti, 3166-cı məhəllədə inşa olunmuş 16 mərtəbəli binanın İ girişinin 17-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 209 kv.m olan mansard onun tərəfindən alınmışdır. Sahənin (mansardın) dəyəri onun tərəfindən tam şəkildə ödənilmiş və bununla bağlı "Cavabdeh" MTK tərəfindən borcun olmaması barədə maliyyə arayışı verilmişdir. Bununla da "Cavabdeh" MTK tərəfindən inşa edilən 16 mərtəbəli yaşayış binasının İ girişinin 17-ci mərtəbəsində yerləşən və sahəsi 209 kv.m olan sahəyə (mansarda) dair iddiaçının mülkiyyət hüququ yaranmışdır. Bir müddət sonra, göstərilən sahəyə mülkiyyət hüquqlarının qeydiyyatı ilə əlaqədar müvafiq sənədləşmə işlərinin aparılması üçün o, ünvan 1 m., 5 ünvanında yaşayan X3 xx.xx.2014-cü il tarixli, ƏN-İ N 160625 nömrəli etibarnamə verərək bu işlərin aparılmasını ona etibar etmişdir. Həmin ərəfədə də, sahəyə aid bütün sənədlər ona təhvil verilmişdir. Məhz elə bu məqamdan başlayaraq o, həmin sahəyə gedib oradan öz istəyinə uyğun istifadə etmək istəsə də, buna imkan və şərait yaradılmamışdır. O, sahənin naturada ona təhvil verilməsini tələb etməsinə baxmayaraq, heç bir nəticə olmamışdır. xx.xx.2019-cu cu il tarixdə bu barədə rəsmi məktubla "Cavabdeh" MTK-ya müraciət etmişdir. İddiaçı qeyd edilənləri nəzərə alaraq, mülkiyyət hüququ ilə ona məxsus olan 209 kv.m olan sahənin (mansardın) naturada ona təhvil verilməsi, həmin sahənin (mansardın) plan-cizgisinin, eləcə də sahənin (mansardın) açarlarının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, sahədən (mansarddan) maneəsiz istifadə edilməsinə şərait və imkanın yaradılması, istifadə zamanı müdaxilələrə son qoyulması öhdəliyinin cavabdehin üzərinə qoyulması və cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya vurulmuş 50000 (əlli min) manat məbləğində mənəvi ziyanın və iddia ərizəsinin məhkəməyə verilməsi üçün köçürülmüş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Lakin üçüncü şəxs X1 nümayəndəsi məhkəmə iclasında izahat verərkən iddia tələbinin əsassız olduğunu bildirmiş və iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmaması, iş üçün əhəmiyyətli olan bir sıra halların, o cümlədən mübahisəli sahəyə aid sənədlərin əsillərinin üçüncü şəxsdə olmasının nəzərə alınmaması ilə əsaslandırılmışdır. İddiaçının vəkili İ.Rüstəmov məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh və 3-cü şəxs məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, vəkil İ.Rüstəmovun izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə aır. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının hazırkı iş üzrə tələbi Cavabdeh MTK-ya qarşı yönəldilmişdir. X4 üçüncü şəxs qismində cəlb olunmuşdur. İddiaçının tələbi əmlakın təhvil verilməsi, həmin əmlakdan maneəsiz istifadəyə şərait yaradılması, əmlakdan istifadə zamanı müdaxilələrə son goyulması və mənəvi ziyanın ödənilməsi barədədir. İddiaçı tələbinin faktiki əsası kimi Cavabdeh MTK ilə bağladığı xx.xx.2007-ci il tarixli müqaviləyə və pay haqqının tam ödənilməsi barədə maliyyə arayışına, hüquqi əsası kimi isə Mənzil Məcəlləsinin 112.1, 113.1, 113.2-ci və Mülki Məcəllənin 135-ci maddələrinə istinad etmişdir. Cavabdeh MTK iddia ərizəsinə göndərdiyi etirazda MTK ilə iddiaçı arasında hər hansı müqavilə bağlanmadığını, təqdim olunan kserosurətin həqiqəti əks etdirmədiyini bildirmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən iddia tələbinin faktiki əsası kimi istinad olunan halları təsdiq edən mötəbər sübutların – Cavabdeh MTK ilə bağlanmış xx.xx.2007-ci il tarixli müqavilənin və maliyyə arayışının əsillərinin məhkəməyə təqdim olunması iddiaçıya təklif edilsə də, həmin sənədlər işə baxan məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iddia tələbinin əsası kimi istinad olunan halları sübut etmək vəzifəsinin iddiaçının üzərinə düşdüyünü qeyd edərək və Mülki Məcəllənin 178.8-ci, MPM-nin 14.2, 76, 77.1, 88-ci maddələrini rəhbər tutaraq iddianı bütünlüklə rədd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apelyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi həmin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasına, işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmamasına, iş üçün əhəmiyyətli olan bir sıra halların, o cümlədən mübahisəli sahəyə aid sənədlərin əsillərinin üçüncü şəxsdə olmasının nəzərə alınmadığına istinad etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və ilk növbədə qeyd edir ki, MPM-nin 77.1-ci maddəsinin tələbinə müvafiq olaraq iddia tələbinin əsası kimi istinad olunan halları sübut etmək vəzifəsi sübutetmə yükünə görə məhz iddiaçının özünün üzərinə düşür. Məhkəmə kollegiyası iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi müqaviləni nəzərdən keçirərkən müəyyən etdi ki, müqavilədə onun Cavabdeh MTK ilə deyil, fiziki şəxs Hüseynov Cavabdeh Hüseyn oğlu ilə bağlandığı göstərilmiş və müqavilənin üzərinə fiziki şəxs Ş.Hüseynovun möhürü vurulmuşdur (i.v.12). İşin 27-ci vərəqində olan kommersiya qurumlarının (hüquqi şəxslərin) dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh MTK xx.xx.2016-cı ildə dövlət qeydiyyatına alınmışdır və iddiaçının göstərdiyi 2007-ci ildə onunla müqavilə bağlanması qeyrimümkündür. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə kollegiyasının qənaətinə görə bu mənada iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Bu baxımdan birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddianın rədd edilməsi İddiaçı müqavilə tərəfi olan fiziki şəxs Ş.Hüseynovun hüquqi varisinə qarşı yeni iddia ilə məhkəməyə müraciət etməsinin qarşısını almır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi həmin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-5652/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5652/2020
29.07.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver