Məhkəmə qərarları › İş №2(103)-5654/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5654/2025

12.12.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5654/2025 12.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X13 və X6 ibarət tərkibdə, Məhkəmə iclas katibi Cəfərli Pəri İlham qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil3, Cavabdeh və onun nümayəndələri Nümayəndə2 və Vəkil2 (həmçinin vəkili) iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi» tələbinə dair ilk, həmçinin Cavabdeh İddiaçı qarşı «maneələrin aradan qaldırılması, mənzilə köçürülmə, mənzilin boşaldılaraq təhvil verilməsi» tələbinə dair qarşılıqlı iddiaya dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e2(006)- 1433/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı iddia ilə məhkəməyə müraciət edərək, «payın müəyyən edilərək naturada ayrılması, bu mümkün olmadıqda paya uyğun kompensasiya ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi rayonu Novruzov Qardaşları küçəsi 101 nömrəli evdə Cavabdeh payının naturada ayrılması, bu mümkün olmadıqda paya uyğun kompensasiya ödənilməsi, həmçinin iddia tələbi üzrə ödənilən 100 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi rayonu Novruzov Qardaşları küçəsi 101 nömrəli evin həyətində ayrıca tikilmiş sahələri 19,9 m2 olan aynabənddən ibarət olan otağından 10,0 m2 və 16,0 m2 yaşayış otağında Cavabdeh payının naturada ayrılması, bu mümkün olmadıqda paya uyğun kompensasiya ödənilməsi, həmçinin iddia tələbi üzrə ödənilən 100 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Məmmədov Elxan Telman oğluna kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi rayonu Novruzov Qardaşları küçəsi 101 saylı mübahisəli ev özbaşına tikili olmaqla tərəflər həmin evdə qeydiyyatdadır. İddiaçı həmin evdə anası, qardaşı və yeni ailə qurmuş arvadı ilə bir yerdə yaşayır. Ev 10 m2 və 16 m2 sahəsi olan girişli-çıxışlı yaşayış otaqlarından, 19,9 m2 sahəsi olan aynabənddən, 7,8 m2 mətbəxtdən, anbar tikilisindən və bir də həyətdə sahəsi 12,8 m2 olan ayrıca yaşayış otağından və sahəsi 5,7 m2 olan hamam tikilisindən ibarətdir. Fərdi yaşayış evində tərəflərin qeydiyyatının olmasına baxmayaraq, cavabdeh tərəfindən onlara müxtəlif maneələr yaradılmış, mülkiyyətçisi kimi yaşadığı mənzildə hüququnun həyata keçirilməsinə şərait yaradılmamışdır. Mütəmadi aralarında söz-söhbət olduğu üçün münaqişəli ailə kimi qeydiyyatdan keçmişlər və birgə yaşamaları mümkün deyildir. Göründüyü kimi, yaşayış evinin paylara uyğun naturada bölünməsi barədə cavabdehlə razılığa gələ bilməmişlər. Ona görə də, iddiaçı hesab edir ki, yaşayış evi paylarına uyğun naturada məhkəmə qaydasında ayrılmalıdır. Göründüyü kimi, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ona görə də, iddiaçı pozulmuş hüquqlarının bərpa olunması tələbi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda, Cavabdeh İddiaçı qarşı «maneələrin aradan qaldırılması, mənzilə köçürülmə, mənzilin boşaldılaraq təhvil verilməsi» tələbinə dair qarşılıqlı iddia (iddianın dəyişdirilmiş formasında) verərək, cavabdeh İddiaçı və digər şəxslər tərəfindən ona qarşı ünvan 1 ünvanında yerləşən evin həyətində ayrıca tikilmiş sahələri sahəsi 19,9 m2 olan aynabənddən, sahələri 10,0 m2 və 16,0 m2 olan yaşayış otaqlarından istifadə üçün maneələrin aradan qaldırılması, onun həmin tikililərdən ibarət mənzilə köçürülməsi həmin tikililərin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ünvan 1 ünvanda qeydiyyatdadır. Əvvəllər valideynləri X3 və X14 ilə ünvan 1 ünvanda yerləşən evin həyətində ayrıca tikilmiş sahələri sahəsi 19,9 m2 olan aynabənddə, habelə 10,0 m2 və 16,0 m2 yaşayış otaqlarında yaşamışlar. Hazırda Cavabdeh aid olan əmlaklar həmin tikililərdədir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 oktyabr 2004-cü il tarixli, 2- 1809/2004 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən X7 və X8 azyaşlı uşaqları ilə birlikdə ünvan 3 evə köçürülməsi, evin həyətində ayrıca tikilmiş sahəsi 12,8 m2 olan yaşayış otağından X7 və X8, sahələri 10,0 m2 və 16,0 m2 yaşayış otaqlarından və sahəsi 19,9 m2 olan aynabəndən X1 və X9 istifadə qaydası, köməkçi sahələrdən isə tərəflərin ümumi istifadə qaydası müəyyən edilmişdir. Hazırda ünvan 3 evin kommunal xidmətlərinə dair müqavilələr Cavabdeh adındadır. Lakin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ona həmin ünvanda yerləşən evin həyətində ayrıca tikilmiş sahəsi 19,9 m2 olan aynabənddən, 10,0 m2 və 16,0 m2 yaşayış otaqlarından istifadəsinə (yaşamasına) maneələr yaradır. Bununla bağlı DİN 102 xidmətinə dəfələrlə müraciət etmiş, lakin ona mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Ona görə də, qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e2(006)-1433/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) ilk iddia təmin olunmamış, ilk iddia üzrə ödənilmiş dövlət rüsumu ilk iddia üzrə iddiaçıya aid edilmiş, qarşılıqlı iddia qismən təmin olunmuş, İddiaçı tərəfindən Cavabdeh qarşı ünvan 1 ünvanda yerləşən evin həyətində ayrıca tikilmiş sahələri 19,9 m2 olan aynabənddən ibarət otağından, 10,0 m2 və 16,0 m2 yaşayış otağından istifadə üçün yaradılmış maneələrin aradan qaldırılması, Cavabdeh həmin tikililərdən ibarət mənzilə köçürülməsi, qarşılıqlı iddianın qalan hissədə təmin olunmaması qət olunmuşdur. Qətnamədən iddiaçı və cavabdeh tərəfindən apellyasiya şikayətləri verilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini ilk iddia tələbində göstrəilənlərə uyğun əsaslandırmış, həmçinin qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, cavabdehin mübahisəli ünvanda yaşamadığı, bu halın işdə olan sübutlarla və şahidlərin ifadələri ilə təsdiq olunması, kommunalların cavabdehin adına olmasının isə hər hansı hüquqi əhəmiyyətinin olmaması, ilk iddia üzrə iddiaçının və ailə üzvlərinin uzun illərdir daimi olaraq həmin ünvanda yaşaması və oradan istifadə etməsi, cavabdehin mübahisəli ünvanda yerləşən tikilidən şəxsi istifadə hüququ olsa belə, həmin istifadənin şəxsi servitut olduğundan və ondan uzunmüddətli könüllü istifadə olunmadığından və başqa ünvanda mənzili olduğundan istifadə hüququna xitam verilməsi və s. göstərilmişdir. Cavabdehin apellyasiya şikayətini qarşılıqlı iddiada göstərilənlərə uyğun əsaslandırmış, həmçinin qətnamənin qarşılıqlı iddianın təmin olunmayan hissəsində əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, qüvvədə olan məhkəmə aktına əhəmiyyət verilməməsi, mübahisəli ünvanda yerləşən tikililərə aid kommunal xidmətlərin cavabdehin adına olması, iddiaçının cavabdehin qeyd olunan ünvana köçüb yaşamasına maneə yaratması, qarşılıqlı iddianın tam təmin olunmalı olması, mübahisəli tikililiərin boşaldılaraq ona təhvil verilməli olmasıvə s. göstərilmişdir. Tərəflərin izahatlari: Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayənəsi (vəkili) apellyasiya şikayətini müdafiə edib, cavabdehin apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətində göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişlər ki, iddiaçı mübahisəli ünvanda yerləşən evdə dünyaya gəlmiş, orada böyümüşdür. Onun valideynləri - X15 və X16 vaxtı ilə baba və nənəsinə, yəni X2 və X10 qarşı hazırkı mübahisəli ünvana köçürülmə ilə bağlı məhkəmədə iddia qaldırmış, o həmin vaxt uşaq olmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli qətnaməsi ilə X7 və X8 azyaşlı uşaqları ilə birlikdə ünvan 3 evə köçürülmələri, evin həyətində ayrıca tikilmiş sahəsi 12,8 m2 olan yaşayış otağından X7 və X8, sahələri 10,0 m2 və 16,0 m2 yaşayış otaqlarından və sahəsi 19,9 m2 olan aynabənddən isə nənə və babasının istifadə qaydasının müəyyən edilməsi, köməkçi sahələrin ümumi istifadədə saxlanılması qət olunmuşdur. Bundan sonra, iddiaçı və onun valideynləri qeyd olunan 12,8 m2 mənzilə köçürülmüş, uzun müddət orda yaşamışlar. Lakin, bu müddət ərzində o və ailəsi nənə və babasının yaşadığı tikililərdən də istifadə etmişlər. Belə ki, qonaqları olanda onları sahəsi 19,9 m2 olan aynabənddə qəbul etmişlər. Həmin sahə faktiki qonaq otağı kimi istifadə edilmişdir. Cavabdeh isə ümumiyyətlə həmin ünvanda yaşamamış, uzunmüddət həmin ünvana gəlməmişdir. 2020-ci ildə iddiaçının atası, həmin ilin sonunda isə babası dünyasını dəyişmişdir. Qeyd olunan vaxtdan isə mübahisəli ünvanda iddiaçı, onun balaca qardaşı, nənəsi və anası qalmışdır. 2020-ci ildən hərbi xidmətə yollanmış, həmin vaxt nənəsi ayağından iki dəfə əməliyyat olunmuş, əsgərlikdə olduğu vaxt isə cavabdehin mübahisəli ünvana arada gəlib getdiyini eşitmişdir. Cavabdehin mübahisəli ünvana gəliş-gedişi 2022-ci ildən başlamış, qonaq kimi gəlib qayıtmışdır. Nənəsi 2024-cü ildə dünyasını dəyişmişdir. Mübahisəli ünvandakı evlər elə 2004-cü ildə olan tikililərdir, əlavə tikili inşa edilməmiş, lakin iddiaçı tərəfindən lazımı təmir işləri aparılmış, cavabdehin isə qeyd olunan xərclərdə hər hansı iştirakı olmamışdır. Mənzillər bir həyətdə yerləşsə də, bitşik deyildir, hər birinin ayrı-ayrı giriş çıxışı vardır. Lakin mətbəx və sanitar qovşaq bir ədəd olmaqla, ümumi istifadədədir. Ümumiyyətlə, cavabdehlə uzun müddət münasibətləri olmamış, cavabdeh ailəsi ilə birlikdə başqa ünvanda yaşamış, babası öldükdən sonra arada nənəsini görməyə gəlmiş, nənəsinin ölümündən sonra isə mübahisələndirilən mənzillərdə, yəni 10 m2, 16 m2 və 19 m2 tikililəri təmir etdikmək istəmiş, bu zaman tərəflər arasında fikir ayrılığı yaranmışdır. Belə ki, o, cavabdeh tərəfə birgə yaşamağı təklif etsə də, o razı olmamış, iddiaçının heç bir payının olmağını bildirmişdir. Cavabdehə hazırkı evlərin plana düşməsi zamanı cavabdehə onun ata yurdu olduğundan əlavə pul verəcəyi də daxil olmaqla, əlavə təkliflər etsə də cavabdehlə danışıqlar nəticə verməmişdir. Ümumiyyətlə, hesab edirlər ki, cavabdeh evi tərk edib getdiyindən və uzunmüddət maraqlanmadığından onun istifadə hüququ artıq aradan qalxmışdır. Qeyd olunan hallar iş üzrə dindirilmiş şahid ifadələri, eləcə də iş materialları ilə təsdiq olunmaqdadır. Məhkəmə iclasında iştirak edən cavabdeh, onun nümayəndələri apellyasiya şikayətini müdafiə edərək, həmçinin qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək, qarşılıqlı iddia ərizəsində və apellyasiya şikayətində göstərilənlərə, habelə birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişlər ki, ünvan 3 ev qanunsuz tikili olmaqla, giriş-çıxışları ayrı olan, bir həyətdə yerləşən bir neçə tikilindən ibarətdir. Tikililərin, eyni zamanda da torpağın rəsmi qeydiyyatı yoxdur. Cavabdeh qeyd olunan mənzildə dünaya gəlmiş, orda böyümüşdür. O, 2005-ci ildən mübahisəli ünvanda qeydiyyata düşmüş, tikililərdən yalnız 12.8 m2 olan yaşayış otağında iddiaçı valideynləri ilə birgə yaşamışdır. Digər tikililər, yəni 10 m2, 19,9 m2 və 16 m2 otaqlar isə onun ata və anasının (iddiaçının isə baba və nənəsinin) sahibliyində və istifadəsində olmuşdur. Bununla bağlı, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur. Həmin qətnaməyə uyğun olaraq, tərəflər tikililərdə yaşamışdır. O, təqribən 2000-ci ilin əvvəllərində mübahisələr fonunda evdən çıxmış, ailə quraraq başqa ünvanlarda kirayədə yaşamışdır. İddiaçının atası olan qardaşı ilə münasibəğləri pis olmuş, hər dəfə evə gələndə qarşı tərəf polisə zəng edərək, onu narahat etmişdir. O, müntəzəm olaraq valideynlərinə baş çəkmiş, onların qayğısına qalmışdır. 2020-ci ildə qardaşı, həmin ilin sonunda isə atası, 2024-cü ildə isə anası dünyasını dəyişmişdir. O, son 3-4 ildə valideyninə baxmış, xüsusi baxıcı tutmuş, bu müddətdə mübahisəli ünavana gediş-gəlişi çoxalmışdır. Valideynləri vəfat etdikdən sonra isə iddiaçı qətnamə ilə valideynlərinə ayrılmış tikililərlə köçüb yaşamasına maneələr yaratmış, dəfələrlə mübahisələri olmuşdur. Hazırda mülkiyyətində heç bir evi yoxdur, mənzilə ehtiyacı vardır. Valideynləri sağlığında evin kommunal xidmətlərinin dəyərini ödəmiş, onlar ödəyə bilmədikdə isə o ödəmişdir. Anası sağlığında verdiyi etibarnamə ilə kommunallar cavabdehin oğlunun adına keçirilmişdir. Valideynlərinin adına əmlak olmamış, onlar dünyasını dəyişdikdən sonra vərəsəlik işi açılmamışdır. Ümumumiyyətlə, iddiaçı tərəfin hazırkı tələblə çıxış etməsi üçün subyektiv hüququ yoxdur. Cavabdehin isə, həmin ünvanda qeydiyyatının olması, ata yurdu olması, valideynlərinin dünyasını dəyişməsi, valideynlərinin vərəsəsi olması nəzərə alınmaqla, onun istifadə hüququ tanınmalı, eyni zamanda iddiaçılar tərəfindən yaradılan maneələrə son qoyulmalı, həmin tikililər boşaldılaraq cavabdehə təhvil verilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətlərinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, qətnamə qarşılıqlı iddiaya aid hissələrdə ləğv olunmalı, qarşılıqlı iddia qismən həmin olunmalı, qətnamə ilk iddianın təmin olunmaması hissədə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, qanuni qüvvədə olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2004cü il tarixli, 2-1809/2004 saylı qətnaməsindən görünür ki, iddiaçılar X7 və X8 cavabdehlər X2 və X10 qarşı «mənzilə köçürülmə və istifadə qaydasının müəyyən olunması» tələbinə dair iddiası qismən təmin edilmiş, X7 və X8 azyaşlı uşaqları ilə birlikdə ünvan 3 evə köçürülmələri, evin həyətində ayrıca tikilmiş sahəsi 12,8 m2 olan yaşayış otağından X7 və X8, sahələri 10,0 m2 və 16,0 m2 yaşayış otaqlarından və sahəsi 19,9 m2 olan aynabənd sahələrindən X1 və X9 istifadə qaydasının, köməkçi sahələrdən isə tərəflərin ümumi istifadə qaydasının müəyyən edilməsi qət edilmişdir. İşdə olan 23 dekabr 2004-cü il tarixli aktdan görünür ki, Nəsimi rayon Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçıları şöbəsinin böyük məhkəmə icraçısı N.Cavadov, məhkəmə nəzarətçisi, hal şahidləri və tərəflərin iştirakı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli 2-1809/2004 saylı qətnaməsi üzrə verilmiş icra sənədinin icra edilməsini təmin etmiş, bu barədə müvafiq akt tərtib edilmiş, akt iştirakçıları tərəfindən imzalanaraq təsdiq olunmuşdur. İşdə olan Bildiriş məktubundan görünür ki, İddiaçı pretenziya qaydasına riayət edərək iddia tələbində qeyd edilən tələbləri cavabdehin nəzərinə çatdırmış, tələbi yerinə yetirilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə cavabdehi xəbərdar etmişdir. İşdə olan Nəsimi bələdiyyəsinin xx.xx.2024-cü il tarixli M-528 saylı arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə vəfat etmiş mərhum anası X4 dəfn və digər dini ayinlərinin keçirilməsinə sərf olunması üçün müəyyən edilmiş xərcləri ödəmişdir. İşdə olan 59 saylı MKİS tərəfindən verilmiş 03 iyun 2025-ci il tarixli arayışdan görünür ki, ünvan 3 ünvanda qeydiyyatda olan şəxslərin siyahısı, nə vaxt qeydiyyata düşmələri, vəfat edən sakinlərin ölüm tarixi və s. məlumatlar qeyd olunmuşdur. İşdə olan 59 saylı MKİS tərəfindən təsdiq olunmuş, qonşular tərəfindən tərtib edilmiş aktda göstərilmişdir ki, Cavabdeh və X19 xx.xx.2005-ci il tarixdən mübahisəli ünvana qeydiyyata düşmələrinə baxmayaraq, sonuncuları həmin ünvanda görməmişlər. Hətta daim valideynlərindən eşitmişlər ki, oğulları Cavabdeh ev almışlar, ayrı yaşayır. İşdə olan kommunal xidmətlərdən istifadə ilə bağlı bağlanmış müqavilələrdən görünür ki, mübahisəli ünvanda təbii qaz, su və elektrik enerjisindən istifadə edilməsi ilə bağlı müqavilələr Cavabdeh ilə bağlanmış, onun adına müvafiq abunə kodları verilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli **********52 saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 30 ildir Nazilə xanımla qonşudurlar, evə gələn gündən anası-atası üçün əziyyət çəkmişdir, öz istəyi ilə işdə olduğu vaxt qaynanasını onlara qoyub gedirdi, həmin evdə Elxan yaşamayıb, Elxan 2 ay bundan qabaq anasının ilinə gəlmişdir. Şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Elmir onun yanında böyüyüb, Elxan anası xəstə olanda və yas düşəndə evə gəlib-gedirdi, anası xəstə olanda ona baxması üçün bir nəfər tutmuşdular, lakin o yataq xəstəsi olmayıb. Şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, 1989-cu ildən sözügedən evdə yaşayır, Elxanı həmin evdə gördüyünü xatırlamır, Elmin isə uşaqlıqdan o evdə yaşayıb və onlar onu görüblər, evlərinə get-gəli isə yoxdur. Şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, 2003-cü ildən orda yaşayıb, Elxanı görməmiş, Elxanı yalnız anasının yasında və evə polis çağıranda görmüşdür. Şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Elxanın atası Telman kişinin evi onun babasından alıb, Elxan həmin evdə qalmırdı, öz anası ölən vaxtı və anasının üçündə 3 ay gəlib-getmişdir, Elxan 7-ci mikrorayonda yaşayır, dəfələrlə anasını Elxangilə aparmışdır. Beləliklə ilk və qarşılıqlı iddiaların mahiyyətindən göründüyü kimi, iddiaçı cavabdehin mübahisəli ünvana (tikililərə) münasibətdə hüquqlarının mövcudluğunu (iddiaçı əsasən mülkiyyətçi hüquqlarından çıxış edir) qəbul edərək, birgə yaşayışın mümkün olmaması və s. bu kimi səbəblərdən ona kompensasiya ödənilməklə həmin hüquqlarına xitam verilməsini tələb edir, cavabdeh isə məhkəmə qərarına əsasən valideynlərinin qanuni sahibliyinə və istifadəsinə verilmiş müvafiq tikililirə (sahələri 10,0 m2 və 16,0 m2 yaşayış otaqları, sahəsi 19,9 m2 olan aynabənd) köçürülməsini, həmin tikililərin boşaldılaraq ona təhvil verilməsini və maneələrin aradan qaldırılmasını tələb edir. Birinci instansiya məhkəməsi ilk iddianı rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli ev özbaşına tikili olmaqla tərəflərin paylı mülkiyyətində deyildir. Bu səbəbdən də iddiaçının müvafiq tələbləri irəli sürməkdə subyektiv hüquqları mövcud deyildir. Məhkəmə qarşılıqlı iddianı qismən təmin edirkən göstərmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçının mübahisəli əmlakdan istifadə hüququ var. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh atası X3 və anası X17 ilə birlikdə həmin evdə yaşamışdır. Evin kommunal xidmətlərlə bağlı müqavilələri onunla bağlanmışdır. Qarşılıqlı iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçını sahələri 19,9 m2 olan aynabənddən, 10 m2 və 16 m2 sahələri olan yaşayış otaqlarından istifadə etməyə qoymur, buna maneələr yaradır və qarşılıqlı iddia üzrə iddiaçının hüquqlarını pozur. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və yaşadığı evdən məhrum edilib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılır. Cavabdehlərin ev üzərində hüquqlarının olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçıya qarşı törətdiyi məhrumetmə (evə buraxmama) qanunsuzdur. Beləliklə, cavabdehlər yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşdur, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. İddiaçının evdən istifadə hüququnun olmaması Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsinin ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın tətbiq edilməsinə mane olmur. Belə ki, bu norma göstərişinin xarakterinə görə səlahiyyətverici norma deyil, qadağanedici normadır. Əgər səlahiyyətverici norma olsaydı (mənzildə yaşamaq səlahiyyəti versəydi) bu halda iddiaçının istifadə hüququnun olması normanın tətbiqi üçün vacib sayılardı. Normada “heç kəs” və “yaşadığı” ifadələrindən istifadə olunur, bu isə o deməkdir ki, norma istifadə hüququnun olub-olmadığından asılı olmayaraq mənzildə yaşayan hər kəsi qanunsuz məhrumetmədən mühafizə edir və şəxsin mənzildə yaşaması faktı kifayətdir ki, normanın mühafizəsi ona tətbiq edilsin. Obyektiv hüququn funksiyalarından biri də mühafizə funksiyasıdır. “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu norma qanunsuz məhrumetməni qadağan etməklə obyektiv hüququn mühafizə funksiyasını həyata keçirir, mənzildə və digər bu kimi yerlərdə yaşayan hər bir şəxsi özbaşınalıqdan qoruyur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qarşılıqlı iddia üzrə cavabdehin qarşılıqlı iddia üzrə iddiaçını yaşadığı mənzilə buraxmaması qanuni və əsaslı olmamışdır. Bu səbəbdən, iddiaçının pozulmuş hüquqları bərpa edilməli, qarşılıqlı iddia qismən təmin edilməli, İddiaçı tərəfindən Cavabdeh qarşı ünvan 1 ünvanda yerləşən evin həyətində ayrıca tikilmiş sahələri 19,9 m2 olan aynabənddən ibarət otağından, 10,0 m2 və 16,0 m2 yaşayış otağından istifadə üçün yaradılmış maneələr aradan qaldırılmalı, iddia tələbinin bu hissədə lakin “digər şəxslərə” münasibətdə digər şəxslər dedikdə kimlərin nəzərdə tutulduğu və həmin şəxslərin cavabdeh qismində cəlb edilmədiyi və tələb qeyrimüəyyən olduğu üçün təmin edilməməli, Cavabdeh ünvan 1 ünvanda yerləşən evin həyətində ayrıca tikilmiş sahələri 19,9 m2 olan aynabənddən ibarət otaq, 10,0 m2 və 16,0 m2 yaşayış otaqlarından ibarət mənzilə köçürülməli, qarşılıqlı iddia qalan hissədə təmin olunmamalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinə tam və hərtərəfli hüquqi qiymət verilməsi üçün ilkin olaraq qarşılıqlı iddianın əsaslarını, yəni cavabdehin köçürülməsini tələb etdiyi mübahisəli tikililər üzərində əmlak hüquqlarına malik olub-olmamasını, bu hüquqların hansı əsasla yaranmasını və hazırki vəziyyətdə mövcud olmasını, əgər qeyd edilən hallar müəyyən olunarsa, o zaman ilk iddianın qanuniliyinə (yəni, hazırki vəziyyətdə cavabdehin müəyyən olunan həmin hüquqlarına xitam verilməsinə əsasların mövcudluğu) hüquqi qiymət verilməsini məqsədəmüvafiq hesab eldir. İlkin olaraq qeyd edilməlidir ki, tərəflərin yaxın qohum olması, yəni İddiaçı Cavabdeh qardaşı oğlu olması, iddiaçının valideynləri ilə uşaqlıqdan mübahisəli ünvanda nəvə və babası ilə birlikdə yaşaması, iddiaçının valideynləri ilə nəvə və babası arasında həmin ünvandan istifadə ilə bağlı məhkəmə çəkişməsinin yaranması, nəticədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli qətnaməsi ilə - iddiaçının valideynləri olan X7 və X8 azyaşlı uşaqları ilə birlikdə ünvan 3 evin həyətində ayrıca tikilmiş sahəsi 12,8 m2 olan yaşayış otağından, sahələri 10,0 m2, 16,0 m2 yaşayış otaqlarından və sahəsi 19,9 m2 olan aynabənddən isə X1 və X9 (iddiaçının nəvə və babası, cavabdehin isə valideynləri) istifadə qaydasının müəyyən edilməsi, köməkçi sahələr isə tərəflərin ümumi istifadəsində saxlanılması, qətnamənin icra olunması, bu vəziyyətin uzun müddət saxlanılması, iddiaçının atasının, habelə cavabdehin valideynlərinin vəfat etməsi (tərəflərin izahatlarına və işdə olan arayışa əsasən 2020-ci ildə iddiaçının atası, həmin ilin sonunda babası, xx.xx.2024cü il tarixdə isə nənəsi vəfat etmişdir) işin mübahisə olunmayan hallarıdır. Birinci instansiya məhkəməsi qarşılıqlı iddianı qismən təmin edərkən – qarşılıqlı iddia üzrə iddiaçının mübahisəli əmlakdan istifadə hüququnun olmasına, sonuncunun valideynləri (atası X3 və anası X17) ilə birlikdə həmin evdə yaşamasına, orada qeydiyyatda olmasına və kommunal xidmətlərlə bağlı müqavilələri onunla bağlanmasına, cavabdehin sahələri 19,9 m2 olan aynabənddən, 10 m2 və 16 m2 sahələri olan yaşayış otaqlarından istifadəsinə maneə yaratmasına əsaslanmışdır. Halbuki, işdə olan sübutlarla (tərəflərin izahatları, şahidlərin ifadələri, akt və s.) cavabdehin ən azı 20 il əvvəldən həmin ünvandan çıxması və ailə quraraq daimi başqa ünvanlarda yaşaması açıq-aşkar müəyyən edilir. Cavabdeh özü də bu halı inkar etmir və izahatında bildirir ki, hələ 2000-ci ilin əvvəlləri qardaşı ilə mübahisələr fonunda həmin ünvandan çıxmış, ailə quraraq başqa ünvanlarda yaşamışdır. Eyni zamanda, çoxsaylı şahid ifadələrindən (əsasən qonşular) görünür ki, cavabdeh mübahisəli ünvanda daimi yaşamamış, son 3-4 il ərzində valideynlərinə baş çəkmiş, qonaq kimi gəlib-getmişdir. Göründüyü kimi, cavabdehin uzun müddət əvvəldən mübahisəli ünvandan daimi əsaslarda başqa yaşayış məntəqəsinə köçməsi müəyyən edilir. Belə olan halda isə, cavabdehin mübahisəli ünvanda yaşaması, məhz bu əsasla istifadə hüquqlarının olması barədə birinci instansiya məhkəməsinin mövqeyi işin faktiki halları və iş üzrə toplanmış sübutlarla təsdiq olunmamaqla, ziddiyyətlidir, eyni zamanda maddi hüquq normalarının düzgün tətbiq olunmaması ilə nəticələnmişdir. Bu səbəbdən də qətnamə qarşılıqlı iddiaya dair hissədə qanuni və əsaslı sayıla bilməz, apellyasiya şikayətlərinin dəlilləri həmin hissədə qismən əsaslıdır. Lakin, məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia aşağıda göstərilən əsaslarla qismən təmin olunmalıdır. Qeyd edilməlidir ki, məhkəmə iddiaçının göstərdiyi faktlar əsasında iddia tələbinin qanuni əsasını müəyyən edir. Yəni, mülki prosesdə məhkəmə iddia tələbinə hüquqi qiymət verərkən tərəflərin irəli sürdüyü faktiki hallarla məhdudlaşmalı, lakin həmin faktlara uyğun qanuni əsası özü müəyyən etməlidir. İddiaçının hüquq normasını düzgün göstərməməsi və ya ümumiyyətlə göstərməməsi tələbin rədd edəlməsi üçün əsas ola bilməz. Əksinə, məhkəmə sübut edilmiş faktlar əsasında tətbiq edilməli hüquq normasını müəyyən etməli, iddianın predmetini və həddini dəyişmədən müvafiq hüquqi institutu seçməlidir. Bu yanaşma tərəflərin dispozitiv hüquqlarını pozmadan “məhkəmə hüququ bilir” prinsipi əsasında ədalətli və qanuna uyğun qətnamənin qəbulunu təmin edir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qarşılıqlı tələbi vərəsəlik hüququna əsasən qismən əsasladır. Yuxarıda da qeyd edildiyi kimi, mübahisəli ünvan statusuna görə özbaşına tikili olsa da, müəyyən iqtisadi dəyərə malik olmaqla uzun müddət ərzində cavabdehin valideynlərinə məxsus olmuş, onlar həmin tikililər üzərində sahibliyi həyata keçirməklə oradan yaşayış məqsədləri üçün istifadə etmişlər. Bu hal hər hansı digər şəxs tərəfindən mübahisələndirilməmiş və etirazla qarşılanmamışdır (işdə bu istiqamətdə hər hansı sübut mövcud deyildir). Əksinə səlahiyyətli dövlət orqanları tərəfindən evə müvafiq ünvan verilməklə, kommunal xidmətlərlə təmin olunmuş, şəxslər yaşayış yeri üzrə qeydiyyata alınmışlar. Bununla yanaşı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qüvvədə olan xx.xx.2004-cü il tarixli qətnaməsindən də göründüyü kimi, mübahisəli ünvanda uzun illərdən bəri inşa edilmiş yaşayış və köməkçi sahələr mövcud olmuş, iddiaçının valideynləri olan X7 və X8 azyaşlı uşaqları ilə birlikdə evin həyətində ayrıca tikilmiş, sahəsi 12,8 m2 olan yaşayış otağından, cavabdehin valideynlərinin isə sahələri 10,0 m2, 16,0 m2 yaşayış otaqlarından və sahəsi 19,9 m2 olan aynabənddən istifadə qaydası müəyyən edilmiş, köməkçi sahələr tərəflərin ümumi istifadəsində saxlanılmışdır. Həmin vaxtdan sonra cavabdehin valideynləri qeyd edilən tikililərdə yaşamaqla, hər hansı etiraz və mübahisə olmadan ora qanuni sahibliyi həyata keçirmiş, atası 2020, anası isə 2024-cü ildə vəfat etmişdir. Qeyd edilməlidir ki, Konstitusiyanın preambulasında xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq niyyəti ifadə edilmiş, həmçinin 7-ci maddəsinin İ hissəsi ilə Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublika elan edilmişdir. Hüquqi dövlətin əsas vəzifəsi insan hüquqlarına əsaslanmaq, bu hüquq və azadlıqları qorumaq və möhkəmləndirmək, hərəkət və davranışların qanuna uyğun olmasını, hər bir sahədə ədalətli hüquq qaydasının qurulmasını və inkişaf etdirilməsini təmin etməkdir. Hüququn ümumbəşəri prinsiplərinə hörmət etmək hüquq dövləti olmağın tələbidir. Əldə edilmiş hüquqlara hörmət prinsipi də hüququn ümumi prinsiplərinə və qanunun aliliyi anlayışına daxildir. Bu prinsipin əsas məqsədi şəxsin hüquqi təhlükəsizliyini təmin etməkdir. İnsanların maddi və mənəvi sərvətlərini çəkinmədən inkişaf etdirməsi, fundamental hüquq və azadlıqlardan istifadə edə bilməsi yalnız hüquqi təhlükəsizliyin və qanunun aliliyinin təmin olunduğu cəmiyyətdə mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. MM-nin 1133.2.-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. MM-nin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. MM-nin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli; Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə 5 oktyabr 2012-ci il tarixli Qərarları). Vərəsəlik hüququ vasitəsilə mülki dövriyyə iştirakçıları olan fiziki şəxslərin ölməsi halında onların sağlığında qurduqları hüquqi münasibətlərdən irəli gələn hüquq və öhdəliklərinin aradan qalxmaması, vərəsələri tərəfindən həyata keçirilməsi üçün hüquqi şərait yaradılır ki, nəticədə mülki dövriyyənin davamlılığı və fasiləsizliyi təmin edilməklə hüquqi müəyyənlik və hüquqi etimad prinsipləri qorunmuş olur. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” 2014-cü il 22 aprel tarixli Qərarı). Göründüyü kimi, fiziki şəxsin ölümü və ya onun ölmüş elan edilməsi ilə miras açılır və miras qoyanın vərəsələri ola biləcək şəxslər mirasın açıldığı andan vərəsəliyə çağırılmış hesab edilirlər. Bununla belə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarda göstərmişdir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. Miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu 26 dekbar 2023-cü il tarixli qeyd olunan qərarı ilə bu nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab olunsun. İşin yuxarıda qeyd edilən mübahisəsiz hallarından göründüyü kimi, cavabdehin atası Konstitusiya Məhkəməsinin Plenumu 26 dekbar 2023-cü il tarixli qərarından daha əvvəl dünyasını dəyişsə də, anası həmin qərarın qüvvədə olduğu zaman ölmüşdür. Bu zaman isə, qanun üzrə vərəsə yalnız vərəsəlikdən imtina etdiyi halda miraz kütləsindən məhrum ola bilər. Digər halda, o əlavə prosedur şərtlərə tabe olmadan miras qoyanın vərəsəsi hesab olunur (cavabdehin vərəsəlikdən imtina etməsinə dair hər hansı sübut təqdim olunmamışdır). Belə olan halda isə, cavabdeh valideynlərinin miras aktivini qəbul etməklə analoji hüquqlara malik olmuşdur. Məhkəmə kollegiyası hazırki vəziyyətdə miras aktivin nədən ibarət olması ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edildiyi kimi, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir (MMnin 1151.1-ci mad). MM-nin 135.2-ci maddəsinə əsasən, əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. MM-nin 136.1-ci maddəsinə əsasən, əşyalar dövriyyədən çıxarılmayıbsa və ya onların dövriyyəsi məhdudlaşdırılmayıbsa, universal hüquq varisliyi qaydasında (vərəsəlik, hüquqi şəxsin yenidən təşkili) və ya başqa üsulla əşyalar sərbəst surətdə özgəninkiləşdirilə və ya bir şəxsdən başqasına keçə bilər. Göründüyü kimi, əmlak hüquqları şəxsin maddi dəyərə malik olan hüquq və vəzifələrinin məcmusudur. Bura həm əşyalar üzərində hüquqlar, həm də əmlak xarakterli tələblər daxildir (məsələn, daşınmaz əmlak, daşınar əmlak, tələb hüquqları, müqavilədən irəli gələn hüquqlar, miras hüquqları və s.). Yəni, əmlak hüquqları geniş anlayış olmaqla, yalnız əşyalarla məhdudlaşmır. Əşya hüquqları isə şəxsin konkret bir əşya üzərində birbaşa hakimiyyətini ifadə edən hüquqlardır (məsələn, mülkiyyət hüququ, istifadə hüququ, sahiblik hüququ, servitut, ipoteka və s.). MM-nin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. İşin hallarından müəyyən edilir ki, mübahisəli tikililər üzərində sağlığında cavabdehin valideynlərinin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmasa da, onların uzun illərdən bəri inşa etdikləri və qanuni sahiblik, istifadə (bu şəxsi istifadə yox, əmlak üzəridən mübahisəsiz və tanınmış faktiki sahiblik, ondan irəli gələn istifadədir) hüquqlarını həyata keçirdikləri iqtisadi dəyərə malik həmin tikililər üzərində əmlak maraqları, həmçinin hüquqi taleyi həll olunmamış əmlakla bağlı tələb hüquqları (gözlənti hüquqları) mövcud olmuşdur. Yəni, valideynlər sağlığında tikililər üzərində qeyd edilən əmlak hüquqlarına malik olmaqla pozuçulara qarşı sahibliyin müdafiəsindən irəli gələn müvafiq tələb hüquqlarını həyata keçirmək, həmçinin həmin tikililərin müqəddaratını da həll etmək istiqamətində qanunvericiliyin onlara verdiyi imkanlardan istifadə etmək hüququna malik olmuşlar (bildiyimiz kimi, mülki qanunvericilik (MM-nin 180.3-cü mad) özbaşına tikililər üzərində mülkiyyət hüquqlarının yaranması halını istisna etməmişdir və s.). Bununla yanaşı, hazırda geniş təşəkkül tapmış təcrübəyə əsasən, mənzil tikintisi sahəsində fəaliyyət göstərən müvafiq hüquqi şəxslər (MTK, MMC) tərəfindən özbaşına tikililərə görə onların qanuni sahiblərinə yüksək məbləğlərdə pul kompensasiya və ya həmin tikililərin yerində inşa ediləcək yüksəkmərtəbəli yaşayış binalarından mənzillər təklif olunmaqdadır. Məhz qeyd edilən bu və digər əmlak hüquqlarının miras aktiv sayılması və vərəsələrə keçməsi mülki qanunvericiliklə istisna edilməmiş, əksinə vərəsəlikdə bağlı yuxarıda qeyd edilən normalar, Konstitusiya Məhkəməsinin qərarlarında olan mövqelər bunu tam dəsdəkləmişdir. Əmlakın sadəcə özbaşına tikili olması (əşya hüquqlarının dövlət qeydiyyatına alınmaması) əsası ilə vərəsəlik hüquqlarının həyata keçirilməsinə maneə isə qeyri müəyyənliyə, üçüncü şəxslərin qəsdinə (özbaşınalıq) və iqtisadi dəyərə malik olan həmin tikililərin taleyinin həll olunma imkanlarının tamamilə aradan qalxmasına səbəb olmaqla, demokratik cəmiyyətdə zəruri sayıla bilməz. Həmçinin qeyd edilməlidir ki, məhkəmə kollegiyasının hazırki mövqeyi mübahisəli özbaşına tikililər üzərində vərəsələrin mülkiyyət hüququnun tanınması və ya mövcudluğu anlamına gəlməməklə, məhz valideynlərinin malik olduğu müvafiq əmlak hüquqları və maraqları həddində məhdudlaşır. Yəni, analoji tikililərlə bağlı miras aktivi – daşınmaz əmlakın özü deyil, özbaşına inşa edilmiş həmin yaşayış sahəsi ilə bağlı mərhumlara məxsus olmuş müvafiq əmlak hüquqları və tələb hüquqlarıdır. Bu hal həmçinin miras passivini də əhatə edir. Yəni, üçüncü şəxslərin miras qoyanlara qarşı həyata keçirilə bilən istənilər tələbləri (hətta əmlakın sökülməsi barədə maraqlı şəxslərin tələbləri) qüvvədə qalmaqla vərəsələrə qarşı irəli sürülə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, valideynlərin vəfatı ilə onların mübahisəli əmlakla bağlı malik olduqları hüquqi vəziyyət — yəni faktiki sahiblik, əmlak marağı və həmin əmlakın hüquqi taleyinin müəyyən edilməsini tələb etmək imkanları (gözlənti və s.) miras hüququnun predmeti kimi vərəsələrə keçmişdir. Bu hüquqlar daşınmaz əmlaka mülkiyyət hüququnun mövcudluğu anlamına gəlməsə də, vərəsələr üçün mübahisəli əmlakla bağlı hüquqi maraq və iddia imkanları yaradır. Eyni zamanda iddiaçının da mövqeyindən görünür ki, o, cavabdehin mübahisəli tikililər üzərində hüquqlarının mövcudluğunu təsdiq edir və bunun əvəzi kimi müvafiq kompensasiya təklif edir. Göründüyü kimi, vərəsəlik hüquq münasibətlərinə əsasən cavabdehin tələbi “valideynlərinə məxsus müvafiq tikililərə köçürülməsi və buna yaradılan maneələrin aradan qaldırılması” hissədə əsaslıdır. Bununla yanaşı, cavabdeh uzun müddət ərzində həmin ünvanda daimi yaşamaması halı hazırki vəziyyətdə vərəsəlik hüquqlarının həyata keçirilməsi istiqamətində müvafiq tələb hüquqlarını istisna edə bilməz. Əks hal, müvafiq hüquqların həyata keçirilməsi sahəsində qeyri-bərabərliyə, ədalətsiz şəraitin yaranmasına səbəb olmaqla, qanunvericiliyin tələbləri ilə uzlaşmır. Lakin, məhkəmə kollegiyası qarşılıqlı iddianı – həmin tikililərin boşaldılaraq cavabdehə təhvil verilməsi hissədə əsassız hesab edir. Çünki, iddiaçı cavabdehin mərhum qardaşının övladı kim “təmsil üzrə” vərəsə qismində çıxış edir və mübahisəli əmlakla bağlı vərəsəlik hüquq münasibətlərinin subyekti hesab olunur. MM-nin 1159.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. MM-nin 1159.1.3-cü maddəsinə əsasən, bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. İşin mübahisə olunmayan hallarına əsasən iddiaçının atası valideynindən daha əvvəl vəfat etmişdir, bu səbəbdən də iddiaçı vərəsəlik zamanı ölmüş valideyninə çatası paydan bərabər miras alır. Yəni, hazırki vəziyyətdə mübahisəli tikililərin boşaldılaraq məhz cavabdehə təhvil verilməsi iddiaçının vərəsəlikdən irəli gələn hüquqlarının pozulmasına səbəb ola bilər. Halbuki, MM-nin 1157-ci maddəsinə əsasən, əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. MM-nin 1157-1.1-ci maddəsinin tələbinə görə isə, miras şərikləri mirasın bölüşdürülməsinə qədər onu birgə idarə edirlər. İdarəçiliklə bağlı qərarlar vərəsələr tərəfindən onların miras paylarına mütənasib surətdə sadə səs çoxluğu ilə qəbul edilir. Bundan başqa, cavabdeh qarşılıqlı iddiada tikililərdən istifadəyə başqa şəxslər tərəfindən yaradılmaş maneələrin aradan qaldırılmasını tələb etsə də, digər şəxslərin kimlər olmasını konkretləşdirməmiş, həmin hissədə qeyri-müəyyən tələb irəli sürmüşdür. Halbuki, prosessual qanunvericliyin tələbinə əsasən iddiaçı tələbə cavab verməli olan şəxslərin dairəsini konkret müəyyən etməli, onlara dair məlumatları iddia ərizəsində konkret göstərməlidir. Bu səbəbdən də məhkəmə kollegiyası qarşılıqlı iddianın həmin hissədə də təmin olunmaması nəticəsinə gəlir. Məhkəmə kollegiyası qarşılıqlı iddiaya hüquqi qiymət verdikdən sonra ilk iddianın yenə əsassız olması nəticəsinə gəlir. Birinci instansiya məhkəməsi haqlı olaraq ilk iddianın təmin olunmaması nəticəsinə gəlmişdir. Çünki, hazırki vəziyyətdə iddiaçı cavabdehə birtərəfli qaydada kompensasiya ödəməklə onun hüquqlarına xitam verilməsini tələb etməkdə subyektiv hüquqlara malik deyildir. Tərəflər bərabər hüquqlu vərəsələr kimi miras aktiv üzərində yuxarıda qeyd edilən hüquqlara malikdirlər və iddiaçı mülkiyyətçi statusuna malik deyildir. Yəni, iddiaçı mübahisəli yaşayış sahəsi üzərində nə mülkiyyətçi, nə də müəyyən edilərək ayrılmış pay sahibi olmadığı halda cavabdehə (digər vərəsəyə) məcburi kompensasiynın ödənilməsini tələb etməkdə haqlı sayıla bilməz. Təbii ki, gələcəkdə tərəflər miras üzərində əmlak hüquqlarından istifadə nəticəsində müvafiq daşınmaz əmlaka mülkiyyət və ya digər əşya hüquqlarının tanınmasına nail olarlarsa, o zaman əmlakın bölünməsi (payın ayrılması və s.) barədə tələblər irəli sürməklə birgəliyə son qoymaq hüquqlarına da malik olacaqlar. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətləri qarşılıqlı iddiaya aid hissədə qismən təmin olunmalı, qətnamə qarşılıqlı iddia ilə bağlı hissələrdə ləğv olunmalı, qarşılıqı iddia qismən təmin olunmalı, İddiaçı tərəfindən Cavabdeh qarşı ünvan 1 ünvanda yerləşən evin həyətində ayrıca tikilmiş sahəsi 19,9 m2 olan aynabənddən, habelə sahələri 10,0 m2 və 16,0 m2 olan yaşayış otaqlarından istifadə üçün yaradılmış maneələr aradan qaldırılmalı, Cavabdeh həmin tikililərə köçürülməli, qarşılıqlı iddia qalan hissələrdə təmin olunmamalı, qətnamə ilk iddiaya dair hissədə dəyişdirilmədən saxlanılmalı, həmin hissədə ilk iddia üzrə iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi» tələbinə dair ilk, həmçinin Cavabdeh İddiaçı qarşı «maneələrin aradan qaldırılması, mənzilə köçürülmə, mənzilin boşaldılaraq təhvil verilməsi» tələbinə dair qarşılıqlı iddiaya dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e2(006)- 1433/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri qarşılıqlı iddiaya aid hissədə qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e2(006)-1433/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi qarşılıqlı iddia ilə bağlı hissələrdə ləğv olunsun, qarşılıqlı iddia qismən təmin olunsun. İddiaçı tərəfindən Cavabdeh qarşı ünvan 1 ünvanda yerləşən evin həyətində ayrıca tikilmiş sahəsi 19,9 m2 olan aynabənddən, habelə sahələri 10,0 m2 və 16,0 m2 olan yaşayış otaqlarından istifadə üçün yaradılmış maneələr aradan qaldırılsın, Cavabdeh həmin tikililərə köçürülsün. Qarşılıqlı iddia qalan hissələrdə təmin olunmasın. Qətnamə ilk iddiaya dair hissədə dəyişdirilmədən saxlanılsın, həmin hissədə ilk iddia üzrə iddiaçının apellyasiya şikayəti təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar